Super User

Super User

 

Qərbi Azərbaycan İcmasında İcma rəhbərliyinin İcmanın müxtəlif strukturlarında təmsil olunan, Qərbi Azərbaycan üzrə bir qrup tədqiqatçı alimlə görüşü keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” pprtalı xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Mətbuat Xidmətinin yaydığı məlumata görə, görüşdə İcmanın qarşısında duran vəzifələr, Qərbi Azərbaycan həqiqətlərinin sistemli şəkildə tədqiqi, nəşri və təbliği məsələləri müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli görüşün məqsədi barədə məlumat verərək, Qərbi Azərbaycan həqiqətlərinin həm daxili, həm də xarici auditoriya üçün çatdırılma zərurətindən və üsullarından bəhs edib.

Bir neçə saat davam edən müzakirələr zamanı mövcud problemlərin bütün aspektləri nəzərdən keçirilib. 

Müzakirələrdə İcmanın sədri, deputat Əziz Ələkbərli, İcma sədrinin müavini, deputat professor Hikmət Babaoğlu, İcmanın şöbə müdiri Miraslan Bəkirli, professor Həsən Bayramoğlu, professor Fərrux Rüstəmov, professor, AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi çöbəsinin müdiri Cəbi Bəhramov, tanınmış tarixçi alim Nazim Mustafa, dosent Cəlal Allahverdiyev, tədqiqatçı Mirzə Ənsərli iştirak və çıxış ediblər.

Tədbirdə Qərbi Azərbaycan İcması tərkibində Elm komissiyasının yaradılması, onun müxtəlif tədqiqat sahələri üzrə bölmələrinin təşkil edilməsi və Komissiyanın işinə bu elm sahələri üzrə alimlərin cəlb edilməsi qərara alınıb. Komissiyanın işinə rəhbərlik Qərbi Azərbaycan İcması sədrinin müavini, deputat professor Hikmət Babaoğluya tapşırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

 

Leyla Bədəlbəylinin anadan olmasının 103-cü ildönümü tamam oldu

 

Bazar günü Azərbaycan teatrının görkəmli nümayəndəsi, milli kino sənətimizin bənzərsiz siması Leyla Bədirbəylinin anadan olmasının 103 illiyi tamam oldu. “Azərbaycan gözəli” adını almış aktrisanın  çox maraqlı, həm də faciəli bir həyat tarixçəsi var. 

 

Leyla Bədirbəyli fitri istedada malik teatr ustası kimi ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı verib.

Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Bədirbəyli yaratdığı təkrarsız obrazlarla öz adını Azərbaycan sənət tarixinə yazdırmağı bacaran sənətkarlardandır.

O, 1920-ci il yanvarın 8-də Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub.

Balaca Leylanın uşaqlıq illəri Bakıda, daha doğrusu, İçərişəhərdə keçib. Leyla Bədirbəylinin sənətə gəlməyində anası Bikə xanımın böyük rolu olub. Belə ki, həmin illərdə Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedən Bikə xanım böyük qızı Leylanı da özü ilə aparırmış. Rəqsə böyük marağı olan gələcəyin məşhur aktrisasının istedadını üzə çıxardığı ilk sahə də məhz rəqs olur. Belə ki, fərqli xarici görünüşə və rəqs bacarığına sahib olan L.Bədirbəyli Azərbaycan Dövlət Filarmoniyasına dəvət edilir. Filarmoniyada çalışdığı illərdə “Ayna” və “Bakının işıqları” filmlərində rol alan Leyla Bədirbəyli 1941-ci ildə 21 yaşında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət olunur. O, 33 il bu sənət məbədinin səhnəsində bir-birindən fərqli qadın obrazları yaradıb. Azərbaycan teatrının inkişafında Leyla Bədirbəylinin xidmətləri həmişə xatırlanır. O, milli teatrımızın səhnəsində yaratdığı Sara (“Solğun çiçəklər”), Solmaz (“Od gəlini”), Şəlalə (“Yalan”), Dezdemona (“Otello”), Liza (“Canlı meyit”), Nərminə (“Göz həkimi”) və digər bu kimi obrazları ilə mədəniyyət tariximizin qızıl səhifələrini yazıb.

Kinoda Leyla xanımın parlamağında Üzeyir Hacıbəylinin böyük rolu olur. Belə ki, 1945-ci ildə “Arşın mal alan” filmi çəkilərkən Rza Təhmasib Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Məhz Üzeyir Hacıbəylinin tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir.

