Super User

Super User

 

Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı Afaq Abbasova İtaliyada 69-cu Puççini Festivalında çıxış edib.

Festival italiyalı məşhur opera bəstəkarı Cakomo Puççininin xatirəsinə onun doğulduğu Torre del Laqoda keçirilir.

 

Əməkdar artist A.Abbasova AzərTAC-a müsahibəsində Puççini Festivalında iştirak edən ilk azərbaycanlı ifaçı olmaqdan qürur duyduğunu deyib. Bildirib ki, Toskanada dahi C.Puççininin əsərləri ilə tamaşaçı qarşısına çıxmaq, dünyanın ən məşhur opera ifaçıları və dirijoru ilə eyni səhnəni bölüşmək həm qürurverici hadisə, həm də böyük məsuliyyət tələb edən iş idi. 

“Bu, həddən artıq böyük professionallıq tələb edirdi. Çox şadam ki, bu məsuliyyətli işin öhdəsindən gəldim və tamaşaçı alqışı bunun ən əsas göstəricisidir. Heydər Əliyev Fonduna, eləcə də mənə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm”, - deyə A.Abbasova vurğulayıb.

Qeyd edək ki, Afaq Abbasova uzun müddətdir İtaliyadakı məşqlərdə iştirak edir. O, daha əvvəl də İtaliyada müxtəlif səhnələrdə və tamaşalarda çıxış edib.

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2023)

Çərşənbə axşamı, 18 İyul 2023 10:45

Güneydən səslər: Zaman Paşazadədən “İntihar…”

“Ədəbiyyat və incəsənət” portalında dərc edilən Güney Azərbaycan ədiblərinin ən yaxşı nümunələrini diqqətinizə çatdırmaqdayıq. 

Portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağlanln təqdimatında bu həftə Zaman Paşazadə öz şeirləri ilə hüzurunuzdadır. 

O, bu dəfə “İntihar” söyləyəcək. 

 

 

Kağızların üzərində uyumuşkən yazıçı,

Romandan baş qaldırıb çıxdı karakter

Divardan asılmış tüfəngi götürdü

Taraq

İntihar etdi…

Dik atıldı yazıçı

Qələmi götürüb beləcə bitirdi:

Divardan asılmış tüfəngi götürdü

Taraq

İntihar etdi…

Diskindi qəzetlər

Beləcə titr vurdular:

Divardan asılmış tüfəngi götürdü

Taraq

İntihar etdi…

Diskindi oxucu

Divardan asılmış tüfəngi götürdü

Taraq

İntihar etdi…

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2023)

 

İyulun 18-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında “Cadenza Contemporary Orchestra” mövsümün bağlanış konsertini keçirəcək. 

“Sözsüz mahnı” adlı konsertdə əsasən orkestrin üzvləri solist kimi çıxış edəcəklər.

 

Hər mövsüm ənənəvi olaraq təşkil olunan solistlərin konsertində bu dəfə Vəfa Kuznetsova, Toğrul Abdullayev (violin), Sənubər Sultanova (violonçel), Mirxalid Məmmədzadə (fleyta) və Rəna Rəhimovanın (viola) ifasında Antonio Vivaldi "İki violin üçün a-moll konserti", Felix Mendelssohn Bartholdy "Sözsüz mahnı", Cecile Chaminade "Konsertino" və Qara Qarayevin "Don Kixot" simfonik qravürlərindən “Səyahət” əsərləri səsləndiriləcək.

Həmçinin orkestr tərəfindən təşkil olunmuş “2-ci qiraət vorkşopu: Partituralar üçün çağırış”ın qalibi olan Afaq Xəqaniqızının “Titrəyiş öncəsi Etobur çiçəyi” adlı əsəri (solist Elşən Məmmədov) ifa olunacaq. 

Qeyd edək ki, əsər Türkiyədə baş vermiş zəlzələ zamanı həlak olan insanların xatirəsinə həsr olunub.

