
Super User
Bu gün YARAT-da “Özünü kəşf et” layihəsi çərçivəsində ustad dərsləri davam edəcək
YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə reallaşan böyüklər üçün “Özünü kəşf et” layihəsi çərçivəsində ustad dərsləri davam edir.
Layihənin növbəti ustad dərsi bu gün - iyulun 19-da Müşfiq Heydərovun iştirakı ilə “Heykəltaraşlıq şəkli” mövzusuna həsr olunacaq.
Ustad dərsi heykəltaraşlıq sənəti üzrə ilk dəfə özünüzü sınamaq təcrübəsi və bu sahədə bacarıqlarınızı dərinləşdirmək imkanı verir. İştirakçılar plastilindən özünəməxsus insan obrazları yaradacaqlar.
Azərbaycan Rəngkarlığı Muzeyində reallaşacaq dərslərdə 16 yaşdan yuxarı hər kəs iştirak edə bilər.
Dərslər zamanı hər bir iştirakçı kətan üzərində akril boyalarla rəsm çəkməklə öz yaradıcılığını üzə çıxaracaq və bədii təxəyyülünü inkişaf etdirmək imkanı əldə edəcək.
Qeydiyyat çərşənbə axşamı və bazar günü saat 11:00-dan 18:00-dək aparılır.
“Ədəbiyyat və incəsənət”
(19.07.2023)
Xətai Sənət Mərkəzində “İdman hamı üçündür” adlı rəsm sərgisi açılacaq
Bakı Şəhər Gənclər və İdman idarəsi, Xətai Rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə 26 iyul- Gənclər və İdman Nazirliyinin yaranması günü münasibətilə, yeniyetmə və gənclər ( 9 - 29 yaş ) arasında rəssamlıq sənətinə marağının artırılması və idmanın gənclər arasında təbliği və təşviqi məqsədilə “İdman hamı üçündür” adlı rəsm sərgisinə əsər qəbulu elan olunub.
Bu barədə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov mediaya məlumat verib.
“Sərgidə iştirak üçün tövsiyə olunan mövzular - idman növləri, idman simaları, idman alətləri, geyim nümunələri və digər bu kimi mövzulardır. Sərgidə iştirak etmək istəyən yeniyetmələr və gənclər iyul ayının 24-dək rəsm əsərlərini Xətai Sənət Mərkəzinə təqdim etməlidirlər.
Sərgi iyulun 25-də Xətai Sənət Mərkəzində təşkil olunacaq”, -deyə o bildirib.
Direktor əlavə edib ki, sərgiyə təqdim olunacaq rəsm işləri ağ, qara və yaxud rəngli ola bilər. Rəsm işinin üstündə müəllifin adı, soyadı, atasının adı, təmsil etdiyi müəssisəsinin adı mütləq qeyd olunmalıdır. Hər bir iştirakçı yalnız bir rəsm işi təqdim edə bilər. Sərgidə iştirak edənlər Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplomla mükafatlandırılacaqlar.
“Ədəbiyyat və incəsənət”
(19.07.2023)
Ah, Kaputaş! - Türkiyənin ən yaxşı çimərliklərinin siyahısı açıqlanıb
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Yəqin ki, çoxunuz yayda Türkiyəyə gedib dincəlməyi arzulayırsınız, bəziləriniz də bu xoşbəxtliyi artıq dadıb. Dəniz sahilində 5 ulduzlu oteldə “hər şey daxil” konsepsiyası ilə dincəlməkdən gözəl nə ola bilər? Amma bəzən daşlı-çınqıllı sahil, bəzən hədsiz dərinlik, bəzən hədsiz dayazlıq, bəzən suda xırda gəmiricilərin olması - axır ki, nələrsə ovqatımıza soöan doğraya bilir. Bəs qardaş ölkənin ən məşhur çimərlikləri hansılardır?
Qeyd edək ki, Egey dənizi, Qara dəniz və Aralıq dənizi ilə əhatə olunan qardaş Türkiyə dünyanın ən gözəl çimərliklərinə sahibdir.
Türk Riverası adlanan Antalya-Alanya, eləcə də Bodrum, İzmir, Çanaqqalada olan çimərliklər xüsusi diqqət cəlb edir və digərilərindən fərqlənir.
Türk Rivierasının mərkəzində yerləşən Antalyada Aspendosdan Myraya, Sidedən Pergeyə qədər çoxlu sayda tarixi məkanlar var. Türk Riverası uzun sahil xətti, firuzəyi suları və sakit körfəzlərə malikdir.
