Super User

Super User

Şuşa xalçalarının tarixi XVIII əsrin ikinci yarısına, Şuşanın təsis edilməsindən sonrakı dövrə təsadüf edir. XVIII əsrin ikinci yarısından etibarən Qarabağın xalça istehsalı əsasən Şuşa şəhərində mərkəzləşir. XIX əsrdə Qarabağda toxunan xalça və palazların kəmiyyət və keyfiyyətinə görə Şuşa birinci olub.

 

AzərTAC xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi videoçarx hazırlayıb.

Videoçarxda qeyd edilir ki, incəliyi, zərifliyi, rəngarəngliyi ilə seçilən "Ləmpə", "Qoca", "Bulud" xalçaları və "Dəst xalı-gəbə" kimi xalça dəstləri Şuşada toxunub. Bu xalçalar xovun hündürlüyü, əlvan, şux koloritli, çox nazik, incə xüsusən də dəst xalı-gəbə kimi iri ölçülü toxunmaları ilə seçilir. Şuşa xalçalarını səciyyələndirən cəhət təbii boyaq maddələrin xalçalara verdiyi parlaqlıq, şux rəng palitrasıdır. Bir qayda olaraq bu ərazilərdə xanlara məxsus böyük sarayların və geniş malikanələrin bəzədilməsi üçün iri ölçülü xalçalar toxunub. Şuşa həm də ipək xalçaları ilə şöhrət qazanıb. Neçə-neçə minilliklərə, əsrlərə bələdçilik edən Şuşa xalçaları bu gün dünyada mədəni irs siyahısına daxil olan Azərbaycan xalçalarının bir qolu, Qarabağın özü kimi ayrılmaz tərkib hissəsidir. Qarabağ xalçalarını dünyaya tanıdan, “Şuşa havamdır” deyən xalçaçılıq elminin banisi Lətif Kərimov da Şuşada doğulub.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2023)

Çərşənbə axşamı, 24 Yanvar 2023 14:00

“Bəxtiyar” komediyası səhnədə

Danılmazdır. Bu adda film heç vaxt gündəmdən düşmür, sevildikcə sevilir. Gözəllikdən danışırıqsa incəsənət ən böyük gözəllik deyilmi? Amma indi “Bəxtiyar” filmi yox, eyniadlı tamaşa barədə danışacağıq. 

 

Yanvarın 27-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində “Bəxtiyar” musiqili komediyası yenidən tamaşaçıların ixtiyarına veriləcək. Görkəmli  bəstəkar Tofiq Quliyevin musiqiləri əsasında ilk dəfə səhnəyə qoyulan tamaşa Akademik Musiqili Teatrın baş rejissoru Cavid İmamverdiyevin quruluşunda səhnələşdirilib. Tamaşa SSRİ Xalq artisti Rəşid Behbudovun həyat və yaradıcılığını özündə əks etdirən “Bəxtiyar” filminin motivləri əsasında hazırlanıb.

Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rəqslərin quruluşçusu Elvira Əzizova, rejissor assistenti Zaur Əliyevdir.

Tamaşa üçün biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2023)

Çərşənbə axşamı, 24 Yanvar 2023 13:30

“Rakurs”un rakursunda

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Rakurs” rüblük bülleteninin ötən ilin oktyabr, noyabr, dekabr aylarında görülən işləri əhatə edən nömrəsi, eyni zamanda, il ərzində olan hesabatın yerləşdiyi xüsusi buraxılışı çapdan çıxıb. 

 

Rüblük informasiya bülleteninin Azərbaycan Kinematoqrafçılar İttifaqının illik fəaliyyəti haqqında xüsusi buraxılışı olan nömrəsində, il ərzində həyata keçirilən layihələr, tədbirlər, kino müzakirələri haqqında informasiyalar yer alıb.

Xüsusi buraxılışda AKİ Kino məktəbinin dinləyici qəbulu elan etməsi, “Cənubda kino günləri”, “Kino istehsalı A-dan Z-yə” layihəsinin Şəki və Bakı mərhələsi, “Mən qadınam” qısametrajlı ssenari müsabiqəsi, “Polşa kino günləri” tədbirləri haqqında məlumatlar, İttifaqa qəbul olunan yeni üzvlər və İttifaqın digər layihələri haqqında informasiyalarla tanış olmaq olar.

Azərbaycan Kinematoqrafçılar İttifaqı katibliyindən bildiriblər ki, “hesabatlılıq və şəffaflıq fəaliyyətlərinin əsas prinsiplərindəndir. Təşkilat olaraq kino ictimaiyyəti tərəfindən qazandığımız etibarı doğrultmağı ali vəzifəmiz sayırıq”.

