Super User
Lənkəranda, Qusarda və İsmayıllıda teatr rüzgarı əsdi
Mədəniyyət Nazirliyi bölgələrə teatr bayramını necə yaşatdı
Yeni təyin olunan mədəniyyət naziri
Adil Kərimli paytaxtda fəaliyyət göstərən bir sıra teatrların və musiqi kollektivlərinin bölgələrə qastrol səfərlərinin vacibliyini vurğulayanda və onun tövsiyyəsindən sonra bu iş təşkil olunanda, düzü, səmərəlilik, effektivlik baxımından nəyəsə nail olunacağı inandırıcı görünmürdü. Çoxu əlini yelləyib “əşi, rayon yerində kimdir e, teatra gedən” deyib də bu təşəbbüsə ağız büzmüşdü. Amma bir baxın, bölgələrdə əsl teatr bayramı düzənlənib. İnsanlar teatrlara axışırlar.
“Ədəbiyyat və incəsənət” portalı sizlərə Lənkəran, Qusar və İsmayıllıdakı teatr bayramlarından söz açacaq. Öncə isə zəruri bir qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan, 22 və 24 aprel tarixlərini əhatə edən qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır. Ən əsası, teatrı yaşatmaq, populyarlaşdırmaqdır.
Layihə “Heydər Əliyev İli”nə və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinə həsr olunub.
LƏNKƏRAN
Azərbaycan Dövlət Akademik Dram Teatrının heyəti “Danışan gəlincik” tamaşası ilə aprelin 24-də Lənkəran Dövlət Dram Teatrında teatrsevərlərin qarşısına çıxdı.
Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış “Danışan gəlincik” birhissəli musiqili nağıl-tamaşa əməkdar artist Loğman Kərimovun quruluşunda təqdim olunurdu.
Kiçik yaşlı uşaqlar və aşağı sinif şagirdləri üçün nəzərdə tutulan tamaşaya uşaqlarıa birgə valideyinlər də böyük maraq ilə tamaşa edirdilər. Tamaşa rəngarəng tərtibat ilə, al-əlvan geyimlərlə, cəlbedici rejissor yozumuyla, baxımlı aktyor oyunu ilə və oynaq musiqisi ilə tamaşaçıları sonadək cəlb edə bildi.
QUSAR
Azərbaycan Dövlət Kukla Teatrı isə həmin gün Qusara səfər etdi. Kuklaçılar Qusar Dövlət Ləzgi Dram Teatrının binasında sənətsevərlərə “Məlikməmməd” tamaşasını nümayiş etdirdilər.
Sənət ocağının repertuarındakı bu maraqlı tamaşa eyniadlı Azərbaycan xalq nağılı əsasında hazırlanıb. Bu nağılı biıməyən azərbaycanlı, əlbəttə ki, çətin tapılar.
Tamaşanın əsas ideyası uşaq və yeniyetmələrə cəsarət, dürüstlük və mübarizlik aşılamaqdır. Axı Məlikməmməd məşhur nağıl personajı cəngavərlik nümunəsidir. Divdən sehirli almaları qorumağı bacaran bu milli qəhrəmanımız Spaydermənlərə, Betmənlərə meydan oxumaq gücündədir.
Rejissor klassik nağılı İkinci Qarabağ müharibəsi, tarixi zəfərimiz ilə əlaqələndirməklə ona fərqli prizmadan baxmağa, dövrümüzün real qəhrəmanları və hadisələri ilə bağlamağa nail olub.
Birhissəli uşaq tamaşasının səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir.
Musiqi tərtibatlı tamaşa ənənəvi kukla üslubunda olsa da quruluşçular orada müasir uşaqlar üçün maraqlı olan elementləri daxil ediblər. Anşlaqla keçən tamaşa maraqla qarşılandı. Burda da seyrçilər arasında uşaqlarla yanaşı böyüklər də az deyildi.
İSMAYILLI
Azərbaycan Dövlət Pantomim Teatrı isə aprelin 24-də İsmayıllı şəhərinə səfər etdi.
Pantomimçilər ismayıllılı teatrsevərlərə repertuarlarındakı maraqlı və baxımlı səhnə nümunələrindən biri olan “Pantomim buketi” tamaşasını nümayiş etdirdilər.
