Super User

Super User

Bazar ertəsi, 16 Yanvar 2023 11:15

Azərbaycan filmi beynəlxalq film festivalında

 

Yanvarın 27-dən 30-dək Almaniyanın Heydelberq şəhərində canlı musiqinin müşayiəti ilə illik beynəlxalq səssiz kino festivalı keçiriləcək. 

21-ci dəfə keçiriləcək bu festivalın unikallığı və Almaniyada keçirilən başqa səssiz kino festivallarından əsas fərqi ondan ibarətdir ki, burada filmlərin müşayiət edilməsi üçün müxtəlif ölkələrdən musiqi qrupları dəvət edilir. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, təsisçisi və təşkilatçısı Huşəng Vahidi olan bu qeyri-adi festivalda həm səssiz filmlər, həm də dialoqların az olduğu oyun filmləri nümayiş etdirilir. Film göstərilərkən lentin səs cığırı söndürülür və müxtəlif musiqiçilərin ifasında canlı müşayiət bəzən bu filmləri tamamilə yeni tərəfdən açıqlayır, çünki musiqiçilər bu əsərləri öz zövqlərinə müvafiq musiqi əsərləri seçir və əsərin təqdimatına öz baxışlarını əlavə edirlər. 

Builki festivalda Azərbaycan kinematoqraflarının işi də nümayiş etdiriləcək. Söhbət Rüstəm İbrahimbəyovun ssenarisi əsasında rejissor Vaqif Behbudovun çəkdiyi “Başlanğıc” filmindən gedir. Dərin fəlsəfi məzmunlu bu ekran əsərini almaniyalı pianoçu Fridvart Göbells müşayiət edəcək. 

Cənab Göbells bu film barədə düşündüklərini belə ifadə edib: “Huşəng Vahidi bu festivalın direktoru kimi daim yeni maraqlı filmlər axtarır və onları festival üçün şəxsən özü seçir. O həm də daim yeni ideyalar təklif edən yaxşı dostdur. Keçən il yayda Huşəng Vahidi Azərbaycanda olarkən onun dostu rejissor Şamil Əliyev bu qısametrajlı filmə baxmağı təklif edib. Huşəngi Azərbaycandan qayıdandan sonra mənə zəng vurdu və festivalda musiqiçi kimi iştirak etmək istədiyini bildirdi. Azərbaycan filmi çox xoşuma gəldi, çünki bu əsərin fəlsəfi məzmunu yenidir. Filmə baxandan sonra öz təəssüratlarım əsasında ona yeni musiqi yazdım. Beləliklə, festivalda nümayiş etdiriləcək filmin musiqisi yeni və orijinaldır”.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Rafiq Əliyevin müəllifləri olduğu “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” və Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” layihəsi çərçivəsində nəşr etdiyi “Lütfi Zadə. Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirib.

 

Azərbaycan Milli Kitabxanasında reallaşan tədbir Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşib. 

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. O, Lütfi Zadənin yaradıcılığından bəhs edərək bildirib ki, Rafiq Əliyev və Kamal Abdulla Lütfi Zadə ideyalarını nəinki Azərbaycanda, eləcə də bütün dünyada təbliğ edən insanlardır. 

Tədbirin moderatoru, AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanov qeyd edib ki, qeyri-səlis məntiq nəzəriyyəsini ilk dəfə olaraq texnika sahəsində çalışanlar istifadə ediblər, Azərbaycanda bu elm ilk dəfə olaraq ədəbiyyat sahəsində tətbiq edilib. Bildirib ki, Lütfi Zadə məntiqi təsadüfən yaranmayıb, Şərq təhsili onun tədqiqatlarına böyük təsir edib. Lütfi Zadə informasiya nəzəriyyəsi sahəsində də böyük inqilablar yaradıb, Azərbaycan alimlərinin inkişafında böyük xidmətləri olub. Qorxmaz İmanov çıxışında Rafiq Əliyevin Zadə nəzəriyyəsinə gətirdiyi yeni fikirlərdən, əldə etdiyi mühüm nəticələrdən də bəhs edib. O, daha sonra Kamal Abdullanın yaradıcılığından bəhs edərək, onun ədəbiyyata olan sevgisindən, qorqudşünas alim kimi tədqiqatlarından, qeyri-səlis məntiqin qorqudşünaslığa tətbiqindən bəhs edib.

