Əyalət teatrlarımız bu il çox məhsuldar fəaliyyət göstərirlər. Yeni mədəniyyət nazirinin teatr diqqət və qayğısı böyükdür.
Zəngin tarixi və sənət yolu olan Şəki Dövlət Dram Teatrı bu mövsümü də dolğun, yaradıcılıq baxımından rəngarəng yaşayıb.
Teatr cari mövsümə bu gün Azərbaycan klassik dramaturgiyasının banisi M.F.Axundzadənin “Hekayəti-xırs-quldurbasan” komediyası əsasında eyniadlı tamaşa ilə başa vuracaq. Tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, quruluşçu rəssamı və geyim üzrə rəssamı Sahib Əhmədov, baletmeysteri Çingiz Novruzəliyev, musiqi tərtibatçısı Zeynəb Orucovadır.
İndi isə teatrın builki fəaliyyətinə nəzər yetirək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 və Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin təşkil etdiyi silsilə tədbirlərdə Şəki teatrı da iştirak edib.
10 Mart – Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin “Teatrda bir gün” layihəsi üzrə “açıq qapı” günü keçirilib və gənc rejissor Elvin Nurinin quruluşunda türk müəllif Toyğun Orbayın “21:15 qatarı” tamaşasının premyerası olub. Yaradıcı kollektiv bu səhnə əsəri ilə Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) birgə həyata keçirdiyi “Qonaq teatr” layihəsinə də qatılıb. İyunun 5-də ATXİ-nin səhnəsində nümayiş olunan tamaşa maraqla qarşılanıb.
Qeyd edək ki, tarixi 1879-cu ilə gedib çıxan Şəki teatrı 1933-cü ildə dövlət statusu alıb, həmin il M.Ə.Sabir adına Nuxa Dövlət Dram Teatrı adı ilə fəaliyyətə başlayıb. “Qonaq teatr” layihəsi üzə tamaşa nümayişindən sonra Şəki Dövlət Dram Teatrı milli teatr sənətinin inkişafındakı xidmətlərinə və dövlət statusu almasının 90 illiyi münasibətilə ATXİ-nin fəxri fərmanı ilə təltif edilib.
Yubiley ilində teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin quruluşunda braziliyalı yazar Gilyerme Fiqeyredonun “Ezop” tamaşasının premyerası da olub.
Tarixi mövzulara repertuarında mütəmadi yer verən teatrda iyun ayında rejissor Orxan Həmidlinin quruluşunda Xəqani Əliyevin dramı əsasında səhnələşdirilmiş “Çələbi xan” tamaşası geniş ictimaiyyətə təqdim edilib. Tamaşa görkəmli tarixçi alim, akademik Yaqub Mahmudovun 80 illik yubileyinə həsr edilib.
Şəki teatrı təmsilçiləri ölkədaxili qastrol marafonunda da fəal olub. Kollektiv 22 iyunda baş rejissor Mirbala Səlimlinin quruluşunda Jan Batist Molyer və Mixail Bulqakovun əsərləri əsasında hazırlanan “Xəstəlik xəstəsi və ya yaşasın teatr!” adlı tamaşa (tragifars) ilə Mingəçevir Dövlət Dram Teatrının səhnəsində çıxış edib.
“Ədəbiyyat və incəsənət”
(20.07.2023)