Çiçəklərin çəkir gözü intizar… Featured

MƏDƏNİYYƏT NAZİRLİYİNDƏ AKİF İSLAMZADƏ İLƏ GÖRÜŞ KEÇİRİLİB

 

Təkrarsəz səsi, gözəl ifası ilə yaddaşlarda qaldı Akif İslamzadə. Baxmayaraq ki, uzun illərdir səsini itirib və daha oxumur….

 

Avqustun 8-də Mədəniyyət Nazirliyində Azərbaycan estrada sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Akif İslamzadə ilə görüş keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Adil Kərimli həmin gün 75 yaşı tamam olan Akif İslamzadəni yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və uzun ömür arzulayıb. Sonra sənətkara Mədəniyyət Nazirliyinin Fəxri diplomu təqdim olunub.

Qeyd edilib ki, Akif İslamzadə ifa üslubu ilə Azərbaycan estrada sənətinin inkişafına, ifaçılıq məktəbinin zənginləşməsinə töhfələr verib. Estrada ifaçılıq sənəti ilə bərabər, xalq mahnılarımızın da ifasında özünəməxsus üslubunu, dəst-xəttini yaradan müğənni xalqın böyük sevgisini qazanıb. Bu gün gənc nəsil müğənnilər onun da ifaçılıq ənənələrindən bəhrələnirlər. Musiqiçi ailəsində dünyaya gələn müğənni milli musiqi ənənələrimizə sadiqliyi ilə hər zaman nümunə olub. Mahnı ifaçılığında özünəməxsus yeri olan Akif İslamzadənin səsində lentə alınan nəğmələr bu gün də sevə-sevə dinlənilir, müğənnilərin repertuarında yer alır.

Akif İslamzadə fəaliyyətinə göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.

Görüşdə musiqi sənətimizin inkişafı və klassik estrada ənənələrinin yaşadılması ilə bağlı fikir mübadiləsi aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.