Super User

Super User

Cümə, 13 Yanvar 2023 18:00

Hüseyn Arifin lətifəsi

Yanvar ayında mədəniyyət sahəsini əhatə edən lətifələrin təqdimatını davam etdiririk. Budəfəki qəhrəmanımız Xalq şairi, baməzəliyi ilə ad çıxarmış Hüseyn Arifdir.

 

 

Hüseyn  Arif  yazar dostlarından birinin övladı ilə görüşüb hal-əhval tutur:

- Nə var nə yox, atan necədir?

- Çox sağ olun, indi yaxşıdır. Yaman xəstələnmişdi. Qan təzyiqi, ürək bir-birinə qarışmışdı. Həkimlər güclə qurtardılar.

Dostunun övladı gözləyir ki, Hüseyn Arif ona ürək-dirək verəcək. Amma əvəzində qəribə “təskinlik” eşidir:

- Mənim başım qarışıq olur, sonra kişiyə bir şey olar, bilmərəm. Öləndə mütləq xəbər elə.

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2023)

Cümə, 13 Yanvar 2023 16:30

Bazar günü YARAT-da

YARAT yenə də maraqlı layihələri ilə sevindirəcək. Yanvar ayı ərzində “Little YARAT” layihə çərçivəsində ustad dərsləri təşkil olunacaq. “Evim” adlı ustad dərsləri yanvarın 15-dən start götürəcək. Ustad dərsinin iştirakçıları öz evlərinin xarici görüşünü təhlil edəcəklər və xatirələrini canlandıraraq onu kağız üzərində boyalarla çəkəcəklər.

 

Yanvarın 22-də isə mövzu “Günəş sistemi” olacaq. Ustad dərsində ilk növbədə iştirakçılar Günəş sistemi ilə tanış olacaqlar, daha sonra planetlərin çalarlarını təhlil edib, onları müxtəlif texnikalarla təsvir edəcəklər.

Yanvarın 29-da isə mövzu “Saat neçədir?” olacaq. İştirakçılar, gün ərzində zamanı necə idarə etdiklərini və hansı fəaliyyətlər ilə məşğul olduqlarını əks etdirən karton saat yaradacaqlar.

Ustad dərsi 4-7, 8-12 yaşarası uşaqlar arasında keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2023)

“Ədəbiyyat və incəsənət” portalı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın Azərbaycanın ilk maarifçi qadınlarından olan Hənifə Məlikovaya həsr olunmuş “Adı kimi: həqiqi, əsl, xalis, təmiz” yazısını oxucularına təqdim edir. 

 

 

Hənifə Məlikova Azərbaycanın ilk maarifçi qadınlarından olan, xeyriyyə cəmiyyətinin yaradıcısı kimi milli mədəniyyət tariximizdə ehtiramla yad edilən xanım aydınımızdır. Azərbaycanda 1908-ci ildə yaradılan ilk qadın xeyriyyə cəmiyyətinin xətti ilə gördüyü işlər, qadınlarımızın maariflənməsi, maddi və mənəvi qayğı ilə əhatə olunması, onların hüquqlarının müdafiəsi, cəmiyyətdə layiqli yer qazanmaları üçün Hənifə xanımın xidmətləri danılmazdır. O, həmçinin XX yüzilin ictimai qurumları içərisində ünlü olan – xalqımıza mədəni xidmət göstərən “Nicat” cəmiyyətinin yaradıcılarından biri olub.

 

Hənifə xanım Həsən bəy Zərdabinin – Rusiya çarından ana dilimizdə qəzet çapı üçün icazə almağı bacaran, Azərbaycan mədəniyyətini ilk mətbu orqanı ilə taclandıran, millətimizin maariflənməsi yolunda böyük fədakarlıqlar göstərən, “Əkinçi” qəzeti ilə mədəniyyət və ədəbiyyatımızın yolunda mayak olan görkəmli bir ictimai xadimin həyat yoldaşı idi. “Pul yox, yazıçı yox, çapxana yox, hürufat yox, əmələ yox, bir-iki yüzdən artıq da oxuyan olmayacaq. Dövlət tərəfindən izin almaq da ki, bir böyük bəladır”,- deyən Həsən bəy Zərdabinin bütün bu çətinliklərin öhdəsindən gəlməsində Hənifə xanımın böyük mənəvi dəstəyi olub. O, 1875-1877-ci illərdə Həsən bəylə birlikdə “Əkinçi” qəzetinin nəşrinə bütün gücü ilə əmək sərf etmiş, maddi-mənəvi sıxıntılara, ictimai təzyiqlərə qarşı ömür-gün yoldaşı ilə birgə mübarizə aparıb.

Bu üfüqügeniş aydınlar ailəsi 1880-ci ildən başlayaraq öz evlərində pulsuz məktəb açmış, dönəmin cəhalət mühitinə, təqib və təzyiqlərə baxmayaraq, heç bir təmənna ummadan insanlara savad vermiş, elm yolu göstəriblər.

Gözəl, nəcib, sədaqətli və dəyanətli Hənifə xanım millətimizin və ailəsinin yolunda böyük fədakarlıqlar göstərib. O, Həsən bəy Zərdabiyə təkcə həyat yoldaşı yox, həm də əqidə, məslək, düşüncə, mübarizə yoldaşı olub. Hənifə xanım 16 il Həsən bəylə birlikdə Zərdab kəndində polis nəzarəti altında yaşadığı illərdə belə öz əqidəsindən, milli-mədəni inkişafımız uğrunda inadla mübarizə yolundan dönməyib.