Kino araşdırmaçıları üçün nəzərdə tutulan “Rakurs” rüblük bülleteni Xalq yazıçısı, dramaturq Rüstəm İbrahimbəyovun ideyası və təşəbbüsü əsasında çap edilir. Əsas məqsəd İttifaqın gördüyü işlərlə bağlı ictimaiyyət və dövlət qarşısında hesabat xarakteri daşımaqla yanaşı, ölkədə gedən kino proseslərinin salnaməsini yaratmaqdan ibarətdir. Bülletenin tərtibatçısı Nəriman Əbdülrəhmanlı, redaktoru Sevda Sultanova, nəşrə məsul Əli İsa Cabbarovdur.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2023)

Çərşənbə axşamı, 24 Yanvar 2023 12:45

“Traviata” Opera və Balet Teatrında nümayiş olunacaq

Yanvarın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Cüzeppe Verdinin “Traviata” operası nümayiş olunacaq.

Tamaşanı müasir dövrün ən məşhur dirijorlarından olan Korneliya fon Kerssenbrok (şəkildə) idarə edəcək.

 

İtalyan bəstəkar Cüzeppe Verdinin “Kameliyalı Qadın” (A.Düma) əsərinin motivləri əsasında bəstələdiyi "Traviata" operası həyatın məngənəsində yolunu azmış gənc Violetta ilə, ona aşiq olan Alfredonun eşq uğrunda apardığı mübarizədən bəhs edir. 

Dünyanın opera teatrlarında ən çox səhnələşdirilən əsərlərdən biri olan və sonu bədbəxtliklə bitən sevgi hekayəsində əsas rolları Xalq artistləri Əvəz Abdulla, Əkrəm Poladov, Əli Əsgərov, Əməkdar artistlər Azər Zadə, İnarə Babayeva, Səbinə Vahabzadə, Tural Ağasıyev, aparıcı solistlər Mahir Tağızadə və Nina Makarova canlandıracaq. 

Tamaşanın xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Biletlər teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iTicket.az saytından əldə etmək olar.

İnanılmaz zövq alacağımız şübhəsizdir.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2023)

Bir sıra aparıcı dünya xəbər portalları – Almaniyanın “nex24.news”, İrlandiyanın “medium.com”, Əlcəzairin “alharir.info”, İraqın “agnaden.net”, “ashurnews.com”, “alnoor.se”, “afkarhura.com”, “mustaqila.com” Türkiyənin “detayhaberler.com”, Yəmənin “Parlaq Qələmlər” ədəbiyyat jurnalının feysbuk səhifəsi, Gürcüstanın “iverioni.com.ge”, Salvadorun “reflexionesinternacionalessv”, “Literatura y poesía” saytları və sosial şəbəkələri Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkədə elan olunmuş “Şuşa İli”nə töhfə olaraq müxtəlif dillərdə ərsəyə gətirilən “Şuşa – sənətkarlıq və ticarət mərkəzi” (Dövlət Tərcümə Mərkəzi) adlı sənədli videoçarxın yayımına başlayıb. 

 

Bu barədə Dövlət Tərcümə Mərkəzi məlumat yayıb. Məlumata görə, videoçarx Azərbaycanın musiqi və mədəniyyət beşiyi Şuşanın tarixindən, qədim ticarət əlaqələrindən, xalçaçılıq, dulusçuluq, ipəkçilik, zərgərlik və digər sənətkarlıq abidələrinin yaranma mərhələlərindən bəhs edir.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2023)

Çərşənbə axşamı, 24 Yanvar 2023 13:00

“Öləndə də heç olmasa səhnədə ölərəm...”

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Hacıbaba Bağırovdur.

 

 

HACIBABA BAĞIROV

(1932-2006)

 

***

Xəstə vaxtlarım idi. Teatrda “Bankir adaxlı” tamaşası gedirdi. Biletlərin hamısı satılmışdı, mənsə xəstəxanada müalicə alırdım.

Tamaşaya iki saat qalmış xəstəxanadakı palatada ayağa qalxıb geyinməyə başladım. Həkim içəri girəndə geyindiyimi görüb başını buladı.

– Nə edirsiz, Hacıbaba müəllim, sizə ayağa qalxmaq olmaz.

– Mən teatra getməliyəm, axşam tamaşam var.

– Siz tamaşanı düşünürsüz, biz isə sizi. Olmaz! Ölərsiz!

 Həkimə baxıb gülümsədim:

– Öləndə də heç olmasa səhnədə ölərəm, daha xəstəxana palatasında yox, – deyib, xəstəxananı tərk etdim.

 

 

 “Ədəbiyyat və incəsənət”

(24.01.2023)

 

 

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

 

Biz biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.

Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.

Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.