Leyla Bədirbəylinin Azərbaycan kinosunun inkişafındakı fədakarcasına xidməti təkcə Gülçöhrə ilə bağlı deyildir. İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən “Səbuhi”, “Fətəli xan”, “Dəli Kür”, “Sevil”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” filmlərində unudulmaz, eləcə də yaddaqalan obrazlar yaradıb.

Leyla Bədirbəylidən Tanrı heç nəyi əsirgəməmişdi. Çox gözəl idi, istedadlı idi. Onu sevən, anlayan, qiymətləndirən və həyatın  bütün təzyiqlərindən qoruyan həyat yoldaşı vardı. 55 il bir yerdə xoşbəxt, qayğısız həyat sürmüşdülər. İki qız övladları vardı. Bütün bunlar Leyla xanımın təravətli qalması üçün stimul idi. Bir gün həyat yoldaşı ona “sənə yeni maşın almaq üçün Almaniyaya gedəcəm” deyir. Leyla xanım maşınları olduğu üçün etiraz edir, “neyniyirsən yeni maşını, mənə bu da bəsdir” deyir. Kamil “o maşın daha sənə yaraşmır” cavabını verir və səhəri Almaniyaya yola düşür. 

O gedir, maşını alır, yol uzun olduğu üçün məsuliyyəti öz boynuna çəkməyib orda yaşayan bir dostu ilə Bakıya doğru yola çıxırlar. Yağışlı havada necə olursa maşın sürüşüb yoldan çıxır və hər ikisi qəzada həlak olur. Onun cənazəsi Bakıya gələndə Leyla xanım dərddən üzülür. 

 Ərini ürəkdən sevən həyat yoldaşı üçün bu itkiyə dözmək çox çətin olur. Ancaq bu, bəs etmirmiş kimi, dərd üzərinə daha bir dərd gəlir... Heç bir il keçməmiş buna bənzər daha bir faciə baş verir. Leyla Bədirbəylinin böyük qızı Lalə xanımı Kukla Teatrının qabağında maşın vurur. Övlad itkisi də ananın ürəyinə dağ çəkir. İki böyük itki Leyla xanımın ömrünü şam kimi əritməyə başlayır. Bu iki ölümdən sonra o özü də tədricən sağkən ölməyə başlayır. Həyatdan küsür. Ər, övlad itkisindən sonra özünə qapanır. 3-4 il isə ümumiyyətlə, evdən çölə çıxmır. Onun üçün artıq heç nəyin marağı yox idi. Nə televizora baxırdı, nə də mütaliə edirdi. Hətta heç kimlə görüşüb danışmaq belə istəmirdi.

Bunu eşidən ölkə başçısı o vaxt Leyla Bədirbəyliyə istiqlal ordenini təqdim etmək üçün onu evdən çıxarda bilir. İllər ərzində bu görüş, bu evdən çıxma ilk və son dəfə olur. Yenə özünə qapanır. Onu həmin təqdimetmə mərasimindən görənlər Leyla xanımın niyə evə qapıldığını yaxşı anlayırdılar. Azərbaycan gözəli belə dərd içində, yaşlı, miskin kimi yaddaşlarda qalmaq istəmir. Onu əvvəlki, Gülçöhrəli Leyla kimi xatırlamalarını istəyir.

 1999-cu il noyabrın 23-də Leyla Bədirbəyli gözlərini əbədi olaraq yumur. Dünyasını dəyişən gün də o, heç kimlə danışmayıb. Hamıdan, həyatdan, taleyindən küskün kimi sadəcə gözlərini yumub və gedib.

 İndi onun adını kiçik nəvəsi daşıyır.

 

Görkəmli aktrisanın fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. Prezident İlham Əliyev 2019-cu ilin dekabrın 29-da imzaladığı Sərəncamla ölkəmizdə Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Milad bayramı münasibətilə rəsmi instaqram səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: “Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını səmimi-qəlbdən təbrik edir, bütün həmvətənlərimizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!”.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

Cümə, 06 Yanvar 2023 15:29

96-nı aşırdın, 100-ə nə qaldı...

Böyük Azərbaycan yazıçısı, “Şərəf” ordenli, “Vicdan susanda” romanı ilə yüz minlərlə insanın sevimlisinə çevrilmiş Vidadi Babanlı ailə üzvləri ilə birgə 96 yaşını qeyd etdi. Ad günündə qızları Leyli və Aygün, oğlu Vüqar, gəlini Tomris, qardaşı oğlu, akademik Məhəmməd Babanlı iştirak edirdilər. Amma bu hələ hamısı deyil.

