Super User

Super User

Çərşənbə, 25 Yanvar 2023 16:30

Qorxulu obrazına 30 min qaş istifadə edilib

 

Ən çox oxunan xəbər: Dünyaca məşhur reper Doca Kətin "Schiparelli" dəfiləsindəki görüntüsünün detalları məlum olub.

 

“Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, müzakirə yaradan obraz üçün 30 min "Swarovski" kristallardan istifadə edildiyi öyrənilib. D. Kətin hazırlanması isə ümumi 4 saat vaxt çəkib.

Qeyd edək ki, sosial şəbəkədə izləyicilərin əksəriyyəti reperin bu görüntüsünü qorxunc hesab etdiklərini bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2023)

 

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası artıq 45 gündür davam edir.

 

AzərTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, havanın şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçılarında yüksək əhval-ruhiyyə və fəallıq müşahidə olunur. 

Ekofəallar hər gün olduğu kimi, səhəri Dövlət Himinin səsləndirilməsi ilə açıb, vətənpərvər ruhda mahnılar ifa ediblər.

Aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər. 

Ekoaksiyanın keçirildiyi ərazi humanitar məqsədlərlə istifadə olunan avtomobillərin keçidi üçün tam açıqdır. 

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2023)

 

Azərbaycan Milli Xalça Muzeyində ilin ilk sərgisi - “Mədəni irsə yeni baxış” adlı sərgi açılıb. “Azərxalça” ASC, “AFFFAIR” və Azərbaycan Milli Xalça Muzeyinin birgə əməkdaşlığı, PAŞA Holding, “PAŞA Bank” və Kapital Bankın tərəfdaşlığı ilə baş tutan sərgidə nümayiş olunan beş müasir xalça nümunəsi muzeyə hədiyyə edilib. “Azərxalça” ASC və “AFFFAIR”-in birgə yaratdığı bu müasir xalça kolleksiyası Qarabağ zəfərinə həsr olunub. 

 

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovanın məlumatına görə, məqsəd xalçanın xalqımız üçün əsrlərdir dəyişilməyən çox qiymətli mənəvi irs olduğunu vurğulamaq, tarixi ənənələri müasir istiqamətlərdə yaşatmaqdır. 

“Tanınmış azərbaycanlı dizayner, “AFFFAIR”-in yaradıcı direktoru və təsisçisi Rüfət İsmayıl müasir modanı dünyada layiqlə təmsil edir. O həm də, yaratdığı geyim nümunələrində etnik mədəniyyəti, xalçalarımıza aid zəngin naxış elementlərini əks etdirir. Rüfət İsmayıl “Sumakh” kolleksiyası üzərində uzun zaman işləyərək, bu müddət ərzində Azərbaycan Milli Xalça Muzeyi ilə çalışmış, burada saxlanılan həm qədim, ənənəvi xalçalardan, həm də müasir peşəkar xalçaçı-rəssamların yaratdığı əsərlərdən ilhamlanıb. Sərgidə nümayiş edilən “Naxçıvan”, “Qarabağ”, “Açma-yumma” xalçaları muzeyimizdə qorunan eyniadlı xalçaların elementlərindən istifadə edilməklə yaradılıb. Əvvəlcə onlar “Sumakh” kolleksiyasına aid geyimlərin parçalarında əksini tapdı, daha sonra isə tekstildə istifadə olunan bu motivlər xalçaya qaytarıldı. 2020-ci ildə biz muzey olaraq çox maraqlı bir layihəni reallaşdırdıq. İki il sürən araşdırma nəticəsində qədim ənənəyə əsaslanan, boyanmamış yundan təbii, oxra çalarlarında 5 xalça ərsəyə gətirdik. Bunlar muzeyimizə hədiyyə edilən nadir xalça kompozisiyalarının replikaları idi. XVII əsrin sonu-XVIII əsrin əvvəlinə aid, Heydər Əliyev Fondu tərəfindən 2018-ci ildə muzeyimizə hədiyyə olunan “Naxçıvan” xalçası onlardan biri olmaqla Rüfət İsmayılı ilhamlandırmış və o da, eyni rəng çalarlarından istifadə etməklə xalçanın mərkəzi elementindən istifadə etmişdir. Sərgidə təqdim olunan “Naxçıvan” xalçası üzərində də bu element əksini tapmışdır. “Ovçuluq” adlı xalça isə “Bəndi-Rumi” bədii kompozisiyası və Xalq rəssamı Eldar Mikayılzadənin yeni “Şəki xalçaları” silsiləsinə aid “Şəbəkəli” xalçası əsasında ərsəyə gəlmişdir. 

