Yusif Nəğməkardan aforizmlər Featured

“Ədəbiyyat və incəsənət” portalı Yusif Nəğməkarın aforizmlərini təqdim edir. Öncə isə şair özü öz aforizmlərinə şərh verir. 

 

 

Bəribaşdan mövzuya aydınlıq gətirim ki, bu fikirlər , konkret bir, üç, beş adama ünvanlanmayıb.

Əslində, mən söylədiyim bu ibrətli fikirləri, inanın ki, hər kəsdən çox, özümə də deyirəm...

İnsan mənəviyyatını ayaqda saxlamağa xidmət edən ayrı-ayrı hikmətli kəlamlar bəzən bir romanın təsirində ola bilir...

Etiraf edim ki, əksər qələm dostlarım şeirlərimlə yanaşı, bu qəbildən olan yazılarımın da sorağında olduqlarını bildirirlər...

Nə deyirəm ki?! Olsun.

Varını verən utanmaz...

 

*Yanı yamanların durma yanında,

Çünki yalmananı çoxdur onun da...

 

*Hərcayı məclisdə oturma başda,

Min tənə görərsən hər gözdə, qaşda...

 

*Hər kim ki, hayqırır: - "Yaxşı edirəm!",

Bil ki, onu sarmış pis etdiyi qəm...

 

*Niyyəti sağlamsa, xoşdur qonaqlıq,

Deyilsə, kələkdir -- sonu qınaqlıq...

 

*Dost ki bir düzünü min səhvə yozur,

O, səndən kənarda axtarır hüzur...

 

*Təmənna duyduğun yığnaqdan çəkin,

Çəkin, çıxılmasın cəmindən çəkin...

 

*Badəni badəyə hər vuranda sən,

Əyyaş vücudlardan səs gələr:--"əhsən!.."

 

*Qadını əlçatanlıq əldən aşağı salar,

Yalnız o, əlçatmazlıq xislətilə ucalar...

 

*İnciklik anlamazlıq olan yerdə baş verər,

Ancaq qəlbən sevənlər qəlp "qəlpə"yə boş verər...

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.