 

Qəfildən  “Qazax” Xeyriyyə-İctimai Birliyinin sədri İlham Pirməmmədov, birliyin idarə heyətinin üzvü Sultanxanım Nəsibova, BDU-nun Mülki Hüquq kafedrasının müdiri, professor Məhəbbət Dəmirçiyeva və yazıçı Varis təşrif buyurdular. Və onlarla birgə gələn aşıq Avdı öz sazı ilə məclisə rəng qatdı. Dərhal Vidadi müəllim ondan bir “Ruhani” havası istədi, Avdı da məharətlə sazını dilləndirdi.

Müdrik yazıçı indi onun üçün hər doğum gününün bir yubiley olmasını dilə gətirdi, həyatdan heç vaxt narazılıq etməməyi, məğrur və qürurlu yaşamağı hamıya tövsiyə etdi. Xatirələrini danışdı.

Xüsusən “Vicdan susanda” romanı ilə Kommunist Partiyasının necə qəzəbinə düçar olması, bu romanın vaxtı ilə tək Azərbaycanda deyil, postsovet məkanında necə rüzgar qoparması yada düşdü.

Bu yaşda insanı tək qoymaq olmaz, bu yaşda insanın darıxması ağrılıdır. Ona görə də Vidadi müəllim daim qapısının açıq olmasını, qonaqlı-qaralı olmasını arzulayır. İnsanlarla ünsiyyətinin bir an da olsa kəsilməsi onu qorxudur.

Və təsəvvür edin ki, 100 yaşın nəfəsini duyan 96 yaşlı yazıçı bu yaşında gəlinləri Tomrisə diktə edərək yazdırdığı son təhkiyələrinin işıq üzü görməsini, onlara cəmiyyətin necə reaksiya verəcəyini gözləyir. Bu yaşda belə iti zəka, inanın ki, möcüzədir.

Vidadi müəllimi təbrik edir, ona yetişmədiyi arzusu qalıbsa ona yetişməyi arzu edirik.

Məclisin şirin yerində nəticəsi Moskvadan zəng edərək söylədi: “Mən ulu babama ən azı 100 il yaşamağı arzulayıram. Gerisini isə Allah bilər.”

Var ol, böyük şəxsiyyət!

 

Şəkildə: Məclisin iştirakçıları səbəbkarı əhatə ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2023)

 

 

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bazar günü - yanvarın 8-də məşhur fransız yazıçı Viktor Hüqonun “Paris Notr-Dam” əsərinin motivləri əsasında rejissor Samir Qulamovun səhnələşdirdiyi və quruluş verdiyi “Paris Notr-Dama ithaf” tamaşasını nümayiş etdirəcək.

 

2019-cu ilin noyabrından repertuara daxil edilən bu səhnə əsəri davamlı olaraq çoxsaylı tamaşaçı kütləsini ətrafına toplaya bilir və teatrın ən çox tələb olunan tamaşalarının siyahısında ilk yerdə dayanır.

ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

Tamaşada bəşəriyyətin nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri olan Paris Notr-Dam kilsəsində 2019-cu il aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunub.

“Paris Notr-Dama ithaf”da “Notre-Dame de Paris” müziklinə görə “Ginnesin rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünyaşöhrətli bəstəkarların: Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib.

Əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər: Zakir və Leyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, rejissor assistentləri: Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

Tamaşada rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artist Nadir Xasıyev, beynəlxalq müsabiqələr laureatı Aydan Həsənova, aktyorlar: Mehriban Zalıyeva, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hüseyn Əlili, Səmədzadə Xasiyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Zaur Əliyev, Əli Kərimov, həmçinin xor və balet truppasının artistləri ifa edəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2023)

 

Sabah - yanvarın 7-də Norveçin paytaxtı Oslo şəhərində, "Deichman Bjorvika" mədəniyyət mərkəzində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner Gülnarə Xəlilovanın "Northern Stories by CİZGİ" ("Şimal hekayələr CİZGİ ilə") adlı ekspozisiyasının açılışı olacaq. 

 

“Ədəbiyyat və incəsənət” portalı Gülnarə Xəlilovaya istinadən xəbər verir ki, tədbir Oslodakı Azərbaycan Evi tərəfindən təşkil olunacaq. Qonaqlara Gülnarə Xəlilovanın Norveç və Qarabağ ornamentləri ilə əl işləri, ipək yaylıqlar və libaslar təqdim olunacaq.

Qeyd edək ki, bundan əvvəl Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2023)

 

Söhbət brakonyerlik fəaliyyətindən gedir. Get-gedə daha çox insan yüngül qazanc dalınca düşərək təbiəti məhv etməyə girişir. 

Gətirəcəyimiz sitat ov fəaliyyətinin tənzimlənməsi barədədir.

