Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
“Əgər tarixi roman yazırsansa, burada təbii ki, xronoloji ardıcıllığa mütləq əməl eləməlisən. Əsas məsələ isə əsərin ideyasıdır. Öncə ideyanın necə çatdırılmasına diqqət yetirmək lazımdır. Əsəri yazmamışdan öncə bilməlisən ki, onun ideyası nədir. Tarixi roman yazılarkən bədii təxəyyülə çox cüzi yer ayrılır. Birincisi, əsərin yazılma məqsədi olmalıdır. İlk olaraq bunu aydınlaşdırmaq lazımdır. Niyə görə bu tarixi mövzuya müraciət etmisən, bunu bilməlisən. İkincisi, yenə də deyirəm, şəxsiyyətə, dövrün hadisələrinə münaqişələrə, mübarizələrə müraciət olunarkən xronoloji ardıcıllıq o qədər mükəmməl olmalıdır ki, tarixin təhrif olunmasına tənqidçilər heç bir arqument tapa bilməsinlər. Əksinə, desinlər ki, hətta bizim bilmədiyimiz faktlar da əsərdə xronoloji ardıcıllıqla göstərilib. Əgər bunlar olmayacaqsa, tarixi roman yazmağa dəyməz.”- söyləyir.
Özünə çox güvənir, dik duruşu, şux yerişi ilə cəlbedici görünür. Hakim tərəfləri çox inkişaf edib, göstəriş verməyi xoşlayır və müəyyən patriarxal xüsusiyyətlərə sahibdir. Komfortu və rahatlığı sevir, zövqünə söz ola bilməz. Yoldaşlıqda və dostluqda səxavətlidir, amma sərgüzəştlərə meyillidir. Duyğularını cilovlamağı sevmir və hər kəsə açıq münasibət göstərir. Qüruruna toxunularsa çox sərt reaksiya göstərə bilər...
Deyir ki;- “Mənim əsərlərim haqqında çox insanlar yazıb. Nizami Cəfərov, Şamil Vəliyev və bir çox adamlar. Amma heç biri tarixi gerçəkliyin təhrifi, xronoloji ardıcıllığın pozulması ilə bağlı nöqsanlar bildirməyiblər. Çünki olsa idi, düzəldərdilər. “Nadir şah” əsəri bir neçə dəfə nəşr olunub, digər romanlarım isə iki dəfə. Əgər səhvlərim olsaydı mütləq düzəldilərdi. Bir məsələni də xüsusi qeyd etmək istəyirəm. Romanın məqsədi, məramı, ideyası öz yerində. Digər cəhət də odur ki, romanı müəllif hansı dildə yazır. Mən xarici dilləri nəzərdə tutmuram. Burda ədəbi-bədii dildən söhbət gedir. Bir var ki, dil çox çətin olur, bir-iki səhifə oxuyursan sonra oxumaq istəmirsən. Amma bir də görürsən ki, dil o qədər şirin olur ki, oxuduqca səni özünə çəkir və istəyirsən ki, axıracan oxuyub qurtarasan. Bu amil də əsasdır. Elə yazıçılar var ki, kifayət qədər sanballı yazır, ancaq dili ağır olduğu üçün cəmiyyət tərəfindən qəbul edilmir. Çox zaman mənə müraciət edirlər ki, orta əsrlər dövründən yazdığım romanda niyə o dövrün sözlükləri yoxdur? Mən o dövrün sözlərindən heç birini işlətmirəm. Mənə bunu deyəndə bildirirəm ki, olmaz! Soruşurlar niyə? Deyirəm ki, mən XV əsrin insanları üçün yazmıram ki! Mən müasir insanlar üçün yazıram. Yəni müasir insanın başa düşdüyü dildə. XV əsrin sözlüklərini yazsam gərək onun açıqlamasını da verəm. Açıqlamanı da verəndə, oxucuları yorur. Müasir variantda niyə verilməsin ki?! Mənim bildiyimə görə bəzi yazıçılar öz əsərlərinin ikinci nəşrində müasir sözlərdən imtina edərək onları yeni variantları ilə əvəzləyirlər. Mən hiss etmişəm ki, mən getdiyim yol daha oxunaqlıdır.”
