Super User

Super User

Cümə axşamı, 05 Yanvar 2023 09:15

Prezident Salxab Məmmədovu təltif edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəssam Salxab İsa oğlu Məmmədovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

 

Salxab Məmmədov Azərbaycan rəssamlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib. 

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

“Ədəbiyyat və incəsənət” portalı doğum günü münasibətilə Aysel Əlizadənin şeirlərini təqdim edir

 

 

Yalqızlıq kimi

 

Mən səni bir rəsm çərçivəni sevən kimi sevirəm

Olarsa nə gözəl, olmazsa eybi yox...

Gözəlliyimdən heç nə almaz olmayışın

Heç nə aparmaz məndən gedişin

Çünki mən səni

yorğun bir axşam

bir badə şərab kimi sevirəm.

Olarsa nə gözəl, olmazsa eybi yox

Ölümə hələ var,

Yaşanmalı an hələ çox.

Mən səni yaşanmalı anlardan

biri kimi sevirəm.

Olarsa nə gözəl, olmazsa eybi yox.

Yalqızlığa çarə çoxdu

Gəlmişkən bir şeir oxu

Ya da

gəlmişkən şeir oxuma.

Mən səni

şeirsiz görüşlərdən biri kimi sevirəm.

Hər gələn özüylə şeir gətirməz,

Hərənin öz gəlişi var.

Mən səni

Özüylə özünü gətirən biri kimi sevirəm

Gətir mənə hər yanını

Mənə yalqızlığını gətir.

Məni yalqızlıq qorxutmaz.

Səni yalqızlıq kimi sevirəm...

nə çərçivəsiz

nə şərabsız

nə şeirsiz yaşaya bilirəm

Mən səni...

 

 

Qızın həyatı

 

Bir qız vardı

Üzünü dünyanın boşluğuna tutub

Atalı-analı yetimliyə yaslanıb,

ən yaxın dostlara qısılıb ağlardı.

Bir qız vardı

Məni niyə doğdun soruşardı anasından.

Anasının qatili olacağından qorxardım.

Nəyin dərdini çəkdiyini bilməzdim.

yerbəyer etməyə uşağı yox idi,

Qulluq etməyə əri.

Ocaq başında ömrü çürümürdü

Ancaq nə sirr idisə

Azadlığının qədrini bilmirdi.

Tanrıya hücum çəkirdi:

Məni niyə yaratdın?

Bir qız vardı

Dualarını anlamazdın.

Bilməzdin istəyini.

Siyasətdən danışsan susar,

xoşbəxtlikdən danışsan qorxar,

dindən danışsan coşar,

insandan danışsan deyinərdi.

Dadını çıxar özgürlüyün deyərdim.

Razılaşar, etməzdi.

Bir qız vardı.

Yaşamağı bilməzdi.

Tez-tez necə yaşayırlar soruşardı.

Eyni cavabı verərdim:

Olmayançün üzülüncə, olanı yaşa öncə.

Uzaqlara yol gedincə çatır insan.

Ön cığırı keçməyincə yenisinə çıxa bilərsənmi?

Susar, bəlkə eşitməzdi.

Bir qız vardı.

Xəyallarda uçdu, uçdu.

Yerə enib yerimədi.

 

 

Sən

 

Sən elə gəldin

elə bil bütün gedənlər sənsən.

Hamının yerinə peşman gəldin.

Bir də Sən

Məni də

hardansa tapıb gətirdin.

Belə gəldin

başqa cür...

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

Cümə axşamı, 05 Yanvar 2023 13:00

Ay işığının seli

Elman Eldaroğlu yazır

 

Deyir ki,- “Qismət adlı bir məfhum var, mən ona ürəkdən inanıram. Bəzən çox istədiyin bir şeyin arxasınca qaçırsan, qazanmaq üçün əlindən gələni edirsən. Ancaq nə qədər çalışsan da, istəsən də, alınmır. O zaman inad etməməli, hər şeyi olduğu kimi qəbul etməli insan. Çünki həyatın səninlə bağlı başqa planları var. Deməli, o, sənin qismətin deyil, taleyinə yazılmayıb. Həyat onu olduğu kimi qəbul etdiyiniz zaman tam sizin olacaq.”

