Super User
Sədaqətli həyat yoldaşını necə seçməli?
“Ədəbiyyat və incəsənət” portalının Gənc ailə buraxılışının növbətçisi Uğur Mətləb bu gün sizləri maraqlı bir mövzu ilə baş-başa qoyur. Beləliklə:
SƏDAQƏTLI HƏYAT YOLDAŞI SEÇMƏK ÜÇÜN ÖZÜNÜZƏ BU SUALLARI VERIN
Xoşbəxt evlilik və düzgün münasibət üçün partnyorun doğru insan olub-olmamasına əmin olunmalıdır. Həyatınıza girən biri ilə çətinlik çəkmədən, asanlıqla söhbət edə bilməlisiniz. Onunla vaxt keçirməkdən bezməməli, danışmaqdan zövq almalısınız.
Qarşınızdakının sizin üçün doğru insan olduğunu bilmək üçün özünüzü bir neçə sual verin.
Beləliklə, həmin sualları təqdim edirik:
Maraqlarınız oxşardırmı?
Nə qədər çox ortaq tərəfləriniz varsa, bir o qədər bir-birinizə tez uyğunlaşacaqsınız. Bu o demək deyil ki, bütün maraqlarınız, hobbiləriniz eyni olsun. Amerikalı psixoloq Sima Hinqorani məsələ ilə bağlı bu sözləri deyib:
“Həyatınızı kiminləsə keçirməyə qərar verdiyiniz zaman, ikinizin birlikdə nə etmək istərdiklərinə baxmalısınız. Məsələn, əgər siz kino həvəskarısınızsa, bu zaman filmlərdən zövq alan biri ilə birlikdə olmaq istərdiniz. Bu həyatınızı daha da maraqlı edəcək”.
Standartlarınız uyğun gəlirmi?
Yaxşı həyat yoldaşı seçərkən həm özünüzün, həm də ailənizin standartlarını nəzərə almalısınız. Sizinlə eyni sosial təbəqədən və ya eyni ailə mədəniyyəti olan birini seçmək mümkün olmasa da, bu uyğunluğu nəzərə almaq vacibdir.
Bir-birinizə hörmət edirsiniz?
Sizə, arzularınıza, məqsədlərinizə və şəxsiyyətinizə hörmət etməyən biri ilə həyatınızı keçirə bilməzsiniz.
Etibarlı insandır, ona güvənirsinizmi?
Etibar edə biləcəyiniz birini seçmək son dərəcə vacib məqamdır. Bir-birinizə güvənməsəniz və ya inanmasanız, xoşbəxt bir evlilik ola bilməz.
Birlikdə yaxşı vaxt keçirirsiniz?
Birlikdə vaxt keçirməkdən zövq almaq eyni maraqlara sahib olmaq qədər vacibdir. Sizə kifayət qədər vaxt ayıran və vaxt keçirməkdən bezməyən biri ilə sevgili olmalısınız.
O, dəyişməyə açıqdırmı?
Fərqli mədəniyyətlərdən olan insanların evliliklərində diqqət etməli olan məqam onların bir-birindən nə qədər fərqli olduqları deyil, tərəflərin dəyişməyə açıq olub-olmamasıdır.
Bir tərəf “mən beləyəm, dəyişmərəm” deyirsə, qarşı tərəf çətin vəziyyətə düşür. Münasibətdə hər iki tərəf vərdişlərindən tam olmasa da, bir az ödün verə bilər. Bununla da ikili ortaq nöqtədə görüşərsə, mədəni fərqliliklər evliliyə təsir etməz.
Evliliklə bağlı özünüzə verməli olduğunuz digər suallar:
Özümü tanıyırammı?
Evlilik üçün özümü hazır hiss edirəm?
Bu insan evlilik üçün yetkin biridirmi?
Bu insan mənim yaxşı və pis günümdə yanımda olacaqmı?
Qarşılıqlı sevgi, hörmət və sədaqəti təmin edə biləcəyikmi?