NÖMRƏ BİR
Antalyadakı Kaputaş çimərliyi öz sehri ilə dünyanın ən gözəl 50 çimərliyindən biri kimi tanınır. Türkiyədə isə nömrə birdir.
NÖMRƏ İKİ
Füsunkar çimərliklərindən biri olan Andrea Doria Körfəzi qayalar, makilər və yabanı zeytunlarla əhatə olunub.
NÖMRƏ ÜÇ
Türkiyənin ikinci ən uzun çimərliyi olan Patara çimərliyi də Antalyada yerləşir. Onun uzunluğu 14 kilometrdir. Ziyarətçilər hər il mayın 15-dən sentyabrın 15-dək Patara çimərliyindən növbə ilə istifadə edirlər.
NÖMRƏ DÖRD
Türkiyənin xoşbəxtlik sahili olan Bodrum Türkiyənin ən məşhur tətil yerlərindəndir. Təmiz dənizi, qızılı qumsalı və heyrətamiz sahil xətti ilə bölgə günəş və dəniz həvəskarları üçün mükəmməl istirahət məkanıdır. Bodrumun mərkəzinə ən yaxın çimərliklərdən biri Gümbet Beach-dir.
NÖMRƏ BEŞ, ALTI
Bitez və Göltürkbükü çimərlikləri hər zaman insanla dolu olur. Bu çimərliklərdə su idman növləri ilə məşğul olmaq mümkündür.
NÖMRƏ YEDDİ, SƏKKİZ
İzmir dedikdə ağıla ilk gələn şəhərin ən məşhur turizm məkanı Çeşmədir. İlıca və Alaçatı çimərlikləri gözəl dənizi və qızılı qumsalı ilə Çeşmənin ulduzlarıdır. Sakit və səssiz suyu ilə məşhur olan Alaçatı çimərliyi Çeşmənin mərkəzindən təxminən 13 kilometr məsafədə yerləşir. Çeşmənin ən təmiz çimərliklərindən biri olan Alaçatı çimərliyində Egey günəşi altında günəş vannası qəbul etmək mümkündür.
NÖMRƏ DOQQUZ, ON
Dənizləri bir qədər sakit olan, lakin yaşıl örtüyü ilə valeh edən Çanaqqalanın Assos sahilləri bölgənin məşhur məkanlarındandır. Assos Sokakağzı çimərliyi və hər iki tərəfdən zeytun ağacları ilə əhatə olunmuş Kadırga Körfəzi gözəl istirahət məkanlarındaır.
NÖMRƏ ON BİR, ON İKİ
Ancaq Çanaqqaladan söhbət düşəndə Bozcaada və Gökçeadadan danışmamaq mümkün deyil.
ÖN ÜÇ, ON DÖRD
Adalardakı Ayazma və Aydıncık çimərliyi gözəl qumu ilə ziyarətçilərin diqqətini cəlb edir.
ON BEŞ
Və sıranı Bələyin lacivərd qumlu, mavi bayraqlı çimərlikləri tamamlayır.
“Ədəbiyyat və incəsənət”
(19.07.2023)
Güneydən səslər: “Ayağımızın altında doğum çarpayısı… “ - Zaman Paşazadə
“Ədəbiyyat və incəsənət” portalında dərc edilən Güney Azərbaycan ədiblərinin ən yaxşı nümunələrini diqqətinizə çatdırmaqdayıq.
Portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağlanln təqdimatında bu həftə Zaman Paşazadə öz şeirləri ilə hüzurunuzdadır.
O, bu dəfə “ssenari -şeir” təqdim edəcək.
SSENARİŞEİR
DOĞUM (2)
İçəri – gecə - doğum evi
Işıq izinsiz cumur gözlərimizə
Yenicə göz açmış kameradan zillənirik divardakı saata
Saat iyirmi dördü tələsir…
İçəri – gündüz – doğum evi
Çeşidli açıdan üzümüzə zillənir kameralar
Yaxınlaşdıqca dodaqları yekəlir
Öpülürük
Öyülürük
Öööö
Burnumuzdan gəlir ana südümüz
Zaman ağzımızın ağuz zamanı.
Mavi boyalı istamp güpsənir ayağımızın altına
Qaçarsaq, mavi, mavi, mavi qaçacağıq ağ döşəmələrin üzərində
Qaçarsaq, doğum evinin kameraları arxamızca qaçacaq…
Yoxlanılır təməl hüceyrələrimiz
Yoxlanılır sağlamlığımız
Yoxlanılır sağmallığımız
Yoxlanılır varlıq.
