
Super User
Mina Rəşidin iki hekayəsi
TİBB BACISI
Sadaqət zərif bir qızdır. Qəlbi xeyirxahlıqla döyünən bu qız tibb bacısıdır. Bu gün xəstəyə iynə vurmaq üçün onu bir evə dəvət etmişdilər. Sədaqət qapını açın kimi ailənin çox imkansız olduğunu hiss elədi. Xəstə ana idi, o, köhnə çarpayıda uzanmışdı. Balaca stolun arxasında kiçikyaşlı üç qız uşağı əyləşmişdi. Biri rəsm çəkir, biri kitab oxuyur, o biri isə nəsə yazırdı... Sədaqət tez çantasını yerə qoyub xəstəyə yaxınlaşdı. Qadın zəif səsi ilə onu salamladı və gülümsəməyə çalışdı. Sədaqət bir anda xəstənin vəziyyətini öyrəndi, iynəsini vurdu, onunla bir az söhbət elədi. Məlum oldu ki, qadının həyat yoldaşı 5 ay bundan əvvəl maşın qəzasında dünyasını dəyişib. O, da üç uşaqla təkbaşına qalıb. Yaxınlıqdakı yeməkxanada qabyuyan işləyirmiş, amma sonra xəstələndiyindən işə gedə bilməyib... Uşaqlar ac qalmasın deyə, evdə ələ gələn nə varsa satıb, indi çarəsizdi, xəstə halıyla nə edəcəyini bilmir...
Sədaqət məyusluğunu gizlədərək uşaqlara yaxınlaşır. Onların azuları ilə maraqlanır. Kiçık qız rəssam olacaqmış, ortancıl onun kimi tibb bacısı, anasına məktub yazan böyük qız isə yəqin ki, yazıçı olmaq arzusundadı.
O, yazırdı: “Anacan, istəyirəm tez sağalasan. İnan ki, hər an sənin üçün çox sevdiyin Allaha dua edirəm, yalvarıram ki, sənə şəfa versin, yoxsa biz sənsiz nə edərik. Biz quru çörək də yeməyə hazırıq, təki sən atam kimi ölmə, anacan, ölmə...”
Sədaqət göz yaşlarını uşaqlardan gizlətməyə çalışdı. Əini çantasına apardı. Çantada 50 manat pulu olduğuna sevindi. Başqa vaxt qəpik- quruş götürərdi, səhər elə bil kimsə ona pul gərək olacağını xatırlatmışdı... Heç nə düşünmədən həmin pulu qızın məktub yazdığı dəftərin arasına qoydu.
Sədaqət sanki boğulurdu, təmiz havaya can atırdı. Qapını açınca narın yağış damlaları onu salmladı. Yağışın altında asta-asta addımlamağa başladı. Getdikcə ürəyində o üç balaca qıza və onların xəstə anasına dua edirdi. Düşünürdü ki, nə yaxşı yağış yağır. Deyirlər, yağışda, küləkdə Yaradan duaları daha tez qəbul edir...
Xəstə, kasıb qadının evində isə indi əsl bayram havası vardı. Ataları rəhmətə gedəndən körpə qızların üzü hələ bu günkü qədər işıqlanmamışdı…
LALƏ VƏ QARATİKAN
Bir gözəl yaz günündə qaratikan kolunun yanında bir lalə bitdi. O, böyüdü, incə, düyməli boynunu günəşə sarı çevirdi. Günəş laləni salamladı. Lalə yanağında qara xalları olan gözəl bir çiçək açdı və ətrafına gülümsədi. Onu görən bütün quşlar, böcəklər, çiçəklər sevindi...
Təkcə qaratikan kolu təkəbbüründən tikanlarını çeynədi. Laləyə nifrətlə baxdı... Lalə bunu hiss etsə də, özünü bilməməzliyə vurdu. Axı o qaratikan kolunu da sevirdi... Düşünürdü ki, bu qısa ömründə ancaq yaxşı işlər görsün, heç kəsə, heç nəyə zərər verməsin. Qaratikan isə bütün günü plan qururdu. Necə etsin ki, laləni məhv eləsin... Bir gün tikanlarından ox düzəltdi. Amma külək onun hiyləsindən xəbər tutdu.
Laləni düşmən oxundan xilas elədi... Qaratikan yeni plan qurmağa başlayarkən lalə öz qısa, mənalı ömrünün sona yaxınlaşdığını hiss edirdi. Amma o, bundan heç də kədərlənmirdi. Çünki ömrünü gözəl yaşamışdı. Ölüm isə Yaradanın hökmüdür, bir çiçək açır, o biri solur...
Lalə gözlərini təbəssümlə yumdu... Onun ləçəkləri son dəfə küləyin nəğməsi ilə havada oynadı və sonsuzluğa qovuşdu...
Bir azdan yeni balaca düymədən qəçəng bir çiçək açıldı və günəşə gülümsədi...
Bəs qaratikan kolu necə oldu? Qaratikan uzun və xeyirsiz bir ömür yaşadı. Amma hər kəsin bir sonu da var axı. Bir gün insanlar ətrafı təmizləyərkən ona od vurub yandırdılar. Qaratikanın acı tüstüsü başından çıxdı...
