Super User

Super User

Cümə axşamı, 19 Yanvar 2023 14:43

Unutmadıq!

 

Xalq yazıçısı İsmayıl Şıxlının sovet ordusunun Bakıda törətdiyi 20 Yanvar  qırğını barədə Ali Sovetin sessiyasında cıxışından:

 

 " ...Dünya törətdiyiniz qanlı cinayətlərdən xəbərdardır . Mən təklif edirəm, Bakını ələ kecirib dinc əhalini qırmaqda böyük sərkərdəlik məharəti göstərdiyinə görə, general Jazova "Marşal" rütbəsi verilsin və o, "Qələbə" ordeni ilə təltif olunsun.

Mənim 71 yaşım var. Bütün ömrümü bu quruluşa həsr etmişəm. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitə üzvlüyünə namizədəm. Xalq yazıçısıyam. Deputatam. Ali Sovetin, SSRİ Yazıçılar İttifaqının üzvü və katibiyəm. 45 illik partiya stajım var. Mən müharibədə bolşeviklər partiyasına üzv olmuşam. İndi isə bu partiya öz mahiyyətini dəyişib, faşist partiyasından da dəhşətli " SS"  partiyasına cevrilib. Mən belə bir partiyanın üzvü olmaq istəmirəm."

Mart, 1990-cı il.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Ankaraya səfəri çərçivəsində Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar ilə görüşüb.

 

Fonddan verilən məlumata görə, görüşdə Fondun prezidenti Günay Əfəndiyeva prioritet məqsədi türk xalqlarının çoxəsrlik dəyərlərinin qorunması, beynəlxalq səviyyədə təbliği və gələcək nəsillərə ötürülməsi olan rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən söz açıb. G.Əfəndiyeva ümumtürk mədəni irsinin dərindən öyrənilməsi və tanıdılması yönündə Fondun üzv və müşahidəçi dövlətlərinin, eləcə də xarici ölkələrin müxtəlif elm ocaqları, ali təhsil müəssisələri ilə qarşılıqlı əlaqələrə böyük önəm verməsinə toxunub. Fondun prezidenti türk dünyasının bir sıra universitetləri ilə sıx əməkdaşlıq münasibətləri quraraq, ümumi şəbəkənin yaradılmasının təşkilatın planları sırasında olduğunu vurğulayıb. Fondun prezidenti təşkilatın Anlaşma Memorandumu imzaladığı bir sıra universitetlər arasında Türkiyənin Bursa Uludağ Universitetinin də yer aldığını qeyd edib.

Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqlarının qədim və zəngin mədəniyyətinin yaşadılması istiqamətində həyata keçirdiyi geniş miqyaslı layihələri təqdirəlayiq hesab etdiyini bildirib. O, Fond tərəfindən ümumtürk dəyərlərinin öyrənilməsi və araşdırılmasına maarif ocaqlarının cəlb olunmasını yüksək qiymətləndirib. Erol Özvar türk dünyasının tarixi və mədəni irsi ilə bağlı məlumatlılığın artırılması və təşviqinin mühüm əhəmiyyət kəsb etdiyini bildirərək, bu səpkidə təşkilat ilə ortaq iş birliyinin önəminə toxunub.

Görüş qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi ilə davam edib.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

Cümə axşamı, 19 Yanvar 2023 18:00

Qafar Sarıvəllinin 66-sı

 

Bu gün rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Qafar Sarıvəllinin 66 yaşı tamam olur.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, zəngin rəng palitrasına malik olan bu rəssamın rəsmləri özünəməxsus və orijinaldır. 

Qafar Sarıvəlli 1956-cı il yanvarın 17-də Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1973-cü ildə Kəmərli kənd orta məktəbini bitirib. Həmin ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1980-ci ildə rəssamlıq məktəbini bitirib. Ailəlidir, iki övladı var.

1985-ci ildən Respublika və Beynəlxalq sərgi-müsabiqələrinin daimi iştirakçısıdır. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2002-ci ildə ilk, 2005-ci ildə ikinci fərdi sərgisi keçirilib. 100-dən çox kitaba tərtibat verib, illüstrasiyalar çəkib. Rəsmlər toplusundan ibarət 5 kitabı çap olunub (1996, 2001, 2005, 2008 və 2021-ci illər).

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

 

"CinemaPlus" kinoteatrlar şəbəkəsində yanvarın 19-dan etibarən Türkiyənin “CNP film” studiyasının istehsalı olan "49" adlı hərbi film nümayiş olunacaq.

