Super User

Super User

Günün sitatı: 

"Əvvələr televiziya və radioda Bədii Şura vardı. Bədii Şura isə bütün proqramlara baxırdı, nəzarət edirdi. Hər musiqinin ortalığa çıxmasına icazə vermirdi. Siz elə bilirsiniz ki, 60-70-ci illərdə ara mahnıları olmayıb? Olub, amma onların ortaya çıxmasına icazə vermirdilər. Heç toylarda belə o ara mahnılarını oxumurdular. Populyar mahnılar daha çox müğənnilər tərəfindən toylarda səslənirdi. 1982-ci ildə müsahibəmdə söyləmişdim ki, zaman gələcək, klassik musiqilər toylarda səslənəcək, toyxana ifaçıları isə efirlərimizi bəzəyəcək. Elə də oldu. 

Toylarda hamı yaxşı mahnı dinləmək istəyir. Bayağı ifaçılar da Tofiq Quliyevin, Emin Sabitoğlunun, Rauf Hacıyevin, Cahangir Cahangirovun bəstələdiyi əsərləri oxuyurlar. Nəyə görə? Çünki bu musiqilər və melodiyalar insanların sümüyünə hopub. Elə hopub ki, qopartmaq belə mümkün deyil. Amma daha sonra elə musiqilər çalınır, oxunur ki, heç nə başa düşülmür.

Yalnız ritm, vəssalam. Əvvələr heç toylarda belə şeylər yox idi. Akif İslamzadə, Hüseynağa Hadıyev heç zaman bayağı mahnılar oxumayıblar. Bu gün isə bizim toylarda "vilka, lojka, salfetka" mahnıları oxunur. Amma camaat bu mahnıları istəyir.

Bax buna görə də belə mahnıların və bu mahnıları oxuyan müğənnilərin on, yüz milyonlarla dinləyicisi, tamaşaçısı var.

Bu qədər mahnılar bəstələmişəm. Amma onlar içində heç on bəstəm belə "YouTube"da bir milyonu keçməyib. 1989-cu ildə yazdığım "Bayatılar" əsərinə bu yaxınlarda yarım milyon izləyici baxıb. Bu da mənim maksimumum.”

 

“Günün sitatı”nı Xalq artisti Eldar Mansurov qonaq olduğu "Qarışıq gündəm" ictimai-sosial verilişində dilə gətirib.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2023)

Elman Eldaroğlu yazır

 

 

Bu gün Azərbaycanda elə bölgələrimiz var ki, hələ də qızların təhsil almasına maneələr yaradılır. Təəssüf ki, həmin qızların bəziləri valideynləri tərəfindən erkən nigahlara sürüklənirlər. Adları orta məktəb şagirdləri sırasında getsə də evdən məktəbə buraxılmırlar. Nəticədə xalqın arasında savadsız, elmsiz bir zümrə yaranır. Nəzərə alanda ki, bu qızların hər biri gələcəyin anasıdır, onda bu problemin nə qədər ağır olduğunun fərqinə varırsan. Amma çox sevinirəm ki, azərbaycanlı anaların arasında yüksək təhsil almış, müasir təfəkkürlü xanımlar da vardır. Bu gün sizə onlardan biri- Leyla xanım Tağızadə haqqında söhbət açmaq istəyirəm... 

 

Bəli, insanın mənəvi inkişafı təfəkküründəki inqilabdan başlayır. Hər bir fərdin mahiyyəti onun təfəkkürünün səviyyəsindən asılı deyilmi?..

Leyla xanım Sumqayıtda dünyaya gəlib. 1997-ci ildə orta təhsilini bu şəhərdə- Təbiət Elmləri Gimnaziyasında başa vurub. 1997-2003-cü illərdə Azərbaycan Tibb Universitetinin stomatologiya fakultəsində ali təhsil alıb. Sonra bir il Sumqayıt 1 nömrəli Stomatologiya Poliklinikasında öz ixtisası üzrə internatura keçib. 2004-cü ildən doğulduğu şəhərdə fəaliyyət göstərən Hippokrat Tibb Mərkəzinə rəhbərlik edir...

Atası tibb elmləri namizədi Mayıl Tağıyev əməkdar həkimdir. Uzun illər Sumqayıt Ruhi Əsəb Dispanserinin baş həkimi vəzifəsində çalışıb. Anası Natavan xanım Kərimova həkim nevropotoloqdur...

Leyla xanım 2006-cı ildə məşhur Burdenko adına Neyrocərrahiyyə Elmi Tədqiqat İnstitutunda ixtisasartırma kurslarını keçərək kliniki neyrofizologiya ixtisasına yiyələnib. 2008-2009-cu illərdə Almaniyanın Ludviqshafen şəhər klinikasında təkmilləşdirmə kursu keçib. 2007-2011-ci illərdə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnsitutunun aspiranturasında təhsilini davam etdirərək səhiyyənin idarə olunması və ictimai sağlamlıq mövzusunda elmi iş müdafiə edib. Tibb üzrə fəlsəfə doktoru adına layiq görülüb (PhD).