 

İstedadın da üç növü var:- passiv, orta və parlaq. Haqqında söhbət açmaq istədiyim Aysel Əlizadə üçüncülərdəndir. İctimai fəaliyyətini, eləcə də yaradıcılığını izlədikcə buna şahid olmuşam…

“18 yaşım var idi. Elə qəribə qız idim ki, necə deyərlər, divara dırmaşırdım. Böyük arzuları olan, məktəbdə çox aktiv bir qız, təşkilatçı... Bayramları, tədbirləri özüm keçirirdim, tək başına. Fabriklərin bağlanma vaxtı idi. Sevil xala vardı, karamel fabrikində işləyirdi. O da işsiz qalmışdı. Mənə elə həyəcanla danışdı ki, ürəyim ağrıdı. Getdim karamel fabrikinə. Sonra da yazı yazdım. Zahid Səfəroğlu sağ olsun, mənə kömək elədi, çap elədi yazını. Onda “Yeni Müsavat”ın gurultulu vaxtları idi. Sonra Space TV-yə getdim. Orda staj keçdim. Televiziyada “Yeni Müsavat”da çap olunduğumu deyəndə çaşdılar. Xəbərlərdə çalışırdım. PKK-nın terror xəbərlərini ilk dəfə mən Azərbaycan türkcəsində çatdırmışdım. PKK işinə mən baxırdım. Sonra da ABA televiziyasına getdim. Efir üçün yazdıqlarımı çap etməyə başladım. Birinci yazım Azad Mirzəcanzadə haqqında idi. Çox yaxşı qarşılanmışdı. Şeir yazmağım da belə oldu. Ədəbi verilişlər hazırlayırdım. Bir dəfə Anar müəllimə dedim ki, şeir yazıram. Şeirlərimi göstərdim, çox bəyəndi. Dedi, mən yazıçıyam, şair deyiləm, ola bilsin, obyektiv fikir demərəm, ən yaxşısı sən Fikrət Qocaya göstər şeirlərini. Fikrət müəllimə göstərdim, o da çox böyük ruh verdi mənə. Az şeir yazdığımı dedim ona. Fikrət Qoca dedi ki, nə olsun, Natəvan da az yazıb. Məni elə şişirtdi ki... Ağız da büzə bilərdi, amma əksinə, böyük mənəvi ruh verdi mənə.”- söyləyir.

Çox ağıllı, iti zəkalı, dərin düşüncəli xanımdır. Özü dediyi kimi, Aysel adının mənası “Ay işığının seli, ay seli” deməkdir. Və bu coşqu onun həyatında da özünü biruzə verir. Bir də deyir ki:- “Sevincini uca səslə bölüşə bilmirsənsə, demək azad deyilsən!..”

Həyat düsturu- azadlıq üstəgəl(+) azadlıq çıx(-) azadlıq böl (:) azadlıq vur(x) azadlıq olan bu xanım haqqında geniş danışıb vaxtınızı almaq istəmirəm. Çünki ölkədə kifayət qədər tanınır, sosial platformalarda barəsində istənilən qədər məlumat var. Məqsədimiz, onu ad günü münasibəti ilə təbrik etməkdir. 

Arzuları çin olsun!

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

Azərbaycan Animasiya Assosiasiyasının (AAA) saytı - www.anima.az fəaliyyətə başlayıb. Bu barədə AAA-nın yaydığı məlumatda deyilir.  

 

Əsas məqsədi Azərbaycan animasiya kinosunun inkişafına yardım etmək olan AAA bundan sonra öz fəaliyyətində saytın təbliğat mexanizmindən də yararlanacaq. 

Bu məqsədlə assosiasiya müntəzəm olaraq yerli və beynəlxalq layihələr, festivallar, tədris proqramları, konfranslar və digər ictimai tədbirlər həyata keçirir.

Təşkilat, həmçinin animasiya vasitəsilə uşaqlarda, yeniyetmələrdə və böyüklərdə kreativliliyi təşviq etmək, animasiya studiyalarına, animasiya peşəkarlarına və həvəskarlara dəstək olmaq, milli animasiya maraqlarını müdafiə etmək və milli animasiyanı Azərbaycanda və xaricdə təbliğ etməyi qarşısına hədəf qoyub. 

Sayt iki - Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

Cümə axşamı, 05 Yanvar 2023 12:30

LitRes ilin ən yaxşı kitablarını elan etdi

O cümlədən Azərbaycanda da nümayəndəliyini açmış dünyanın ən böyük onlayn kitab platformalarından biri - LitRes 2022-ci ilin ən çox tələb olunan kitablarının siyahısını açıqlayıb. Siyahı hər birində 5 kitab olmaqla, üç aylıq dövrü əhatə etməklə 4 dəfəyə açıqlanıb. 