Konsertə giriş sərbəstdir.

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2023)

Çərşənbə axşamı, 18 İyul 2023 10:15

Arzuları necə həyata keçirməyin Barbara Şer təlimatı

“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk.

Bu dəfə mövzumuz beş ən mükəmməl motivasiya təlimi barədədir.

                 

Bütün əvvəlki hissələrdə uğura aparan konkret yollardan bəs etdikcə özümüzə əxz edə bildik ki, 1) «Hər şey arzulamaqdan başlayır»; 2) «Uğura doğru getməkçün mütləq özündə möhkəm xarakter formalaşdırmalısan»;  3) «Sizə maneçilik törədən axmaq vərdişlərdən mütləq yan qaçmalısınız»; 4) «Məqsədə doğru iləriləyərkən ən kreativ üsullardan istifadə etməlisiniz»; 5) «Kifayət qədər gödək olan ömrü dəyərli yaşamaqla, dəyərsiz işlərə vaxt ayırmamaqla bir qədər uzatmalısınız».

Mən niyə məhz bu beş şərtlərin adını çəkdim? Çünki bu şərtlərlə bağlı ən mükəmməl hesab etdiyim motivasiya təlimlərini sizin diqqətinizə çatdırmaq istəyirəm ki, bunlar da Barbara Şer, Riçard Vaysman, Devid Şvarts, İrina Xakamada və Den Valdşmidtə məxsusdur.

Bacardığınız qədər hər bir frazaya diqqət etməyi sizdən rica edirəm. Beləliklə, sıra ilə Barbara Şerin «arzulamalarından» başlayıb ta ki, Den Valdşmidtin «6 il əlavə yaşamaq» sirrinə qədər davam edirik.

 

             Arzuları necə həyata keçirməyin Barbara Şer təlimatı

 

Əlbəttə, biz hamımız müvəffəqiyyətli adam olmağa cəhd edirik, amma çox vaxt bunun üçün nə edəcəyimizi bilmirik. Tanınmış motivasiya spikeri Barbara Şerin  Enn Qotliblə birgə yazdığı «Arzulamaq ziyanlı deyil» adlı təlimi ilə tanışlıqdan hədsiz məmnun olmuşam. Belə ki, xanım Barbara arzuları həyata keçirmək metodikasını açıqlayır. Özü də o, «arzulara inan, onlar mütləq həyata keçəcək» kimi banal məsləhət vermir, «sabahkı gündən hər şeyi yenidən başla» kimi taftalogiyaya müraciət etmir. O, həyat tərzinizi dəyişmədən hər gün məqsədə, uğura doğru bir kiçik addım atmağın yolunu göstərir. Çox maraqlıdır, deyilmi?

«Arzulamaq ziyanlı deyil» - bəzən biz bu frazanı kinayə ilə, ironiya ilə işlədirik. Amma Barbara Şer isbat edir ki, arzulamaq heç də ziyan deyil, əksinə, olduqca faydalıdır. Ən əsası – düzgün arzulamaq lazımdır,  bəxtəvərlikdən göylərdə üçmaq, dünyaya sahib olmaq, xoşbəxtlik istəmək kimi mücərrəd arzulardan qopmaq, konkret olaraq nə istədiyini bilmək lazımdır.

Möcüzəyə ümid bağlamamaq, arzulara addımbaaddım çatmağın planını tutmaq lazımdır. Nizam-intizamla, şansları düzgün dəyərləndirməklə, köməyə ehtiyac olanda utanmadan kömək istəməklə siz arzunuza çatacaqsınız.

Barbara Şer arzuya çatılmasını ağır, monoton bir iş hesab edir, hamıya da arzulara məhz bu prizmadan baxmağı tövsiyə edir.

