Super User

Super User

Çərşənbə, 11 Yanvar 2023 12:15

Ötən il maliyyə axını 9,5 faiz artıb

2022-ci il ərzində maliyyə axınlarının həcmi 26,4 milyard manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 9,5 faiz çoxdur. 

 

Mərkəzi Bankın məlumatında deyilir ki, ötən il də ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə, sosial təminat (21,3 faiz), tikinti (19,8 faiz) və ticarət, nəqliyyat vasitələrinin təmiri (15,8 faiz) olub. Daxilolmalarda ötən ilin müvafiq dövrünə nəzərən artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahələri isə tikinti (1 milyard 979 milyon manat artım) və ticarət, nəqliyyat vasitələrinin təmiri (1 milyard 418 milyon manat artım) sahələri olub. Bütövlükdə, rüb ərzində maliyyə axınları üzrə ötən ilin eyni dövrünə nəzərən yeddi iqtisadi fəaliyyət sahəsində azalma, digərlərində isə artım qeydə alınıb. 

Ən çox artım daşınmaz əmlak (2,1 dəfə), tikinti (61 faiz) və ticarət, nəqliyyat vasitələrinin təmiri (52 faiz), ən çox azalma isə elektrik enerjisi, qaz, buxar təchizatı (-34 faiz), maliyyə və sığorta fəaliyyəti (-28 faiz) və digər sahələrdə xidmətlər (-26 faiz) sektorlarında qeydə alınıb.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2023)

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. 

Kamal Xudaverdiyevdən 12.05.1998 tarixində götürülmüş müsahibə

 

 

“AKTYOR TALEYİMDƏN RAZIYAM”

 

 

60 yaşını qeyd etməyə hazırlaşan sevimli aktyorumuz, Xalq artisti Kamal Xudaverdiyev sənətdə qarşılaşdığı çətinliklərə baxmayaraq bu fikirdədir.

 

- Kamal müəllim,  siz Buğa bürcü altında doğulmusunuz. Astroloqların fikrincə, buğalar inadkarlıq nəticəsində gec-tez istədiklərinə nail olurlar.

- Elə şeylər var ki, heç 60 yaşında da nail olmamışam. 1975-ci ildən ev növbəsindəyəm. Amma hələ də ev ala bilməmişəm. İki oğlum, gəlinim, anam və həyat yoldaşımla birlikdə birotaqlı mənzildə yaşayıram. Bakı şəhərinin meri Rəfael Allahverdiyevin məsləhəti ilə dörd il əvvəl Prezidentə məktub yazmışam. Eyni məzmunlu daha iki məktubu Fatma Abdullazadə öz kabinetində mənə diqtə edib. Mənim də xasiyyətim elədir ki, bir qapını iki dəfə döyməyi xoşlamıram.

 

- Övladlarınız nə işlə məşğuldurlar?

- Böyük oğlum Ağahüseyn İncəsənət Universitetinin menecerlik fakültəsini bitirib, hələ özünə iş tapa bilməyib. Kiçik oğlum Rövşən onuncu sinifdə oxuyur.

 

- Bəs, bu 60 ildə nail olduğunuz nə olub?

- Aktyor olmaq istəmişəm, olmuşam. Böyük zəhmət bahasına olsa da, sənətdə müəyyən yer tutmuşam. İndi ən böyük arzum uşaqları bir yana çıxarmaqdır. Maşın, bağ kimi şeyləri heç vaxt arzulamamışam. Çünki sənətə gələndə bilmişəm ki, bu sənətdə pul yoxdur.

 

- Mayın 3-də 60 yaşınız tamam oldu. Sizi bütün sənətsevərlər adından təbrik edirəm. Yubileyinizi qeyd edəcəksinizmi?

- Mədəniyyət Nazirliyi yubileyimlə bağlı göstəriş verib. Ayın 15-də teatrda yubileyim qeyd olunacaq. Sonra “Kral Lir” tamaşası göstəriləcək. Mən bu tamaşada baş rolu oynayıram. Mən ümumən çox təntənəni sevmirəm. 50 illiyimi də elə bu cür qeyd elədim.

 

- “Kral Lir” xeyli müddətdir ki, göstərilmir. Deyilənlərə görə, bu, sizin səhhətinizlə bağlıdır.

- Yox, qardaş, elə deyil, kim bunu deyirsə, yalan deyir. Uzunmüddətli təmirdən sonra tamaşaçı teatra yadırğadı. Amma, məncə, lap on tamaşaçı gəlsə belə, yenə də “Kral Lir” kimi tamaşanı repertuardan çıxarmaq olmaz.

 

- “Kral Lir”i yaratdığınız obrazların kralı hesab etmək olarmı?

