Super User
Fuad Axundov çox maraqlı adamdır
“Ədəbiyyat və incəsənət” portalının daimi müəllifi Elman Eldaroğlu bu dəfə kulturoloq Fuad Axundov barədə bizlərə bilgilər verir
Bəli, Fuad Axundov çox maraqlı adamdır. Bakının keçmişi haqqında zəngin məlumatı var…
Deyir ki:- “İlk opera müğənnisi Şövkət Məmmədova Avropada təhsil almaq üçün Hacı Zeynalabdin Tağıyevə müraciət edir və maddi dəstək alır. Amma təhsilini bitirməyə az qalmış Hacı onu maddi yardımdan məhrum edir. Səbəbi isə Şövkət xanımın Milanda oxuyanda mühəndis Yakov Lyubarskiylə eşq yaşaması olur. Hacı da;- “Səni ora bunun üçün göndərməmişdim” - deyib maddi yardımını kəsir. Amma Üzeyir bəyin təşkil etdiyi benefisdə, gənc xanımın - Şövkətin konsertlərində iştirak edir və ona qərənfillərlə dolu səbət göndərirdi. Bütün bunlar qoçuların səhnəyə güllə atdığı, papağı üçün ayrıca bilet aldığı zamanda baş verirdi...”
Fuad Axundov 1968-ci ildə dünyaya gəlib. Orta təhsilini başa vurandan sonra, 1986-1988-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət göstərib. 1989-1990-cı illərdə Bakı şəhərində Respublika Narkoloji Dispanserində xəstəxana işçisi kimi çalışıb. 1992-ci ildə Norveçin Oslo şəhərindəki yay məktəbində təhsil alıb. 1992-1993-cü illərdə Bakıda 189 saylı məktəbdə rus dili və ədəbiyyatı və ingilis dilini tədris edib. 1993-cü ildən 2006-cı ilə qədər İnterpolun Milli Mərkəzi Bürosunun əməkdaşı, polisin baş leytenantı olub və s..
Pərvin adlı bir jurnalist xanım “525-ci qəzet”də yazır ki;- “Fuad Axundov qadın üçün məhrumiyyətlərin var olduğu bir mühitdən, zəmanədən danışanda ilk heykəltaraş Zivər Məmmədovanın adını xüsusi qeyd edir. Üzeyir bəyin heykəli yadınızdadırmı? Konservatoriya önündə əyləşmiş dahiyə uşaqlığımdan baxıram... Hamımız baxırıq. Müəllifi də heykəltəraş Tokay Məmmədovdur, Zivər xanımın oğludur. Və Fuad Axundov Zivər xanımın fotoları vasitəsiylə açıqlayır ki, Üzeyir bəyi oturan yerdə “heykəlləşdirmək” ideyası ona məxsus imiş. Sadəcə çoxlarının qadına inamı olmadığı üçün bu ideyanı Tokay Məmmədov gerçəkləşdirə bilib. Və bunun özündə də xalqımıza xas əbədi bir xasiyyət, yanaşma var. Sənətində yarada bilməyən qadınlar, övladlarını YARADIBlar, onların yetişməsi, böyüməsi üçün çalışıblar…”
Bəli, Fuad Axundov həm də məzmunlu adamdır. Tez-tez fərqli layihələr həyata keçirərək məktəblilərlə, o cümlədən müxtəlif kateqoriyaya aid olan insanlarla görüşür. Bir də görürsən ki, Bakı küçələrində bir qrup insanı ətrafına toplayıb nədənsə söhbət edir…
Yeri gəlmişkən, mayın 14-də, axşam saat 8-də, Opera studiyasında Fuad Axundovun yaradıcılıq gecəsi keçiriləcək. “Bakı sevgi hekayələrində” adlandığı bu tədbirdə iştirakınız yubiliyara gözəl hədiyyə olar. Axı bir neçə gün öncə Fuad bəy 55 yaşını qeyd edib.
“Ədəbiyyat və incəsənət”
(26.04.2023)
Bu gün “Arşın mal alan” Opera və Balet Teatrının səhnəsində nümayiş olunacaq
Bu gün Opera və Balet Teatrının səhnəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası nümayiş olunacaq.
Səhnə əsərində əsas rolları Əməkdar artist Fatimə Cəfərzadə və aparıcı solist Atəş Qarayev canlandıracaq.
Digər rollarda Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Cahangir Qurbanov, Gülüstan Əliyeva, Tural Ağasıyev, Səbinə Vahabzadə və xor artisti Sadiq Məlikovdur.
Rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev olan səhnə əsəri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunacaq.
Biletləri teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(26.04.2023)
Adı olub, özü olmayan məktəb psixoloqları
“Ədəbiyyat və incəsənət” portalı “Aktual mövzular” rubrikasında bu dəfə gənc oğlanların ailə həyatı qurmağı hansı səbəbdən ləngitmələri barədə danışacaq. Rubrikanı Kənan Məmmədli aparır. Bu dəfə mövzumuz məktəblərdəki psixoloq ştatında əyləşənlərdir. Onların bəziləri həqiqətən də psixoloqluq edir, yeni yetişən nəslə dəstək olmağa çalışır. Bəziləri isə yalnız maaşdan maaşa gözə görünür.
