Super User

Super User

Çərşənbə axşamı, 10 Yanvar 2023 15:30

Yeniliklər: “Kinokonsert” multimedia şousu keçiriləcək

Fərqli zövqlü insanlar üçün fərqli bir tamaşa gözlənilir: Fevralın 24-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində yerləşən Opera Studiyasında "Kinokonsert" adlı multimedia şousu təqdim olunacaq.

 

BMA-nın mətbuat xidmətinin yaydığı məlumata görə, “Avanqard” Kamera Orkestrinin təqdimatında “Azərbaycanfilm” kinostudiyasının 100, Azərbaycan kinosunun 125 illiyinə həsr olunmuş konsert proqramında yüksək bədii zövqlə yeni aranjeman edilmiş milli kinomuzun parlaq nümunələrindən olan musiqi əsərləri səsləndiriləcək.

Qeyd edək ki, orta və yaşlı nəslin nümayəndələri səsləndirilən nostalji musiqi nömrələrinin sayəsində gənclik illərini, yaşadıqları anları xoş xatirələr kimi yada salmaq imkanına sahib olacaqlar.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2023)

Çərşənbə axşamı, 10 Yanvar 2023 15:00

69-u vurub başa...

Elman Eldaroğlu yazır

 

Bəlkə də sözlərinə musiqi bəstələnməsəydi Baba Vəziroğlunun şairlik taleyi elə də parlaq olmazdı. Onu yaddaşımızda yaşadan, ürəklərimizə gətirən nəğməyə çevrilən şeirləri oldu... 

 

"Mən heç vaxt ictimai fiqur olmaq istəməmişəm. Bir az özümə qapalı adamam, həmişə istəmişəm ki, sakitcə başımı aşağı salım öz işimlə məşğul olum, dərdimi çəkim, sevincimi yaşayım. Amma birdən gəlib şöhrət tapdı məni, məşhur insan oldum. Ona görə bu, məndən asıl olmayıb. Və profilimə uyğun olmayan hansı verilişdə, tədbirdə məni görürsünüzsə, bilin ki, bu ancaq müsəlmançılıqdan irəli gəlir, mən ürək qıra bilmirəm. Əlbəttə, bəzən yalan danışmalı oluram. Nə yaxşı ki, mobil telefonlar məkan bildirmir, bəzən verilişin adını eşidəndə deyirəm ki, İsmayıllıdayam gələ bilmirəm. Amma nə qədər etsəm də alınmır. Nə mövqeyimə, nə profilimə, nə də ictimai yerimə dəxli olmayan o verilişlərdə məcburən iştirak edirəm. Üzüm yumşaqdır, lətifəsi sizdən uzaq nə yaxşı ki, mən qadın olmamışam, Allah bilir, sorağım haradan gələrdi. Amma narazı da deyiləm bu mənada. Qoy, mənim lap hörmətim düşsün, qoy desinlər onun orada nə işi var, amma kiminsə ürəyini qırmaqdan yaxşıdır. Mən ürək qırmağın düşməniyəm…"- söyləyir.

 

Çox xarizmatik adamdır. Özünəməxsus xüsusiyyətləri var. Sakit adam təəssüratı yaratsa da, əslində çox coşqun təbiətlidir. Deyib gülməyi, zarafatı xoşlayır.  

 

Deyir ki,- "İstəyirəm ki, mən öləndə şəhərin ən bahalı yerində, dənizə panoramı olan bir yerdə dəfn etsinlər. Ətrafımızda uzaq Qvineyadan gətirilmə həmişəyaşıl sərv ağacları nazlansın, Skandinaviya bülbülləri cəh-cəh vursun, başım üstündə sal Yunanıstan qranitindən abidəm ucalsın..."

