Super User

Super User

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) son 20 il ərzində Bakıya ilk qarın yağdığı tarixləri açıqlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı ETSN-in Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Trend-ə açıqlamasına istinadən bildirir ki, son 20 il ərzində Azərbaycanda qar ən tez 2015-ci ilin 4-5 oktyabrında Böyük və Kiçik Qafqazın dağlıq ərazilərinə yağıb. Bakı və Abşeron yarımadasına isə ən tez qar (sulu qar) 2011-ci ilin noyabrın 7-də, daha sonra noyabrın 24 və 25-də yağıb.

Buna qədər Bakı və Abşeron yarımadasında ilk qarın ən tez yağdığı tarix 2002-ci ilin 11 dekabrı olub. Həmin gün Bakıya 50 sm qar düşüb ki, bu da həmin il ərzində Bakıya ən çox qarın düşdüyü tarix olub.

A. Verdiyev qeyd edib ki, 2009-cu ildə yanvarın 1-4-də, 2012-ci ilin yanvarın 3-4-də, 2016-cı ildə yanvarın 1-4-də Bakı və Abşeron yarımadasına ilk qar yağıb:

 

"Son 20 il ərzində 2002 və 2011-ci illər istisna olmaqla, qalan illərdə Bakı və Abşeron yarımadasına ilk qar əsasən, yanvar ayında yağıb. Bakı və Abşeron yarımadasında qış mövsümündə ən çox qarın yağdığı ay da yanvar ayı olur".

A.Verdiyev bildirib ki, 2008-ci ilin yanvar ayı Bakı və Abşeron yarımadasında son 20 ilin ən soyuq keçən yanvar ayı olub. Həmin ildə yanvarın 8-də Bakıda 44 sm qar yağıb ki, bu da yanvar ayı üzrə ən yüksək göstərici olub.

Bu gün Bakıya ilk qarın yağdığını xatırladan A.Verdiyev yanvar ayının II və III ongünlüyündə də qarın yağacağını istisna etməyib.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

Bazar ertəsi, 09 Yanvar 2023 08:15

Bu gün əsl qış havası olacaq

 

Azərbaycanda yanvarın 9-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi 778 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarının bəzi yerlərində sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 15-20°, gündüz 5-10° şaxta olacağı ehtimal edilir. Yollar buz bağlayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

 

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Asiya Parlament Assambleyasının (APA) 13-cü plenar sessiyasında iştirak etmək üçün yanvarın 8-də Türkiyə Respublikasının Antalya şəhərinə işgüzar səfər edib.

 

AzərTAC Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, nümayəndə heyətini Antalya hava limanında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şamil Ayrım, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədrinin APA-nın 13-cü plenar sessiyasında çıxışı, həmçinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

Günün fotosu: Qara Nazaryanin gününü arzulamaqla qeyd etdilər

 

İsa peyğəmbərin büstlərini əllərində tutan on minlərlə filippinli katolik Manila şəhərində Qara Nazaryanın gününü qeyd etdilər və arzu dilədilər. Yerli inanca görə bütün sağlam arzular gələnilki bayrama qədər həyata keçəcəkdir. 

 AP Photo/Aaron Favila

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

Bazar ertəsi, 09 Yanvar 2023 20:00

Qeyri-neft ixracı 3 milyard dollara yaxınlaşıb

 

Cari ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 3 milyard ABŞ dollarına yaxınlaşıb.

 

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nin verdiyi məlumata görə, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2 991,99 milyon ABŞ dolları təşkil edib. Bu, 2021-ci illə müqayisədə 10,3 faiz çoxdur.

Ötən ilin IV rübündə qeyri-neft məhsullarının ixracı 875,22 milyon ABŞ dolları təşkil edib ki, bu da III rüb ilə müqayisədə 32,8 faiz çoxdur. 2022-ci ilin təkcə dekabr ayında qeyri-neft məhsullarının ixracının dəyəri 303,48 milyon ABŞ dolları olub.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2 milyard 713,4 milyon ABŞ dolları təşkil edib.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

Bazar ertəsi, 09 Yanvar 2023 19:00

Rəsm qalereyası: Salvador Dali, “Abstraksiya”

Rəsm qalereyası: Salvador Dali, “Abstraksiya”

115 ildir ki, səhnəmizə yaraşıq verən bir şedevr barədə xəbərimiz var. Yanvarın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası yenidən təqdim olunacaq. 