- Hələki olar. Amma mən bunu son hədd hesab etmirəm. Elə olsa, gərək sənətə əlvida deyim.

 

- Teatra təzə gəldiyiniz vaxtları necə xatırlayırsınız?

- O vaxtlar bizə rol verməyəndə xiffət edərdik. İndiki cavanlarda öz sənətlərinə münasibətdə, elə bil, bir soyuqluq var. Mənimlə birlikdə teatra gələn Hamlet Xanızadə, Hamlet Qurbanov, Səməndər Rzayev kimi gənclər, Möhsüm Sənani, Həsənağa Salayev, Hökümə Qurbanova, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Məmmədrza Şeyxzamanov kimi böyük aktyorların əhatəsində böyümüşük. Onlar çox sadə adamlar idi. Sözün yaxşı mənasında bizi sənətə qısqanırdılar da. “Vaqif” tamaşasında məni Möhsüm Sənaniyə dublyor vermişdilər. Hər ikimiz Eldarı oynayırqıq. Belə qısqanclığı onda hiss etdim.  Hökümə xanımla “Antonio və Kleopatra”da bir tamaşada oynayanda heyranlıqdan səhnədə onun tamaşaçısına çevrilirdim.

 

- Sənət həyatınızda ən xoşbəxt gün.

- Teatra gəldiyim gün.

 

- Bəs, ən kədərli gün.

- Mən ancaq əzizlərimi itirəndə kədərlənirəm. Atamı bir yaşımda itirmişəm, məni anam böyüdüb.

 

- Bəs, sizi sənətə gətirən nə olub?

- Korifey aktyorlar. Yeddi-səkkiz yaşlarımdan mən bir tamaşa buraxmamışam. Hər bazar bir abbası, iki abbası yığıb gedirdim “Tuyuz”un tamaşalarına. O vaxtlar on altı yaşa qədər uşaqları Dram Teatrına buraxmırdılar.

 

- Aktyor olmağınıza peşman deyilsiniz ki?

- Qətiyyən! Mən Neft Texnikumuna əla qiymətlə daxil oldum. Sonra hamının gözünün qabağında sənədlərimi cırdım ki, oxumayacam. Orta məktəbi bitirib, sənədlərimi aktyorluğa verdim.

 

- Oynadığı rollar aktyorun xarakterinə hopurmu?

- Yaxşı cəhətlər hopa bilər, amma inanmıram ki, insanın xarakteri dəyişə.

 

- Haqqınız tapdananda ilk ağlınıza gələn nə olub?

- Demişəm ki, belə də olmalıymış. Hər şeyi ürəyimə salsaydım, bəlkə də, indi burada oturub sizinlə söhbət etməzdim.

 

- Deyirlər ki, sənətkarlar infarkta çox meylli olur... --     Məmməd Arazın Ələsgər Ələkbərova yazdığı bir şeir var, deyir ki, ürəklə yaşayanların ölüm də elə ürəkdən olur. Mən bir dəfə infartkt keçirmişəm, ikinci dəfə infarkt səviyyəsinə gəlib çatmadın.

 

- Sizcə, Kamal Xudaverdiyev necə adamdır?

- Tənhalığı sevir, məclis adamı deyil. Günün beş saatını tənha düşüncələrə həsr edir. Bir də görürsən, Yaşar Nuri, ya da başqa birisi ilə toyda olanda deyir ki, gəl düşək oturaq barda. Hətta tək içməyi sevirəm.

 

- Adamayovuşmazsınız?

- Özümdən asılı deyil, darıxıram. Hətta qonaq gələndə də. Bəlkə də, ömrü boyu dar otaqda yaşamışam, ondandır. Qonaq gəlsə, heç bir iş görə bilmirəm.

 

- Potensial imkanlarınızı səhnədə tam reallaşdıra bilmisinizmi?

- Əgər bu gün Kral Liri oynayıramsa, demək, müəyyən həddə gəlib çatmışam.

 

- Aktyorun qrim etməsinə necə baxırsınız?

- Əgər aktyor həyatda qrim edirsə, buna çox pis baxıram. Səhnədə isə bu normaldır. Abbas Rzayev adlı bir aktyor vardı, deyirdi ki, rejissor Tuqanovun vaxtında rolun tələbi ilə biz hətta paltarımızı da çıxarardıq. Müasir teatrda qrimdən çox az istifadə olunur. Mən hətta “Kral Lir”də də qrimdən istifadə etmirəm. Ümumiyyətlə, son otuz ildə qrimdən istifadə etdiyimi xatırlamıram.

 

- Aktyor taleyinizdən razısınızmı?

- Razıyam. Mən təməlindən aktyor olmamışam. Nəyə nail olmuşamsa, tədricən, pillə-pillə gəlib çatmışam. Elə olub ki, on il rol almamışam.