Içəri – gecə - ev
Zillənirik divardakı saata
Ağ bir pişikdir ağzını açmış bullayır sarğacını
Hipnoz edir gözlərimizi gedib-gələn quyruğu
Saat iyirmi dördü…
Geri, geri, geriyə dönür film
Kameralar itir dumanda.
Zamansız – içəri – iç
Cənində bir budda heykəliyik
Boynumuz da göbək bağından bir boyunbağı
Ayağımızın altında doğum çarpayısı…
“Ədəbiyyat və incəsənət”
(19.07.2023)
İspaniyada vulkan kraterində elit restoran var
İnanılmaz! İspaniyanın sonuncu dəfə 1824-cü ildə püskürən İlario vulkanı ərazisində inanılmaz bir iş ərsəyə gətirilib.
Və vulkanın zirvəsində, kraterin üstündə 1969-cu ildə unikal üslublu “El Diablo” restoranı inşa edilib. Biz indi eşidib təəccüblənirik. Bu il restoran ən nümunəvi və keyfiyyətli xidmətinə görə 3 kulinariya ulduzuna lyiq görülüb.
Bacarıqlı aşpazlar vulkanik kraterin üzərində bir-birindən ləziz yeməklər bişirirlər. Orijinal restoran qril yeməkləri sevən və qeyri-adi yerlərdə istirahət edən qonaqları valeh edir.
Restoranın qonaqlarına panoramik pəncərələri olan böyük zalda peşəkar personal tərəfindən keyfiyyətli xidmət göstərilir. Dağın zirvəsindəki masada ətrafın möhtəşəm panoramasından həzz almamaq mümkün deyil. Bütün qonaqlar yeməklərin hazırlanma prosesini izləyə, həmçinin orijinal fotoşəkillər çəkə bilərlər.
Bu qeyri-adi restoranın layihə müəllifi tanınmış dizayner Sezar Manrikdir. Restoranı ziyarətçilər üçün mümkün qədər rahat mühitə çevirmək üçün bazalt bünövrənin köməyi ilə vulkandan gələn istinin qarşısı alınır. Unikal restoranda heç bir əlavə elektrik və ya istilik təchizatı tələb olunmur. Hətta vulkanik istilik aşpazlar tərəfindən yeməklərin hazırlanmasında da istifadə olunur.
Bircə, ehtiyatlanmaq olar ki, vulkan yenidən püskürər. Restoran sahibi zəmanət verir ki, püskürən deyil. Amma zəmanət
allahdan olar, bəndədən yox.
“Ədəbiyyat və incəsənət”
(19.07.2023)
Avtobusda yaşlı qadınla gəncin mübahisəsi
BİZ HARDAN GƏLİB HARA GEDİRİK?
“Ədəbiyyat və incəsənət” portalı Kubra Quliyevanın yeni essesini təqdim edir.
Ağır yazacağam bu gün..
Dərdli yazacağam, göz yaşlarıma hakim olmadan, içimdəki qəzəbi, təəssüf hissini boğa bilmədən yazacağam bu gün.
Bizim millət.
İstər tənqidi, istər də tərifi mövqedən yanaşıb millət anlayışını ümumiləşdirməkdən xoşum gəlmir, ümumiləşdirmədən, bir qrup avam kütləyə xitabən yazıram sətirlərimi.
Deməli, ömründə bir dəfə Azərbaycan tarixini köklü araşdırmayanlar, Qafqaz mövqeyi, Turan ölkəsi bilməyənlər və canından can getməyənlər...
Həmişəki kimi “Azadlıq” metrosundan qayıdan avtobuslardan birinə mindim. Qabağımda 50-55 yaşlı iki xanım oturub başlarının üstündə də, bir neçə yaşlı kişi var. Başlayıblar söhbətə ki, kaş rus udardı müharibədə Ukraynanı, sonra gəlib bizi tutardı, qayıdardıq sovetin dövrünə, dolanardıq yağ-bal içində.
Sakitcə qulaq asırdım ki, görüm bunların axırı hara gedəcək, birdən qabağımdakı xala dillənəsən ki, cəhənnəm, bizdən 5-10 dənəsi qırılar, ancaq bilərik ki, gələcəyimiz xoş olacaq, dolanışığımız düzələcək.
Ağzımı açmaq istəyirdim ki, söz deyim, başımın üstündə duran gənc başladı danışmağa, bir d avtobusdan düşəndə susdu.
-Salam, bayaqdan sizə qulaq asıram və söhbətlərinizin müəyyən hissəsində sizə haqq qazandırırdım ki ,cavanlıqda gördüyünüz şirin günlər sizi aldadıb. Amma yanılmışam, sizin ermənidən fərqiniz yox imiş, elə sizin sözlərinizi başları ilə təsdiqləyən bu ağsaqqalların da. Əvvəla deyirsiz ki, Rusiya kaş tutardı Ukraynanı.Gəlin dini mövqedən baxaq, xristian xristiana qarşı genosid törədir... Siz indi deyərsiz ki, genosid nə olan şeydir?