Hamımıza açıq-aşkar məlumdur ki, Azərbaycanda adı olub, özü olmayan bir çox ştatlar var. Bunlardan biri də məktəb psixoloqlarıdır. Ölkədə elə məktəblər var ki, orada bu vəzifəni icra edən şəxslərin adları yalnız kağız üzərində gedir. Lakin elə məktəblər də var ki, bu sahə üzrə çalışan psixoloqlar var, amma onların fəaliyyəti sıfıra bərabərdir.
Məktəb psixoloqları əslində hansı işləri görməli, hansı proseslərdə iştirak etməlidir?
Psixoloq Fərqanə Mehmanqızı bildirir ki, məktəb psixoloqları direktor müavini səviyyəsində olmalıdır.
"Psixoloq istədiyi vaxt siniflərə girib müəllimlərin dərs zamanı psixoloji vəziyyətinə, uşaqlarla münaibətinə baxmalı, uşaqların müəllimlə, sinif yoldaşları ilə rəftarlarında müşahidələr aparmalıdır. Bunları izləməli, qeyd etməli, protokollaşdırmalıdır. Uşaqların öz aralarında və ya uşaqlarla müəllim arasında insident yaranarsa, bunu öz üzərinə götürməli, kömək etməlidir. Psixoloq bütün kollektivin ruh halını nəzərə alan bir insandır. Amma bəzi valideynlər var ki, bundan istifadə edirlər. Hər bir şeyi məktəbin, psixoloqun üzərinə yıxırlar. Psixoloq tərbiyyəçi deyil. O, porblemi görməli və valideyni, müəllimi, direktoru xəbərdar etməlidir. Əgər problem onu aşarsa, valideyni və şagirdi psixoloq, psixiatr yanına yönləndirməlidir. Bütün məktəblərin psixoloqu olmalı, valideynlər daimi psixoloqla kontaktda olmalıdırlar. Eləcə də valideyn iclaslarında digər müəllimlər kimi psixoloqlar da iştirak etməlidir. Bir neçə ay ərzində apardıqları müşahidələri valideynlərlə bölüşməlidirlər".
“Ədəbiyyat və incəsənət”
(25.04.2023)
“İndi “sexovşik”dən tutmuş polis rəisinə qədər kimin istəyirsən, “pyesi” teatra ayaq açıb” – Yasin Qarayev
Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Yasin Qarayevlə müsahibə 14.05.1998 tarixində götürülüb.
“ƏN BÖYÜK REJİSSOR ALLAHIN ÖZÜDÜR”
Mən onu uşaqlıqda “Komediyalar aləminə səyahət”, “Səhər görüşləri” və digər televiziya proqramlarındakı şən, baməzə, komik obrazlarından tanıyırdım. Yadımdadır ki, Gənc Tamaşaçılar Teatrı Süleyman Sani Axundovun unudulmaz “Tamahkar” komediyası ilə kəndimizə qastrola gəlmişdi. Bu komediyada Yasin Qarayevin oynadığı qulluqçu Qulu rolu tamaşaçılarda böyük rəğbət doğururdu. Öz ağasına sədaqətli, namuslu, dürüst adam olan Qulu haqsız ittihamlara tuş gəlir, ağa tərəfindən evdən qovulur, amma finalda yenə də ağasına dəstək durur, onun evindən pulların oğurlanmasına mane olurdu.
Özünün dediyinə görə, Yasin eyni münasibəti bütün varlığı ilə bağlı olduğu teatrdan da görüb. O bütün həyatını teatra həsr edib, əvəzində ana teatrdan özünə etinaszlıq görüb. Lakin, bu, istedadlı aktyorun teatra olan məhəbbətinə kölgə sala bilməyib.
Müsahibimiz Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist, sevimli sənətkarımız Yasin Qarayevdir.
-Sizin 70-ci illərdəki çıxışlarınız o qədər parlaq, gözqamaşdırıcı idi ki, çoxları Əlağa Ağayev və ya Hüseynağa Sadıqov kimi bir komik olacağınızı gözləyirdi. Sizcə, buna nail ola bilmisinizmi?
-(könülsüz) Yox... Sizin dediyiniz vaxtdan sonra teatrımızın binası 12 illiyə təmirə bağlandı. Biz o vaxt ona nail olduq ki, teatr özü bağlanmadı. Sonra “Muskomediya” da eyni duruma düşdü. Amma onlar teatrı saxlaya bilmədilər: Səyavuş getdi Dram Teatrına; Hacıbaba öz teatrını yaratdı, Nəsibə xanım səhhəti ilə bağlı səhnədən uzaqlaşdı.
-Deyirlər, Nəsibə xanım sizin kurs yoldaşınız olub...
