Super User

Super User

 

Daycest bölümündə Kulis.az saytında gedən 1912-ci ildə Parisdə keçirilən dünya gözəllik yarışmasının qalibi, məşhur Mehmandarovlar nəslinin nümayəndəsi Sona Mehmandarova haqqında maraqlı yazını təqdim edirik. 

 

Məşhur Qarabağ xanı İbrahimxəlil xanın hakimiyyəti dövründə sarayında çox hörmət etdiyi Mirzə Əli bəy adlı bir şəxs olur. Mirzə Əli bəyin saraydakı vəzifəsi saraya gələn qonaqları hörmətlə qarşılayıb yola salmaq olub. Bu səbəbdən ona “Mehmandar” adı verilir. İşinin öhdəsindən yüksək səviyyədə gələn Mirzə Əli bəy təkcə saray adamlarının deyil, bütün Qarabağ əhlinin hörmət etdiyi adama çevrilməyi bacarır. El arasında onun özü və ailəsi Mehmandar, sonralar isə Mehmandarov soyadı ilə tanınırlar. Mirzə Əli bəyin 3 oğul övladı olub. Mirzə Həsən bəy, Mirzə Sadıq bəy və Mirzə Mustafa bəy.

Mirzə Əli bəyin ikinci oğlu Mirzə Sadıq bəy Mehmandarov (1815-1885) Muğanda, Şamaxıda sahə iclasçısı işləmiş, sonra xidmətini Lənkəran şəhərində davam etdirmişdi. Və elə bu sayədə də Mehmandarovların bir qolu Lənkəran şəhərindən boy atıb budaqlanmışdı.

Belə ki, Mirzə Sadıq bəy Şuşada rus-tatar məktəbini bitirdikdən sonra Peterburq Universitetinin Hüquq fakültəsinə daxil olmuş və burada Hacı Mir Abbas bəy Talışinski ilə tanış olur. Tələbəlikdən başlanan bu tanışlıq dostluğa, sonradan isə doğma qohumluğa çevrilir. Mirzə Sadıq bəy, Mir Abbas bəyin dəvəti ilə onun Lənkərandakı mülkünə baş hüquqçu vəzifəsinə işə qəbul oluur, sonradan Sadıq bəy Mir Abbas bəyin yaxın qohumu, general-mayor Mir Mustafa bəy Talışinskinin nəvəsi Bikə xanımla evlənir.

Bu izdivacdan onların on övladı olur. Övladlarının əksəriyyətinin Tiflisdə, Peterburqda təhsil almasına şərait yaradan Mirzə Sadıq bəy illər sonra Səməd bəy Mehmandarov və Nağı bəy Mehmandarov kimi oğulları ilə fəxr edir. O Səməd bəy Mehmandarov ki, hərb tariximizə adı qızıl hərflərlə yazılır.

Elə Səməd bəyin qardaşı Nağı bəy də, Avropa təhsili görmüş, çox gənc yaşında Lənkəran şəhərinin “qradonaçalniki” (şəhər rəisi) vəzifəsinə təyin edilmiş ziyalılardan idi. Nağı bəyin qızı Sona Mehmandarova 1894-cü ildə, bəzi mənbələrdə isə 1896-cı ildə Lənkəranda dünyaya gəlib.

Xoşxasiyyət, müasir düşüncəli Nağı bəy qızı Sona dünyaya gələndə “Mənim qızım savadlı və ağıllı qız olacaq” - deyir və Sonanın təhsil almağını istədiyindən onu gimnaziyada oxutdurur. Sona xüsusi müəllimlərdən fransız və rus dillərində mükəmməl səviyyədə dərs alır.

Xarici gözəlliyinə görə evə tez-tez elçilər gəlirdi. Atası Nağı bəy qızının təhsilinə əhəmiyyət verdiyindən qızına gələn elçiləri rədd edir. Bu cür rədd cavabı alan elçilərdən biri Əhməd bəy Zeynalov 1910-cu ildə Nağı bəyi öldürərək dənizə atır. Hadisəni Nağı bəyin xidmətçisi görür və məsələnin üstü açılır. Qatillər Sibirə sürgün edilir.