(Xanımın mimikalarından sezilirdi ki,elə sualı ağzında qalıb)
Gəncsə davam etdi:
-Genosid, yəni-soyqırım, bir xalqın soy kökünün qurudulması yolunda ağıla gələn ən murdar hərəkətlərin edilməsi, eynilə, Xocalı faciəsi, Urmi bəlası, Bərdə, Gəncə, Əfqanıstan, Qırğızıstan terror aktları kimi. Xristian xristianı gözünü qırpmadan qıracaq, amma gəlib müsəlman ölkəsində deyəcək: "Hə, sülhməramlılarımız qoy buranı qorusun"? Ya da, erməninin qulağını çəkib sizi əl üstündə tutacaq? Sovetə qayıdıb yağ bal içindı dolanmaq istəyirsiniz düzdürmü?
(Qadın başı ilə təsdiqləyir)
Gənc davam edir:
-Düşün ki, sizin həyat yoldaşınız milyonçudur, amma o, sizi zorladığı üçün evlənib və sizi doğma ailənizdən uzaqlaşıdırıb özü ilə saxlayır. Xoşbəxt ola bilərsiz? Nə olsun ki, zorlanmışdız, milyonçu tərəfindən zorlanmısınız da.
Gəncin bu danışığına qadın gözlərini hədəqəsindən çıxaracaqmışcasına bərəltdi.
Şüvənlik edib gəncə cavab qaytarmaq istəyən zaman yandakı kişilərdən biri xanımı qorumaq üçün özünü sözün ortasına soxub: "A bala, bu nə danışıqlardı, sənin başın deyəsən xarab olub,yekə kişisən, atan sənə kişilik öyrətməyib"? -dedi.
Kişiyə məhəl qoymayan gənc sözlərinə davam etdi: "Təbii ki, istəməzsiniz. Axı bunu heç kim istəməz, axı heç kim ləyaqətini pula satmaq istəməz, axı heç kim keçmişini silib haradan gəldiyini, kim olduğunu unudub başqasına, yəni, başqa xalqa yamaq olmaq istəməz. Axı vaxtında dövləti quran o kişilər bayrağı, himni, gerbi bizə ərmağan etsinlər deyə milyon əzablardan keçib. Axı Rəsulzadə müstəqilliyi elan etmək üçün 4 ay Fransada gözləyib, axı Mehdi Hüseynzadə partizan fəaliyyətini xalqın müstəqilliyi üçün dayandırmayıb, sonda da, şəhid olub, axı Mikayıl Müşfiq şeirləri ilə susan vicdanların ayaq səsi olduğu üçün ömrünün baharında represiyaya məruz qalıb. Axı Çingiz o lentləri ağlaya-ağlaya çəkirdi ki, biz öz yaralarımızı unutmayaq. Axı Mübariz də, Polad da, Xudayar da, Təhmasib, Səbuhi, Elvin də, hətta 2003-2004 təvəllüdlü uşaqlar da Vətən üçün heçə saymışdılar canlarını.Əhməd Cavad işgənclər görəndə xanımı sürgündə ondan da betər zülmlər çəkib axı, özü də nə az, nə çox, düz 8 il. O kişi himndə deyir ki, Hüququndan keçən əsgər hərə bir qəhraman oldu. Sən olasan gülüstan Azərbaycan,Azərbaycan. Sizsə burda deyirsiz, cəhənnəm, bizdən 5-10 dənəsi qırılar. Şəhidi təhqir edirsiniz, müqəddəsliyi tələf olan sürü ilə qarışdırmısınız deyəsən. Çünki ağzınız isti yerdədir. Çünki sizin oğlunuz, ya da yaxınlarınızdan biri şəhid olmayıb, çünki siz mənim kimi anamı qardaşımın şəhid qərbinin üstündə ağı deyə-deyə nişan konfeti paylayan yerdə görməmisiniz, çünki sizin ağlınıza belə gəlməyib ki, sizin nəvəniz nə vaxtsa əmisinin adını daşıyacaq, siz şəhid balasının heç bir hədiyyə və qayğı ilə ata həsrətini dindirə bilməzsiniz. Siz müharibə istəyirsiniz. Bu da az deyilmiş kimi, əsir düşməyimizi istəyirsiniz. Mart soyqırımı, yanvar hadisələri, Xocalı, Fizuli, Şuşa, Laçın, Ağdam işğalları, aprel hadisələri az imiş kimi sentyabr da gəlişi ilə ürəklərə qubar saldı, evlərə od qoyduğu halda siz unudursuz keçmişi. Siz rus dilində danışanı alicənab edib istər Türkiyə türkü, istər avropalı, istər digər asiyalılarla öz torpaqlarımızda onların dili ilə yox, məhz öz dilimizdə danışanları qınayıb qıjı deyirsiniz. Siz xalqı məhvə sürüküləyən kor kütlə, sizin sözlərinizə haqq qazandıranlar qeyrətdən, namusdan, kişilikdən danışıb camaatın balalarını göz görə-görə oda atanlar və əlbət sizlər - Şəhid ruhlarını incidənlərisiz"!