-(canlanır) Olub. O vaxt İncəsənət İnstitutunun rektoru Rahib Əliyev istəyirdi ki, Nəsibə xanım Musiqili komediya fakültəsinə rəhbərlik etsin. Buna görə ona diplom vermək istəyirdi. 1967-73-cü illərdə Nəsibə xanım mənimlə bir kursda oxuyub.
-O illərdən yadınızda nə qalıb?
-Elmi kommunizmdən dövlət imtahanı verirdik. Bizdən daha çox Nəsibə xanım həyəcan keçirirdi. İnsafən, belə fənlərə görə Nəsibə xanıma əziyyət verməzdilər. O özü nəsə cavab vermək istəyirdi. Rəşidə adlı bir qız var idi, ondan kitabı alıb verdim Nəsibə xanıma ki, biletin cavablarına baxsın. Nəsibə xanım institutu bitirəndən sonra məni gətirdi Musiqili Komediya Teatrına. O vaxt yaxşı səsim var idi. Şəmsi Bədəlbəyli və Tofiq Quliyevi görəndə məni bir qorxu bürüdü “Üzüyümün qaşı füruzədəndir” mahnısını oxumalı idim, oxuya bilmədim. Şəmsi müəllim məni xora götürmək istədi, razı olmadım. Gəldim Gənc Tamaşaçılar Teatrına.
-Nə vaxtsa, bu teatrı tərk etmək fikriniz olubmu?
-İki il əvvəl Səyavuş Aslan məni Musiqili Komediya Teatrına dəvət etdi. Getmədim. Hara gedim? Axı, mən ömrümün 25 ilini bu teatrda keçirmişəm. Ömürdən pay olmaz, axı (siqaret çıxarıb yandırır). Dərdimi təzələdin. Fikirləşirəm ki, bu 25 ildə Ağakişi mənə nə verdi?
-Bəyəm Ağakişi Kazımov 25 ildir ki, sizin teatrda rejissorluq edir?
-Yox, o, teatrın pis vaxtlarında aradan çıxıb, hər şey yoluna düşəndə yenidən qayıdıb.
-Sizə rol verməyib?
- Verib, sadəcə onun hazırladığı tamaşalar məni qane etmir. Mənim bu teatrda ilk rolum “Komsomol” poemasında Cəlal olub. İndi “sexovşik”dən tutmuş polis rəisinə qədər kimin istəyirsən, “pyesi” teatra ayaq açıb. Gənc Tamaşaçılar çevrilib eksperiment teatrına. Tamaşanın hazırlanmasına beş-altı ay zəhmət çəkirik, tamaşaçılar cəmi bir-iki dəfə gəlir, sonra zal qalır boş. Tamaşanı qatlayıb qoyurlar palazın altına.Həmişə də deyir ki, Gülşənlə Yasin mənimlə işləmək istəmirlər. Əli Səmədovun “Ağ div, qara div” əsərində mənə rol verib - Cırtdan. Bəyəm, mənim Cırtdan oynayan vaxtımdır?
-Deməli, öz aktyor taleyinizdən narazısınız.
-Bəli. Bir də taleyimə düşən Ağakişi Kazımovdan. Gələn il teatrın 70 illiyidir. Bu teatrda nə qədər tamaşalar olub. Birini bərpa eləmək nə şətin işdir ki? Yoxsa, “Ayı meşədən qaçdı” ilə 70 illiyə getmək olar? Qəzetlərdən birində demişəm ki, Ağakişinin tamaşalarından bozbaş iyi gəlir. İnciyib. Bozbaşın nəyi pisdir ki? Motal pendiri deməmişəm ki?
-1991-ci ildən Əməkdar artistsiniz. Fəxri ad aktyora nəsə verir?
-Heç nə vermir, əksinə, alır. Nə etmişəmsə, ad alana qədər etmişəm. Ad alandan sonra elə bil dövranım döndü.
-İndiyədək nə qədər rol oynamısınız və bunlardan hansı sizə daha doğmadır?
-50-60 rol oynamışam. “Tamahkar”da Qulunu, “Qız atası”nda Nəroğlanı daha çox sevirəm. Məni populyarlaşdıran o vaxtlar televiziyanın “Səhər görüşləri”, “Komediyalar aləminə səyahət”, “Necəsən, gənc dost”, “Xoş gördük, tələbə”, “Birimiz və hamımız”, “Sabahın ustaları” kimi verilişləri olub.
-Ürəyinizdə qalan obraz varmı?
-Teatrımızda iki ağanın bir nökəri” adlı tamaşa göstərilirdi. Burdakı Trufaldino obrazını gözəl aktyorumuz, rəhmətlik Hüseynağa Sadıqov oynayırdı. O həmişə mənə deyərdi ki, bu əsəri səhnəyə qoyacam, Trufaldinonu da sənə verəcəm, qismət olmadı. İndi daha gecdir, yaş o yaş deyil.
-Sənət həyatınızda ən ağır gün nə vaxt olub?
