Super User

Super User

 

Heydər Əliyev Mərkəzində türk rəssam Devrim Erbilin “Türkiyədən sevgilərlə” adlı fərdi sərgisi açılıb.

 

“Ədəbiyyat və incəsənət” AzərTACa istinadən xəbər verir ki, açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov sərgi barədə məlumat verib. 

Qeyd edib ki, Heydər Əliyev Mərkəzi fəaliyyəti dövründə bir çox yerli və beynəlxalq tədbirlərlə, konsertlərlə yanaşı türk incəsənətinin nümayişi və təbliğatı istiqamətində bir sıra layihələr həyata keçirib: “Bu istiqamətdə növbəti layihəmiz Devrim Erbilin “Türkiyədən sevgilərlə” adlı fərdi sərgisidir. Sərgidə rəssamın bir sıra məşhur əsərləri nümayiş olunur, o cümlədən bəzi əsərlər ilk dəfə Heydər Əliyev Mərkəzində təqdim edilir. Devrim Erbilin rəsm əsərləri Türkiyənin və dünyanın bir çox muzey kolleksiyalarında yer alıb və bu günədək yüzlərlə sərgisi açılıb. Türkiyənin rəsm sənətinin məşhur simalarından olan D.Erbilin İstanbula həsr edilən əsərləri dünyaca məşhurdur. Mərkəzdəki sərgisində isə müəllifin həm də Bakıya həsr edilən əsərləri ilk dəfə nümayiş olunur”.

“Türkiyədən sevgilərlə” sərgisinin kuratoru Renk Erbil qardaş ölkədə olduğundan məmnunluğunu bildirib: “Sizə, qardaş ölkəyə Türkiyədən bol-bol sevgi və rəssam, eyni zamanda atam Devrim Erbilin bir-birindən gözəl rəsm əsərlərini gətirdik. Buna görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və Heydər Əliyev Mərkəzinə təşəkkürümüzü bildiririk. Bu sərginin özəlliyi ondadır ki, burada rəssamın ən möhtəşəm və hətta muzey kolleksiyalarından ibarət rəsmləri nümayiş edilir. Burada hətta gözəl şəhəriniz olan Bakını əks etdirən əsərlər də yer alır. Biz heç yerdə və heç bir məkanda bu qədər geniş sayda əsərlər sərgiləmirik, sadəcə, Azərbaycanın, Erbil ailəsi olaraq bizim qəlbimizdə tam başqa yeri olduğu üçün biz Bakıda genişmiqyaslı sərgi açaraq bunları sizin üçün nümayiş etdirmək istədik”.

Tanınmış türk sənətşünas, professor Kiymet Giray rəssam və onun sərgisi haqqında danışıb. O deyib: “Sərgi ilə əlaqədar burada olmaqdan çox məmnunuq. Sərginin gerçəkləşməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, həmçinin köməyi və dəstəyi olan hər kəsə minnətdarlığımızı bildiririk. Bu gün bizimlə bu həyəcanı bölüşən bütün tədbir iştirakçılarına öz təşəkkürümüzü bildiririk. Devrim Erbil türk rəsm sənətinin ən önəmli sənətçisi olmaqla yanaşı, eyni zamanda, dünya miqyasında ən tanınmış fırça ustadlarındandır. Onun dünyanın bir çox ölkələrində sərgiləri açılıb”.