Rejissoru Hakan İnan, prodüseri Mehmet Canpolat, ssenari müəllifləri İlker Arslan və Barış Ərdoğan olan film real hadisələrə əsaslanaraq, Türkiyənin yaxın tarixinin ən gərgin dövrlərindən danışılır. İŞİD terror dəstələri 2014-cü ildə Mosulu işğal etdikdən sonra oradakı Türkiyə səfirliyinə də hücum təşkil edib. Nəticədə burada işləyən 49 əməkdaş terrorçular tərəfindən əsir götürülüb. Filmdə MİT-in onları xilas etmək məqsədilə keçirdiyi geniş əməliyyatdan bəhs edilir.

Ekran əsərində əsas rolları İsmayıl Hacıoğlu, Hande Doğandemir və Sinan Tuzcu canlandırıb.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

Cümə axşamı, 19 Yanvar 2023 14:38

Varisin yeni romanı işıq üzü görüb

 

Yazıçı Varisin 2021-ci ildə İstanbulda, TEDEV Yayınlarında işıq üzü görmüş “Qızıl cib saatı” romanı nəhayət ki, azərbaycanlı oxucular üçün də əlçatan olacaq. “Azərkitab” Yayınlarında roman Xalq yazıçısı Kamal Abdullanın Ön sözü ilə işıq üzü görmüşdür. 

Dünya miqyasında erməni millətçiliyinin riyakar maskasını 1893-cü ildə Osmanlı imperiyasındakı xəyanət fəaliyyətindən tutmuş 1993-cü ildə Qarabağdakı işğalçılıq fəaliyyətinədək yüz illik bir dövr ərzində açmağa hesablanmış bu roman Britaniya və Azərbaycan arxivlərinin materialları əsasında yazılmış, sırf statistik dünya oxucusuna ünvanlanan bir bestsellerdir.

Nəfəskəsici dramatizm sona qədər oxucunu gərginlik içində saxlayır, zaman, məkan və hadisələr bir-birinin içində əridikcə sonda bir tam halda birləşib bütün əzəməti ilə insanlığın əsl mahiyyətini açmağa xidmət edir.

Kitabın öz sözündə Kamal Abdulla yazır: “Roman ermənilərin yüz il öncə Bakıda törətdikləri azərbaycanlı qırğınlarına tutulan güzgü, həmçinin hazırda da davam edən Qarabağ münaqişəsinin ədalətli həlli üçün aparılan informasiya savaşında çox yaxşı silahdır. Romanda təsvir edilən ana obrazı bütün Azərbaycan analarının ümumiləşmiş insanpərvər obrazıdır. Bu obraz əksər hallarda heç bir ədəbi-bədii bənzətmələrlə deyil, sadəcə, onun əməllərinin təsviri ilə ədəbi qəhrəmana çevrilir.

Roman Azərbaycanın haqq səsinin dünyaya çatdırılması işinə yardımçı olacaq deyə onun müxtəlif dillərə tərcümə edilərək xarici ölkələrdə yayılması çox yaxşı olardı. Bu işdə ədəbiyyatın gücü digər güclərdən daha təsirlidir.”

Nəfis tərtibatla çıxan kitab pirat nüsxələrinin qarşısının alınması üçün müxtəlif qoruyucu detallarla işlənmişdir. 

Növbəti həftədə kitabın satış şəbəkəsinə daxil olacağı gözlənilir. 

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

Cümə axşamı, 19 Yanvar 2023 08:00

Sabah 20 yanvardır

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan tarixinə əbədi yazılıb. Hər bir xalqın özünü dərk etməsində dönüş nöqtəsi olan, qan yaddaşında silinməz iz qoyan hadisələr var, bizdə də bu, 20 yanvar hadisələridir. 

 

Bu gün yanvarın 19-dur, növbəti ildönümündən bizi cəmi bir gün ayırır. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş o qanlı gecədən artıq 33 il keçir...

Ayın 18-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Bir qərinə keçsə də, unutmadıq!” adlı tədbir keçirilib. 

Tədbirdə 20 Yanvar hadisələrindən söhbət açılıb, o qanlı gecənin günahsız qurbanlarına həsr olunmuş videoçarx nümayiş etdirilib. Beynəlxalq hərbi mahnılar müsabiqəsinin mükafatçısı Rauf Məmmədzadənin, respublika və beynəlxalq müsabiqələr laureatı pianoçu Əli Vahidov və tələbələrinin ifasında vətənpərvərlik ruhunda musiqi nömrələri səsləndirilib.

 

Şəkildə: Rauf Məmmədzadə

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

Cümə axşamı, 19 Yanvar 2023 12:45

Günün fotosu: Avropada dərmanlar çatışmır

Günün fotosu: Avropada dərmanlar çatışmır

 

Kəskin respirativ xəstəliklərin və epidemiyanın cövlan etməsi səbəbindən Avropa apteklərində dərman qıtlığı hiss olunur. Əksər ölkələrdə vəziyyət kritik həddə çatıb.

