“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk.
Bu dəfə mövzumuz beş ən mükəmməl motivasiya təlimi barədədir.
Bütün əvvəlki hissələrdə uğura aparan konkret yollardan bəs etdikcə özümüzə əxz edə bildik ki, 1) «Hər şey arzulamaqdan başlayır»; 2) «Uğura doğru getməkçün mütləq özündə möhkəm xarakter formalaşdırmalısan»; 3) «Sizə maneçilik törədən axmaq vərdişlərdən mütləq yan qaçmalısınız»; 4) «Məqsədə doğru iləriləyərkən ən kreativ üsullardan istifadə etməlisiniz»; 5) «Kifayət qədər gödək olan ömrü dəyərli yaşamaqla, dəyərsiz işlərə vaxt ayırmamaqla bir qədər uzatmalısınız».
Mən niyə məhz bu beş şərtlərin adını çəkdim? Çünki bu şərtlərlə bağlı ən mükəmməl hesab etdiyim motivasiya təlimlərini sizin diqqətinizə çatdırmaq istəyirəm ki, bunlar da Barbara Şer, Riçard Vaysman, Devid Şvarts, İrina Xakamada və Den Valdşmidtə məxsusdur.
Bacardığınız qədər hər bir frazaya diqqət etməyi sizdən rica edirəm. Beləliklə, sıra ilə Barbara Şerin «arzulamalarından» başlayıb ta ki, Den Valdşmidtin «6 il əlavə yaşamaq» sirrinə qədər davam edirik.
Arzuları necə həyata keçirməyin Barbara Şer təlimi
Əlbəttə, biz hamımız müvəffəqiyyətli adam olmağa cəhd edirik, amma çox vaxt bunun üçün nə edəcəyimizi bilmirik. Tanınmış motivasiya spikeri Barbara Şerin Enn Qotliblə birgə yazdığı «Arzulamaq ziyanlı deyil» adlı təlimi ilə tanışlıqdan hədsiz məmnun olmuşam. Belə ki, xanım Barbara arzuları həyata keçirmək metodikasını açıqlayır. Özü də o, «arzulara inan, onlar mütləq həyata keçəcək» kimi banal məsləhət vermir, «sabahkı gündən hər şeyi yenidən başla» kimi taftalogiyaya müraciət etmir. O, həyat tərzinizi dəyişmədən hər gün məqsədə, uğura doğru bir kiçik addım atmağın yolunu göstərir. Çox maraqlıdır, deyilmi?
«Arzulamaq ziyanlı deyil» - bəzən biz bu frazanı kinayə ilə, ironiya ilə işlədirik. Amma Barbara Şer isbat edir ki, arzulamaq heç də ziyan deyil, əksinə, olduqca faydalıdır. Ən əsası – düzgün arzulamaq lazımdır, bəxtəvərlikdən göylərdə üçmaq, dünyaya sahib olmaq, xoşbəxtlik istəmək kimi mücərrəd arzulardan qopmaq, konkret olaraq nə istədiyini bilmək lazımdır.
Möcüzəyə ümid bağlamamaq, arzulara addımbaaddım çatmağın planını tutmaq lazımdır. Nizam-intizamla, şansları düzgün dəyərləndirməklə, köməyə ehtiyac olanda utanmadan kömək istəməklə siz arzunuza çatacaqsınız.
Barbara Şer arzuya çatılmasını ağır, monoton bir iş hesab edir, hamıya da arzulara məhz bu prizmadan baxmağı tövsiyə edir.
İş ondadır ki, müəllifin özünün də həyatında çox ağır dönəmlər olub. Dul qalan qadın iki övladını böyütmək üçün bir neçə il ərzində ofisiant işləyib. Hədsiz ehtiyac çəkiblər. Öz rastına çıxan çətinliklər, öz acı həyat hekayəsi onu motivasiya kitabları yazmağa vadar edib. İlk belə kitabı xanım qırx yaşında yazıb. Bu gün, 37 ildən sonra onun hesabında artıq yeddi bestsellər vardır və o, dünyanın ən yaxşı motivasiya spikerlərindən biridir.
Tam adı «Arzulamaq ziyanlı deyil. Doğrudan da, istədiyin şeyi necə əldə etməli» olan kitabın məğzi budur: «Arzuların həyata keçməsi üçün özünühipnozla məşğul olmaq, ekstrasens – falçı yanına getmək lazım deyil. Lazım olan arzuya çatmaq məsələsinin praktiki metodikasını işləyib hazırlamaq, planlaşdıra bilmək bacarığı, özünü yeniliklərə hazırlamaq xüsusiyyəti, lazımi material və informasiyalara yol tapmaq, yeni kontaktlar qazanmaqdır».
Barbara Şerin kitabında çox dəyərli bir hissə var: həyatdan nə istədiyinizi bilmək, özünüzə yaxın olan emosional obrazı tapmaq, öz arzularınızı daha yaxşı ifadə etmək üçün 5 sadə çalışma.
Ötən günlərdə ilk çalışmalarla tanış olmuşdunuz.
Birinci çalışma.
Sizdə müsbət emosiya yaradan rəngi seçin. Bu, vacib deyil ki, ən çox sevdiyiniz rəng olsun. Rəngi seçdikdən sonra təsəvvür edin ki, həmin rəng siz özünüzsünüz. Rəngin adından mətn yazmağa başlayın: «Mən göy rəngəm. Mən səmanın və dənizin rəngiyəm. Mən də bu iki varlıq kimi azad, güclü və üsyankaram».