Gəncin sözləri özü daxil hamımızın gözünü doldurmuşdu. Amma danışdıqları həqiqət idi.
Bayaq o sözləri deyən qadın göz yaşlarına hakim ola bilməyib oğlanın boynuna sarıldı. Gəncin gözlərinin içinə baxmaqdan, o gözlərdəki kədəri görməkdən xəcalət çəkdiyindən başını aşağı salıb asta səslə üzrxahlıq etdi.
İki dayanacaq sonra oğlan avtobusdan ensə də, mənim dayanacağım sonuncu olduğu üçün avtobusu aramsız müşahidə etdim və insanların üzünə aydınlanan həqiqət işığının ölü sükutunu bütün yol boyu rahatca sezə bilirdim.
Bizlər müharibənin dəhşətlərini kadrlardan izləyib ağlamaqdan və dua etməkdən başqa bir şey edə bilmirik. O kişilər isə ailələrinin dualarına sığınıb, vətən üçün irəlidə, ən irəlidə vuruşurlar. Onlar Vətənə sahib çıxmaq üçün balalarının qoxusuna doymadan cənnətdə müşk qoxusunu doyacaq olanlardır. Onlar analarını gözü yaşlı, atalarını beli bükük qoyub ölümə dimdik yeriyən igidlərdir.
Qaraqanın bir sözü var idi, deyirdi ki, həqiqətən müharibə olsa varlılar kasıb, kasıblar şəhid olacaq.
Amma söz özünü doğrultmadı.
Kasıblar bütün varlıqları ilə şəhid oldular, varlılar isə....
Nə qədər ki, cəhalət hökm sürəcək, sovet psixologiyası bizimkilərin canından çıxmayacaq, bizlər müstəqillik uğrunda can verənləri də unudub azad qullar olaraq çox yaşayacağıq..
Yuxu...
“Ədəbiyyat və incəsənət”
(19.07.2023)
Mədəniyyət Nazirliyindən kinonun inkişafı üçün daha bir addım atılıb
Azərbaycan Respublikasının Kino Agentliyi film layihələri müsabiqəsi elan edib
Mədəniyyət Nazirliyinin tabeliyində olan “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi (ARKA) film layihələri müsabiqəsi elan edib.
“Ədəbiyyat və incəsənət” portalı Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, müsabiqə dövlət tərəfindən kino sahəsinin inkişafının dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsi məqsədilə təşkil olunur.
İyulun 17-də Mədəniyyət Nazirliyində kino ictimaiyyəti nümayəndələrinin iştirakı ilə müsabiqəyə həsr olunan təqdimat tədbiri keçirilib.
Bildirilib ki, müsabiqədə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və kinematoqrafiya sahəsində fəaliyyət göstərən müstəqil prodüser mərkəzləri və digər hüquqi şəxslərin istehsal etdiyi film layihələri iştirak edə bilər. Müsabiqəyə bir neçə hüquqi şəxsin birgə qatılması da mümkündür.
Müsabiqəyə təqdim edilmiş film layihələrində 5 əsas müəllifdən (quruluşçu rejissor, ssenari müəllifi, quruluşçu operator (təsvir rejissoru), quruluşçu rəssam, bəstəkar) azı üçü Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan şəxslər olmalıdır.
Müsabiqənin ümumi fondu 5 milyon 500 min manat təşkil edir və layihələr dörd istiqamət üzrə qəbul olunacaq: dövlət sifarişi ilə istehsal olunacaq filmlər; kommersiya filmləri; müəllif filmləri; debüt və tələbə filmləri.
Dövlət sifarişi ilə istehsal olunacaq film (tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya filmləri) layihələri üçün 2 milyon manat nəzərdə tutulub. Kommersiya filmləri (tammetrajlı bədii, sənədli və animasiya filmləri) layihələri üçün 1 milyon 250 min manat, müəllif filmləri (tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya filmləri) layihələri üçün 1 milyon 250 min manat ayrılacaq. Debüt (tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya filmləri) və tələbə (yalnız qısametrajlı filmlər) layihələri üçün isə 1 milyon manat nəzərdə tutulub.
