TÜRKSOY-un 30 ilinin 300 illik yolu Featured

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un yaradılmasının 30 ili tamam oldu. 1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalandı. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlanır. Təşkilatın katibliyi Ankara (Türkiyə) şəhərində yerləşir.

 

TÜRKSOY-un 6 qurucu üzv ölkəsindən savayı, Şimali Kipr Türk Cümhuriyyəti, eləcə də Rusiya Federasiyasının Altay, Başqırdıstan, Tatarıstan, Tıva, Xakasiya və Saxa-Yakut respublikaları, Moldovanın Qaqauz Yeri muxtar bölgəsi təşkilatda müşahidəçi üzvlük statusuna malikdir.

Tezliklə İranda Cənubi Azərbaycan, İrakda Kərkuk, Çində Uyğur kimi müşahidəçi statusluları da burda görəcəyimizə ümidliyik. 

TÜRKSOY təşkilatı türkdilli xalqların sosial-mədəni oxşarlığının bir araya gətirilməsi, ortaq türk mədəniyyətinin, dilinin, tarixinin, incəsənətinin, adət-ənənələrinin, mədəni irsinin qorunması, araşdırılması, inkişaf etdirilməsi, dünyada tanıdılması və gələcək nəsillərə ötürülməsi məqsədilə qurulub. TÜRKSOY yarandığı gündən qardaş xalqların ortaq mədəniyyət çətiri altında söz və sənət dəyərlərimizi bir araya gətirərək təbliğ edir.

Təşkilatın fəaliyyəti hər il toplantıları keçirilən Mədəniyyət Nazirləri Daimi Şurası tərəfindən müəyyən olunur. Qurumun cari fəaliyyətinə baş katib rəhbərlik edir.

Azərbaycan Respublikasının Rusiyadakı səfiri, keçmiş mədəniyyət naziri, Xalq artisti Polad Bülbüloğlu 1993-cü ildən TÜRKSOY-un ilk baş katibi olub. Ondan sonra təşkilata Qazaxıstanın keçmiş mədəniyyət naziri, musiqi xadimi Düsen Kaseinov (2008-ci ildən) rəhbərlik edib. 2022-ci ilin martında Daimi Şuranın Bursada keçirilən toplantısında Qırğızıstanın keçmiş mədəniyyət naziri, bu ölkənin Xalq yazıçısı Sultan Raev TÜRKSOY-un üçüncü baş katibi seçilib.

Ötən 30 ildə TÜRKSOY ümumtürk mədəni irsinin təbliği və tanıdılması, türkdilli xalqlar, ölkə və diyarlar arasında mədəniyyət, incəsənət sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük işlər görüb, çoxsaylı layihələr həyata keçirib. Bu layihələrin bir çoxu ənənə halını alaraq hər il davam etdirilir.

TÜRKSOY bir sıra beynəlxalq qurumlarla, o cümlədən 1996-cı ildə müqavilə imzaladığı UNESCO ilə, habelə Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edir.

Azərbaycan təşkilatın fəaliyyətində yaxından iştirak edir. TÜRKSOY ölkəmizlə bağlı çoxsaylı birgə layihələr həyata keçirib. Təşkilatın “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi bu il ikinci dəfə Azərbaycanda reallaşır. 2016-cı ildə bu adı Şəki şəhəri daşımışdı. 2023-cü ildə də “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını Şuşa şəhəri davam etdirir. Bu il həmçinin TÜRKSOY Daimi Şurasında dönəm koordinatorluğunu Azərbaycan həyata keçirir.

Mayın 12-də Azərbaycan Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimi keçirilib. Mayın 9-11-də Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalına TÜRKSOY ölkələrinin musiqi və rəqs qrupları, sənət adamları da qatılıb. İlin sonunadək TÜRKSOY-un iştirakı ilə Azərbaycanda, o cümlədən mədəniyyət paytaxtımız Şuşada silsilə tədbirlər davam edəcək. Həmçinin TÜRKSOY-un xətti ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər də nəzərdə tutulur.

Hər il, təşkilatın digər üzvləri kimi, Azərbaycanın da görkəmli mədəniyyət, ədəbiyyat xadimlərinin adına TÜRKSOY-un xatirə ili elan olunur. Bu il bu sırada anadan olmasının 100 illiyi qeyd olunan görkəmli teatr rejissoru Tofiq Kazımov da var.

Onu da nəzərinizə çatdıraq ki, TÜRKSOY-da Azərbaycanın təmsilçisi Elçin Qafarlıdır - təşkilatın ən fəal, ən cəfakeş üzvlərindən biri, alovlu vətənpərvər!

Bayramınız mübarək, əziz TÜRKSOY-çular, bütün türk dünyası.

 

“Ədəbiyyat və incəsənət”

(13.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.