Həyata fərqli tərəfdən baxıb ortaq bir məxrəcə gələ bilərikmi?
Şəkildə: Joakim Lafossun “Ər-arvad” filmindən kadr
“Ədəbiyyat və incəsənət”
(13.04.2023)
Rəsm qalereyası: Elvira Elve, “Şəhər mənzərəsi”
Ramiz Qusarçaylının çəkdiyi dağ
“Ədəbiyyat və incəsənət” portalının “Poetik qiraət” rubrikasında ustad şair Ramiz Qusarçaylı “Bu dağı mən çəkmişəm” deyəcək.
Bu dağı mən çəkmişəm,
Məni də çox dağ çəkib.
Ömür sürüşür əldən,-
Saatına yağ çəkib.
Dalımca daş olanlar,
Daşında çaş olanlar,
Ayaqda baş olanlar
Başında ayaq çəkib.
Yolunda öldüklərim,
Nəyim var böldüklərim,
Ən yaxın bildiklərim,
Məni ən uzaq çəkib.
Anam bilir işini,-
Dəyişmir vərdişini,
Mən yaşında kişini
Gözündə uşaq çəkib.
Bu yazı, bu həkk kimin,-
Qəm suvarır lək kimi.
Fələk də son şəklimin
Üstündə torpaq çəkib.
“Ədəbiyyat və incəsənət”
(13.04.2023)
Bakıda türk rəssamın “Türkiyədən sevgilərlə” adlı fərdi sərgisi açılacaq
Bu gün Heydər Əliyev Mərkəzində türk rəssam Devrim Erbilin “Türkiyədən sevgilərlə” adlı fərdi sərgisi açılacaq.
Devrim Erbilin əsərləri Türkiyənin və dünyanın bir çox muzey və kolleksiyalarında yer alıb, bu günədək yüzlərlə sərgisi açılıb.
Türkiyənin rəsm sənətinin məşhur simalarından olan D.Erbilin İstanbula həsr edilən əsərləri dünyaca məşhurdur. Mərkəzdəki sərgisində isə müəllifin həm də Bakıya həsr edilən əsərləri ilk dəfə nümayiş olunacaq.
“Ədəbiyyat və incəsənət”
(13.04.2023)
Da Vinçinin qafqazlı anasından ta ki risk altındakı 4 ölkəyə qədər
“Ədəbiyyat və incəsənət” portalının beynəlxalq xətt üzrə növbətçisi Kənan Məmmədli mart ayı üçün dünyanın aparıcı mediasında gedən manşet xəbərlərinin analizini apararaq ən çox oxunan xəbərləri müəyyənləşdirməyə çalışmışdır və belə xəbərlərdən ikisini seçmişdir.
Öncə nikbin, sonra bədbin xəbər gələcək.
TÜRK HƏR YERDƏ TÜRKDÜR
Xəbərlərdən biri sensasion və olduqca təəccüblü idi. Belə ki, iddia olunurdu ki, italyan intibah dövrünün ustad sənətkarı, dünyaşöhrətli rəssam Leonardo da Vinçinin anası çərkəz imiş. Bu barədə italiyan yazıçı və ədəbiyyat professoru Karlo Veççe məlumat yayıb.
L'Orientale Neapolitan Universitetində italyan ədəbiyyatı professoru kimi çalışan Veççe dahi rəssam Da Vinçi üzrə əsas mütəxəssis hesab olunur.
O, Florensiya Dövlət Arxivində Leonardonun doğulmasından təxminən altı ay sonra, 1452-ci ilin noyabrında bir qadının azad edilməsinə dair imzalı sənəd aşkar edib. Notarial aktda qadının Yaqub adlı çərkəz knyazının qızı Katerina olduğu yazılıb. Sənədi notarius Pyero da Vinçi (Leonardonun atası) imzalayıb.
Alimin fikrincə, Katerina Qafqazdan Venesiyaya, ordan da Florensiyaya qul kimi gəlib. Toskana şəhərində o, toxucu kimi işləyib.