 

“Ov fəaliyyətinə maraq nəzərə alınaraq gec də olsa, ov mövsümü açılıb. Lakin ov obyektlərindən asılı olaraq müəyyən limit daxilində ov həyata keçirilə bilər.

Daha çox ov fəaliyyətində cənub regionu, Muğan zonası maraqlıdır. Bununla bağlı 3 saylı regional idarədə limitlərimiz bitib. Lakin Qazax, Şəmkir, Gədəbəy, İsmayıllı regionlarında limit az da olsa, ov mövsümü davam etməkdədir”.

 

Sitatı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında söyləyib.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2023)

Cümə, 06 Yanvar 2023 21:00

Hava kəskin soyuyacaq

 

Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra yanvarın 8-dən başlayaraq havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. 

 

Bu, Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanln açıqlamasıdır. 

Gülşad xanım qeyd edib ki, şimal-şərq küləyi yanvarın 7-si axşamdan 8-i gündüzədək yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə enərək, yanvarın 10-11-də gecə 2 dərəcəyədək şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq. 

“Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq yanvarın 7-si axşamdan ayın 12-dək ölkə ərazisində havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir”. 

G.Məmmədova daha sonra qeyd edib ki, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə enərək, gecə 0-5 dərəcə şaxta, gündüz 4 dərəcəyədək isti, dağlıq rayonlarda isə gecə 10-15, gündüz 5-8 dərəcə şaxta olacaq. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlama ehtimalı var.

İstənilən havada sizlərə xoş ovqat arzulayırıq!

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2023)

 

«Ədəbiyyat və incəsənət” portalı sizləri bölgələrimizsə 2022-ci illə necə vidalaşıldığı barədə xəbərlərlə tanış etməkdə davam edir. Bu sırada işğaldan azad olunan bölgələr əhəmiyyətli yer tutur. Növbəti xəbər Zəngilan rayonundandır. 

 

Zəngilan rayonunun Ağalı kəndində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Bakı Dövlət Sirkinin, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Azərbaycan Dövlət Kukla Teatrının və Füzuli Dövlət Dram Teatrının aktyorlarının iştirakı ilə keçirilən kütləvi tədbir hələ uzin müddət balaca sakinlərin yaddaşlarından çıxmayacaq. 

Bayram tədbirində Şaxta baba, Qar qızla yanaşı  Azərbaycan Dövlət Kukla Teatrının aktyor truppasının üzvləri, eləcə də teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının istedadlı vokalçıları da iştirak ediblər. Teatrın repertuarındakı bir neçə tamaşadan səhnəciklər nümayiş etdirən kuklaçıların çıxışları maraqla qarşılanıb.  Vokalçılarımızın vətənpərvərlik və bayram ovqatlı nəğmələri tədbirə xüsusi rəng qatıb.

Qeyd edək ki, bayram şənliyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və “Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tərəfindən təşkil edilmişdi.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2023)

Cümə, 06 Yanvar 2023 14:27

453 kəsilib atılmış fidan

 

Ukraynada müharibə nəticəsində 453 uşaq həlak olub. Bu hələ son rəqəm deyil

 

Ukrinform agentliyi ürəkdağlayan məlumat yayıb. Bu gün səhər saatlarına olan son məlumata görə, Rusiyanın genişmiqyaslı hərbi təcavüzü nəticəsində bugünə qədər Ukraynada 1330-dan çox uşaq zərər çəkib. 453 uşaq həlak olub, 877-dən çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Ukrinform agentliyi bu məlumatı Ukrayna Baş prokurorluğuna istinadən yayıb. Və qeyd edib ki, bu, yekun rəqəmlər deyil. Zərər çəkən uşaqların müəyyən edilməsi üçün döyüş yerlərində, müvəqqəti tutulmuş və azad edilmiş ərazilərdə işlər davam etdirilir. Uşaqların ən çox Donetsk (429), Xarkov (268), Kiyev (117), Xerson (83), Nikolayev (81), Zaporojye (81), Çerniqov (68) və Luqansk (65) vilayətlərində zərər çəkdiyi bildirilir.

Agentliyin məlumatına görə, Rusiya silahlı qüvvələrinin bombardmanları və atəşləri nəticəsində 3126 təhsil müəssisəsinə ziyan dəyib. Onlardan 337-si tamamilə dağılıb. Həmçinin 329 uşaq itkin düşüb, 12 mindən çox uşaq isə deportasiya edilib.

Bax budur Putun rejiminin insanlıq simasını itirmiş mahiyyəti. Dünyada heç bir siyasi məqsəd bu qədər uşaq ölümünə haqq qazandıra bilməz.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.