Müsabiqənin 1-ci mərhələsi cari ilin 18 iyul – 15 sentyabr tarixlərini əhatə edir və bu mərhələdə ARKA tərəfindən layihələrin qəbulu həyata keçirilir. 2-ci mərhələdə (1 sentyabr – 15 oktyabr) Seçim Komissiyası tərəfindən ilkin qiymətləndirmə və bədii seçim həyata keçiriləcək. Müsabiqənin 3-cü mərhələsində (21-22 oktyabr) Seçim Komissiyası və Ekspert Şurası qarşısında layihələrin iştirakçılar tərəfindən müdafiəsi (pitçinq) olacaq. Pitçinq mərhələsini uğurla başa vurmuş layihələr qalib hesab ediləcək və həmin layihələri təqdim etmiş iştirakçılarla müqavilə bağlanacaq.
Müsabiqənin şərtləri və layihələrin təqdim olunması ilə bağlı tələblər barədə daha ətraflı ARKA-nın rəsmi saytında (https://arka.culture.az) məlumat əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(19.07.2023)
Qırğızıstandakı Beynəlxalq qısametrajlı film festivalında təmsil olunacağıq
Qırğızıstanın paytaxtı Bişkek şəhərindəki “Manas” kinoteatrında iyulun 18-dən 22-dək MDB, Baltikyanı ölkələr və Gürcüstanın iştirakı ilə Beynəlxalq qısametrajlı film festivalı keçiriləcək.
AzərTAC qırğız KİV-ə istinadla xəbər verir ki, festivalda Azərbaycanı rejissor İqor Smolanın “Dağıntı” filmi təmsil edəcək. Bu ekran əsərində baş rolları Vüsalə Ağayeva, Vüqar Arıqlar və Rahib Məmmədzadə ifa ediblər.
Builki festival Çingiz Aytmatovun anadan olmasının 95 illiyinə həsr olunacaq. Beynəlxalq festivalda, həmçinin Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan, Belarus və Rusiyadan olan kinorejissorlar iştirak edəcəklər. Ümumilikdə, xarici və qırğız kinematoqrafçılarından 600-dən artıq müraciət daxil olub.
Filmlərin nümayişi MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun (BMHK), Qırğız Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi yanında Kinematoqrafiya Departamentinin, “Aytış” ictimai fondunun və “Mədəni Əməkdaşlıq Fondu”nun dəstəyi ilə keçiriləcək.
Qeyd edək ki, kinofestival MDB, Baltikyanı ölkələr və Gürcüstan arasında mədəni dialoqun inkişaf etdirilməsi, özünəməxsusluğunun qorunub saxlanılması və ənənəvi mədəni dəyərlərin inkişafı məqsədilə 2011-ci ildə təsis edilib.
“Ədəbiyyat və incəsənət”
(19.07.2023)
Dünyanın turizm düzəni dəyişmək üzrədir
Adətən yayda Avropada turizm məkkəsi cənub, xüsusən Fransanın Kəhraba sahili, İspaniyanın adaları hesab edilir. Amma bu il bir fərqlilik duyulmaqdadır.
Avropanın cənubunda orta yay temperaturunun kəskin artması səyahətçiləri daha soyuq tətil yerlərini seçməyə, yaxud yaz və ya payız mövsümündə səyahət etməyə sövq edə bilər. Avropa Turizm Komissiyasının (ETC) məlumatları göstərir ki, iyun-noyabr ayları arasında Aralıq dənizi regionuna səyahət etmək istəyənlərin sayı ötən illə müqayisədə artıq 10 faiz azalıb.
AzərTAC Reuters agentliyinə istinadla xəbər verir ki, eyni zamanda, Çexiya, Danimarka, İrlandiya və Bolqarıstan kimi istiqamətlərə də maraq artır. ETC-nin rəhbəri Migel Sanz bildirib: "Biz gözlənilməz hava şəraitinin gələcəkdə Avropada səyahət edənlərin seçiminə daha çox təsir edəcəyini gözləyirik".
Şirkətin hesabatına görə, səyahət edənlərin 7,6 faizi hazırda iyun-noyabr ayları arasında ekstremal hava şəraitini əsas səyahət problemi hesab edir. Onların arasında havanın temperaturu 35 dərəcə Selsiyə çatanda İtaliyada sevimli istirahət yerindən planlaşdırılandan bir həftə əvvəl evə qayıdan norveçli Anita Elşoy da var: "Mənim şiddətli baş ağrım var idi, ayaqlarım və barmaqlarım şişirdi, başım getdikcə daha çox fırlanırdı. İki həftə orada olmalıydıq, amma istidən qala bilmədik".