Qeyd edim ki, Heydər Əliyev Fondunun dəstəyi ilə təqdimatı olan bu xalçalar hazırda Heydər Əliyev Mərkəzində sərgilənməkdədir. Nəhayət ziyarətçilər burada dünyanın ilk xalı nümunəsi olan “Pazırık” xalçasının mərkəzi elementləri üzərində işlənmiş müasir xalça nümunəsini də görə bilərlər. Muzeyə hədiyyə olunan bu dəyərli xalçalar tezliklə kolleksiyamızda öz yerlərini tutacaq. Sərgi fevralın 10-a kimi davam edəcək”, - deyə Şirin Məlikova qeyd edib.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2023)

 

Yanvarın 24-də Milli Məclisin Mədəniyyət komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib. 

 

AzərTAC xəbər verir ki, iclası açan komitənin sədri Qənirə Paşayeva qarşıdakı sessiyada deputatlara uğurlar diləyərək gündəlik barədə məlumat verib.

Gündəliyin birinci məsələsi olan Mədəniyyət komitəsinin 2022-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatını təqdim edən Qənirə Paşayeva diqqətə çatdırıb ki, ötən müddətdə komitənin 6 iclası keçirilib, 6 məsələyə baxılıb. Komitə sədri, həmçinin məlumat verib ki, payız sessiyası ərzində komitənin ünvanına daxil olmuş 681 müraciətə baxılıb və müvafiq tədbirlər görülüb. Eyni zamanda, payız sessiyası dövründə komitənin sədri tərəfindən 228 vətəndaş qəbul edilib.

İkinci məsələ olan Mədəniyyət komitəsinin 2023-cü ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi ilə bağlı komitə sədri bildirib ki, qarşıdakı sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanunvericilik aktlarına, digər sənədlərə baxılması və rəy verilməsi, aidiyyəti qurumlarla dinləmələrin keçirilməsi, habelə “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin müzakirəsi nəzərdə tutulub. Eyni zamanda, “Kinematoqrafiya haqqında” yeni qanun layihəsinin hazırlanması işi davam etdiriləcək.

Gündəliyin növbəti məsələləri olan 4 qanun layihəsi - “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Məlumat azadlığı haqqında”, “Nəşriyyat işi haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Telekommunikasiya haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Lotereyalar haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “Ovçuluq haqqında”, “Fövqəladə vəziyyət haqqında”, “Mühasibat uçotu haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi və “Yol hərəkəti haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”, “Torpaq bazarı haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Milli arxiv fondu haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Su təchizatı və tullantı suları haqqında” və “Taxıl haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı komitə sədri bildirib ki, layihələr bir-biri ilə bağlıdır. Belə ki, qanun layihələri “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar hazırlanıb və qeyd olunan qanunlarda bir sıra uyğunlaşdırma xarakterli düzəlişlərin edilməsini (“kütləvi informasiya vasitələri”, “teleradio” sözlərinin “media”, “televiziya və radio” sözləri ilə əvəz edilməsi kimi) nəzərdə tutur.

Müzakirələrdə deputatlar Nizami Cəfərov, Novruzəli Aslanov, Əziz Ələkbərov, Ülviyyə Ağayeva, Ülviyyə Həmzəyeva, Mixail Zabelin, Razi Nurullayev və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər. Deputatlar ötən payız sessiyasında komitənin səmərəli fəaliyyət göstərdiyini qeyd edib, qarşıdakı sessiyada komitənin iş planı və Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı təkliflərini səsləndiriblər.

İclasda Mədəniyyət komitəsinin 2022-ci ilin payız sessiyasında görülən işlər barədə hesabatı məqbul sayılıb, komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planı təsdiqlənib, müzakirə edilən qanun layihələri baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2023)

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, kino mühitinə yeni adlar qazandırmaq məqsədilə “Start - 2023” film layihəsi müsabiqəsini elan edir. 

Müsabiqə layihəsini təqdim edirik. 

 

 

“START 2023” FİLM LAYİHƏSİ MÜSABİQƏSİNİN REQLAMENTİ

 

MÜSABİQƏNİN MÖVZUSU

Müsabiqə “Azərbaycanfilm” kinostudiyasının fəaliyyətə başlamasının 100-cü ilinə həsr olunur.

