Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş” Featured

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

 

27–ci dərc

 

 

«Qızılbaş» son görüşlərdəkindən fərqli olaraq bu dəfə təmkinli görünürdü. Keçən görüşlərində nə qədər istehza ilə danışsa da, qarşısındakı adamın necə bir peşəkar olduğunun fərqinə varırdı və baş-başa gəldikləri keçmiş polis zabitlərinin də bacarıqlarına bələd olduqdan sonra adamının vəziyyətini başa düşürdü.

-Danış, bu dəfə nə baş verdi?

-Özüm də başa düşmürəm. Mənə elə gəlirdi ki, hər şeyi fikirləşmişəm. Adamımı da hər ehtimala qarşı gecədən oraya qoymuşdum, qızın olduğu həyətə.  Məntiqlə, əgər qız son günlər ofisə gəlmir və evinə də getmirdisə, deməli onun etibarlı yerdə olduğuna əmin olub mühafizəsinə ehtiyac duymamalıydılar. Adamım da rahat öz işini görməliydi. Ancaq belə məlum oldu ki, heç də hər şey belə deyilmiş.

-Ya da başqa səbəb var. Qızın ortalıqda görünməməsi onun mütləq şəkildə bu günlər ərzində gecə-gündüz o evdə oturub bayıra çıxmamasına dəlalət etmir. Çox güman ki, Aydəmirin səhvindən sonra bu villanın mənim məkanım olduğunu öyrəniblər. Əmin olasan ki, onlar da bizim imkanlarımıza və ağlımıza lazımınca qiymət verirlər və səhvimizdən nəticə çıxaracağımızı və növbəti addımlarımızın daha kəskin olacağını hesablaya biliblər. Elə bundan sonra qızı sığortalamağı qərara alıblar. Bu isə həm də o deməkdir ki, indi özləri də daha ehtiyatlı olacaqlar.

-Bu dediklərinizi mən də fikirləşmişəm. Belə çıxır ki, bizi Bəxtiyara aparıb çıxaracaq o qızı itirdik və daha onu axtarmağa vaxt sərf etmək mənasızdır. Yenidən bütün diqqətimizi Bəxtiyara yönəltməliyik.

-Amma necə?

-Əvvəla, belə məlum olur ki, onların bu günə əldə edə bildikləri ən böyük məlumat bu məkan barədədir. Hər-halda bizim bildiyimiz qədər belədir. Bu isə onlara elə bir üstünlük vermir. Olsa-olsa, məkan vasitəsilə qarşı tərəfin konkret kim olmasını bilmələri ilə vəziyyət bərabərləşib.  İkincisi, biz də bir yerdə oturmamışıq. Onların məlum telefon nömrələri dinlənilir. Polkovnikin də, Bəxtiyarın da evləri nəzarətimizdədir. İki adamım dayanmadan hər ikisinin mümkün əlaqələrini yoxlayır. Hər halda, tezliklə bizə bir iynənin ucu qədər də olsa, iz verəcəklər. Mənə isə, bu bəs edəcək. Mənim bu Bəxtiyarla öz xüsusi hesabım var, bunu unutmayın.

-Elə isə, qaldığın yerdən davam elə. Tezliklə səndən bir nəticə gözləyirəm.

-Nəticə olacaq. Buna şübhəniz olmasın.

«Qızılbaş» masanın üzərindəki naxışlı qutudan bir siqar götürüb yandırdı, oturduğu kresloya yayxanıb sinəsinə aldığı tüstünü tavana buraxdı. Bu, söhbətin bitməsinə işarə idi.

 

* * *

Bəzi işlərimi görüb axşam Gülanənin yanına gəlmişdim. Şam yeməyindən sonra divanda uzanıb başımı onun dizinin üstünə qoymuş, işimin olmamasından istifadə edib xeyli söhbət etmişdik. Hər şey bitəndən sonra Nadiri də ailəsi ilə birlikdə götürüb Xaçmaza getməyi, bir neçə gün qalmağı planlaşdırmışdıq. Özümüz də hiss etmədən söhbətimiz o qədər uzanmışdı ki, yatağa girəndə saat təxminən 2 radələri olardı.