Bu gün sizə Yanvar-mart aylarının ən çox tələb olunan kitabları beşliklərini təqdim edirik. 

 

Yanvar ayı 

 

Liya Atden “Qüsursuz Ay”

Dem Mixaylov “İnfer 5”

Bi Kiland “Sevgisiz intim”

Cenifer Cordan, Layza Rodman “Dayə: Mənə seriya qatili tərbiyə verib”

Tara Şuster “Özünə bu zanbaqlardan al” 

 

Fevral ayı

 

İzabella Maldonado “Şifr”

Endi Veyer “Ave Mariya layihəsi”

Karin Sloter “Yaxşı qız”

Olqa Primaçenko “Səninlə mən evdəyəm”

Andrey Kurpatov “Düşüncə maşını”

 

Mart ayı

 

Badim Panov “Naməlumluq triosu”

Yerofey Trofimov “Tənha”

Mariya Kistyayeva “Mənimsəmə”

Pavel Basinski “Anna Kareninanın olmuş əhvalatı”

Nika Nabokova “Tənhalıqdan vaksin”

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. 

 

 

GETMƏYƏYDİN KAŞ SƏHNƏDƏN

 

 Böyük rejissor, SSRİ Xalq artisti Mehdi Məmmədovun “Azərbaycan qadınının səhnəyə gəlişi qəhrəmanlıq dastanıdır” sözlərini aktrisalarımızdan ən çox, yəqin ki,  Xalq artisti Zəroş Həmzəyevaya aid etmək olar.

 

- Zəroş xanım, biz bu söhbəti martın 22-də - sizin anadan olduğunuz gün etməliydik. Amma dəfələrlə zəng etməyimizə baxmayaraq, sizi müxtəlif tədbirlərə dəvət etdiklərindən söhbətimiz həmin gün baş tutmadı.

- Bu, məni sevindirir. Düz on üç ildir ki, səhnəni tərk etmişəm, amma tamaşaçılar hələ də məni unutmayıblar.

 

- Siz səhnəyə fanatik Nehrəm mühitinin təzyiq və təhqirlərinə sinə gərib gəlmisiniz. Bu qeyri-adi cəsarəti sizə verən nə idi?

- Mən səhnəyə çıxanda on altı yaşım varıydı. Heç bir teatr təhsili almamışam. İndi-indi dərk edirəm ki, səhnəyə çıxmağım Allahın qismətiymiş. Mənim içimdə elə bir vulkan var idi ki, istəsəm də, istəməsəm də üzə çıxmalı idi.

 

- Prezident Heydər Əliyevlə orta məktəbdə bir sinifdə oxumusunuz. Prezidentimizin məktəb illəri yadınızda necə qalıb?

- O hələ o vaxtdan hər cəhətdən ideal idi. Səliqəli geyinər, dərslərini hamıdan yaxşı hazırlayardı. Sinif yoldaşlarına dərslərini hazırlamaqda əlindən gələn köməyi əsirgəməzdi. Biz sinfimizin iki ən yaxşı oxuyan şagirdi idik. Bir yerdə İbrahim Həmzəyevin  teatr dərnəyinə gedirdik. O, teatrı, ümumən sənəti çox sevərdi. Təsəvvür etmək çətindir ki, incəsənəti, ədəbiyyatı onun qədər sevən ikinci dövlət başçısı olsun. O bu gün də sənət adamlarına böyük qayğı ilə yanaşır.

 

- Sinif yoldaşınızın bir gün ölkə başçısı olacağınım gözləyirdiniz?

- Biz onun daha çox elm, sənət sahəsinin başçısı olacağını gözləyirdik, amma o dövlət başçısı oldu. Dövlət başçısı oldu ki, bütün elm və sənət adamalrına diqqət, qayğı göstərsin.

 

- İlk dəfə səhnəyə çıxdığınız günü necə xatırlayırsınız?