Peşəkar pantomimçilərin ifasında bundan öncə də yerli və beynəlxalq festivallarda uğurla təmsil olunan sözügedən tamaşanı teatrsevərlər alqışlarla qarşıladılar.
Tamaşaya baxan İsmayıllı rayon rəhbərliyi teatrın kollektivinə təşəkkür etdi, teatrın bu gəlişinin rayon teatrsevərləri üçün əsl bayrama çevrildiyini vurğuladı.
Beləcə, üç bölgə eyni gündə bayram ovqatına bürünmüşdü. Belə bayramlar, inşallah, çox olacaq.
“Ədəbiyyat və incəsənət”
(26.04.2023)
“Əbədi ömrün yüz ili” kitabı çap olunub
Azərbaycan Yazıçılar Birliyinin Heydər Əliyevin yüz illiyinə həsr olunmuş “Əbədi ömrün yüz ili” kitabı nəşr olunub.
Nəşrin layihə rəhbəri və tərtibçiləri AYB mətbuat katibi Xəyal Rza və AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, redaktoru Dürdanə Hüseynovadır.
Elçin Hüseynbəylinin “Ədəbiyyat və incəsənət” portalına verdiyi açıqlamaya görə, kitabda Heydər Əliyev haqqında tanınmış söz adamlarının bədii-publisistik məqalələri, esse və xatirələri yer alıb.
Azərbaycan Yazıçılar Birliyinin üzvü olan müəlliflərin əksəriyyəti bu böyük və müdrik insanı şəxsən tanıyıb, onunla yaxından təmasda olublar. Ona görə də, bu kitab Heydər Əliyevi yaxından tanımaq, ölkəmiz qarşısındakı misilsiz xidmətlərini daha dərindən anlamaq üçün qiymətlidir və dəyərli mənbədir.
TEAS-PRESS Nəşriyyatında nəfis şəkildə nəşr edilmiş 468 səhifəlik kitabın yaxın günlərdə geniş ictimaiyyət üçün təqdimatı nəzərdə tutulur.
Elçin Hüseynbəylinin açıqlamasına görə, bu
təqdimatlardan biri may ayının 5-də Qubada Azərbaycan Ədəbiyyat
Fondunun təşkilatçılılığı ilə keçiriləcək Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” forumunda baş tutacaq.
“Ədəbiyyat və incəsənət”
(26.04.2023)
Milli Muğam Müsabiqəsində bu gün ikinci tur keçiriləcək
Bu gün Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə bütün ölkə üzrə keçirilən Milli Muğam müsabiqəsinin ikinci turu keçiriləcək. Dünən birinci tura yekun vurulub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Milli Konservatoriyasında düzənlən birinci seçim turlarının dünənki -
növbəti mərhələsində əvvəlcə instrumental ifaçılıq üzrə dinləmələr keçirilib. Sözügedən kateqoriya üzrə 8 nəfər ifaçı səhnəyə çıxıb.
Səhnəyə dəvət olunan müsabiqə iştirakçıları Bayraməli Əliyev, Çingiz Əliyev, Samir Əsədli, Aişə Əmrahova, Hüseynağa Səmədov, Soltan Nadirov, Vaqif Təhməzov və Solmaz Rəhimovanın ifaları dinlənilib. Ümumilikdə ifaçılara 2 saat 30 dəqiqə vaxt ayrılıb.
Onları münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, Xalq artistləri Fəxrəddin Dadaşov, Möhlət Müslümov, Əməkdar artistlər Şirzad Fətəliyev, Çinarə Heydərova qiymətləndiriblər.
İnstrumental ifaçılıq kateqoriyası üzrə dinləmələrdən sonra günün ikinci yarısında xanəndəlik kateqoriyası üzrə dinləmələrə başlanılacaq.
Turun ikinci günündə 8-i instrumental ifaçılıq, 10 –u isə xanəndəlik üzrə olmaqla 18 ifaçı səhnəyə çıxıb.
Qeyd edək ki, müsabiqənin ilk günündə 9-u instrumental, 10 –u isə xanəndəlik üzrə olmaqla 19 iştirakçı dinlənilib.