“Ədəbiyyat və incəsənət”
(12.07.2023)
Tarixən heç də qədim olmayan kitab çox baha qiymətə satılıb
SƏBƏBİ HARRİ POTTERDİR
Adətən qədimi kitablar əntiq hesab edilərək hırracda baha qiymətə satılır. Amma bu dəfə cəmi 26 yaşı olan kitab satış rekordu vurub. “Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir ki, 1997-ci ildə 36 sentə alınan Coan K.Roulinqin "Harri Potter və fəlsəfə daşı" kitabının ilk nəşri hərracda rekord məbləğə satılıb.
Sözügedən kitab İngiltərədə 10,5 min funt-sterlinqə (13,5 min dollar) alınıb. Bu barədə “Richard Winterton Auctioneers” hərrac evi məlumat yayıb.
Ekspertlər Harri Potterdən bəhs edən bu kitabın 1997-ci ildə çap olunmuş 500 nüsxədən biri olduğunu təsdiqləyiblər. Bunlardan 300-ü İngiltərədəki kitabxanalara göndərilib və yalnız 200 ədədi satışa çıxarılıb.
Qeyd edək ki, 2017-ci ildə Coan K.Roulinq tərəfindən imzalanmış Harri Potter haqqında kitabın ilk nəşrlərindən biri Londonda “Bonhams” hərrac evində 106 min funt-sterlinqə (140 min dollar) satılıb. Roulinqin bu əsəri əsasında ondan çox film çəkilib.
“Ədəbiyyat və incəsənət”
(12.07.2023)
Novruzu farslarla bağlayanlar, yanılırsınız!
Könül, “Ədəbiyyat və incəsənət”
Şimal qonşumuzun paytaxtı Moskvada Rusiya Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi ilə keçirilən görüş çox maraqlı alınmışdı, zaman keçsə də o görüş barədə təəssüratlar bitib tükənmir. Çünki mövzu bizim əsas dəyərlərimizdən olan Novruz bayramı barədə idi.
Gecədə professor Solmaz Rüstəmova-Tohidi UNESCO tərəfindən Qeyri-maddi mədəni irs siyahısına salınmış Novruz bayramının Azərbaycan ərazisində qədim dövrlərdən başlayaraq müxtəlif tarixi mərhələlərdə və bu günümüzə qədər rəsmi, dövlət bayramı kimi qeyd olunması barədə mühazirə ilə çıxış edərkən çox vacib məqamlara toxundu.
Solmaz Rüstəmova-Tohidi Novruz bayramının yaranması tarixindən danışarkən Zərdüştlüyün müqəddəs kitabı “Avesta”ya və digər mötəbər mənbələrə istinad edərək bildirdi ki, bütün yazılı mənbələrdə Novruz bayramının məhz Azərbaycan ərazisində yarandığı göstərilir. Bu tarix əfsanəvi şah Cəmşidin adı ilə bağlıdır. Cəmşidin Araz çayı sahillərində “Aran” (Azərbaycanın qədim adı) adlanan ərazidə taxt-taca sahib olması və bu günün bayram kimi qeyd edilməsi Novruzun yaranma tarixi kimi göstərilir.
Alim vurğuladı ki, Azərbaycan Xalq Cümhuriyyəti yaranandan sonra Novruz bayramı artıq dövlət səviyyəsində rəsmi qeyd olunmağa başlayıb. Sovet hakimiyyətinin ilk illərində bu ənənəyə sadiq qalan bolşevik hökuməti Novruzu təqvimə qeyri-iş günü və bahar bayramı kimi salsa da, 1930-cu ildə dini bayramlar sırasında Novruzun da rəsmən qeyd olunması qadağan edilib. Bu bayram sovet Azərbaycanında bir daha 1967-ci ildə Bahar bayramı kimi keçirilməyə başlayıb. S.Rüstəmova-Tohidi xatırlatdı ki, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışından sonra Novruz dövlət səviyyəsində əsl el şənliyinə çevrilib.
“Azərbaycan xalqı tarixən bu bayrama fərqli çalarlar qatıb. Azərbaycanda Novruzun daha çox humanizm mahiyyəti qabardılır, təbiətin oyanışından başlayaraq onun əməyə, insaniyyətə, xoş münasibətlərə bağlılığı önə çəkilir”, - deyə alim bildirdi.
Bizim bir çox dəyərlərimizə ermənilər, farslar sahib çıxmaq istəyirlər.
Ayıq-sayıq olmalıyıq.
“Ədəbiyyat və incəsənət”
(12.07.2023)
Hər kəs dietoloq ampluasında çıxış edə bilərmi?
“Bu şəhərdə"nin sevilən aktyoru, əməkdar artist Rafael İsgəndərovun qızı Gülarə İsgəndərova son paylaşımı ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, "Instagram"da blogerliklə məşğul olan Gülarə izləyicilərinə çağırış edib.
O, sosial şəbəkə izləyicilərindən ibarət qrup yaradaraq onlayn pəhriz tərtib etdiyini bildirib. Bloger xanımları sözügedən pəhriz proqramına qoşmaq üçün cəmi 5 manat ödəniş tələb etdiyini qeyd edib.
Bəzi izləyicilər isə onun dietoloq olmadığını, insanlara pəhriz proqramı tərtib etməsinin yanlış olduğunu iddia ediblər.
Qeyd edək ki, Gülarə İsgəndərova ailəlidir, 1 qız övladı var.