-Tamaşasız, rolsuz qaldığım son üç ilin bütün günləri. Televiziya olmasaydı, bəlkə də, ürəyim partlayardı. Sağ olsunlar, Mailə Muradxanlı və rejissor Məhərrəm Bədirzadəni. “Gəlin birlikdə gülək” proqramı ilə hər ay bir rayonda oluruq.
-Son vaxtlar nə üzərində işləyirsiniz?
-Anarın senarisi əsasında, rejissor Ramiz Mirzəyevin çəkdiyi “Nigarançılıq” televiziya filmində çəkilmişəm.
-Sizcə, Yasin necə adamdır?
-Tez inciyən, tez də barışandır. Xəyalpərvərdir. Utancaqlığı da var. Gənc yaşlarında hətta aydan da utanardı. Ayın təmizliyi qarşısında xəcalət çəkərdi.
-Ən yaxın dostunuz kimdir?
-Müğənni Məhəbbət Kazımov. O həm də mənim üçün bir nömrəli oxuyandır. Bu sözlərimi eşidən Vaqif Əsədov mənimlə razılaşmırdı. Deyirdi ki, bəs, Alim? Vaqifi apardım Məhəbbətin yanına. Xahiş etdik, bir mahnı oxudu. Elə ürəkdən oxuyurdu ki, deyirdin, bəs indicə ürəyi partlayacaq. Vaqif özünü saxlaya bilməyib ağladı. Dedi ki, başına dönüm, Məhəbbət, bir az ehtiyatlı ol...
-Dostluğun əsasında, sizcə, nə durur?
-Mən Məhəbbətin sənətini çox sevirəm, alicənablığını sevirəm. Biz həm də onunla bilrlikdə işləyirik. Mən onun konsert proqramlarının aparıcısıyam. Rusiyanın müxtəlif şəhərlərinə qastrola gedirik.
-Qibtə etdiyiniz aktyor varmı?
-Mənim bizim aktyorlara daha çox yazığım gəlir.
-Oynadığı rollarda aktyotun taleyinə bir işarə varmı?
-Mənə elə gəlir ki, var. Rol alınanda hiss edirəm ki, neçə il əvvəl baş vermiş hadisələr gəlib beynimdən keçir.
-Bəzi filosoflar teatrda “şeytanilik” görürlər...
-Çox dərinə gedirsən, fikrim çözələnir. Ən böyük rejissor elə Allahın özüdür. Bu boyda tamaşanı qurub, rəssamı da, bəstəkarı da, dramaturqu da özüdür.
-Şekspir deyirdi ki, dünya bir teatr, insanlar bir aktyordur, Yasin Qarayev həyatda necə rol oynayıb?
-Çox bəsit bir rol. İşə gələndə yolpulu da tapa bilmirəm.
-Yasin adının məsuliyyətini hiss edirsiniz?
-İnstitutda bizə dərs deyən Müxlis Cənizadə məni ayağa qaldırıb soruşdu ki, adının mənasını bilirsənmi? Dedim ki, Quran surəsidir. Dedi ki, “yasin” sözü “Allahın sədası” deməkdir. 70 il idi ki, Allahdan uzaq düşmüşdük. Onun səsini-sədasını eşitmirdik. Başımıza gələn bəlalar yəqin ki, buna görədir.
-Tәsәvvür edin ki, seһrli xalçaya minib, başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?
-Ən yaxın dostlarımı.
“Ədəbiyyat və incəsənət”
(26.04.2023)
“M.Teatr”da “Balaca şahzadə” tamaşasının premyerası olub
Müstəqil “M.Teatr”ın (“Mənim teatrım”) səhnəsində fransız yazıçısı Antuan De Sent-Ekzüperinin dünyaca məşhur "Balaca şahzadə " əsəri əsasında hazırlanan “O, mənimdir...” tamaşasının premyerası keçirilib.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, səhnələşdirilməsi və tərcüməsi mərhum sənətkar Vaqif İbrahimoğluna məxsus tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Umay Həsənova, geyim rəssamı Leyla Əliyeva, musiqi tərtibatçısı Amid Qasımov, rejissor köməkçiləri Cavid Baba və Tohid Əzimdir.
“Bir hissəli fantaziya” janrında hazırlanmış tamaşada obrazları gənc aktyorlar - Cavid Baba, Məleykə Cəfərova, Tohid Əzim, Elçin Əmirov, Tunar Əlizadə və Elnur Tağıyev ifa edirlər.
Səhnə əsəri təyyarəçinin nasaz təyyarəni əlacsızlıqdan Saxara səhrasına endirməsi ilə başlayır. O, burada gözləmədiyi anda qəribə bir oğlanla - balaca şahzadə ilə rastlaşır. Məlum olur ki, həmin oğlan bura başqa bir planetdən gəlib. Şahzadə dərdini azaltmaq, dost tapmaq və yeni şeylər öyrənmək üçün səyahət etmək qərarına gəlir. Yaşadığı planetdə isə onu gizli duyğularla sevən Qızılgül adlı biri olur. O, balaca şahzadəyə olan sevgisini ifadə etməkdə çətinlik çəkən və buna görə də onu özündən uzaqlaşdıran nazlı çiçəkdir. Qızılgül o zaman sevgisini dilə gətirir ki, şahzadə onun əlindən təngə gəlib səyahətə çıxmaq istəyir. O, səfər etdiyi hər planetdə müxtəlif varlıqlarla - Kral, Şöhrətpərəst, Əyyaş, Fənərçi, Tülkü və s. ilə qarşılaşır.