İkinci çalışma.
Özünüzü kəşfiyyat məqsədi ilə sizin mənzilinizə daxil olmuş xəfiyyə təsəvvür edin və xəfiyyənin gözü ilə «ilk dəfə evinə girdiyiniz adama» qiymət verməyə çalışın. O nəyə meyil edir? Hansı həyat tərzini keçirir?
Məsələn, «Bu insan mətbəx sirlərini gözəl bilir. Belə ki, onun mətbəx şkafında dünyanın ən gözəl ədviyyatlarına rast gəlmək mümkündür, o, bunlardan xörək bişirəndə həmişə istifadə edir», - kimi.
Siz xəfiyyənin adından nə yazacaqsınızsa, bu, sizin portretiniz olacaq. Özünüz barədə təəccüblü, gözlənilməz şeylər öyrənəcəksiniz.
Üçüncü çalışma.
Yaxın bir adamdan xahiş edin ki, üç dəqiqə ərzində sizin ən yaxşı keyfiyyətlərinizi söyləsin. Bunları bir vərəqə köçürün. Özü də, həmin şəxs «Sən çox ağıllısan», «Sən çox yaraşıqlısan» seriyasından olan komplimentlər səsləndirməməlidir: « Sənin çox zəngin fantaziyan var», «Sən çox nizam-intizamlı adamsan» və s. kimi keyfiyyətlər söylənilməlidir.
Bu çalışma sizə kənardan özünüzə baxmaq, öz üstün cəhətlərinizi görə bilmək üstünlüyü verəcək. Və çox yəqin ki, sizi yeni düşüncələrə və ideyalara kökləyəcək.
Dördüncü çalışma.
Özünüzün iyirmi ən sevdiyiniz məşğuliyyəti vərəqə köçürün. Bura, həm böyük vaxt aparan məşğuliyyətlər (məsələn, kino çəkilişi), həm də epizodik məşğuliyyətlər (məsələn, pəncərədən yoldan keçənləri müşahidə etmək) aid ola bilər. Yazandan sonra iyirmi punktun hər birinə bir-bir nəzər yetirin və hər birində də özünüzə sual verin: son dəfə mən nə zaman bu işlə məşğul olmuşam, bu hobbi hər hansı xərc tələb edirmi, onunla təklikdəmi, yoxsa kampaniya arasında məşğul oluram, bu məşğuliyyət ruhumunmu (məsələn, konsertə getmək), yaxud cismiminmi (məsələn, səhər gimnastikası) tələbidir.
Sonda analiz edib bu suala cavab tapın: Bu iyirmi məşğuliyyətdən hansılarını həyatınızda daimi etmək istəyərdiniz.
Bu günsə növbəti və sonuncu çalışma ilə tanış olacaqsınız.
Beşinci çalışma.
Ən xırda epizodlarına kimi öz ideal gününüzü vərəqə köçürün. Siz kiminlə və harada yaşayırsınız? Saat neçədə yuxudan durursunuz? Nə geyinirsiniz? Gün ərzində nə ilə məşğul olursunuz? Gün ərzindəki arzu və istəklərinizi də yazın. Və unutmayın ki, «Kaş ki, olaydı» ifadəsi əsil arzunu ifadə edə bilmir. Əsil arzu birinci şəxsin dilindən, özü də qəti, «olacaq» ifadəsi ilə ifadə olunmalıdır.
Öz ideal gününüzü yazdıqdan sonra arzularınızı 3 kateqoriyaya bölməyə çalışın.
1. Sizə xoş olan, həyatınız üçün ən zəruri şeylər hansılardır? Hansı ki, onlarsız siz özünüzü havasız kimi hiss edirsiniz. Məsələn, sizə rahatlıq verən mənziliniz, sizə güc və həyat eşqi verən kabinetiniz, sizə fərqlilik, komfort gətirən avtomobiliniz və s.
2. O qədər də vacib olmayan, amma arzuladığınız elementlər: məsələn, eyvandan dəniz mənzərəsi, kabinetinizin pəncərəsindən güllü-çiçəkli bağın mənzərəsi və s.
3. Sizdə olması xoş olan, amma onsuz da keçinə biləcəyiniz əşya. Məsələn, yeni IPhone modeli, əl işi olan bahalı qələm və s.
Düşünün, sizin ideal gününüzdə hansı elementlər var, hansılar yoxdur? Sizin şəxsi pazlda nələr çatışmır? Nə etməlisiniz ki, şəxsi pazl tam olsun?
Həqiqi arzuları seçib onlara qovuşmaq yolunu tapmaq, baxın, bu çalışmalardan keçir.
Bu bölmədə ən sonda nəyi qeyd etmək istəyirəm? Əziz oxucu, unutma ki, arzuya gedən yolda gərgin çalışmalar, qətiyyət və inam başlıca yer tutur.
Amma arzularınızı da mütləq korrektə edin. Sizi həqiqi yolunuzdan sapındıracaq arzularla sizi uğura aparacaq arzuları mütləq ayırmağı bacarın!
Əlbəttə ki, yaxşı arzulamaq əsla ziyanlı deyil!
“Ədəbiyyat və incəsənət”
(24.07.2023)