“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı, “İpək yolu” Beynəlxalq Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazlı Göytürk Qazaxıstanın Konayev şəhərində keçirilən “I Media və Turizm Forumu”nda panel müzakirələrdə məruzə ilə çıxış edib. Həmin məruzə oxucularımız üçün də maraqlı ola bilər.
Hər bir ölkə öz tarixi, təbiəti ilə fərqlidir. Türkdilli ölkələr arasında Qazaxıstanın təbiətinin də, tarixnin də öz yeri vardır. Biz Azərbaycanlıları Qazaxıstanı və bütün sülhsev ər ölkələri özümüzə qardaş, dost bilirik.
Bir jurnalist kimi mən Qazaxıstanın bir çox gəzməli və görməli yerlərində olmuşam. Tarixi məkanlarını jurnalist kimi ziyarət edib öz məqalələrimdə yazmışam. Mavi bayraqlı, Şanıraklı Qazaxıstanın gəzməl-görməli yerləri, gözəl təbiəti və adəti haqqında oxucularıma bilgilər vermişəm.
Ötən il Azərbaycan və Qazaxıstan arasında diplomatik əlaqələrimizin yaranmasının 30 illiyi qeyd olundu. Bu illər ərzində iki qardaş ölkə arasında bütün sahələrdə ən yüksək səviyyədə qarşılıqlı əməkdaşlıq və konstruktiv əlaqələr qurulub.
Turizm sahəsi üzrə 1992-ci ildən bu günədək 27-i hökumətlərarası olmaqla 31 Saziş, 12 Anlaşma Memorandumu, 2020-2022-ci illər üçün turizm sahəsi üzrə 2 Əməkdaşlıq Proqramı imzalanıb. Sözügedən sənədlərin icrasının həyata keçirilməsi ilə bağlı tədbirlər proqramı hazırlanaraq təsdiq olunub, qarşı tərəflərlə görüşlər təşkil olunaraq əməkdaşlıq perspektivləri müzakirə edilib, habelə imzalanmış sənədlərin müddəa və şərtlərinə əsasən əməkdaşlıq tədbirləri həyata keçirilməyə başlanılıb.
20 iyun 2023-cü ildə Azərbaycan Respublikasının Turizm Dövlət Agentliyi və Qazaxıstan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında turizm əməkdaşlığı sahəsində memorandum imzalanıb.
Və bu müqavilələrin əsasını isə Türk Dövlətləri Təşkilatı arasında turizm potensialıının gücləndirilməsi və əlaqələndirilməsi dayanır. Çünki hər birimiz tarixdən yaxşı bilirik ki, bizi həm də Böyük və tarixi “İpək yolu” birləşdirir. Bu İpək yolu ilə neçə əsr bundan əvvəl Türküstana, Boz Çöllərə, Azərbaycana səfər edən səyyahlar öz kitablarında bizim tarixi adlarımızı, yollarımızı, yurdlarımızı yazıb əbədiləşdiriblər. Təsdüfi deyil ki, bu gün araşdırma aparmağı bacaran hər bir jurnalist həmin tarixi faktlardan istifadə edir. Biz öz dəyərlərimizi Avropaya və dünyaya göstərmək üçün yenə birgə çalışmalı, əl-ələ verib işləməliyik.
UNESCO bu ilin iyun ayında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi sahəsində ciddi addımlar atdı. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyini UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Qabriela Ramosun rəhbərlik etdiyi nümayəndə heyəti arasında mühüm görüşlər keçirdi. Görüşdə Azərbaycanda turizm sahəsində həyata keçirilən layihələr, eləcə də mədəni irsin qorunması istiqamətində aparılan işlər barədə məlumat verildi. Azərbaycanın UNESCO-nun mədəni irs siyahısında yer alan mədəni və tarixi nümunələrinin təbliği ilə bağlı əməkdaşlığın artırılmasının, həmçinin turizm sahəsində təcrübə mübadiləsinin vacibliyini qeyd edldi.