 

Qibtə olunası zənginlik içində yaşamayıb, amma etiraf edir ki, keçmişinə nəzər salanda mənəvi baxımdan çətinliklərlə dolu, çox maraqlı, rəngarəng və zəngin bir ömür yaşayıb. Bunun üçün özünü xoşbəxt sanır. Nə keçmişin xiffətini çəkir, nə də gələcəyə tələsir. Bu gününü elə yaşayır ki, xoş xatirələrlə dolu bir keçmişə çevrilə bilsin və o dünyaya alnıaçıq getsin. Gələcək haqqında çox düşünməyə qorxur, məşhur filmdə deyildiyi kimi, Allahı güldürmək istəyirsənsə, gələcək planlarından danış. Keçmişin xiffətini çəkmək bədniyyət adamların peşəsidir- söyləyir. Gələcək haqqında çox düşünməyi xəyalpərəstlik əlaməti hesab edir. Praqmatik və realist adamdır...

 

"Pisniyyətli adamın bircə yaxşı sözünə də bəzən aldana bilirəm, xeyirə, yaxşılığa xidmət edən şairəm. Odur ki, gözümdə hamını yaxşı görmək istəyi bəzən uğursuzluqla nəticələnir. Həyat məni öyrədə bilməyib, yəqin ki, hələ kifayət qədər böyüməmişəm. Nə yaxşı ki, böyüməmişəm, içimdəki uşaqlıq saflığının kiçik bir ərazisini də olsa, qoruyub saxlaya bilmişəm. Aldana-aldana yaşayırıq və deyəsən insan oğlu aldanmağı sevir ki, ondan hasil olan nəticə sayəsində müdrikləşə bilsin. İnsan ömür boyu özündən nağıllar uydurur və özünü həmin nağıllara inandırmağa çalışır. Bilir və dərk edir ki, hardasa bunların hamısı yalandır, amma həyat bunsuz maraqsız, bəlkə də yaşamaq mümkünsüz olar."- söyləyir…

 

Bəli, bizi yaşamağa vadar edən, içimizdə həyat eşqi yaradan xəyallarımızda qurduğumuz nağıllardır. Guya belə etsək, elə olar, elə etsək belə. Amma fərqinə varmırıq ki, Allahın öncədən bizim üçün yazdığı ssenarinin oyunçularıyıq...

 

Nədənsə uşaq yaşlarımdan "69"-a "baş-ayaq" rəqəm kimi baxmışam. Yanvarın 10-da nasir, şair, tərcüməçi, kinodramaturq, əməkdar incəsənət xadimi, "Şöhrət" ordenli Baba Vəziroğlu necə deyərlər, ömrünün "baş-ayaq" ilini başa vurub, 70-ə doğru addımlayacaq. Ona bu yolda möhkəm cansağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayırıq. 

Çox yaşa, ŞAİR!

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2023)

Çərşənbə axşamı, 10 Yanvar 2023 13:30

Sənə görə qaynanam məni yola verməyə başladı...

 “Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Nəcibə Məlikovadır

 

NƏCİBƏ MƏLİKOVA

(1921-1992)

***

“Ögey ana” filmi o vaxt çox məşhur oldu, elə bizi də məşhurlaşdırdı.

Bir dəfə teatrın girişində bir qadınla bir qız uşağının dayanıb məni gözlədiyini gördüm. Məni gördükdə sıxılaraq yaxınlaşdılar. Görüşdük. Qadın çox həyəcanlı idi:

– Dilarə xanım (mənə filmdəki adımla müraciət etdi), çox sağ olun.

– Siz də sağ olun, amma bu “sağol”un səbəbini başa düşmədim.

Qadın sıxılaraq:

– Birinci həyat yoldaşımı cavan itirdim. O, rəhmətə gedəndə, bu qızın 2 yaşı vardı. Bir müddət ailə qurmaq istəmədim, sonra böyüklərin də razılığı ilə ailə qurdum. İkinci yoldaşımın da arvadı cavan ölmüşdü, o qadından bir qızı vardı. Qaynanam nə məni, nə bu tifili qəbul eləmirdi. Günümüz göy əskiyə bükülmüşdü, sizin filmdən sonra arvad məni qucaqlayıb üzr istədi. İndi ana-bala kimi dolanırıq, can deyib, can eşidirik. Buna görə çox sağ olun.

Kövrəldim. Qadını və qızı bağrıma basdım.