Bundan başqa o, muzdlu süd anası olub. Veççenin kəşfi Leonardonun qadının ilk övladı olmadığını deməyə əsas verir.
Mən isə əlavə olaraq onu deyə bilərəm ki, çərkəzlər Şimali Qafqazada – Qaraçay-şərkəz diyarında yaşayan etnik türklərdir, bizlərə dil qohumluqları da çatır. Düzdür, mən bununla Leonardo da Vinçiyə azərbaycanlıları şərik çıxarmıram. Amma dünyanın ən dahi rəssamının türk qanlı olmasından, hər halda, məmnunam.
DÖRDLƏR TƏHLÜKƏ ALTINDADIR
"15 milyona yaxın insanın yaşadığı ərazi təhlükə altındadır, buzlaqların əriməsi genişmiqyaslı daşqınlara səbəb ola bilər".
Bu qənaətə Böyük Britaniyanın Nyukasl Universitetinin alimləri gəliblər.
Alimlərin fikrincə, əsrin sonuna qədər Yer üzündəki 215 min buzlağın təxminən yarısı əriyəcək. Bu da buzlaq göllərinin çatlamasına və nəticədə daşqınlara səbəb olacaq. Bu proses dörd ölkəyə dağıdıcı təsir göstərəcək ki, bunlar Hindistan, Pakistan, Peru və Çindir.
Tədqiqat göstərir ki, 15 milyona yaxın insanın yaşadığı ərazilər su altında qalma təhlükəsi ilə üzləşə bilər.
Ən böyük təhlükə isə Pakistan və Çini gözləyir. Xüsusilə Pakistanda çatlaya biləcək buzlaq gölünün yaxınlığında 2 milyondan çox insan yaşayır, Çində isə bu rəqəm bir milyondur. Bu təhlükə reytinqində Peru üçüncü, Hindistan isə dördüncü yerdədir.
Tədqiqatçılar qeyd ediblər ki, buzlaq gölünün dəqiq olaraq nə vaxt daşacağını proqnozlaşdırmaq olduqca çətindir, alimlər hələ yalnız təhlükə barədə xəbərdarlıq edə bilərlər.
Onların fikrincə, buzlaq göllərinin çatlaması irimiqyaslı daşqınlara səbəb ola bilər. Dağıntı baş verən ərazi isə 100 kilometrdən çox məsafəni əhatə edə bilər.
Təbii ki, bu üzücü xəbər məni məyus etdi. Necə də olmasa, söhbət insanlıq üçün qlobal təhlükədən gedir. Və əsas təhlükə riskini daşıyan ölkənin Pakistan olması faktoru da var. 44 günlük müharibə vaxtında bayrağını dalğalandırdığımız, mənfur ermənilərə bizə görə qatı düşmən kəsilmiş dost Pakistanın başının üstünü qara buludların alması əlbəttə ki, məyusedicidir. Kaş ki bu buludları külək qovub Sevan gölünün ətrafınacan aparaydı.
“Ədəbiyyat və incəsənət”
(13.04.2023)
Azərbaycanın turizm imkanları Türkiyədə təbliğ olunur
Azərbaycanın turizm imkanları aprelin 12-də Türkiyədə işinə başlayan “EMITT 2023” Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində təbliğ olunur.
AzərTAC xəbər verir ki, dörd gün davam edəcək sərgidə Dövlət Turizm Agentliyinin dəstəyi, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizi 2 yerli turizm şirkəti, hotel və mehmanxana qrupu və "Azərbaycan Hava Yolları" QSC təmsil edir.
Sərgi çərçivəsində turizm şirkətləri ilə B2B formatlı işgüzar görüşlər keçirilir və qarşılıqlı turist mübadiləsinə təkan verəcək ikitərəfli əməkdaşlıq imkanları dəyərləndirilir.
26-cı dəfə keçiriləcək və dünyanın 30 ölkəsindən 600 iştirakçı tərəfindən turizm məhsulları tanıdılacaq sərgi dünya üzrə 5 ən böyük sərgidən biri hesab olunur. Ötən il sərgi 110 ölkədən 33 595 nəfər ziyarətçi qəbul edib.