 

- Elə niyə?

- Rejissor Tofiq Kazımova söz çatdırırdılar. O isə çox sözə gedən adam idi, dedi-qodulara inanıb, rol vermirdi.

 

- Aktyor rejissordan nəsə götürürmü?

- Çox şey götürür. Mehdi Məmmədov pedaqoq idi. O, aktyoru tədricən yükləyirdi ki, axırda xarakteri alsın. Tofiq Kazımov isə hər şeyi özü göstərirdi, başa salırdı. Hövsələsi yox idi ki, məşqləri çox uzatsın. O, “Məhv olmuş gündəliklər”i iyirmi bir məşqə hazırlamışdı. Ona görə aktyorlar beş-altı tamaşadan sonra obrazı tam dərk edirdilər. Mərahim Fərzəlibəyov isə deyir ki, mən aktyor yetişdirmirəm. tapşırıq verib, sonra öz işini görür. Bəhram Osmanov ilk növbədə aktyorla işləyib, sonra rejissor işini görür. Vaxtilə Mehdi Məmmədovdan öyrəndiklərimi indi mən İncəsənət İnstitutunda tələbələrimə öyrədirəm.

 

- İndiyədək neçə rol oynamısınız və ən çox hansı rolunuzu sevirsiniz?

- Yüzə yaxın rolum olub, hamısını sevirəm.

 

- Təsəvvür edin ki, sehrli xalçaya minib gələcəyə gedirsiniz. Geri dönməyəcəksiniz. Özünüzlə bir şey götürməyə icazə verirlər. Nəyi götürərdiniz?

- (alnını ovuşdurur) Çətin sualdır bu, gərək fikirləşəsən. Fikrimi sonra deyərəm, növbəti müsahibələrimizdə...

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2023)

Publisit-politoloq Reyhan Mirzəzadənin “Bəşəriyyətə şölə saçan teatr günəşi” adlı kitabı çap olunub. Son illər rus ədəbiyyatının görkəmli nümayəndələri haqqında silsilə yazıları, nəşr olunmuş kitabları ilə oxucular arasında tanınan Reyhan Mirzəzadənin bu kitabı rus dramaturgiyasının, teatrının yaradıcısı olan Aleksandr Nikolayeviç Ostrovskinin həyat və yaradıcılığı haqqındadır. 

 

Kitab rus teatrının çətin, mübarizəli yollarından bəhs edir. A.N.Ostrovskinin yaradıcılığına müraciət edən və onun pyeslərindən bəhrələnən Azərbaycan yazıçılarının fəaliyyəti də kitabda öz əksini tapıb. Azərbaycan səhnəsində A.N.Ostrovskinin dramlarını məharətlə oynayan aktyorlarımızın istedad və bacarığı haqqında Reyhan Mirzəzadə araşdırmalar apararaq, oxucuya zəngin materiallar təqdim edib. 

“Bakı mətbəəsi”ndə çap edilən kitaba “Ön söz”ü yazıçı-publisist Zöhrə Əsgərova yazıb. 

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2023)

YÜKSƏKMƏDƏNİYYƏTLİ İNSANLARIN VƏ RƏQABƏTQABLİYYƏTLİ İNSAN KAPİTALININ FORMALAŞMASI VƏ İNKİŞAFINA KULTUROLOJİ AÇAR. “MƏDƏNİYYƏT DÜNYANI XİLAS EDƏCƏK” MONOQRAFİYASI

ƏRƏB DİLİNDƏ NƏŞR OLUNUB.

 

9 yanvar 2023-cü ildə “Mədəniyyət dünyanı xilas edəcək!” kulturoloji monoqrafiyası ilk dəfə ərəb dilində nəşr olunmuşdur. Bu, Sivilizasiyalar Dialoqu Açıq Universitetinin və Azərbaycan “Simurq” Mədəniyyət Assosiasiyasının birgə əməyinin məhsuludur. Monoqrafiyanın müəllifləri tanınmış kulturoloq alimlər – Rusiya Təhsil Akademiyasının akademiki, “Sivilizasiyalar Dialoqu” Açıq Universitetinin prezidenti professor Suheyl Fərah və Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, Azərbaycan “Simurq” Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədovdur.

 

YUNESKO-nun 75 illiyinə həsr olunmuş monoqrafiya Dəməşqdə Suriya Mədəniyyət Naz- irliyinin nəzdindəki Suriya Milli Kitab Assosiasiyası tərəfindən tanınmış ərəb tərcüməçi doktor Muhamməd Kadjunun tərcüməsində, 647 səhifə həcmində nəşr edilib.