Atasının ölümündən sonra Sona Lənkəranı tərk edib Bakıya anasının qohumlarının yanına gəlir. 1912-ci ildə qohumlarının təkidi ilə gözəllik yarışmasına qatılır. Burada qalib olan Sona Tiflisdə keçirilən digər müsabiqəyə qatılır və burada “Qafqaz incisi” tituluna layiq görülür. O, Tiflisdən sonra Sankt-Peterburqa da birinciliyə layiq görülür. Və nəhayət, Sona 1912-ci ilin sonunda Parisdə keçirilən beynəlxalq əhəmiyyətli müsabiqədə qalib gələrək, “Dünya gözəli” titulunun, “Qran-Pri”nin sahibi olur.

Bu yarışmalardan və dünya gözəli titulunu qazandıqdan sonra onun məşhurluğu dünyaya yayılır. O, Bakıya qayıtmır və Sankt-Peterburqda yaşamağa başlayır. O, artıq böyük bir imperiyanın fəxriydi, çar ailəsində belə nüfuzu vardı, kifayət qədər sərvət qazanmışdı və imperiya paytaxtında yaşamalıydı. Beləliklə, Sona Sankt-Peterburqun mərkəzində dəbdəbəli mülk alır, şəhərin kübar mühitində özünə və tituluna layiq yer tutur. Amma bütün bunlar qadın üçün zəruri olan ailə rahatlığını əvəz eləmirdi. Onda mövcud olan qaydalara görə, gözəllik müsabiqələrinin qalibləri bir il ərzində ərə gedə bilməzdilər. Sona xanım da bu səbəbdən gənc, yaraşıqlı, varlı, əsil-nəcabətli pərəstişkarlarının təkliflərindən boyun qaçırmalı olur. Müsabiqədən bir il sonra o, ailəsi razı olmasa da, 1913-cü ildə əslən dağıstanlı olan Uruzovla ailə həyatı qurur. Uruzovla ailə həyatı onu bir qədər arxayınlaşdırsa da, gözlənilən xoşbəxtliyi gətirmir. Onların övladı olmur. 1917-ci ildə baş verən çevriliş isə ailəni müflisləşdirir.

Rusiya inqilablarından sonra hakimiyyəti ələ keçirən bolşeviklər ölkədəki şəxsi mülkləri dövlətin mülkiyyətinə çevirir. Bununla, Sona xanımın ailəsi müflisləşir. Əmisinin hərbi nazir olduğu Azərbaycan Demokratik Respublikası qurulsa da, Sona yenə Azərbaycana qayıtmır. Tezliklə bolşeviklər Azərbaycanı da işğal edir. Bu dövrdə bir sıra tanınmış bəy ailələri, o cümlədən Mehmandarov və Talışxanovlar təqiblərə məruz qalır.

Araşdırmalardan məlum olur ki, Sona xanım Mehmandarova ötən əsrin 20-ci illərindən Moskvada yaşayıb. Güman ki, yaşayış yerini dəyişməsində yaxın münasibətdə olduğu, RSFSR-in maarif naziri (1929-cu ilədək) Anatoli Lunaçarskinin himayəsi başlıca rol oynayıb. Çünki “qara siyahı”ya düşmüş Mehmandarovlar soyuna mənsub olmaq həmin dövrdə ciddi təhlükə idi. Generalın həyat yoldaşı vəfat eləmiş, oğlu sürgünə göndərilmişdi. Hətta 30-cu illərin axırlarında Çəmbərəkənd qəbiristanlığı söküləndə qorxudan Səməd bəy Mehmandarovun qəbrinin köçürülməsində belə, kimsə iştirak eləməmişdi. Ana tərəfi - Talışinskilər də eyni acıları yaşayırdılar. Qohumlarının şəhadətinə görə, həmin illərdə Sona xanım sənədlərini və fotoşəkillərini yandırdığından, onun həyatının sovet dövrü barədə qəti bir söz söyləmək mümkün deyil.

