Super User

Super User

Bazar ertəsi, 23 Yanvar 2023 18:00

Bu film beynəlxalq uğurları sıralayır

 

Azərbaycanda müstəqil kinematoqrafçılar tərəfindən istehsal olunan qısametrajlı “Qız qalası” filmi bir neçə nüfuzlu beynəlxalq festivalda ölkəmizi təmsil edərək kino sənayesinin inkişafına öz töhfəsini verib. 

 

Yaradıcı heyətin mediaya verdiyi məlumata görə, film İtaliya, Türkiyə, ABŞ, Sinqapur, Rumıniya, Litva, Norveç və Slovakiya kimi ölkələrdə müxtəlif festivallarda diplomant olub.

Hər bir insan həyatında heç olmasa bir dəfə ruh əkizinə - “öz adamına” rast gəlir. Lakin qərarsızlıq və yaxud cəmiyyətin yaratdığı yeni münasibət normaları, heç kəsdən geri qalmamaq istəyi o adamı bizə görməyə imkan vermir. Bəzən özümüz də beynimizdə yaratdığımız səhv idealın dalınca qaçıb rast gəldiyimiz həmin adama önəm vermirik. 

“Qız qalası” filminin süjeti ayrı şəxsi münasibətləri olan iki fərqli insanın təsadüfən tanış olmasından bəhs edir. Tanışlıq əsnasında hər biri anlayır ki, həmin o “öz adamına” rast gəlib.

Film boyunca qəhrəmanlar seçim etməlidir: ya hər şeyi olduğu kimi saxlayıb geri dönmək, ya da “öz adamı” ilə hər birinin daxildə arzusunda olduğu yeni münasibətlərə başlamaq…

Filmin rejissoru və ssenari müəllifi Mehdi Ağayev, quruluşçu operatoru Delee, quruluşçu rəssamı Şahin Həsənli, montajçısı Əsgər Rəhimov, musiqisi isə Sevda Ələkbərzadə, Emma Ələkbərzadə və Raufa məxsusdur. Baş rolları Könül Cəfərzadə, Türkay Cəfərli və Kamran Ağabalayev ifa ediblər. Prodüserlər Mehdi Ağayev, Fariz Əhmədov, Emil Nəcəfov və Orxan Dadaşovdur.

Qeyd edək ki, müasir cəmiyyətdə mövcud olan problemləri kino dili ilə üzə çıxaran bu filmin Azərbaycanda premyerası üzümüzə gələn fevral ayına təsadüf edəcək. 

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Türk dünyasından Şuşaya - Şuşadan Türk dünyasına” adlı layihə çərçivəsində eyniadlı nəşrin təqdimat mərasimi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, ali məktəblərin professor-müəllim heyəti, soydaşlarımız, özbək xalqının nümayəndələri, tələbələr iştirak ediblər.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Şuşanın tarix və mədəniyyətimizdəki rolundan danışaraq, Prezident İlham Əliyevin Şuşa haqqındakı çıxışlarından sitat gətirib: “Şuşa Azərbaycan üçün həm qürur, milli mənlik, həm də mədəniyyət, incəsənət və tarixdir”. 

S.Abbasov qədim tarixi köklərə və geniş coğrafiyaya malik Türk mədəniyyətinin artıq Şuşada birləşdiyini, bu füsunkar şəhərin Türk xalqları arasında birləşdirici bir mədəni körpü missiyasını öz üzərinə götürdüyünü bildirib. Diplomat TÜRKSOY tərəfindən 2023-cü ildə Azərbaycanın mədəniyyət beşiyi qədim Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunduğunu vurğulayıb. 

O, rəhbərlik etdiyi təşkilat tərəfindən “Şuşa İli” ilə bağlı həyata keçirilən layihələr barədə danışıb. Qeyd edib ki, “Türk dünyasından Şuşaya - Şuşadan Türk dünyasına” adlı nəşrin təqdimatına həsr olunmuş tədbir TÜRKSOY tərəfindən Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə əlaqədar Özbəkistanda keçirilən ilk tədbirdir. O, nəşrdə Türk dünyasını əhatə edən 17 şair və yazıçının Şuşa ilə bağlı şeir və hekayələrin toplandığını qeyd edib. 