Hüseynqulu Sarabski (Məcnun) və Ə. Fərəcov (Leyli) ilk dəfə bu misilsiz tamaşada rol aldıqdan sonra Zeynəb Xanlarova və Arif Babayev, Nəzakət Məmmədova və Baba Mirzəyev, Elnarə Abdullayeva və Mirələm Mirələmov, Arzu Əliyeva və Mənsum İbrahimov ürəkləri riqqətə gətirən ifa ilə bu tamaşanı milyonların sevimlisinə çeviriblər. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu dəfə tamaşaçılar baş rollarda yenidən Arzu Əliyeva ilə Mənsum İbrahimovu görəcəklər. 

Beləliklə, rollarda:
Leyli - Arzu Əliyeva (Azərbaycan Respublikasının Əməkdar Artisti)
Məcnun - Mənsum İbrahimov (Xalq artisti)
Nofəl - Cahangir Qurbanov (Əməkdar artist)
İbn Salam -Təyyar Bayramov (Əməkdar artist)
Leylinin anası - Aytən Məhərrəmova
Leylinin atası - Rza Xosrovzadə
Məcnunun atası - Mütəllim Dəmirov
Məcnunun anası - Afaq Ağayeva
Zeyd - Nəzər Bəylərov
Şeyx - Vüqar Əliyev
Şeyx - Rafiq Abbasov

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Operanı dirijor, Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edəcək.

 

Qeyd edək ki, müsəlman Şərqində ilk opera sayılan “Leyli və Məcnun” dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınıb. Opera elə həmin ilin yanvarında ilk dəfə səhnəyə qoyulub. Ölməz bəstəkarın bu əsəri 115 ildir ki, teatr səhnəsində nümayiş olunur. 3 saat 10 dəqiqə çəkəcək tamaşanın qısa məzmununu nəzərinizə çatdırırıq:

 

Birinci pərdə

 

Birinci şəkil. 

Məktəb həyəti. Qeys onunla məktəbdə oxuyan Leylini sevir. Onlar dərsdən qalaraq görüşürlər. Qeys bir məslək kimi yüksək tutduğu məhəbbətini Leyliyə bəyan edir. Heç vaxt öz əhdindən dönməyəcəyini bildirir.

Məktəb yoldaşları onları bir yerdə görüb töhmətləndirirlər. Leylini Qeysdən ayırıb aparırlar. Ata və anası Qeysi pərişan görüb ona nəsihət edir, fikrindən daşındırmağa çalı­şır, söz verirlər ki, Leylini ona alsınlar.

 

İkinci şəkil. 

Leyli ilə Qeysin məhəbbəti dilə-ağıza düşür, dedi-qodulara səbəb olur. Qadınlar bu xəbəri Leylinin anasına yetirir. Anası Leylini danlayır və məktəbə getməyi ona qadağan edir.

Məcnunun atası elçiliyə gedir və rədd cavabı alır. Bu hadisə Məcnunu pərişan etsə də, o eşqin yolunda hər cür bəla və cəfaya dözəcəyini qət edir.

Başqa bır qəbilə başçısı -İbn-Salam Leyliyə elçiliyə gəlir və “hə” cavabı alır. Leyli fəryad qo­parıb, taleyindən şikayətlənir.

 

İkinci pərdə

 

Üçüncü şəkil. 

Leylini İbn-Salamın evinə köçürürlər. Məcnun iztirab çəkir. O, evin ət­rafında dolanır, İbn-Salam Leyliyə yaxınlaşanda Məcnunun töhmət dolu səsi və vəfasız Leyli haqqındakı sözləri onu dayandırır. Məcnun içəri girir. Qonaqlar məzəmmətlə onu ordan çıxarır. Ümidsizlik və iztirab Məcnunu adamlardan uzaqlaşmağa, baş götürüb səh­ralara qaçmağa məcbur edir.

