Super User

Super User

Bakı Dövlət Sirki inanılmaz bir tamaşa ilə sirksevərləri sevindirəcək. Bütün fəsillərdə olduğu kimi, yaz aylarında da öz fəaliyyətini yaddaqalan etməyi düşünən sirkimizdə mart ayının 1-dən başlayaraq “DZİVA” adlı beynəlxalq sirk proqramı nümayiş olunacaq. Proqram aprel ayının 30-dək davam edəcək. 

 

“DZİVA” adlı sirk proqramının süjet xəttinin əsasını heyvanların - şir və pələnglərin şousu təşkil edəcək. Digər heyvanlardan itlərin də çıxışlarına xüsusi yer veriləcək. Dünyanın ən tanınmış klounlarının da çıxışı proqramı unudulmaz edəcək. 

Bundan başqa, hava gimnastlarının qeyri-adi fərdi və kollektiv fəndləri, halqa şousu, dünyaşöhrətli janqlyorun, akrobatların sirkin manejində kollektiv çıxışları kimi digər nömrələr də göstəriləcək. Proqramın təşkilatçısı azərbaycanlı sirk ustası Allahverdi İsrafilovdur. 

Qeyd edək ki, proqramda dünya sirk sənətinin aparıcı janrlarına xüsusi yer verilib.

 

Biletləri şəhərin bütün kassalarından və İticket.az saytından onlayn əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2023)

Dünyaşöhrətli pianoçu, SSRİ və Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəylinin 75 illiyi münasibətilə Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli musiqiçinin yubiley konserti olub.

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən  xəbər verir ki, tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova yubilyarın həyat və yaradıcılığından söz açıb. 

Qeyd edilib ki, Fərhad Bədəlbəyli Qarabağla sıx bağlı olan böyük yaradıcı nəslin davamçısıdır. Ötən əsrlərdə Cənubi Qafqazın musiqi və mədəniyyət diyarı olan Qarabağ, Şuşa şəhəri Azərbaycan incəsənəti və musiqisi tarixində silinməz iz qoymuş görkəmli şəxsiyyətlər yetirib. Onların sırasında yer alan Bədəlbəylilər nəsli təkcə Qarabağın deyil, bütünlükdə Azərbaycanın mədəni və ictimai həyatında önəmli rol oynayıb. Fərhad Bədəlbəylinin babası Bədəl bəy görkəmli pedaqoq və maarifçi, əmisi Əfrasiyab Bədəlbəyli bəstəkar və dirijor, atası Şəmsi Bədəlbəyli isə tanınmış rejissor və aktyor olub. Belə yaradıcı mühitdə dünyaya göz açan Fərhad Bədəlbəyli də həyatını musiqi ilə sıx bağlayıb. 

Diqqətə çatdırılıb ki, 1991-ci ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru olan, eləcə də pedaqoji fəaliyyətlə məşğul olan görkəmli musiqiçi Azərbaycanın mədəni-ictimai həyatında xüsusi çəkiyə malik şəxsiyyətlərdəndir. Qəbələ Beynəlxalq Musiqi Festivalının dünya miqyasında tanınan mədəni tədbirə çevrilməsində Fərhad Bədəlbəylinin xidməti böyükdür. Ötən il Vyana şəhərində təşkil olunmuş “Odlar Yurdunun sədaları“ beynəlxalq musiqi festivalının münsiflər heyətinə fəxri sədrlik edən F.Bədəlbəyli Azərbaycan musiqisinin Avropada təbliği və gənc istedadların üzə çıxarılmasına töhfə verib. 

Sonra Fərhad Bədəlbəyliyə həsr olunmuş sənədli videoçarxlar nümayiş olunub.

Tədbirin bədii hissəsində yubilyar Fərhad Bədəlbəyli beynəlxalq müsabiqələr laureatı Dennis Həsənov (skripka) və Mariya Şebzukova (soprano) ilə birlikdə klassik konsert proqramı təqdim edib. Konsertdə bəstəkarlar Qara Qarayev, Cövdət Haciyev, Mixail Qlinka, Yohannes Brams və digər bəstəkarların əsərləri səsləndirilib. F.Bədəlbəylinin bəstələdiyi “Ave Maria“ və “Dəniz“ əsərləri, Tofiq Quliyevin “Qaytağı” fortepiano pyesi xüsusi maraqla və rəğbətlə qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2023)

Cümə, 27 Yanvar 2023 21:00

Bazar günü YARAT-da

YARAT yenə də maraqlı layihələri ilə sevindirir. Yanvar ayı ərzində mütəmadi  “Little YARAT” layihə çərçivəsində ustad dərsləri təşkil olunub. 

 

“Evim” adlı ustad dərsləri yanvarın 15-dən start götürüb. Ustad dərsinin iştirakçıları öz evlərinin xarici görüşünü təhlil ediblər,  xatirələrini canlandıraraq onu kağız üzərində boyalarla çəkiblər. 

Yanvarın 22-də mövzu “Günəş sistemi” olub. Ustad dərsində ilk növbədə iştirakçılar Günəş sistemi ilə tanış olublar, daha sonra planetlərin çalarlarını təhlil edib, onları müxtəlif texnikalarla təsvir ediblər. 

Bazar günü - yanvarın 29-da isə mövzu “Saat neçədir?” olacaq. İştirakçılar, gün ərzində zamanı necə idarə etdiklərini və hansı fəaliyyətlər ilə məşğul olduqlarını əks etdirən karton saat yaradacaqlar.

Ustad dərsi 4-7, 8-12 yaşarası uşaqlar arasında keçirilir.

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2023)

Yanvarın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Cüzeppe Verdinin “Traviata” operası nümayiş olunacaq.