İş ondadır ki, müəllifin özünün də həyatında çox ağır dönəmlər olub. Dul qalan qadın iki övladını böyütmək üçün bir neçə il ərzində ofisiant işləyib. Hədsiz ehtiyac çəkiblər. Öz rastına çıxan çətinliklər, öz acı həyat hekayəsi onu motivasiya kitabları yazmağa vadar edib. İlk belə kitabı xanım qırx yaşında yazıb. Bu gün, 37 ildən sonra onun hesabında artıq yeddi bestsellər vardır və o, dünyanın ən yaxşı motivasiya spikerlərindən biridir.

Tam adı «Arzulamaq ziyanlı deyil. Doğrudan da, istədiyin şeyi necə əldə etməli» olan kitabın məğzi budur: «Arzuların həyata keçməsi üçün özünühipnozla məşğul olmaq, ekstrasens – falçı yanına getmək lazım deyil. Lazım olan arzuya çatmaq məsələsinin praktiki  metodikasını işləyib hazırlamaq, planlaşdıra bilmək bacarığı, özünü yeniliklərə hazırlamaq xüsusiyyəti, lazımi material və informasiyalara yol tapmaq, yeni kontaktlar qazanmaqdır».

Barbara Şerin kitabında çox dəyərli bir hissə var: həyatdan nə istədiyinizi bilmək, özünüzə yaxın olan emosional obrazı tapmaq, öz arzularınızı daha yaxşı ifadə etmək üçün 5 sadə çalışma.

Bu gün 1-ci çalışma ilə tanış olacağıq.

 

Birinci çalışma.

Sizdə müsbət emosiya yaradan rəngi seçin. Bu, vacib deyil ki, ən çox sevdiyiniz rəng olsun. Rəngi seçdikdən sonra təsəvvür edin ki, həmin rəng siz özünüzsünüz. Rəngin adından mətn yazmağa başlayın: «Mən göy rəngəm. Mən səmanın və dənizin rəngiyəm. Mən də bu iki varlıq kimi azad, güclü və üsyankaram».

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2023)

 

Çərşənbə axşamı, 18 İyul 2023 10:00

Xalça Muzeyi on gün fəaliyyət göstərməyəcək

 

Azərbaycan Milli Xalça Muzeyi iyulun 21-dən 31-dək profilaktik tədbirlərlə əlaqədar bağlı olacaq.

Bu barədə muzeydən məlumat yayılıb. 

Qeyd edilib ki, avqustun 1-dən etibarən muzeyin qapıları ziyarətçilər üçün yenidən açılacaq.

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2023)

 

Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) 2023-2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsi elan edir. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədıniyyət Nazirliyinin məlumatına istinadən xəbər verir. 

 

Məlumatda bildirilir ki, müsabiqə ilə əlaqədar bu gün - iyulun 18-də təqdimat keçiriləcək.

Müsabiqə milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, eləcə də kino mühitinə yeni adlar qazandırmaq məqsədi daşıyır.

Film layihələri üçün dövlət tərəfindən ayrılmış vəsaitin (5.5 milyon manat) müsabiqə yolu ilə bölüşdürülməsi təmin ediləcək. Müsabiqə ilə əlaqədar bədii şura yaradılıb, meyarlar və işçi mexanizmlər müəyyən olunub. Eyni zamanda dörd yeni təsisat – animasiya məktəbi, ssenaristlər kursu, kinoaktyor teatrı və texniki təkmilləşmə kurslarının açılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, 2023-cü il köklü ənənələrə malik olan Azərbaycan kinematoqrafiyası üçün əlamətdardır. Bu il Azərbaycan kinosunun 125, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaranmasının isə 100 illiyidir. 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikası Kino Agentliyinin yaradılması, eləcə də bu sahənin mövcud vəziyyəti və inkişaf istiqamətlərinin müəyyən edilməsi, şəffaf və kollegial idarəçilik modelinin formalaşdırılması milli kinematoqrafiyaya sistemli yanaşmanın göstəricisidir. Yeni şəraitdə Nazirlik film istehsalında stimullaşdırıcı rol oynamaqla bərabər, yerli prodüser şirkətlərinin bu proseslərə aktiv şəkildə qoşulmasına çalışır.

Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən islahatların məqsədi şəffaf maliyyə mexanizmlərinin formalaşdırılması, yaradıcı biznes subyektlərinin dəstəklənməsi və ölkədə sağlam, rəqabətədavamlı mədəniyyət ekosisteminin yaradılmasıdır.

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2023)

Çərşənbə axşamı, 18 İyul 2023 09:00

Cizgi filmləri sənayemiz nə zaman inkişaf edəcək?

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bizim uşaqlığımızda hamı Canavarla Dovşanın mücadiləsindən bəhs edən “Nu poqodi” cizgi filmi ilə yaşayırdı, hər bölümü əzbər bilərdik. İllər dəyişdi, o vaxt Sovet əsarətindəydilsə indi müstəqil olduq. Bugünkü uşaqlar “Maşa və Ayı” cizgi filminin təsirindədirlər. O vaxt da rus diktəsi, indi də. 

Bu dəfə siyasətdən yox, cizgi filmlərindən danışacağıq. Amma ümid də edəcəyik ki, Maşaların və Ayıların əsirliyindən bir sehirli qüvvə azərbaycanlı uşaqları qoparacaq nəhayət ki. 

 

Rahat qavranılan ssenarilər və rəngli personajlar animasiya filmlərini azyaşlılara sevdirən başlıca amillərdəndir. Cizgi filmləri uşaqları əyləndirir, öyrədir və xəyal dünyalarına aparır. Lakin həmin filmlərin yalnız uşaqlar üçün olduğunu düşünənlər yanılırlar. Elə animasiya filmləri var ki, nəinki uşaqları, böyükləri də özünə cəlb edir. Ayrıca Böyüklər üçün də cizgi fiımləri var. Uşaqlar cizgi fiımlərinə baxıb əylənirlərsə də, böyüklər xatirələrə dalır, yenidən gözəl uşaqlığı yaşayırlar. 

“Tık-tık xanım”, “Cırtdan” və daha bir-iki fiım. Çox təəsaüf ki, bizdə cizgi filmi sahəsi çox zəif inkişaf edir. Ümumiyyətlə, hazırda ölkəmizdə film sənayesi inkişaf edir, yerli serialların sayı artır, cizgi filmi istehsalı isə, sanki, kölgədə qalıb. 

Elə buna görə bu sahədə görülən işlər, mövcud problemlər, qarşıda duran hədəflər və digər məsələlərlə əlaqədar Azərbaycan Animasiya Assosiasiyasının sədri, “Animafilm” Beynəlxalq Animasiya Festivalının təsisçisi və direktoru Rəşid Ağamalıyevin fikirlərinə diqqət yetirməyimiz yaxşı olardı. 

 

ASSOSİASİYA BARƏDƏ

Azərbaycan Animasiya Assosiasiyası rəsmi olaraq 2022-ci il aprelin 19-da qeydiyyata alınsa da, 2016-cı ildən fəaliyyət göstərir. Əvvəlcə Azərbaycanda animasiyanın gələcəyi mövzusunda dəyirmi masalar, konfrans və görüşlər təşkil etdik. Ötən müddət ərzində “Azərbaycan animasiyası” kitabı çap olunub, “Animafilm” Beynəlxalq Animasiya Festivalının 5 buraxılışı keçirilib, 2020-ci ildə “Animafilm School” adlı peşəkar animasiya məktəbi təsis edilib. 2018-ci ildən bəri Azərbaycan animasiyası Fransa, Gürcüstan, Özbəkistan, Polşa, Çexiya, Yunanıstan və Almaniyanın beynəlxalq animasiya festivallarında, müxtəlif tədbirlərdə təmsil olunur, yerli animasiya sənətçiləri və beynəlxalq mütəxəssislərlə peşəkar əlaqələr yaradılır.