 

Dördüncü şəkil. 

Vəhşi səhrada Məcnun özünü eşqin fəzalarında məskən tapmış kimi hiss edir. Leylinin xəyalı ilə yaşayır. Sevgilisinin surəti onun gözləri qarşısında canlanır. Məcnun öz atasını görməkdən xoşhal olsa da, evə qayıtmaq təklifini rədd edir. Nofəl ad­lı sərkərdə Məcnunun dərdini biləndən sonra Leylini qılınc gücünə də olsa Məcnuna al­mağı vəd edir. Savaş baş tutur. Leylinin atası məğlub olur və aman diləyərək Nofələ bildirir ki, daha gecdir, Leyli İbn- Salama ərə verilmişdir. Nofəl vuruşu dayandırmağı əmr edir.

 

Üçüncü pərdə

 

Beşinci şəkil. 

Hicran derdi Leylini üzüb ölüm yatağına salıb. İbn-Salam Leylinin soyuq rəftarından və ona könül vermədiyindən şikayətlənir. Leyli isə ona bildirir ki, Məc­nuna olan eşqi onun qəlbində sönmədikcə, heç kəsi sevə bilməyəcəkdir. İbn-Salam xəstə Leylini tək buraxır. Məcnunun xəyalı Leylinin gözlərində canlanır, Məcnunun xəyalı yanıqlı sözlərlə Leyli­nin vəfasız olduğunu söyləyir. Dərin iztirablar çəkib, bu qədər cismi və ruhi üzüntülər gö­rən Leyli öz canını təslim edir.

 

Altıncı şəkil. 

Leylinin ölüm xəbərini eşidən Məcnun nalə edir, Zeydə yalvanr ki, onu yarın məzarına aparsın.

Leylinin qəbri üstündə o acı fəryadla fələkdən şikayətlənir. Sonra öz sevgilisinə qo­vuşmaq üçün onun qəbrini qucaqlayıb ölür.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

Şəkildə: Arzu Əliyeva ilə Mənsum İbrahimovun Leylisi və Məcnunu. 

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

Bazar ertəsi, 09 Yanvar 2023 17:00

Dələduzluqla məşğul olan direktor həbs edilib

Bəzən biz mədəniyyətin aşağı səviyyədə olmasını savadsızlıqla, dünyagörüşünün bəsitliyi ilə izah edirik. Mədəniyyətin aşağı olması isə əksər hallarda aparıb cinayətkarlığa çıxarır. Növbəti xəbərimiz kriminal xəbər olacaq. 

 

Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluqla məşğul olan bir qrup şəxs Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Xətai rayonunda fəaliyyət göstərən “Zamin Əmlak Agentliyi”nin direktoru vəzifəsində çalışan Oqtay Zərbalıyev həmin agentliyin satış menecerləri Ramin Nağdəliyev, Orxan Əliyev və Natiq Şahmuradov ilə qabaqcadan əlbir olaraq agentliyə müraciət etmiş ümumilikdə 78 nəfərə qarşı dələduzluq ediblər. Siz təsəvvür edirsinizmi, şirkət aç və plan qur ki, kim müraciət edəcəksə onu aldadıb əmlakını mənimsəyək. 

Beləcə, banda üzvləri zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsi ilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər veriblər. Oqtay Zərbalıyev və qrupun digər üzvləri bu müddət ərzində 78 epizod üzrə zərərçəkən şəxslərdən ümumilikdə 1 milyon 490 min 200 manat məbləğində pul alaraq dələduzluq ediblər. 

Faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Oqtay Zərbalıyev və qrupun digər üzvləri saxlanılaraq istintaqa cəlb ediliblər. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılanların digər şəxslərə qarşı da analoji cinayətlər törətməsi istisna edilmir.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

 

Adətən hər yeni il uşaqlara Küknar ətrafında  Şaxta Baba və Qar Qızla düzənlənən, sonucda da hədiyyələr paylanan tədbirlərlə yadda qalır. Amma bu yeni ildə uşaqlara Heydər Əliyev Sarayı nisbətən fərqli əyləncə təqdim etdi. 