Tədbirin davamında AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov bildirib ki, kitabın aparıcı xəttini türk və yunan mifləri ilə müqayisə təşkil edir. Bu kitab həm qədim miflərin, həm də, müasir ədəbiyyatın strukturunu öyrənmək üçün böyük əhəmiyyətə malikdir.

Xalq şairi Ramiz Rövşən söyləyib ki, bu kitab çox qiymətli bir kitabdır. Kitabda ya yaxşı, ya pis sistemi nə yaxşıdır nə pis sistemi ilə əvəz olunur. Qeyri-səlis məntiq nəzəriyyəsi bir növ ironiyaya yol açır, belə ki, atalar sözlərində də xeyli ironiya vardır.

Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabının mətninin 525-ci qəzetin 5 nömrəsində müzakirə məqsədilə dərc olunduğunu bildirərək qeyd edib ki, mütəxəssislərdən və geniş ictimaiyyətdən alınan müsbət rəylər belə qeyri-adi mövzuya həsr olunan kitabın çap olunması fikrini ortaya qoydu və bu gün söylənilən fikirlər də bir daha sübut etdi ki, biz müəlliflərlə birlikdə bu kitabı nəşr etməkdə yanılmamışıq və bu kitab çox əhəmiyyətli bir mövzuya həsr olunub, habelə gələcəkdə başqa elm sahələrində də qeyri-səlis məntiqin təzahürü ilə bağlı tədqiqatların aparılmasına yol açacaqdır.

Kitabın müəlliflərindən biri olan AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev çıxış edərək Milli Kitabxanaya belə bir tədbir təşkil etdiyinə görə təşəkkür edib. O, öz çıxışında “Lütfi Zadə. Biblioqrafiya” kitabının əhəmiyyətindən bəhs edərək, “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabının ideya müəllifinin Kamal Abdulla olduğunu və hər iki kitabın Lütfi Zadə ideyalarının təbliğində böyük rol oynayacağı qənaətində olduğunu vurğulayıb. 

Kitabın digər müəllifi Xalq yazıçısı, akademik, ADU-nun rektoru Kamal Abdulla əsərin necə ərsəyə gəlməsindən bəhs edərək deyib ki, qeyri-səlis məntiq nəzəriyyəsi “Dədə Qorqud” dastanının öyrənilməsinə yeni ruh gətirib. O qeyd edib ki, kitab artıq ingilis və türk dillərinə tərcümə edilib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Fazil Mustafa, Vahid Əhmədov, Etibar Əliyev, AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, AMEA-nın İqtisadiyyat institutunun direktoru, professor Nazim İmanov və başqaları qeyri-səlis məntiq nəzəriyyəsindən, bu istiqamətdə Lütfi Zadənin gördüyü əvəzsiz işlərdən, 1965-ci ildə reallıqla fantastikanın harmoniyasından yaranmış qeyri-səlis məntiq nəzəriyyəsini ərsəyə gətirməsindən, Rafiq Əliyevin Lütfi Zadə nəzəriyyəsinə qatdığı yeni ideyalardan, əldə etdiyi mühüm nəticələrdən, Kamal Abdullanın qorqudşünas alim kimi tədqiqatlarından, Dədə Qorquda qeyri-səlis məntiqi yanaşmadan bəhs ediblər.

Qeyd edilib ki, “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabında qeyri-səlis məntiq nəzəriyyəsində söylənilən dörd sütun (ümumi məntiq sütunu, qeyri-səlis çoxluqlar sütunu, epistemik (epistemoloji) sütun və münasibətlər sütunu) haqqında yazılıb. Bildirilib ki, bu kitabda ilk dəfə olaraq qeyri-səlis məntiq prinsipləri xalq dastanına tətbiq edilib və müəlliflər belə bir nəticəyə gəliblər ki, “Kitabi-Dədə Qorqud” bizə o imkanı verir ki, onun gizli dil qatlarında qədim əcdadlarımızın təfəkkürünə xas olan demokratik əhvaldan danışa bilək. Bu kitab həm qorqudşünaslar, həm də informasiya nəzəriyyəçiləri və məntiqçilər üçün eyni dərəcədə maraqlı olacaq. 