Özbəkistan Yazıçılar İttifaqının sədr müavini, şair Qayrat Məcid Şuşaya səfər təəssüratlarından danışıb, Şuşanın qədim tarixə, zəngin mədəniyyətə, poeziyaya və təkrarsız ənənələrə malik nadir şəhər olduğunu diqqətə çatdırıb. O, bu qədim şəhərin hər məhəlləsinin ayrıca məscidi, bulağı, hamamı olduğunu, Şuşa şairlər, xanəndələr, tanınmış mədəniyyət, incəsənət xadimlərinin vətənli olduğunu qeyd edib. 

Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun rektoru, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Eldor Şermanov çıxış edərək bu qəbildən tədbirlərin Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinin əhəmiyyətindən söz açaraq, bu əlaqələrin yaradılmasında əsas rola sahib olan Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib. 

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin kafedra müdiri, professor Nurbay Cabbarov isə çıxışında Şuşanın bütün Türk dünyasının qeyrəti, namusu olduğunu və Azərbaycanın Şuşanı azad edərək bu dəyərə sahib çıxmasını Türk dünyasında böyük zəfər və qürurlu hadisə kimi qiymətləndirib. 

Professor Saodat Muxammedova, dosent Gülbahar Aşurova, nəşrdə hekayəsi olan Nərgiz Əsədova və başqaları “Türk dünyasından Şuşaya - Şuşadan Türk dünyasına” adlı kitabın əhəmiyyəti haqqında danışıblar. Onlar türk dünyasının daha da yaxınlaşdırılması istiqamətində belə nəşrlərin əhəmiyyətini vurğulayıblar. Azərbaycan Respublikası Gənclər Fondunun nümayəndəsi Zülfiyyə Yaqubova çıxış edərək Gənclər Fondunun fəaliyyəti barədə geniş məlumat verdikdən sonra bu layihənin də Dünya Gənc Türk Yazarlar Birliyi ilə işbirliyi nəticəsində ərsəyə gəldiyini qeyd edib. 

Layihənin rəhbəri, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair İntiqam Yaşar təqdimat mərasiminin təşkilinə görə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyinə minnətdarlıq edib, belə nəşrlərin bütün türk dünyasında çap olunmasının əhəmiyyətindən danışıb. 

Sonda bir qrup ziyalıya Azərbaycan Gənclər Fondu və Dünya Gənc Türk Yazarlar Birliyinin fəxri fərmanları verilib.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

Aida Eyvazlı yazır

 

Bu günlərdə Davosda  keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verərkən, dialoqda maraqlı bir məqam diqqətimi çəkdi. Bu müsahibədə söhbət dostluqdan, etibardan və kişilikdən gedirdi. Oxucularımıza təqdim etdiyimiz yazıda həm Azərbaycan Prezidenti İlham Əliyevin dostluq və mərdlik haqqındakı fikirləri və Si Çin Pinin də ÇXR-in sədri kimi malik olduğu müsbət keyfiyyətləri diqqətə çatdırmaq fikrindəyik. Çin dövlətinin müxbiri ilə müsahibədən qısa seçmə:

“Müxbir: Azərbaycanla Çin arasında dostluq, Sizin Çin xalqına münasibətiniz tərəfimizdən çox yüksək dəyərləndirilir.

Prezident İlham Əliyev: Bəli, siz haqlısınız. Bizim çox yaxşı münasibətlərimiz var. Çin və Azərbaycan yaxşı dostlardır. Mənim sədr Si Cin Pinlə dəfələrlə görüşmək imkanım olub. Sonuncu dəfə bir neçə ay bundan öncə bizim çox yaxşı görüşümüz olub.

Müxbir: Bu, Sizin doğum gününüzə təsadüf edirdi? O, Sizi doğum gününüz münasibətilə təbrik etdi.