Müsabiqə sərbəst mövzuda keçirilir. Müsabiqədə janr məhdudiyyəti yoxdur. Müsabiqədə debüt filmlərini çəkəcək (müraciət edilən kateqoriyada 1-ci və ya 2-ci film) rejissorlar iştirak edə bilərlər.

 

MÜSABİQƏNİN KATEQORİYALARI

Müsabiqə 2 kateqoriyada keçirilir:

Kateqoriya 1: Bədii film – tammetrajlı və ya qısametrajlı film

Kateqoriya 2: Qısametrajlı animasiya filmi (26 dəqiqəyə qədər)

 

MÜSABİQƏNİN MƏRHƏLƏLƏRİ

Müsabiqə aşağıdakı mərhələləri əhatə edir:

1-ci mərhələ - Layihələrin qəbulu (1 noyabr 2022 – 31 yanvar 2023)

2-ci mərhələ - Layihələrin dəyərləndirilməsi (1 fevral – 31 mart 2023)

3-cü mərhələ - Nəticələrin elan olunması (3-7 aprel 2023)

1-ci mərhələ - Layihələrin qəbulu

Müsabiqənin 1-ci mərhələsi kinostudiyanın nəzdində yaradılmış Ekspert Şurasının katibliyi tərəfindən həyata keçirilir.

Müsabiqəyə təqdim edilən sənədlərdə qüsurlar olmadığı halda film layihələri 2-ci mərhələdə iştirak hüququ əldə edir.

Layihələrin qəbulu 1 noyabr 2022 – 31 yanvar 2023-cü il tarixlərində nəzərdə tutulur.

2-ci mərhələ - Layihələrin dəyərləndirilməsi

Müsabiqənin 2-ci mərhələsində film layihələri kinostudiyanın nəzdində yaradılmış Ekspert Şurası tərəfindən qiymətləndirilir.

Layihələrin 1 fevral – 31 mart 2023-cü il tarixlərində dəyərləndirilməsi nəzərdə tutulur.

3-cü mərhələ - Nəticələrin elan olunması

Nəticələr 3-7 aprel 2023-cü il tarixlərində kinostudiyanın internet informasiya ehtiyatında (www.azerbaijanfilm.az), sosial şəbəkə profillərində və onlayn media vasitəsilə elan olunur.

 

MÜSABİQƏNİN ŞƏRTLƏRİ

Müsabiqənin 1-ci kateqoriyasında (tammetrajlı və qısametrajlı bədii film) filmoqrafiyasında audiovizual sahədə müəyyən işi olmuş (videoçarx, sənədli film, bədii film, animasiya filmi və s.) və bu istiqamətdə 1-ci və ya 2-ci filmini çəkmək üçün müraciət edən rejissorlar iştirak edə bilər. Müsabiqənin 2-ci kateqoriyasında (qısametrajlı animasiya filmi) bu istiqamətdə 1-ci və ya 2-ci filmini çəkmək üçün müraciət edən rejissorlar iştirak edə bilər. Müraciətlər xarici film istehsalı şirkətləri və fondları, həmçinin yerli maliyyə mənbələri ilə müştərək şəkildə təqdim edilə bilər. Bu halda müştərəklik müqaviləsi və layihənin maliyyələşməsi sənədləri təqdim edilməlidir. Müsabiqədə qalib gəlmiş layihələrin ssenarisi üzərində təkmilləşdirmə işi yalnız Ekspert Şurasının rəyi və kinostudiya direktorunun əmri ilə aparıla bilər. Bu halda müraciət edən rejissor/prodüserin və ya kinostudiya rəhbərliyinin təklif etdiyi yeni müəllif layihəyə qoşula bilər. Hər müəllif hər kateqoriyada yalnız bir layihə ilə müsabiqədə iştirak edə bilər.

Təqdim edilməli olan sənədlər paketinə aşağıdakılar daxildir:

* filmin müraciət forması

* filmin layihəsi - loqlayn, sinopsis, tritment (əgər varsa), ssenari. Ssenari beynəlxalq yazılış formatına uyğun olmalıdır: font (şrift): Courier (Courier new) / Şriftin ölçüsü: 12. Tam ssenarisi göndərilməyən müraciətlər nəzərə alınmayacaq;

* filmin ssenari faylında müəllifin və ssenarinin adı ilk səhifədə yer almalı, digər səhifələrdə göstərilməməlidir. Obyektivliyi təmin etmək üçün ssenarilər kodlaşdırılmış adlarla Ekspert Şurasına təqdim olunacaq.