Xatırladaq ki, fransalı yazıçının əsas peşəsi təyyarəçilik olub. Müəllifin bu əsəri məhz şəxsi həyat yolu əsasında yaranıb.
“Ədəbiyyat və incəsənət”
(26.04.2023)
Sony World Photography Awards 2023-ün növbəti mükafatçısı Çinli fotoqrafı Long Jing-dur
Bu günlərdə İngiltərənin London şəhərindəki Hilton Park Lane salonu nüfuzlu Sony Dünya Foto Mükafatları (SWPA) 2023 qaliblərinin mükafatlandırma mərasiminə ev sahibliyi etdi. Mərasim barədə “Ədəbiyyat və incəsənət” portalı Photar.ru saytına istinadən məlumat verir və məlumata peşəkar fotoqraf Ceyhun Abdullanın şərhlərini əlavə edir.
Builki qalib fotoşəkillər əksərən sevgi və insan itkisi, müharibə və barışıq, təbiət gözəllikəri hekayətlərini əks etdirən əhəmiyyətli fotolardır. Bundan əlavə, bu il SWPA ilk dəfə ekoloji problemləri qaldıran və həll yollarını təklif edən fotoqrafların işlərini də mükafatlandırmışdır.
Bu tədbir çərçivəsində tələbə və gənclər müsabiqələri də keçirilib. Yun Nan İncəsənət Universitetinin Çinli fotoqrafı Long Jing Yun Nan opera teatrına həsr olunmuş bir sıra əsərlərinə görə Sony-nin 30.000 dollarlıq avadanlığına layiq görülmüşdür. Kolleksiyada şounun pərdəarxası, Cənub-Qərbi Çinin multikulturalizmini tərənnüm edən ifaçıların və tamaşaçıların sayının azalması və bir sıra digər kədərli epizodlar təsvir edilmişdir.
Xatırladaq ki, əsas mükafatın qalibi "Müharibəmiz"adlı fotolar seriyasına görə 25.000 dollar pul mükafatı alan portuqaliyalı fotoqraf Edgar Martins olub. Bu layihə 2011-ci ildə Liviya vətəndaş müharibəsi zamanı öldürülən, lakin cəsədi heç vaxt tapılmayan dostu və fotojurnalisti Anton Hammerə həsr olunmuşdur. Ötən gün onun barəsində sizə məlumat vermişdik.
İtaliyalı fotoqraf Alessandro Sinke daimi inkişaf nominasiyaaınd 5000 ABŞ dolları qazandı. Habelə o, SPWA-nın sərgilərində iştirak və fotoalbomlarında təmsilolunma hüququ əldə etmişdi.
"Açıq" kateqoriyasında iştirakçılar yalnız bir şəkil təqdim edə bilər və qalib Cənubi Texasdakı bir cüt Taraklı karakarının - tutuquşusunun ağ-qara fotoşəkilini təqdim edən Meksikadan Dinora Graue Obsura olmuşdu.
Bunlar barədə də məlumat almışdınız.
Şəkildə siz Sony World Photography Awards 2023-ün mükafatçısı, Çinli fotoqrafı Long Jingun Yun Nan opera teatrı fotosunu görürsünüz.
Növbəti buraxılışlarda “Ədəbiyyat və incəsənət” portal sizləri digər mükafatları qazanan fotoqrafların işləri ilə tanış edəcək.
“Ədəbiyyat və incəsənət”
(26.04.2023)
Heydər Əliyevə həsr olunmuş kulinariya çempionatı keçiriləcək
Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş milli kulinariya çempionatı keçiriləcək. Çempionatın keçirilmə tarixi mayın 17-dən 19-dəkdir, ünvan “Bakı Ekspo Mərkəzi”dir.
“InterFood Azerbaijan 2023” beynəlxalq sərgi çərçivəsində keçiriləcək çempionat komandalar və ayrı-ayrı şəxslərə öz sahəsində yüksək peşəkarlıq səviyyəsini, istedad və dünya miqyasında mehmanxana-restoran biznesinin tələblərinə uyğun olmaq istəyini nümayiş etdirməyə imkan verir.
Çempionat Ümumdünya Kulinariya Cəmiyyətləri Assosiasiyası (Worldchefs), Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası və Azərbaycan Milli Kulinariya Mərkəzi ilə birgə təşkil olunub.