Tələbələrin təhsil xərclərini ödəmək üçün həyat yoldaşının yaratdığı ilk xeyriyyə cəmiyyətinin fəaliyyəti uğurlu alınmasa da, Həsən bəyin çətinliklə 1600 manata qədər pul toplayıb bu vəsaitin faizi ilə ildə bir-iki nəfərin təhsil haqqını ödəməsi Hənifə xanımı fədakar aydınlar sayəsində millətinin gələcək rifahına inandırmışdı. Həsən bəy öz mənzilində pansionat açıb hər il on nəfər azərbaycanlı uşağa təhsil verərək, onları gimnaziyaya hazırladığı vaxtlarda Hənifə xanım ona ən böyük dayaq olmuşdu. Bu uşaqların qayğısına qalan Hənifə xanım təlim-tərbiyə işlərində həyat yoldaşının ən yaxın köməkçisi idi. Bütün bunlar millətin inkişafı üçün böyük vətənpərvərlikdən, işıqlı amallardan irəli gəlirdi.

Hənifə Məlikovanın adı Bakıda ilk qız məktəbinin yaradıcısı kimi də tarixə düşüb. O, 1909-1919-cu illərdə Bakı şəhər dövlət birinci Rus-Tatar, yəni Rus-Azərbaycan Qız Məktəbinin müdiri vəzifəsində çalışaraq Azərbaycan qadının inkişafında önəmli rol oynayıb. Bir pedaqoq, maarifçi ziyalı kimi böyük hörmət və nüfuz qazanmış Hənifə xanım dövrünün sayılıb-seçilən şəxsiyyətlərindən idi.

Hənifə xanım xatirələrində yazır ki, 1872-ci ildə Tiflisdə Müqəddəs Nina Qız Məktəbini bitirən qızların siyahısı “Qafqaz” qəzetində dərc olunduqdan sonra onun adını burada görən Həsən bəy Zərdabi təhsilli bir qızla ailə qurmaq istəyi ilə dərhal Tiflisə yola düşür. Hənifə xanımla tanışlıqdan sonra onunla həmfikir olduğunu başa düşən Həsən bəy onunla birgə həyat yoluna çıxmağa qərar verir. Evlənmək qərarı verən gənclər valideynləri uzaqda olduğu üçün evlilik xeyir-duasını da Müqəddəs Nina Qız Məktəbinin himayədarı, knyagina Olqa Fedorovnadan alırlar..

Çətinliklərlə dolu birgə ömür yolunda Hənifə xanım Həsən bəy Zərdabinin ən yaxın dostu, məsləkdaşı olur, bütün həyat məsələlərində, eləcə də ictimai vəzifələrin həllində həmfikir və mübarizə yoldaşı kimi birlikdə qərar veriblər. 1872-ci ildə qurulan ailə bağları əqidə, fikir dostluğu, çətin günün həmdəmliyi ilə daha da möhkəmlənib. Pəri, Qəribsoltan adlı iki qızı və Midhət, Səffət adlı iki oğlu olan ailə, bütün Azərbaycan övladlarını öz doğması bilib, onların təhsilinə və təlim-tərbiyəsinə himayədarlıq etməkdən zövq alıb.

XIX yüzilin əvvəllərində Bakıda yaradılan onlarca xeyriyyə cəmiyyəti, maarif-mədəniyyət ocaqları məhz belə aydınların milli tərəqqi uğrunda mübarizəsinin nəticəsi kimi meydana çıxıb. Hənifə Məlikovanın böyük səyi və zəhməti ilə yaradılan “Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti” də bunun bariz örnəyi kimi diqqəti cəlb edib. Bu kimi xidmətləri Hənifə xanımın adını, onun maarifçilik fəaliyyətini Güney Qafqazın demokratik dairələrində geniş şəkildə məşhurlaşdırmış, adını rəsmi hökumət idarələrində tanıtmışdı.

Onun həyatı bir-birindən çətin sınaqlar, hətta bəzən təqiblər, təzyiqlərlə keçsə də, bir an belə öz missiyasını unutmamış, xalqı cəhalətdən xilas etmək, təhsilli insanların sayını artırmaq yolunda inadlı mübarizəsindən çəkinməyib. O, özü bu haqda yazırdı: “Həyatımın məqsədi – bacardığım qədər avam kütlənin, xüsusən də qadınların hüquqları və istismara qarşı mübarizədə türk qadınlarının mədəni səviyyəsini qaldırmaq olmuş və olacaqdır”.

Hənifə xanım 1920-1926-cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifədə işlədiyi vaxtlarda da bu məqsədi həyata keçirmək üçün bütün qüvvəsi ilə çalışır, daha çox türk-müsəlman qadını təhsilə cəlb etmək istəyib. Həyat yoldaşı və məsləkdaşı Həsən bəy Zərdabi haqqında yazdığı memuarda isə bu yolun nə qədər məşəqqətli olduğunu, çar Rusiyasının təbəəsi olan müsəlman xalqların inkişafına hər cür maneələr yaradıldığı bir vaxtda maarifçilik uğrunda mübarizənin çətinliyini görürük. Hənifə xanım ömrünün sonunadək bu çətinlikləri dəf etmək yolunda Həsən bəylə yanaşı addımlayıb. 1929-cu ildə Vətəninə, millətinə həsr etdiyi mənalı ömrü başa çatan Hənifə xanım Bakı şəhər qəbiristanlığında dəfn edilib, lakin ömür yolunda qoşa addımlayan bu iki böyük insanı vəfatından sonra zaman yenə birləşdirib, Hənifə xanımın cənazəsi həyat yoldaşı Həsən bəy Zərdabinin məzarının yanına, Fəxri xiyabana köçürülüb.