Bir vaxtlar öz gözəlliyi və nəcibliyilə dünyanı heyran eləmiş Sona xanım Mehmandarova Bakıya bir də yarım əsrdən sonra 1966-cı ildə - yaşlı, üzgün və xəstə vəziyyətdə qayıdır. Əlbəttə, illər, xüsusilə də, öz mənşəyinə görə sovet hakimiyyəti illərində çəkdiyi məşəqqətlər onun misilsiz gözəlliyindən əsər-əlamət qoymamışdı. Deyilənə görə, Sona xanımın təkcə səsi öz təravətini saxlayıbmış. Amma o, hələ də kübarlığını unutmamışdı. Hətta günlərin birində halı pisləşib, qohumları “təcili yardım” çağırıblar. O vəziyyətdə belə, Sona xanım güzgü və kosmetika istəyib, həkimlərin qarşısına səliqəli görkəmdə çıxıb.

Sona xanım Mehmandarova Bakıya qayıdandan bir neçə il sonra dünyasını dəyişdi, Bakı qəbiristanlıqlarının birində dəfn olundu. Amma indi qohumları belə onun məzarının yerini xatırlamırlar.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2023)

 

Öncəki xəbərdə qeyd etdik ki, Fevral ayı Bakıda gurultulu estrada proqramları ilə yadda qalacaq. O cümlədən Türkiyə ulduzu Ferhat Göçerin və Rusiya ulduzu Maksim Qalkinin çıxışları ilə. Maksim Qalkindən bəhs etdik, indisə Ferhat Göçerə keçək.

 

Fevralın 14-də - Sevgililər günündə Heydər Əliyev Sarayında Türkiyənin sevilən müğənnisi Ferhat Göçerin konserti təşkil olunacaq. YouTube platformasında milyonluq səddi çox erkən aşıb keçən, 

ifaları ilə milyonların qəlbini fəth edən müğənni öz repertuarında olan sevgi mahnıları ilə pərəstişkarları qarşısında çıxış edəcək.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2023)

Cümə, 06 Yanvar 2023 18:00

O gözlər, o gözlər, indi kimindir?

 

Xalq artisti İlqar Muradovun 65 illiyi yaradıcılıq gecəsi ilə qeyd olunacaq

 

Musiqili fevral ayında bir yubiley tədbiri də olacaq. Fevralın 12-də Heydər Əliyev Sarayında sevilən sənətkar, Xalq artisti İlqar Muradovun 65 illiyi münasibətilə yaradıcılıq gecəsi keçiriləcək. 

Azərbaycanın musiqi tarixində ən gözəl lirik parçalar içində İlqar Muradovun həzin səslə ifa etdiyi bu mahnı da dayanır: 

 

Hər şeyi bəlkə də

Unudaram mən

Gözlərin, gözlərin

Çıxmır fikrimdən

Gülümsər gözlərin

Sənin gözlərin

Sənin gözlərin, gözlərin

Bir cüt ulduz kimi onlar yanardı

Gözlərim gözünlə işıqlanardı

Onlar başqasına baxırlar indi

O gözlər, o gözlər

İndi kimindir?

O gözlər, o gözlər

İndi kimindir?

 

Bəli, ifaları ilə qəlbləri fəth edən müğənni yaradıcılıq gecəsində öz repertuarında olan mahnılarla pərəstişkarlarının qarşısına çıxacaq. 

Tamaşaçılar gecədə İlqar Muradovun yeni mahnıları, xalq musiqiləri və klassik ifaları ilə yanaşı, sənət dostlarının çıxışlarını də izləyə biləcəklər. 

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyytat və incəsənət”

(06.01.2023)

Cümə, 06 Yanvar 2023 13:00

Daha bir serial eşqi gerçək eşq oldu

 

Türkiyədə televiziyalarında yayımlanan “Güzel günler" serialında rol alan aktyor Burak Dakakla aktrisa Leyla Tanlar serialdakı kimi real həyatda da eşq yaşamağa başlayıb.

 

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, cütlük birgə fotolarını sosial şəbəkədə paylaşıb.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2023)

 

Azərbaycan Animasiya Assosiasiyası Böyük Britaniyanın Kino Klassika Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi, prodüser-restavrator Daniel Bird və Polşada fəaliyyət göstərən Fixafilm ilə birlikdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş ilk uşaq animasiya filminə yeni nəfəs verib.

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamaliyevdən fikir alan AzərTAC-a istinadən bildirir ki, söhbət hələ 1969-cu ildə çəkilmiş “Cırtdan” adlı filmin müasir üsullarla restavrasiyasından gedir.