Buna baxmayaraq, adətim üzrə səhər tezdən oyanmışdım. Gülanə məzuniyyətdə olduğu üçün çox rahat idik. Burada qaldığım son günlər səhərlər onu oyatmamağa çalışır, tezdən oyananda yerimdən sakitcə qalxırdım ki, yatıb yuxusunu ala bilsin. Özüm «torağay» olsam da, səhər yuxusunun necə şirin olduğunu bilirdim. Ancaq olduqca oyaq yatan Gülanə cəmi iki dəfə qalxmağımdan xəbər tutmamışdı, qalan günlər mənimlə eyni vaxtda yataqdan qalxmışdı.

İndi də, hələ çox tez olsa da, səhər yeməyini birlikdə yemişdik. Üstündən bir stəkan da çay içib getməyə hazırlaşırdım. Yataq otağına keçdim. Səhər duş qəbul etdikdən sonra geyindiyim hamam xalatını çıxarıb yatanda çıxardığım paltarlarımı gözümlə axtardım. 

-Əynindən çıxanları axtarma, onları yumağa atmışam. Təmiz paltarlarını o biri otaqda stulun başına qoymuşam, -mətbəxdən Gülünün səsi gəldi.

Qonaq otağına keçib geyinməyə başladım. Ciblərimdən çıxan əşyalarım da başqa bir stulun üstündə səliqə ilə yan-yana düzülmüşdü.

Birgə yaşamağa başladığımız ilk vaxtlarda belə diqqət məni bir qədər narahat edirdi. Ömrünün çox hissəsini, son illəri çıxmaq şərti ilə spartan şəraitində yaşamağa öyrəşmiş birinə belə qayğı etiraf edim ki, əvvəl-əvvəl bir qədər əcaib gəlir, bunu vərdiş etdiyim sərbəstliyimə müdaxilə kimi qəbul edib qıcıqlanırdım. Yəni istəmədiyim halda bunu çıxar, onu geyin, bu kostyumla bu köynək tutmur, tez dəyiş və bu kimi öyrəşmədiyim, ancaq Gülanənin tələbi ilə etməyə məcbur olduğum şeylərə səbirlə yanaşmalı olurdum. Təbii ki, bunu büruzə vermirdim. Amma öyrəşəndən sonra bu şeylər o qədər xoş gəlir ki, hərdən belə hallarda özünü anasının məktəbə göndərməyə hazırlaşdırdığı məktəbli kimi hiss edirsən.

Hələ illər əvvəl, insan psixologiyasını özüm üçün hobbi seçib öyrənməyə başlayanda, zaman-zaman başa düşdüm ki, ən güclü kişinin də, bəzən özünü məhrəm bir adamının yanında uşaq kimi hiss etməyə, onun qayğısını duymağa ehtiyacı olur. Ancaq çox az kişi bunu etiraf edir.

Müqəddəs Qurani-Kərimdə möminlərə mükafat olaraq cənnətdə onlara yoldaşlıq edəcək hurilər vəd edilir. Bunu hamımız bilirik. Ancaq heç vaxt fərqinə varmırıq ki, bu dünyada da həmin hurilərin prototipi sayıla biləcək qadınlara rast gəlinir. Onlar azdır, ya çoxdur, bilmirəm, ancaq var. Hər halda mən, Gülanənin simasında bu dünyada öz hurimi tapmışdım.

Paltartarımı geyinib dəhlizə keçdim.

Sakitcə dayanan Gülanə ayaqqabılarımı necə geyinməyimə baxıb susurdu.

-Bilirəm, fikirləşirsən ki, çox tezdir. Ancaq getməliyəm.

Bunu desəm də, belə hallarda hər şeyi başa düşən Gülanənin heç vaxt danışmadığını bilirdim. Onun yanağından öpüb qapıdan çıxdım.

Fikrimcə növbəti iki gündə işim həddən çox olacaqdı. Nə qədər çox, bunu gedişat və gözlədiyim məlumatların nə vaxt veriləcəyi göstərəcəkdi. Hətta bu iki günün araşdırmada nöqtə qoyulacaq son günlər ola biləcəyini də ehtimal edirdim. Əlbəttə, Salamın işinin bu dediklərimə heç bir aidiyyəti yoxdur. O məsələdə hələ xeyli baş sındırmalı olacağam.