Kitabda ruhi mədəniyyətin strukturunu və funksiyalarını, mahiyyəti və xüsusiyyətlərini əks etdirən sistemli kulturoloji təhlili verilib. Burada mədəniyyətin əsas sosial fenomen kimi dəyəri özünü göstərir, insanı heyvadan fərqləndirən, qədim zamanlardan bizim günümüzə kimi insan həyatının saxlanmasına və yaxşılaşmasına səbəb olan, yüksək mədəniyyətli insanın mənəvi ink- işafının formalaşması texnologiyaları təsvir olunur.

Monoqrafiya, mədəniyyəti sosial sistem kimi dəyərləndirməyə, insanların yaşadıqları ölk- ələrdən asılı olmayaraq xalqların kulturogenez mexanizmlərini və mədəni inkişafının obyektiv amillərini anlamağa kömək edən çox sayda innovativ kulturoloji konsepsiyaları və formulları özündə cəmləşdirir. Onda mədəniyyətin düzgün anlaşılmasına, intellektual və etik mədəniyyət dəyərlərinə, həmçinin mədəniyyətin ayrılmaz hissəsinə - insanın zehni əməyinin nəticələrinin ma- teriallaşmasını nəzərdə tutan, maddi mədəniyyətin predmetlərini istehsal edən iqtisadiyyata xüsusi yer ayrılıb.

Ayrı-ayrı başlıqlar və paraqraflar ailə mədəniyyəti, dini mədəniyyət, sülh və münaqişələrin həlli mədəniyyəti məsələlərinə, Şərqin və Qərbin mədəni inkişaf xüsusiyyətlərinə, habelə xarici ölkələrin dövlət idarəetməsi və sosial idarəetmə mədəniyyətinin inkişafındakı təcrübəsinə həsr olunmuşdur.

Kitabda BMT və YUNESKO – nun dünya mədəniyyətinin humanistləşməsinə təkan verəcək yeni siyasəti öz əksini tapıb. Burada milli və beynəlxalq idarəetmədə böhran hallarının aeadan qaldırılmasına yönəldilmiş yanaşmalar, bəşəriyyətin humanitsar təhlükəsizliyinin təminatına hədəflənmiş mədəniyyətlərarası dialoqun texnologiyaları təsvir edilib.

Əsər son dərəcə aktualdır və çox sayda alimlərin, pedaqoqların və mütəxəssislərin, geniş oxucu kütləsinin, müxtəlif ölkələrdən olan gənclərin stolüstü kitabına çevrilə bilər. Monoqrafiyada mədəniyyət və onun davamlı insan inkişafı üçün qeyri-məhdud dəyişdirici imkanlarından söhbət açılır, qloballaşmanın bir sıra çağırışları nəzərdən keçirilir.

Monoqrafiyanın praktiki dəyəri onunla şərtlənib ki, o, şəxsiyyətin özünü tək- milləşdirilməsinə, özünü təhsilinə, özünüdərkinə, özünü tərbiyəsinə və özünü idarəetməsinə kpmək edir ki, bütün bu sadalananlar da dünyada insan kapitalının inkişafı və yüksək mədəniyyətli insanların yetişməsi üçün çox mühüm əhəmiyyət daşıyır.

Monoqrafiya həmfikirlərimiz, Azərbaycanın böyük dostları – RF Tatarıstan Respublikasının gprkəmlo alimləri tərəfindən yüksək qiymətləndirilmişdir. “Mədəniyyət dünyanı xilas edəcək!” monoqrafiyasının hazırlanması zamanı onlarla gərəkli elmi məsləhətləşmələr aparılmışdır. Onlar kulturologiya, sülh mədəniyyəti, ədliyyə və digər humanitar və sosial elm sahələri üzrə öz funda- mental əsərləri ilə dünyada yaxşı tanınan şəxslər – Dünya Mədəniyyət İnstitutunun (YUNESKO) rektoru və akademiki, “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının prezidenti, “Si- murq” AMA-nın vitse-prezidenti, tarix elmləri doktoru, professor Engel Rizakoviç Tahirov və “Böyük Volqa Yolu” Beynəlxalq ictimai təşkilatının prezidenti, hüquq elmləri doktoru, professor Maksim Valentinoviç Andreyevdir.