2014-cü ildən bir neçə dəfə ABŞ-da və o cümlədən Almaniyada səhiyyənin idarə olunması üzrə beynəlxalq təcrübə kurslarında olub. 2016-2017-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Slikon vadisində yerləşən “The Founder İnsitute”-də “Famile Founder” təqaüdü ilə təhsilini davam etdirib...

Deyir ki,- “Arzularım elə də çox deyil. Tibb və süni intelektin kəsişməsi mövzusunda elmi araşdırmaları davam etdirmək, bu sahədə gizli qalan həqiqətləri üzə çıxarmaq istəyirəm. Yerli startaplara biznesin inkişafı istiqamətində dəstək vermək, onların qlobal şəbəkəyə çıxmasına kömək etməyi planlaşdırıram. Və bütün analar kimi övladlarımın yüksək təhsilə yiyələnməsinə, əsl vətəndaş kimi böyüməsinə çalışıram...”

Ömür-gün yoldaşı Emin Abdulov Milli Məclisdə deputat köməkçisi işləyir. Ailədə üç qız övlad böyüyür- Ayan, Mehriban və Banu. Bu qızların hər biri yeniyetmə olsalar da, artıq bir sıra uğurlara imza atıblar...

Leyla xanım sahibkarlıq fəaliyyəti ilə də məşğul olur. 2018-ci ildə yaradılan “Sosial İnnovation Lab” təşkilatının təsisçilərindən biridir. Bütün bunlardan əlavə bir sıra qlobal sammitlərdə iştirak edib. Onlardan ən yadda qalanı 2017-ci ildə Hindistanda keçirilən sammit olub. Həmin tədbirdə rəhbərlik etdiyi layihənin iştirakçısı Reyhan Camalova ən gənc ixtiraçı kimi sabiq ABŞ prezidentinin qızı İvanka Trampın çıxışında təqdirə layiq görülüb. Gəncin bu uğuruna görə Leyla Tağızadəyə xüsusi minnətdarlıq edərək, birlikdə xatirə şəkili çəkdirib…

Səmimi, təvazökar, dərin zəkalı, humanist, mehriban xanımdır. İndiyədək Rusiya, Azərbaycan elmi jurnallarında xeyli məqaləsi işıq üzü görüb. “EEQ-də yuxu assimetriyası” kitabının iki müəllifindən biridir. Badminton oynamağı xoşlayır. Tibbə, innovasiyaya aid kitabları mütaliə etməkdən yorulmur. Keçmiş sovet respublikalarına, Avropa ölkələrinin bir neçəsinə səyahət edib. Təbiət qoynunda ailəvi istirahət etməkdən zövq alır. Bir sözlə, haqqında söhbət açdığım Leyla Tağızadə Azərbaycan xanımına məxsus olan bütün müsbət xüsusiyyətləri özündə ehtiva edir.

 Bəli, xanım yüksək təhsil alanda cəmiyyətin aparıcı qüvvəsinə çevrilib, yeni nəslin inkişafında əhəmiyyətli rol oynayır...

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2023)

Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələri müntəzəm olaraq davam etdirilir. 

 

Ombudsman Aparatının  məlumatına görə, 44 günlük Vətən müharibəsi dövründə Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən 1949-cu il Cenevrə konvensiyaları və ona Əlavə protokollarının, Haaqa konvensiyalarının, BMT-nin “Muzdluların cəlb edilməsinə, onlardan istifadə olunmasına, onların maliyyələşdirilməsinə və təliminə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyasının, BMT-nin Təhlükəsizlik Şurasının 405 və 419 saylı qətnamələrinin tələbləri kobudcasına pozulmaqla Azərbaycan ərazilərində müxtəlif terrorçu qruplaşmaların üzvləri və muzdlular cəlb olunmaqla müharibə cinayətləri törədilib. 

1949-cu il Cenevrə Konvensiyalarının 1 saylı Əlavə Protokolunun 47-ci maddəsinə əsasən, muzdlunun kombatant və ya hərbi əsir statusu almaq hüququ yoxdur. Yəni, muzdluların hərbi münaqişədə iştirakı beynəlxalq humanitar hüquqa ziddir.

Ermənistanın bilavasitə imzaladığı Beynəlxalq Ədalət Məhkəməsinin Roma Əsasnaməsinin 8-bis maddəsinin g yarımbəndinə əsasən, iştirakçı dövlətin digər dövlətin ərazisinə silahlı qruplaşmalar, qeyri-müntəzəm silahlı birləşmələr və muzdlular göndərməsi həmin dövlətə qarşı təcavüz xarakterli cinayət əməlini ehtiva edir.