- Mən yeganə aktrisayam ki, səhnəyə dramaturq sözü ilə deyil, öz sözümlə çıxmışam. Gəncə teatrından Naxçıvana gələn məşhur aktyor İbrahim Həmzəyev dram dərnəyi təşkil etmişdi. Dram dərnəyinin üzvlərinə qoşulub, “Oqtay Eloğlu” tamaşasına gizlicə baxdım. Oqtayın bacısı Firəngizin tamaşada heç nədən çəkinməyərək, cəsarətlə səhnəyə çıxması beynimdə elə bil ki, şimşək kimi çaxdı, qərarım qətiləşdi -  aktrisa olmalıydım! Lakin səhnəyə çıxmaq üçün kimsə mənə dayaq olmalıydı. Belə bir dayaq dram dərnəyinin rəhbəri İbrahim Həmzəyevdən yaxşı kim ola bilərdi? Biz onunla ailə qurduq və yalnız bundan sonra səhnəyə çıxa bildim. Artistə getdiyim bəs deyil, hələ bir səhnəyə də çıxmışdım. Nehrəmlilər düz on il mənimlə küsülü qaldılar.

 

- Demək, siz İbrahim bəylə sevib ailə qurmamısınız. Axı, deyilənlərə görə o çox yarlı-yaraşıqlı bir adam olub.

- Mən onun o vaxtlarını görmədim. Mənimlə ailə quranda o artıq otuz yaşlarında idi.

 

- Səhnəyə öz sözümlə çıxmışam dediniz, bunu necə başa düşək? Pyesmi yazmışdınız?

- (gülür) Yox, mən səhnəyə ilk dəfə “Əsli və Kərəm” tamaşasında sözsüz bir rolda çıxmışam. Rejissor İbrahim Həmzəyev mənə dedi ki, sən şahın taxtının yanında oturmalısan, mən də oturdum. Qızlar oxuyur, şah keşişə deyirdi: “Qızı ver Kərəmə!”. Keşiş isə deyirdi: Vermərəm! Vermərəm! Vermərəm!” Gördüm hamı səhnədə danışır, öz-özümə dedim ki, yaxşı, mən biabır olub, səhnəyə çıxmışam, barı, heç olmasa, bir söz deyim. Keşişə yaxınlaşıb, - “Əşi, duzsuz olma, bu qədər adam sənə ağız açır, ver qızı, getsin”, - dedim. Zalda əvvəl gülüş, sonra isə alqış qopdu. Səhnədəkilər uğunub özlərindən getmişdilər. Tamaşa pozulmuşdu. İbrahim əlindəki əsa ilə böyrümdən vurdu. Ağrıdan, pərtlikdən, ağlaya-ağlaya səhnədən qaçdım. Bunun üstündə İbrahimlə bir həftə küsülü qaldıq.

 

- Səhnədə oynadığınız rollar arasında ən çox hansı sizə yaxındır?

- İndiyədək 400-ə yaxın rol oynamışam. Mən yeganə aktrisayam ki, Cəfər Cabbarlının 11 pyesinin 11-də də baş rolda səhnəyə çıxmışam. İlk rolum Nəcəfbəy Vəzirovun “Hacı Qəmbər”ində Yetər olub. Haqverdiyevin “Pəri Cadu”sunda Səlimə və Hafizə xanım, Süleyman Rüstəmin “Qaçaq Nəbi”sində Həcər, Mirzə Fətəli Axundovun “”Xırs-Quldurbasan”ında Pəricahan, Cəlil Məmmədquluzadənin “Ölülər”ində Nazlı, Səməd Vurğunun “Vaqif”ində Xuraman, “Fərhad və Şirin”ində Şirin, Sabit Rəhmanın “Toy”unda Zalxa, Mirzə İbrahimovun “Həyat”ında Həyat, İslam Səfərlinin “Göz həkimi”ndə Nərminə, İyas Əfəndiyevin “Atayevlər ailəsi”də Reyhan, Hüseyn Cavidin “Şeyx Sənan”ında Xumar, Səyavuş”unda Südabə, Kəmalə Ağayevanın “Məhsəti”sində Məhsəti, Şıxəli Qurbanovun “Sənsiz”ində Sevinc, Bəxtiyar Vahabzadənin “Yağışdan sonra”sında Nihal, Anarın “Adamın adamı”nda Atbalaxanım, Ostrovskinin “Günahsız müqəssir”lərində Kruçinina, Şekspirin “Otello”sunda Dezdemona, Şillerin “Məkr və məhəbbət”ində Luiza, Şirvanzadənin “Namus”unda Süsən, Lope De Veqanın “Seviliya ulduzu”nda Estreliya, Qoqolun “Evlənmə”sində Aqafiya, Əziz Nesinin “Toros canavarı”nda Münəvvər... İndi çox çətin gəlir deyim ki, bunlardan hansı mənə ən yaxındır. Hamısı əzizdir... (kövrəlir)

 

- Siz Sidqi Ruhulla, Ələsgər Ələkbərov, Kazım Ziya, İsmayıl Dağıstanlı, Həsənağa Salayev kimi böyük sənətkarlarla tərəf müqabili olmusunuz. Onlarla bağlı nə xatirəniz var?