Regionlarda animasiya sənətini inkişaf etdirmək əsas priorititet sahələrdəndir. 2021-ci ilin noyabrında Mədəniyyət Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Şəki “ASAN xidmət” mərkəzində “IV Animafilm festivalının Şəkidə əks-sədası” tədbiri keçirildi. “Animafilm Şəkidə” tədbirində üç gün ərzində uşaq və böyüklər üçün çəkilmiş ən maraqlı yerli və xarici animasiya filmləri nümayiş etdirildi, vörkşoplar təşkil olundu. Tədbirdə Şəkidən və ətraf rayonlardan gələn yüzlərlə tamaşaçı iştirak etdi.

2019-cu ildən bəri “Animafilm” Beynəlxalq Animasiya Festivalının təşəbbüsü və Azərbaycandakı Fransız İnstitutu, Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Animafilm” festivalının “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” mükafatının qalibi dünyanın ən böyük animasiya festivalı – Fransanın Annecy Festivalına peşəkar MİFA akkreditasiyası ilə qoşulur. Bu, onlar üçün xarici animasiya peşəkarları ilə hərtərəfli əlaqələr yaratmaq baxımından çox böyük fürsətdir.

 

V ANİMAFİLM FESTİVALI BARƏDƏ

2019-cu ildə 3-cü “Animafilm” festivalında ilk dəfə festivalın yerli müsabiqəsini elan etdiyimizi və o vaxt cəmi 1 müraciət aldığımızı xatırlayıram. Sonradan 2021-ci ildə 4-cü “Animafilm” festivalında və ələlxüsus ötən il 5-ci “Animafilm” festivalına müraciət edən yerli filmlərin sayı əhəmiyyətli dərəcədə artdı. Müsabiqə iştirakçıları ilə şəxsən tanış oldum, izləyicilərin onları dinləmək, onlarla sual-cavab etmək imkanı oldu. Gənclər arasında bu sahəyə olan marağı ilk dəfə onda dördüm.

Son festivalımızı 5 gün ərzində 1500-ə yaxın tamaşaçının izləməsi öz növbəsində bu sahəyə olan maraq və diqqətin göstəricisidir. Artıq 2022-ci ildən Azərbaycanda yerli animasiyaya həm dövlətin, həm də medianın maraqla yanaşdığını görürəm. Şübhəsiz ki, bu, ilk növbədə festivalın uğurudur.

 

NİYƏ YERLİ CİZGİ FİLMLƏRİNƏ MARAQ AZDIR?

Düzünü desəm, bəzən özüm də bu barədə düşünsəm də, tutarlı cavab tapa bilmirəm, çünki animasiya – ümumən, kino dünyada çox gəlir gətirən və daim inkişaf edən nəhəng bir sənayedir. Azərbaycanda isə təəssüf ki, bu sahənin potensialı kifayət qədər dəyərləndirilmir.

Sovet dövründə vəziyyət tamam başqa idi. Azərbaycan animasiya tarixinə nəzər salsaq, o dövrdə milli animasiyanın istehsal cəhətdən nə dərəcədə məhsuldar bir dövr yaşadığına əmin ola bilərik. İmperiyanın süqutundan sonra ölkəmizdə sosial-siyası vəziyyət dəyişdi, animasiya və kino arxa plana keçdi.

Hazırkı vəziyyət haqqında onu deyə bilərəm ki, yerli animasiya filmləri istehsal olunur, lakin maliyyə vəsaiti kifayət qədər olmadığı üçün filmlərin ya keyfiyyəti, ya da reklamı müəyyən qədər zəif olur. Bu və bu kimi amillərin nəticəsində filmlər istər yerli tamaşaçılar, istərsə də beynəlxalq səviyyədə məşhurlaşa bilmir. Onların çoxundan yerli tamaşaçıların xəbəri yoxdur, çünki yerli mediada həmin animasiya filmləri işıqlandırılmır, televiziyada yayımlanmır. İzləyici marağının azlığı da birbaşa olaraq, istehsala mənfi təsir göstərir.