“Ədəbiyyat və incəsənət”
(12.07.2023)
Tarixin ən faydalı 50 bitki və qidası
“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk.
Bir müddət mövzumuz sağlam qidalanmaq olacaq. Axı, uğura doğru yolda sağlamlıq vacib şərtlərdən biridir.
Qidalanma zamanı «nə yeməli» sualına cavab 13 qayda ilə sizlərə təqdim olundu.:
1. Qidalanma zamanı bişmiş qidadan (müxtəlif xörəklərdən) daha çox çiy qidaya (meyvə və tərəfəz salatlarına) üstünlük verin.
2. Qidanı yağda qızartmayın. Daha çox buğda bişən yeməklər yeyin.
3. Alınma çörək yeməyin. Belə çörəyin hər 100 qramında 1 qram duz var.
4. Duzdan və istotdan uzaq qaçın.
5. Şəkər yeməyin.
6. Az yağlı qidalardan, tünd və kəskin olmayan ədviyyatlardan və yağsız süd məhsullarından istifadə edin.
7. Kərə yağı və heyvan piyindən qəti istifadə etməyin.
8. Gündəlik bitki yağı limitiniz 50-75 qramdan çox olmamalıdır.
9. Şirin qazlı içkilər içməkdən imtina edin.
10.Fəst-fuddan nə qədər uzaq dursanız bir o qədər yaxşıdır.
11.Kolbasa məhsulları və yarımfabrikatlardan, konservləşdirilmiş qidadan çalışın yan keçəsiniz.
12.Yeməkdən qabaq çiy su için, amma yeməkdən dərhal sonra su içməməyə çalışın.
13.Vitamin və mineralların gündəlik miqdarını qida ilə qəbul etməyin qayğısına qalın.
Ardınca «necə yeməli» qaydalarını diqqətinizə yönəltdik. Qidanı xırda-xırda dişləyib yeyin.
1. Hər tikəni yaxşıca çeynəyin.
2. Yalnız aclıq hiss edəndə yeməyə çalışın.
3. Əsəbi, həyəcanlı olanda, narahatçılıq hiss edəndə yeməyin.
4. Yemək prosesində bütün diqqətinizi yeməyə yönəldin.
5. Ayaq üstündə, uzanıqlı, üzü üstə yemək yeməyin, yalnız oturub yeyin.
6. Günlük rasionunuzu 2-3 böyük qida qəbulundan 4-5 kiçik qida qəbuluna dəyişin.
7. Gün ərzində ən çox qidanı günorta naharında qəbul edin. Ən az isə şam yeməyində.
8. Çalışın, yalnız yeni hazırlanmış qidalar yeyəsiniz. Qalmış, köhnəlmiş yeməklərdən qaçın.
9. Çalışın yalnız təbii qidalar yeyəsiniz.
10.Qida rasionunuzu qarışıq edin, orada mütləq meyvə, göyərti, ağartı, faydalı dənli bitkilər, paxlalı bitkilər yer alsın.
11.Gün ərzində qidadan aldığınız kaloriləri fiziki hərəkətlərlə əritməyə çalışın.
İndi isə sizi ən müxtəlif təsnifatlardan («Forbes» jurnalının təqdimatında «Ən sağlam 12 qida» reytinqi, Conni Bovdenin «Dünyanın ən sağlam 150 qidası» kitabı, «Taym» jurnalındakı «Tarixin ən faydalı 50 bitki və qidası» reytinqi və s.) seçdiyim Yer kürəsinin ən faydalı qidaları ilə tanış etmək istəyirəm. Buyurun, faydalanın:
A. göyərti və tərəvəzlər.
1. Qulançar (az kalorilidir, asan həzm olunur, vitaminlərlə (K, B1, B2, B9, C, E, A, PP), mikro və makroelementlərlə (sink, kalsium, maqniy, dəmir) zəngindir).
2. Şirin bibər (Antioksidantların və C vitamininin mənbəyidir).
3. Brokkolli kələmi (K və C vitaminlərinin və sellülozun çoxluğuna görə təkrarsızdır, xərçəngin bütün növlərinə tutulma riskini azaldır, bədəni toksiki maddələrdən təmizləyir).
4. Kök (karotinin əsas mənbəyidir, insanın hüceyrələrinin inkişafı, dərinin, selikli qişanın və gözün sağlamlığı üçün çox vacibdir).
5. Rəngli kələm (tərkibindəki A, B, PP vitamini, kalium, fosfor, dəmir və sellüloz, eləcə də protein adi kələmdəkindən dəfələrlə çoxdur, bu tərkib bağırsağın mikroflorasına müsbət təsir göstərir).
6. Xiyar (95% sudan ibarət olan və ən az kalorili bu tərəvəzdə yağ, zülal çox azdır, amma kalium və digər vitaminlər çoxdur).
7. Sarımsaq (ən güclü antioksidantlardan hesab olunur, güclü bakterisid təsiri var, soyuqdəymə ilə mubarizədə güclü silahdır, ürək xəstəlikləri riskini, yemək borusu xərçəngi riskini azaldır).
8. Zəncəfil (immungücləndirici, həzmə kömək edən bu bitkinin kökündə efir yağları, vitamin və minerallar boldur).
9. Soğan (bakterisid xassəsinə, dəmir və kalsium bolluğuna, B və C vitamini bolluğuna görə seçilir).
10.Pomidor (xərçəng əleyhinə likolin kimi güclü antioksidanta, ən müxtəlif mikroelement və vitaminlərə malikdir).