1937-ci ildə anadan olan Devrim Erbil həyatının 60 ilini tarixi İstanbul şəhərində yaşayıb, yaradıb. Bu şəhərə olan bağlılığı onun yaradıcılığından da yan keçməyib. Türkiyənin rəsm sənətinin tanınmış simalarından olan D.Erbilin İstanbula həsr etdiyi əsərləri dünyada məşhurdur. Mərkəzdə açılan ekspozisiyada isə müəllifin həm də Bakıya həsr etdiyi əsərləri ilk dəfə sərgilənir. Abstraksionist rəssam kimi tanınan D.Erbil İstanbuldakı Gözəl Sənətlər Dövlət Akademiyasında təhsil alıb. Bedri Rəhmi Eyuboğlu, Cemal Tollu, Cevat Derelinin sənət emalatxanalarında işləyən rəssam bir sıra kollektiv sərgilərdə öz əsərləri ilə yaradıcılığına diqqət cəlb etməyi bacarıb. Bunun sayəsində İspaniya hökumətinin təqaüdünə də layiq görülüb. O, Madrid və Barselonada başladığı sənət araşdırmalarını London və Parisdə davam etdirib. Əsərlərində təbiət mövzusuna üstünlük verən rəssam həyatını incəsənətə həsr edib. O, bir çox məqalələrin müəllifi və beynəlxalq konfransların, seminarların təşkilatçısıdır. Rəssam Türkiyənin bir sıra nüfuzlu dövlət mükafatlarına, o cümlədən Dövlət rəssamı adına layiq görülüb. O, eyni zamanda, bir çox beynəlxalq sərgi və layihələrin iştirakçısıdır. Türkiyədə onun adını daşıyan Müasir İncəsənət Muzeyi və Fond da fəaliyyət göstərir.

Türkiyəli rəssam Devrim Erbil sərgisinin Bakıda keçirilməsindən qürur duyduğunu dilə gətirib: “Qardaş Azərbaycanın çox dəyərli insanları, hamınızı sevgi ilə qucaqlayıram. Təkcə simanız deyil, həmçinin qəlbiniz gözəldir. Məni və sənətçi ailəmi sevgi ilə qarşıladınız. Bunun üçün sizə sonsuz minnətdarlığımı bildirirəm. Dünyanın bir çox ölkəsində sərgilər açdım, amma buradakı kimi gözəl insanları hər yerdə görmək mümkün deyil. Mənə burada Qarabağın da rəsm əsərini çəkəcəyim barədə sual verdilər. Acısını birgə çəkdik, hiss etdik, amma oranı görəndən sonra bəlkə də oranın da rəsmini çəkəcəyəm. Bu mənim Bakıya ilk səfərim olmasa da, buralara yenidən gəlmək niyyətindəyəm. Siz də mənim növbəti sərgilərimə gələcəksiniz. Bir ildir ki, Bakıda bu sərgini açmağı planlaşdırırdıq və nə gözəl ki, buna nail ola bildik. Qardaş Azərbaycan xalqı ilə belə bir tədbirdə birgə məkanda görüşmək çox qürurvericidir. Sərgimin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və Heydər Əliyev Mərkəzinə, eləcə də əməyi keçən hər kəsə öz dərin təşəkkürümü bildirirəm. Mənim qardaş Azərbaycana böyük hörmətim və sevgim var”. 

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. 

Qeyd edək ki, fırça ustasının Heydər Əliyev Mərkəzindəki sərgisi sentyabrın 3-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

 

ABŞ Prezidenti Cozef Bayden tanınmış müğənni və aktrisa Ledi Qaqanı Mədəniyyət və İncəsənət üzrə Prezident Komitəsinin həmsədri təyin edib. Bu barədə ABŞ liderinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. 

 

“Ədəbiyyat və incəsənət” portalı izvestiya.ru-ya istinadən xəbər verir ki, sənəddə vurğulanır: Stefani Coann Ancelina Cermanotta (yəni Ledi Qaqa) 

13-cü “Qremmi” mükafatının sahibidir və tarixdə kommersiya baxımından ən uğurlu ifaçılardan biridir. Daha əvvəl “Time” jurnalı onun adını dünyanın 100 ən nüfuzlu adamının siyahısına daxil edib. Və unutmayaq ki, müğənni xeyriyyəçilik fəaliyyətində və bəzi ictimai kampaniyalarda da fəal iştirak edir. Odur ki,

onun Mədəniyyət və İncəsənət üzrə Prezident Komitəsinin həmsədri təyin edilməsi məqsədəuyğundur.”

