“Məqsədimiz Şuşanın tarixini və mədəni irsini yerli, türk və gürcü gənclər arasında təbliğ etməkdir”

Azərbaycanın qədim mədəniyyət ocaqlarından biri olan Şuşa şəhərinin 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunması qürurvericidir. Biz də ictimai birlik olaraq Şuşanın dünya ictimaiyyəti tərəfindən daha yaxından tanıdılması məqsədilə layihəyə start vermişik.

 

Bu sözləri AzərTAC-a müsahibəsində Azərbaycanın “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin rəhbəri Fərhad Abdulov söyləyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi “Shusha, the cultural capital of Azerbaijan, in photos” (Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda) adlı beynəlxalq fotoqrafiya layihəsinin icrasına başlayıb. Layihənin məqsədi Şuşanın tarixinin və mədəni irsinin yerli, türk və gürcü gəncləri arasında təbliğ etməkdir. Bu ideya eyni zamanda, Şuşanın tarixi və mədəni irsi, Şuşada aparılan bərpa-quruculuq işləri ilə bağlı məlumatlılığın artırılmasının fotolar vasitəsilə həyata keçirilməsinə xidmət edir.

“Artıq Azərbaycan ilə yanaşı, Gürcüstanın Bolnisi, Marneuli rayonlarında və paytaxt Tbilisidə bu cür sərgilər təşkil olunub. İyulun 10-dan isə Türkiyənin İstanbul, Əskişəhər və Antalyada fotosərgilər təşkil olunacaq”, – deyə F.Abdulov vurğulayıb.

O, göstərilən informasiya dəstəyinə görə də AzərTAC-a minnətdarlıq edib.

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.