Türkiyə 2022-ci ildə Azərbaycana səfər edənlərin sayına görə ilk 5 ölkə arasında 2-ci yeri tutub. 2022-ci ilin statistikasına əsasən Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayı 311 min 880 nəfər olub ki, bu da 2019-cu il rəqəmlərinin 99 faiz bərpası deməkdir.
“Ədəbiyyat və incəsənət”
(13.04.2023)
Nə edəcək Varis Ədəbiyyat Fondunda?
“Ədəbiyyat və incəsənət” portalı Daycest bölümündə Azərbaycan Ədəbiyyat Fondunun yeni təyin olunmuş baş direktoru Varis Yolçuyevin “Şərq” qəzetinə verdiyi müsahibəsini oxucularının diqqətinə çatdırır.
Varis Yolçuyev: “Bütün mədəni həyat Bakıda cəmləşib. Elə bölgələrimiz var, ədəbiyyatsevərlər həsrətlə gözləyir ki, bir yazıçı, şair ora qonaq gəlsin”
“Bir dəfə izləyicilərdən biri mənə yazmışdı ki, niyə Qobustana gəlmirsiniz, qorxursunuz ayağınız palçığa batar?!”
Yazıçı, Əməkdar jurnalist, Azərbaycan, Rusiya yazıçılar birlikləri, həmçinin Beynəlxalq Yazıçılar Gildiyasının üzvü Varis Yolçuyevin Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru təyin edilməsi varissevərləri xeyli sevindirdi. Təbriklər hələ də ard-arda düzülüb. Təbriklər öz yerində, amma vəzifə də kiçik deyil. Məsuliyyəti də yəqin böyükdür. Nə edəcək Varis Ədəbiyyat Fondunda? Sevilə-sevilə oxunan yazıçı – romançıdır, geniş əlaqələri var, ölkə xaricinə çıxa bilir. Sahib olduğu nüfuzdan ədəbiyyatımız üçün istifadə edə biləcəkmi?
Yeni baş direktorla, hələlik, atüstü söhbət etdik. Geniş söhbətin baş tutacağına da inanırıq. Çünki hər kəsə açıq ziyalıdır.
- Varis müəllim, ilk növbədə vəzifəyə təyinatınızı təbrik edirik. Uğurlu olsun, yorulmayasınız. Yəqin ki nələrsə planlaşdırırsınız...
- Bəli, planlar var. Ən birincisi... Bir neçə beynəlxalq festival, müsabiqədə Azərbaycan yazıçılarının, əsasən də gənc yazarların iştirakını - həm onlayn formatda, həm də şəxsən iştiraklarını təmin etmək. Sonra daha bir vacib işimiz mədəniyyət sahəsində fəaliyyət göstərən media quruluşlarına, Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanları da daxil olmaqla dəstək verməkdir. Belə bir layihəmiz var. Vacib tədbirlərimizdən digəri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubiley tədbirləri çərçivəsində Azərbaycan yazıçılarının təbiət qoynunda plenumunu keçirmək. Bilirsiniz ki, 100 illik yubiley təntənələri çərçivəsində teatr, kino, musiqi sahəsində tədbirlər keçirilir. Ədəbiyyatla bağlı da biz böyük bir tədbir planlaşdırmışıq. Bu, plenum səviyyəsində, qlobal bir tədbir olacaq, geniş, əhatəli...
- Təbiət qoynunda dediniz, ağlıma ilk Şuşa gəldi...
- Yox, Şuşada keçirməyi düşünmürük. Şuşa, maşallah, tədbirlərlə doludu; Vaqif Poeziya Günləri keçiriləcək, Xarıbülbül festivalı, başqa mədəniyyət tədbirləri... İstəyirik bölgələrə, kənarlara çıxaq. Bütün mədəni həyat Bakıda cəmləşib. Elə bölgələrimiz var, ədəbiyyatsevərlər həsrətlə gözləyir ki, biz yazıçı, şair ora qonaq gəlsin, bir ədəbi tədbir olsun.