“Ədəbiyyat və incəsənət” portalı xəbərə əlavə edir ki, ABŞ-da 1982-ci ildə yaradılmış 

 Mədəniyyət və İncəsənət üzrə Prezident Komitəsin ABŞ Prezidentinə və hökumət rəsmilərinə mədəniyyət siyasəti ilə bağlı tövsiyələr verir. 

Cozef Bayden Komitəyə, həmçinin Bryus Koeni həmsədr təyin edib. 

Və gəlin onu da unutmayaq ki, bu təyinatın kökündə təkcə Baydenin mətbuat xidmətinin yaydığı sənəddəki məqamlar dayanmır. 

Ledi Qaqa Baydenin seçki kampaniyası çərçivəsində tədbirlərdə fəal iştirak edib. 2021-ci ilin yanvarında o, Baydenin andiçmə mərasimində ABŞ Himnini ifa edib.

Heç nə unudulmur!

 

Şəkildə: Bayden və Ledi

Qaqa

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

 

Baharda təbiət oyananda ilk diqqəti cəlb edən rəng qamması olur, rəng çalarlarının bolluğu olur. Təbiətdən sonra ən çox rəng daşıyıcısı rəssamların tabloları hesab edilir. 

“Ədəbiyyat və incəsənət” portalının növbəti xəbəri elə bu sayaq tablolar barədədir. 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və “Liatris” Holdinqin dəstəyi, “Art Studio and Gallery Turan” yaradıcılıq studiasının təşkilatçılığı ilə “İrsi izlər” adlı rəsm sərgisinin açılışı olub. Sərgi mədəniyyət sahəsinə də xüsusi yanaşması ilə yaddaşlarda iz qoyan Heydər Əliyevin 100 illiyinə həsr olunub.

“Ədəbiyyat və incəsənət” portalı Baş İdarəyə istinadən xəbər verir ki, açılış mərasimində ictimai və siyasi xadimlər, xalq rəssamları, sənətşünaslar və sənətsevərlər iştirak ediblər. Sərgidə Turan Muxtarzadə, Şəmirə Ağayeva, Nuranə Babayeva, Kəmalə Əliyeva, Reyhan Osmanova və digər rəssamların əl işləri nümayiş olunub.

Xalça Muzeyində təşkil olunan və 28 rəssamın 40-a yaxın əsərinin yer aldığı sərgi aprelin 16-a kimi davam edəcək. Sərginin əsas məqsədi Azərbaycanın tarixini, adət-ənənələrini, mədəniyyətini, ailə dəyərlərini kətan üzərində sənətsevərlərə təqdim etməkdir.

 

Qeyd edək ki, sərgi günlərində ziyarətçilər muzeyin iş saatları daxilində (12-15 aprel saat 9:00-18:00 kimi, 16 aprel 9:00-15:00 kimi)  müxtəlif mövzuları əhatə edən rəsm əsərləri ilə yaxından tanış ola, bəyəndikləri rəsm əsərlərini əldə edə bilərlər.

Giriş sərbəstdir.

“Ədəbiyyat və incəsənət” rəsm əsərlərinin qiymətlərilə də maraqlanıb. İnanın ki, çox münasib qiymətlərdir. Yəni dünya standartları ilə götürsək, demək olar ki, havayıdır. 

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

 

“Ədəbiyyat və incəsənət” portalı bu aşağıdakı xəbəri sizə çatdıranda bir məmnunluq hissini də büruzə verir. 

Günəş doğur. Qara buludları itələyib səmada bərqərar olur. Və öz zərrin şəfəqlərini məscidin üzərinə salır.

Bu, tanınmış azərbaycanlı rəssam Çingiz Fərzəliyevin bir tablosunun şərhidir. Həmin tablo Gürcüstandakı sərginin poster tablosudur həm də. 