* rejissor şərhi (1 səhifəyə qədər);

* prodüser şərhi (əgər prodüser varsa) (1 səhifəyə qədər) ;

* müəlliflərin şəxsiyyət vəsiqələrinin (xarici vətəndaşlar üçün daimi yaşayış icazələrinin) surəti;

* Ssenarinin müəllifə aid olduğu haqqında Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyindən alınmış müvafiq sənədin surəti;

* Ssenari müsabiqəyə müraciət edən rejissora / ssenaristə / prodüserə və ya hər hansı başqa bir müəllifə (müəlliflərə) aid ola bilər. Əgər ssenari müəllifi rejissordan fərqlidirsə, ssenari müəllifinin rejissora müsabiqədə bu ssenari ilə iştirak etməsinə icazə verməsi haqqında müvafiq icazə məktubu tələb olunur;

* layihənin təxmini büdcəsi;

* filmin istehsal təqvimi - quruluş planı;

* müştərək layihə olduğu halda maliyyələşdirilməni əks etdirən sənədlər (müqavilə, zəmanət məktubu və s.);

* sponsorluq müqaviləsi (müştərək film kimi yerli və beynəlxalq sponsorlar tərəfindən də maliyyələşdiyi halda);

* müəlliflərin CV-ləri (rejissor, ssenarist, prodüser);

* Bütün sənədlər PDF formatında olmalıdır.

* Ssenari və digər sənədlər Azərbaycan dilində təqdim olunmalıdır;

 

MÜKAFATLAR:

Qalib müəlliflər diplomla mükafatlandırılır. Hər kateqoriyada birinci yerin qalibi olmuş layihələrin onu təqdim edən rejissor tərəfindən “Azərbaycanfilm” kinostudyasında istehsal olunması nəzərdə tutulur. Müsabiqədə qalib gələn müəlliflərlə müqavilə bağlanılır və müqavilədə hüquq və öhdəliklər əks olunur. Ekspert Şurasının apardığı müzakirələr məxfi saxlanılır. Müsabiqəyə təqdim olunan layihələrin müəlliflik hüquqları ilə bağlı sonradan yarana biləcək hər hansı mübahisəli məsələyə görə rəhbərlik və Ekspert Şurası məsuliyyət daşımır.

Müsabiqəyə təqdim olunan sənədlər 1 noyabr 2022 – 31 yanvar 2023-cü il tarixlərində Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. poçt ünvanına elektron qaydada göndərilməlidir. Müsabiqəyə son müraciət tarixi Bakı vaxtı ilə 2023-cü il 31 yanvar 00:00-da bitir. Bu tarixdən gec göndərilmiş müraciətlər etibarsız hesab edilir. Elektron poçt vasitəsilə müraciətlər yalnız “Müsabiqə” başlığı altında göndərilməlidir. Müsabiqənin sənəd qəbulu qaydasının hər hansı bir bəndinə uyğun olmayan müraciət barədə müraciət edən tərəf e-mail vasitəsi ilə məlumatlandırılır. Bundan sonra sənədlər müraciət edən tərəfindən qaydalara uğun şəkildə yenidən göndərilmədikdə həmin müraciət edən müsabiqədə iştirak hüququnu itirmiş hesab olunur və bu hallarla bağlı heç bir apellyasiya müraciətinə baxılmır. Müsabiqə ilə bağlı təşkilati işlər kinostudiyanın ictimaiyyətlə əlaqələr və marketinq şöbəsi tərəfindən həyata keçirilir.

 

Əlavə məlumat üçün:

Telefon: (012) 430-87-84 / 85;

Həftənin iş günləri saat 10:00-17:00;

E-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2023)

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzi – ölkədə peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi istiqamətində ingilis, rus, türk, alman, fransız, ispan, portuqal, italyan, polyak, macar, isveç, niderland, yunan, fin, gürcü, ivrit, ərəb, fars, yapon, çin, hind və digər dillər üzrə keçirdiyi seçim turlarına qeydiyyatı davam etdirir. 

Mərkəzin məlumatına görə, turlar ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq və digər sahələr üzrə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin şifahi və yazılı imtahanı və sertifikatlaşdırılması əsasında aparılır.

Turlarda iştirak üçün şəxsiyyət vəsiqəsinin surəti və CV-lər bu ilin mart ayının 31-dək mərkəzin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.   ünvanına göndərilə, yaxud kağız formatında Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi 27/121A; AZ1033 ünvanına təqdim edilə bilər.