- Naxçıvana sənət mübadiləsinə gələn Sidqi Ruhulla mənim səhnədə çox ağladığımı görüb, həmişə zarafatla deyirdi: “Sən axırda səhnədə öləcəksən!” Bir dəfə o, “Namus”da məni xəncərlə vurmalıydı. Amma elə oldu ki, mən doğrudan yaralandım. Rola elə qapılmışdım ki, isti-isti bunu hiss etməmişdim. Demə, məni qan aparırmış, xəbərim yox imiş. Birdən dəhşətli ağrı hiss etdim, məni xəstəxanaya götürdülər. Bütün Naxçıvan görüşümə gəlirdi. Fəxr edirdim ki, Sidqi kimi bir sənətkar məni xəncərlə vurub. O xəncər yarasının yeri hələ də durur.

 

- İbrahim Həmzəyevin bu il anadan olmasının 90 ili tamam olur. Naxçıvan, Füzuli və Ağdam teatrlarının yaranması və inkişafında misilsiz xidmətləri olan bu sənət fədaisinin yubileyi dövlət səviyyəsində qeyd olunacaqmı?

- Əlaqədar şəxslərin yadına düşsə, yəqin ki, qeyd olunar.

 

- Sənətini yüksək qiymətləndirdiyiniz aktrisa varmı?

- Hökümə Qurbanova, sonra gələnlərdən Şəfiqə Məmmədova. Şəfiqə səhnədən tez getdiyi üçün mən ondan incidim. Teatr bununla çox şey itirdi.

 

- Bəs gənc aktrisalardan...

- Gənclərin bir cəhəti mənə xoş gəlmir ki, hər şeyə birdən-birə nail olmaq istəyirlər. Mən “Fərhad və Şirin”də Fitnə və Məryəm oynayandan sonra Şirinə keçmişəm. İndi görürsən birdən-birə gənc bir qıza verirlər Şirini, sonra nə inkişaf edib irəli gedə bilir, nə də aşağı düşə bilir, qalır ortada.

 

- Bu yaxınlarda “Nəqşi Cahan” adlı şeirlər kitabınız dərc olundu. Bu hansı zərurətdən doğdu?

- Bu şeirlər mənim səhnəsiz günlərimdəki fikir və duyğularımın bəhrəsidir. Axı, sənətkar nəyləsə məşğul olmalıdır... Bir çox rollarımı da yenidən hazırlamışam.

 

- Deməli, sizi səhnədə yenidən görəcəyik.

- İbrahim Həmzəyevin vəfatından sonra mən təkcə həyat yoldaşımı deyil, rejissorumu, əvəzsiz tərəf müqabilimi və sənət müəllimimi itirmişəm. Səhnə onsuz mənə mənə ögeyləşib. Yoxsa mən bu gün də, bu yaşımda da səhnədə allahlıq edərəm!

 

- Bakıya gələndən sonra niyə milli Teatra getmədiniz?

- O vaxtkı Mədəniyyət naziri Zakir Bağırov çox təkid etdi, razı olmadım. İllər boyu min bir zəhmət bahasına qalxdığım zirvədən enmək istəmədim. İstəmədim ki, tamaşaçının mənə yazığı gəlsin.

 

- Şeirlərinizdən birində özünüzə müraciətlə deyirsiniz:

Getməyəydim kaş səhnədən.

Bəyəm, səhnədə qalmaq öz əlinizdə deyildimi?

- Hər şey yalnız Allahın əlində ola bilər.

 

- Təsəvvür edin ki, sehrli xalçaya minib, başqa planetə gedirsiniz. Bir daha geri qayıtmayacaqsınız. Özünüzlə yalnız bir şey götürməyə icazə verirlər. Nəyi götürərdiniz?

 

- Bir ovuc Naxçıvan duzu.

- Maraqlıdır, duz nə üçün?

- Birdən o planetin də adamları duzsuz olar.