Onun sözlərinə görə, bütün restavrasiya prosesi təxminən üç il çəkib. Bərpa olunmuş “Cırtdan”ın 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında mümkün olan ən yüksək keyfiyyətdə (DCP formatında) premyerası da olub. Bərpa olunmuş film Böyük Britaniyada yerləşən “Klassiki” striminq platformasında yayımlanıb, beləliklə, onun digər beynəlxalq film festivallarında da diqqət çəkəcəyi açıq-aşkardır.

Qeyd edək ki, “Azərbaycanfilm” kinostudiyası artıq filmi YouTube-da yerləşdirib. Xatırladaq ki, “Cırtdan” (1969) filminin rejissorları Ağanağı Axundov və Yalçın Əfəndiyevdir. Filmin təsviri həllinə gəldikdə maraqlı cəhət ondan ibarətdir ki, müəlliflər filmdə Azərbaycan xalçası stilistikasından istifadə ediblər. Bu animasiya filminin bütün qəhrəmanları, eləcə də predmetlər və fonlar “xalça” üslubunda işlənib. Bu zaman xalça elementi kinematoqrafiya üslubunda istifadə edilib – xalça motivli fon predmet və personajlarla qarışmasın deyə, tez-tez fokusdan yayındırılıb. Filmin bəstəkarı Oqtay Zülfüqarov Qərb musiqi alətləri ilə birlikdə tarın da səsləndiyi çox gözəl milli musiqi mövzusu düşünüb hazırlayıb. Məhz özünün yenilikçi stilistikasına görə “Cırtdan” filmi köhnəlmir və müasir tamaşaçı üçün də maraqlı olaraq qalır.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2023)

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən – gözəlliyi ilə ad çıxarmış aktrisa Leyla Bədirbəylidir.

 

LEYLA BƏDİRBƏYLİ 

(1920-1999)

***

Bir dəfə “Nizami” kinoteatrının qarşısından keçəndə oğlanlı-qızlı bir-neçə gənc mənə yaxınlaşdı. Kinoteatrın qarşısında böyük afişa asılmışdı. Gənclər məni dövrəyə aldılar.

– Siz Leyla Cavanşirovasız? – qızlardan biri heyrətlə xəbər aldı.

– Bəli, özüdür ki, var, – cavab verdim. 

Sən demə yaxınlıqdakı Əzim Əzimzadə adına rəssamlıq məktəbində oxuyurmuşlar. Oğlanlardan biri tez çantasını açıb kömür və kağız götürdü. Utanaraq:

– Olar sizin şəklinizi çəkim? – xəbər aldı. Düzünü desəm, çəkilişə tələsirdim, amma gənclərin də xətrinə dəyə bilməzdim. Onlarla aramda 3-4 yaş fərqimiz olardı, etiraz etsəydim, yekəxanalıq kimi çıxardı. Rəssam oğlan tərəddüdümü hiss edib tez əlavə etdi:

– Narahat olmayın, uzağı 10 dəqiqə vaxtınızı alacam.    

Gülümsünərək razılıq verdim.

Dostları gənc rəssamın ətrafına toplaşdılar, qızlar məni araya alıb müxtəlif suallar verirdilər. Təxminən 10-12 dəqiqə sonra oğlan üzərində rəsm çəkdiyi kağızı mənə uzatdı. Alıb baxdım, gözlərimə inanmadım. Məni Gülçöhrə obrazında çəkmişdi.

 

“Ədəbiyyat və incəsənət” 

(06.01.2023) 

 

 

 

Mirsamir Məmmədov yazır

 

 

İsrailin və Yəhudi lobbisinin tarix boyu Azərbaycana böyük dəstəyi olmuşdur. Hər zaman hər yerdə İsrailin və yəhudi xalqının dəstəyini və yardımını gördük. İsrail və Azərbaycan dostluğuna dair xüsusi detalları ardıcıl qeyd edirik. 

 

1. 1992-ci ildə Azərbaycanın müstəqilliyi BMT Təhlükəsizlik Şurasında səsverməyə çıxarılarkən‚ BMT Təhlükəsizlik Şurasının sədri İsrail idi və Azərbaycanın müstəqilliyi məhz İsrailin təşəbbüskarlığı və can-fəşanlığı ilə BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılaraq qəbul edildi. 