 

Bu dəfə uşaqlara nağıl qəhrəmanlarının iştirakı ilə, böyük Şam ağacının ətrafında musiqili, əyləncəli və interaktiv nağıl-tamaşa təqdim olundu. Özü də bir neçə gün dalbadal. Yeni ilin sevilən personajları uşaqları mahnılar, rəqslər, oyunlar və Yeni il zarafatları ilə sevindirdilər. Və hətta valideyinlər də zalda əyləşib övladları ilə birlikdə maraqla tamaşaları seyr etdilər. 

Uşaqların sevimli nağıl qəhrəmanları ilə dialoqları, həmçinin milli və xarici musiqilərə hazırlanmış rəqslər və sürprizlər nağıl-tamaşaya xüsusi rəng qatdı. Əyləncəli, musiqili, interaktiv və maraqlı süjet xətti ilə fərqlənən nağıl-tamaşa uşaqları sevindirib və gözəl əhval bəxş etdi. Uşaqlar sehrli və heyrətamiz nağıl dünyasına səyahət etdilər.

Şənliyin xüsusi qonaqları Xalq artistləri Faiq Ağayev, Miri Yusif və sevilən müğənnilər Murad Arif, Natavan Həbibi, Azad Şabanov və Nadir Rüstəmli uşaqların bayramlarını təbrik etdilər, musiqi hədiyyələrini təqdim elədilər. 

Bundan əlavə, Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən Yeni il şənliklərində uşaqlar tamaşaçı foyesində Şaxta baba və digər nağıl qəhrəmanları ilə fotosessiya etmək imkanı əldə etdilər. 

Heydər Əliyev Sarayının rəhbərliyi ənənəyə sadiq qalaraq bu şənlikdə də, Qarabağ müharibəsi iştirakçılarının, şəhid ailələrinin uşaqlarına və uşaq evlərinin sakinlərinə, əlillər cəmiyyətlərinin fiziki qüsurlu üzvlərinə təmənnasız yerlər ayırdı.

Nəcib təşəbbüsə görə var olsunlar!

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

 

“Şuşa İli” ilə bağlı Özbəkistanda çoxsaylı tədbirlər, təqdimatlar, layihələr həyata keçirilib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bu barədə AzərTAC-a geniş müsahibə verib. Daycest bölümündə həmin müsahibəni diqqətinizə çatdırırıq.

 

-Samir müəllim, “Şuşa İli” ilə bağlı rəhbərlik etdiyiniz Mərkəz tərəfindən Özbəkistanda hansı işlər, layihələr həyata keçirilib? 

-Əvvəlcə qeyd etməliyəm ki, 2022-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Şuşa İli” elan olunması mədəniyyət paytaxtımız Şuşanın dünyada tanıdılması istiqamətində uğurlu oldu, bu istiqamətdə Özbəkistanda da xeyli layihələr, tədbirlər reallaşdırıldı. Azərbaycan xalqının Şuşada yaratdığı zəngin mədəniyyəti, poeziyanı, memarlıq və incəsənət abidələrini, bu şəhərin məşhur şəxsiyyətlərini dünyada tanıtdırmaq istiqamətində xeyli işlər görüldü. 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 2022-ci ilin yanvar ayında Özbəkistan Jurnalistlər Birliyi və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti ilə birlikdə qardaş ölkədə Azərbaycan haqqında elan olunan Özbəkistan KİV-də ən yaxşı məqalə müsabiqəsinin əsas nominasiyası Şuşaya həsr edildi və nominasiya “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlandırıldı. Müsabiqə nəticəsində sözügedən nominasiya üzrə Özbəkistan mətbuatında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri, onun tarixi, mədəniyyəti, ədəbi həyatı haqqında çoxsaylı məqalələr, televiziya verilişləri yayımlandı və müsabiqəyə təqdim edildi. Ötən il dekabrın 26-da sözügedən müsabiqəyə yekun vuruldu və qaliblər fəxri diplomlar, pul mükafatı ilə təltif olundular. 