 

Ermənistanın mənfur hakimiyyəti və onların təfriq etdiyi erməni xalqı Qərbi Azərbaycanımızdan soydaşlarımızı çıxarandan sonra uzun illər Gürcüstanla bağlı də narahatçılığımız var idi. Orada Marneuli və Bolnisi adlanan tarixi torpaqlarımızda yaşayan yüz minlərlə soydaşımızın deportasiya təhlükəsi real idi. Xüsusən 90-cı illərin əvvəllərində Zviad Qamsaxurdiya dövründə azərbaycanlıların təqibləri apogeyə çatmışdı. Şükür ki, sonradan məsələ tənzimləndi, Gürcüstan bizim enerji daşıyıcıları marşrutumuzda tranzit nöqtə olmaqla dividendlər qazandı və soydaşlarımızı rahat buraxdı. 

Və indi Gürcüstandakı soydaşlarımızla bağlı xəbərləri həssaslıqla izləməyimizin də kökündə bu narahatçılıq durur.

 

2023-cü il aprelin 12-də Dimitri Şevardnadze adına Gürcüstan Milli Muzeyinin Qalereyasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Milli İncəsənət Muzeyi və Gürcüstan Milli Qalereyasının birgə təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyevin “Zamanın pillələri” adlı fərdi sərgisinin açılış mərasimi təşkil olunub. Qeyd edək ki, Çingiz Fərzəliyevin kökləri Gürcüstanın şərqində məskunlaşan qədim türk ellərinə bağlıdır. 

Gürcüstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş sərgi çərçivəsində rəssamın müəllifi olduğu əsərlərdən ibarət kataloq təqdim edilib, çoxsaylı nəşrləri - kitab və albomları nümayiş etdirilib.

Qeyd edək ki, “Zamanın pillələri ilə” sərgisi cari ilin 10 may tarixinədək davam edəcək.

Bu yerdə sərhədlərimizdən kənarda məskunlaşan həmyerlilərimizə yiyə duran, bu sayaq tədbirlərlə onları ürəkləndirən Mədəniyyət Nazirliyimizə bir təşəkkür etməyi də gəlin unutmayaq.

 

Şəkildə: Sözügedən rablo; Çingiz Fərzəliyev.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin media subyektlərinin peşəkarlığı barədəki qeydlərini oxucularının ixtiyarına verir.

 

Media subyektləri, jurnalistlər və populyar sosial şəbəkə istifadəçiləri insanların iztirabının, ağır durumlarının əks olunduğu foto və video görüntülərin paylaşılmasına həssas yanaşmalıdırlar. Bu zaman təqdimatın nə dərəcə ictimai əhəmiyyət daşıdığını ciddi şəkildə nəzərə almalıdırlar. Hətta ictimai əhəmiyyət daşıyan hadisələrdə belə, ayrı-ayrı mənəvi detallara diqqət yetirilməsi son dərəcə vacibdir. Xüsusən də uşaqlarla bağlı məqamlara.

Lakin aprelin 11-də Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərimizdən birinin dəfn mərasimindən çəkilmiş bəzi fotolarda həssas yanaşmanın şahidi olmadıq. Bu baxımdan şəhid övladının çəkdiyi əzabın və acının görüntülənərək yayılması halları ayrıca vurğulanmalıdır.  

Burada mübahisə predmeti kimi iki məsələ üzərində dayanmaq mümkündür. Birincisi, azyaşlının ağır emossional durumunun təsvirinin yolverilməzliyi, ikincisi, cəmiyyətdə ruh düşkünlüyünün, bədbinliyin formalaşmasını doğuracaq təmayülün qabardılması.

Nəzərə alınmalıdır ki, hər iki xüsus Azərbaycan qanunvericiliyi ilə də mübahisələndirilə, müvafiq mexanizmlərin dövriyyəyə girməsinə əsas formalaşdıra bilər. Belə olduqda isə konkret şəxslər, o cümlədən, jurnalistlər üçün hüquqi məsuliyyət perspektivinin reallığa çevrilməsi mümkünləşər ki, bu isə arzuolunmazdır. Əlbəttə, daha arzuolunmaz məqam həm də mənəvi məsuliyyətin ön plana çıxmasıdır.