Təqdimat mərasimində Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib etdiyi ilk fundamental biblioqrafiya olan “Lütfi Zadə” biblioqrafiyasından bəhs edilərək bildirilib ki, burada görkəmli alimin həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri ayrıca bölmədə verilib. Biblioqrafiyada görkəmli elm xadimi Lütfi Zadənin kitabları, dövri mətbuatda, məcmuələrdə çap olunmuş əsərləri, alimin həyat və yaradıcılığını əks etdirən zəngin ədəbiyyat öz əksini tapıb. Materiallar Azərbaycan, rus, ingilis və başqa xarici dillər üzrə verilib. Diqqətə çatdırılıb ki, 2500-dən artıq mənbəni əhatə edən bu biblioqrafiya həmyerlimiz, dünya şöhrətli alim Lütfi Zadə haqqında Azərbaycan oxucularına müfəssəl məlumat çatdırılması baxımından çox zəngin ədəbiyyatı əhatə edən ensiklopedik informasiya mənbəyi rolunu oynayacaq və onun elektron versiyasının Milli Kitabxananın saytı vasitəsilə bütün dünyaya yayımlanması biblioqrafiyanın əhəmiyyətini daha da artıracaqdır.

Sonda tədbir iştirakçıları mövzu ilə bağlı geniş kitab sərgisi ilə tanış olublar.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

 

Paris “Alfred Cortot” adına Musiqi Məktəbi (Ecole Normale de Musique de Paris “Alfred Cortot”) konservatoriyasında təhsil alan, Prezident təqaüdçüsü və mükafatçısı Ağarəhim Quliyev Berlin Filarmonik Orkestrinin baş fleytaçısı Emanuel Pahudun ustad dərsi zamanı seçilmiş Fransa konservatoriyasının ən yüksək kateqoriyalı üç fleytaçısından biri olub. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Paris “Cortot” konsert zalında keçirilmiş ustad dərsində Paris “Alfred Cortot” adına Musiqi Məktəbi konservatoriyasının tələbəsi Ağarəhim Quliyev fleyta repertuarının ən çətin əsərlərindən olan S.Prokofyevin fleyta üçün Sonatasını ifa edib. Azərbaycanlı tələbənin ifası fransız tamaşaçıları tərəfindən böyük rəğbətlə qarşılanıb. Həmvətənlimiz Fransa konservatoriyasının ən yüksək kateqoriyalı üç fleytaçısından biri seçilib.

“Cortot” konsert zalında Berlin Filarmonik Orkestrinin baş fleytaçısı Emanuel Paudun rəhbərliyi altında keçirilmiş ustad dərslərində Ağarəhim Quliyev ilk azərbaycanlı iştirakçı olub. 

Məşhur fleytaçı Emmanuel Pahud Berlin Filarmonik Orkestrinin birinci fleytaçısı və solistidir. Onun albomları Warner Classics, Erato, Naïve, Deutsche Grammophon kimi dünyanın ən məşhur səsyazma studiyalarında yazılıb.

Prezident təqaüdçüsü və mükafatçısı Ağarəhim Quliyev Paris “Alfred Cortot” adına Musiqi Məktəbi konservatoriyasında təhsilini davam etdirir.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

 

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Bəşir Səfəroğludur.

 

BƏŞİR SƏFƏROĞLU

(1925-1969)

 

***

Bir müddət fəhlə, yük maşınında sürücü işlədim. Rejissor Niyaz Şərifovla tanış oldum:

– Sən imkan tap, müntəzəm olaraq, teatrın tamaşalarına gəl bax, – dedi. 

İmkan düşdükcə tamaşalara baxdım. Ürəyim yaradıcılıq ehtirası ilə çırpınır, həyəcanlanır, daxili iztirablar keçirirdim. Ömrümün bu gərgin çağlarında bir gecə yuxuda çox həyəcanlandım, yuxudan qan-tər içində qalxdım. Səhərin açılmağını, teatra gedib gördüyüm yuxunu Niyaz Səfərova danışmağı gözləyirdim.

Heç kəslə kəlmə kəsmədən teatra getdim. Rejissor dostumla görüşüb yuxunu ona danışdım. Niyaz məni dinlədikcə təəccüblənirdi. 

– Niyə mənə elə baxırsan? – heyrətlə soruşdum.

– Heç özündən xəbərin var? – soruşdu. Əvvəlcə heç nə başa düşmədim, sonra hiss etdim ki, daha danışanda dilim dolaşmır.

Bir müddət sonra məni truppaya aktyor qəbul etdilər. Üzeyir və Zülfüqar Hacıbəylilərin klassik operettalarında, əsasən, çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış etdim.

 

***

Teatrın məşqinə gecikirdim, odur ki, avtobusun basabas olmağına baxmayaraq özümü birtəhər içəri sala bildim.