Haqqında danışdığım Yunus Oğuz 1960-cı ildə Şirvan şəhərində anadan olub. 1977-ci ildə orta məktəbi bitirdikdən sonra bir il Şirvan DRES-də fəhlə işləyib. Daha sonra Bakı şəhəri 6 nömrəli texniki peşə məktəbində təhsil alib. Ardınca iki il əsgəri xidmətdə olub. Üç ilə yaxın Şirvan şəhər pambıq təmizləmə zavodunda mülku müdafiə qərargahının rəisi vəzifəsində çalısıb. Həmin müddətdə ictimai əsaslarla zavodun komsomol təşkilat katibi secilib. 1983-cü ildə Rostov Dövlət Universitetinə daxil olub və 1988-ci ildə RDU-nun fəlsəfə fakültəsini bitirərək filosof ixtisasina yiyələnib. Ali təhsilini bitirdikdən sonra təyinatla AMEA-nın Fəlsəfə və hüquq institutuna göndərilib və burada bir müddət kiçik elmi işçi vəzifəsində işləyib...
Sufizmə çox meyillidir. Bəlkə də bundan irəli gəlir ki, yaratdığı əsərlərin əksəriyyəti bu tarixi cərəyanla bağlıdır...
“Sufizmin kökü şamanlıqdan gəlir. Orda Tanrı qəbulu var və bu çox normal bir şeydir. “Əmir Teymur” və “Şah arvadı və cadugər” romanlarını yazanda şaman rəqslərini öyrənmək üçün Yakutiyaya getmişdim. Bu çox normal bir şeydir. Mən arada Tyan-şana Tanrı dağına da gedirəm. Bunu internetdən də öyrənə bilərdim. Bir də var ki, reallığı, həqiqəti öz gözlərinlə canlı-canlı görürsən. Məhz bu zaman ordan aldığın enerjini ürəyində, başında gəzdirə bilirsən. Bu zaman daha effektli əsər yazmaq olar. Sufizmə, şamanizmə sevgim çox böyükdür. Bunlar birbaşa Tanrının verdiyi elmlərdi ki, hər kəsdə olmur.”
1988-ci ildə Milli Azadlıq hərəkatına qoşularaq, hərəkatın aktiv üzvlərindən biri olub. 1990-cı ilin yanvarında akademiyanın bir qrup gənc alimi ilə birlikdə Xalq Azadliq Partiyasının (XAP) yaradıb və onun sədri seçilib. 1992-ci ildə AXC sədrinin müavini təyin olunub. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin müşaviri təyin edilib. 1994-cü ildə Azərbaycan Xalq Cəbhəsini tərk edərək, Azərbaycan Bütövlüyü Uğrunda Cəmiyyəti və eyni adlı partiyanı təsis edib və partiyanın sədri olub. 1997-ci ildə onun təşəbbüsü ilə ABUP və XAP birləşərək, Xalq Azadlıq Partiyası yaradılıb və sədrlik ona həvalə edilib. 1998-ci ildə isə XAP bölünəndə Yunus Oğuz və tərəfdarları partiyanın Vəhdət Partiyasına birləşdiyini elan ediblər və orada sədrinin birinci müavini seçilib. Çox keçmədən bu partiya da bölünüb və Yunus Oğuzun rəhbərliyi altında başçılığında Milli Vəhdət Partiyası yaradıldığı elan edilib. Nəhayət 2023-cü ildə Milli Vəhdət Partiyası da fəaliyyətini dayandırıb. Bütün bunlardan əlavə o, xeyli müddətdir ki, həm də jurnalistika ilə məşğul olur. Fəlsəfə və hüquq institutunda kiçik elmi işçi işləməklə yanaşı 1989-cu ildən 1991-ci ilədək “Azad söz” qəzetinin, həmçinin “Xüsusi bulleten”lərin qeyri-leqal nəşrinə rəhbərlik edib. 1991–1992-ci illərdə “Ordu” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1995-ci ildən bu günə qədər "Olaylar" İnformasiya agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru vəzifəsində çalışır...