Prezident İlham Əliyev: Hətta ondan öncə, biz keçən ilin payızında beynəlxalq tədbirlərin birində görüşdük. Bizim gələcək əməkdaşlığımız haqqında çox məhsuldar müzakirələrimiz oldu. “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində sədr Si Cin Pinlə görüşüm zamanı o məni Çinin böyük dostu adlandırdı.

Müxbir: Bizim bir neçəətraflı müsahibəmiz oldu, Sizin çox konstruktiv olduğunuzu xatırlayıram. Siz öndə olmaq istəyirsiniz ki, insanlara ölkənizin necə hazır olduğunu deyəsiniz. Məni hər zaman bir məsələ maraqlandırır ki, vəd vermək üçün kifayət qədər cəsur və mərd olmaq, ən mühümü isə sonra bu vədləri yerinə yetirmək cəsarətinə sahib olmaq üçün nə lazımdır?

Prezident İlham Əliyev: İlk növbədə, demək istərdim ki, yerinə yetirə bilmədiyim sözü heç vaxt vermirəm.”.

Azərbaycan  Dövlətinə xüsusui  hörmət və məhəbbət bəsləyən, onun  dövlət başçısını dəyərləndirməyi bacaran Çin Xalq Respublikasının Sədri Si Çin Pinin atası - uzun illər Çin Respublikasının rəhbəri olmuş Si Çjunsyun da nüfuzlu dövlət xadimidir.  

Çinin dövlət başçısı tez-tez məktəblilər və gənclərlə görüşməyə üstünlük verir. Bu görüşlərdə o, uşaqlıq illərinin xatirələrini bölüşür. 2003-cü ildə Çinin Mərkəzi Televiziyasına müsahibə verərkən  o deyib ki: “Mən ciddi ənənlərə sadiq inqilabçı ailədə böyümüşəm. Biz daim böyük bacı-qardaşlarımızın köhnə paltarlarını geyinər və çox vaxt yamaqlı paltarlarda gəzərdik”.

2014-cü ildə ibtidai sinif məktəbindəki pionerlər qarşısında görüşündə isə  uşaqlığını belə xatırlayıb:

“Mən ilk təhsilimi 1959-cu ildə Pekinin Xaydyan rayonunda milli məktəbdə almışam. 1960-cı ildə isə pioner sıralarına qəbul olunmuşam. Sinifdə ən azyaşlı uşaq mən olduğumdan, birinci sinifdə pioner sıralarına keçirmədilər. Mən acı-acı ağladım”.

Elə həmin gün  Çində ənənvi olan Kalliqrafiya  dərsləri haqqında ilk xatirəsini də bölüşüb:

“Balaca olanda  anam mənə  illüstrasiyalı nağıl kitabı aldı. Orada Çinin milli qəhrəmanı Yu Feyanın vətəni necə müdafiə etməsi barədə nağıllar var idi. Bu nağılda Yu Feyanın anası oğlunun bədənini yandıraraq 4 kəlmədən ibarət  “Özünü Vətənə qurban ver!” sözlərini  ireroqliflə yazdırır. Mən anamdan souşdum ki, “Ana, o uşağı yandıranda canı acımayıb?”. Anam dedi ki, “əlbəttə canı ağrayıb, lakin o, vətən qəhrəmanı oldu!”. Anamın bu nağılı ömürlük mənim yaddaşımda qaldı.

2016-cı ilin 9 sentyabrında məktəblilərlə görüşündə Si Çin Pin uşaqlıqdan idmana olan böyük marağından danışıb. Deyib ki, idman insanın xarakterinin möhkəmlənməsində, ağılının, estetik və fiziki mənada inkişafında çox böyük rol oynayır:

“Mən 50 il bundan əvvəl sizin oxuduğunuz bu məktəbdə  futbol oynayardım”.