- Uzaq bölgələri nəzərdə tutursunuz o zaman...
- Uzaq, yaxın, fərqi yoxdu. Amma Bakıdan çıxaq. Məsələn, Sumqayıtda böyük ədəbiyyat bayramı olsa, necə böyük səs salar. Ya da hansısa başqa bir bölgədə. Gəncə, Şamaxı qədimdən elm, irfan, şeir, sənət yurdu olub. Oralarda ədəbi həyatı canlandırmaq lazımdı. İstəyirəm, ədəbi tədbirlər hər bölgədə, lap ucqar bölgələrdə də keçirilsin. Yazıçı kimi paylaşdığım postlar zamanı müşahidə etmişəm, bölgələrdə ədəbiyyata daha çox maraq var, nəinki paytaxtda. Bir dəfə izləyicilərdən biri mənə yazmışdı ki, niyə Qobustana gəlmirsiniz, qorxursunuz ayağınız palçığa batar?!. Acığa ora getdim. Qobustanın bir kəndi idi...
- Hansı kənd?
- Adı yadımda deyil, bağışlasınlar. Amma postuma bunu yazanı xatırlayıram. Təsəvvür edin, elə ucqar yer idi, maşın bizi ora güclə aparıb çıxardı. Böyük bayram oldu oranın əhalisi üçün. Adətən biz ütülü, sığallı tədbirlərə meyl edirik, amma belə yerlərə getmək vacibdir. Ümumiyyətlə, ədəbiyyat adamları bölgələrə daha çox getməlidirlər.
- Varis müəllim, anlaşıldı ki, böyük tədbirlər keçirməyi planlaşdırmısınız. Bəs maliyyəniz varmı? Bu tədbirlərin keçirilməsi külli miqdarda vəsait lazım olacaq.
- Fondu formalaşdıracağıq. İndi hələ işimizi qururuq. Mədəniyyət sahəsinə yatırım qoymaq istəyən insanlar var. Qolumuzu çırmayıb işə başlayırıqsa, bu məsələni də həll etməliyik. Dünyanın qabaqcıl mədəniyyət fondlarının iş prinsipi, mexanizmləri ilə tanış olmalıyıq və həmin mexanizmlərin tətbiqinə çalışmalıyıq.
- Yəni deyirsiz, hazırda Fond boşdu...
- Bu gün üçün Fondda maliyyə yoxdu.
- Bəs indiyədək Fond nəylə məşğul olub?
- Sovet dövrü bu cür fondlar məşhur idi. Amma sonra uzun müddət fəaliyyətsiz qaldılar. Ədəbiyyat Fondu təxminən, 2015-ci ildən heç bir fəaliyyət göstərməyib.
- O zaman sizin üçün çətin olacaq, Varis müəllim. Sizə uğurlar arzulayırıq. Planlaşdırdığınız işləri inşallah, həyata keçirərsiniz.
- Çox sağ olun, çalışacağıq.
Söhbətləşdi: Məlahət Rzayeva
“Ədəbiyyat və incəsənət”
(13.04.2023)
Fateh Teymur Azərbaycanda
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Aida Eyvazlı yazır
Fateh Teymurun 687-ci ildönümünə! Ruhunu sevgi ilə yad edirik!
Şimali Azərbaycan, Şirvanşahlar dövləti
1399-1404-cü illərdə Əmir Teymurun 7 illik yürüşü məhz Qərbi İran, Azərbaycan, Kiçik Asiya və Suriyanı əhatə etdi. Yenə Rui Qonsales de Klavixonun gündəliyinə nəzər salaq: “Qarabağda qış mülayım keçdiyindən Fateh Teymur adətən bütün qış aylarını yaz gələnə qədər qoşun-ləşkəri ilə burada keçirərdi. Tarixdən məlum olduğu kimi, gözəlliklər yaratmaqdan zövq alan Fateh Teymur, Qarabağı o qədər sevmişdi ki, burada iyirmi mindən artıq ev də tikdirmişdi. Bu evlərdə yaşayan hərbi qoşun paytaxt Səmərqəndə qayıdanda, evlər yerli əhaliyə verilirdi. Əlbəttə onların içərisində Əmir Teymurun qoşunuun tərkibində gəlib, sonradan bu yerlərdən qayıtmayan elatlar da olurdu.