Qeyd edək ki, Milli Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilir. Musiqi yarışmasına yaşı 18-dən 35-dək olan xanəndə və instrumental ifaçılar müraciət edib. Müraciət etmiş şəxslərin ilkin seçim turlarından sonra müsabiqəyə 38 nəfər vəsiqə qazanıb. 38 iştirakçıdan 20-si xanəndəlik, 18-i isə instrumental ifaçılıq üzrə yarışır. Aprelin 30-da müsabiqənin yekun konserti olacaq. Xanəndə və instrumental kateqoriyalarında 1, 2 və 3-cü yerin hər bir qalibi müvafiq olaraq 7 000, 5 000 və 3 000 AZN mükafat qazanacaq.
Milli Muğam Müsabiqəsinin qalibləri-xanəndə və instrumental ifa üzrə birinci yeri tutan iştirakçılar ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(26.04.2023)
Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçirilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 5 nömrəli Uşaq İncəsənət Məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Muğam dünyamıza səyahət” adlı konsert təşkil olunub.
Tədbirin açılışında Azərbaycan muğamı haqqında məlumat verilib. Bildirilib ki, muğam dünya musiqi xəzinəsinin incisidir. Dünyada mövcud olan musiqi janrlarından fərqli olaraq, muğam bir çox xalqların milli-mədəni irsinin formalaşmasında və bugünkü dövrə qədər gəlib çatmasında mühüm rol oynayır.
Sonra musiqi nömrələri başlayıb.
Konsertdə məktəbin xanəndə ixtisası üzrə müəllimləri Təranə Musayeva və Fərhad Ramazanov “Şur dəstgahı”, “Dilkəş təsnifi” ilə çıxış ediblər. Onları tarda Vüqar Təhməzov, kamançada isə Zaur Zamanzadə müşayiət ediblər.
“Ədəbiyyat və incəsənət”
(26.04.2023)
Məmməd İsmayıl Şeir Yarışmasının mükafatları açıqlandı - 1-ci yer 5000 TL
"Güfte Edebiyat" Beynəlxalq Prof. Dr. Məmməd İsmayıl Şeir Yarışmasının mükafatları elan edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına yarışmanın münsiflərindən olan Aysel Xanlarqızı Səfərli məlumat verib.
1. Beynəlxalq Prof. Dr. Məmməd İsmayıl şeir yarışması ildə bir dəfə elan edilən tarixlərdə "Güfte Edebuyat" mədəniyyət, sənət və ədəbiyyat dərgisi tərəfindən türk dünyasının böyük şairi Prof. Dr. Məmməd İsmayıl adına böyük şairin də fikir dünyasının bünövrəsi olan ortaq mədəniyyət və incəsənət bağlarının gücləndirilməsi məqsədi ilə təşkil olunur.
2. Yarışmaya tərdim ediləcək əsərlərin dili türkcədir.
3.Şeirlər vəznli və ya vəznsiz ola bilər.
4. Hər bir iştirakçı ancaq bir şeirlə təmsil oluna bilər.
5. Mövzu sərbəstdir.
6. Əsərlər ən çox 2 A4 həcmində olmalıdır.
7. Təqdim olunan əsər əvvəllər heç yerdə dərc olunmamalıdır. Əks halda, yer tutsa da, nəticəsi ləğv ediləcək.
8. Əsərlər sağ üst küncündə ləqəb yazılmış halda təqdim olunmalıdır.
9. İstirakçılar adının, soyadının, tərcümeyi-halının, ünvanının, ləqəbinin, telefon nömrəsinin və fotosunun olduğu sənədi təqdim etməlidir.
10. Əsərlər kompüterdə, Times New Roman, 12 ölçüsündə və 1.0 sətir aralığında yazılmış olmalıdır.
11. Yarışmaya təqdim olunan əsərlər geri qaytarılmayacaq və müəllif hüquqları "Güfte edebiyyat" da olacaq.
12. Şərtnamədə qeyd olunmamış məqamlarla əlaqədar yaranan fikir ayrılıqlarında təşkilat komitəsinin qərarları əsasdır.