“Mədəniyyət dünyani xilas edəcək” monoqrafiyasının elmi və praktiki dəyəri onunla bağlıdır ki bu, ensiklopedik xarakteri daşıyan fundamental əsər, universal kulturoloji biliklərin toplusu kimi, yüksəkmədəniyyətli insanlarin və rəqabətqabliyyətli insan kapitalinin formalaşmasi və ink- işafina kulturoloji açar kimi bütün dünyada istifadə oluna bilər.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2023)

Çərşənbə, 11 Yanvar 2023 11:15

Yeni ilin ilk sərgisi keçə sənətinə aid olacaq

Bu sahə barədə bilgiləriniz varmı? Ta qədimdən keçə adlı parçanın əkiz tayı məişətimizdə yer tutub. Yanvarın 14-də “NUR Art House” qalereyasında “Arts Council Azerbaijan” və “World Crafts Council Europe” təşkilatlarının birgə dəstəyi ilə modelyer-rəssam Nailə Kərimovanın "Keçə sənəti: Zamanın və məkanın vəhdəti" adlı ilk fərdi sərgisi açılacaq.

 

Qalereyanın mətbuat xidmətinin məlumata görə, keçə ustası Nailə Kərimovanın yaratdığı əsərlər müxtəlif mövzuları əhatə edir. Onun xalq tətbiqi sənətinə marağı uşaqlıqdan yaranıb. O, Azərbaycan Milli İncəsənət Muzeyində işlədiyi müddətdə incəsənət sahəsini dərindən öyrənməyə başlayıb və uşaqlıq marağı sənətə çevrilib. Daha sonra modelyer-rəssam kimi təhsil alıb və ciddi şəkildə tətbiqi sənətdə yenilik yaratmaq arzusu onu keçə sənətinə gətirib.

N.Kərimova Azərbaycan mədəniyyəti üçün çox nadir və unikal olan bu sənətin unudulmasını istəmədiyinə görə, ona müraciət edib. Ölkəmizin isti iqlim şəraitini nəzərə alaraq keçəni müxtəlif materiallarla kombinə edərək, yalnız dekor üçün deyil, həmçinin geyimdə və aksesuarlarda da keçə sənətindən istifadə edir. 

Qeyd edək ki, modelyer-rəssam Nailə Kərimovanın dizayner kimi axtarışlarında əsas məqsəd keçə sənətinin müasir ifadə vasitələri və imkanlarını tam olaraq sənətsevərlərə təqdim etməkdir. 

Çətin, məsuliyyətli, ancaq maraqlı sahədir.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2023)

2-ci hissə

 

 

Pah atonnan, ay gidi dünya! Millətçi olmamağım yadımdadı, di gəl, kim olmağım yox. Deyəsən, məndən bədbaxt heykəl yoxdur yer üzündə. Qoy bir də baxım bu andıra. (postamentə baxır, başını bulayır) 

