Super User

Super User

Cümə axşamı, 12 Yanvar 2023 13:00

Sertab Erenerin Bakı konsertinin vaxtı dəqiqləşdi

Fevralın 14-də Bakı Konqres Mərkəzində məşhur türk ifaçısı Sertab Erener konsert proqramı ilə çıxış edəcək. Sevilən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısına çıxacaq.

 

Qeyd edək ki, Türkiyənin güclü səsi Sertab Erener 2003-cü ildə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində “Everyway that i can” mahnısı ilə birinci yerə çıxaraq qalib olub. Həmçinin o, 2012-ci ildə “Türk klassik musiqisinin ən yaxşı qadın solisti” nominasiyasında "Altın Kelebek" mükafatı ilə təltif edilib. 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2023)

Cümə axşamı, 12 Yanvar 2023 12:45

Rəsm qalereyası: Nəvai Mətin, “Natürmort”

Rəsm qalereyası: Nəvai Mətin, “Natürmort”

Cümə axşamı, 12 Yanvar 2023 12:30

Xalq şairi Zəlimxan Yaqubun xatirəsi anılacaq

Yanvarın 18-də Beynəlxalq Muğam Mərkəzi və “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xalq şairi Zəlimxan Yaqubun xatirə gecəsi təşkil olunacaq. 

Beynəlxalq Muğam Mərkəzinin məlumatına görə, tədbirdə tanınmış ictimai xadimlər, söz adamları və incəsənət ustaları iştirak edəcəklər. 

 

Gecənin bədii hissəsində Xalq artistləri Alim Qasımov, Mələkxanım Eyyubova, Gülyanaq Məmmədova, Əməkdar artist Elnarə Abdullayeva, fəlsəfə üzrə elmlər doktoru, aşıq Fəzail Miskinli, Əməkdar mədəniyyət işçiləri aşıq Zülfiyyə İbadova, Samirə Əliyeva, Nemət Qasımlı, Bəhmən Göyçəli, aşıq Ramin Qarayev və digər tanınmış musiqiçilər çıxış edəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2023)

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

 

Uğur üçün lazım olan keyfiyyətlər arasında biz bol informasiya almağın, mütaliənin necə vacib olmasını da sadalamışdıq. Statistik hesablamalara görə hər bir uğurlu insanın il ərzində orta hesabla 19 kitab oxuduğunu da sizin diqqətinizə çatdırmışdım.

Əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luqdakı kitablara bir-bir şərh verməyi davam edirəm.

 

Ceyms Allen «Düşünən insan»

Düz 116 il öncə yazılan bir kitabın hələ də populyar olması, hələ də insanlara bələdçilik etməsi, fayda gətirməsi əlbəttə ki, diqqətçəkən haldır. İnsan özünüinkişafı üzrə klassik iş hesab olunan bu kitabın əsas ideyası odur ki, insanı onun düşüncələri formalaşdırır. Yüksək, ali fikirlər insanı yüksəldir, necə deyərlər, axmaq fikirlər isə insanı alçaldır.

Həyatı faciələr içində keçən, cəmi 15 yaşında ikən atasının öldürülməsi səbəbindən təhsilini atıb ailəsini dolandırmaq üçün ağır işlərə qatlaşan Allendə kitaba sevgini Lev Tolstoyun yaradıcılığı oyadıb. Yüzlərlə kitab oxuyan bu dahi şəxsiyyət  insanın imkanlarının dəyişilməsi üçün düşüncənin gücünü ən əsas faktor hesab edir.

Allenə görə insan özü barədə nə düşünürsə, mahiyyətcə elə düşündüyünə bərabər olur.

İlk dəfə motivasiya mövzusuna toxunan Allen şəxsiyyətn inkişafını, uğur qazanma sirlərini məhz düzgün düşünə bilməkdə görməklə insanlığı düşünməyə səsləyir.