Eyni zamanda Azərbaycanın İpək Yolu boyunca məxsus olduğu zəngin ticarət və mədəni mübadilə irsinin regionu mühüm turizm məkanına çevirmək potensialına sahib olduğunu vurğulandı.
Xanım Qabriela Ramos UNESCO və Azərbaycanın İpək Yolu boyunca ortaq mirasın tanıdılması və istifadəsi yolu ilə mədəniyyətlərarası dialoq və mədəni turizmin inkişafında qarşılıqlı maraqlara sahib olduğunu bildirdi.
Bu gün “Birinci Beynəlxalq Media və turizm forumu”na yığışan biz televiziya və qəzet jurnalistləri ölkələrimizin turizm potensialının yayılması və bu sahədə dövlətlərimizin istisadi maraqlarının da təmin olunması üçün ən uyğun yolları arayıb, ən mükəmməl çıxış yollarıının tapılmasında qərar qəbul etməliyik.
Doğrudur, bu gün hər kəsin əlində bir telefon var və hamı sosial şəbəkələrdə öz gördüyü yerlər, gəzdiyi ölkələr haqqında məlumat verə bilir. Lakin bəzən adi insanların verdiyti məlumatlarda yanlışlıqlar olur. Jurnalistlər isə bir qayda olaraq öz işlərini daha dəqiq və mükəmməl görür, tamaşaçıya, dinləyiciyə ölkə haqqında daha doğru məlumat verirlər.
Ölkələrimizin turizm və informasiya nazirlikləri bu təbliğatı genişləndirmək üçün daha çox jurnalistləri qrup şəklində səfərə dəvət edəndə, nəticə də effektiv olur.
Mən sizə Qazaxıstan və Azərbaycan arasındakı turizm rəqəmlərini göstərmək istəyirəm: 2023-cü ilin aprel ayının statistikasına görə Qazaxıstandan Azərbaycana gələn 30350 nəfərin 20994 nəfəri turzim məqsədi ilə gəlib. Azərbaycandan Qazaxıstana gedən 23868 adamın 20655 nəfəri isə turzim məqsədi ilə gəlib.
Ötən il Azərbaycandakı Qazaxıstan səfirliyi Abayın və bir çox tanınmış şəxsiyyətlərin xatirəsinə həsr olunmuş tədbirlər keçirdilər. Bu tədbirlərin çoxusunun keçirilməsi üçün Bakının dənizlənarı parkında qazax yurtası qurulmuşdu. O yurtaya azərbaycanlıların və Azərbaycanda olan qonaqların necə maraqla gəlib ziyarət öz gözlərimlə gördüm.
Mən sizə öz ölkəmizdən bir nümunə danışmaq istəyirəm. Hamınızı bilirsiniz ki, biz 2020-ci ilin noyabr ayında 44 günlük savaşdan sonra, düşmən üzərində qələbə çalaraq öz tarixi torpaqlarımızı geri qaytardıq. 30 ilə yaxın müddət ərzində düşmən bizim cənnət kimi gözəl yurdlarımızı viran qoyub talan etmişdi. Savaşdan sonra dünyanın hər yerindən, eləcə də Qazaxıstandan da jurnalistləri, blogerləri həmin dağıdılmış ərazilərə dəvət etdik. Qazaxıstanın tanınmış jurnalistləri Almas Altay , Nurqali Jusupbay, Samat Nurtaza, Nurgeldi, Kuanış Edilxan və digərləri Şuşaya, Ağdama səfər etdilər. O dağıdılmış və viranə yurdları öz gözləri ilə gördülər.
Ötən üç il ərzində Azərbaycan və onun dostları ilə birlikdə həmin yurdları, torpaqları, şəhərləri yenidən tikib-dirçəldirik. İndi Şuşa da, Ağdam da , Kəlbəcər də, Laçın da, Füzuli, Cəbrayıl da doğma sakinlərini qəbul edir.
Azərbaycan Prezidenti İlham Əliyevin başçılığı ilə doğma yurdlarımızı abadlaşdırırıq. Dövlətimiz həm də bu yerləri turzm bölgəsi etmək fikrindədir.