Professor Abbas Zamanov universitetdə tələbələrinə iki xanımın milli maarif və mədəniyyətimizin inkişafında unudulmaz xidmətlərindən bəhs edərdi. Onlardan biri Həsən bəy Zərdabinin xanımı Hənifə Abayeva- Məlikova, digəri Mirzə Cəlilin ömür-gün yoldaşı Həmidə xanım Cavanşir-Məmmədquluzadə idi. Professor xüsusi vurğulayıb ki, bu xanım aydınlardan birinin “Əkinçi” qəzetinin formalaşmasında, digərinin “Molla Nəsrəddin” jurnalının davamlı nəşrində əvəzsiz xidmətləri olub.

Qaynaqlarda göstərilir ki, Hənifə xanımla Həsən bəy övladlarının dördünə də yüksək təlim-tərbiyə verilib – bu aydınlar ocağının uşaqları Almaniyada, Rusiyada ali təhsil almış, Azərbaycanın layiqli aydınları olaraq yetişmiş, vətənə xidmət ediblər. Ailənin böyük qızı Pəri xanım ailəsi ilə birlikdə Vətəndən uzaqlarda mühacir ömrü yaşamaq məcburiyyətində qalıb. Pəri xanım mühacirətdə olduğu Fransada 1947-ci ildə dünyasını dəyişib, Paris yaxınlığında Sen-Klu məzarlığında, vəfalı dostu və həyat yoldaşı Əlimərdan bəy Topçubaşovun yanında dəfn edilib. Hənifə xanımın digər qızı Qəribsoltan ailə həyatı qurmamış, ömrünü maarifə, elmə həsr etmiş, Azərbaycanın Əməkdar müəllimi kimi ata-anasının yolunu şərəflə davam etdirib. Ailənin böyük oğlu Midhət bəy Məlikov Lənkəranda öz hesabına Xanbulançay üzərində su elektrik stansiyası qurmaq istəyində olub, elə buradaca iş başında ikən qolları qandallı Bakıya gətirilib güllələnib. Kiçik oğul Səffət bəy ixtisasca memar olub, Azərbaycan Xalq Cümhuriyyətinin İstanbuldakı konsulluğunun əməkdaşı kimi Türkiyədə siyasi fəaliyyət göstərib və ömrünün sonunadək də qardaş ölkədə yaşayıb.

Hənifə xanım Bakıda tək-tək görünən çadrasız müsəlman qadınlarından biri idi. Bakıya özü ilə maarifçilik işığı gətirən bu qadının cəsarəti, mənəvi gücü çoxlarını hərəkətə gətirmiş, təhsil alan qadınlarımızın sayını artırmışdı. Zadəgan ailəsində böyüyən, ömründə heç bir çətinliklə qarşılaşmayan Hənifə xanım başladığı maarifçilik yolunda böyük əzab-əziyyətlərlə qarşılaşsa da, həmişə öz kübarlığı, nəcib dəyanəti, mətanəti ilə seçilib. Birdən-birə ağır təzyiqlər mühitinə düşən xanım aydına, eləcə də həyat yoldaşı Həsən bəyə qarşı qəddar hücumlar günbəgün artsa da, bu parlaq şəxsiyyətlər sarsılmayıb. Sanki bu fədakarlığa özlərini öncədən hazırlamış kimi qətiyyətli duruşları vardı. Bədxahlarının hücumu isə əsla ara verməyib. Çünki yaxşı bilirdilər ki, Hənifə xanımın öz evindəki kiçik pansionunda tərbiyə etdiyi, təhsil verdiyi, yetişdirib ərsəyə çatdırmaq istədiyi uşaqların hər biri gələcəyin, özü də lap yaxın gələcəyin maarif işığını yandıracaqlar. Həsən bəyin kiçik qızı Qəribsoltan xanım Məlikova xatirələrində yazırdı: “Evimizdə 10 uşaq qalırdı. Anam onları məktəbə hazırlayırdı. Uşaqlar onun ümid və iftixarı idi”.

Gənc azərbaycanlı aydınların yetişməsindən imperiya hakimiyyətinin, çar rejiminin rahatsız olduğu bir dönəmdə hər hansı bir maarifpərvər cəhdin qarşısı alınmaqdaydı. Təsadüfi deyil ki, hakimiyyət orqanları Həsən bəyin xeyriyyə cəmiyyəti yaratmaq, habelə “Əkinçi” qəzetinin nəşri ilə bağlı müraciətinə uzun illər boyu müsbət cavab verməyib. Hənifə xanım bu münasibətlə yazırdı: “Cəmiyyətin təşkilinə icazəni almaq çox çətin idi. Dövlət müsəlmanların hər hansı bir təşəbbüsünə mane olurdu... Hökumət adamlarının Həsən bəydən xoşu gəlmirdi, ondan çəkinirdilər, ehtiyat edirdilər”.

Hənifə xanım öz evində uşaqlara dərs deməklə yanaşı, kənd-kənd, ev-ev gəzib qadınlara dərzilik, yazıb-oxumaq öyrədir, rus dilindən nağıllar tərcümə edib danışır, mənzil-mənzil dolaşıb uşaqları peyvənd edir, qadın məsləhətxanaları təşkil edirdi. Onun vaxtında tibbi müdaxiləsi Zərdab camaatından 132 nəfəri ömürlük kor olmaqdan xilas edib.