Qeyd edək ki, mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və tərcümə sahəsi qeyd olunmalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2023)

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən İstanbulda Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə “Yıldız sarayı foto kolleksiyasında XIX əsr Türk dünyasının mədəni irsi” adlı sərgi təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, sərgidə Osmanlı Sultanı II Əbdülhəmid dönəmində çəkilən və Türk dünyasının mədəni irsini ehtiva edən Yıldız kolleksiyasından 75 fotoşəkil nümayiş edilib. Yıldız kolleksiyası dünyanın ən zəngin foto arxivlərindən biridir və ümumilikdə 918 albomdan, 36 min 585 fotoşəkildən ibarətdir.

Səmərqənddən Ədirnəyədək uzanan coğrafiyalardakı çoxəsrlik memarlıq nümunələrini əks etdirən fotoşəkillərin arasında, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunmuş Səmərqənd, Buxara, Hokand, Xivəyə aid maddi-mədəni abidələr, Bakıdakı Şirvanşahlar Sarayı, Anadoluda inşa olunmuş ilk məscid Qars Əbu Mənuçöhr Camisi, Türküstanın Xoca Əhməd Yasəvi türbəsi, İstanbul, Konya, Aşqabad və digər şəhərlərə məxsus abidələr yer alır.

Tədbirin rəsmi hissəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanladığı məktub oxunub. Məktubda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqlarının mədəni-mənəvi dəyərlərinin qorunması, dünyada tanıdılması və gələcək nəsillərə ötürülməsi istiqamətində geniş miqyaslı fəaliyyəti yüksək qiymətləndirilib. Sərginin türk dövlətləri arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyi vurğulanıb.

Sərgidə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva son bir əsr ərzində Türkiyənin təqdirəlayiq inkişaf yolu qət etməsindən, həyatın bütün sahələrində sürətlə irəliləməsindən söz açıb. Günay Əfəndiyeva bildirib ki, qazandığı çoxsaylı nailiyyətlər, meydana gəlmiş çətinliklər, maneələr qarşısında daima nümayiş etdirdiyi dik duruş Türkiyənin beynəlxalq aləmdə nüfuzlu və qüdrətli bir ölkə kimi tanınmasına səbəb olmuşdur. Fondun prezidenti Türkiyənin suveren Türk dövlətləri ilə mövcud qardaşlıq münasibətlərinə toxunaraq, ölkənin Türk dünyasında da böyük rəğbət sahibi olmasına diqqəti çəkib: “Türkiyənin uğurları müstəqil Türk dövlətlərindən tutmuş, tarixən müxtəlif səbəblərdən Türk coğrafiyasından ayrı düşmüş ən kiçik, azsaylı türk xalqlarını da sevindirir, qürurlandırır və birlik, həmrəylik içərisində parlaq gələcəyə ruhlandırır”.

Günay Əfəndiyeva sərginin əhəmiyyətini vurğulayaraq qeyd edib: “Bu foto kolleksiya mədəniyyətin və incəsənətin xilasedici gücünə bütün qəlbi ilə inanan, bu il vəfatının 105-ci ilində yad edilən Sultan II Əbdülhəmidin incə ruhunun nişanəsidir. 623 illik görkəmli Osmanlı səltənətinin çağdaş dövrdə sürətlə yüksələn Türkiyə Cümhuriyyəti ilə qovuşmasıdır. Yeni bir yüzilliyə qədəm qoyarkən keçmişin xeyir-duasının alınmasıdır. Bu foto kolleksiya Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun üzv və müşahidəçi ölkələrinin əsrarəngiz şəhərlərinə zərif bir baxışdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstanın ta qədimi dövrlərdən inkişaf etmiş şəhərsalma mədəniyyətinin bariz sübutu, nəcib göstəricisidir. Türk dünyasına məxsus memarlıq nümunələrinin fərqli xüsusiyyətlərinin kəşf olunması və eyni zamanda, mədəni irsin yaşadılmasıdır”.

Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Özgül Özkan Yavuz tədbirdə çıxış edərək, yarandığı gündən etibarən Fondun prioritet istiqamətləri üzrə mühüm layihələr həyata keçirdiyini bildirib. Nazir müavini fotoqrafiya sənətinin Sultan II. Əbdülhəmidin hakimiyyəti dönəmində qızıl dövrünü yaşadığına diqqəti çəkərək, qeyd edib: “Yıldız Sarayı dünyanın müxtəlif ölkələrinin mədəni irsini əks etdirən böyük bir foto kolleksiyaya malikdir. Biz də Mədəniyyət və Turizm Nazirliyi olaraq, bu arxivin təbliği və tədqiqi yönündə aparılan işləri dəstəkləyirik”. Özgül Özkan Yavuz türk dövlətlərinin ortaq mədəni irsi haqqında məlumatlılığın son dərəcə vacib olduğunu nəzərə çatdıraraq, vurğulayıb: “Türk xalqlarının mədəniyyətini və incəsənətini sərgiləyən tədbirlərinin təşkilini yüksək qiymətləndiririk”.