 

2.  BMT Təhlükəsizlik Şurasında ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsini tələb edən  4 hüquqi qətnamənin qəbul edilməsində İsrailin misilsiz rolu vardır. Həmin vaxt Təhlükəsizlik Şurasının sədri məhz İsrail idi və Yəhudi lobbisinin də misilsiz dəstəyi ilə həmin qətnamələri qəbul edən İsrail olub. Qətnamələrdə ermənistan işğalçı adlandırılır və işğal etdiyi bütün Azərbaycan torpaqlarından dərhal çıxarılması tələb edilir. Ölkəmiz bu gün o qətnamələrə əsaslanaraq işğalçı ölkəyə qarşı hücuma keçdi və öz qanuni torpaqlarımızı BMT Təhlükəsizlik Şurasının məcburi xarakter daşıyan həmin 4 qətnaməsinə əsasən işğaldan azad etdi. Azərbaycan əsgəri həmin 4 qətnaməni alnıaçıq‚ üzüağ şəkildə qəhrəmancasına icra etdi. 

 

3. Dünyanın ən güclü Lobbisi olan Yəhudi Lobbisi ABŞ-daki Azərbaycanları, emənilərin və məkrli erməni lobbisinin fitnəkar siyasətinə qarışı müdafiə edib.

 

4. ABŞ-ın 21 Ştatının "Xocalı Soyqırımını" tanımasında İsrailin çox böyük rolu olmuşdur.

 

5. 1918-dəki soyqırımda 3000-dən artıq yəhudi, ermənilər tərəfindən öldürülmüşdür. Səbəb isə yəhudilərin ermənilər tərəfə keçməməsi olmuşdur.

 

6. 2016-cı ildəki Aprel döyüşlərində və xüsusən 44 günlük müharibədə İsrailin və yəhudilərin Azərbaycana misilsiz dəstəyi olmuşdur.

 

7. 2016-cı ildə İsraildə "Xocalı qurbanlarına" həsr olunmuş memorial açılmış və 613 şəhidə görə 613 ağac əkilmişdir.

 

8. İsrail hökuməti dəfələrlə bəyan etmişdir ki‚ "Biz Türkiyəyə qarşı olan qondarma erməni soyqırımını Azərbaycana görə tanımırıq və tanımayacayıq"

 

9. İsrail Parlamenti Qondarma "Dağlıq Qarabağ Respublikası"sözünün işlədilməsini belə qadağan etmişdir.

 

10. Azərbaycanda olan Quba "Qırmızı Qəsəbə" və Oğuzdakı "Yəhudilər Məhəlləsi" Yəhudilərin  İsraildən sora dünyada yaşadıqı  2 ci kompakt yaşayış məntəqəsidir. 

 

11. Hələ 1918-ci ildə Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyəti yaranarkən yəhudilərin də dəstəyi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 2 naziri məhz yəhudi əsilli olmuşdur. Bundan əlavə həmin dövrdə ermənilərin 1915-ci il hadisələrinə dair yalanlarına qarşı Avropada‚ Qərbdə və Amerikada Yəhudi lobbisi Azərbaycanlılara dsətək vermişdir. 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq Yəhudi Lobbisi ilə çox sıx və yaxın dostluq əlaqəsi olub. Bu gün isə bu dostluq və qardaşlıq daha da inkişaf etdirilməkdədir. 

 

Bir sözlə‚ İsraillə Azərbaycan hələ qədim tarixi köklərə və genetik qan qohumluğuna əsaslanan qardaş ölkədir və yəhudilərlə‚ Azərbaycanlıların və türk xalqlarının genetik qan qohumluğu vardır. Bütün tarix‚ ötən əsrlər və yüzilliklər bu genetik qardaşlığı sübut edir. Bu gün də Azərbaycanla İsrail həqiqi mənada qardaş ölkələrdir və İsraillə Azərbaycanın qardaşlığı bütün dünyaya nümunə olacaq şəkildədir. Azərbaycan xalqı da hər zaman İsrailə və qardaş yəhudi xalqına dəstəkdir. İsrail və yəhudilər Azərbaycan dövlətinin və Azərbaycan xalqının can dostudur. Bütün Azərbaycan xalqının İsrailə və yəhudi xalqına xüsusi sevgisi və simpatiyası vardır. Azərbaycan və İsrail xalqının dostluğu və qardaşlığı daimi və əbədi olsun!! AMİN. 