***

Bir dəfə də rayonlardan birinə qastrola getmişdik. O vaxt kinoteatrlarda “Ögey ana” filmi göstərilirdi. Axşam mehmanxananın bufetində oturub çay içirdik, bir də gördüm yaşlı aktyorlardan biri bir ayağında qara, o biri ayağında qəhvəyi rəngli ayaqqabı ilə gəlir. Başqalarının da diqqətini çəkməsin deyə, sakitcə xəbər aldım:

– Ayaqqabılarının niyə biri qara, o biri qəhvəyidir?

Aktyor dostum ayağına baxıb, halını pozmadan cavab verdi:

– Özüm də baş açmıram, otaqda daha bir cüt eynən belə ayaqqabı qaldı.

 

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

 

 

Adətən ABŞ-da uikenddə ən çox baxılan filmlərin reytinqini sizlərə təqdim edirik. Maraqlıdır, bəs şimal qonşumuzda vəziyyət necədir? Ukrayna ilə ədalətsiz müharibə aparan bu ölkədə savaş fiımlərinəmi daha çox baxırlar? Sən demə yox. 

 

Rusiyanın “Soyuzmultfilm” studiyasının hazırladığı sevimli cizgi film olan və bu il yanvarın 1-dən kinoprokata daxil olan “Çeburaşka” yerli kassada yüksək gəlir əldə edərək, rekord vurmağa davam edir. 

“Ədəbiyyat və incəsənət” pprtalı kinonews.ru saytına istinadən xəbər verir ki, rejissor Dmitri Dyaçenkonun bu animasiya filminin nümayişindən cəmi beş gün sonra onun kassa gəlirləri iki milyard rublu keçib.

Beləliklə, “Çeburaşka” artıq Rusiya kino bazarı tarixində ən çox gəlir gətirən ilk on film layihəsində yer alıb və davamlı pul qazanma sürətinə görə onun yaxın vaxtlarda ilk üçlükdə olmaq şansı var.

Qeyd edək ki, indiyədək Rusiyada “Çeburaşka”nın ən yaxın rəqibləri “Zveropolis” cizgi filmi və “Karib dənizinin quldurları 5: Ölülər nağıl danışmır” filmidir.

Necə olar, bəlkə Çeburaşka heç oyuncaq deyil, portağal vadisində yaşayan boltüklü heyvandır?

Filmin treylerində deyilir: Bəzən böyüklərə günəş və gülüşü qaytarmaq üçün onlara bir şən heyvanı təqdim etmək bəs edir.

Bizcə, böyüklər qan-qadadan beziblər.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2023)

Kitablara marağın azalmasının hansı obyektiv və subyektiv səbəbləri var? “Ədəbiyyat və incəsənət” portalının ekspress-sorğu rubrikasını Habil Yaşar təqdim edir. 

 

Kənan Hacı, yazıçı

Bütün dünyada kitaba maraq azalıb. Kapitalist dünyası insana asudə vaxt qoymur ki, insan mənəvi inkişafını təmin etsin. Bizim insanların da kitab oxumaq imkankarı günbəgün məhdudlaşır. Bu da vəhşi kapitalizmin amansız reallıqlarındandır. İnsan 24 saat ərzində ancaq necə, hardan pul qazanmaq haqda düşünür. Beyində kitaba yer qalmır. Biz yaxın gələcəkdə bunun acı fəsadlarını görəcəyik. Təəssüf ki, mən bir yazıçı olaraq heç bir çıxış yolu görmürəm. Bu də məni dərin depressiyaya salır. Yazıçı heç yerdən motivasiya ala bilmir, qonorar sistemi ləğv olunub. Belə mənəvi böhran içində nə yazmaq olar axı? Oxucudan da əlimizi üzmüşük artıq. Və taleyimizlə barışmışıq.