“Media sahəsində islahatların həyata keçirilməsi çoxdan gözlənilən bir addım idi. Düşünürəm ki, prezidentin islahatları davam edəcək. Kluarlarda keçirilən görüşlərdə bu məsələni qaldırmışdım və çıxışlarımda bildirmişdim ki, artıq KİVDF-nin nizamnaməsi günümüzə cavab vermir. Ən əsası da odur ki, mətbuatın KİVDF-dən asılılığı var idi. Bu asılılıq sonradan ayrı-ayrı şəxslərin, yəni, Fondda işləyən insanların timsalında daha çox özünü büruzə verirdi. Bir növ daha çox bürokratizm rol oynayırdı. Bütün bunların fonunda prezident bu islahatlara getdi. Hesab edirəm ki, burada daha çox kreativ yaradıcılıq meyilləri var. Bu yaradıcılıq meyillərini bir neçə yerə bölmüşəm. Burada ən əsası odur ki, yeni yaradılan qurum publik hüquqi şəxsdir. Publik hüquqi şəxsin digər təsərrüfat fəaliyyətləri ilə məşğul olmaq imkanları var. Bir sözlə, qanunla icazə verilmiş bütün fəaliyyətlərlə məşğul ola bilərlər. Bu nə üçün lazımdır? Bu ona görə lazımdır ki, qəzetlər, saytlar, internet media, bu sahə ilə məşğul olan hüquqi şəxslər həm də biznes fəaliyyəti ilə məşğul olurlar. Saytların və qəzetlərin müstəqilliyi artdıqca onların həm gəlirləri çoxalacaq, həm də azad və sərbəst formada fikirlərini ifadə edə biləcəklər. Agentlik, qəzet və saytları, agentlikləri ora cəlb etməklə təsərrüfat, biznes fəaliyyəti yaradır. Digər tərəfdən onlar da agentlikdən asılı olmayaraq, müstəqil fəaliyyətlə məşğul olurlar. Bu da əsasdır. Məsələn, bizim iki hüquqi şəxsimiz var, ancaq üç istiqamətdə, qəzet, sayt, agentlik olaraq fəaliyyət göstəririk. Bunların hamısını vahid mərkəzdə birləşdirmək lazımdır. Yəni, ümumilikdə nə yardım ediləcəksə holdinqə edilsin. Bəzən bir agentlik beş hüquqi şəxs yaradır. Əslində, o da düzgün deyil. Bizim üç fəaliyyət növümüz olsa da, bir yerə, OLAYLAR olaraq bir quruma dəstək olunmalıdır. Yəni, 4-5 hüquqi şəxs yaradan qəzet, yaxud agentliyə ayrı-ayrılıqda dəstək olunmayacaq. İkinci bir xətt də ondan ibarətdir ki, agentliklər, saytlar, yaxud holdinqə eyni start şəraitin yaradılmasıdır. Mən şəxsən narazılıq edirdim ki, hamıya eyni şərait yaradılsın. Eyni işi biz də görürük. 24 saat xəbərlərimizi dərc edir, fəaliyyət göstəririk. Ancaq pul ayrılanda ədalətsizlik ortaya çıxır. Təbii ki, bu da bizim işçilərimizə, peşəkarlığımıza ziyan vurur.”- söyləyir.