Kimsə məni tanıdı:

– Aaa, Bəşir Səfəroğlu, yol verin, yol verin ona… 

Birtəhər yerimi rahatlaya bildim. Elə bu vaxt kimsə lap basabas salıb məni sıxmağa başladı. Axır dözə bilmədim:

– Düşürsən? – həmin adamdan soruşdum.

– Yox Bəşir müəllim, o biri dayanacaqda düşəcəyəm, – dedi.

– Əşşi, avtobusdan demirəm ey, belimdən deyirəm, düşürsən, ya yox?

Salonda gülüşmə qopdu. Avtobus dayanan kimi adam düşüb getdi.

 

 

“Ədəbiyyat və incəsənət” 

(16.01.2023) 

 

 

 

Cümə gününün ikinci yarısında əsən güclü külək ölkənin bir sıra bölgələrində fəsadlar törətdi, o cümlədən elektrik xətlərinə, binaların dam örtüyünə zərər vurdu. Güclü külək Sumqayıt Regional Mədəniyyət İdarəsinin (RMİ) əhatə etdiyi Xızı rayonunda Cəfər Cabbarlının ev-muzeyinin dam örtüyünün bir hissəsini də uçurtdu. Bundan əlavə, muzeyin binasını elektrik enerjisi ilə təmin edən xətlər də qırıldı. 

 

Mədəniyyət Nazirliyindən şad xəbər gəlib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, hadisə baş verdikdən sonr qurum tərəfindən dərhal verilən tapşırığa əsasən Sumqayıt Regional Mədəniyyət İdarəsinin nümayəndələri tərəfindən ev-muzeyə baxış keçirilib, binaya və elektrik təsərrüfatına dəymiş zərər qiymətləndirilib.

Yanvarın 14-də muzeyə elektrik enerjisinin verilişi bərpa edilib. Binanın dam örtüyünün bərpası ilə bağlı işlərə başlanılıb.

Qeyd edək ki, görkəmli şair, dramaturq, ssenarist Cəfər Cabbarlının (1899-1934) Xızıdakı ev-muzeyi ədibin həyat yoldaşı Sona xanım Cabbarlının təşəbbüsü ilə 1956-cı ildə ictimai əsaslarla ev-muzeyi kimi fəaliyyətə başlayıb. 13 ildən sonra muzey olaraq dövlət qeydiyyatına alınıb. 1999-cu ildə muzeydə yenidənqurma işləri aparılıb, 2019-cu ildə isə muzeydə təmir-bərpa işləri görülüb. Muzeyin ekspozisiyasına ümumilikdə 500-dən çox eksponat - C.Cabbarlının ailəsinin məişət əşyaları, ədibin kitabları, əsərlərinin tamaşalarından fotoşəkillər, arxiv sənədləri və s. daxildir.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

 

Rusiyanın mədəniyyət xadimlərinin Ukraynaya qarşı təcavüzkar müharibəni pisləmələri get-gedə xarakterik hal alır, ancaq onlara qarşı get-gedə hakimiyyət daha sərt təpki göstərməkdədir. Bu xəbərə diqqət edək: Xalq artisti Dmitri Nazarov və həyat yoldaşı Olqa Vasilyeva Çexov adına Moskva İncəsənət Teatrından qovulublar. Teatrın bədii rəhbəri Konstantin Xabenski onların işdən çıxarılmaları barədə əmr imzalayıb. Səbəb elə qeyd etdiyimiz səbəbdir. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mk.ru saytına istinadən xəbər verir ki, işdən çıxarılmaya səbəb Nazarovun Rusiya Federasiyasının Ukraynada apardığı müharibə və onun “anti-Rusiya əhval-ruhiyyəsi” ilə bağlı açıq açıqlamaları olub.

Məlumata görə, Xabenski işdən çıxarılmazdan əvvəl Nazarovla “müzakirə aparmağa çalışıb”, lakin aktyorun “YouTube”da müsahibəsini görəndən sonra “Kuxnya” (Mətbəx) serialının ulduzunun və onun kimi anti-Rusiya mövqeyini gizlətməyən həyat yoldaşının işdən çıxarılmasına qərar verib.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

 

 Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

  

Biz biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.

Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.

Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.