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2023)

 

Katoliklik Bakıda “Müqəddəs Məryəmin nuru”nu təqdim edib

 

Azərbaycan həqiqətən də tolerant ölkədir. Burada məscidlər, kilsələr və sinaqoqlar yan-yana fəaliyyət göstərir, başqa dinlərin nümayəndələri rahatlıqla ibadət edirlər. 

Ötən gün “Müqəddəs Məryəm Ana Katolik Kilsəsi”ndə “Müqəddəs Məryəmin nuru” adlı rəsm əsərin təqdimatı olub. Əsərin müəllifi rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Gülarə Salayevadır. Rəssamın əsas fəaliyyət istiqaməti bədii toxuculuqdur. Yaradıcılığında ənənəvi janr və texnikaların sintezinə meyilli olan Salayevanın əsərləri Azərbaycanda və digər ölkələrdə nümayiş olunur.

 

İndi qayıdaq təqdimat mərasiminə. Mərasimdə ölkəmizdəki müxtəlif dini konfessiyaların nümayəndələri iştirak ediblər. 

Gülarə Salayeva Müqəddəs Məryəmin təsviri olan əsəri kilsəyə hədiyyə edilib. Əsərin üzərində mavi geyimli və incə qatlarla verilən baş örtüyünün fonunda 12 şüalı günəşli tac, həmçinin onu əhatə edən eyni saylı qızıl ulduzlar vurğulanır. 

Rəssam qeyd edib ki, Müqəddəs Məryəm obrazı bəşəriyyət tarixi-ictimai düşüncəsində mühüm və əhəmiyyətli yerə malikdir. İdeallıq haqqında təsəvvürləri öz surətində ifadə edən bu universal obraz xristianlıq tarixində dəqiq qanunlara əsaslanaraq müvafiq tərzdə vizuallaşıb. 

Mərasimdə çıxış edənlər tolerantlıq nümunəsi olan Azərbaycanda multikultural dəyərlərə və ənənələrə həssaslıqla, hörmətlə yanaşıldığını vurğulayıblar. Bildiriblər ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan, eyni zamanda, millətlərarası və dinlərarası münasibətlərin inkişaf etdirilməsi baxımından da nümunəvi ölkə kimi xarakterizə olunur. Ölkədə milli və dini müxtəliflik bəzi dövlətlərdən fərqli olaraq insanlar arasında fərq yaradan amil kimi deyil, əksinə, tolerantlıq mühitinin əsas komponentləri olaraq çıxış edir.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2023)

Nüfuzlu Euronews yola saldığımız 2022-ci ilin ən yaxşı fotolarını müəyyənləşdirib. Burada Rusiyanın Ukraynaya təcavüzündən tutmuş İrandakı antihökümət yürüşlərinə, Tur de Frans yarışmalarınadək hər şey var. Yola saldığımız il hadisələr baxımından o qədər zəngin olub ki, fotoqraflar fotokameralarını futlyara salmağa macal tapmayıblar. 

Həmin fotoları ardıcıllıqla “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edir.

 

İrpen şəhərinin sakinləri dağıdılmış körpünün altında sığınacaq taparaq şəhərdən çıxarılmalarını gözləyirlər. Foto: Emilio Morenatti/AP Photo

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2023)

 

Almaniyanın populyar “Spruechetante” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Vaqif Bayatlı Odərin alman dilinə tərcümə edilmiş “Hər kəsdən çox”, “Uşaqlar və hərflər” və “Gül düzəldirəm adamlardan” şeirlərinin yayımına başlayıb.

 

Tərcümə Mərkəzinin açıqlamasına görə, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin alman dilinə tərcümə müəllifi – Mərkəzin alman dili mütəxəssisi Məryəm Səmədova, bədii redaktoru – Almaniyanın ədəbiyyatşünas alimi Kerstin Krapsdır.

Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənilən “Spruechetante” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində Eduard Fridrix Mörike, Fridrix Şiller, Volfqanq Höte, Teodor Fönten, Çarlz Dikkens, Tomas Braun kimi korifey yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.