Onun qələmə aldığı “Nadir şah” romanı Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən “Qızıl kəlmə” mükafatının “Şans” ödülünə layiq görülüb və "Nadir şah", "Təhmasib şah", "Attila" və "Qədim türklər və passionarlıq nəzəriyyəsi" Türkiyə türkcəsinə çevrilib və bu ölkədə böyük tirajla nəşr olunub. "Nadir şah" romanı eyni zamanda ingilis dilində Londonda işıq üzü görüb. "Türkün tarixinə yeni bir baxış" kitabı isə Təhsil Nazirliyinin qərarı ilə ali məktəblərdə dərs vəsaiti kimi çap olunub. 2011-ci ildə yenə Təhsil Nazirliyinin qərarı ilə "Nadir şah" və "Təhmasib şah" tarixi romanları sinifdənxaric oxu ədəbiyyatı kimi sifariş edilib və çapdan çıxıb. Bundan əlavə "Nadir şah" əsəri 2015-ci ildə Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. 2011-ci ildə isə AMEA-nın Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə "Qədim türklər və passionarlıq nəzəriyyəsi L. N. Qumilyovun tədqiqatlarında" adlı elmi kitabı işıq üzü görüb və təhsil nazirliyi tərəfindən dərs vəsaiti kimi çap olunub. Bu kitab eyni zamanda İstanbulda da nəşr edilib. İki cildlik "Əmir Teymur- zirvəyə doğru" və "Əmir Teymur- dünyanın hakimi" tarixi romanları da Azərbaycan Elm və Təhsil Nazirliyi tərəfindən dərsdənkənar oxu ədəbiyyatı kimi təkrar işıq üzü görüb. Ümumiyyətlə, Yunus Oğuzun əsərləri Nyu-Yorkda, Londonda, Moskvada, İstanbulda, Kiyevdə, Daşkənddə, Almaatada, Bişkekdə və başqa şəhərlərdə nəşr edilib. Bütövlükdə iyirmi iki ölkədə əlliyə yaxın kitabı dərc olunub. Kitabları haqqında üç monoqrafiya yazılıb. Bütün bunlara görə bir neçə mükafatlandırılıb- 2005-ci ildə “Tərəqqi” medalına, 2010-cu ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. TÜRKSOY onu Çingiz Aytmatov adına medalla təltif edib. Prezident təqaüdçüsü və Özbəkistan Turan Elmlər Akademiyasının akademikidir...
Az qala nəfəsim darıxsın, bu insan altmış üç ildə yüz ilin işini görüb. Mən hələ hamısını söyləyə bilmədim. Qoy qalsın, altmış beş yaşına...
Elədir ki, var, bu dəfəki söhbətimin qəhrəmanı öz yerində olan adamdır- İlahidən gələn təyinatını icra edir- keçmişdən gələcəyə miras daşıyır. Xoşbəxtdir- hər iki dünyanın rəhmətini qazanıb. Səsi sarı rəngdədir, bu rəng müdriklərdə olur- həsəd apardım. Bunu ariflər üçün deyirəm- Yeddi rəngdən üçü ruhunda var, biri də olsaydı dərviş adlandırardım. Hər adam üçün danışmır- onu anlayanlar anlayır, anlamayanları yorur...
Bəli, tarixi roman yazmaq asan məsələ deyil. Bunun üçün yazıçıdan üç keyfiyyət tələb olunur- dərin zəka, ciddi araşdırma qabiliyyəti, düzgün dəyərləndirmə bacarığı. Qalanı rəngdir. Həmkarları keçmişdən yazıb, bu günə təqdim edir. Onun əsərləri isə gələcəkdə daha çox oxunacaq, daha çox tanınacaq. Dostluqda, yoldaşlıqda necə olduğunu bilmirəm, amma hər ağlı kəsən, onu bu xalqın dostu kimi tanımalı, ehtiram göstərməlidir- o, bunu zəhməti ilə qazanıb. Söylədikləri Quran ayəsi olmasa da, haqqı arxasıyca çəkən kəlmələrdir. Düşünür və düşündürməyi də bacarır- müdrik adamdır və bu millətin qənimət övladlarından biridir. Adında mistika var, bu sehr onu əbədi yaşadacaq- Yunus peyğəmbərdən və Yunus İmrədən sonra yadda qalacaq üçüncü Yunus olacaq. “Oğuz” kəlməsi isə fərqlənməsi üçündür...
İyulun 22-si Yunus Oğuzun 63 yaşı tamam olur. Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq!
63 yaşın mübarək, Yunus Oğuz!…
“Ədəbiyyat və incəsənət”
(21.07.2023)