Eyni zamanda, turizm şirkətləri iddia edirlər ki, həddindən artıq istilər səbəbindən hələ də çox sayda səfərin ləğvi müşahidə olunmur. Britaniyanın ABTA turizm agentliyi qrupundan Şon Tiptonun dediyinə görə, britaniyalılar koronavirus pandemiyası səbəbindən iki illik karantin rejiminin yerini doldurmaq məqsədilə hələ də evdə daha az, Aralıq dənizində isə çox vaxt keçirir, aylar öncədən çox tətil sifariş edirlər.
Bununla belə, ekspertlər qeyd edirlər ki, isti dalğalar daha da yorucu olunca, tezliklə şərait dəyişə bilər. Meteoroloqlar bu həftə havanın temperaturunun hazırkı Avropa rekordunu (48,8 dərəcə Selsi) keçə biləcəyini proqnozlaşdırır.
ETC-nin rəhbəri Miguel Sanz əlavə edib: "Bizim son araşdırmamız göstərir ki, avqustda - pik ayda səyahətə maraq göstərən insanların sayı azalıb, eyni zamanda daha çox avropalı payız səyahətini düşünür". Onun sözlərini turistlərin özləri də təsdiqləyir. Reuters ilə söhbətdə Romada istirahət edənlər iyul ayında yenidən oraya səyahət sifariş etməzdən əvvəl iki dəfə düşünəcəklərini söyləyiblər, çünki tətil zamanı etdikləri yeganə “əyləncə” kifayət qədər su içmək, sərin qalmaq və kondisionerli yerlər axtarmaq idi.
Eyni zamanda, iqtisadiyyatı yay turizmi mövsümündən çox asılı olan İtaliyanın hakimiyyət orqanları turistlərin sayında mümkün azalma ilə bağlı həyəcan təbili çalır. Bundan əvvəl İtaliyanın Ətraf Mühit Nazirliyi xəbərdarlıq etmişdi ki, əcnəbi turistlər gələcəkdə yaz və payız aylarında daha çox səyahət edəcək və daha sərin istiqamətlər seçəcəklər.
Bununla yanaşı, bəzi ölkələr bu tendensiyanın turist axınının azalmasına deyil, sadəcə olaraq yenidən bölüşdürülməsinə gətirib çıxaracağına ümid edirlər. Beləliklə, Yunanıstanın Ətraf Mühit Nazirliyinin fikrincə, qış, yaz və payız aylarında səfərlərin sayının artması, əksinə, yayda yerli kurortlarda sıxlıq problemini yüngülləşdirə və potensial yay azalmasını kompensasiya edə bilər. Yunanıstan hakimiyyəti turistləri qorumaq üçün cümə günü günün ən isti vaxtında Afinadakı qədim Akropolu bağlayıb.
Bu arada, İspaniya artıq turist seçimlərində dəyişikliyi görür. “Exceltur” milli turizm assosiasiyasının hesabatına görə, ölkənin şimalındakı sahilyanı ərazilərdə və yay temperaturunun daha sərin olduğu adalarda tələbatın güclü olacağı gözlənilir.
Mütəxəssislər bu yay cəhənnəm istisindən qorunmaq üçün ən yaxşı Avropa ölkələrinin İrlandiya və dörd Skandinaviya ölkəsi olduğunu bildirirlər.
“Ədəbiyyat və incəsənət”
(18.07.2023)
Kolumbiyada “World Poetry Movement”in ilk beynəlxalq konqresi keçirildi
AZƏRBAYCANI BU MÖHTƏŞƏM TƏDBİRDƏ NİGAR HƏSƏNZADƏ TƏMSİL EDİRDİ
Kolumbiyada, Medellin şəhərində 1-15 iyul tarixlərində Dünya Poeziya Hərəkatının (“World Poetry Movement”) ilk beynəlxalq konqresi və həmçinin dünyanın ən məşhur Poeziya festivalı olan Medellin Festivalı keçirilib. Dünya Poeziya Hərəkatının konqresində və Medellin festivalında Azərbaycanı "SÖZ" və "İGİDLƏRİN SÖZÜ" layihələrinin qurucusu, tanınmış şairimiz Nigar Həsənzadə təmsil edib. Xatırladaq ki, Dünya Poeziya Hərəkatının İdarə Heyətinin qərarı ilə Nigar Həsənzadə Azərbaycanda Dünya Poeziya Hərəkatının nümayəndəsi təyin olunub.