 

Entoni Robbins. «Özündə nəhəngi oyat»

Dünyanın ən tanınmış motivasiya spikerlərindən olan, layf-kouçinqin (mütəxəssislə ondan bilgi almaq zərurəti duyan insanın lazımi nəticə alanadək peşəkar münasibətləri) banilərindən biri hesab olunan Entoni Robbins özü həyatda hər şeyi sıfırdan başlayıb, motivasiya kitablarını öz həyat təcrübəsinə əsasən yazıb. Entoni Robbinsə görə hər bir insan içində yatan enerjini oyatmalı, arzularını, hətta ən fantastik olanları belə reallaşdırmalıdır. Entoni Robbins tövsiyyə edir ki, böyük hədəfləri vurun, heç nəylə kifayətlənməyin. Ən vacibi – özünüzə güvənin, deyin ki, mən bunu bacaracağam!

«Hər gün öz üzərinizdə səylə çalışın, zərərli vərdişlərdən, səhv qənaətlərdən qorunun», - deyir spiker.

Entoni Robbins belə bir deviz də təklif edir: «Öz emosiyalarınızı özünüzə müttəfiq edin». Onun təklif etdiyi digər deviz isə belədir: «Arzulamaqdan dərhal real işə keçin!»

Oxucularıma onu da söyləyim ki, Entoni Robbinsin kouçinq seanslarının (konsaltinq və treninq metodudur ki, kouç öz tələbəsinə konkret hədəfi vurmağı öyrədir) astronomik qiyməti var: 1 milyon dollar!!! Və bu prosedura arzulayanlar 2 il öncədən yazılırlar. Onun müştəriləri arasında isə bir görün kimlərə rast gələcəksiniz: Bill Klintona, Andre Aqasiyə, Opra Uinfriyə... Prezidentliyədək yüksələn siyasətçi, ən yüksək kürsülərdən düşməyən dünyaşöhrətli idmançı, dünyanın ən nüfuzlu qadınları reytinqində yer alan ən məşhur televiziya aparıcısı və şoumen...

Bu sırada tarixdə SSRİ dövlətinin, kommunizmin süqutunun memarı hesab edilən sonuncu SSRİ prezidenti Mixail Qorbaçovu  da görmək olar, əziz oxucularım.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

Bazar ertəsi, 16 Yanvar 2023 09:30

Görkəmli şair Nazim Hikmətin doğum gününə

 

Ötən gün - yanvarın 15-i türk inqilabi poeziyasının banisi, şair, dramaturq, ssenarist, Beynəlxalq Sülh Mükafatı laureatı Nazim Hikmətin doğum günüydü. Növbəti yazı bu barədədir.

 

XX əsr dünya ədəbiyyatının böyük şairlərindən olan Nazim Hikmət təkcə türk xalqının deyil, bütün Şərq xalqlarının poeziyasına misilsiz təsir göstərib, şeirdə yeni yollar açmış novator sənətkar, əsrin klassikidir. 

Nazim Hikmət 1902-ci il yanvarın 15-də Saloniki şəhərində dünyaya göz açıb. O, 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olub. Həmvətənlərinin acınacaqlı həyatını kiçik yaşlarından hiss edərək Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeirlər yazdığı, inqilabi hərəkata qoşulduğu üçün 1919-cu ildə məktəbdən xaric edilib. Bütün yaradıcılığını xalqının azadlığı, xoşbəxt həyatı uğrunda mübarizəyə həsr etdiyi Vətənini, xalqını sevdiyinə görə şair iztirablı, tufanlı, qasırğalı bir həyat yolu keçib. 

Şairin “Sərvlikdə” adlı ilk şeiri 1918-ci ildə “Yeni məcmuə” jurnalında dərc olunub. 1921-ci ildə Moskvaya gələrək Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxuyub. 1924-cü ildə Ankaraya qayıdıb və həbs edilib. Bir müddət sonra azadlığa çıxaraq qəzet və jurnalda çalışıb. 1925-ci ildə qiyabi olaraq 15 il həbsə məhkum edilən Nazim Hikmət 1927-ci ildə yenidən gizli yolla Moskvaya gəlib. Onun 1926-cı ildə yazdığı ilk poeması “Neft dünyasına səyahət” - Bakı neftçilərinə həsr olunub. 

1928-ci ildə şairin ikinci Vətəni saydığı Azərbaycanda ilk kitabı - “Günəşi içənlərin türküsü” nəşr olunub. Nazimə həsr olunmuş ilk məqaləni də Bakıda dövrün görkəmli tənqidçisi Əli Nazim yazıb. 