Həsən bəyin ən böyük arzularından biri Bakıda müsəlman qız məktəbinin açılması olub. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yatırımı ilə qız məktəbinin binası tikilib başa çatanda buna ən çox sevinən aydınlardan birincisi Həsən bəy idi. Amma bu məktəbdə müdir və müəllim kadrlarının təyin olunması böyük bir çətinlik kimi ortaya çıxıb. Savadlı müsəlman qadın demək olar, yox idi. Eyni zamanda, bu məktəbə şagirdlərin cəlb edilməsi də çətin məsələ idi. Ailələr öz qızlarını məktəbə göndərməyə cəsarət etmirdi. Hətta buna cəsarət edən tək-tək adamları da qaragüruh bildiyi kimi cəzalandırırdı. İçərişəhərdə Axund Abuturab ağa iki qızını bu məktəbə yazdırdığına görə onu namaz qıldığı yerdə öldürüblər. Belə bir cəhalət ortamında Hənifə xanım kimi aydınların işə başlaması xüsusi cəsarət tələb edirdi. Hənifə xanım ürəklə qız məktəbində müdir işləməyə razı olur və fəaliyyəti dövründə burada təhsil alan qızların mənəvi anasına çevrilib. Onun sayəsində Bakı Müsəlman Qız Məktəbi savadlı, istedadlı qadınların yetişdiyi bir maarif ocağı olub. Beləliklə, nəinki Azərbaycanda, eləcə də bütün İslam aləmində ilk dünyəvi qız məktəbinin açılması Həsən bəy Zərdabinin təşəbbüsü və Hacı Zeynalabdin Tağıyevin yatırımı ilə baş tutursa, onun inkişafı, layiqli qadın aydınlar yetirməsi Hənifə xanımın zəhməti hesabına gerçəkləşib.

1908-ci ildə Hənifə xanımın təşəbbüsü ilə Bakıda “Nicat” cəmiyyətinin şöbəsi kimi “Bakı xanımlarının ilk təşkilatı”nın yaradılması da qadının cəmiyyətdə rolunu artırmaq məqsədi daşıyırdı. Xeyriyyəçi Bakı milyonçularından Murtuza Muxtarovun həyat yoldaşı Liza Tuqanovanın başçılıq etdiyi bu təşkilat az bir zamanda böyüyüb “Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyəti”nə çevrilib. Hənifə xanım bir neçə il ilk müsəlman qız məktəbinin və Rus-Türk (Azərbaycan) Qız Məktəbinin müdiri vəzifəsində çalışaraq, Azərbaycana mədəniyyət tariximizdə önəmli yer tutan aydın qadınlar qazandırıb. Beləliklə, Hənifə xanım Məlikova ömrünü Vətəninin, millətinin ömrünə bağlayan, ümummilli maraqları şəxsi taleyindən öndə görən fədakar bir aydın ömrü yaşayıb. 

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2023)

Cümə, 13 Yanvar 2023 16:30

Sabah “Ölülər” nümayiş olunacaq

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı ikihissəli komediya-tamaşa sabah - yanvarın 14-də növbəti dəfə nümayiş olunacaq.

 

Tamaşanın bir özəlliyi də var: tamaşada görkəmli bəstəkar, Xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunacaq.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

“Ölülər”in Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə Əməkdar artist Anar Heybətov olacaq.

Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər Paşa Nemətova məxsusdur.

Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət böyük cəsarətlə aktyorların ifasında özünəməxsus çalarlarla açılır.

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2023)

Sabah - yanvarın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Pyetro Maskanyinin “Kənd namusu” operası nümayiş olunacaq.

Bu operanı Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi altında xor kollektivi və Xalq artisti, professor Yalçın Adıgözəlovun idarə etdiyi simfonik orkestri müşayiət edəcək.

 

Xronometrajı 1 saat 50 dəqiqə olan səhnə əsərinin əsas qəhrəmanları öz məhəbbətinə hədsiz dərəcədə sədaqətli olan Santutsa, yüngül xasiyyətli, şıltaq Lola, ehtiraslı Turiddu və öz rəqibindən amansız qisas alan Alfiodur. Operanın İtaliya xalq mahnılarının əsasında qələmə alınmış musiqisi əsərin kəskin süjet xəttinə uyğun olub, qəhrəmanların xarakterinin daha aydın şəkildə açılmasına yardım edir.

Qeyd edək ki, “Kənd namusu” operasının ilk tamaşası 1890-cı ildə Romanın “Konstants” teatrında keçirilib. Bu opera son dərəcə gözəl musiqisi, eləcə də kəskin dramatik süjeti ilə fərqlənir və P.Maskanyi yaradıcılığının ən uğurlu əsərlərindən biri hesab edilir. Səhnə əsəri bu günə kimi bir çox dünya teatrlarının repertuarını bəzəyir.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Kənd namusu” operası 2015-ci ildə almaniyalı rejissor Lüdviq Bauman və dirijor Korneliya fon Kerssenbrok tərəfindən səhnəyə qoyularaq, repertuara daxil edilib.

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2023)

Azərbaycanda memarlıq və inşaat sahəsi böyük və uğurlu inkişaf yolu keçib. Tikinti və yenidənqurma işləri, abadlaşdırma regionlarda da sürətlə aparılır. Respublikanın bütün kənd və qəsəbələri, şəhərləri bu müddət ərzində öz simasını dəyişib, iri infrastruktur layihələri həyata keçirilib. Bu sahədə layiqli töhfəsini verən memarlardan biri də Azərbaycan Memarlar İttifaqının üzvü Fəzail Bayramovdur. 

“Ədəbiyyat və incəsənət” portalı tanınmış memarın AzərTAC-a müsahibəsinin maraqlı məqamlarını oxucularına təqdim edir.