Biz, “Şuşa İli” elan olunması ilə əlaqədar Özbəkistanlı jurnalistlərin Azərbaycana mediaturunu da təşkil etdik. Belə ki, 2022-ci il oktyabrın 21-26-da Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Mening Yurtim 5” telekanalının jurnalistlərinin Azərbaycana, işğaldan azad olunmuş bölgələrə mediaturunu təşkil etdik.

Mediatur çərçivəsində Özbəkistanlı jurnalistlər Azərbaycanın Ermənistanın işğalından azad olunan Füzuli, Şuşa, Zəngilan, Ağdam rayonları və Gəncə şəhərində oldular və bu səfərlə bağlı geniş reportajlar hazırladılar. Özbəkistan Televiziyasında jurnalist Manuçehr Qalandarzadənin aparıcılığı ilə efirə gedən verilişdə Azərbaycanın musiqi və poeziya beşiyi, "Qafqazın konservatoriyası" – Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhəri haqqında geniş məlumatlar əks olundu. Qeyd olunan bu verilişdə xüsusi vurğulanır ki, 30 ilə yaxın ermənilərin işğalı altında qalan Şuşa şəhərinin bir çox binaları, o cümlədən məşhur tarixi memarlıq abidələri işğalçılar tərəfindən xüsusi barbarlıq həyata keçirilərək dağıdılıb və bununla bağlı verilişdə çoxsaylı videogörüntülər də əks olunub. 

Şuşa haqqında verilişdə Azərbaycanda Vətən müharibəsində həlak olmuş əsgərlərin xatirəsinin rəmzi kimi qəbul edilmiş, həmçinin Azərbaycan Ordusunun Qələbəsinin rəmzi kimi də tanınan “Xarıbülbül” çiçəyi və onun formasında olan simvoldan da söz açılıb. Verilişdə, həmçinin klassik Azərbaycan poeziyasının xanım şairi, eyni zamanda, ictimai xadimi olmuş Xurşidbanu Natəvan və onun XVIII əsrə aid tarixi-memarlıq abidəsi hesab edilən mülkü haqqında da geniş məlumatlar öz əksini tapıb. 

Aparıcı M.Qalandarzadə XVIII əsrdə yaşamış Azərbaycan şairi və dövlət xadimi, Qarabağ xanlığının vəziri Molla Pənah Vaqifin məqbərəsini də ziyarət edib, bu binanın Şuşa şəhərinin Ermənistan silahlı birləşmələri tərəfindən tutulmasından sonra ciddi ziyan gördüyünü, yalnız divarlarının qaldığını qeyd edib. O, şəhər azad olunduqdan sonra Azərbaycan dövləti tərəfindən Vaqifin muzey-məqbərə kompleksinin bərpa edildiyini vurğulayıb.

 

- “Şuşa İli” ilə bağlı Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanın aparıcı universitetlərində, mədəniyyət müəssisələrində Azərbaycan ocaqları, guşələri yaradıb. Bu barədə də fikirlərinizi bölüşərdiniz. 

-Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddəki tarixi “Turan” kitabxana-informasiya Mərkəzində yaradılan “Qarabağ guşəsi”nə Azərbaycan mədəniyyətinin beşiyi olan Qarabağ diyarının mədəni irsi, abidələrinə dair nəşrlər, milli xalçalar, suvenirlər, Qarabağ geyimləri hədiyyə olunub. Özbəkistanda keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində “Qarabağ guşəsi” hər iki ölkənin mədəniyyət xadimləri, alimləri, ziyalıları, dövlət nümayəndələri tərəfindən ziyarət olunur və daimi olaraq guşə nəşrlərlə zənginləşdirilir. Bu guşədə tanınmış qarabağlıların portretləri, posterlər, Azərbaycan Mədəniyyət Mərkəzinin əl işləri dərnəyində incəsənətin müxtəlif sahələri ilə məşğul olan uşaqların hazırladığı əsərlər ələlxüsus da “Xarıbülbül” ikonası iştirakçılara təqdim olunur. 

2022-ci il aprelin 14-də Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın Surxandərya vilayətində keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Termiz Dövlət Universitetində Xurşidbanu Natəvan adına Azərbaycan Ocağının açılışı olub. Açılışda Azərbaycanın və Özbəkistanın dövlət nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər. Azərbaycan Ocağında Xurşidbanu Natəvanın böyük portreti, şairənin həyat və yaradıcılığı haqqında məlumat lövhəsi, habelə Şuşa və Qarabağa aid banerlər, rəsm və fotolar yerləşdirilib. 