 

P.S.Coşğun temperamenti və təbii ifası ilə Azərbaycan aktyor məktəbinin klassikləri sırasına daxil olan Zəroş xanımla söhbətimiz bununla qurtarmadı. O ötən günlərdən danışdıqca, mən onun coşğun səsini, daxilindən bir vulkan kimi püskürən sənət ehtirasını görüb, nə vaxtsa onu səhnədə izləyənlərə qibtə etdim. Və onu səhnədə görməyən tamaşaçılar nəsli adından demək istəyirəm ki, Zəroş xanım, kaş ki,  səhnədən getməyəydiniz...

(05.05.1998)

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

“İrs/Erbe” jurnalının alman dilində yeni nömrəsi işıq üzü görüb. “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, jurnalın budəfəki buraxılışında da Qarabağ ən mühüm mövzu kimi diqqəti çəkir. 

 

Bu nömrə də baş redaktor, tanınmış publisist, rəhbərlik etdiyi “İrs” nəşriyyatında son illərdə Azərbaycan tarixi və mədəniyyəti, o cümlədən Qarabağ haqqında olduqca dərin məzmunlu, ensiklopedik biliklərə söykənən və çox nəfis bir şəkildə dərc edilmiş kitabları ərsəyə gətirmiş Musa Mərcanlının “Yeni dövr, yeni vəzifələr” başlığı altında yazdığı ön sözlə açılır. 

M.Mərcanlı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanmış olduğu və Qarabağın işğalına son qoyan parlaq Qələbəsindən sonra bölgədə yeni bir siyasi və iqtisadi durumun yaranmasından bəhs edir. Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsindən sonrakı vəzifə bölgədəki bərpa və quruculuq işləri, ən əsası da məcburi köçkünlərin yurd-yuvalarına qayıdışının təşkilidir. Baş redaktor bu istiqamətdəki işlərin artıq böyük müvəffəqiyyətlə aparıldığını, bunun nəticəsi olaraq tezliklə Qarabağda və ətraf ərazilərdə yeni müsbət reallıqların yaranacağını xüsusilə qeyd edir.

Azərbaycan Respublikasının Almaniyadakı səfiri Nəsimi Ağayevin məqaləsi Azərbaycan və Almaniya arasındakı diplomatik əlaqələrin bərpasının 30 illiyinə həsr olunub. Səfir 200 il əvvəl Almaniyanın indiki Baden-Vürtemberq federal torpağından insanların Azərbaycana köçməsindən bəhs edərək, bunun xalqlarımız arasında yaranmış tarixi təmasın başlanğıcı olduğunu vurğulayır. Bir-birinin ardınca Gəncə yaxınlığında səkkiz qəsəbə salan almanlar burada yaşadıqları illərdə dürüst, zəhmətsevər olmaları, səliqə-sahmanları ilə Azərbaycan xalqının rəğbətini qazanıb, ölkədə şərabçılıq və kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı qabaqcıl müəssisələr qurublar. Almanlar 125 ilə yaxın Azərbaycanda firavan həyat keçirmiş, 1941-ci ildə Almaniya ilə Sovet İttifaqı arasında müharibə başlanandan sonra isə Stalinin əmri ilə Qazaxıstana və Sibirə sürgün ediliblər. 1992-ci ildə Azərbaycan Respublikası Qərbi Avropada ilk səfirliyini məhz Almaniyada açıb. 1996-cı ildə mərhum Prezident, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev Almaniyaya rəsmi səfər etmişdir. Prezident İlham Əliyev də dəfələrlə bu ölkənin qonağı olub. 2019-cu ildə keçmiş alman kansleri Angela Merkelin Azərbaycana səfəri də mühüm əhəmiyyətə malik idi. Hazırda Azərbaycan və Almaniya arasında siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil, idman və tibb sahələrində geniş əlaqələr qurulub və müvəffəqiyyətlə inkişaf etməkdədir.

Potsdamdan olan publisist Matthias Volk bu nömrədə dərc edilmiş məqaləsində bir qədər əvvəl Berlində soydaşımız Sevda Badaliurinin rəhbərliyi altında fəaliyyət göstərməyə başlamış “Xarıbülbül” Azərbaycan mədəniyyət evi haqqındakı təəssüratlarını bölüşür. Müəllif burada mədəniyyət evinin təşkil etdiyi rəqs və musiqi axşamlarından, Qarabağ münaqişəsi, Xocalı soyqırımı və 30 il erməni işğalı altında qalmış torpaqlarımızın azad edilməsi haqqında Azərbaycan səfirliyinin iştirakı ilə keçirdiyi ictimaiyyəti məlumatlandırmağa yönəlmiş tədbirlərdən söhbət açır.