Pilləkənləri düşüb küçəyə çıxdım. Görək araşdırmanın səkkizinci günü bizə nə vəd edir. Belə tezdən çıxmağımın səbəbi var idi. Evimin yaxınlığındakı küçələrdən birinə gedib orada bir məsələni dəqiqləşdirməli idim. Ola bilərdi ki, buna bir neçə saatım sərf olunsun. Sonra məlumatı yoxlayacaqdım və əgər işarə verilibsə, həmin məlumatı götürüb sonrakı addımları atacaqdım. Ona görə də, dediyim məsələni dəqiqləşdirməyi səhər saatlarına salmışdım.

 

* * *

Polkovnik Arif Dadaşzadə qarşısındakı gənclərə tapşırıqlarını verirdi.

-Sən, Xalid, təcili bu konverti valyutadəyişmə məntəqəsinə çatdır. Oradan birbaşa Rəsulun işlətdiyi mağazaya get, tapşır işarəni versin. Özü nə etmək lazım oldğunu bilir.   

Tapşırığı alan gənc ünvan yazılmış kağızı alıb sürətlə otaqdan çıxdı.

-Səninsə Muxtar, tapşırığın bir qədər çətin olacaq. Ruhi-əsəb dispanserində qeydiyyatda olan Qabulov Qılınc Alxas oğlu adlı birinin yerini müəyyən etməlisən. Daha doğrusu, onun Bakı və ya Bakı kəndlərindən birində yaşayıb-yaşamamasını aydınlaşdırmalısan. Bakı qeydiyyatı yoxdur. Yeganə qeydiyyat yeri Balakən rayonudur və öyrənmişik ki, uzun illərdir ora ilə heç bir əlaqəsi yoxdur. Adamın təxminən əlli yeddi yaşı var. Ənənəvi üsullardan istifadə etmək istəmirəm. Əgər səhv etmiriksə və bu biz axtardığımız adamdırsa, çox təhlükəli və qazdan ayıq biri olmalıdır. Onu heç bir halda duyuq salmaq olmaz. Nədənsə duyuq düşüb gizlənərsə, bu bizi məqsədimizə aparan əsas ipin qırılması demək olacaq. Öz bildiyin, sənə öyrətdiyim vasitə və kanallarla dediklərimi öyrənməyə çalış. İndi günortadır, axşama çalış, nəticə olsun, bilirəm, asan deyil, ancaq bu çox vacibdir.

-Baş üstə Arif müəllim. Nə mümkündürsə, edərəm.

-Haydı, tərpən.

İkinci gənc də otağı tərk etdikdən sonra polkovnik yerindən qalxıb pəncərəyə yaxınlaşdı. Bura, yükdaşıma xidmətlərini həyata keçirən şirkətin ofisi idi. Bu şirkəti istefaya çıxdıqdan sonra açmış və yaxın bir qohumunun adına rəsmiləşdirmişdi. Buraya tez-tez gəlməz, gələndə də həyətdəki arxa qapıdan içəri keçərdi. Şirkətə topladığı gənclərin əksəriyyəti özü kimi təqaüddə olan, illərlə dostluq etdiyi kolleqalarının övladları, sınaqdan çıxmış, bacarıqlı uşaqlar idilər. Gənclər əsasən elə şirkətdəki birbaşa vəzifələri ilə məşğul olur və aybaay maaşlarını alırdılar. Ancaq bəzi hallarda qocaman polkovnik bu uşaqlara öz birbaşa vəzifələrindən kənara çıxan tapşırıqlar da verirdi, yalnız bəzi hallarda və heç də hamısına yox, seçilmişlərə. İndi tapşırıqlarını verdiyi bu iki gənc də bacarıqlarına ən inandığı uşaqlar idi.