Termiz Dövlət Universitetində ayrılan xüsusi zalda Azərbaycan və Özbəkistanın dövlət bayraqları, ölkələrimizin siyasi xəritələri, Şuşanın simvolu Xarıbülbül maketi, Qarabağın milli qadın və kişi geyimləri bəzəyir. 

Azərbaycan Ocağında xüsusi kitabxana təşkil edilmişdir ki, buraya hədiyyə olunmuş nəşrlər arasında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycan mədəniyyəti və erməni işğalına dair çoxsaylı kitablar yer alır. Bundan başqa, kolleksiyada Azərbaycan Mədəniyyət Mərkəzinin özbək dilində Azərbaycan tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı çap etdirdiyi kitablar da yer alıb.

Adıçəkilən bu ocaqda Azərbaycanın şair və yazıçılarına aid portretlər, milli suvenirlərimiz, milli incəsənətimizə aid əl işləri də nümayiş etdirilir.

Xurşidbanu Natəvanın adını daşıyan Azərbaycan Ocağında ayrıca Azərbaycana dair kitabxana da fəaliyyət göstərir və burada iki ölkə arasında mədəni-ədəbi əlaqələrə dair görüşlərin, açıq dərslərin keçirilməsi, gələcəkdə isə onlayn formada Azərbaycan dili kurslarının təşkil olunması nəzərdə tutulub. 

 

- Samir müəllim, bildiyimiz kimi Mədəniyyət Mərkəzinizin təşəbbüsü və təşkilatçılığı ilə Qarabağda XIX əsrdəki “Məclisi-fəramuşan” poeziya məclisi yenidən təşkil edilib, bu poeziya məclisinin ilk görüşü də Azərbaycan və Özbəkistanın şairləri arasında keçirilib. Bu məclisin bərpa edilməsi layihəsi haqqında da məlumat verərdiniz. 

“Şuşa İli” çərçivəsində biz, Azərbaycanın və Özbəkistanın gənc şairlərinin iştirakı ilə “Məclisi-fəramuşan” poeziya məclisini iki əsrdən sonra hər iki ölkənin gənc şairlərinin iştirakı ilə bərpa edilməsi layihəsini irəli sürdük. Bu poeziya məclisinin əsas məqsədi Azərbaycan xalqının Qarabağda yaratdığı mədəniyyəti, ədəbiyyatı, poeziyanı dünyaya tanıtmaq, istedadı olan gənc şairləri üzə çıxarmaq, poeziyanın aktual məsələlərinə dair fikir mübadiləsi aparmaq, türk dünyası şairləri arasında ədəbi əlaqələri və həmrəyliyi genişləndirmək və onlar arasında əməkdaşlıq platforması yaratmaqdır. 

28 ildən sonra ötən ilin aprelin 17-də Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada Azərbaycan və Özbəkistan şairlərinin iştirakı ilə “Məclisi fəramuşan” şairlər məclisinin rəsmi açılışı oldu. Açılış mərasimində Azərbaycan Mədəniyyət Nazirliyi, hər iki ölkənin Yazıçılar birliklərinin rəsmiləri, habelə şairlərimiz, incəsənət xadimlərimiz iştirak etdilər. Əvvəlcə qonaqlar klassik Azərbaycan poeziyasının, Qarabağ ədəbi məktəbinin tanınmış nümayəndələri Molla Pənah Vaqifin məqbərəsi, habelə Xurşidbanu Natəvanın sarayı və onların Şuşa şəhərinin mərkəzində qoyulmuş büstlərini ziyarət etdilər və büstlərinin qarşısına gül-çiçək dəstələri qoydular. Rəsmi çıxışlardan sonra Molla Pənah Vaqifin məqbərəsi önündə Azərbaycanın xalq şairi Nəriman Həsənzadə, şair-yazıçılar İlqar Fəhmi, Sayman Aruz, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, özbək şair Qayrat Məcid, tərcüməçi-ədəbiyyatşünas alim Babaxan Şərifin də iştirakı ilə Vətən, Qarabağ, ədəbiyyat, sənət, türk dünyası, birlik, həmrəylik mövzusunda şeirlər səsləndirildi. Şairlər məclisində gözəl musiqi nömrələri və muğamlarımız ifa olundu. 