Sadəcə, düşünün, əziz oxucularım! Hər şey sizin düşüncələrinizdən asılıdır.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2023)

 

Cümə axşamı, 12 Yanvar 2023 12:00

Sərt işdə 85 zərif

Prokurorluq orqanlarında 85 qadın əməkdaş çalışır

 

 

Prokurorluq orqanlarında 85 qadın əməkdaşın çalışması barədə məlumatı Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində deyib.

 

Kamran Əliyev bildirib ki, qadınlardan 56-sı 2002-2019-cu illər ərzində keçirilmiş 21 müsabiqə nəticəsində, 29-u isə 2020-2022-ci illərdə keçirilmiş müsabiqələr nəticəsində işə qəbul olunub: “Müsabiqə yolu ilə işə qəbul edilmiş şəxslərin 8,7 faizini qadınlar təşkil edir. Hazırda rəhbər vəzifədə işləyən 9 qadın işçidən 1-i idarə rəisi, 3-ü idarə rəisinin müavini, 1 şöbə rəisi, 1 Bakı şəhər prokurorunun böyük köməkçisi, 2 rayon prokuroru, 1-i isə rayon prokurorunun müavini vəzifəsində işləyir”.

Bəli, sərt iş sayılan hüquq-mühafizə sistemində zərif qadınların çalışması bir qədər təəccüblü görünür. Amma o da var ki, qadınlar kişilərə nisbətən qanunları daha az pozurlar. 

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2023)

Yanvarın 17-də Beynəlxalq Muğam Mərkəzində (BMM) “Muğam axşamları” layihəsinin növbəti konserti keçiriləcək. Musiqi gecəsində “Bayatı Kürd” və “Qatar” muğamlarını VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibləri Fuad Əzizzadə, Ülkər Abdullayeva və Daşqın Kürçaylı təqdim edəcəklər. 

 

Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Layihənin rəhbəri BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərir. “Muğam axşamları” layihəsi 2017-ci ildən həyata keçirilir. 

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrini də musiqisevərlərə təqdim edir.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2023)

Cümə axşamı, 12 Yanvar 2023 11:30

Sibel Can Bakıya gəlir

Banu yazır

 

Sevimli müğənnimlə bağlı iTicket-də gedən bu xəbər məni çox sevindirdi: Martın 8-də Bakı Konqres Mərkəzində Türkiyənin məşhur müğənnisi Sibel Canın konserti olacaq.

 

Xəyal məni 5 il öncəyə apardı. Onda da məhz 8 martda və məhz Bakı Konqres Mərkəzində Sibel Can konsert vermişdi. Konserti Ruhi xanım təşkil  eləmişdi və mənə də Dəvətnamə payı göndərmişdi. 

Sibel Can həqiqətən də gözəl və böyük müğənnidir. Daim özünəməxsus ifa tərzi ilə milyonların qəlbini fəth edən müğənni öz repertuarında olan mahnılarla növbəti dəfə paytaxtımızda pərəstişkarları qarşısında çıxış edəcək. Özü də Sİbel Can heç vaxt arabeska, əcnəbi bəstəkar mahnısı oxumaz, öz bəstəçisi, öz stili, tərzi olan müğənnidir. 

“Röyalarda buluşuruz”, “Bəlliymiş zatən” və “Yetmiyor” kimi şedevrləri ərsəyə gətirən müğənni həqiqətən də böyük müğənnidir. 

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2023)

Cümə axşamı, 12 Yanvar 2023 11:15

“Çeburaşka”maniya

Rusiyanın “Soyuzmultfilm” studiyasının istehsal etdiyi “Çeburaşka” filmi son rəqibi olan “Kölə” komediyasını geridə qoyaraq yerli prokatda ən çox gəlir gətirən film kimi rekorda imza atdı.

“Ədəbiyyat və incəsənət” portalı kinonews.ru saytına istinadən xəbər verir ki, son nəticəyə görə, “Çeburaşka” gəlir hesabını 3,085 milyard rubla çatdıraraq, bütün rəqiblərini üstələyə bilib.