Pəncərə qarşısında duran polkovnik, bir qədər vərdiş etdiyi mənzərəyə baxıb öz-özü ilə danışırmış kimi pıçıldamaqdaydı: Adı it dəftərində də olmayan, özünü yalandan dəliliyə vurmuş birinin İsfəndiyarın oğlunu öldürmək üçün bir motivi olmamalıdır. Əgər doğrudan da qatil bu Qılıncdırsa, ona bu işi tapşıran biri olub. Kimdir o? Səttar ölüb. Ancaq məntiqlə bu sirri qəbirə aparmalı olduğu halda, ölməmişdən qabaq, hansısa səbəbdən oğlu Teymur vasitəsilə Əmirxanın qətli barədə məlumatlı olduğuna və Rəmziyə eyham vurur. Əlbəttə bu eyhamlar Teymur üçün qaranlıq qalır və bunu ancaq Bəxtiyar kimi peşəkar çözə bilərdi. Bəs bunu niyə edir? Məgər o, İsfəndiyara ən yaxın olmuş biri kimi başa düşmürdü ki, İsfəndiyar sirri öyrənəcəyi təqdirdə hansı fəlakətlər baş verəcək? Bilirdi, əlbəttə bilirdi. Bəs onda buna onu vadar edən nə olub? Dayan, belədirsə, onda o göndərdiyi mesajın heç bir halda İsfəndiyara çatmayacağına əmin idi. Bəs bu əminlik haradan idi? Yenə də sual. Bu suallara cavab tapmaq lazımdır. Hər-halda bu, Səttarın o gəncin qətlinin sifarişçisi olmadığını təsdiq edir. Səttarın Rəmziyə eyham vurması və göndərdiyim «Vicdan susanda» romanını gördükdən sonra qorxuya düşən Səlimin İsfəndiyardan sonra ilk olaraq Rəmzi ilə görüşməsi bundan sonra şübhələri Rəmziyə yönəldir. Təəssüf ki, hələlik yalnız şübhələri. Rəmzinin «mələk» olmadığı məlumdur. Ancaq hələ ki onu nədəsə ittiham etmək üçün bu dediklərim kifayət etmir. Bəs onda Səlimin bu işdə rolu nə olub? Əslində ilk günlərdən ən çox şübhələndiyim Səlim bu gəncin qətlində nə dərəcədə günahkardır? Bu nə məsələdirsə, dolayısı ilə də olsa, İsfəndiyarın oğlunun qətlində adı şübhə doğuranlar kimi hallananlar elə İsfəndiyarın öz yaxın ətrafında olanlardır - Səttar, Səlim və Rəmzi üçlüyü. Sirr, onların yaratdığı bu üçbucağın içərisində gizlənir. Kimin günahı nə qədərdirsə, üçbucağın ona aid tərəfinin uzunluğu da o qədərdir. Bunu gələcək göstərəcək, indi onları bir qırağa qoyaq. Bəxtiyar… Bəxtiyar üçün narahatam. Əminəm ki, onun qətlinə fərman verilib. Bunu dilimə gətirə bilmədim görüşəndə. Amma özü də uşaq deyil, hər şeyi başa düşür. Artıq geriyə yol yoxdur. Ya biz, ya onlar. Hadisələrin buraya qədər gəlib çıxa biləcəyini təxmin etməli idim. «Harun»un adamları mənim haqqımda məlumatlıdırlar. Bilirlər ki, harada danışmaq, harada susmaq lazım olduğunu bilirəm. Bu cəhətdən mən hələ ki, onların əsas hədəfində deyiləm. Ancaq Bəxtiyarı məni tanıdıqları kimi tanımırlar və bu səbəbdən onların indiki halda əsas hədəfləri Bəxtiyardır. Barələrində hər-hansı məlumatın lazım olmayan qulaqlara çatmasından ehtiyat edirlər. Psixologiyalarının təhlili göstərir ki, cinayətkarlar heç vaxt oturub təhlükəni gözləmirlər. Əgər mümkündürsə başağrısı olmamaqçün əvvəlcə ondan qaçmağa çalışırlar, mümkün deyilsə, düşünmədən o təhlükənin mənbəyini aradan götürürlər. Bəxtiyar da onlar üçün böyük təhlükə mənbəyinə çevrilib, başqalarının bədbəxtlikləri üzərində qurduqları, yağ-bal içində yaşamağa öyrəşdikləri həyatı bir anda dəyişə biləcək təhlükənin mənbəyinə.

Polkovnik pəncərədən aralaşıb son üç gündə ülgüc dəymədiyindən tük basmış üzünü əlləri ilə ovdu. Yuxusuzluqdan onun gözləri qızarmışdı…

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2023)

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.