Sevindirici haldır ki, Prezident İlham Əliyev bu yaxınlarda Kino Agentliyinin nizamnaməsini təsdiqlədi. Agentliyin təsis edilməsi çox böyük işdir. Ümid edirik ki, onun fəaliyyətə başlaması ilə Azərbaycan kinosunda müsbət dəyişikliklər baş verəcək, böyük islahatlar aparılacaq.

 

YERLİ MÜTƏXƏSSİSLƏR BARƏDƏ

Bu sahədə potensiallı gənclərimiz var, lakin ölkəmizdə bu sahədə iş imkanları çox az olduğundan peşəkar animatorların çoxu xarici studiyalara üz tutur. Azərbaycanda animasiya təhsili imkanları da çox azdır, buna baxmayaraq, ölkəmizdə bu sahədə perspektiv vəd edən animasiya studiyaları və müstəqil animatorlar var. Əlbəttə, Azərbaycan animasiyasının ustadları Elçin Hami Axundov, Məsud Pənahi və Firəngiz Qurbanovanın gördüyü işləri xüsusi qeyd etmək lazımdır. Lakin böyük bir sənayenin inkişafını bir neçə peşəkarın çiyinlərinə yükləmək olmaz. 

 

SON FİLM

Ən son çəkilən animasiya filmləri ötən ilin sentyabrında 5-ci “Animafilm” Beynəlxalq Animasiya Festivalında nümayiş olundu. Bunlar ümumilikdə 16 qısametrajlı animasiya filmi idi. Bu filmlərin ölkəmizdə keçirilən yeganə animasiya festivalında nümayişi böyük uğurdur. Burada nümayiş olunan filmləri böyük salonda 1500-ə yaxın tamaşaçı, xaricdən gələn peşəkar münsiflər heyəti və dövlət nümayəndələri izləyirdi. Sözsüz ki, bu da öz növbəsində yeni animafilmlərin həm say, həm də keyfiyyət baxımından çoxalmasına təkan verəcək...

 

BUİLKİ PLANLAR

2023-cü il ən böyük və ən əsas planımız sentyabrda keçiriləcək VI “Animafilm” Beynəlxalq Animasiya Festivalına hazırlıq və onun təşkili ilə əlaqədar işlərdir. Artıq 6-cı festivala film müraciətləri qəbul olunmağa başlanılıb. Ümid etməyə dəyər ki, növbəti festival bu sahədə irəliyə doğru daha uğurlu bir addım olacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2023)

Bazar ertəsi, 17 İyul 2023 17:30

Xalq artisti Mirzə Babayevin xatirəsi yad olunub

Onun “Kəpənək” mahnısı dillərə düşmüşdü. Çoxusu böyük sevgiylə onu məhz elə bu cür də çağırırdı…

Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, unudulmaz müğənni Mirzə Babayevin (1913-2003) anadan olmasının 110-cu ildönümü münasibətlə Mədəniyyət Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətkarın ailə üzvləri II Fəxri xiyabana gələrək, onun xatirəsini yad edib, məzarı üzərinə gül dəstləri qoyublar.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mərasim zamanı mədəniyyət nazirinin müavini Murad Hüseynov Mirzə Babayevin istedadı ilə xalqımızın məhəbbətini qazanan böyük sənətkarlardan olduğunu qeyd edib. 

Vurğulanıb ki, o, Azərbaycan estrada musiqisinin inkişafına mühüm töhfələr verib, səsi və ifaçılıq məharəti ilə özünəməxsus üslubunu yaradıb, musiqimizi xarici ölkələrdə də layiqincə təmsil edib. Mirzə Babayev cismən bizimlə olmasa da, onun yaradıcılığı əbədi yaşayacaq.