11.Cəfəri (tərkibində limondan 4 dəfə çox vitamin olduğundan soyuqdəymədə, habelə avitaminozda çox faydalıdır, bitki proteininə malik olduğundan isə pəhriz saxlayanlar, xüsusən ət yeməyənlər üçün əvəzsizdir).
B. Meyvə və giləmeyvələr
12.Alma (tərkibində pektin, antioksidantlar və C vitamini çoxdur, arıqladıcı xüsusiyyətə malikdir).
13.Avokado (77% sağlam yağlardan ibarətdir, vitamin və sellülozla zəngindir).
14.Banan (fiziki əməkdən sonra gücün bərpasına kömək edir, kalium, protein, B 6 vitamini ilə zəngindir).
15.Yemişan (ən güclü antioksidant mənbələrindəndir, gözə çox faydalıdır).
16.Portağal (digər sitruslar kimi bol C vitamini mənbəyidir, habelə antioksidantla zəngindir).
17.Çiyələk (tərkibində C vitamini, marqans var, az kalorilidir).
18.Nar (qan dövranını tənzimləyir, damarları qoruyur, şiş xəstəliklərində şişlərin böyüməsinə mane olur).
19.Qarağat (xərçəngdən qoruyan antioksidantlarla boldur, yaddaşı gücləndirir).
20.Limon (C vitamini anbarı hesab edilir, qan dövranının effektiv fəaliyyəti üçün çox xeyirlidir).
C. Yarmalar və paxlalar
21.Mərci (bitki mənşəli proteinlə, vitaminlərlə, zülalla boldur, toxluq vermə xüsusiyyətinə malikdir).
22.Lobya (zülal bolluğuna görə onu ət və balıqla bir tutmaq olar, mikro və makroelementlərlə zəngindir, bir çox xəstəliklər zamanı pəhriz qidasına daxil edilir, xərçəng və ürək xəstəliklərindən qoruyur, çəkini, qan şəkərini tənzimləyir).
23.Qəhvəyi düyü (qanda şəkərin miqdarına, arterial təzyiqə, mədəaltı vəzə müsbət təsir göstərən dietik məhsuldur).
24.Yulaf (30% sellüloza, «pis xolesterin»in səviyyəsini azaldan beta-qlyukana malikdir).
D. Qoz və tumlar
25.Badam (E vitaminli, maqnium və antioksidantlarla boldur, çəki salmaq üçün əvəzsizdir, metabolizmi sürətləndirir).
26.Hind qozu (günə 7 ədədi yeyilsə insan immunitetini yüksəldir, ürək-damar xəstəlikləri riskini azaldır, insançün faydalı əksər vitamin və minerallara, üzvi turşulara malikdir, tərkibindəki potasium əzələlərin inkişafına xidmət edir).
27.Araxis (çiy halda çox faydalıdır, çəki atmağa kömək edir, antioksidantdır).
28.Balqabaq tumu (vitamin və minerallarla, üzvü turşularla zəngindir, tərkibindəki 32-52%-lik balqabaq yağı insanın dərisinə, saçına və dırnaqlarına sağlanmıq verir, tərkibindəki bol sink cinsiyyət orqanlarının fəaliyyətinə müsbət təsir göstərir. Əsəb sistemi, yaddaş üçün də faydalıdır).
29.Fındıq-fıstıq (həftədə 5 dəfə yemək ürək problemlərini 50 faizədək (!) azaldır).
E. Ət və süd məhsulları
30.Qırmızı ət (Omeqa-3 vitamini ilə zəngindir, protein və B 12 vitamininin mənbəyidir, bədəni gücləndirir).
31. Yoqurt (bu turş süd məhsulu adi südün bütün müsbət xüsusiyyətlərini qoruyub saxlayır, üstəlik, tərkibindəki faydalı bakteriyalara görə həzm prosesini də yaxşılaşdırır).
32.Süd (Kalsiumun ən yaxşı mənbəyi, eləcə də vitamin və mineralların, protein və sağlam yağın mənbəyidir, faydalı bakteriyalarla boldur).
33.Yumurta ( yağ turşuları, B qrupu vitaminləri ilə zəngindir, ən sağlam, ən qüsursuz qidalardan hesab olunur, beyni və göz sağlamlığını gücləndirir).
J. Dəniz məhsulları
34.Losos (zülal, D vitamini və omeqa 3 yağ turşuları ilə boldur, yaddaş üçün, beyin fəaliyyətinin düzgün funksiya göstərməsi üçün çox faydalıdır).
35.Forel (yalnız təmiz sularda yaşadığından xüsusi maraq doğurur, bol A, D, B, E vitaminlərinə, omeqa 3 yağ turşularına malikdir).
36.Tuna (zülalın miqdarına görə (22%-dən çox) bütün digər balıqları üstələyir, gözə, beyinə fayda verən, ürək-damar xəstəlikləri riskini 2 dəfə azaldan onlarca vitamin, mikro və makro elementlərə malikdir).
37.Krevetka (olduqca az yağ və piyə malik olduğundan az kalorilidir, amma zülal, protein, yağ turşuları ilə boldur. Eləcə də tərkibində selen, sink və B 12 vitamini var).