Biz indi həmin yerləri minalardan təmizləyib ağac əkir, yol çəkirik. İtirilmiş mədəni abidələrimizi yenidən bərapa etməyə çalışırıq. Bu işçdə bizə qardaş və sülhsevər ölkələr yardım edirlər.
Qazaxıstan Prezidenti Kasım Comard Tokayevin qərarı ilə işğaldan azad olunmuş Füzuli rayonunda şəhərində ümumi sahəsi 1,5 hektar olan ərazidə məktəb inşa edilir. Tikinti sahəsi 2708 kvadratmetr, ikimərtəbəli binadan ibarət olacaq məktəbdə hər biri 300 nəfər olmaqla, növbəli şəkildə 600 şagirdin təhsil alması üçün lazımi şəraitin yaradılması nəzərdə tutulur. Burada, şagirdlər üçün xanəndəlik sənəti, xalçaçılıq, heykəltaraşlıq və zərgərlik sənətləri, musiqi və rəssamlıq dərsləri, həmçinin qrafik dizayn təlimləri üzrə tədrisin təşkili planlaşdırılır.
Biz azad olunmuş ərazilərimizə arzu edən bütün jurnalistləri hələ tam qəbul edə bilmirik. Biz o torpaqları hələ minalardan təmizləyirik.
Təkcə bir ay ərzində 2979 hektar ərazidən 552 partlamayn mina, 63 piyada əleyhinə, 243 tank əleyhinə mina təmizlənib. Ötən il isə 41915 hektar ərazidən 14950 partlamayan , 8780 piyada əleyhinə mina , 4113 tank əleyhinə mina aşkar olunaraq götürülüb. İki il əvvəl mənim əməkdaşlıq etdiyim Azərbaycan televiziyasının çəkiliş qrupunun üç nəfər üzvü də tank əleyhinə minada patrtladılar və onlardan ikisi həlak oldu.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə böyük miqyasda işlər görülür.
Bu gün Azərbaycan dövləti həmçinin Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə Xaçınçay su anbarına 40 min ədəd körpə balıq buraxıb.
Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin güclü siyasi iradəsi, müzəffər ordumuzun bölmələrinin qazandığı tarixi qələbə nəticəsində bir güllə atılmadan işğaldan azad edilən və “Qafqazın Xirosiması” adlandırılan Ağdam demək olar ki, sıfırdan qurulur, dövlətimizin gücü ilə yeni, müasir bir şəhər tikilir. Ermənilərin Qarabağda və Şərqi Zəngəzurda törətdikləri vəhşilik, qəsbkarlıq, düşmənin barbarlığı nə qədər ağır və faciəli olsa da biz bu yaşayış məntəqələrini yenidən quracağıq.
Mən inanıram ki, yeni qurulan şəhər və kəndlərimizə gələn jurnalist həmkarlarımız yenə də Azərbaycan qonaqpərvərliyi ilə tanış olacaqlar. İndi size azad olunmuş torpaqlarda qədim tariximiz, daş abidələrimiz, bulaqlarımız, göllərimiz, isti təndirimiz, samovar çayımızla qarşılayırıq.
Qazaxıstan haqqında ən maraqlı məlumatları və görməli yerlərini işıqlandırmaq üçün zaman-zaman Azərbaycan Televiziyası da öz çəkiliş qrupunu Tanrı dağlarının ətəklərinə göndərir. Qazaxıstanın tarixi yerləri, məkanları , mətbəxi, mədəniyyəti haqqında televiziyamızda maraqlı verilişlər hazırlayırıq. Mənim layihəm əsasında efirə gedən “Qızıl alma” verilişində də hər zaman Qazaxıstana xüsusi yer verilir. Çünki bu torpaq , bu yurd “Altın Adamın” yurdudur. Bu yurd, bu ocaq müqəddəsdir.
Əziz qələm dostlarım! İnşallah Sizin hamınızı Zəngəzurda Böyük Turana gedən yolda görmək, o yerlərin turizm potensialı ilə tanış etmək arzusu ilə bir daha salamlayıram və deyirəm ki, BİRGƏ BOLAMIZ! Güc Birlikdədir!
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)