Tənha evdə tənha adam - Daniel Korbunun şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalı sizə çağdaş rumın şeirindən nümunələri tanınmış şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlunun tərcüməsində təqdim edir.

 

Bu gün siz Daniel Korbunun şeirləri ilə tanış olacaqsınız.

 

 

 

Daniel Korbu

 

Şair, nasir, ictimai xadim. 1953-cü ildə anadan olub. 1979-cu ildə “Ədəbi Rumıniya” jurnalındakı publikasiyası ilə ədəbi debüt edib. Onlarla poetik toplunun müəllifidir. FEED BACK festivalının direktorudur. Əsərləri əsas Avropa dillərinə çevrilib. Təqdim edilən şeirlər  şairin  Parisdə nəşr edilən “Les documents du Chaos” (2002) kitabından götürülüb.

 

 

 

Ürəyin kölgəsində

 

Əgər işıq nurun kölgəsidirsə,
onda nurun kölgəsindən qovulan kimi
ürəyinin kölgəsindən
qovulacam.

 

Onun şanına sevinəcəm
və ölümü müşayiət edən sözlər
qırmızı sarğıdan boylanan qan kimi seziləcək.

 

 

 

Hərəkətli avtoportret

 

Tənha evdə tənha adam.
Xoşbəxtlik deyə bir sözü təkrar edir durmadan.
Hər şeyi onu həvəsləndirir və ruhdan salıb iyrəndirir.
Sevgidən nifrətə yol keçib, aldanışları sığallayıb.
Sığal çəkib şehə, sevinib, ağlayıb.
hər dəfə yoxluq özünü göstərəndə
boşluq doğulub,
o boşluqla ürəyini doldurub,
nişan verib məzarını öz-özünə
yoxluğun və boşluğun.

 

Tənha evdə tənha adam.
Xoşbəxtlik deyə bir sözü təkrar edir durmadan.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(11.08.2023)

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.