Ombudsman Səbinə Əliyeva və Milli Preventiv Qrupun (MPQ) üzvləri Azərbaycan ərazilərində törətdikləri cinayət əməllərinə görə həbs edilmiş bu qəbildən olan şəxslərin saxlandıqları müəssisələrə də müntəzəm olaraq baş çəkirlər. Başçəkmələrdə MPQ-nin ixtisasca həkim və psixoloq üzvünün də iştirakı təmin olunub. 

Başçəkmələr zamanı həmin şəxslər ombudsman Səbinə Əliyeva və MPQ üzvləri tərəfindən fərdi qaydada qəbul olunmaqla dinlənilib, onlara müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları təqdim edilməklə hüquqları izah olunub.

Həmin şəxslərə münasibətdə hər hansı bir fərq qoyulmadan lazımi şəraitin, tibbi-psixoloji xidmətin, ailə üzvləri ilə telefon danışığı və digər hüquqlarının təmin olunduğu, onlarla rəftara dair qanunvericiliyin tələblərinə riayət edildiyi müşahidə olunub. Qəbul edilmiş şəxslər Ermənistanın azərbaycanlılara göstərdiyi münasibətdən fərqli olaraq yaradılmış şəraitdən, tibbi xidmətdən, qidalanmadan razılıq etməklə yanaşı, saxlandıqları müəssisədə onlara göstərilən humanist münasibətə görə təşəkkürlərini bildiriblər. 

Qeyd edək ki, Azərbaycan ombudsmanının Ermənistan tərəfindən muzdluların cəlb olunmasını faktlar əsasında sübut edən müraciət və məlumatları da ardıcıl şəkildə beynəlxalq təşkilatlara göndərilib.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2024)

Çərşənbə axşamı, 24 Yanvar 2023 09:30

Əməkdar artist Nofəl Vəliyevin 50 illik yubileyi qeyd edilib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar artist Nofəl Vəliyevin 50 illik yubileyi Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” pyesinin tamaşası ilə qeyd edilib.

 

AzərTAC xəbər verir ki, tamaşadan əvvəl çıxış edənlər Nofəl Vəliyevin rol aldığı səhnə əsərləri, ifa etdiyi obrazlar haqqında fikirlərini bölüşüb, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Çıxışlardan sonra yubilyara Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təbrik məktubu və fəxri fərmanı, Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanı və teatrın diplomu təqdim edilib. Yubilyar göstərilən diqqətə görə hər kəsə minnətdarlığını bildirib.

Daha sonra tamaşa nümayiş etdirilib. Fərqli estetikada, müasir dövrün tələblərinə uyğun qurulan tamaşa böyük dramaturqun toxunduğu problemləri fərqli yöndən göstərir.

Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi tamaşanın səhnə redaksiyasının müəllifi İlqar Fəhmi, quruluşçu rəssamı Telman Şıxıyev, bəstəkarı Firudin Allahverdidir.

Səhnə əsərində Xalq artisti Yasin Qarayev, Əməkdar artistlər Nofəl Vəliyev, Şövqi Hüseynov, Elnur Bəhramxan, aktyorlar Rəşad Səfərov, Kərəm Hadızadə, Elşən Hacıbabayev, Ramil Məmmədov, Aygün Fətullayeva, Anar Seyfullayev, Elgün Yəhyayev, İmran Qurbanov və başqaları rol alıblar.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2023)

Çərşənbə axşamı, 24 Yanvar 2023 12:30

Rəsm qalereyası: Nəvai Mətin, “Sazlı natürmort”

Rəsm qalereyası: Nəvai Mətin, “Sazlı natürmort”

Çərşənbə axşamı, 24 Yanvar 2023 09:00

Hər şey inamdan başlayır…

“Bu gün Gənc Tamaşaçılar Teatrında müəllifi olduğum "İnanıram" mono pyesinə hazırlanmış eyniadlı mono tamaşanın  premyerası oldu. Bu gözəl teatr bayramında bizimlə olan bütün tamaşaçılara, dostlara, doğmalara təşəkkür edirəm! 

İnanmaq gözəl hissdir. Həmişə inanın. Çünki hər şey inamdan başlayır.” Bu sətirlər Ülviyyə Heydərovaya məxsusdur. 

 

Bəli, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşasının premyerası oldu. Yeni tamaşa müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir.

Qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək başına boy atmaqda olan bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. O, həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının çox bəhs etdiyi ağacı tanımadan şəhid olur. Artıq qadının bu dünyada sadəcə bir sığınacağı var – yamacdakı tək ağac. Son dəfə ağacı görmək və məhz burada intihar etmək üçün qadın işğaldan azad olunmuş yamaca qayıdır.