“Ədəbiyyat və incəsənət”
(26.04.2023)
Bir ucu Saxa, bir ucu Kərkük…
Azərbaycanlı yazarı çoxsaylı türk Dövlət başçıları, nazirlər, təsisatlar təltif və təbrik ediblər
Bu aprel günlərində gözəl şair, türkçü, ictimai xadim Əkbər Qoşalının 50 illik yibileyi bir neçə tədbirlə qeyd edildi. Yubileyə türk dünyasının çoxsaylı qonaqları təşrif buyurdular. Və həm tədbirlərdən, həm sosial mediadan duyduq ki, Əkbər Qoşalıya çoxsaylı təltiflər olundu.
Daha dəqiqini öyrənmək üçün “Ədəbiyyat və incəsənət” portalı Əkbər Qoşalıya müraciət edib və təltiflərin mənzərəsini indi sizlər üçün yaratmağa çalışacaq.
Beləliklə, Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Məsləhət Şurasının başqanı, MM Mədəniyyət Komitəsinin eksperti, Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, tanınmış şair-publisist Əkbər Qoşalının təltif siyahısı ilə tanış olun:
-Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev,
-RF Saxa (Yakutiya) Respublikasının dövlət başçısı Arsen Nikolayev,
-Tatarıstan Dövlət Şurasının başqanı Fərid Möhəmmətşin,
-TÜRKSOY başqanı, Qırğızıstanın Xalq yazıçısı Sultan Rayev.
Əkbər Qoşalının 50 illik yubileyi ilə bağlı Beynəlxalq Muğam Mərkəzində keçirilən yaradıcılıq gecəsində çıxış edən Qazaxıstan Prezidentinin müşaviri Malik Otorbayev, qardaş ölkənin Prezidenti Kasım-Jomart Tokayevin Təbrik məktubunu, “Bars” nişanını, Prezidentin Sərəncamı ilə verilən “Qazax Xalqı Assambleyası-25” yubiley medalını, Tatarıstan Dövlət Şurasının deputatı, Tatarıstan Yazıçılar Birliyinin başqanı, Dövlət Mükafatı laureatı, Xalq şairi Rkail Zəydulla Tatarıstan Dövlət Şurasının başqanı Fərid Möhəmmətşinin Təşəkkürnaməsini, Dövlət Şurasının nişanını və Tatarıstan Yazıçılar Birliyinin Təbrik məktubunu, həmçinin Əkbər Qoşalının Kazanda çıxmış şeirlər kitabının ilk nüsxəsini ona təqdim edib.
İndi də keçək digər təltiflərə.
Əkbər Qoşalını eyni zamanda Tatarıstan Respublikasının Azərbaycandakı Daimi Nümayəndəliyinin başçısı Murad Qadilşin rəsmi məktubla təbrik edib, qardaş xalqlarımız arasındakı ədəbi-mədəni əlaqələrə verdiyi töhfələrə görə ona Təşəkkürnamə təqdim edib.
Habelə Bakıya səfər edən Saxa-Yakutiya Yazıçılar Birliyinin başqan müavini, “Çolpan” jurnalının baş redaktoru, Rusiya Yazıçılar Birliyinin katibi Qavril Androsov Saxa dövlət başçısı Arsen Nikolayevin imzası ilə verilmiş dövlət təltifini - “Dostluq” medalını və Saxa Yazıçılar Birliyi başqanı Natalya xanım Xarlampyevanın Təbrik məktubunu, eləcə də, respublikamızda səfərdə olan TÜRKSOY başqan müavini Prof.Dr. Bilal Çakıcı TÜRKSOY başqanının təltifini Əkbər Qoşalıya təqdim edib.
Əkbər Qoşalının 50 illik yubiley tədbirində çıxış edən Arxangelskdəki Azərbaycan Diaspor Təşkilatının başqanı Tərlan Qasımov Arxangelsk Vilayət Hökumətinin Mədəniyyət naziri Oksana xanım Svetlovanın, Arxangelsk şəhər meri Dimitri Morevin, Arxangelsk şəhər Mədəniyyət İdarəsinin rəisi Natalya xanım Zarubinanın təltiflərini, Saxa-Yakuyita İl Tüməninin (Parlamentinin) deputatı, Saxadakı Azərbaycan Diaspor təşkilatının başqanı Əliş Məmmədov təmsil etdiyi respublikanın dövlət təltifi haqqında Sərəncamın surətini yubilyara təqdim edib.
Azərbaycanlı yazarın ünvanına Qazaxıstanın İnformasiya və İctimai İnkişaf naziri Akademik Darxan Kıdıralidən, Azərbaycanın Qazaxıstandakı Fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanovdan da Təbrik məktubu daxil olub.
Çuvaşıstandansa yubilyarın ünvanına üç təbrik, bir mükafat gəlib. Çuvaşıstan Milli Yazıçılar Birliyinin (ÇMYB) başqanı, Xalq yazıçısı, Akademik Mişşi Yuxmanın rəhbərlik etdiyi müvafiq Mükafat komissiyasının qərarı ilə Əkbər Qoşalı Albert Kanaş adına Mükafata layiq görülüb. ÇMYB və “Çuvaşıstan-Azərbaycan Dostluq Cəmiyyəti”nin (ÇADC) yubilyara ünvanladığı Təbrik məktublarını ÇADC başqanı Aqil Əliyev, Çuvaşıstan Professional Yazıçılar Birliyinin Təbrik məktubunu isə bu Birliyin təmsilçisi, Çuvaşıstanın Əməkdar incəsənət xadimi, şair Marina Karyagina təqdim edib.
