“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikaaında portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla bu gün sizlərə Həkimə Babakişizadənin şeirlərini təqdim edir.
Şeirlərində Nəğmə təxəllüsünü işlədən Həkimə Babakişizadə 1981-ci ildə Xiyav şəhərinin Alıc kəndində anadan olmuşdur.
O, Ədəbiyyat fakültəsinin Müqayisəli xalqlar ədəbiyyatı şöbəsində magistr dərəcəsini almışdır. Onun "Gəlin köçür xəyallarım" adlı şeirlər kitabı çap olunmuşdur. O, şeirdən əlavə hekayə də yazır.
GİZLİ YARALAR
Gəl ovundur, ya da aldat belə şıltaq yaramı,
Ya qanat, ya yarana bağla bu yarpaq yaramı.
Üzə çıxmaz yaramın gözlərini duzlamışam,
Gəl otur bir danışıb, ağlayaq ortaq yaramı.
Min otaqdır ürəyimdə belə gizli yaralar,
Halal olsun görən olsa başı çılpaq yaramı.
Gəzir özgür iliyimdən dərimə vəhşi yaram,
Belə gəl ovlayasan bəlkə bu qıvraq yaramı.
Qadasın mən yar alar, kim bu qədər yar yaralar!
Sel olub oyma bu qançır qara torpaq yaramı.
Darıxır qan yaramın qürbətini ağlamağa,
Yada sal gəl qapısın döy barı taq-taq yaramı.
Ya dəyişdir, ya bitişdir, ya yaramdan çək əlin,
Ya unut bağrıma od salma bu pıtraq yaramı.
Neçə illərdi yaramdan sənə pay duzlamışam,
Gəl apar saxsısı bişmiş oda bardaq yaramı.
DÖNÜB BAXANDA
Hələ də illərin həsrəti coşur,
Gözlərim bulağa nəğmələr qoşur,
Ürəyim başından qara qan aşır,
Mən gəldiyim yola dönüb baxanda.
Keçmişdə qalan bir qızı anıram,
Özümü özümə mən qısqanıram,
Bəzən də bu məni özgə sanıram,
Mən gəldiyim yola dönüb baxanda.
Deyirəm;
İlahi!
Hayanda saldı?
Bu qız ürəyimi satınmı aldı?
Məndən bir özgə tək ayrıldı, qaldı,
Mən gəldiyim yola dönüb baxanda.
Qızın qız adına illər hürürdü,
Dursa daş, getsəydi yollar gülürdü,
O qız hələ də tək ömür sürürdü,
Mən gəldiyim yola dönüb baxanda.
Oturub ayrıcda yol gözləyirdi,
Umurdu yiyəsiz, iz izləyirdi,
Eşşək ürəyim kor at bizləyirdi,
Mən gəldiyim yola dönüb baxanda.
Qazanıb qazancın yeməyən adam,
Qız adım qoymadı duyğumu dadam,
Bir vaxt gördüm tanış,
Bir zaman yadam,
Mən gəldiyim yola dönüb baxanda.
*
Qapsamlı ümidsizlik sindromu
Sam yeli kimi əsir içimizə
Lallıq kəndirindən asılır
Qan ağızın dillənməyən dili.
Ümidsizlik hörümçəyi
Hüceyrəmizdə tor toxuyan çağ
İnsanın qalın gönü başlayır öyüd məsləhətinin vərin tutmağa
Həyata bir meyilli var olmaqdan
Qurumlayır ürək evinin qara damın
Tapmacalarda kilkəli qızın saçları.
Qaranlıqlarda batan ümid tozanı
Daşınır işıq əllərilə
Bacadan çəkilən uzun yollara
Allah dərd də verib, dərman da deyib
Möcüzələr yoluna göz tikir bəşər.
Ümid allahdır
Ümidsiz şeytandır deyir.
Başını dişi kimi ağardan analar
Analar!
Analar qorxaq yaşayırlar xəstəlik qoxusunda
Leşi batmış arzuları görən zaman...
Keçdi
Sevgililər əl-ələ verib
Qızımız arzu
Oğlumuz ümid doğulacaq deyib qoşulub qaçan zamanları.
İndi sevgili oğlan ya gözdən düşür,
Ya damdan.
Qızların da qapısı şahsız evin
Bayquş xarabasıdır.
Qızların gömülmüş qızıllığının üstündə
İlan yeyib əfi olan ümidsizlik yatıb
Yalqız bağrında daş yatan kimi.
İLLİK ANLAR
Yaşımın zirvəsində
Tamsındığım (illik anları)
Baxdığım eniş yoluna heyfsilənirəm.
Yüksəkliyi qırx illiyimin
Təpəsindən
Ürəyimin başına qaldırıram.
Ürəyim buz baltasıdır.
Gəldiyim yoldan getdiyim yolun sonuna qədər göz işləyir.
Dənizi çıxardıb balıqlıqdan, balığa göstərmək kimi
Bir anlayış doğulur canımın ruh qatında.
Qaça-qaçdan qurtaran arxayınlıq
Çöküb varlığın dibinə.
İki, bir arasından çıxan sirr sözdür
Dumana bürünən, gələcəyə düşündüklərim.
Ölüb-dirilməkdən qırxı çıxan adamam.
Yaşımın zirvəsi Babək qalasıdır
Diz ağrıların yollarda qorxudub gələn yolçuyam bu gün
Qorxulu götürülən bir xülyalı.
İndi
Müharibə çağı düşmən əlinə düşən ölkədə paslı
Post sandığından çıxan
Qırx illik suallar cavabına
Yazılmış məktubdur,
Çatdığım yol.
Bu yolun üstü yoxdur!
Bu yolun ucu başdır
Bu yolun başdan başlanırmış demə
Bu yolun arxasından gəldikdə
Lapdan diskinib dayanarmış adam.
Bu yol ömürün gedər durağı imiş deməli!
Çata-çata gedən bir yol...
*
Boylananda
Boyasın boyumu
Xəyalın duvaqlı boyasına;
Mavini sevirəm
Sonra da yaşılı...
Şaxıyan işığa allergiyası var
Astiqmatizm ruhumun,
Abajurlu xəyallığımda
Dans edir pərdəli günəşə
Alışqanlığım,
İki sətir əllərini oxut
Gözlərimin şüşəsinə
Doldurum qoxunu,
Dincəlsin ətrin
Beynimin hüceyrələrində.
Şirin görüşündən ayılsam
Bu gecə bağa stansiyasından
Cet olub uçaram
Yuxuna ölərəm.
Projektorsa işığına
Yığışar
Əl-ayağı yığışmayan bör-böcək fikirlərin,
Durular zehnim
Sayaram kırıxmasam günləri;...
“Ədəbiyyat və incəsənət”
(25.07.2023)