Bir dənə hərif görünür - H. Bəlkə H deyil, böyük N-dır? Bəlkə, mənə latın əlifbası vaxtında heykəl qoyublar? Əlifbaların üçü də yadımdadı, özüm yox... Deyəsən, fırıldaq adam olmuşam. Bəlkə, qumarbaz? Yox, Sovet hökuməti qumarbaza heykəl qoymaz. Afərin olsun belə hökumətə ki, kim olduğumu yadından çıxarıb, harada yaşadığımı unutmamışam. Yeridiblər. Elə yeridiblər ki, 200 il ayaq üstə, ya ottux yerdə, əli yuxarı, ya əli aşağı dur bu torpaqda, fərqi yoxdur - səni tuncdan kim töküb, qranitdən kim yonub - beynindən çıxmaz. Əlbəttə ki, vaxtaşırı, bax, indiki kimi gəlib səni uçurtmayalar. Hər şey yadımdadı, adımdan savayı. Bəs, din necə? Deyəsən, müsəlman olmuşam. Amma hardan bilmək olar bunu? Bu din məsələsində də bir az cəncələ düşdüm, deyəsən. Görəsən, adamın heykəli düzələndə heykəltəraş, türkün sözü, hər şeyi qayırır? Yoxsa, elə üzdə olanları? (üst-başına baxır). Yox, tapa bilmədim onu da. Yeri yadımdan çıxıb. Amma bilirəm, elə bir şey var idi məndə. Nə vaxtsa... Neyləyim mən, ay camaat. Gül kimi durmuşdum orda. Eh, gecələr mənim ayaqlarımın altında o qədər araq içiblər ki, gəl görəsən. Vay dədə, necə antisovet söhbətlər eşitmişəm mən burdan, necə! Yox, nə deyirsiz - deyin, amma heykəl olmağın müsbət tərəfləri də var. Görürsən, eşidirsən, istəsən də heç kəsin işinə qarışa bilməzsən. Necə qarışasan? His, tüstü... basır adamı, daha doğrusu, adam heykəli. Yayda lap dilxorçuluq olur bunun ucundan. Heç olmasa, ildə bir dəfə gəlib adamı şlanqla yumurlar. Maşın yuyurlar, heykəl yumurlar. Maşın heykəli... Yaxşı, bəs, mənim maşı- nımın heykəlini neyçin qoymayıblar? İndiki kimi yadımdadı, mən ölüm, əntiqə maşınım var idi mənim - ZİS-110. Yox, ZİS-105. 110 kişidəydi - 01 - 01. Qara rəngli. Biri də Teymur Quliyevdə idi. Maşınlar da yadımdadı, rəhbərlər də. Özüm yadımdan çıxmışam. Ailəmi unutmuşam. Yaşadığım ev yadımdadı. Bax, bu boyda otaq var idi, heykəlim duran yerdə iri bir stol vardı. Nikolaydan qalma. Açılanda, ehey, burdan ora qədər uzanardı. Yeddi, bəlkə, on metr olardı, mən ölüm. Dayan, dayan, qonaqlıq olanda, üstünə ağappaq süfrə salardılar, bir dənə süfrə o boyda stolun üstünü örtərdi. Süfrənin də tən ortasında Q. Z. T. hərfləri tikilmişdi ipək sapla. Qadji Zeynalabdin Taqiev. Hacının malları ya satılanda, ya da təzə hökumətin adamlarının arasında bölüşdürüləndə, süfrə gəlib çıxmışdı bizə. Gözündə pensne olan bir kişi gətirmişdi. Ya babam idi, ya atam. İşə bax, süfrə yadda qalıb, ata, ya baba yox. Bu da, deyəsən, bolşeviklərin işidi. Ya da o süfrəni hazırlayan, toxuyan ustaların bacarığı, sənətkarlığı. Neyləyim, ay dədə. Bəlkə, gözündə, daha doğrusu, burnunun üstündə pensne gəzdirən kişi babam, atam yox, dayım olub? Dayım bizim evdə yaşayırdı, yəni? Axı, pensnesi tumboçkanın üstündə olardı, yanında stəkan, stəkanın içində qoyma dişləri, bir də kitab... dayan, dayan, hə, kitab... üstündə “Qılınc və qələm”. Maksim Qorkinin poeması? Yox, əşşi kimsə bizimkilərdən yazmışdı. Deyəsən. Yox, bizimkilər “Gələcək Gün” romanını yazmışdı. Yaxşı, bəs, o pensneli kişi kimiydi? Sir-sifət- dən bir balaca Molotova oxşayırdı. Hə, iki dənə çarpayı vardı. Birində o Molotova oxşayan kişi yatardı, o birində... Ay ana, sənə qurban olum, adın yadımdan çıxıb. Adın hardadır, ay ana? İki çarpayının tən ortasında, divarda şəklin də varıydı. Başına çəpəki beretka qoymuşdun... Bax, burda idi şəklin.

(Bu yerdən başlayaraq Heykəl evi bəzəməyə başlayır. Mümkün olan avadanlığı, şəkilləri, qapı-pəncərə şəkillərini yerinə qoyur. Patefon gətirir, uşaq velosipedi tapır. Xülasə, səhnənin dekorlarını, atributlarını yerbəyer eləməyə, onları canlandırmağa başlayır.)

Adın neyçin yadımdan çıxıb, məmə? Bəlkə, sağsan, məmə? Yox, mən azı, 20-30 ildi heykələm. Bəlkə, ondan da çox. Eh... Kül mənim heykəl başıma. Adə, ay Sovet hökuməti, atasını-anasını unutmuş adama da heç heykəl qoyarlar! Lap 5 dəfə Sosialist əməyi qəhrəmanı olsun, cəhənnəmə ki! Əslini- nəslini unudanlara da şəhərlərin meydanlarını verərlər? Günahdı, axı! “Gü- nah” sözü də yadımdadı, anamın adı yox. İyi də yadımdadı anamın. Heykəl burnumdan da sovuşmayıb ana ətri. Krepdeşin paltarda, bax, burda, burda pəncərə varıydı (pəncərəni yerinə qoyur), onun qabağında durub, hər axşamüstü... hə, hə... maşın gözləyərdi. Maşın siqnalı... turacı siqnal - dad, məni tutdular, dad, məni tutdular. Ay millət, pəncərənin qabağında anam yox, mən durardım. Siqnal eşidən kimi qışqırardım: “Mama, mama, papa gəldi”. ZİS- 105. Şofer də Anatoli. Ay Allah, sənə qurban olum, maşının da, şoferin də adları yadımda, ata - ananı neyçin silmisən huşumdan? (ağlayır) 