 

- Bu gün Azərbaycan memarlığının qarşısında əsas hansı vəzifələr durur?

- Memarlıq sənəti dünyanın inkişafını göstərən bir dəyərdir. Azərbaycan memarlıq sənəti ölkəmizdə inkişaf etmiş sivilizasiyanın mövcud olduğunu göstərir. Azərbaycan memarlıq sənəti bu gün də uğurla davam edir. Hazırkı dövrdə Azərbaycan memarlığının qarşısında duran əsas vəzifə işğaldan azad edilmiş ərazilərin, eyni zamanda abidələrin bərpasında aktiv iştirak etməkdir. Ümumilikdə isə respublika özünün yüksək inkişaf dövrünü yaşayır və biz memarlar da çalışmalıyıq ki, bu sahədə öz layiqli töhfələrimizi verək. Bu mənada Memarlar İttifaqının da üzərinə böyük məsuliyyət düşür. Biz memarlar şəhər və kəndlərimizi müasir dövrə uyğun qurmalıyıq. Sevindirici haldır ki, artıq bu gün Azərbaycan memarlığında qabaqcıl dünya təcrübəsindən, yeni texnologiyalardan istifadə edilir.

Qeyd edim ki, Ulu Öndərin müdrik siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində ölkəmizdə tikinti-quruculuq və abadlaşdırma işləri böyük vüsət alıb. Tikinti sahəsində beynəlxalq normalara uyğun normativ-hüquqi bazanın formalaşdığı və nəticədə nəhəng tikinti meydançasına çevrilmiş ölkəmizdə keyfiyyət dəyişiklikləri baş verib.

Dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən “Ağıllı kənd” və şəhər ideyasının Qarabağda tətbiqi də bunun bariz nümunəsidir.

 

-Son illər ölkəmizdə, əsasən də paytaxtda çoxmərtəbəli binaların sayı sürətlə artır. Bir mütəxəssis olaraq bu binaların zəlzələyə davamiyyəti barədə nə deyə bilərsiniz? 

- Bilirsiniz, müasir dövrdə inşaat sahəsində dəmir-beton öz yerini metal konstruksiyaya verib. Məsələn, sovet dövründə 9 və 10 mərtəbəli binaların tikintisində başlıca olaraq dəmir–betondan istifadə olunub. İndi isə çoxmərtəbəli binaların inşasında əsas tikinti materialı metal konstruksiyalardır. Belə ki, metal konstruksiya çox dayanıqlı, möhkəm və elastik olduğu üçün müasir memarlıqda daha çox tətbiq olunur. Məhz bu səbəbdən Bakının özündə çoxmərtəbəli binalar 8-9 bal zəlzələyə davamlıdır.

Nəzərə çatdırım ki, Azərbaycan ərazilərindən İsmayıllı rayonunun dağ hissələri xeyli seysmo aktiv olduğundan orada çoxmərtəbəli deyil, xüsusi tikinti materiallarından yalnız 1 mərtəbəli evlərin tikintisi məqsədəuyğundur. Çünki bu yerlərdə 9-10 bal gücündə zəlzələ olması mümkündür. Odur ki, hər hansı bir ərazidə bina tikilərkən, yaşayış məskəni salınarkən, həmin ərazilərin, torpağın qruntu, geoloji xüsusiyyətləri öyrənilməlidir. Həmçinin layihə hazırlanarkən qanunvericilikdə nəzərdə tutulmuş müvafiq normalara əməl edilməlidir.

 

-Şəhərlərin Baş planı hazırlanarkən əsas hansı məsələlərə diqqət yetirilir?

- Bu çox ciddi bir məsələdir. Əvvəlcə həmin ərazidə şəhərin və ya qəsəbənin salınması əsaslandırılmalıdır. Bunun üçün zəruri sənədlər olmalıdır. 

Nəzərə alınmalıdır ki, bu zona yaşayış məskənidir. Deməli, əhalinin sayı, demoqrafiq xüsusiyyətləri əsas götürülməlidir. Bu istiqamətdə müfəssəl eskizlər hazırlanmalıdır ki, buraya müəssisələrin tikintisi, təhsil və tibbi müəssisələri, uşaq bağçası, ictimai binalar, xidmət mərkəzlərinin yaradılması və s. daxildir. Daha sonra ərazidə mənzil kommunikasiya xətlərinin çəkilməsi vacib şərtlərdən biridir. 

Əsas göstəricilərdən biri də şəhərdə yaşayacaq əhalinin sayıdır. Mövcud şəhərsalmada hər 5 və ya 10 ildən bir detal planlaşdırma vasitəsilə şəhərin genişləndirilməsi mümkündür. Bir sözlə, şəhərlərin Baş planı iqtisadi hesablamalara əsasən hazırlanır.

 

- Azərbaycan dövləti Qarabağın işğaldan azad edilmiş ərazilərində nəhəng tikinti-quruculuq işləri aparır. Sizin bir təcrübəli memar kimi Qarabağın bərpası sahəsində layihələriniz varmı?

- Qarabağda əvvəlki dövrlərdə də bir sıra layihələrim olub. Hazırda isə Füzuli rayonunda iki kəndin Baş planı layihəsi, eləcə də Kəlbəcər rayonunda iki kəndin Baş planı layihəsi ilə bağlı işlərimi artıq yekunlaşdırmışam. Layihələr Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsdiqinə verilib. Digərlərinə isə hələ baxılır.

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2023)

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. 

Xalq artisti Siyavuş Aslandan  28.05.1998 tarixində götürülmüş müsahibə. 

