Albaniyada Azərbaycan mədəniyyəti həftəsi təşkil ediləcək Featured

“Bu, mədəniyyətin xalqları nə dərəcədə yaxınlaşdırdığının təzahürü olacaq...”

 

 

 

Biz dostluq və qarşılıqlı dəstəyə əsaslanan ikitərəfli əlaqələrimizdə çox xüsusi dinamika yaratmışıq. Biz beynəlxalq təşkilatlarda fəal çalışırıq, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatında və İslam Əməkdaşlıq Təşkilatında bir-birimizə dəstək veririk. Eyni zamanda, biz Azərbaycanın olmadığı təşkilatlarda ölkəmizi dəstəklədiyinə görə Albaniyaya çox minnətdarıq.

 

Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri Bakıda Albaniya Prezidenti Bayram Beqay ilə görüşdən sonra mətbuata bəyanatında deyib.

 

Dövlət başçısı ötən il Beynəlxalq Frankofoniya Təşkilatının sammitində Albaniyanın Azərbaycana verdiyi dəstəyi xüsusi qeyd edərək bildirib ki, sammitin yekun sənədinə anti-Azərbaycan mahiyyətli bənd (Fransanın dəstəyi ilə Ermənistanla həmrəyik ifadə olunması – red.) Albaniya tərəfindən bloklanmışdı: “Həmin addım dostluğun, eləcə də ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi beynəlxalq hüququn əsas prinsiplərinə qəti sadiqliyin təzahürü oldu. Hətta Azərbaycan özünü müdafiə etmək fürsətinə malik olmadığı təşkilatlarda belə, bizim Albaniya kimi qardaş ölkəmiz var və o, bu dəstəyi verdi. Buna görə biz çox minnətdarıq”.

 

Albaniya rəhbəri ilə görüşdə siyası əməkdaşlıqla bərabər, gündəlikdə duran ticari, iqtisadi məsələləri, sərmayə imkanlarının nəzərdən keçirildiyini deyən İlham Əliyev vurğulayıb ki, Azərbaycan sərmayədarları dost ölkədə turizm, kənd təsərrüfatı və digər sahələrdə sərmayə layihələrini ciddi araşdırmağa hazırdırlar: “Hesab edirəm ki, gələn aylarda bizim bu haqda daha çox məlumatımız olacaq və həmçinin münasibətlərimizdə yeni səhifə açılacaq. Bu ilin sonunadək biz Avropa İttifaqına üzv olan daha çox sayda ölkələrin Azərbaycandan təbii qazı alacağını gözləyirik. Həmçinin əvvəlki təmaslarımızda müzakirə olunan mövzulardan biri Albaniyanın qazlaşdırılması layihəsi idi və sınaq layihəsi seçilmişdi. Bu gün bizə nümayəndə heyətlərinin üzvləri tərəfindən məlumat verildiyi kimi, işlər cədvələ uyğun gedir və ilin sonunadək bizdə artıq bu layihənin texniki-iqtisadi əsaslandırılması olacaq. Bundan sonra isə ümid edirəm ki, biz dərhal investisiyalara başlayacağıq”.

 

Prezident Bayram Beqay bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün tamam olduğunu qeyd edərək bildirib ki, bu əlaqələrdən fərəhlənmək üçün bizim bir çox səbəbimiz var. Ötən il Prezident İlham Əliyevin Albaniyaya ilk dəfə səfər etdiyini deyən Bayram Beqay diqqətə çatdırıb ki, səfərdən qısa müddət sonra Azərbaycan Tiranada səfirlik açmaq barədə qərar qəbul etdi. Eyni qaydada Albaniya da 2023-cü ildə Bakıda səfirliyin açılması ilə bağlı qərar qəbul edib: “Hər iki qərar ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq, yüksək səviyyəli siyasi dialoqu daha da gücləndirəcək, eləcə də iqtisadi əməkdaşlığı və digər məsələləri daha da təşviq edəcək”.

 

İki ölkənin enerji sektorunda əməkdaşlıqla bir-birinə sıx bağlı olduğunu vurğulayan Albaniya rəhbəri ölkəsinin Azərbaycan qazını Avropaya nəql edən TAP layihəsindən (Trans-Adriatik boru xətti) faydalandığını bildirib.

 

“Ağır dövrdə kömək göstərilməsi xalqlar və dövlətlər tərəfindən unudulmayan jestdir” deyən qonaq 2019-cu ilin noyabrında baş vermiş faciəvi zəlzələdən sonra Azərbaycanın Albaniyaya dəstəyinə görə bir daha minnətdarlığını ifadə edib: “Əsl dost dar gündə tanınar”.

 

Prezident Bayram Beqay Albaniya və Azərbaycan arasında mədəni sahədə də əməkdaşlığı inkişaf etdirmək istədiklərini vurğulayıb: “Albaniyada tezliklə Azərbaycan mədəniyyəti həftəsi təşkil ediləcək. Əminəm ki, bu ay Albaniyanın şəhərlərinin dünyanın hər yerindən gələn turistlərlə dolu olan bir vaxtda Azərbaycan mədəniyyəti həftəsi bayram ab-havasında keçəcəkdir. Bu isə mədəniyyətin xalqları və ölkələri nə dərəcədə yaxınlaşdırdığının təzahürü olacaqdır”.

 

O, turizmin də hər iki ölkə üçün prioritet sahə olduğunu deyib: “Bu səbəbdən əməkdaşlığın inkişafı və turizm baxımından Azərbaycanın sərmayə qoyuluşu arzuolunandır. Viza rejiminin ləğvi xalqlarımızın yaxınlaşdırılmasının daha bir yoludur”.

 

Albaniya rəhbəri bildirib ki, Azərbaycana səfəri və son dövrdə yüksək səviyyəli dövlət rəsmilərinin həyata keçirdikləri digər səfərlər ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsinə müsbət təkan verir.

 

“Ədəbiyyat və incəsənət”

(13.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.