Bu nömrədə ən diqqətçəkən yazılardan biri də moskvalı jurnalist Andrey Vasilyevin azad edilmiş Şuşadan həmyerlisi, fotoqraf Sergey Kivrin ilə birgə hazırladığı “Şuşa dəftərçəsindən qeydlər” adlı reportajdır. Şuşanın 270 illiyinə həsr edirmiş bu yazıda müəllif o vaxt Pənahəli xan tərəfindən şəhərin əsasının necə qoyulmasından, Qarabağ xanlığının siyasətindən bəhs edir, həmçinin Albaniya tarixindən söhbət açır. Miladdan sonra 314-cü ildə alban hökmdarı Unayrın xristianlığı qəbul etməsi ilə Albaniyanın dünyanın ilk xristian dövlətinə çevrilməsini və bu səbəbdən də Qarabağda və onun ətrafında kilsə və monastırların inşa edilməsini isə xüsusi olaraq vurğulayır. Bununla da XIX əsrin birinci yarısında Rusiya tərəfindən Qarabağa köçürülən ermənilərin qədim alban məbədlərini öz adlarına çıxmaq məqsədi ilə dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş cəhdləri ifşa olunur. Vasilyev bu gün Şuşada gedən bərpa və quruculuq işlərindən yazaraq, belə bir qeyd də edir: “Mən hər bir azərbaycanlıdan ancaq bunu eşidirdim: əgər ermənilər istəyirlərsə, yenə də burada yaşaya, işləyə bilərlər. Amma onlar gərək daha heç vaxt bunu unutmasınlar: Qarabağ Azərbaycandır!”

Tarix elmləri doktoru, professor Rizvan Hüseynovun məqaləsi də olduqca mühüm bir mövzuya - İrəvan şəhərinin tarixinə həsr olunub. Azərbaycan Səfəvilər dövlətinin qurucusu I Şah İsmayılın əmri ilə 1511-ci ildə burada qala inşa etdirən görkəmli sərkərdə Rəvan Qulu xanın adı verilən (Rəvan qalasının adı Azərbaycan dilinin Qərb dialektinə uyğun olaraq sonradan İrəvan formasını almışdır) bu məskən getdikcə böyüyərək strateji əhəmiyyətli mühüm bir Azərbaycan şəhərinə, bir qədər sonra isə qüdrətli xanlığa çevrilmişdir. 1827-ci ildə Rusiyanın qoşun yeridərək İrəvan xanlığını zəbt etməsindən sonra buraya köçürülən ermənilər rus çarlarının havadarlığı altında tədricən şəhərin Azərbaycan tarixini əks etdirən məscidlərini, bazar və meydanlarını, sonradan sərdarın (xanın) sarayını, bütöv müsəlman məhəllələrini və nəhayət, İrəvan qalasının özünü yerlə-yeksan etmiş, burada yeni bina və meydanlar inşa etdirmişlər. Müəllif məqaləsinin sonunda dünya ictimaiyyətinin ermənilərin Azərbaycan tarixinə və mədəniyyətinə qarşı törətdikləri bu qəddar barbarlığa, vəhşiliyə göz yummasına təəssüfünü bildirir və buna son qoyulacağına olan ümidini ifadə edir.

“İrs/Erbe” jurnalının bu nömrəsində yer almış Sənubər Dostiyevanın Səfəvilər dövründə ölkəmizə yol tapmış və bu gün Azərbaycan Milli Muzeyində saxlanılan Avropa pul sikkələri haqqındakı məqaləsi, tarixçi Emil Kərimovun azərbaycanlıların etnik-psixoloji portretini əks etdirən yazısı, Gülrəna Qacarın Azərbaycan realist rəssamlıq məktəbinin yaradıcısı Bəhruz Kəngərlinin həyat və yaradıcılığına həsr etdiyi oçerk və nəhayət, Sabina Tumanskayanın Azərbaycanın isti bulaqlarından və müalicə əhəmiyyətli su mənbələrindən danışan reportajı alman oxucuları üçün ölkəmizi daha yaxından tanımaq imkanı yaradır.

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

 

Uğur üçün lazım olan keyfiyyətlər arasında biz bol informasiya almağın, mütaliənin necə vacib olmasını da sadalamışdıq. Statistik hesablamalara görə hər bir uğurlu insanın il ərzində orta hesabla 19 kitab oxuduğunu da sizin diqqətinizə çatdırmışdım.

Əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luqdakı kitablara bir-bir şərh verməyi davam edirəm.

 

Robert Kiyosaki. «Varlı ata, kasıb ata»

Bir məşhur deyim var, «Təhsilsiz insan həyatda heç nəyə nail ola bilməz». Robert Kiyosakinin sözügedən kitabı məhz bu deyimin əksini sübut edir, iddia eləyir ki, təhsilin hər şeyi həll etmə dövrü artıq arxada qalıb, orta və ali məktəblər əsl həyatı öyrədə bilmirlər, sərvət toplamağın yollarını göstərmək iqtidarında deyillər.

Müəllif sadə dillə varlı olmağın yollarını göstərir, maliyyə savadının sirlərini açır.

Bir diqqət edin:

 - İş onda deyil ki, siz nə qədər qazanırsınız. İş ondadır ki, siz nə qədər qənaət edə bilirsiniz, pullar sizə nə dərəcədə effektiv işləyir, sizdən sonra neçə nəsil ondan istifadə edə biləcək!

 - Məğlub olmaqdan qorxmayın. Qaliblər – məğlub olmaqdan qorxmayanlardır. Uğursuzluq – uğura doğru gedən yolun bir hissəsidir. Uğursuzluqdan qorxub qaçanlar uğurdan da qaçanlardır.

 - Biz öz vərdişlərimizin quluyuq. Öz vərdişlərini dəyiş, gör həyatın necə dəyişəcək.

 - Kasıb, uğursuz, bədbəxt və xəstə adam o adamdır ki, tez-tez «sabah» sözünü işlədir.

 - Sizin beyniniz hər şeyi bacarır. Mütləq olaraq hər şeyi. Ən əsası, özünüzü buna inandırmanızdır. Əlləriniz bilmir ki, onlar bükülüb açılammır, ayaqlarınız bilmir ki, onlar taqətdən düşüb, qarnınız bilmir ki, onu piy basıb. Bunların hamısını billən beyninizdir. Özünüzü hər şeyi bildiyinizə inandırsanız, doğrudan da siz hər şey edə bilərsiniz.

 - Hər bir insanın əli, ayağı, başı və həftədə 168 saatı var ki, o, ən çox arzuladığı şeyləri həyata keçirə bilsin.

Və ən nəhayət, Robert Kiyosakiyə aid olan bu qızıl kəlama diqqət edin:

 - Bizim öyrənmək istədiyimiz birinci dərs odur ki, pul özlüyündə Şər deyil. O, sadəcə bir alətdir, qələm kimi. Qələmdən gözəl bir sevgi məktubu yazanda da istifadə etmək olar, işdən qovulmaya səbəb olan şikayət yazanda da. Qələmi yaradanda onu həm yazmaq üçün rahat olmasının qeydinə qalıblar, həm də iti ucu ilə gözə soxulması üçün.

İş əşyanın özündə deyil, onu – pulu və yaxud qələmi əlində tutan insanın motivasiyasındadır.

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

 

Nüfuzlu Euronews yola saldığımız 2022-ci ilin ən yaxşı fotolarını müəyyənləşdirib. Burada Rusiyanın Ukraynaya təcavüzündən tutmuş İrandakı antihökümət yürüşlərinə, Tur de Frans yarışmalarınadək hər şey var. Yola saldığımız il hadisələr baxımından o qədər zəngin olub ki, fotoqraflar fotokameralarını futlyara salmağa macal tapmayıblar. 

Həmin fotoları ardıcıllıqla “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edir.

 

Vida matçından sonra Rocer Federerin göz yaşları. Onun yanındakı Rafael Nadal da göz yaşlarını saxlaya bilmir. 24 sentyabr, 2022-ci il. 

Foto: GLYN KIRK/AFP

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

Yanvarın 6-da Bakı Fotoqrafiya Evində “Sehrli Qala” festivalı çərçivəsində ölkəmizin qış mənzərələrini əks etdirən fotosərgi açılacaq.

“Azərbaycanın qış gözəllikləri” adlı sərginin təşkilində məqsəd ölkəmizin qış gözəlliyini nümayiş etdirmək, əhalinin diqqətini Azərbaycanın təbiətinə yönəltmək, gənclərin mənzərə fotoqraflığına marağını artırmaq və bu istiqamətdə istedadlı müəlliflərə dəstək olmaqdır.

Yanvarın 12-dək davam edəcək sərginin layihə müəllifi Rüstəm Hüseynovdur.

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.