Tez-tez Qarabağda qışlasa da , dövlətinin siyasi durumunu qorumaq, daim nəzarətdə saxlamaq üçün Şimali Azərbaycana və Dərbəndin padşahlığını Şirvanşah Şeyx İbrahimxəlilə vermişdi. Əmir Teymurun gücünə və əzəmətinə bələd olan Şirvanşah Şeyx İbrahimxəlil dövrüünün müdrik və uzaqgörən xaqanı idi. Fateh Teymura baş əyməyən şahlardan fərqli olaraq (çünki bir qayda olaraq Əmir Teymurun qabağına qoşunu ilə çıxan, şəhərin darvazalarıının açarını ona verməyən, və ya müqavimət göstərən padşahlar döyüşlərdə məğlub olurdular ) onunla ittifaq yaratmağa üstünlük verir.
Əmir Teymurun saray salnaməçisi, öz dövrünün tarixçi alimi Şərafəddin Əl Yəzdi "Zəfərnamə" əsərində yazır: "...Allahın köməkliyi ilə Teymur Sahibgiran Dərbənddən Bakıya gəldi (təqribən 1383-97-ci ili nəzərdə tutur -müəllif) və əmr etdi ki, buradakı qalanı möhkəmlətsinlər. İlk dəfə 1381-ci ildə Şirvana hücum edərkən Şirvanşah Şeyx İbrahimxəlil sərkərdə Teymurun qabağına 40 dəvə yükü ənamla və 39 qulla çıxdı. Dünyanın alimləri, filosofları ilə məclis quran Teymur bu məqamı nəzərdən qaçırmadı və Şeyx İbrahimdən soruşdu: "Qulun biri hanı?" Şirvanşah Şeyx İbrahimxəlil ona baş əyərək dedi: "Şahım, məmləkətim və rəiyyətim qul olunca mənim qul olmağım daha əfzəldir".
Şeyxin verdiyi cavabdan məmnun qalan Teymuru əlini Seyxin çiyninə qoydu.
“Əmir Teymur dəfələrlə Azərbaycandan, Dərbənddən keçərək Gürcüstana və şimala getmiş və həmin səfərlərdə Şeyx İbrahim Şirvan qoşunları ilə onu müşayiət etmişdi. Mənbələrin məlumatına görə h.790 (1396)-cı ilin baharında Həştərxana səfərdən geri qayıdarkən Əmir Teymur Dərbəndə gəlib çıxır. Teymurun salnaməçisi Şərəf əd-Din Əli Yəzdi Teymurun əmri ilə şəhərin qala divarlarının bərpa olunduğunu xəbər verir. "Dünyanın fatehi, comərd hökmdar Allahın köməyi ilə Dərbənddən keçdi və İçqalanın bərpa olunmasını əmr etdi. Onun əmri ilə tikinti başlanıldı. Onun yürüşdən xoşbəxt və əzəmətlə qayıtması xəbəri aləmə yayıldı".