 

“FƏXRİ ADLARI ÇOX VAXT LAYİQ OLMAYAN ADAMLARA VERİRLƏR”

 

Xalq artisti Səyavuş Aslanla dəniz kənarında Elçinin “Mənim sevimli dəlim” əsərinə daxili baxışın sabahı günü görüşdük. Axşam isə həmin tamaşanın premyerası idi. Həmişə qəzetlərdən qaçan, müsahibələrdən imtina edən Səyavuş Aslan bu tamaşada qəzetçi, baş redaktor rolunu oynayırdı.

 

- Səyavuş müəllim, hamı “ov”, “yev” familiyası ilə çıxış etdiyi bir vaxtdan siz Səyavuş Aslan kimi tanınırdınız. Bu orijinallıq nədən irəli gəlirdi?

- O vaxtlar Rəfiq Zəka Xəndan bizim teatra ədəbi hissə müdiri gəlmişdi. Belə təxəllüs götürməyi mənə o məsləhət gördü. “Pasportstolda” işləyən adam yaxın qohumum idi. Ona görə familiyimı dəyişə bildim. Yoxsa o vaxtlar bu o qədər də asan məsələ deyildi.

 

- Siz uzun müddət Musiqili Komediya Teatrında Nəsibə Zeynalova və Hacıbaba Bağırovla birlikdə işləmisiniz. Onlarla bağlı nə kimi xatirələriniz var?

- Bir dəfə Naxçıvanın Şahbuz rayonuna qastrola getmişdik. Nəsibə xanım da, Hacıbaba da, mən də dükan xəstəsi idik. Adətimiz üzrə getdik bir dükana. Nəsibə xanım bir “platya” götürdü, Hacıbaba bir pencək aldı, mən ha vurnuxdum, gördüm ki, xoşuma gələn heç nə yoxdur, birdən satıcı qıza qayıtdım ki, sizdə şinyon var? Satıcı da kənd yerində böyümüş qız, haradan bilsin ki şinyon nədi? Gördüm gözlərini döyə-döyə üzümə baxır, əl atdım Hacıbabanın şinyonuna, dartıb qopardım, qoydum qızın qabağına, vitrinin üstünə. Hacıbabanın ağappaq başını görən qız elə bildi ki, onun dərisini qoparmışam, bu il ölmüsən, bildir, getdi özündən... İndi həkim dalınca qaçan kim, su gətirən kim, aləm qarışdı bir-birinə.

 

- Niyə belə elədiniz ki?

- Hacıbabanın adəti idi, qızlara xoş gəlmək istəyirdi. Ona görə şinyon taxırdı. Gördüm ki, mağazada işləyən qızla göz-qaş edir. Şinyonu onun başından qəsdlə qopardım. Bu hadisədən sonra o, şinyon qoymağın daşını birdəfəlik atdı.

 

- Bəs, siz özünüz qızlara necə münasibət bəsləmisiniz?

- Mən qızlara qarşı çox ciddi olmuşam. Heç kimə “povod” verməmişəm. Namaz qılan, hacı adamam.

 

- Aktyorun, özü də sovet dövründə tərbiyə və təhsil almış aktyorun dinə qayıdışı çox ciddi məsələdir. Yəqin ki, buna hansısa daxili mənəvi silkələnmə səbəb olub.

- Hacıbabanı sənətə mən gətirmişəm, məni dinə gətirən isə Əlabbas Qədirov olub.

 

- Gəlin, bu tezisin birinci hissəsini açıqlayaq; Hacıbabanı sənətə gətirməyiniz necə olub?

- Günlərin bir günü “Vətən” kinoteatrının qabağından keçirdim. Gördüm Hacıbaba keçmiş arvadı Leyla xanım, oğlu və qızı ilə gedir. Soruşdum ki, indi harada işləyirsən? Dedi, heç yerdə işləmirəm. Mən Əjdər Sultanovun dram dərnəyində hazırlanmış “Durna” tamaşasında Hacıbabanı Dursun rolunda görmüşdüm və istedadlı bir aktyor kimi yadımda qalmışdı. Məsləhət gördüm ki, gəl Musiqili komediya teatrına. Dedi ki, mənim səsim yoxdur, axı, orada necə işləyə bilərəm? Səs o qədər də vacib deyil, dedim. Gətirdim onu teatrımızın o vaxtkı direktoru Şəmsi Bədəlbəylinin yanına. Onun ilk rolu Hacı Kərimin “Aya səyahətin”də Ay adamı oldu. “Özümüz bilərik” də onu mənə dublyor verdilər. Hər ikimiz İbişovu oynayırdıq. İndi qəzetlərə verdiyi müsahibələrdə deyir ki, məni teatra Şəmsi Bədəlbəyli gətirib. Bir dəfə dedim ki, səni teatra mən gətirmişəm, axı. Dedi, yadımdan çıxmışdı.

 

- Bəs, Əlabbas Qədirovun sizi dinə gətirməyi necə olub?

- Mənə özümü daxilən rahat hiss etmək, mənən təmizlənmək üçün namaz qılmağı o məsləhət görüb. Əvvəllər çətin idi, sözləri yadda saxlaya bilmir, zəng vurub, Əlabbasdan soruşurdum. Sonra o məni özü ilə birlikdə Məşhədə apardı,  sonra Kərbəlaya, sonra isə Həcc ziyarətinə getdim. Bu yolu tutmaqda mənə ürək-dirək verən Əlabbas oldu.