2017-ci ildə isə xokkeyçilər üçün tikilən “Ukesun” idman zalında uşaqlıq illərini belə xatırlayıb:

“Mən balaca olanda qış fəslində qardaşımla həmişə Şiçaxay gölünün üstündə sürüşməyə gedirdik. O zaman belə şərait yox idi. Bizim yaşıdlarımızın hamısının şəxsi konkiləri var idi. Mənim isə qardaşımla cəmi bir cüt konkimiz olardı. Pulumuz ancaq buna yetirdi. Biz növbəli şəkildə sürüşərdik. Növbəti dəfə sürüşmək istəyəndə mən öz konkimi qardaşıma verərdim”.

Si Çin Pinin qazax xalqına da xüsusi məhəbbəti vardır. Bu sevginin tarixi çox qədimlərə gedib çıxır. Bu günlərdə Qazaxıstanda olarkən tanış olduğum bir əhvalatı sizlərlə bölüşmək istəyirəm.

Kazinform İA-nın xüsusi müxbiri yerli muzeylərin birində Si Çjunsyunun bir qazax ailəsi ilə olan şəklini görüb. Bu şəklin tarixçəsini araşdırıanda məlum olub ki, Çin prezidentinin inqilabçı atası Si Çjunsyun (1913-2002) 1950-ci ildə Çin Komunnist Partiyası Şimali Şərq bürosunun rəhbəri işləyərkən, Qansu vilayətinin də inikaşına nəzarət edib. Həmin dövrdə  əyalətdəki AKAU bürosunun rəhbəri olan qazax əsilli Saxidulla üç dəfə Si Çjunsyunun qəbulunda olub. Onların iş görüşmələri şəxsi dostluğa çevrilib.

1958-ci ildə tabeliyində olan əyalətlərdən birini yoxlamağa gedən Si Çjunsyun  nahar fasiləsi zamanı Saxidollanın rəhbər olduğu Aksay obasına  gəlir, dostlar birlikdə nahar etdikdən sonra  büro rəhbəri buradakı qazaxlar və Saxidullanın ailəsi ilə şəkil çəkdirir.

Qazax əsilli Saxidullanın 1958-ci ildə indiki Çin rəhbəri ilə çəkilən ailə şəkli barədə xəbər Qazaxıstanda yayılandan sonra 2012-ci ildə Çinin informasiya vasitələrində də yayılır. AKAU partiya komitəsi tarixçilərin iştirakı ilə araşdırmaya başlayır. Saxidollanın ailəsini tapırlar. 13 oktyabr 2013-cü ildə Saxidullanın 58 yaşlı oğlu Bakıt (həmin şəkildə Bakıt anasının qucağındadır) Çin dövlət başçısının anasının dəvəti ilə, Çin Xalq Respublikasının mərhum sədri Si Çjunsyunun 100 illik yubileyində iştirak edir. Çinin hazırkı dövlət rəhbərininin anası Si Çjunsyu xanıma isə qazax milli geyimini bağışlayır. Çin dövlətinin rəhbərinin anası həmin hadisələri xatırlayanda deyir ki, Si Çjunsyu ölməzdən əvvəl həyat yoldaşına Saxidullanın ailəsini tapıb güzəranları haqqında  öyrənmələrini xahiş edibmiş. 

 

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

Bazar ertəsi, 23 Yanvar 2023 17:00

Günün fotosu: Zanbaqlar günü qeyd edilib

Günün fotosu: Zanbaqlar günü qeyd edilib

 

Niderland zanbaqlar ölkəsi kimi tanınır və istirahət günündə bu ölkədə Zanbaqlar Günü qeyd edilib. 

Amsterdamdakı Muzey meydanında 200 000 zanbaq sərgilənib.

Foto: AP

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

 

Biz biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.

Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.

Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.

 

Con Maksvell. «Uğurlu insanlar necə düşünür».

Həm də korporativ inkişaf və şəxsiyyət məsələləri üzrə məşhur natiq olan bu motivasiya spikeri düzgün, məhsuldar düşüncə tərzinə malik olmağı uğur qazanmaq yolunda ən vacib şərt hesab edir.

Con Maksvel iddia edir ki, eqoist o şəxs deyil ki, özü barədə çox düşünür. Eqoist o şəxsdir ki, başqaları barədə az düşünür.