Münsiflər heyəti
Seçim:
1. Fikret Yazıcıoğlu 2. İdris Gürdal 3. Mehmet Özcan Yasdıbaş 4. Rabie Ruşid 5. Ülviyye Ebulfezqızı
Final:
1. Prof. Dr. Abdullah Şengül 2. Talat Ülker 3. Celalettin Kurt 4. Ali Saçıkara 5. Sündüs Arslan Akça 6. Mahmut Hasgül 7. Aysel Xanlarqızı Seferli
Yarışma təqvimi:
Elan: 24 aprel 2023
Son qəbul: 15 oktyabr 2023
Seçim: 15 oktyabr-5 noyabr 2023
Final: 5 noyabr-5 dekabr 2023
Nəticələrin açıqlanması: 10 dekabr 2023
Mükafatlandırma mərasimi: 24 dekabr 2023
Mükafat:
1-ci yer: 5000 TL
2-ci yer: 3000 TL
3-cü yer: 2000 TL
Həvəsləndirici mükafat: 1000 TL
Müraciət:
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
“Ədəbiyyat və incəsənət”
(25.04.2023)
Türk dünyası rəssamları Daşkənddə festivalda bir araya gəliblər
Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov Özbəkistan Rəssamlıq Akademiyasının qızıl medalı ilə təltif edilib
Özbəkistanda Beynəlxalq Təsviri və Tətbiqi Sənət Festivalı keçirilib.
AzərTAC xəbər verir ki, Kəmaləddin Behzad adına Özbəkistan Rəssamlıq Akademiyası və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un birgə təşkil etdiyi festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, eləcə də Macarıstan, Cənubi Koreya, Rusiya, Belarus və digər ölkələrdən rəssamlar iştirak ediblər.
Azərbaycandan festivala Xalq rəssamları Sakit Məmmədov, Arif Əziz və tanınmış fırça ustası Fikrət İbrahimli qatılıblar.
Festival çərçivəsində Daşkənddə iştirakçı rəssamların əsərlərindən ibarət sərgi açılıb.
Həmçinin Türk dünyası rəssamlarının toplantısı keçirilib. Toplantıda Türk Dünyası Rəssamlıq Akademiyasının təsis olunması barədə qərar qəbul edilib.
Tədbirdə rəssamlara TÜRKSOY-un sertifikatları və Özbəkistan Rəssamlıq Akademiyasının mükafatları təqdim olunub.
Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov təsviri sənət sahəsində səmərəli fəaliyyətinə görə Özbəkistan Rəssamlıq Akademiyasının qızıl medalı ilə təltif edilib.
Rəssam festivala dəvətə və yaradıcılığına göstərilən diqqətə görə TÜRKSOY-un baş katibi Sultan Raevə və Özbəkistan Rəssamlıq Akademiyasının prezidenti Akmal Nureddinova təşəkkürünü bildirib.
“Ədəbiyyat və incəsənət”
(25.04.2023)
Milli rəqslərimiz İsveçdə beynəlxalq festivallarda tanıdılıb
Azərbaycan milli rəqsləri İsveç paytaxtında keçirilən beynəlxalq festivallarda nümayiş etdirilib.
AzərTAC-ın xüsusi müxbiri xəbər verir ki, SAF- İsveç Azərbaycan birliyin nəzdində fəaliyyət göstərən və bu ölkədə yaşayan gənc həmvətənlərimizdən ibarət “Qarabağ” rəqs qrupu, paytaxt Stokholm şəhərində keçirilən iki böyük festivallarına çıxış edib.
"TUF" Türk Gənclər Federasiyanın tərəfindən təşkil olunan ilk festival Türkiyənin Milli Suverenlik və Uşaq Bayramına həsr olunub. İkinci festival isə IBN RUSHD İsveç Tədqiqat Birliyin tərəfindən müqəddəs Ramazan bayramı münasibəti ilə təşkil olunub.