Tamaşanı müasir dövrün ən məşhur dirijorlarından olan Korneliya fon Kerssenbrok (şəkildə) idarə edəcək.

 

İtalyan bəstəkar Cüzeppe Verdinin “Kameliyalı Qadın” (A.Düma) əsərinin motivləri əsasında bəstələdiyi "Traviata" operası həyatın məngənəsində yolunu azmış gənc Violetta ilə, ona aşiq olan Alfredonun eşq uğrunda apardığı mübarizədən bəhs edir. 

Dünyanın opera teatrlarında ən çox səhnələşdirilən əsərlərdən biri olan və sonu bədbəxtliklə bitən sevgi hekayəsində əsas rolları Xalq artistləri Əvəz Abdulla, Əkrəm Poladov, Əli Əsgərov, Əməkdar artistlər Azər Zadə, İnarə Babayeva, Səbinə Vahabzadə, Tural Ağasıyev, aparıcı solistlər Mahir Tağızadə və Nina Makarova canlandıracaq. 

Tamaşanın xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Biletlər teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iTicket.az saytından əldə etmək olar.

İnanılmaz zövq alacağımız şübhəsizdir.

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2023)

Türk ölkələrindən Azərbaycana dəvət olunmuş gənc yazarların iştirakı ilə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən çap olunmuş "Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına"  kitabının təqdimatı mərasimi “Azərkitab” kitab təbliğatı mərkəzində baş tutacaq və mərasimə qatılan hər bir şəxsə kitab hədiyyə olunacaq. 

 

“Ədəbiyyat və incəsənət” bildirir ki, tədbir yanvarın 28-də, saat 15:00-də baş tutacaq. “Azərkitab” kitab təbliğatı mərkəzinin ünvanını xatırladırıq: Bakı, Atatürk prospekti , A. Salamzadə küçəsi, 65 B (Gənclik metrosundan Ayna Sultanova istiqamətində gedən yolda yerləşən"Zivella" mebel evinin arxası).

Tədbirin Proqramı:

1. Kitabın təqdimatı;

2.Müzakirələr;

3.Təltiflər.

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2023)

Ötən il Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən təşkil olunan abonement konsertlər cari ilin yanvarında da davam etdirilir.  Sözügedən konsertlər hər həftənin şənbə günləri saat 15:00-da Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında keçirilir. 

 

Belə ki, yanvarın 14-də F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu “Mahnı çələngi” adlı konserti ilə dinləyicilərin qarşısına çıxmışdı. Yanvarın 21-də Azərbaycan Dövlət Simli Kvartetinin Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konserti keçirildi. Sabah - yanvarın 28-də isə son abonement konsertində “Cadenza” orkestri məktəblilər üçün maraqlı proqram təqdim edəcək. 

Konsertlərdə iştirak etmək istəyənlər biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə edə bilərlər. Bir dəfə alınan abonement bileti ay ərzində təşkil olunan konsertlər üçün keçərlidir.

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2023)

Cümə, 27 Yanvar 2023 16:00

Pantomim Teatrının fevral repertuarı

Azərbaycan Dövlət Pantomim Teatrının fevral repertuarını təqdim edirik:

Ayın 4-də “Son ştrix”, 5-də “Mən və Mən”, 11-də “Manqurt”, 12-də “Kişilər və qadınlar” tamaşaları göstəriləcək.

Bundan başqa, fevralın18-də “Dejavü”, 19-da “Yük”, 25-də “Adsız”, 26-da isə “Manqurt” tamaşaları nümayiş etdiriləcək. 

Səhnə əsərləri müvafiq olaraq saat 18:00-da təqdim olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2023)

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının fevral repertuarını təqdim edirik:

 

1 fevral – “Eşq və Ölüm” baleti 

4 fevral – “Riqqletto” operası, “Leyli və Məcnun” baleti 

5 fevral – “Don Kixot” baleti 

8 fevral – “Əsli və Kərəm” operası 

11 fevral – “Din Kixot” baleti 

12 fevral – “Zoluşka” operası 

15 fevral – “Arşın mal alan” musiqili komediyası 

18 fevral – “Min bir gecə” baleti 

19 fevral – “Aleko” operası 

22 fevral – “Nəsimi” baleti 

25 fevral “Aida” operası

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2023)

Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində “Bəxtiyar” musiqili komediyası yenidən tamaşaçıların ixtiyarına veriləcək. Görkəmli  bəstəkar Tofiq Quliyevin musiqiləri əsasında ilk dəfə səhnəyə qoyulan tamaşa Akademik Musiqili Teatrın baş rejissoru Cavid İmamverdiyevin quruluşunda səhnələşdirilib. Tamaşa SSRİ Xalq artisti Rəşid Behbudovun həyat və yaradıcılığını özündə əks etdirən “Bəxtiyar” filminin motivləri əsasında hazırlanıb.

 

Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rəqslərin quruluşçusu Elvira Əzizova, rejissor assistenti Zaur Əliyevdir.

Tamaşa üçün biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2023)

Azərbaycan Dövlət “Yuğ” Teatrında bu gün  "Toy dəstgahı” tamaşasının premyerasıdır. 

Tamaşa C.Məmmədquluzadənin “Çay dəstgahı” alleqorik pyesi əsasında hazırlanıb. 

 

Tamaşanın quruluşçu rejissoru Günay Səttardır. Milli adət-ənənələrin, ritualların vurğulandığı “Toy dəstgahı”nın janrı ambivalent artefaz kimi təyin edilib. 

Tamaşada aktyorlar Vüqar Hacıyev, Təranə Ocaqverdiyeva, Amid Qasımov, Elşən Əsgərov, Günəş Tegin, Elgün Həmidov və Nigar Mürsəlova çıxış edir.

Qeyd edək ki, səhnə əsəri A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasında nümayiş olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.