38.Qara kürü (Nərə balıqlarının kürüsündə 30% yüksək keyfiyyətli zülal var, lesitin, A, D, E vitaminləri var, onlarca mineral var, çox faydalı yod var. Profilaktik və bədən gücləndirici xassələrə malikdir).
K. Digər ərzaqlar
39.Qara şokolad (insana lazım olan gündəlik dəmir, maqniy, marqans və antioksidant normasının yarısını verir, arterial təzyiqi yüksək olanlar üçün faydalıdır).
40.Alma sirkəsi (pəhriz zamanı toxluq verdiyi üçün çox gərəklidir, qanda şəkərin miqdarını azaldır).
41.Zeytun yağı (yağlardan ən faydalısıdır, immuniteti yüksəldir, qan təzyiqini salır, qanda xolesterinin miqdarını azaldır).
42.Kokos yağı (arıqlamaq üçün çox kömək edir).
43.Yaşıl çay (4000 ildən çoxdur ki, öz müalicəvi cəhətləri ilə seçilir, sitrus bitkilərindən 4 dəfə çox P vitamininə malikdir, hüceyrələri dağılmaqdan qoruyur, immun sistemini gücləndirir. Kokdəkindən 6 dəfə çox A (karotin) provitamininə malikdir, görmə qabiliyyətini yaxşılaşdırır, azad radikalların çıxardılmasını gücləndirir. Eləcə də B qrupu vitaminləri və E vitamini ilə zəngindir. Maraqlıdır ki, çinlilər 400 xəstəliyi onunla müalicə edir, onu «möcüzə həkim» adlandırırlar).
44.Zəfəran (qədimdən bəri ağrıkəsici və qan təzyiqini sabitləşdirən vasitə kimi istifadə edilir, tərkibində 150-dən çox xüsusi maddə var. Xüsusən xərçəngə qarşı təsirlidir, həzm problemlərini həll edir, iştahanı kəsdiyi üçün arıqlamaq istəyənlərə çox faydalıdır).
45.Bal (minbir dərdin dərmanı adlanan bu arı möcüzəsi 75-80% karbohidratlardan (qlükoza, fruktoza, saxaroza) ibarətdir, habelə, E, K, C vitaminlərinə malikdir, antibakterial, antimikrobakterial, virus əleyhinə xüsusiyyətlərə malikdir, diabetin, yara və yanıqların, öskürəyin müalicəsində xüsusən effektivdir. Ən böyük bal istehsalçısı olan Çin, Türkiyə, Argentina və Ukrayna, ən böyük bal idxalçısı olan ABŞ, Almaniya və Yaponiyanı, eləcə də bal ehtiyacını ödəyə bilməyən digər ölkələri fasiləsiz olaraq bu möcüzəvi ərzaqla təmin edir. Ümumən, hər il 1,4 milyon ton bal istehsal olunaraq bazarlara çıxarılır).
Əziz oxucum, hər bir şeydən öndə sağlamlıq gəlir, bunu biləsiniz. Ona görə də, əgər uğur qazanmaq, böyük hədəflər vurmaq istəyirsinizsə, ilk öncə mütləq sağlamlığınızın qeydinə qalın. Bununçün isə sağlam qida qəbul etmək başlıca şərtdir.
“Ədəbiyyat və incəsənət”
(12.07.2023)
“Fotoları danışdı“ sənədli filminin məziyyətləri
Bu yaxınlarda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş sənədli film ictimaiyyətə təqdim edildi. Söhbət ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan “Fotoları danışdı“ sənədli filmi barədədir. Filmin ideya müəllifi və rejissoru Beynəlxalq dərəcəli fotoqraf Fərqanə Qasımlıdır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, filmdə fotoqraf və fotomüxbirlərin Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələri, nadir fotolar diqqəti cəlb edir. Bir çox tədbirlərdə fərqli media subyektlərinin (Rafael Qənbərov, Rafiq Bağırov, Şahvələd Eyvazov, Mirnaib Həsənoğlu, Dilavər Nəcəfov, Rasim Sadıqov və s. ) təqdim etdikləri fotolar tamaşaçılarda böyük maraq doğurmuşdur. Heydər Əliyevin prezident olduğu on il ərzində onun rəsmi və qeyri-rəsmi fotolarını çəkən fotomüxbirin xatirələri tamaşaçını Heydər Əliyevin qaynar, enerjili fəaliyyəti ilə daha yaxından tanış edir. Film Ulu Öndərin Naxçıvanda Ali Məclisin sədri olduğu, həm də Bakıda Ali Sovetin sədri və Prezident olduğu dövrlərdəki fəaliyyətini əks etdirən məşhur fotoları, onların tarixçəsini özündə cəmləşdirə bilmişdir.
Sənədli filmdə cəmiyyətə ilk dəfə təqdim edilən maraqlı arxiv fotolar da vardır. Çəkilişlərinin Azərbaycanda və Gürcüstanda aparıldığı “ Fotoları danışdı“ sənədli filmini Ümummilli Liderimizin 100 illik yubileyinə layiqli töhfə hesab etmək olar.
“Ədəbiyyat və incəsənət”
(12.07.2023)
“Hardasan, şəhlagözlüm?”
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında Əlizadə Nuri bu dəfə “Darıxmağın rəsmi”ni çəkəcək.
Hardasan, şəhlagözlüm?
Sən ən şirin acımsan.