 

- Siz aktyorsunuz, səhnədə istər-istəməz şəriət ehkamlarına zidd olan hərəkətlər etməli olursunuz. Namaz qılmaqla bunlar bir araya necə sığır?

- Səhnə mənim sənət həyatımla bağlıdır. Bunların bir-birinə dəxli yoxdur. Başqa hacılar kimi mən nə araq içirəm, nə də çəkirəm.

 

- İçki məclislərində Məşədi İbad vəziyyətində qalmırsınızmı?

- Ən yaxşı vəziyyət elə Məşədi İbad vəziyyətidir. Məşədi İbaddan yaxşı kişi var idi o məclisdə? Mən də dostların qəlbini qırmamaq üçün məclislərə gedirəm. Ancaq içməyənlər üçün ayrıca stol qoyurlar, orada otururam.

 

- Gənclik, şöhrət, dövlət - bunlardan hansını seçərdiniz?

- Gəncliyimi pis keçirməmişəm, şöhrət də qazanmışam. Bu yaşda dövlət istəyərdim.

 

- Varlı deyilsinizsə, bəs, Sahibkarlar 

Partiyasına üzv olmağınız nə ilə bağlıdır?

- Sahibkarlıq fəaliyyətinə təzə başlamışam. Yeri gəlmişkən, bizim partiyanı istəməyənlər arada cəhd göstərdilər ki, partiya haqqında ölkə Prezidentində yanlış təsəvvür yaratsınlar. Ancaq buna nail ola bilmədilər. Hazırda Sahibkarlar Partiyası Prezidentin ən çox hörmət göstərdiyi partiyalardan biridir. Heydər Əliyevin bu günlərdə partiyamızın sədri Mahmud Məmmədovu qəbul etməsi də bunu sübut edir.

 

- 70-ci illər Azərbaycan teatrının iki ən məşhur komediya ustası Hacıbaba Bağırov və siz idiniz. Siz onu teatra gətirsəniz də etiraf edərsiniz ki, Hacıbaba Bağırov sizdən daha populyar idi. Amma bu gün hamı bu fikirdədir ki, guya o, yerində sayır, öz-özünü təqlid edir, siz isə inkişaf edib, irəli gedirsiniz. Ümumiyyətlə, 50 yaşdan sonra aktyorun yerində sayması fikrinə münasibətiniz necədir?

 

- Əgər kim 50 yaşdan sonra yerində sayırsa, demək, o, sənətə təsadüfən gəlib. Həqiqi aktyor mənim aləmimdə heç vaxt yerində saymamalıdır. Aktyorluq Allah vergisidir. Allah vergisi isə hüdud tanımır.

 

- Əgər  elədirsə, niyə komik rollar hüdudundan kənara çıxmırsınız?

- Məncə, aktyorda amplua olmamalıdır. Mən Salamov rolunda Mirzəğa Əliyevi görmüşəm. O öləndən sonra rolu verdilər Ələsgər Ələkbərova. Otello, Vaqif, Fərhad, Cavanşir və birdən-birə Salamov. Amma Ələsgər Ələkbərov Salamovu elə oynadı ki, tamaşaçılar lərzəyə gəldi. Mənim komik rollar oynamağım uzun müddət Musiqili Komediya Teatrında işləməyimlə bağlıdır. Elə Milli Teatra gəlməkdə məqsədim də başqa profilə keçmək istəyimlə bağlı olub. İstəyirdim ki, Şekspirin, Ostrovskinin, Qoqolun əsərlərində oynayım.

 

- Nə əcəb, öz teatrınızı yaratmaq fikrinə düşməmisiniz?

- Yeni yaranan teatrlar müvəqqəti şeylərdir. Mən bu teatrların əleyhinəyəm. Belə teatrları yaradanlar beş-on cavanı başlarına yığıb özlərini göstərirlər. Çünki cavanların içində nəzərə çarpmaq daha asandır. Mən güclü partnyorlarla işləməyə daha üstünlük verirəm. Bir də heç dövlət teatrlarını maaşla təmin etmək olmur. Təzə teatr yaratmağa nə ehtiyac var?

 

- Bu günlərdə bir çox aktyorlara fəxri adlar verildi. Bu adlara münasibətiniz necədir?

- Çox da yaxşı deyil. Bəzən elə adamlara ad verirlər ki, mən öz adımdan imtina etmək istəyirəm. Bir də görürsən ki, cavan bir aktyora ad verilir. Özünü səninlə bərabər tutmağa başlayır. Adları çox zaman layiq olmayan adamlara verirlər.

 

- Aktyorlarda bəzi qəribəliklər olur...

- Aktyorluq sənət xəstəliyidir. Maaş vaxtında verilmir, ac-yalavac rol oynamalısan. Bundan böyük qəribəlik...

 

- Bu, hamıya aid, ümumi söz oldu.

- Mənim tez-tez özümdən küsməyim var. Elə məclislər olur ki, ürəklə oturduğum yerdə, birdən başqalarına əhəmiyyətsiz görünən bir şey qəlbimə dəyir, dinməzcə durub gedirəm. Başqalarının götürdüyü çox şeyi mən götürə bilmirəm.

 

- Ürəyinizdə qalan rol varmı?

- Var, amma demirəm, oynasam, nə vaxtsa qismət olar, siz də bilərsiniz. Qismət olmasa, bu istəyim özümlə gedəcək.

 

- Təsəvvür edin ki, sehrli xalçaya minib gələcəyə gedirsiniz. Geri dönməyəcəksiniz. Özünlə bir şey götürməyə icazə verirlər. Nəyi götürərdiniz?

- Qrimimi götürərdim. Yəqin orada da teatr olacaq, qrimə ehtiyac duyulacaq.

