Qobustan qoruğunda növbəti layihəyə start verilib

Qobustan Milli Tarix-Bədii Qoruğunda “Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan (Azərbaycan)” layihəsinin növbəti mərhələsinə start verilib. 

 

Tədqiqat işlərinin aparılmasında beynəlxalq təcrübəyə və əməkdaşlığa önəm verən Qobustan qoruğu bu layihədə iştirakla dünya təcrübəsinə öz töhfəsini verməyə çalışır. Bu barədə “Ədəbiyyat və incəsənət portalı qoruqdan yayılan xəbərə istinadla məlumat verir. 

Layihə Qobustan qayaüstü incəsənətinin öyrənilməsinə töhfə olmaqla yanaşı, qoruğun beynəlxalq əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, İspaniyanın " PALARQ" fondu (PALARQ FUNDACION/ FUNDACION ATAPUERCA) və İtaliya Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən layihə 2019-cu ildən həyata keçirilir. Layihə çərçivəsində Böyükdaş dağının yuxarı səki sahəsində yerləşən Ana Zağa düşərgəsinin qayaüstü incəsənətinin, həmçinin düşərgədən qeydə alınmış üzəri təsvirli kiçik ölçülü daşların müasir elmi metodlarla öyrənilməsi həyata keçirilir.

Layihənin tətbiqi qayaüstü təsvirlərin öyrənilməsində ən mühüm məsələlərdən olan xronologiya probleminə aydınlıq gətirəcək. Layihədə İspaniyanın Madrid Compultense Universitetinin professoru Marcos Garcia Diez, fəlsəfə doktoru Blanca Ochoa Fraile, İtaliyanın Ferrara Universitetinin fəlsəfə doktoru Dario Sigari və Qobustan Milli Tarix-Bədii Qoruğunun aparıcı elmi işçisi Sevinc Şirinli iştirak edir. 

Aparılan tədqiqat işlərinə qoruğun aparıcı elmi işçiləri - Günay Verdiyeva, Nuranə Həsənova və abidə mühafizi Rafael Bəkirov cəlb olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.