 

Məlahət Hümmətqızı, şair

Əlbəttə  bunun bir çox səbəbləri var. Texnologiya inkişaf etdikcə insanlar kitab alıb oxumağa tənbəllik edirlər. Bütün məlumatları internet səviyyəsində almağa  çalışırlar, kitab oxumaq istəyənsə elektron  kitabxanadan istifadə edir. Hər şeyi maddiyyata da bağlamaq olmaz. Kitab oxumaq istəyən həvəsi varsa, nə olur olsun,  istədiyi kitabı alıb oxuyacaq. Fikrimcə,  insanların kitab oxumasını istəyiriksə kitaba maraq, məhəbbət yaratmalıyıq. Orta və ali məktəblərdə yazıçı və şairlərlə  görüşlər keçirilməli, şagird və tələbələrə kitablar  paylanmalıdır. Şəhərimizdə çoxlu kitab mağazaları açılmalı və bu mağazaların sayı artırılmalıdır. Yadımdadır, mən məktəbdə oxuyanda  qəsəbəmizdə böyük kitabxana və bir neçə kitab mağazası var idi. Və valideynlərimdən aldığım cib xərcliyini mənasız şeylərə yox, kitablara  xərcləyərdim. İndi qəsəbəmizdə hər addım başı özəl klinika, restoran və çayxana var. Son illər kitaba maraq yaratmaq üçün ölkəmizdə kitab yarmarkaları, imza günləri keçirilir. Insanlar təşkil olunmuş  yerlərə gəlir kitab alır, oxuyurlar. Əlbəttə ki, bu sevindirici  haldır. Belə tədbirlərin keçiirlməsi  insanlarda kitaba maraq oyadır və bu ənənə tədqirəlayiqdir. İnsanlar bilməlidir ki, kitab oxumağın insan orqanizmi üçün faydaları   çoxdur. Mütaliə bilirsiniz nələrə qadirdir? Stresi azaldır, yuxusuzluğu aradan qaldırır, insanların empati duyğusunu  gücləndirir, beyin funksiyasını sürətləndirir, depressiyadan xilas edir, yaddaşı gücləndirir. 

Hər kəsə kitab oxumağı tövsiyyə edirəm.

 

                          

İradə Allahverdiyeva, müəllim

Təəssüf ki, müasir insanlar üçün bədii ədəbiyyat virtual kompüter oyunları, videolar və daha çox şeylərlə əvəz olundu. İndi xəbərləri bilmək və elmi fikrin ən son nailiyyətlərindən xəbərdar olmaq üçün oxumağa qətiyyən ehtiyac yoxdur. Televiziya ekranından və ya Kompüter, telefon ekranından məlumat çəkmək kifayətdir. Buna görə də şagirdlərin oxu fəallığının aşağı olması, oxunmuş mətn üzərində düşünmək istəməməsi müşahidə edilir.

 

 

Tural Nəbiyev, yazar

 Məncə, kitaba marağın azalmasının səbəblərindən biri internet və sosial şəbəkələrdir. Bu gün sosial şəbəkələrdən müsbət yöndə istifadə edənlər var. Ancaq, böyük əksəriyyət TikTok, facebook, instaqram kimi səhifələrdə boş vaxtlarını gündəmdə olan hadisələri izləməklə keçirirlər. Boş vaxtını bu işlərə sərf etmək insanları kitab oxumaqdan uzaqlaşdırır və onların kitaba olan marağını azaldır.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2023)

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında beynəlxalq müsabiqələr laureatı, pianoçu Toğrul Hüseynlinin “Rəşadətli uçuş” adlı solo konserti baş tutdu. 

 

Konsertin əsas özəlliyi ondan ibarət idi ki, o, şəhidə həsr edilmişdi: 

Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, “Şücaətə görə medal” ilə təltif edilmiş şəhid, polkovnik-leytenant Rəşad Atakişiyevə. 

Gecədə dünya klassik bəstəkarlarının əsərlərindən ibarət musiqi nömrələri səsləndirildi. 

Bunu gözəl bir ənənənin başlanğıcı saymaq olar.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2023)

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

 

Uğur üçün lazım olan keyfiyyətlər arasında biz bol informasiya almağın, mütaliənin necə vacib olmasını da sadalamışdıq. Statistik hesablamalara görə hər bir uğurlu insanın il ərzində orta hesabla 19 kitab oxuduğunu da sizin diqqətinizə çatdırmışdım.

Əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luqdakı kitablara bir-bir şərh verməyi davam edirəm.

 

Qay Kavasaki. Startap

Bu kitabın alt başlığı belədir: Apple-in eks-yevangelisti, Çaxmaq daşı vadisinin ən cəsarətli kapitalistindən 11 master-klass.