Yaxşı, bəs, o maşında gələn kişinin, dəqiq atam olan kişinin gözündə pensne yox idi, axı. Bəs, bax, burdakı çarpayıda yatan kişinin... Tumbuçka burdaydı, üstündə pensne, içində qoyma dişlər olan stəkan, bir də Maksim Qorkinin “Qılınc və Qələm” romanı. Ancaq mənim pəncərə qabağında gözlədiyim kişinin ağzındakı öz dişləriydi, gözləri də yaxşı görürdü. İndiki kimi yadımdadı. Uşaqlığım da yadımdadı. Kaş uşaqlığımın da heykəli olaydı. Niyə, görəsən, körpələrə heykəl qoymurlar? Əşşi, hamının uşaqlıq fotosu olmur? Qoy uşaqlıq heykəli də olsun. Bax, burda, vallah, indiki kimi yadımdadı, burada ramkada mənim uşaqlıq şəklim vardı, özü də tumançaq. Pensneli kişi hərdən ona baxıb, “qıqılı”, ”qıqılı” deyirdi. Bəlkə, babam idi o? Ay Allah, öldür də məni. Ölsəm necə, harada basdırarlar məni? Heykəl qəbiristanlığı var, görəsən? Sovet hökumətində gərək olsun, olmalıdır. Qurulan gündən elə vurhavurdu, uçurthauçurtdu. Xeyli qəbiristanlıqlar salmaq olardı bu məmləkətdə. Ölü heykəlləri diri heykəllər basdırardı. Bala heykəllərin üstündə ana heykəllər tuncdan, mərmərdən göz yaşı tökərdi. Ağı-bayatı deyərdi ana heykəllər. Ay kişilər, Kirovun yerində bir dənə nəhəng Göz Yaşı heykəli, abidəsi ucaltmaq lazımdır. 

 

Göz yaşı axıtdım bizim bu ellə, 

Çiynimdə lopatka, əlimdə bellə.

 

Hayıf bizdən, hayıf. Gül kimi millət ola bilərdik. Vaxtaşırı camaatımız susub, heykəllərimiz dil açmasaydı. Bəli, bəli, yer üzündə qoyulmuş heykəllər vaxtaşırı dil açırlar. Xüsusilə dövlət xadimləri, prezidentlər və nəhayət, imperatorlar. Amma sözləri həmişə keçmir. Vay o gündən, dil açan heykəllərin səsi, sözü eşidildi... Onda həngamə başlanır. Neyləmək olar. Həyatdı da. Hamı diri ola bilməz ki! Hamının da heykəli ola bilməz. Odur, dünya dediyimizdə çərxi-fələk elə dönür ki, hər bir milyon adamın yerinə bir heykəl ağız açıb danışmalı olur. Yəni, milyon adamın sinəsi, türkün sözü, dolur, dolur, dolur. Milyon məxluq bir yerdə, türkün sözü, sinəsini boşalda bilməz və onların yerinə heykəl danışmağa başlayır. Amma hayıf bizdən, hayıf. Çünki o milyon adamdan biri də bizim səsimizi eşidə bilməz, qadir deyil diri ət qulaq, ölü tunc ağızdan çıxan sözləri eşitməyə. Əslinə qalsa, bizim dilimizdə danışan bir kəs də yoxdur. Bəlkə də, var - bilmirəm... Odur, ay kişilər, heykəlləri çox uçurtmayın, birdən uçarlar. Qanad açıb uçarlar. Bir də görərsiniz, hər baharda uçurtduğunuz heykəllər qatar-qatar düzülüb, odur ha, gəlirlər yer üzüylə. Hara qonacaqlar? Bir də gördün... on tonluq heykəli sənin damına qonmaq istəyir. Bax, belə, quşbazlar kimi fit çalacaqsan? Yoxsa, “kiş-kiş” deyəcəksən? Dədəm vay...

1991

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2023)

Çərşənbə, 11 Yanvar 2023 10:15

Bu gün Turan Kitab Festivalı açılır

Xəbər verdiyimiz kimi, bu gün - yanvarın 11-də Bakıda Birinci Turan Kitab Festivalı açılacaq. “Pasaj-1901” sərgi salonunda təşkil olunacaq festival “Çapar yayınları”nın təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, DOST Agentliyinin, Bakıdakı Yunus Əmrə İnstitutunun təşkilati dəstəyi ilə reallaşacaq.

 

Təşkilatçı tərəflərdən biri, Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıçın açıqlamasına görə, festivalda 40-a yaxın nəşriyyatın, 20-yə yaxın kitab mağazası  iştirak edəcək. Onun sözlərinə görə, festivalda Türkiyədən olan bir sıra yazarların da iştirakı nəzərdə tutulur. 

Festival günlərində kitab təqdimatları, imza saatları, qiraət saatları, mühazirələr olacaq, müəlliflərlə görüşlər keçiriləcək.