Yubilyarı Başqurdistan Yazıçılar Birliyi, Özbəkistan Yazıçılar Birliyi, Özbəkistanın Termiz Dövlət Universiteti rəhbərliyi, Udmirtiya Milli Kitabxanası da təbrik edib.
Qırğız Milli Yazıçılar Birliyinin Bakıya təşrif buyurmuş başqanı, Əməkdar Mədəniyyət xadimi Nurlan Kalıbekov isə Birliyin Təbrik məktubunu və "Xidmətlərə görə" medalını Əkbər Qoşalıya təqdim edib.
Qırğız Milli Yazıçılar Birliyinin başqanı Nurlan Kalıbekov Azərbaycanlı yazara qırğız, “TRT Türkmənistan Masası”nın rəhbəri, jurnalist, ictimai xadim Murat Toylu türkmən, Tatarıstan Yazıçılar Birliyinin başqanı Rkail Zəydulla tatar, TÜRKSOY Yazıçılar Birliyinin başqan müavini, AYB sədrinin müavini, şair-tərcüməçi, esseist, ictimai xadim Səlim Babullaoğlu isə özbək çapanı və papağı hədiyyə edib.
İraq Türkmanlarının tanınmış nümayəndəsi, “Kərkük Mədəniyyət Mərkəzinin başqanı, şair-publisist, jurnalist, ictimai xadim Dr. Şəmsəddin Kuzəçi Əkbər Qoşalıya başqanı olduğu Mərkəzin təltifini, Təbrik məktubunu və İraq bayrağının motivləri əsasında hazırlanmış hədiyyə bağışlayıb. Şəmsəddin Kuzəçi həmçinin yubilyarın Akarada çıxmış şeirlər kitabının ilk nüsxəsini də ona təqdim edib.
Qazaxıstandan Azərbaycana təşrif buyurmuş nümayəndə heyəti – ABAY TV-nin prodüsseri, tanınmış şair Tanagöz Tolkınqızı, Ekibastuz şəhərinin “Otarka” qəzetinin redaktoru, şair Janargül Kadırova, Qazaxıstan Yazıçılar Birliyinin üzvü, teleaparıcı Janayım Auğanbayqızı, “Egemen Qazaxıstan” qəzetinin “Ədəbiyyat və incəsənət” şöbəsinin əməkdaşı, istedadlı gənc şair Batırxan Sərsənxan isə Qazax mədəni irsinin motivləri əsasında hazırlanmış hədiyyələrlə yanaşı Qazaxıstan Yazıçılar Birliyi (QYB) başqanı Uluğbek Esdevletin, QYB Astana filialının başqanı, şair Dövlətkərəy Kapoğlunun Təbrik məktublarını təqdim ediblər.
Gördümüz ki, Əkbər Qoşalının təltifləri saymaqla qurtarmaz. O, buna layiqdir. Çünki türk xalqları arasında körpü qurur. Bu körpü isə xalqları mədəni müstəvidə birləşdirməkdədir.
“Ədəbiyyat və incəsənət”
(26.04.2023)
Bu gün Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun premyera təşkil edəcək
O, bütün türk dünyasının dahi yazarıdır. Bu gün Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Heydər Əliyev İli” çərçivəsində onun bir əsərinin premyerası keçiriləcək. Söhbət dahi qırğız yazıçısı Çingiz Aytmatovdan gedir. Onun 95 illiyi münasibətilə ədibin “Ana tarla” povestinin motivləri əsasında hazırlanıb sözügedən tamaşa.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan məlumat verilib.
Fond tərəfindən “Heydər Əliyev İli” çərçivəsində bu səhnə əsrinin premyerasının təşkili Ulu Öndərin Türk dövlətlərinin ədəbi şəxsiyyətlərinə, onların yaradıcılıqlarına verdiyi önəmə, müasiri olduğu yazıçılarla, o cümlədən qırğız xalqının görkəmli yazıçısı, ictimai-siyasi xadimi Çingiz Aytmatovla olan doğma münasibətinə ithaf edilib.
Tamaşanın hazırlanması və nümayişi Çingiz Aytamatovun zəngin irsinin tanıdılmasına, eləcə də təşkilatın qurucu üzv ölkələri Azərbaycan ilə Qırğızıstanın mədəni əlaqələrinin daha da gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır. Fondla əməkdaşlıq çərçivəsində Bakı Bələdiyyə Teatrı tərəfindən səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Qeyd edək ki, Fond tərəfindən 2018-ci ildə Azərbaycanda Çingiz Aytmatovun 90 illik yubileyi təntənə ilə qeyd olunub, ədibin “Cəmilə” povesti əsasında qırğız sənətçilər tərəfindən hazırlanmış tamaşa nümayiş etdirilib.