Sərginin açılışında çıxış edən Milli Saraylar Başqanlığının sədr müavini Adnan Qayhan bildirib ki, Yıldız foto kolleksiyası qədim Osmanlı İmperiyası və dünya haqqında bilgi mənbəyi olmaqla yanaşı, həm də Türk xalqları üçün dəyərli bir xəzinə və bəşəriyyətə məxsus mədəni irsdir. Adnan Qayhan, sərginin Türk İslam sivilizasiyasının, əsrlər boyu yaşadılmış ortaq tarix, dil, din, mədəni dəyərlər və adət-ənənələrin daha ətraflı öyrənilməsində önəmli rolunu vurğulayıb.

Tədbirdə, həmçinin Türkiyə Prezidentinin baş müşaviri Fecir Alptekin, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocaman, TÜRKSOY-un Baş Katibinin müavini Bilal Çakıcı, Türkiyənin Memar Sinan Universitetinin rektoru Handan İnci Elçi, Qazaxıstanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Yerkebulan Sapiyev, Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva, Qırğızıstanın İstanbul Konsulu Lira Sıdıkova, Özbəkistanın Milli İrs Agentliyinin rəhbəri Bahodır Abdıkərimov və onun başçılığı altındakı nümayəndə heyəti, Macar Mədəniyyət Mərkəzinin direktoru Gabor Fodor, diasporanın, ictimaiyyətin və medianın təmsilçiləri iştirak ediblər.

Qonaqlara Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunan “Osmanlı arxivlərində türk mədəni irsi” kitabı təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2023)

 

2023-cü ilin “Heydər Əliyev ili” çərçivəsində Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü, Türkiyənin Polşadakı səfirliyi və Lodz şəhərindəki fəxri konsulluğunun dəstəyi ilə Azərbaycanın Əməkdar artisti, məşhur pianoçu İslam Manafov və ölkəmizin tanınmış gənc musiqiçilərindən olan, beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadənin iştirakı ilə konsert proqramı təşkil edilib. 

 

AzərTAC xəbər verir ki, Qrajina və Keystut Batseviçlər adına Lodz Musiqi Akademiyasının konsert zalında baş tutan konsertdə azərbaycanlı, türk və polyak bəstəkarların əsərlərindən nümunələr səsləndirilib. Konsertdə Lodz şəhərinin akademik, incəsənət və biznes dairələrinin üzvləri və KİV nümayəndələri, həmçinin Azərbaycan və türk diasporlarının nümayəndələri iştirak ediblər.

Konsertdə çıxış edən səfir Nərgiz Qurbanova Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyini qeyd edib. O, konsert proqramının ömrünü doğma vətəninə, xalqına xidmətə həsr etmiş Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin yüzillik yubileyinə həsr olunduğunu, onun 1990-cı illərin əvvəllərində Azərbaycan xalqını uğurla müstəqilliyə apardığını və müasir Azərbaycanın tərəqqi və çiçəklənmə yolu ilə inamla irəliləməsinin Heydər Əliyevin ömürlük missiyasının təntənəsi hesab olunduğunu söyləyib. N.Qurbanova Roma Papası, əslən polyak II İohan Pavelin dahi şəxsiyyət barədə sözlərini xatırladıb: “Müstəqil Azərbaycan Respublikası son bir neçə ildə görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə dünya birliyində öz layiqli yerini tutmuşdur. Azərbaycanda hüquqi dövlət quruculuğunda aparılan bütün işləri, iqtisadi islahatların uğurla həyata keçirilməsini izləyir və dəstəkləyirəm”. 

Səfir, həmçinin cari ildə Azərbaycan operasının 115 illiyinin qeyd olunduğu, Azərbaycanda opera sənətinin əsası 1908-ci ildə “Leyli və Məcnun” operası ilə qoyulduğu, bu operanın təkcə ölkəmizdə deyil, müsəlman Şərqində ilk opera olduğu barədə məlumat verib. Bu möhtəşəm sənət əsərinin müəllifinin Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyli olduğunu, onun Azərbaycan musiqisini Avropa kompozisiyalarının yeni janr və formaları ilə zənginləşdirdiyini, Azərbaycan və Şərq musiqisinin yeni estetik perspektivlərini açdığını bildirib. N.Qurbanova 2023-cü ildə, həmçinin dahi bəstəkarın ölümünün 75-ci ildönümünün qeyd edildiyini də əlavə edib.