Azərbaycan Mətbuat Şurası media orqanlarını, jurnalistləri, eləcə də özünü cəmiyyətə informasiya verilməsində məsul sayan hər kəsi, habelə sosial şəbəkə istifadəçilərini diqqətə çatdırdığımız görüntüyə bənzər təqdimatların yayımlanmasına həssas yanaşmağa, onların cəmiyyətdə doğura biləcəyi neqativ reaksiyaları, mümkün mənəvi və hüquqi məsuliyyət məsələlərini əvvəlcədən düşünməyə çağırır.

 

Şəkildə: şəhid övladı

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

 

“Ədəbiyyat və incəsənət” portalı bir müddət öncə sizə Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbovun həbsi barədə məlumat vermişdik.

Azər Rəcəbov, müəssisənin mütəxəssisi Ələkbər Əliyev və məsləhətçisi Seymur Səfərova  Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1,  311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə, barələrində ötən ilin iyununda məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

Budur, onkara hökm oxunub. Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Azər Rəcəbov 10 il 6 ay, Ələkbər Əliyev 3 il 6 ay və Seymur Səfərov isə şərti olmaqla iki il azadlıqdan məhrum ediliblər.

Bu, bir daha sübut edir ki, heç bir cinayət cəzasız qalmır.

Şəkildə: Şəmkir Regional Mədəniyyət İdarəsinin inzibati binaaı və sabiq rəis, hazırkı məhbus Azər Rəcəbov

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

“Ədəbiyyat və incəsənət” portal “Aktual mövzular” rubrikasında Zərif Salmanlının nəqliyyat problemindən bəhs edən yazısını təqdim edir.

 

 

Sumqayıta 1 manatdan

 

 

Xalq dilində "manatlıq taksi" adlandırılan sərnişindaşıma bir çox insanın əlindən tutur. İnsanlar çox həvəslə bu taksilərin xidmətindən istifadə edirlər. Dövlət qurumları isə deyirlər ki, bu taksilər insanları ictimai nəqliyyatdan uzaqlaşdırır, onların çoxluğu sərnişindaşımada xaosa, yollarda tıxaca səbəb olur. Bəs nə etməli?

 

Metro çıxışlarında hər birimiz ən azı bir dəfə də olsa "filan yerə 1 manat" qışqıran taksi sürücülərini görmüşük. Xalq dilində "manatlıq taksi" adlandırılan bu sərnişindaşıma növü insanların əlindən tutur. Xüsusən də soyuq qış aylarında insanlar bu taksilərin xidmətindən həvəslə istifadə edirlər. Lakin illərdir həm Dövlət Yol Polisindən, həm də digər qurumlardan bu taksilərin qanunsuz fəaliyyət göstərməsi ilə bağlı rəylər eşidirik. Bu günlərdə keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev də deyib ki, "1 manatlıq taksilər" insanları ictimai nəqliyyatdan uzaqlaşdırır və yollarda xaotik vəziyyət yaradaraq, tıxaclara səbəb olur. Onun bu fikrinə sosial şəbəkələrdə insanlar etiraz edib. Bildiriblər ki, soyuqda 1 saat dayanacaqda durmaqdansa, avtobus gəldikdə sıxlıqdan minə bilməyib digərini gözləməkdənsə, tıxacda basabasda qalmaqdansa, saat 8-9-dan sonra marşrut tapmamaqdansa, 1 manata getmək daha sərfəlidir.

 

"Avtobusların hərəkət qrafiki o taksilərə görə pozulur"

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bizimlə söhbətində də bildirdi ki, qanunsuz sərnişindaşımaların şəhər nəqliyyatına müsbət təsiri yoxdur: "Bu gün paytaxt yollarında nəqliyyat şəraitinin xaotik olmasının başlıca səbəblərindən biri qanunsuz sərnişindaşımaların mövcudluğudur. Onların səbəb olduğu sıxlıq və tıxaclara görə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət qrafiki pozulur, avtobuslarla səyahət müddəti artır və sərnişinlər dayanacaqda uzun müddət gözləməli olurlar. Nəticədə sərnişin səyahətini "manatlıq taksilər"də həyata keçirməyi daha uyğun hesab edir. Bu hal şəhərətrafı avtobus xətləri üzrə daha qabarıq formada hiss olunur".