İnsanların immun sistemləri zəifləyib, nu aşkardır.

Foto: Euronews

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

Cümə axşamı, 19 Yanvar 2023 10:15

Səngəçal karvansarası niyə baxımsız haldadır?

Orta əsrlər dövrünə aid olan Səngəçal karvansarası baxımsız qalıb. Bu barədə sosial şəbəkələrdə paylaşılan fotolardan görmək mümkündür. 

 

“Ədəbiyyat və incəsənət” Oxu.az-a istinadən xəbər verir  ki, Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən, paytaxtdan 45 km cənubdakı Səngəçal karvansarası Bakı-Salyan yolu üzərində qərarlaşır. İkimərtəbəli tikili dördbucaqlı formada inşa edilib. Mişar daşından tikilən binanın fasadında olan kitabədə karvansaranın Şirvanşah I Xəlilullahın göstərişi ilə 1439-40-cı illərdə inşa edilməsi barədə qeydlər var. 

 

Karvansara binası hazırda baxımsız vəziyyətdədir. Yerli sakinlər binanın əsaslı bərpaya ehtiyacı olduğunu qeyd edirlər. XIX əsrdə karvan yollarının əhəmiyyətini itirməsi ilə karvansara fəaliyyətini dayandırıb. Köklü şəkildə yenidən qurulmasa, bu tarixi abidə məhv olacaq.

 

Artıq üç ildən də uzun bir müddətdir ki, Səngəçal karvansarasının fotolardan gördüyünüz vəziyyətdə olduğu qeyd edilib. 

 

Orta əsr Şirvanşahlar dövlətinə aid olan, yox olmaq təhlükəsi ilə üz-üzə qalan abidə ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanlasaq da, cavab ala bilmədik. 

 

Qeyd edək ki, mövzu ilə əlaqədar istifadə edilən fotolar bloqer İradə Qədirovanın paylaşımından götürülmüşdür. 

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

Cümə axşamı, 19 Yanvar 2023 10:45

“Adam hərdən çıxıb getmək istəyir…”

“Poetik qiraət” rubrikasında şair Əlizadə Nurinin “Hamı sol yanını sağ istəyirmiş…” şeirini oxucularımıza təqdim edirik.

 

Sevinc əkiləndə bizdə varıydıq,

Yada salmadılar biçində, qadın.

Tanrı bir bağlama göndərib mənə-

Heyif ki, sən yoxsan içində, qadın.

 

Sən hara çəkildin? Sən çəkiləndən,

Bir gün də nəşəm yox, min gün ahım var.

Mən sənə min dəfə  “ bağışla” dedim-

Sən elə bildin ki, min günahım var….

 

Hamı sol yanını sağ istəyirmiş,

Bəlkə yaralara elə yar mənəm?

Qəm mənə nə gözəl heykəl ucaldıb-

Sən demə, hamıdan füsunkar mənəm!

 

Gəl, gedib oturaq öz küncümüzdə,

Bizim nə işimiz özgə masada?

Adam hərdən çıxıb getmək istəyir,

Lap elə getməyə yar olmasa da…

 

…Bizim bəxt quşuymuş dumanda azan-

Bu bəxtə ağlayaq, quşa ağlayaq?

Sevgi balamızın tabutu üstə,

Gəl, qoşa ağlayaq, qoşa ağlayaq…

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

Cümə axşamı, 19 Yanvar 2023 17:00

"Kimlərin ki, toylarında oxumuşam, ayrılıblar”

“Ədəbiyyat və incəsənət” bizim media-ya istinadən xəbər verir ki, Xalq artisti Brilliant Dadaşova qonaq olduğu "Xeyirli axşamlar" verilişində subay olan idmançı oğlu Cahaddan söz açaraq bildirib ki, onu evləndirib, qayınana olmağa tələsir:

 

"Övladım anadan olandan qayınana olmağa tələsirəm. Cahadın 32 yaşı var. Kimlərin ki, toylarında oxumuşam, görmüşəm ki, onların xasiyyəti tutmayıb və ayrılıblar. Deyirəm ki, oğlum ailə qurmağa tələsməsin. Çünki ayrılıqdan sonra hər iki tərəf və uşaqlar travma alırlar. Ailə qurmaqdan əvvəl yüz ölçüb, bir biçmək lazımdır. Yaxşısı budur ki, güc olsun, amma gec olsun".

 

Qeyd edək ki, Səməd Vurğun adına Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə ailəli olan B.Dadaşovanın bu evlilikdən Cahad adlı bir oğlan övladı var.

Və çox güman ki, B. Dadaşova oğlunun toyunda əsla özü əsla oxumayacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.