Bir çox yerli ictimaiyyət nümayəndələrinin, siyasətçilərin və müxtəlif ölkələri təmsil edən iştirakçılarının qatıldığı festivallar çərçivəsində Azərbaycan mədəniyyətini də nümayiş etdirmək üçün “Qarabağ” milli rəqs qrupu çıxış edərək, “Şuşanın dağları” və “Naz eləmə” rəqsləri ilə yadda qalan çıxış ediblər. Böyük marağa səbəb olan “Qarabağ” rəqs qrupunun gənc rəqqasları hədiyyələrə layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(25.04.2023)
Rəsm qalereyası: Vinsent Van Qoq, “Tunc gülqabında çiçəklər”
"Mən vətənəm" kitabı Gədəbəy rayon Heydər Əliyev mərkəzində təqdim olunub
Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Cəbhədən cəmiyyətə" Müharibə iştirakçısı yazarlarla səngər yoldaşlarının görüşləri adlı layihə çərçivəsində 44 günlük Vətən müharibəsi iştirakçısı olan yazarların müxtəlif janr və məzmunlu yaradıcılıq örnəklərindən ibarət yeni nəşr olunmuş kitabın Gədəbəy rayon Heydər Əliyev mərkəzində təqdimatı keçirilib.
Bu barədə “Ədəbiyyat və incəsənət” pprtalına layihə rəhbəri, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar məlumat verib. Tədbirdə Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü, şair Elşən Əzim, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, şair Elməddin Nicat, Vətən müharibəsi iştirakçısı, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Həsən Kür, rayon İcra Hakimiyyətinin nümayəndələri, Vətən müharibəsi iştirakçıları, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov açaraq, vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsini təklif edib. Daha sonra fikrini davam etdirən Pərviz Bayramov kitabın əhəmiyyətini, ümumiyyətlə layihənin vətənpərvərliyin təbliği istiqamətində önəmli əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonra söz layihənin rəhbəri şair, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşara verilib. İntiqam Yaşar layihə və kitab haqqında, Dünya Gənc Türk Yazarlar Birliyinin fəaliyyəti haqqında geniş məlumat verərək tədbirin təşkil edilməsinin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Təqdimatı təşkil olunan kitabın aktuallığı, kitabda yer alan Vətən müharibəsi iştirakçısı olan yazarların yazılarının xüsusi əhəmiyyətə malik olduğu qeyd olunub.
Daha sonra şair, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü Elşən Əzim, şair, Vətən müharibəsi iştirakçısı və kitabda şeirləri yer alan Həsən Kür, Gədəbəy rayon İcra Hakimiyyətinin nümayəndəsi Qədir Bağırov, Gədəbəy rayon Dövlət arxivinin müdiri Rüfət İmanquliyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşı Cavid Dumanlı, Heydər Əliyev Mərkəzinin əməkdaşı
Sevər Tağıyeva, Vətən məüharibeləsi iştirakçısı, qazi Etibar Əliyev, Vətən müharibəsi iştirakçısı, qazi Elnur Sarıyev və başqaları kitab haqqında çıxış edərək kitabdakı şeir və hekayələrin bədii xüsusiyyətlərindən, gənclər üçün faydasından söz açıblar.
Çıxışlardan sonra məktəblilərin ifasında "Mən Vətənəm" kitabından ayrı-ayrı qazi şairlərin şeirlərindən parçalar səsləndirilib.
Tədbirə dəvət olunmuş Vətən müharibəsi iştirakçılarının cəbhə ilə bağlı təəsürüatları, gənclərə tövsiyələri dinlənilib. Yekunda müzakirələrdə aktiv iştirak edən iştirakçılar diplomlarla təltif edilib. Tədbirə xatirə şəkli çəkilməklə yekun vurulub.
“Ədəbiyyat və incəsənət”
(25.04.2023)
Günün fotosu: Əcnəbilər Sudanı tərk edir
Günün fotosu: Əcnəbilər Sudanı tərk edir
Sudanda əcnəbilərin ölkəni tərk etmələri intensivləşib. Buna səbəb ölkədə baş verən silahlı çevrilişdən sonra ordu ilə xüsusi təyinatlıların sülhə gələ bilməməsi və atəşin kəsilməməsidir. Bazar ertəsi Səüdiyyə Ərəbistanının burada missiya həyata keçirən 157 vətəndaşı ölkəni tərk edib.
Foto: Marwan Ali/Copyright 2023 The AP. All rights reserved. Euronews
“Ədəbiyyat və incəsənət”
(25.04.2023)