Onun aləmində düzgün düşüncə tərzinə malik olmağın bir neçə yolu var:

 - Çalışın ki, sizin sözlərinizlə işləriniz heç zaman ziddiyyət təşkil etməsin.

- Xırda hesab etdiyiniz hərəkətiniz başqalarına çox ağır təsir edə bilər. Çatılmış qaşlar əvəzinə gülümsəməyinizlə siz kiminsə gününü bayrama döndərə bilərsiniz.

 - Əksər insan odu odla söndürmək, ağrıya ağrıyla cavab verməyə meyilli olur. Amma incidilmiş adama cavab zərbəsi yetirmək, yerə yıxılanı vurmaq kimidir.

 - «Mumkünsüzdür» fakt deyil, rəydir. «Mümkünsüzdür» bəyanat deyil, çağırışdır. Potensialdır. Müvəqqəti haldır. Heç nədir!

 - Hər bir çətinlikdə imkanlar gizlənir. Və hər bir imkan da çətinlikdən keçir.

 - Uğurun ən əsas formulası insanlarla necə münasibət qurmağı bilməkdir.

- Ondan qorxmayın ki, həyatınız bitəcək. Ondan qorxun ki, o heç vaxt başlamayacaq.

 - Sabahkı uğurun ən qorxulu düşməni bugünkü uğurdur.

 - Saat 10-a kimi xoşagəlimli olsanız bütün gününüz yağ kimi gedər.  – Uğurlu və adi insanın fərqi onların uğursuzluğa münasibətindədir.

İstəkli oxucularıma onu da söyləyim ki, amerikalı kilsə xadimi, 24 kitab müəllifi Con Maksvell həm də dünyanın ən məşhur liderlik məsələləri üzrə ekspertlərindən biridir.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

 

Bazar ertəsi, 23 Yanvar 2023 16:30

Filarmoniyada abonement konsertlər davam edir

Ötən il Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən təşkil olunan abonement konsertlər cari ilin yanvarında da davam etdirilir.  Sözügedən konsertlər hər həftənin şənbə günləri saat 15:00-da Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında keçirilir. 

Belə ki, yanvarın 14-də F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu “Mahnı çələngi” adlı konserti ilə dinləyicilərin qarşısına çıxmışdı. Yanvarın 21-də isə Azərbaycan Dövlət Simli Kvartetinin Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konserti keçirildi. Yanvarın 28-də son abonement konsertində “Cadenza” orkestri məktəblilər üçün maraqlı proqram təqdim edəcək. 

Konsertlərdə iştirak etmək istəyənlər biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə edə bilərlər. Bir dəfə alınan abonement bileti ay ərzində təşkil olunan konsertlər üçün keçərlidir.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

Bazar ertəsi, 23 Yanvar 2023 16:00

“İnanıram” tamaşasının premyerası olub

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “İnanıram” adlı səhnə əsərinin premyerası olub. Teatrın mətbuat xidmətinin məlumatına görə, səhnə əsəri müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir. 

 

Qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək başına boy atmaqda olan bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. O, həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının çox bəhs etdiyi ağacı görmədən şəhid olur. Artıq qadının bu dünyada sadəcə bir sığınacağı var – yamacdakı tək ağac. Son dəfə o ağacı görmək və məhz burada intihar etmək üçün qadın işğaldan azad olunmuş yamaca qayıdır.

Tamaşa vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və şəhid analarına həsr edilib. Yazıçı-dramaturq Ülviyyə Heydərovanın “İnanıram” monopyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Sona Mustafayevadır. Səhnə əsərində ana obrazını teatrın istedadlı aktrisası Zemfira Əbdülsəmədova canlandırır. 

