İçərişəhər ərazisində II Milli Qurama Festivalı başlayıb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Mədəniyyət, Elm və Təhsil nazirliklərinin təşkilatçılığı ilə keçirilən festivala yürüş ilə start verilib.
Yürüşdə təcrübəli quramaçıların müşahidəsi ilə İçərişəhər və Qala qoruqlarının bir neçə məkanında paytaxt sakinləri, turistlər və idarənin əməkdaşları tərəfindən tikilən qədim tikmə növü olan Qurama nümayiş etdirilib.
Festivalın açılışında unudulmaq təhlükəsini yaşayan milli sənət nümunəmizə həsr edilən Milli Qurama Festivalının müxtəlif tədbirlərlə davam edəcəyi vurğulanıb.
Qeyd olunub ki, II Milli Qurama Festivalı İçərişəhərdən başlayaraq Bakı və bölgələri əhatə edəcək. Festival proqramına “Ənənəvi Qurama” sərgisinin nümayişi, ustad dərslərinin keçirilməsi, quramaçı sənətkarların əl işlərindən ibarət satış yarmarkalarının təşkili, fond kolleksiyalarından ibarət quramaların nümayişi, habelə qurama sənətkarları ilə yanaşı, həvəskar kolleksioner quramaçıların əl işlərinin nümayişi daxildir.
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)