 

Marşrut xətləri üzrə xüsusi

zolaqlar təşkil etməliyik

Mətbuat katibinin sözlərinə görə, bu vəziyyətdən ən optimal çıxış yolu ictimai nəqliyyatın cəlbediciliyini artırmaqdır: "Qanunsuz sərnişindaşımalar ictimai nəqliyyatda xidmət səviyyəsinin çatışmazlığı nəticəsində yaranır və inkişaf edir. Bu gün şəhərimizdə ictimai nəqliyyatda xidmət səviyyəsini artırmaq, səmərəli fəaliyyətini təşkil etmək üçün ilk növbədə bütün marşrut xətləri üzrə xüsusi hərəkət zolaqları təşkil etməliyik. Müntəzəm marşrut xətləri üzrə avtobusların sərbəst və maneəsiz hərəkəti tıxac və sıxlığın başlıca səbəbi olan sürətli avtomobilləşmənin qarşısını alacaq".

 

Manatlıq taksiləri

leqallaşdırmaq lazımdır

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə deyir ki, BNA problemi deyir, amma həlli yolunu göstərmir: "Düzdür, minik avtomobillərinin çoxluğu yollarda sıxlıq yaradır. Lakin bu sıxlığın tıxaca çevrilməsinin səbəbləri fərqlidir. Birmənalı şəkildə heç kim iddia edə bilməz ki, Bakıda taksilərin çoxluğu tıxaclara səbəb olur. Vətəndaşları ictimai nəqliyyatdan taksilər uzaqlaşdırmır. Buna səbəb nəqliyyatın əlçatan olmaması, marşruta buraxılan avtobusların sayının az olması, kart balansının artırılmasındakı problemlər, əlaqədar daşıyıcı qurumların səhvləridir".

Ekspertin fikrincə, taksi fəaliyyəti ilə qanunsuz məşğul olanlarla bağlı Dövlət Yol Polisi ölçü götürməlidir: "Çalışmaq lazımdır ki, qanunsuz, qeyri-leqal taksi fəaliyyəti olmasın. Bu leqallaşdırılsa, həm dövlət büdcəsinə xeyir gələr, həm də vətəndaş sərbəst şəkildə taksi fəaliyyəti ilə məşğul ola bilər. Problemin qarşısını almaq üçün ilk növbədə taksi dayanacaqlarının yaradılmasına, minik avtomobillərinin rahat parklanma yerlərinin təşkil olunmasına ehtiyac var. Əgər görürüksə ki, sərnişindaşımada "1 manatlıq taksi" daha effektlidir, bu zaman Bakı Şəhər İcra Hakimiyyəti marşrut taksilərini dirçəltməyi düşünə bilər".

 

Bu taksilər sərnişindaşımada çox böyük rol oynayır

Ekspert Elməddin Muradlının fikrincə, ictimai nəqliyyatdakı problemlər həllini tapsa, insanlar 30 qəpiklik yolu 1 manata getməz: "BNA etiraf edir ki, avtobusların sayı azdır, interval gözlənilmir, sıxlıq yarananda əlavə nəqliyyat verə bilmirlər. Bu kimi problemlər ucbatından manatlıq taksilər dövriyyədədir. Əslində sərnişindaşıma ilə məşğul olan qurumlar manatlıq taksilərə təşəkkür etməlidir. Çünki manatlıq taksilər sərnişindaşımada çox böyük rol oynayır, onların bacara bilmədiyi işi görür. Avtobuslar üçün xüsusi zolaqları ayırmaqla hərəkəti intensivləşdirsələr, marşrutları inkişaf etdirsələr, o zaman avtobuslara maraq artacaq. Vaxtında hərəkət edə biləcək deyə, insanlar "manatlıq taksi"yə yox, avtobusa minəcək. Amma bu gün insanlar baxır ki, interval azdır, avtobusda sıxlıqdır. Düşünür ki, avtobusla tıxacda yolu ayaq üstə, qucaq-qucağa 1 saata, saat yarıma getməkdənsə, elə 1 manata taksidə rahat oturum gedim. Bu problemlər həll olunsa, ayda 300-600 manat maaş alan insan 30-50 qəpiklik yolu niyə 1 manata getsin ki?"