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2023)

Fransalı məşhur aktrisa Marion Kotillard yanvarın 7-də İranda edam edilən Mehdi Kərəmi və Məhəmməd Hüseynlə bağlı paylaşım edib.

 

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, sənətçi "İranda edamı dayandır" həştəqindən istifadə edərək onların fotolarını izləyiciləriylə bölüşüb və bu sözləri yazıb:

"Onların çəkdiyi əzabları dünyaya çatdırmalıyıq. İranda fövqəladə vəziyyət yaranıb. İran rejimi tərəfindən ölümə məhkum edilmiş günahsız insanları xilas etmək üçün mübarizəmizi davam etdirməliyik".

Aktrisa Məhəmməd Mehdi Kərəminin atasına dediyi "Ata, bizə hökm verdilər, mənim hökmüm edamdır, amma anama demə" sözləri də sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, Mehdi Kərəmi və Məhəmməd Hüseyn Kərəc şəhərində hakimiyyət əleyhinə nümayişlər zamanı Bəsic qüvvələrinin (Bəsic İranda birbaşa dini liderdən əmr alan yarım hərbi könüllü təhlükəsizlik qüvvələridir) bir üzvünü öldürməkdə təqsirli bilinərək edam ediliblər.

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2023)

Bu dəfə sizə YouTube-da yayımlanan "AStar" proqramından danışacağıq. 1 saat 19 dəqiqə çəkən sonuncu buraxılışda aparıcı Ülvira Qarayevanın qonağı Xalq artisti Flora Kərimova oldu. Və Flora xanım bütün proqramı mərhum Xalq artisti İlamə Quliyevadan gileylənməyə yönəltdi. 81 yaşlı sənətkar bildirdi ki, heç zaman İlhamə Quliyevanı bağışlamayacaq.

 

Flora xanım bir yerdə belə dedi:

“İlhaməyə rəhmətlik də deməyə dilim gəlmir. Ona Allah rəhmət eləsin deyə bilmirəm. Allah ona elə bir xasiyyət vermişdi ki, Allah özü onu o xasiyyəti ilə qarğışlayıb. Ona 50 dəfə "Allah rəhmət eləsin" deməklə Allah onu bağışlamayacaq. Yaradan bir insana xasiyyət verəndə, onun qarğışını da verir. O, sözüməmi baxacaq?".

Başqa yerdə belə dedi:
"Ölüm heç bir hesabı bağlamır. Heç vaxt! Heç bir incikliyin üstündən getmir. Ölüm heç kimə bəraət qazandırmır. Ona görə ruslar deyirlər - "Həqiqətdən başqa...". Ömür boyu səhv etmək olar? İlhamənin səhvi elə mənə qalmışdı? Bir insan ki, baş sağlığına gəlib, deyə ki, sən məndən yaxşı oxumursan.  Bu insana nə deyəsən? İlhamə içəri girib, yasıma gələnləri qışqıraraq qovmuşdu. İndiyə kimi də onun etdiklərini başa düşə bilmirəm. Evimdən cingiltili səs eşitdim.

Qızım Zümrüd qaça-qaça üstümə gəlib "Anacan, İlhaməni dayandır!" deyə-deyə qalmışdı. Qızım gördüklərini belə danışa bilmirdi. Sənə ayıb deyil? Qızımın onda səkkiz yaşı vardı. Onun niyə ürəyini paralayırdın? Gəlib görürəm ki, İlhamənin səsi bürüyüb evi".

Bir başqa yerdə isə belə deyib: 

"İlhamə deyirdi ki, sən Faiqi (Flora Kərimovanın həyat yoldaşı - red.) mənə qısqanırdın. Elə şey de ki, insanın ağlına batsın. Bağışlamıram! Bağışlayarlar əhəmiyyətli, sayan insanı. Niyə mən onu bağışlamalıyam? Nəyə görə? Mənə sataşanlara başdan deyirəm "Mənə dəyməyin. Bağışlamıram!". Çünki bu millətin çiynində alnı açıq getməliyəm. Vəssalam!"

Söhbəti çox uzatmayacağıq. Bizcə, bütün mübahisələr, tənqid və təhdidlar insanlar qarşılıqlı şəkildə, üzbəüz olarkən ortaya çıxmalıdır. Belədə haqq və nahaq da dərhal bilinir. Amma ölənin dalınca gileylənmək, irad bildirmək sanki futbolda bir qapıya oynamaq kimidir.

Və ümumiyyətlə, musiqimizin iki korifeyi niyə bu qədər düşmənçilik həddində olsunlar ki?

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2023)

“Ədəbiyyat və incəsənət”in daimi oxucusu Mirvarid Səmədli bu mövzuda giley-güzarını redaksiyamızla bölüşüb. O yazıb:

 

Sosial mediadan xəbər tutdum ki,   Türkiyənin meqastarı Tarkan Bakıda keçiriləcək toylardan birinə dəvət alıb. Ona 1 saatlıq konsertinə görə 1 milyon AZN ödəniləcək. Toyun cari ilin mart ayında baş tutacağı qeyd olunub. 

Bir milyon manatı müğənniyə hansı korrupsioner, hansı harın verəcəksə qoy versin. Amma mən yüz faiz əminəm ki, o insan hansısa şəhid və qazi ailəsinə 1 manatını belə qıymaz. 

Həyat niyə belə ədalətsizdir? Yüz minlərlə insan bir tikə çörəklə sınağa çəkilir. Onların hamısının haqqını yeyən birisi isə bax bu cür harınlıq edir.

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.