Konsert proqramı barədə Polşanın TVP 3 kanalında reportaj yayımlanıb.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2023)

Millət vəkili Cavanşir Feyziyev yazır

 

Davos İqtisadi Forumu dünyanın əksər ölkələrindən dövlət və hökumət başçılarının, eləcə də transmilli şirkət rəhbərlərinin iştirak etdiyi maraqlı və çox faydalı bir qlobal ünsiyyət platformasıdır. Qloballaşma prosesləri fonunda Davos İqtisadi Forumunun əhəmiyyəti də ildən-ilə artmaqdadır.

Forum ölkələrin beynəlxalq iqtisadi sistemə inteqrasiya proseslərində yeni və çox istiqamətli qarşılıqlı əməkdaşlığı stimullaşdırır və dünya miqyasında qarşılıqlı iqtisadi əlaqələrin möhkəmləndirilməsinə böyük töhfələr verir. Lakin Forumun əhəmiyyəti bunlarla məhdudlaşmır. Aydındır ki, heç bir iqtisadiyyat qapalı, təcrid olunmuş şəkildə inkişaf edə bilməz. Müasir dövrdə milli iqtisadiyyatlar digər ölkələrin iqtisadiyyatları ilə, eləcə də beynəlxalq iqtisadi qurumlarla qarşılıqlı əməkdaşlıq sayəsində inkişaf edə bilər. Bu isə öz növbəsində qarşılıqlı əməkdaşlığın daha geniş spektrini, o cümlədən beynəlxalq səviyyədə dövlətlərarası siyasi münasibətləri stimullaşdırır. Bu proseslərdə siyasətsiz iqtisadiyyat mövcud deyil. Ona görə də Davos Forumunun adı iqtisadi forum olsa da, bu platformada həm də siyasətdə öz yerini tutur. Prezident İlham Əliyevin keçən həftə ərzində Davos Forumu çərçivəsində keçirdiyi çoxsaylı görüşlər bir daha bunu sübut edir.

Davos Forumu çərçivəsində Azərbaycan Prezidentinin keçirdiyi bütün ikitərəfli görüşlərin mövzusu ölkə və bölgə miqyaslı iqtisadi layihələr və təşəbbüslərlə bağlı oldu. Lakin bu layihələrin həyata keçirilməsi üçün ölkəmizdə, eləcə də yerləşdiyimiz Cənubi Qafqaz bölgəsində siyasi vəziyyət də təhlil olunmalıdır. Odur ki, Davos İqtisadi Forumu bütün iştirakçılar, xüsusilə də Azərbaycan üçün bölgəmizdə və ölkəmizdə baş verən hadisələrin mahiyyətinin doğru-düzgün təqdimatı baxımından həm də böyük siyasi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bəzi erməni politoloqlar hökumət başçısı Paşinyanın Davos Forumunda iştirak etməməsini Azərbaycanla rəqabətdə növbəti məğlubiyyət kimi qiymətləndirirlər. Onlar Davosda keçirilmiş daha əvvəlki forumların birində Əliyev–Paşinyan debatını xatırladır və bunun ermənilər üçün biabırçılıq olduğunu etiraf edirlər. 

Builki Davos Forumunda Ermənistan təmsil olunmasa da, onun bölgədə apardığı destruktiv siyasət tədbir çərçivəsində keçirilən və Prezident Əliyevin iştirak etdiyi müxtəlif iclaslarda obyektiv qiymətini aldı. Son bir ayda Laçın–Xankəndi yolunda ekofəalların keçirdikləri dinc etiraz aksiyası ilə bağlı Ermənistanın bütün beynəlxalq platformalarda Azərbaycana qarşı apardığı yalan və böhtan kampaniyası Prezident İlham Əliyev tərəfindən ifşa olundu.

Lakin Davos Forumunun ölkəmiz üçün əhəmiyyəti bununla məhdudlaşmır. Forum çərçivəsində dövlətimizin başçısı bir sıra transmilli şirkətlərin və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlər keçirdi. Prezidentin Forum çərçivəsində 19 yanvar tarixində keçirilmiş “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasındakı çıxışı isə bütövlükdə Avrasiya miqyasında çoxtərəfli qlobal əməkdaşlığın perspektivlərini əhatə etdi.