Xatırladaq ki, tamaşa 2022-ci ildə Mədəniyyət Nazirliyi və “teatro.az” sənət portalının “Şuşa İli”nə ithaf olunmuş II “4.4 Qısa Tamaşalar Festivalı”nda nümayiş etdirilərək ikinci yerə layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

Rəsm qalereyası: Rəfael Əsədov, “Köhnə Bakı”

Deyirlər, qabaq Bakının küçələrində daha çox əcnəbiyə rast gəlinirdi. Hara baxırdın ərəb, hindus, pakistanlı, iranlı görərdin. Həqiqətənmi pandemiya ölkəmizə gələn turistlərin sayını azaldıb?

 

Dövlət Statistika Komitəsinin məlumatına 

əsasən 2022-ci ildə Azərbaycana dünyanın 178 ölkəsindən 1602,3 min və ya əvvəlki illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Düzdür, 2019-cu illə müqayisədə turistlərin sayı azalıb, amma ötən illə müqayisədə 2 dəfə artıbsa, demək, artım davam edəcək. 

Bəs hardan daha çox turist qəbul edirik? 

Gəlin baxaq. Gələnlərin: 

 

-27,9 faizi Rusiya Federasiyası, 

-19,5 faizi Türkiyə, 

-10,6 faizi İran, 

-6,0 faizi Səudiyyə Ərəbistanı, 

-5,1 faizi Gürcüstan, 

-3,8 faizi Hindistan, 

-3,2 faizi Pakistan, 

-2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 

-1,9 faizi Qazaxıstan, 

-1,7 faizi Ukrayna, 

-1,6 faizi Özbəkistan, 

-1,5 faizi İsrail, 

-1,4 faizi Küveyt, 

-1,2 faizi Oman,

-1,2 faizi Belarus, 

-10,8 faizi digər ölkələrin vətəndaşları olmuşdur. 

 

Gələnlərin 74,8 faizini kişilər, 25,2 faizini qadınlar təşkil etmişdir.

2021-ci illə müqayisədə Omandan gələnlərin sayı 20,4 dəfə, Pakistandan - 17,5 dəfə, Səudiyyə Ərəbistanından - 10,9 dəfə, Hindistandan - 10,6 dəfə, Küveytdən - 9,9 dəfə, Özbəkistandan - 6,2 dəfə, Qazaxıstandan - 4,4 dəfə, İsraildən - 3,6 dəfə, ABŞ-dan - 2,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 2,4 dəfə, Almaniyadan - 2,4 dəfə, Fransadan - 2,1 dəfə, Böyük Britaniyadan - 1,9 dəfə, Rusiya Federasiyasından - 1,7 dəfə, Ukraynadan - 1,6 dəfə, Türkiyədən - 1,6 dəfə, İrandan - 36,0 faiz, Gürcüstandan - 31,2 faiz artmışdır.

2021-ci illə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 2,3 dəfə artaraq 357,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,1 dəfə artaraq 73,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 569,8 min nəfər olub.

2021-ci illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,5 dəfə artaraq 1489,5 min nəfər olub. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 3,1 dəfə, Gürcüstana gedənlərin sayı 1,7 dəfə, Türkiyəyə gedənlərin sayı 1,4 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 12,9 faiz artıb. Ölkə vətəndaşlarının 44,0 faizi Türkiyəyə, 18,0 faizi Rusiya Federasiyasına, 13,6 faizi İrana, 8,6 faizi Gürcüstana, 15,8 faizi digər ölkələrə səfər edib. Gedənlərin 64,2 faizini kişilər, 35,8 faizini qadınlar təşkil edib.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

Bazar ertəsi, 23 Yanvar 2023 14:30

Serenay 1.5 milyon qazandı

"Ailə" serialı ilə ekranlara qayıtmağa hazırlaşan aktrisa Serenay Sarıkaya yeni reklam təklifi alıb.

 

“Ədəbiyyat və incəsənət” Axşam.az-a istinadən xəbər verir ki, aktrisa məşhur şampun markalarından biri ilə 2 illik müqavilə imzalayıb.

Sarıkaya bunun müqabilində 1.5 milyon lirə qonorar alıb.

Qeyd edək ki, aktrisa 6 ildir ki "Mavi" brendinin simasi idi.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.