Kino xadimləri də tətil edə bilərmiş…

Hollivud ulduzlarının etirazları davam edir

 

Amerika Kinematoqrafçılar Gildiyası narazılıq aksiyasını davam etdirir və get-gedə daha çox adam bu aksiyaya qoşulur. 

Məşhur Hollivud aktyorları Nyu-Yorkun Tayms-skver meydanında aksiya keçiriblər.

ABŞ Kinematoqrafçılar Gildiyası Hollivud ulduzlarını Tayms-skver meydanına toplayaraq kino və televiziya studiyalarını kəskin etiraz atəşinə tutub. 

 

Bu barədə xarici KİV-lər geniş materiallar dərc etməkdədirlər. 

“Ədalətli müqavilə naminə şəhəri silkələyin” adlı toplaşmada bir neçə yüz insanın qarşısında iki saat ərzində həmkarlar ittifaqı nümayəndələri və tanınmış aktyorlar, o cümlədən Brayan Krenston, Kristin Baranski, Uendel Pirs, Kristian Sleyter, Stiven Lanq, Mişel Herd, Cil Hennesi, Stiv Buşemi və başqaları çıxış ediblər. 

Etiraz aksiyası bir neçə saat davam edib.

Bildiyiniz kimi, İtaliyada bu il 80-ci dəfə keçiriləcək Beynəlxalq Venesiya Film Festivalında nümayiş olunacaq filmlərin adları artıq açıqlanıb. 

Qeyd edək ki, avqustun 30-dan sentyabrın 9-dək keçiriləcək festivalın açılış filmi Edoardo De Angelisin "Komandanta" filmi olacaq ki, bu film də əsas müsabiqə kateqoriyasına daxil edilib. 

Həmçinin rejissor Nikolay Arselin "Bastarden", Luc Bessonun "Dogman", Bertran Bonellonun "La Bete", Stefan Brizenin "Hors-Saison", Pietro Castellittonun "Enea", Bredley Cooperin "Maestro", “Sofia Coppolanın "Priscilla", Saverio Costanzo Finalmente “L'Alba”, Edoardo De Angelisin "Komandanta", Corcio Dirittinin "Lubo", Ava DuVerneyin "Mənşə", David Finçerin "Qatil", Mişel Frankonun "Yaddaş", Matteo Qarronun "İo Kapitano", Yorgos Lanthimosun "Poor Things", Pablo Larrainin "El Conde", Mixail Mannın "Ferrari", Stefano Sollimanın "Adagio", Malgorzata Szumowska və Miçel Englertin “Kobieta Z... (Woman Of)" və Fien Troch'un “Holly” filmləri festivalın baş mükafatı “Qızıl Aslan” uğrunda mübarizə aparacaq.

Festivalın “Üfüqlər” (Orizzonti) kateqoriyasında nümayiş etdiriləcək 17 ekran əsəri arasında 2 türk rejissorunun filmi də yer alır.

Rejissorlar Selman Nacarın “Tərəddüd xətti” və Nehir Tunanın “Yurd” filmi “Üfüqlər” kateqoriyasında Venesiyada kinosevərlərə ilk dəfə təqdim olunacaq. 

Sentyabrın 9-da isə festivalın mükafatlandırma mərasimi olacaq.

Bu arada onu da qeyd edək ki, Holluvud aktyorlarının və filmlərinin Venesiyaya gələ bilməməsi təhlükəsi hələ də realdır. ABŞ Kinematoqrafçılar Gildiyasının elan etdiyi tətil deyəsən bitən deyil. 

 

“Ədəbiyyat və incəsənət”

(27.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.