 

Marşal Qoldsmit «Başından uca tullan»

Dünyanın ən böyük biznes liderlərinin məsləhətçisi olan Marşal Qoldsmitin bu kitabı mahiyyətcə çox paradoksaldır. O, həyatda uğur qazanmaq istəyən insanlara yox, artıq uğur qazanmış insanlara həsr olunub. O insanlara ki, onlar can atdıqları hər şeyə çatıblar, özləri ilə qürur duya bilirlər.

Bəs belə insanlar nədən narahat olsunlar ki? Müvəffəqiyyətdən baş gicəllənməsinin qurbanı olmaqdan!

Marşal Qoldsmitə görə, pik nöqtəyə çatan insanlarda əksərən «daxili kartı» itirmək sindromuna rast gəlinir. Özündənrazılıq, özündən müştəbehlik elə bir həddə çatır ki, belə insanlar daha öz hərəkətlərinə görə hesabat vermir, cəmiyyətlə hesablaşmırlar. Başqalarının rəylərinə daha ehtiyac duymur, təkmilləşməyə, öyrənməyə, inkişafa daha maraq göstərmirlər. Beləcə də yerlərində saymağa başlayırlar. Amma bu da hələ hamısı deyil. Yerində saymaqdan sonra mütləq geriləmə, qazanılanların itirilməsi fazasının gəlməsi labüddür.

Marşal Qoldsmit müvəffəqiyyətdən başın gicəllənməməsi yollarını göstərir və oxucusunu da əmin edir edir ki, bu yazılanlara əməl etsə o, mütləq başından uca tullana biləcək!

Müəllifin əsər boyu aşılamaq istədiyi odur ki, əvvəlki uğurlar elə bir an gəlir ki, insana daha böyük uğurlar əldə etmək üçün maneçilik törətməyə başlayır. Bundan qaçmaq çox vacib və zəruridir. Uğur qazanmaqla gələn mənfi, zərərli vərdişlərdən qopmağın Qoldsmit qaydaları çox effektivdir, bunu öz üzərilərində yüzlərlə  biznes liderləri təcrübədən keçiriblər.

Təsadüfi deyil ki, «Forbes» bu şəxsi dünyanın yüksək idarəetmə sisteminin ən nüfuzlu 5 mütəxəssisindən biri adlandırıb.

«The Wall Street Journal» isə onu dünyanın 10 ən dahi biznes-kouçundan biri elan edib.

 

 “Ədəbiyyat və incəsənət”

(24.01.2023)

 

Çərşənbə axşamı, 24 Yanvar 2023 11:45

Ardalan Jabbaridən müdhiş ifa

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında məşhur italyan bəstəkar Rudjero Leonkovallonın “Payatsı” operası nümayiş olunub. 

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 1999-cu ildə rejissor Cənnət Səlimova tərəfindən səhnəyə qoyulan və bu günədək teatrın repertuarında ən baxımlı tamaşalarından biri olan operanın dirijoru Əməkdar artist Əyyub Quliyevdir. 

Operada əsas rolları Xalq artisti Samir Cəfərov, Əməkdar artist Afaq Abbasova ifa edib.

Qeyd edək ki, operada Tonio partiyasını ifa etmək üçün italyan opera solisti Ardalan Jabbari dəvət məxsusi Bakıya dəvət olunmuşdu. Və tamaşaçıların əksəriyyəti məxsusi bu məşhur gənc tenoru dinləməyə gəlmişdi.

Tamaşa haqda daha geniş növbəti buraxılışlarımızda oxuya bilərsiniz. 

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2023)

Çərşənbə axşamı, 24 Yanvar 2023 11:00

Bu gün Lilldə Azərbaycan cazı səslənəcək

Yanvarın 24-dən 27-dək Fransanın Lill şəhərində “Dünya ətrafında” adlı beynəlxalq festival keçiriləcək.

Və festivalda Azərbaycanı tanınmış caz ustası, bəstəkar və pianoçu Etibar Əsədli təmsil edəcək.

Qeyd edək ki, festival çərçivəsində filmlərin nümayişi, həmçinin görüş və debatların təşkili nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2023)

Nüfuzlu Euronews ötən 2022-ci ilin ən yaxşı fotolarını müəyyənləşdirib. Burada Rusiyanın Ukraynaya təcavüzündən tutmuş İrandakı antihökümət yürüşlərinə, Tur de Frans yarışmalarınadək hər şey var. Yola saldığımız il hadisələr baxımından o qədər zəngin olub ki, fotoqraflar fotokameralarını futlyara salmağa macal tapmayıblar. 

Həmin fotoları ardıcıllıqla “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edirik.

 

Ölənlərin cəsədlərinin eksqumasiyasından  sonra rus işğalından azad olunmuş İzyumda boş qəbirlər. 25 sentyabr, 2022.

Foto: Yasuyoshi Chiba/AFP

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.