“Məclisi-fəramuşan” poeziya görüşündə Azərbaycan Dövlət Televiziyası tərəfindən videoçəkilişlər aparıldı və "Körpü" verilişində yayımlandı. 

Qeyd etmək istəyirəm ki, biz ötən il hər ay bu poeziya görüşlərini hər iki ölkənin gənc şairlərinin iştirakı ilə onlayn formatda keçirdik, tədbirdə səsləndirilən şeirlər tərcümə edilərək iki dilli layihə əsasında çap ediləcək. 

Bu il isə Azərbaycan Mədəniyyət Nazirliyi, TÜRKSOY təşkilatının dəstəyi ilə şairlər məclisini Türk Dövlətlər Təşkilatının digər üzv ölkələrinin şairlərinin də iştirakı ilə Şuşada keçirilməsini planlaşdırırıq və layihənin dostluğumuzu, qardaşlığımızı, ədəbi əlaqələrimizə töhfə verən bir mübadilə, əməkdaşlıq platformasına çevriləcəyinə inanırıq. 

 

-Daha bir gözəl layihəniz “Şuşa İli” ilə bağlı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycanın tanınmış şairəsi Xurşidbanu Natəvanın əsərlərinin özbək dilinə tərcümə və nəşri oldu. Gələcəkdə də belə layihələrin reallaşdırılması nəzərdə tutulurmu? 

-Bildiyimiz kimi, Xurşidbanu Natəvan XIX əsrin görkəmli Azərbaycan şairəsi, Qarabağ xanının qızı, çoxcəhətli istedad sahibi, şairliyi ilə yanaşı, həm də mahir rəssam kimi tanınaraq dövrünün mədəniyyət hamisi kimi də şöhrət tapmışdır. Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Xurşidbanu Natəvanın əsərləri toplanaraq Özbəkistanlı şair-tərcüməçi Şaxlo Qasımova tərəfindən özbək dilinə tərcümə edilərək nəşr olundu. Özbək dilində nəşr olunan “Xurshidbonu Notavon – Xurshidga yetar boshim” adlı nəşrdə Qarabağın son xanının qızı olan Xurşidbanu Natəvanın ədəbi irsi ilk dəfə geniş həcmdə bədii tərcümədə özbək oxucularına təqdim edilir. 

Nəşrdə şairənin özü tərəfindən çəkdiyi rəsmlərin fotoları, şəxsi kolleksiyasına aid şəkillər də yer alıb. Nəşr yüksək poliqrafik üslubda, illüstrasiya ilə hazırlanıb. Bu nəşrin hazırlanmasında bizim hörmətli akademikimiz, Nizami Gəncəvi adına Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov da yaxından iştirak etdi və kitaba “Günəş xanımın gerçəyə dönmüş arzusu” adlı geniş “Ön söz” yazdı.

Qeyd etmək yerinə düşər ki, adıçəkilən bu nəşr həm Azərbaycan, həm də özbək dilindədir və hər iki ölkədə bu layihə böyük maraqla qarşılandı. 

“Xurshidbonu Notavon Xurshidga yetar boshim” adlı nəşrin Bakı şəhərində keçirilən 8-ci Beynəlxalq Kitab Sərgisində habelə Özbəkistanda keçirilən “TASHKENT BOOK FEST” Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təqdimat mərasimi keçirilib. 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bundan sonra da bu istiqamətdə işlərini davam etdirəcək və xalqımızın görkəmli şəxsiyyətlərinin, böyük ədiblərinin, tarixinin, mədəniyyətinin, incəsənətinin qardaş Özbəkistanda tanıdılmasına, təbliğinə öz töhfəsini verəcəkdir.

 

Şəkildə: Keçirilən bəzi tədbirlərdən görüntülər.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.