Azərbaycanlılardan Yekaterinburqun 300 illiyinə töhfə Featured

 

Azərbaycan diasporunun ən ləyaqətli övladları harada yaşamalarından asılı olmayaraq Azərbaycan mədəniyyətini təbliğ etməyi ən ümdə vəzifə kimi qarşılarına məqsəd qoyurlar. Belə azərbaycanlılardan biri də Rusiyanın Sverdlovsk vilayətindəki “Azərbaycan – Ural” ictimai milli-mədəniyyət təşkilatına sədrlik edən Şahin Şıxlinskidir.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, avqust ayının 15-17-si tarixlərində Sverdlovsk vilayətinin baş şəhəri olan Yekaterinburqun 300 illiyi təntənə ilə qeyd ediləcək. Bu münasibətlə vilayətdə yaşayan azərbaycanlıların bayram törəninə böyük töhfələr verməsi nəzərdə tutulur. Belə ki, Sverdlovsk vilayətinin qubernatoru Y.V. Kuyvaşevlə Şahin Şıxlinskinin razılaşması əsasında Azərbaycanın iki məşhur mədəniyyət kollektivi – 36 nəfərlik heyyətlə Azərbaycan Respublikasının Dövlət Nəfəsli Alətlər orkestri (bədii rəhbər Azərbaycanın Xalq Artisti Əlibaba Rzayevdir) və 14 nəfərlik heyətlə “Odlar yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblı (bədii rəhbər Azərbaycanın Əməkdar Artisti Aqil Cəfərovdur) Yekaterinburqa gələrək “Kosmos” kinokonsert teatrında, Mayakovski Parkındakı Yay Teatrında, Tarixi Bağda və “Veer Mol” səhnəsində konsertlər verəcəklər. Əlavə olaraq yekaterinburqlulara Azərbaycan təamlarından dadmaq, xalqımızın mətbəx ənənələri ilə də tanış olmaq imkanı yaradılacaq. Eyni zamanda Şahin Şıxlınskinin təşəbbüsü ilə Azərbaycanın ən tanınmış nemətləri oaln və urallıların həddən artıq sevdikləri çay və nar şirələri xüsusi “Yekaterinburq 300” qablaşdırılması ilə istehsal edilərək yubiley günlərində yekaterinburqlular üçün əlçatılan ediləcək. Şahin Şıxlınskinin şəhərin 300 illiyinə daha bir sanballı hədiyəsi isə şəhərin simasını gözəlləşdirəcək art-obyekt olacaq.

Təbii ki, bütün bunların arxasında bir Azərbaycan sevdası, Azərbaycanı tanıtmaq və sevmək dayanır. On minlərlə həmyerlimiz bu diyarda ən müxtəlif işlərdə çalışırlar. Yerlilərdə Azərbaycan mədəniyyətinə, məişətinə sevgi oyatmaq həm də orada yaşayan soydaşlarımıza hörmət və diqqət oyatmaq deməkdir. Və bütün bu fədakar əməyə görə də Şahin Şıxlinskini alqışlamağa dəyər.

Avqust ayında portalımız “Yekaterinburqun 300 illiyinin qeyd edilməsi təntənəsində Azərbaycan izləri” adlı xüsusi buraxılışlarını oxucularına təqdim edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2023)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.