 

"Manatlıq taksilər" olmasa,

insanlar küçələrdə qalacaq"

E.Muradlı bildirdi ki, bu taksilərin yığışdırılmasındansa, onların verdiyi xidməti inkişaf etdirməliyik: "Bu taksiləri yığışdırsaq, insanlar küçələrdə qalacaq. Manatlıq taksiləri heç kim qadağan edə bilməz. Amma onların özbaşınalığına da son qoymaq lazımdır. Taksi harada gəldi dayanmamalıdır. Bunun üçün xüsusi yerlər ayrılmalıdır. Elə etmək lazımdır ki, hamısı qanuni fəaliyyətlə məşğul olsun, fərqlənmə nişanı alsın və qaydalar çərçivəsində işləsin".

Ekspertin fikrincə, BNA vaxtında tədbir görsəydi, vəziyyət bu həddə çatmazdı: "Manatlıq taksilər"in sayı hədsiz dərəcədə çoxdur. Çox olduğuna görə də tıxaca səbəb olur. Bakı-Sumqayıt yolunda tıxacın əsas səbəblərindən biri elə həmin taksilərdir. Amma onları yollardan yığışdırmaq da mümkün deyil. Həm deyirik problem yaradır, həm də insanlara alternativ variant vermirik. Normal ictimai nəqliyyatı təmin edəndən sonra, əlbəttə, "manatlıq taksilər"in sayı azalacaq".

 

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

 

 

 

 

Aprelin 16-da Azərbaycan Milli Konservatoriyasının təqdimatında “Səsin Tədqiqi Elmi Laboratoriyası”nın təşəbbüsü və təşkilatçılığı ilə Şuşa şəhərində “Şuşanın səsi ümumdünya səs günündə” adlı konfrans-konsert keçiriləcək. 

 

Milli Konservatoriyadan verilən məlumata görə, tədbirdə konservatoriyanın professor-müəllim heyəti, tanınmış muğam ifaçıları və musiqişünas alimlər iştirak edəcəklər. 

Konfransın təşəbbüskarı, elmi laboratoriyanın rəhbəri Alexandria Sultan von Bruseldorffdur.

Qeyd edək ki, hər il aprelin 16-sı Ümumdünya Səs Günü kimi qeyd olunur. Onun keçirilməsində əsas məqsəd ictimaiyyətə səsin rolu və əhəmiyyəti, yaranan problemlərin müalicə-profilaktik həlli prinsipləri haqqında informasiya verməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

Rəsm qalereyası: Rəssam Qafar Sarıvəlli və onun yaratdığı şəhid Yunis Kazımovun portreti.

Fransa və Almaniyanın birgə televiziya kanalı olan ARTE "Bakıda caz havası” adlı reportaj yayımlayıb.

 

Reportajda Bakının tarixindən, eləcə də caz musiqisinin yaranmasından və inkişafından bəhs olunur. 

Azərbaycan caz musiqisinin banisi, caz-muğam yeni caz devizinin yaradıcısı Vaqif Mustafazadənin yaradıcılığından danışılıb. Onun Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaratmasından söz açılıb. V. Mustafazadənin ev-muzeyində aparılan çəkilişlər nümayiş olunub. 

Reportajda bugünkü gənc caz musiqiçiləri haqqında da məlumat verilib

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.