Onun şeirləri içərisində xüsusi yer tutan “Bayram oğlu”, “Arpa çayının iki yanı”, “Xəzər”, “Neftə doğru” əsərlərinin mövzusu Azərbaycanla əlaqədardır. 1929-1932-ci illərdə yazdığı “835 misra”, “Baron-3”, “1+1=1”, “Səsini itirmiş şəhər” kitabları, “Jakonda” poeması, “Berinci özünü niyə öldürdü” mənzum romanı ilə imperializmin müstəmləkə siyasətinə qarşı çıxıb. 1936-cı ildə yazmış olduğu “Alman faşizmi və iraq nəzəriyyəsi” adlı məqaləsində şair faşizmin dünya azadlığı iddialarını ifşa edib, bütün mütərəqqi bəşəriyyəti insanlığın bu qəddar düşmənlərinə qarşı mübarizəyə çağırıb. Həmin il şairin Türkiyədə sonuncu şeirlər kitabı - “Şeyx Bədrəddin haqqında dastan” nəşr olunub. Dastanda orta əsrlərdə türk tarixində baş vermiş kəndli hərəkatından bəhs edir.

Nazim Hikmət 1938-ci ildə saxta bir ittihamla yenidən həbs olunub və 28 illik məhbəs cəzasına məhkum edilib. Həbsxanada məşhur “İnsan mənzərələri” epopeyasını, “Həbsxanadan məktublar” silsiləsini, “Məhəbbət əfsanəsi”, “Yusiflə Züleyxa” pyeslərini və başqa dəyərli əsərlərini yazıb. 1950-ci ildə əfv edilərək azadlığa buraxılan Nazim Moskvaya köçüb. Bu dövrlərdə “Türkiyədə”, “Qərib adam”, “İvan İvanoviç vardımı, yoxdumu” bir çox şeir və poemalarını, dramaturgiyaya dair məqalələrini qələmə alıb.

Nazim Hikmət həm də istedadlı nasir idi. “Romantika” romanı onun çox qüvvətli nəsr əsəridir. Romanda Nazim Hikmətin inqilabi fəaliyyəti, Moskvada təhsil alması, yaşamağın gözəl olduğunu bilən və onun gözəlləşməsinə can atan insanların mübarizəsi əksini tapıb. Ədibin romanı əsasında “Yaşamaq gözəldir, qardaşım” filmi çəkilib.

Böyük ədibin yaradıcılığında dram əsərləri də mühüm yer tutur. Onun pyesləri dəfələrlə Azərbaycan teatr səhnəsində tamaşaya qoyulub.

Şair ikinci dəfə Bakıya 30 il sonra gəlib. Bəstəkar Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında yaratdığı “Məhəbbət əfsanəsi” baleti dünyanın bir çox ölkələrində tamaşaya qoyulub. Heykəltəraş Münəvvər Rzayeva şairin büstünü, Toğrul Nərimanbəyov və başqa rəssamlar portretini yaradıblar.

N.Hikmət 1963-cü ildə Moskvada vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

 

Vaşinqtonda Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisi, tanınmış pianoçu, Əməkdar artist Nərgiz Əliyarovanın “İpək Yolunun musiqisi” adlı solo konserti təşkil olunub. Kennedi Sənət Mərkəzində keçirilən konsertdə əvvəlcə Nərgiz Əliyarova Azərbaycanın zəngin musiqisindən bəhs edərək, dünya incəsənətinə bəxş etdiyi əvəzolunmaz töhfələrdən söhbət açıb.

 

“Ədəbiyyat və incəsənət” portalı Nərgiz Əliyarovanın mediaya verdiyi açıqlamasına istinadən xəbər verir ki, gecədə pianoçu Azərbaycanın tanınmış bəstəkarları Fikrət Əmirov, Qara Qarayev, Firəngiz Əlizadə, Lalə Cəfərova və Faiq Sücəddinovun, eyni zamanda, xarici ölkə bəstəkarlarının əsərlərini səsləndirib.

Qeyd edək ki, konsert proqramı müxtəlif ölkələrdən olan sənətsevərlər və ABŞ-da yaşayan azərbaycanlılar tərəfindən alqışlarla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

Cümə, 13 Yanvar 2023 21:49

Günün fotosu: Avropa kosmosa çıxır

İsveçin Esreync raket poliqonu müxtəlif rekonstruksiyadan sonra kosmik poliqona çevrilib və gələn ilin ilk rübündə ilk Avropa kosmik gəmisi kosmik fəzaya uçacaq.

Foto: Euronews

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.