Teatr və kino aktyoru, Xalq artisti Rafiq Əzimov bildirib ki, Mirzə Babayev ömrünün yarıdan çoxunu musiqi sənətinə həsr edib. O hərtərəfli sənətkar idi. İstedadlı aktyor kimi milli kino tariximizə də adını yazdırıb, “Dərviş Parisi partladır”, “Telefonçu qız”, “Romeo mənim qonşumdur”, “Qorxma, mən səninləyəm!” və digər ekran əsərlərində rəngarəng obrazlar qalereyası yaradıb.

Xalq artisti, kinorejissor Vaqif Mustafayev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri vəzifəsini müvəqqəti icra edən Xalq artisti Hacı İsmayılov, Xalq artisti, kinorejissor Oqtay Mirqasımov, Xalq artisti, müğənni Gülyanaq Məmmədova görkəmli sənətkarla bağlı xatirələrini danışıb, onun bənzərsiz yaradıcılığından söz açıblar.

Sənətkarın yaxın qohumu, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, nəvələri Ülvi Seyidzadə və Emin Babayev çıxış edərək, Mirzə Babayevin xatirəsinə göstərilən yüksək ehtirama görə Mədəniyyət Nazirliyinə və mərasim iştirakçılarına təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, Mirzə Babayev 1913-cü il iyulun 16-da Bakı şəhərinin Maştağa kəndində anadan olub. İlk ali təhsilini Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) Memarlıq fakültəsində alıb. Müğənnilik fəaliyyətinə 40-cı illərin əvvəlində görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına (indiki BMA) – professor Bülbülün sinfinə daxil olub. 1953-cü ildə konservatoriya təhsilini başa vuran istedadlı müğənni ürəyəyatımlı səsi, gözəl ifa tərzi, dərin musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə tamaşaçıların böyük rəğbətini qazanıb.

Sənətkar müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrinin, Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Konsert Birliyinin solisti olub. Teleradionun “Qızıl fond”unda onun ifasında səslənmiş çoxlu sayda mahnı var.

Mirzə Babayev musiqi sənətimizə verdiyi töhfələrə görə "Əməkdar artist", "Xalq artisti" fəxri adlarına layiq görülüb. "Şöhrət" ordeni ilə təltif edilib, Prezidentin fərdi təqaüdçüsü olub. 2003-cü il yanvarın 13-də vəfat edib.

Ruhu şad olsun!

 

(17.07.2023)

Xəzər dənizinin Bilgəh, Sumqayıt, Lənkəran sahillərində, Yardımlı şəhəri Viləşçayın sahilində, Kür çayının Şirvan şəhəri, Göyçayın Göyçay şəhəri ərazisindən keçən hissələrində təmizlik aksiyaları təşkil olunub.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional bölmələrinin, yerli icra orqanlarının, yerli Mənzil-Kommunal Təsərrüfatı və İstehsalat Birliyinin əməkdaşlarının, sakinlərin, könüllülərin, tərəfdaş qurumların iştirakı ilə keçirilən aksiyalar zamanı, ümumilikdə, 20 tondan artıq müxtəlif növ tullantı yığılaraq ərazilərdən daşınıb.

Bu barədə AzərTAC məlumat yayıb. 

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2023)

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 10, 11 və 12-ci komissiyalara aid rəsm fənni üzrə keçirilmiş qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər rəngkarlıq (10 və 11-ci komissiya) və yapma (12-ci komissiya) imtahanında iştirak etmək üçün “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

 

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, təsviri incəsənət müəllimliyi (13-cü komissiya) və 9 illik təhsil bazasında 211-ci komissiya üzrə qeydiyyatdan keçmiş abituriyentlərin də “İmtahana buraxılış vərəqəsi” qeydiyyatdan keçdikləri səhifələrində yerləşdirilib.

Qabiliyyət imtahanlarının qrafiki ilə DİM-in saytında tanış olmaq mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.