Hələ də bilmirəm ki,
Dərdimsən, əlacımsan?
Yuxuma dağıtmısan,
Saçının yumşağını.
Sən yoxsan, kim böyütsün
Bu sevda uşağını?
Yol tapıb çıxa bilmir,
Bu tinim, bu dalanım.
Mən sevgi qaçqınıyam-
Gəl, səndə daldalanım…
Bu çölü göndərmisən,
Sən mənə azmaq üçün?
Ürəyim bir divarmış-
Şəklini asmaq üçün.
Ümidim körpə kimi,
Ağlayır qundağında.
Arzularım can verir
Kədərin qucağında…
Hardasan, hardan bilim,
Mən hara üz döndərim?-
Darıxmağın rəsmini
Çəkib sənə göndərim…
Özün məndən uzaqsan,
Kölgən keçir yanımdan.
Adına soyuq dəyər-
Düşmə dodaqlarımdan…
“Ədəbiyyat və incəsənət”
(12.07.2023)
“Yeni dünya düzəni” – Furqanın hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün Nəsr vaxtıdır, ötən gün Furqanın “Mustafa Həbibzadənin meyidini mən oğurlamışam” hekayəsi ilə tanış olmuşdunuz, bu günsə “Yeni dünya düzəni” sizlərə təqdim olunacaq.
FURQAN
YENİ DÜNYA DÜZƏNİ
1.
İsti iyul günü, günorta saat üçdə imtahan zalında tər tökən Maqsud müəllim fikirləşdi ki, görəsən, yaponlar, çinlilər nə əcəb bu günə qədər cib kondisioneri icad eləməyiblər?! Cib telefonu olur, cib kondisioneri olmur?! Kibrit qutusu boyda, ya da kibrit qutusundan bir az böyük. Qoyursan cibinə, isti oldu, çıxarıb düyməsini basırsan, sərinləyirsən.
Həmin imtahandan səkkiz ay sonra xəyal etdiyi cib kondisionerini Maqsud müəllim özü icad etdi.
Kənd məktəbinin fizika müəllimindən yeni icad. Halal olsun, Maqsud müəllim, dünyada məşhur olacaqsan, hər kəs səndən danışacaq.
Maqsud müəllim bir türk serialından ilhamlanıb düşünürdü ki, icadı dünyaya sevinc və xoşbəxtlik gətirəcək. Hər kəs mehriban yaşayacaq, müharibələr bitəcək, uşaqlar ölməyəcək, aclıq və səfalət sona çatacaq, kasıblar da ağ günə çıxacaq, hətta Afrika qitəsində belə acından ölən olmayacaq.
2.
Yeni icadı haqda ilk dəfə direktora məlumat verən Maqsud müəllim az qala pıçıltıyla danışırdı ki, birdən eşidən olar. Direktor Maqsud müəllimin öz düzəltdiyi cib kondisioneri haqda danışdığını görəndə ona yazığı gəldi. Elə bildi, dəli olub. Sonra gördü, yox, dəlilik edənə oxşamır, deyəsən, doğrudan da, o, nəsə icad edib.
– Hanı bəs icad?! – direktor da Maqsud müəllim kimi pıçıltıyla danışırdı.
– Cibimdə.
– Baxım.
Maqsud müəllim öncə durub direktor otağının pəncərəsindəki pərdəni çəkdi. Direktor onu maraqla izləyirdi və dəqiqləşdirə bilmirdi ki, o, ağlını itirib, yoxsa yox?!
Sonra Maqsud müəllimin cibindən çıxardığı balaca cihazı əlinə aldı, o üzünə – bu üzünə baxıb soruşdu:
– Bə bunun düymələri hanı?
– Yoxdu düymələri. Düyməsiz işləyir.
Direktorun gözləri kəlləsinə çıxmışdı. Ağzı açıq qalmışdı.
– Göstər görüm, necə işləyir! – handan-hana dedi.
Maqsud müəllim düzəltdiyi cihazı əlinə götürdü, üzünü direktora tutdu:
– Bu aparat düyməsizdi. Bununku ancaq xoş sözdü.
Direktor az qala qətiləşdirəcəkdi ki, qarşısında oturan bu illərin fizika müəllimi artıq başdan o söz! Amma Maqsud müəllim əlindəki cihaza üç cümlə deyəndən sonra cihazın deşiklərindən sərin hava axını direktorun üzünü yaladı.
Məəttəl qalmalı iş idi: necə ola bilərdi ki, cansız bir əşya söz qana?! Üç cümləylə işə düşən aparat “təşəkkür edirəm!” deyəndə beş dəqiqə fasilə verirdi, “çox sağ ol!” deyəndə isə növbəti üç cümləyə qədər işləməyini dayandırırdı.
3.
Maqsud müəllim bu cihazı icad etmək üçün yeddi ay gecəsini gündüzünə qatıb baş işlətmişdi, cəmi yeddi saata bütün kənd xəbər tutdu ki, məsələ nə yerdədi?! Axşamüstü kənd camaatı Maqsud müəllimgilin həyətinə axışdı. O, əslində, hələ istəmirdi ki, icadından hamı xəbər tutsun. Çünki bir az da təkmilləşdirəcəkdi. Amma daha gec idi, direktor kəndə car çəkib hər kəsi hali eləmişdi ki, Maqsud müəllim cib kondisioneri düzəldib.