Tamaşa vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və şəhid analarına həsr edilib. Və artıq qeyd edilən kimi, tamaşa yazıçı-dramaturq Ülviyyə Heydərovanın “İnanıram” monopyesi əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Sona Mustafayevadır. Səhnə əsərində ana obrazını teatrın istedadlı aktrisası Zemfira Əbdülsəmədova canlandırır.

Xatırladaq ki, tamaşa 2022-ci ildə Mədəniyyət Nazirliyi və “teatro.az” sənət portalının “Şuşa ili” nə həsr olunan II “4.4 Qısa Tamaşalar Festivalı”nda (QTF) nümayiş etdirilərək ikinci yerə layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2023)

 

Mədəniyyət Nazirliyi 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı “Mədəniyyətə bağlı ömür” layihəsinə start verir. 

 

Nazirliyin məlumatına görə, izləyicilər layihə çərçivəsində Ulu Öndər Heydər Əliyevin müxtəlif illərdə yaxından iştirak etdiyi mədəni tədbirlərdən tarixi fotoşəkilləri, mədəniyyət və incəsənət sahəsində səsləndirdiyi fikirləri ilə tanış olacaqlar. 

Müxtəlif rubrikalarla təqdim olunacaq layihə nazirliyin rəsmi saytında və sosial media hesablarında yerləşdiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

 

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə açılacaq “Hisslər və rəsmlər” adlı təsviri sənət sərgisinə əsər qəbulu başlayıb. 

 

Xətai Sənət Mərkəzinin məlumatına görə, əsərlərin mövzusu, ölçüsü və texnikası sərbəstdir, 18 yaşdan yuxarı istənilən vətəndaş müraciət edə bilər. 

Sərgiyə təqdim olunan əsərlərin fotoları ilə yanaşı, ad, soyad, əsərin adı, əsərin ölçüsü, texnikası və əlaqə nömrəsinin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron adresinə göndərilməsi vacibdir. 

Bir müəllif tərəfindən ən çox 3 əsər göndərilə bilər. Son müraciət tarixi fevralın 25-dəkdir. Qeyd edək ki, əsəri seçilmiş müəlliflərin siyahısı Xətai Sənət Mərkəzinin media hesablarında yayımlanacaq. Bir müəllifin 1 və ya 2 əsəri sərgilənə bilər. Əsəri seçilmiş müəlliflərə sertifikat təqdim olunacaq.

Tamaşaçıların seçdiyi ən yaxşı əsərin müəllifi də hədiyyə ilə təltif olunacaq.

Əlavə suallar üçün (051) 310 74 01 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

“Poetik qiraət” rubrikasında bu dəfə sizlərə şair Əkbər Qoşalının yeni yazdığı şeiri təqdim edirik. İctimai motivli bir şeirə üstünlük verib Əkbər bəy, adətən lirikaya  meyillənsə də. 

 

 

Eşitdim ki, mən yaşayan şəhərdə

nə zamanmış belə inanc varıymış. 

O inancla evlər tikib adamlar - 

səksən olub, doxsan olub, 

yüzü görən olmayıb…

Kainatın cilvəsidir elə bil:

Olmur, cənnət sınaşıqla olmayır… -

Amma yenə o inancın işığı 

ev tikdirib adamlara, 

ev tikdirir bu gün də… - 

Əgər kimsə, 

bilə-bilə yalan danışıbsa da, 

Yenə kimsə, o yalanı bu şəhərdə yayıbsa, 

cənnət olsun məqamı!

 

Mənim gözəl şəhərimdə 

ayrı bir inanc da var - 

Deyərlər ki,

“Bir ev yıxan 

        cəhənnəmi

bu dünyada satın alıb 

elə bil”…

 

Gəl görəlim, yenə evlər yıxılır…

Cəhənnəmi satın alır gözgörəsi

tanıdığmız adamlar… 

O qaranlıq 

niyə çəkir adamları? - bilmirəm…

Görən, onlar özlərini 

aldadırlar nə ilə?..

 

Yenə evlər tikilir,

Yenə yıxılır evlər…

 

Tikin, qardaşlar, tikin,

Bəlkə yüzə çatmadınız,

cənnət görmədiniz bəlkə…

Amma 

          evyıxanlar 

                 cəhənnəmdəsə,

Demək, 

         evtikənləri 

          unutmayıb Yaradan…

 

Eviniz yıxılmasın…

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

 

Əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunacaq. 

Bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yanvarın 23-də keçilən iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində qeyd edilib.

 

Ölkəmizdə son illər ərzində sığorta-pensiya sisteminin özünəməxsus xüsusiyyətlərinın qorunması ilə yanaşı, ilk növbədə, vətəndaşların sosial rifahının üstün tutulması bu sahədə görülən işlərin təməl prinsipini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda edilməsi nəzərdə tutulan dəyişiklikdə qeyd olunan müsbət proseslər çərçivəsində hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.