“Xarici qonaqlarla eksklüziv görüşlər, alimlərlə diskussiyalar, zəngin proqram 2023-cü ilin ilk kitab bayramında zamanınızı səmərəli keçirməyə kömək edəcək”, - deyib Səlçuk Karakılıç. 

Festivalın bağlanışı yanvarın 15-də olacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2023)

Nüfuzlu Euronews yola saldığımız 2022-ci ilin ən yaxşı fotolarını müəyyənləşdirib. Burada Rusiyanın Ukraynaya təcavüzündən tutmuş İrandakı antihökümət yürüşlərinə, Tur de Frans yarışmalarınadək hər şey var. Yola saldığımız il hadisələr baxımından o qədər zəngin olub ki, fotoqraflar fotokameralarını futlyara salmağa macal tapmayıblar. 

Həmin fotoları ardıcıllıqla “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edir.

 

Tarraqondakı ənənəvi festival. İnsanlardan ibarət qüllədüzəltmək mərasiminə hazırlıq gedir. 2 oktyabr, 2022-ci il.

Foto: Josep Lago/AFP

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2023)

Az TV-nin YouTube kanalında 1945-ci ildə çəkilmiş “Arşın mal alan” bədii filminin çəkilişlərinin kadrarxası məqamlarını əks etdirən görüntülər üzə çıxıb. 

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, lent yazısında aktyorlarla yanaşı filmin ərsəyə gəlməsində zəhməti olan şəxslərin də kadrları yer alıb. 

Filmin rejissoru Rza Təhmasib və Nikolay Leşşenko, operatorları Əlisəttar Atakişiyev və Muxtar Dadaşovdur. “Arşın mal alan” tammetrajlı bədii filmi 1945-ci il oktyabrın 1-də tamaşaçılara təqdim olunub. Filmdə gənc tacir Əsgər rolunu Xalq artisti Rəşid Behbudov, Gülçöhrə rolunu isə Xalq artisti Leyla Bədirbəyli ifa ediblər. 

Bu film Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilib.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2023)

ATV-də gedən “Bir qadın” serialı kifayət qədər maraqla izlənilir. Tamaşaçı sevgisi qazanan aktrisalardan biri də Sona Babayevadır. “ATV səhər” proqramı Sona Babayevanın evində olaraq ondan müsahibə götürüb. 81 yaşlı aktrisa başına gələn zillətləri tamaşaçılarla bölüşüb. 

 

Onun danışdıqlarını dinlədikcə həyatın necə də keşməkeşli olması anlamına gəlirsən. Sona Babayeva danışır: 

“Bütün həyatım gözümün önündədir. Atam müharibədə (2-ci dünya müharibəsi - red.) yaralandı. Çox yaşamadı. Həmçinin də anam. Anam heç yadıma düşmür. Bacımı isə sonradan tapdım. O, evdə mən isə uşaq evində böyümüşdüm. İsinişə bilmirdim. 

Uşaq evindən çıxdıqdan sonra qalmağa yerim yox idi. Kolların arasında olan gizli oturacaq var idi. Girirdim ora, balış əvəzi çantamı başımın altına qoyub həmin oturacaqda büzüşüb yatırdım. Səhər tezdən isə küçələrdə təmizlik işləri görənlər gəlirdi. Onların süpürgələrinin səsini eşidən kimi dururdum ayağa və oradan qaçırdım. Altı ay mən çöldə qaldım”.  

S.Babayevanın ailə həyatı da acı olub, həyat yoldaşı ona aktrisa rəfiqəsi ilə xəyanət edib:

“Teatrda işləyəndə yaxşı günlərim olurdu. Səhnədə olanda mən xoşbəxt olurdum. Amma bu xoşbəxtlik sona kimi olmadı. Ailəmi sevib qurmuşdum. Lakin həyat yoldaşım naxələf çıxdı. Aramıza rəfiqəm girdi. O da aktrisa idi. Rəhmətə gedib. Ona öz bacım, qızım kimi baxırdım. Ancaq ərim mənə onunla xəyanət etdi. Boşandıq. Bundan sonra hər kəsə deyirdim ki, uşağımın atası ölüb. Oğlumu tək böyütdüm. Ona sənət də verdim. İnsanlar var idi ki, mənimlə ailə qurmaq istəyirdilər. Ancaq ilk həyat yoldaşım naxələf çıxdığına görə ikinci dəfə ailə həyatı qurmaqdan qorxdum”. 

İndi Sona Babayevanın yeganə təsəllisi səhnə həyatı, çəkiliş meydançalarıdır. “Bir qadın”dakı uğuru onu bir az da həvəsləndirib.

 

Qapaq şəklində: Sona Babayeva “ATV səhər” proqramında. 

Şəkillərdə: Aktrisanın gənclik fotoşəkli; O, “Bir qadın” teleserialında.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.