Şabrana çatan Əmir Teymur sonra Şamaxıdan keçib Kür çayının sahilində dayandı. Şeyx İbrahim burada onu qiymətli hədiyyələrlə qarşılayıb, böyük ziyafət düzənlədi. Ziyafət zamanı Əmir Teymur Şeyx İbrahimə bahalı paltar, öz belindən açdığı qiymətli kəmərini və qılınc bağışladı. Onun Şirvana və ona tabe olan torpaqlara sahiblik hüququnu təsdiq edən fərman imzaladı. Əmir Teymur Şeyx İbrahimə Dərbəndi və Şimal sərhədini ayıq-sayıq qorumağı tapşırdı. O vaxt Dərbənd Şirvanşahın torpaqlarına daxil idi. Əmir Teymur buradan qoşunları ilə Kürü keçib, Ağdam adlı yerdə dayandı. Əmir Teymur, torpaqları Qızıl Orda ərazisi ilə həmsərhəd olan Şeyx İbrahimin şəxsində müttəfiqini görməkdə maraqlı idi. Buna görə də Əmir Teymur İbrahimə çox böyük himayədarlıq göstərir, onu tabeliyində olan digər feodallardan fərqləndirirdi. Əmir Teymurun etimad və dostluğunu qazanmış İbrahimin çevik siyasətini təkcə Şirvanın xalq kütlələri deyil, feodal sinfi də geniş müdafiə edirdi.( Sara Aşurbəyli. “Şirvanşahlar dövləti”.).”.
Bu yeni ittifaqla Şirvanşah İbrahimxəlil həm də Toxtamış xanın Şirvana etdiyi hücumdan sığortalanmış oldu. Həqiqətən də,Toxtamış xanın növbəti hücumu zamanı, Teymur özünün qələbə əzmli ordusu ilə Şirvanşahın köməyinə çataraq, onu Toxtamış xanın caynağından qurtara bildi. Teymurun Şirvanda olduğunu bilən Toxtamış xanın ordusu isə qaçaraq geri çəkildi.
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(13.04.2023)
Bayağının yer tutan ayağı
“Ədəbiyyat və incəsənət” portalı jurnalist Kübra Məhərrəmovanın qeydlərini diqqətinizə çatdırır. Söhbət indi gündəm təşkil edən bayağı mahnılardan gedir.
AzTV-nin efirində bayağı mahnılar, bayağı sözlər barədə danışdıq. Dəvət üçün "Çıxışa doğru" verilişinin komandasına və Ülfət Rəhimova təşəkkür edirəm.
Nə yalan deyim, təklənmişdim. Düzdür, arada şair Qəşəm Nəcəfzadə dəstək verdi, sağ olsun.
Amma məsələ odur ki, bu xalq, bu millət sevir axı bu mahnıları, bu müğənniləri.
Üzeyir Mehdizadənin YouTube platformasında və digər sosial şəbəkələrdə ümumi baxış sayı 1 milyardı keçibsə, hansı kanal, hansı radio ona qadağa qoya bilər? Heç biri! Adam fenomendir. Və ya biz uşaq olanda, "bədii şura" dövründə "Ay uçaq quşlar, dırırım", yox idimi? Sonra elə həmin müğənni Xalq artisti adını almadımı? Niyə? Çünki XALQ sevir, xalq pul səpir o müğənninin başına, o da lazım olan yerlərə səpir həmin puldan.
“Ədəbiyyat və incəsənət”
(13.04.2023)
Azərbaycanda insanlar əsasən kimlər tərəfindən zorakılığa məruz qalıb?
Cari ilin ilk 3 ayı ərzində Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 122 müraciət daxil olub. Bu müraciətlərə əsasən, yerli icra hakimiyyəti orqanları tərəfindən zərərçəkmiş şəxslərə 15 mühafizə orderi verilib.
Dövlət Komitəsinin məlumatına görə, daxil olan müraciətlərdə psixoloji zorakılıq üzrə şikayətlər üstünlük təşkil edib. Şikayət edənlərin zorakılığın bir neçə növünə məruz qaldığı məlum olub.
Qeyd edək ki, müraciət edənlərin əksəriyyəti əri (65), keçmiş əri (20) və yaxın qohumu (24) tərəfindən zorakılığa məruz qalıb. Zorakılıq törədənlərin 106 nəfəri kişi, 21 nəfəri qadındır.
Bu maraqlı statistika ilə bağlı “Ədəbiyyat və incəsənət” portalı yaxın günlərdə sizlərə geniş yazı təqdim edəcək.
“Ədəbiyyat və incəsənət”
(13.04.2023)