“Ədəbiyyat və incəsənət”
(26.04.2023)
Lənkəranda, Qusarda və İsmayıllıda teatr rüzgarı əsdi
Mədəniyyət Nazirliyi bölgələrə teatr bayramını necə yaşatdı
Yeni təyin olunan mədəniyyət naziri
Adil Kərimli paytaxtda fəaliyyət göstərən bir sıra teatrların və musiqi kollektivlərinin bölgələrə qastrol səfərlərinin vacibliyini vurğulayanda və onun tövsiyyəsindən sonra bu iş təşkil olunanda, düzü, səmərəlilik, effektivlik baxımından nəyəsə nail olunacağı inandırıcı görünmürdü. Çoxu əlini yelləyib “əşi, rayon yerində kimdir e, teatra gedən” deyib də bu təşəbbüsə ağız büzmüşdü. Amma bir baxın, bölgələrdə əsl teatr bayramı düzənlənib. İnsanlar teatrlara axışırlar.
“Ədəbiyyat və incəsənət” portalı sizlərə Lənkəran, Qusar və İsmayıllıdakı teatr bayramlarından söz açacaq. Öncə isə zəruri bir qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan, 22 və 24 aprel tarixlərini əhatə edən qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır. Ən əsası, teatrı yaşatmaq, populyarlaşdırmaqdır.
Layihə “Heydər Əliyev İli”nə və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinə həsr olunub.
LƏNKƏRAN
Azərbaycan Dövlət Akademik Dram Teatrının heyəti “Danışan gəlincik” tamaşası ilə aprelin 24-də Lənkəran Dövlət Dram Teatrında teatrsevərlərin qarşısına çıxdı.
Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış “Danışan gəlincik” birhissəli musiqili nağıl-tamaşa əməkdar artist Loğman Kərimovun quruluşunda təqdim olunurdu.
Kiçik yaşlı uşaqlar və aşağı sinif şagirdləri üçün nəzərdə tutulan tamaşaya uşaqlarıa birgə valideyinlər də böyük maraq ilə tamaşa edirdilər. Tamaşa rəngarəng tərtibat ilə, al-əlvan geyimlərlə, cəlbedici rejissor yozumuyla, baxımlı aktyor oyunu ilə və oynaq musiqisi ilə tamaşaçıları sonadək cəlb edə bildi.
QUSAR
Azərbaycan Dövlət Kukla Teatrı isə həmin gün Qusara səfər etdi. Kuklaçılar Qusar Dövlət Ləzgi Dram Teatrının binasında sənətsevərlərə “Məlikməmməd” tamaşasını nümayiş etdirdilər.
Sənət ocağının repertuarındakı bu maraqlı tamaşa eyniadlı Azərbaycan xalq nağılı əsasında hazırlanıb. Bu nağılı biıməyən azərbaycanlı, əlbəttə ki, çətin tapılar.
Tamaşanın əsas ideyası uşaq və yeniyetmələrə cəsarət, dürüstlük və mübarizlik aşılamaqdır. Axı Məlikməmməd məşhur nağıl personajı cəngavərlik nümunəsidir. Divdən sehirli almaları qorumağı bacaran bu milli qəhrəmanımız Spaydermənlərə, Betmənlərə meydan oxumaq gücündədir.
Rejissor klassik nağılı İkinci Qarabağ müharibəsi, tarixi zəfərimiz ilə əlaqələndirməklə ona fərqli prizmadan baxmağa, dövrümüzün real qəhrəmanları və hadisələri ilə bağlamağa nail olub.
Birhissəli uşaq tamaşasının səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir.
Musiqi tərtibatlı tamaşa ənənəvi kukla üslubunda olsa da quruluşçular orada müasir uşaqlar üçün maraqlı olan elementləri daxil ediblər. Anşlaqla keçən tamaşa maraqla qarşılandı. Burda da seyrçilər arasında uşaqlarla yanaşı böyüklər də az deyildi.
İSMAYILLI
Azərbaycan Dövlət Pantomim Teatrı isə aprelin 24-də İsmayıllı şəhərinə səfər etdi.
Pantomimçilər ismayıllılı teatrsevərlərə repertuarlarındakı maraqlı və baxımlı səhnə nümunələrindən biri olan “Pantomim buketi” tamaşasını nümayiş etdirdilər.
Peşəkar pantomimçilərin ifasında bundan öncə də yerli və beynəlxalq festivallarda uğurla təmsil olunan sözügedən tamaşanı teatrsevərlər alqışlarla qarşıladılar.
Tamaşaya baxan İsmayıllı rayon rəhbərliyi teatrın kollektivinə təşəkkür etdi, teatrın bu gəlişinin rayon teatrsevərləri üçün əsl bayrama çevrildiyini vurğuladı.
Beləcə, üç bölgə eyni gündə bayram ovqatına bürünmüşdü. Belə bayramlar, inşallah, çox olacaq.
“Ədəbiyyat və incəsənət”
(26.04.2023)