 

Maraqlıdır ki, belə inanılmaz nəticə əldə etmək üçün rejissor Dmitri Dyaçenkonun “Çeburaşka” nağıl filminə cəmi 10 gün vaxt lazım olub. Belə ki, film prokata yanvarın 1-dən çıxıb. Bu cür sürətli gedişatla güman edilir ki, yaxın gələcəkdə ekran əsəri yerli kassada digər xarici film layihələrini, o cümlədən “Avatar” filmini də üstələyə bilər.

Rusiyada “Çeburaşka”maniya hökmranlıq etməkdədir.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2023)

Cümə axşamı, 12 Yanvar 2023 11:00

Müəlliminə dedi ki, sizə nifrət edirəm...

 “Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Məlik Dadaşovdur.

 

MƏLİK DADAŞOV

(1924-1996)

 

***

İncəsənət Universitetində dərs dediyim vaxtlar idi. Dərslər təzə başlamışdı. Birinci kursları götürmüşdüm. Bir gün dekanlıqdan xəbər elədilər ki, bəs tələbələrdən biri mənim kursumda oxumaqdan imtina edir. Dekanlığa getdim, tanıdığım tələbə idi, bir gün əvvəl tanış olmuşdum, bacarıqlı, istedadlı bir qız.

– Qızım, niyə mənim kursumda oxumaq istəmirsən?

– Sizə nifrət edirəm, – birbaşa üzümə dedi.

Sarsıldım.

– Niyə axı, mən sənə neyləmişəm? – heyrətlə xəbər aldım.

Qız cavab vermədi. Başını aşağı salıb ağladı. Saçlarını sığallayıb könlünü almaq istəyəndə əlimi geri itələdi:

– Toxunmayın mənə! – çığırdı.

Hamı heyrət içində idi. Dalağım sancdı. Başa düşdüm ki, bu fikirlərin arxasında nə isə bir acı gerçək dayanır. Qız başını qaldırıb gözlərimin içinə baxdı:

– Hər dəfə sizi görəndə atamın çəkdiyi əzabları xatırlayıram,  – deyib, – məni qucaqladı.

Sonradan öyrəndim ki, qızın atası da erməni əsirliyində olub, əsirlikdən azad olub evə gələndən bir müddət sonra dünyasını dəyişib.

O qız mənim ən yaxşı tələbələrimdən biri oldu.

 

 

 

 “Ədəbiyyat və incəsənət”

(12.01.2023)

 

 

Qara dəniz delfinləri Rusiyanın Ukraynaya təcavüzünün qurbanları arasındadır. Müharibə başlayandan - ötən il Fevral ayının sonundan üzübəri Ukrayna sahillərində yüzlərlə ölü məməli tapılıb. Dəniz bioloqlarının ən pessimist  hesablamalarına görə 250 minlik Qara dəniz  delfini “əhalisindən” təxminən üçdə biri ölə bilər. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-un bir süjetinə əsaslanaraq məlumat yayır. 

 

İvan Rusev, dəniz bioloqu söyləyir: “Ümumilikdə, hesablamalarımıza görə, ən azı 50 min, maksimumsa 100 min delfin ölüb."

Delfin ölümlərinin əsas səbəbləri arasında elm adamları dənizdəki döyüşləri göstərirlər: səslər, partlayışlar, həmçinin hidrolokatorların gəmilər və sualtı qayıqlar tərəfindən aktiv istifadəsi. 

İvan Rusev deyir: 

"Hidrolokatorlar delfinlərin duyma və akustik sistemini vurur və sanki delfin kor olur. O, nəhayətsizlikdə gəzə bilmir, özünə balıq tuta bilmir və buna görə də hər gün arıqlayır, immun sistemi zəifləyir."

İndi ukraynalı alimlər ekosid adlandırdıqları bu rus təcavüzünə aid sübutlar toplayırlar: delfinlərin ölümünün Rusiyaya qarşı ittihamlardan biri olacağını istisna etmirlər. Həmçinin bioloqlar müharibədən sonra genişmiqyaslı dəniz Qoruğu təşkil etməyə ümid edirlər: onların sözlərinə görə, Qara dəniz delfinlərinə dəymiş itkiləri bərpa etmək üçün 30 ildən çox vaxt lazım ola bilər.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.