“Ədəbiyyat və incəsənət” portalı Kolumbiyadan qayıtdıqdan dərhal sonra Nigar Həsənzadə ilə əlaqə yaradaraq ondan bu böyük dünya ədəbiyyatı forumu barədə bilgilər alıb.
Ölkəmizin bu konqresdə və dünyanın ən böyük şeir festivalında iştirakı, Azərbaycanımız və dünya ədəbiyyatı üçün böyük əhəmiyyət kəsb etməkdədir. 2006-cı ildə alternativ Nobel mükafatını qazanmış və çətinliklərlə dolu 30 illik tarixi ilə tanınan Medellin festivalı dünyanın müxtəlif bölgələrində yüz minlərlə insanı şeirə, sözə və azadlığa olan sevgi ilə birləşdirib. Və bu il ilk dəfə olaraq Medellin festivalı öz səhnəsindən Azərbaycan dilinin melodiyasını eşidib.
Nigar Həsənzadə deyir: “Festivaldakı çıxışlarımda sözlərimi necə diqqətlə və nəşə ilə dinləyən böyük bir auditoriyanın hisslərini təsvir etmək mümkün deyil... Tərcümələrin dinləyicilərə bu qədər dərin nüfuz etdiyini heç vaxt görməmişdim. Yalnız tərcümələr sayəsində yaradıcılığımla tanış olan insanların göz yaşlarını və inilti səslərini eşitdim, bu an gəlişimin və iştirakımın bütün əhəmiyyətini anlamaq üçün kifayət qədər idi...".
Şairimizin Kolumbiyaya bu uğurlu səfəri Azərbaycan Xarici İşlər Nazirliyi və Meksikadakı Azərbaycan Səfirliyinin dəstəyi ilə həyata keçirilmişdir. Medellin Festivalında iştirakını Nigar Həsənzadə Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi, ədəbiyyatın böyük dostu Heydər Əliyevə həsr etmişdir.
Nigar Həsənzadə söyləyir:
"Dünya Poeziya Hərəkatının ilk konqresində öz ölkəmi təmsil etmək böyük bir şərəf və sevincdir. Səfərimi və çıxışlarımı Ulu Öndərimizin xatirəsinə həsr etdim və bu şərəf və imkan üçün ölkənin Xarici İşlər Nazirliyinə və Meksika Səfirliyinə dərin təşəkkürümü ifadə edirəm. İnsan öz vətənini yalnız sözlə deyil, əməlləri ilə sevməlidir."
Festivalda 60 ölkədən 104 şair iştirak edirdi. Festivalın iştirakçıları və konqresin nümayəndələri arasında tanınmış şairlər: Türkiyədən Ataol Behramoğlu, Nurduran Duman, Kolombiyadan Fernando Rendon, ABŞ-dan Carolyn Forché, Belçikadan Sylvie Marie, Portuqaliyadan Luis Felipe Sarmiento, Pakistandan Imdad Aakash, İtaliyadan Anna Lombardo, Kubadan Alex Pausides və başqaları var idi.
Qardaş Türkiyənin Dünya Poeziya Hərəkatında koordinatoru Nurduran Dumanın çıxışına xüsusi diqqət çəkmək istərdik. Məşhur şair və ictimai fəal Nurduran Duman çıxışında dünya poeziyası üçün türk ədəbi irsinin əhəmiyyətini qeyd etdi və türk ədəbiyyatının dünya ədəbiyyat elitasının nümayəndələri ilə əməkdaşlığa hazır olduğunu nümayiş etdirdi.
Digər çıxışçılar da poeziyanın bu təntənəsini dünyanı mənəvi deqradasiya yolundan saxlayan bir çağırış olacağına ümidvar olduqlarını bəyan etdilər.
Nigar Həsənzadə söyləyir:
“Dünyanın ən müxtəlif xalqlarını, dinlərini, irqlərini təmsil edən şairləri bircə məfhum – əlahəzrət SÖZ biləşdirirdi. Bəşəriyyətin gələcəyi təkcə siyasətçilərdən və təbii resurslardan asılı deyil, həm də maarifçilik sükanını əlində tutanlardan, mənəviyyat xəzinəsinə sahiblik edənlərdən asılıdır.
Festivaldan ayrılmaq çətin idi. Amma əsas odur ki, bu ayrılıq formal ayrılıqdır. Şairlər arasında canlı körpülər yarandı. Düşünürəm ki, bu körpülər əbədi olacaq.”
“Ədəbiyyat və incəsənət”
(17.07.2023)