Qay Kavasaki adı əminəm ki, çoxlarınıza tanışdır. Onun istedadı və peşəkarlığı sayəsində Macintosh kompaniyası adını qızıl hərflərlə tarixə yazdırıb, Apple kompaniyası isə müasir dövrümüzün ən tanınmış brendlərindən birinə çevrilib.

Qiymətli, qızıl məsləhətlərlə bol olan, oxucunun əlindən tutaraq onu biznesdə uğur qazanmağın daşlı-kəsəkli yolları ilə apararaq əsl bələdçilik edən bu kitab təsadüfi deyil ki, ən böyük iş adamlarının stolüstü kitabıdır.

«Əgər sənin devizin «Daha boşboğazlıq və çərənçilik yetər, mənə de ki, mən nə iş görməliyəm» - dirsə, demək sən düzgün ünvanı tapmısan», – söyləyir yapon əsilli havaylı öz kitabı barədə.

O yazır:

 - Hər bir işdə ən vacib olanı başlamaqdır. Unutmayın: hələ heç kəs yalnız planlaşdırma ilə uğur qazanmağa müvəffəq olmayıb.

 - Sizə və sizin kompaniyaya xeyir gətirməklə bütün cəmiyyətə ziyan gətirən fəaliyyətin heç bir dəyəri yoxdur.

 - Özünüzün istənilən hərəkətinizə elə yanaşın ki, sanki onu bütün publika görəcək, sanki o, hər yerdə əks-səda verəcək. Unutmayın, siz nə iş görürsünüzsə, sizin «əl izləriniz» həmişə və hər kəs tərəfindən görünəcək.

 - Hər şey həyata keçməyincə mümkünsüz görünür. Sahibkarlıq fəaliyyəti məhz budur – sən başqalarının qeyri-mümkün hesab etdiyini eləyirsən.

 - Yaponlarda belə bir məsəl var, deyirlər axmaqlar iki yerə bölünür. Birincilər heç vaxt Fudzi dağının zirvəsinə qalxmayanlardır ki, ətrafın gözəl mənzərəsindən zövq ala bilmirlər. İkincilər isə həmin zirvəyə iki dəfə qalxanlardır.

Oxucularıma onu da söyləyim ki, Qay Kavasaki həm də biznesdə yevangelizm təliminin banisidir. Bir baxın, bu insanın təlimi müştəriyə satdığı məhsulun ən yaxşı olması barədə elə bir inam aşılamaqdır ki, müştəri heç bir təlimat olmadan, könüllü şəkildə ətrafdaki insanlara məhz bu məhsulu almağı tövsiyyə etsin!

Təsəvvür edirsiniz, yüz minlərlə müştərilər brendin könüllü təbliğatçısına çevrilirlər, Qay Kavasakinin dühalığı məhz bundadır.

O, inandırmağı gözəl bacarır. Oxucularım, sizi əmin edirəm ki, «Startap»ı oxusanız Qay Kavasaki özünün uğura doğru getmək qaydalarına və şərtlərinə sizləri mütləq inandıracaq.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2023)

 

Bu gün C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Animasiya Assosiasiyasının təşkilati dəstəyi ilə Azərbaycan Dövlət Film Fondunda tanınmış animasiya filmləri rejissoru Məsud Pənahinin 80 illik yubileyi qeyd olunacaq.

 

Azərbaycan Animasiya Assosiasiyasının yaydığı məlumata görə, yubiley tədbirində Dövlət Film Fondu tərəfindən bərpa olunmuş “Qız qalası əfsanəsi” (1978) və “Günlərin bir günündə...” (1975) animasiya filmləri, həmçinin uzun müddət itirilmiş hesab olunan, Məsud Pənahi tərəfindən Film Fonduna təqdim olunmuş “Xoruz” filmi (1977) nümayiş etdiriləcək.

