Durduğun yerdə sənə Nobel verirlərsə… - Sadiq Qarayev yazır Featured

“Ədəbiyyat və incəsənət” portalı Yazıçı və cəmiyyət rubrikasında Sadiq Qarayevin qeydlərini diqqətinizə çatdırır. 

 

Bir tədbirə dəvət etmişdilər, sevincək getdim. Bir az da həyacanlı idim ki, mövzu nədi, birdən söz-zad verərlər, neylərəm... 

Sevincək və həyacanlı ona görə ki, ilk kitabım yenicə çıxmışdı, məni yazıçı hesab  edib çağırmışlar, yazıçı və şair dostlarla təzə-təzə tanışlıq idi.  

Hamı gəldi, məclis başladı. Yaxşı da geyinmişdim, pencək, qalstuk filan, tədbir təşkilatçıları tez- tez mənə tərəf baxırdılar. Əvvəl pərt oldum, elə bildim ki, bu saat deyəcəklər -sənin burada nə işin var?

Məni də tədbirə bir dostum dəvət etmişdi.

Amma elə ikinci, ya üçüncü çıxışçı kimi sözü mənə verdilər, bəlkə elə bildilər ki, "yuxarılardan" gəlmişəm.

Nə danışacam, bilmədim. Elmi şuralarda, iclaslarda konkret mövzu olur, 3- 5 cümlə danışırsan, bitib gedir.

Qardaş Türkiyədən də 3 nəfər qonaq vardı. Elə onları bəhanə edib, Azərbaycan- Türkiyə qardaşlığı, ədəbi prosselərdə əməkdaşlıq və s.dən bir az danışıb əyləşdim.

Sonra çıxışlar başladı, demə iştirakçıların əksəri yazıçı, şairlərmiş.

İnanmayacaqsız, mən o vaxta qədər Azərbaycanda 3-5 şair tanıyrdım, düşünürdüm ki, tanımadıqlarım da olsun 10- 15 nəfər.

O vaxta qədər (2015 ya, 16- cı il) fb də ya hansısa sosial şəbəkələrdə yox idim.

Sonralar gördüm bu ölkədə nə qədər şair, yazıçı var İLAHİ..? 

Nəsə, iştirakçılara söz verildikcəTürkiyəli qonaqların üzünə baxıb, " bir millət iki dövlətik"  girişindən sonra, hərəsi öz şeirindən dedilər.

Düzdür, çox qəşəng şeirlər də vardı, zövq verirdi. Amma əksər şeirlər sözü, saxta gülüşlü girişlər isə o müqqədəs şüarı urvatdan saldı. 

Eyni sözü nə qədər demək olar? Qardaşlığa aid min söz, fikir, ideya demək olardı. 

Ümumiyyətlə adam durduq yerdə niyə öz şeirəbənzərini söyləsin ki? Xahiş etməyiblər, tələb olunmayıb...

O qədər şeir oldu ki, ya nədənsə qonaqlardan biri şərqi söyləməyə, iştirakçılar isə masanın üzərinə ovuc- barmaqla vuraraq ritm tutmağa başladılar.

Qəribə baxırdım ki, ayə bunlar neylir?

Nəysə sonda medal çıxardılar,  təşkilatçılardan və qonaqlardan iki nəfərə verdilər. İnsafən qəşəng, bəzəkli medal idi, düşündüm ki, kaş mənə də verələr. Verdilər. Sonra hamıya  verdilər.

Bir nəfər televiziyadan düşməyən yazar, özünü tədbirini sonunda qan-tər içində içəri saldı, üzr istəyib, dərhal çıxışa başladı. Dayanan kimi, onun da boynuna medal taxdılar.

Tədbir bitdi.

Sonralar fb-də gördüm ki, sonda qan-tərlə gələn şəxs medallı şəklini növbəti ödülü, ədəbiyyata xidmətinə verlən qiymət kimi paylaşıb.. 

Gəldim evə, oğlum Əli balaca idi, medaldan xoşu gəldi, asdım boynuna, sonra nə qədər etdik, ala bilmədik...  

Neçə günüydü söz verib ala bilmədiyim "sürpiriz" zənn etmişdi...

 SON:

Elmi, bədii, nəsə  dəyər yaratmısansa ona verilən kibrit çöpü "nobel" qədər dəyərlidir.

Durduq yerdə sənə "nobel" verirlərsə, səni ələ salırlar...

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.