İcadın müəllifi həyətinə toplaşan həmkəndlilərinə düzəltdiyi cib kondisionerini göstərdi və onun haqqında məlumat verməyə başladı:
– Əziz dostlar, qonşular, qohumlar, həmkəndlilər! İnanmaq çətin olsa da, mən belə bir aparat düzəltmişəm. Bəli. Bu əlimdə tutduğum cib kondisioneridi. İsti havalarda cibində gəzdirirsən, lazım olanda cibindən çıxarıb sərinlənirsən. Zaman keçdikcə bu aparatı daha da təkmilləşdirəcəm. İşləmə mexanizmi isə qeyri-adidi. Gördüyünüz kimi, üstündə heç bir düyməsi yoxdu. Soruşa bilərsiz ki, bəs necə xoda düşür, necə sönür?! Çox sadə. Bir-birinin ardınca üç müxtəlif kompliment deyirsən, başlayır işləməyə.
Söhbətin bu yerində bir neçə nəfər pıçıltı ilə danışmağa başladı. Deyəsən, “kompliment” sözünün mənasını bilmirdilər.
Maqsud müəllim davam edirdi:
– Üç dənə kompliment, vəssalam. İndi isə gəlin yoxlayaq, siz də öz gözlərinizlə görün.
Sonra Maqsud müəllim düzəltdiyi cihazı ağzına yaxınlaşdırıb dedi:
– Bu gün çox gözəlsən! Necə də ağıllısan! Əllərinə sağlıq!
Adamlar gecdən gec başa düşdülər ki, Maqsud müəllimin bir-birinin ardınca sıraladığı əlaqəsiz cümlələr bu aparatı işlək vəziyyətə gətirmək üçündü. Sonra Maqsud müəllim özü bir-bir həyətinə toplaşan hər kəsə aparatın sərin hava buraxdığını nümayiş etdirdi. Hər kəs aparatı gördü, razı qalıb gülümsədilər və Maqsud müəllim aparatı təzədən ağzına yaxınlaşdırdı:
– Çox sağ ol! – deyən kimi cib kondisioneri söndü.
– Maqsud müəllim, bayaq deyirdin ki, bu icad dünyanı gözəlləşdirəcək, – bunu deyən məktəb direktoru idi, – heç kim acından ölməyəcək, müharibələr olmayacaq. Necə olacaq bu?
– Bəli, – dedi Maqsud müəllim, – çünki hər kəs cib kondisionerindən istifadə etsə, xoş sözlər deməyə vərdiş edəcək. Təsəvvür edin ki, bütün dünya komplimentlə danışır. Onda müharibələr olarmı heç?
“Olmaz, əlbəttə, olmaz” dedi bir neçə nəfər.
Hər kəs xoşbəxt görünürdü.
4.
İki gün bəs elədi ki, yeni icadın xəbəri ölkəyə yayılsın.
Maqsud müəllim məşhur olmuşdu. Telefonuna tanımadığı nömrələrdən zənglər gəlirdi. Müxtəlif saytlardan, qəzetlərdən jurnalistlər zəng edirdilər.
Zəng edən jurnalistlərdən biri dedi ki, televiziyadandı və çəkiliş komandası ilə kəndə gəlib reportaj hazırlamaq istəyir.
Maqsud müəllim iki-üç saniyə düşünəndən sonra:
– Gəlin, – dedi, – gözüm üstə yeriniz var!
5.
Əlində mikrofon tutmuş müxbir qız soruşdu:
– Maqsud müəllim, bəs bu cihaz necə işləyir? Zəhmət olmasa, izləyicilərimizi məlumatlandırın.
Maqsud müəllim aparatı ağzına tərəf apardı, müxbir qıza baxa-baxa dedi:
– Bu gün çox gözəl görünürsən! Gözlərin də çox gözəldi! Səni sevirəm!
Müxbir qız belə tərbiyəsizlik gözləmirdi. Az qalmışdı əlindəki mikrofonu Maqsud müəllimin başına çırpsın. Maqsud müəllim də qızın mimikalarının necə dəyişdiyini görüb açıqlama verməli oldu:
– Bu cihaz ancaq komplimentlə işləyir. Ard-arda üç kompliment demək lazımdı ki, işləməyə başlasın.
Müxbir qız sakitləşdi və gülümsəməyə başladı. Həqiqətən də, cib kondisioneri işləməyə başlamışdı. Sən demə, Maqsud müəllim bu sözləri ona yox, icad etdiyi cihaza deyirmiş.
6.
Çəkiliş qrupu gedəndən sonra evdə mərəkə qopdu. Maqsud müəllimin yoldaşı Bəyim özündən çıxmışdı:
– O nə sözlər idi deyirdin qıza?
– Nə söz?
– “Səni sevirəm” deyirdin. Şəhərli qız görən kimi özünü itirirsən.
– Kəs, aaz!
– Nə “kəs” e, “kəs” nədi? Ömürboyu mənə demədiyin sözləri deyirdin o qıza.
– Qıza demirdim, aparata deyirdim.
– Mən koram? Görmürəm ki, qıza deyirdin?
Maqsud müəllim gördü ki, Bəyim sözlə başa düşən deyil, keçdi hədələməyə:
– Bu dəqiqə durub başını əzəcəm haa! Sarsaqlama!
– Hə də, şəhərdən gələnə “səni sevirəm” de, mənə də “başını əzəcəm!”