Qeyd edək ki, Məsud Pənahi 1966-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1972-ci ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) rəssamlıq fakültəsini və ÜDKİ-nin nəzdindəki animasiya üzrə quruluşçu rejissor kurslarını bitirib. Məsud Pənahi animasiya kinosunun rejissorlarından İvan İvanov və Fyodr Xitrukdan dərs alıb. 1973-cü ildən 1979-cu ilə kimi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında animasiya filmlərinin rejissoru və rəssamı kimi çalışıb. Həmin illər ərzində bir neçə animasiya kursları təşkil edib, onlarla animasiya mütəxəssisi yetişdirib. Məsud Pənahi məşhur “Pıspısa xanım və Siçan bəy” animasiya filminin müəllifidir. 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq festivalında “Bulud niyə ağlayır?” animasiya filminə görə 1-ci mükafata layiq görülüb. 1979-cu ildə isə Aşqabadda keçirilən XII Ümumittifaq kino festivalında “Qız qalası əfsanəsi” animasiya filminə görə iştirak diplomu ilə təltif edilib. Uzun illər Almaniyada yaşayıb, Berlin Mərkəzi Telestudiyasında və müxtəlif animasiya studiyaları nəzdində 60-dan çox animasiya filmlərinin çəkilişlərində iştirak edib. M.Pənahinin son işlərindən biri Berlindəki Azərbaycan diasporunun dəstəyi ilə 2012-ci ildə çəkilmiş və Xocalı faciəsindən bəhs edən “Sükutun pozulması” animasiya filmidir. 2018-ci ildə Məsud Pənahi Azərbaycan animasiyasına verdiyi töhfəyə görə 1-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının “Qızıl qayıq” mükafatı ilə təltif olunub. 2019-cu ildə həmin festivalın beynəlxalq münsiflər heyətinin sədri olub. 2020-ci ildə Berlin şəhərində Məsud Pənahinin “Rezin xoruz” adlı avtobioqrafik kitabı nəşr olunub. O, 2022-ci ildən Azərbaycan Animasiya Assosiasiyasının üzvüdür.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2023)

Nüfuzlu Euronews yola saldığımız 2022-ci ilin ən yaxşı fotolarını müəyyənləşdirib. Burada Rusiyanın Ukraynaya təcavüzündən tutmuş İrandakı antihökümət yürüşlərinə, Tur de Frans yarışmalarınadək hər şey var. Yola saldığımız il hadisələr baxımından o qədər zəngin olub ki, fotoqraflar fotokameralarını futlyara salmağa macal tapmayıblar. 

Həmin fotoları ardıcıllıqla “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edir.

 

Növbəti Ukrayna fotosu. 17 iyul, 2022-ci ildə Vinnitsı şəhərində rus aviahücumu nəticəsində həlak olan 4 yaşlı Lizanın dəfn mərasimi. 

Foto: Efrem Lukatsky/AP

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2023)

Çərşənbə axşamı, 10 Yanvar 2023 11:15

Ceyran-cüyür qənimləri

Təbii ki, Azərbaycan təbiətinin bir gözəlliyi də ceyranlar, cüyürlərdir. Bu canlılar həqiqətən gözəllik etalonu hesab edilir, valideyinlər qızlarına Ceyran adı verib onların bəxtlərinin də gözəl olmasına körpü atırlar. Amma çox təəssüf ki, təbiətimizin bu gözəl canlılarına qənim kəsilənlər əsla öz bəd niyyətlərindən əl götürmürlər. Bir qarın yemək naminə onlara güllə atırlar. 

 

Budur, növbəti xəbər: Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qanunsuz ov edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İsmayıllı rayon sakini Rəşad Şahbazzadənin idarə etdiyi “Opel” markalı avtomobil yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb. Nəqliyyat vasitəsinə baxış keçirilərkən yük yerindən ovlanmış bir baş cüyür aşkarlanıb. Araşdırma zamanı Rəşad Şahbazzadənin avtomobildə olan digər iki sərnişin, İsmayıllı rayon sakinləri-Fariz Bəkirov və Cavanşir Xələfovla birlikdə həmin cüyürü satmaq məqsədilə İsmayıllıdan Qəbələyə gəldikləri müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Əminik ki, təbiət gözəlliklərinə qənim kəsilənlər öz layiqli cəzalarını alacaqlar.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.