Prezident İlham Əliyev çıxışında alternativ layihələrlə müqayisədə Orta Dəhlizin yaratdığı üstünlükləri ətraflı şərh etdi. Bütün iştirakçı dövlətlər üçün əlverişli əməkdaşlıq imkanları vəd edən Orta Dəhlizin reallığa çevrilməsi üçün Azərbaycan tərəfindən son onilliklər ərzində aparılmış davamlı siyasəti və həyata keçirilmiş uğurlu regional layihələri xatırladan Prezident ölkəmizin bu istiqamətdə daha böyük əməkdaşlıq potensialına malik olduğunu vurğuladı. Məhz Azərbaycanın ərsəyə gətirdiyi infrastruktur layihələri nəticəsində Şərq-Qərb istiqamətində tranzit imkanlarının kifayət qədər şaxələndiyini və nəticədə Avropanın davamlı enerji təchizatı üçün güclü zəmin yaradıldığını qeyd edən ölkə başçısı bildirdi ki, o, Orta Dəhlizin çoxsaylı ölkələr arasında yüksək təminatlı sülh və əməkdaşlıq amilinə çevrilməsini labüd və zəruri hesab edir.

Orta Dəhliz layihəsinin siyasi üstünlükləri ilə iqtisadi perspektivlərini bir arada şərh edən Prezident İlham Əliyev dəhliz boyunca yerləşən ölkələrdən biri kimi, Azərbaycanın bu layihəyə qata biləcəyi əlavə dəyərlərdən də danışdı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan bu layihələrdə tranzit ölkə statusunu möhkəmləndirməklə yanaşı, həm də özünün ixrac potensialını əsaslı dərəcədə artırmaq imkanlarına malikdir. Azərbaycan ərazisində, həm quruda və həm də dənizdə istehsal olunması nəzərdə tutulan yaşıl enerji ehtiyatlarının 200 qiqavata yaxın olduğunu qeyd edən Prezident Forumun iştirakçılarını bu innovativ sahədə əməkdaşlığa dəvət etdi. Keçən ilin iyul ayında Aİ ilə imzalanmış strateji əməkdaşlıq haqqında memorandumu, dekabr ayında isə yaşıl enerjinin nəqli üçün Gürcüstandan Rumıniyaya sualtı kabel xəttinin çəkilməsi ilə bağlı Aİ-nın iştirakı ilə Buxarestdə imzalanmış strateji əməkdaşlıq müqaviləsini xatırladan İlham Əliyev ölkəmizin yeni əməkdaşlıq istiqamətlərində əldə etdiyi uğurları beynəlxalq auditoriyanın diqqətinə çatdırdı.

“Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda keçirilmiş panel iclasındakı çıxışında Prezident Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində ölkəmiz tərəfindən aparılan sülh siyasətinin mahiyyətini də ətraflı şərh etdi. Prezident İlham Əliyev beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan sülh sazişinin imzalanmasında maraqlı olduğunu və bu sülhün bütün region ölkələrinin sabit və davamlı inkişafına böyük töhfələr verə biləcəyini qeyd etdi. Lakin Ermənistan tərəfindən sülh prosesinin sabotaj olunmasını və bunun Orta Dəhliz kimi qlobal əhəmiyyətli layihələrin həyata keçməsi üçün maneə yaratdığını bildirən dövlətimizin başçısı Ermənistanın apardığı destruktiv siyasətin iç üzünü açıb göstərdi. Prezident İlham Əliyev Cənubi Qafqaz bölgəsində davamlı sülhün təmin olunması üçün Azərbaycan, Ermənistan və Gürcüstan arasında üçtərəfli əməkdaşlığın da vacibliyini panel iştirakçılarının diqqətinə çatdırdı.

Və panel müzakirələrində Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş bütün fikirlər Azərbaycanın Orta Dəhliz layihəsinin həyata keçirilməsində əvəzedilməz rolunu bütün dünyaya bəyan etdi.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2023)

Çərşənbə, 25 Yanvar 2023 15:30

Sibel Can 50 milyon qazanacaq

Türkiyəli müğənni Sibel Can bu il ard-arda konsert proqramları ilə çıxış edəcək.

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, Antalyada yerləşən oteldə 11 və fərqli şəhərlərdə də 8 konsert verəcək.

S.Can çıxışlarından ümumilikdə 50 milyon lirə qazanacaq.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.