– Lənət şeytana da, lənət şeytana!
Sonra Bəyim Maqsud müəllimi yamsıladı:
– Bu gün çox gözəlsən. Gözlərin də çox gözəldi.
– Bəsdi, aaz! Bəsdi! Camaatı bizə güldürmə!
– Gözlərin də çox gözəldi! Səni sevirəm.
Mübahisə bir xeyli davam elədi. Axırda Maqsud müəllim əsəbiləşib necə özündən çıxdısa, cib kondisionerini Bəyimə tərəf tolazladı. Bəyim başını tutub yerə sərildi. Maqsud müəllimin icadı Bəyimin başına dəymişdi.
7.
Bayaqdan Maqsud müəllimin demədiyi kompliment qalmamışdı, amma onun icadı işləmirdi ki işləmirdi. Bəyim də dilxor olub Maqsud müəllimin yanında əyləşmişdi. Hirsi soyumuşdu.
İkisi də susub icada baxa-baxa oturmuşdular. Qınayan olmasaydı, Maqsud müəllim hönkürərdi. Düşünürdü ki, camaata nə deyəcək?! Ölkəyə səs düşmüşdü, bütün mətbu orqanlar icad haqqında yazmışdı, bəs indi onlara nə cavab verəcəkdi?! Deməzlərmi adama, məzələnirsən, Maqsud müəllim?! Adın-sanın var, harana yaraşır camaatla məzələnmək?!
Bunları düşünə-düşünə cin vurdu təpəsinə. Yanında oturan Bəyimə tərəf çevrilib gül ağzını açdı:
– Tünbətünün qızı, tünbətün, – dedi, – sənə demədimmi, mənim əsəblərimlə oynama?! Səni görüm ağa bələnəsən! Müxbir qız girsin sənin gözünə!
Bəyimin bu dəfə cavab qaytarmaq niyyəti yox idi. Maqsud müəllim isə sakitləşmək bilmirdi:
– Demədimmi, zəhləmi tökmə?! Niyə ömrümü burnumdan gətirirsən, ay zəhlətökən?!
Maqsud müəllim elə bunu demişdi ki, gözlənilməz bir hadisə baş verdi: cib kondisioneri işləməyə başladı.
Maqsud müəllimin əsəbi təəccübə çevrildi. Nə oldu bu aparata?! Niyə bayaq işləmədi, indi işlədi?!
Aman Allah! Yoxsa mexanizm tərsinə işləyirdi?!
Maqsud müəllim bir neçə dəfə yoxladı. Doğrudan da, əvvəl üç komplimentlə işləməyə başlayan icad indi üç qarğışla işə düşürdü. Əvvəl “Çox sağ ol!” deyəndə sönən cib kondisioneri indi “Kəs səsini!” deyəndə sönürdü. Qəribə idi.
Və Maqsud müəllimi indi bir sual düşündürürdü: bu icad müharibələrin qarşısını necə alacaq?!
“Ədəbiyyat və incəsənət”
(12.07.2023)
Türksoy. Fəaliyyət xronikası
“Ədəbiyyat və incəsənət” portalı Türk dövlətləri mədəniyyətinin təbliğinin vahid mərkəzi olan TÜRKSOY-un fəaliyyət xronikasını təqdim etməkdə davam edir. Bu gün sizlərə Türk Əməkdaşlıq Təşkilatları Koordinasiya Komitəsinin toplanması barədə bu ilin yanvar ayında gerçəkləşən tədbiri işıqlandıracağıq.
Rubrikanı Habil Yaşar aparır.
Türk Əməkdaşlıq Təşkilatları Koordinasiya Komitəsi toplandı
Komitənin toplantısı TÜRKSOY-un baş katibi Sultan Raev, TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er, Beynəlxalq Türk Akademiyasının rəhbəri Şahin Mustafayev və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun sədri Günay Əfəndiyevanın iştirakı ilə təşkilatın Türkiyənin İstanbul şəhərində yerləşən katibliyində fəaliyyətə başlayıb.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna istinadən xəbər verir.
Olduqca konstruktiv keçən toplantıda çox vacib qərarlar qəbul edildi ki, bunlar da TÜRKSOY-un gələcək fəaliyyət istiqamətlərində aparıcı rol oynadılar.
“Ədəbiyyat və incəsənət”
(12.07.2023)
Emmanuil Vitorqan Bakıda “Həyat davam edir” adlı monotamaşa təqdim edəcək
Rusiyanın Xalq artisti Emmanuil Vitorqan noyabrın 5-də Heydər Əliyev Sarayında çıxış edəcək.
Rusiyalı aktyor “Həyat davam edir” adlı yeni yubiley monotamaşasını təqdim edəcək.
Vitorqanın bakılı tamaşaçılar önündə oynayacağı bu tamaşa onun mərhum həyat yoldaşı – 60 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişmiş Rusiyanın Xalq artisti Alla Balterə həsr olunub.
Rusiyanın teatr və kino aktyoru olan Emmanuil Vitorqan ekran əsərlərində parlaq obrazlar yaradıb. O, bu gün də səhnədə və kinoda yeni koloritli, dərin məzmunlu yaradıcılığı ilə fərqlənən aktyorlardan biridir.
Tamaşaya biletləri Iticket.az saytında və şəhərimizin kassalarında əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(12.07.2023)