Super User

Super User

Bazar ertəsi, 30 Yanvar 2023 17:30

“Yuğ” Teatrının fevral repertuarı

Azərbaycan Dövlət “Yuğ” Teatrı fevral ayı üçün maraqlı repertuar tərtib edib. 

Kollektiv fevralın 4-də “Toy dəstgahı”, 5-də “Quş dili”, 11-də isə “Lənət” tamaşası ilə teatrsevərlərin qarşısına çıxacaq. 

Bundan başqa, fevralın 12-də “Kloun Bizzz”, 18-də “Şəbədə”, 19-da “Mənəm mən”, 25-də isə “Vəsvəsə” tamaşaları göstəriləcək. 

Səhnə əsərləri A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında nümayiş olunacaq. 

Tamaşalar bir qayda olaraq saat 19:00-da təqdim ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2023)

Bazar ertəsi, 30 Yanvar 2023 17:00

Azərbaycanda ilk abidə hansıdır?

Soruşun, cavab verək: 

Sual: Azərbaycanda insana ucaldılan ilk abidə hansıdır?

Vavab: 101 il bundan əvvəl böyük ədib, satirik şair Mirzə Ələkbər Sabirin xatirəsinə ucaldılmış abidə Azərbaycanda ilk abidə  hesab olunur. Bu abidə 1922-ci ildə Bakıda keçirilən Şərq Xalqlarının I Qurultayı münasibətilə yəhudi mənşəli heykəltaraş Yakov Keylixis tərəfindən hazırlanmışdı. Sabirin abidəsi təkcə Azərbaycanda deyil, ümumilikdə müsəlman şərqində insana qoyulan ilk abidə sayılır. 

1958-ci ildə bu abidə dəyişdirilir və həmin ərazidə Sabirin çağdaş dövrümüzdəki müasir abidəsi ucaldılır. Əvvəlki abidədə Sabir ayaq üstə təsvir olunmuşdusa, sonrakında oturaq vəziyyətdə təsvir olunmuşdu. Bu yeni abidəninsə müəllifi heykəltaraş Cəlal Qaryağdıdır.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2023)

Bazar ertəsi, 30 Yanvar 2023 16:30

Gül Camallı yubiliyar

Elman Eldaroğlu yazır

 

Gülnarə Camaləddin imzası poeziyasevərlərə çoxdan tanışdır. Bir xanım şair kimi geniş oxucu kütləsinin rəğbətini qazana bilib. Onun yaradıcılığına baş vuranda, gözəl poeziya nümunələrinin şahidi olursan. Bu nümunələrdə həm vətən sevgisi, insanlara məhəbbət, təbiət lövhələri, ülvi hisslər, saf duyğular qabarıq şəkildə əksini tapıb. Bir sözlə, onun şeirləri rəngarəngdir, hər bir mövzunu əhatə edir...

 

Gülnarə xanım təkcə gözəl şair deyil, həm də səriştəli təşkilatçı və bacarıqlı inzibatçıdır. Onun, kənardan yaradılan hansı çətinliklərə sinə gərərək, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinə rəhbərlik etdiyindən məlumatım var. Necə deyərlər, mərdiməzar olmasa yaşamağa nə var ki? Amma buna baxmayaraq, təşkil etdiyi bütün tədbirlər gözəldir, yerində və vaxtında baş verir...

Gülnarə xanım bir inzibatçı kimi də yerində olan adamdır. Özünəməxsus xarizması var. Polad kimi sərt, əyilməzdir. Qərar verdisə, onu yolundan döndərmək mümkün deyil. Bütün maneələri dəf etməyi bacarır. Nəticədə işi və əməli ilə yerində olduğunu ortaya qoyur...

Uşaqlıq illərini ucqar dağ rayonu Yardımlının Bərcan kəndində keçirib. Bərcan dünyanın cənnət guşələrindən biri olduğu üçün Gülnarə Camaləddinin yaradıcılığı da cənnət ətirlidir. O kənddən olan dostlarıma həmişə zarafatla- Bərcan Yardımlının Avropasıdır-deyirəm. Məcazi mənada olsa da, bu kənd zaman-zaman ölkəmizə mütərəqqi düşüncəli insanlar bəxş edib. Bəli, onlardan biri də Gülnarə xanımdır...

İnsan real həyatı romantik duyğularla yaşayanda ömür daha maraqlı, daha doğrusu, şirindən də şirin- şipşirin olur. Bəli, Gülnarə xanım bu sintezdən yararlanıb daha gözəl ömür sürür...

İllər ötdükcə insanın xarici görkəmi də dəyişir. Axı biz körpə, uşaq vaxtlarımızda bir başqa cür, yeniyetmə, gənclik çağlarımızda ondan da fərqli görünürük. Heç şübhəsiz ki, 60 yaş qadın üçün gənclik dövrünün növbəti mərhələsidir. Bu mərhələ özündə müdrikliklə gözəlliyin harmoniyasını ehtiva edir...

Ötən gün onun yubileyi idi. Ömrünün bu əlamətdar günündə onu ürəkdən təbrik edir, Allahdan möhkəm cansağlığı, firəvan həyat, yaradıcılıq uğurları diləyirik.

Çox yaşayın!

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2023)

Bakıdakı Rus Evində “Gənc istedadlar sərgisi” layihəsinə start verilib. 

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin məlumatına görə, sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvü Xanım Tapdıqova, Səməd Vurğun adına Dövlət Akademik Rus Dram Teatrının artisti Olqa Arsentyeva, yeni başlayan rəssamlar üçün təsviri sənət müəllimi Aysel Məhərrəmovanın əsərləri nümayiş olunur.

Tədbir Rus Evinin dəstəyi ilə Azərbaycanın Rus Gəncləri Assosiasiyası tərəfindən təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2023)

Bazar ertəsi, 30 Yanvar 2023 15:00

Günün fotosu: Natanyaxu qisas almağa söz verdi

Günün fotosu: Natanyaxu qisas almağa söz verdi

 

İsrail matəm içindədir. Qüdsdə, Sinaqoqun yanında kütləvi şamyandırma mərasimidir. Həmin yerdə fələstinli şəxs 7 nəfər yəhudini qətlə yetirib və bu hadisə bütün İsraili ayağa qaldırıb. Tel-Əvivdə kütləvi nümayişlərdə yəhudilər Baş nazir Benyamin Natanyaxunun istefasını tələb edirlər. O da mütləq qisas alacaqlarına nəhayət, söz verib.

Foto: Tel-Əvivin gecə mənzərəsi/AP

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2023)

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Həsənağa Turabovdur.

 

 

HƏSƏNAĞA TURABOV

(1938-2003)

***

Bir gün jurnalistlərdən biri məndən soruşdu:

– Həsən müəllim, necə rolda oynamağı xoşlayırsınız, böyük, ya kiçik?

– O baxır pyesə, – dedim, – yaxşı pyes olanda məmnuniyyətlə böyük rolda oynamaq istəyərəm, yox əgər, pyes zaydırsa, heç kiçik rolda da oynamaq istəməzdim…

 

***

 

İnsənət İnstitutunda dərs deyirdim, bir gün siqaret almaq üçün bufetə girib pul verdim. Xırda pulum olmadığı üçün cibimdən iri pul çıxartdım. Bufetçi:

– Həsən müəllim, xırdam olmayacaq, – dedi.

Elə bu vaxt arxamda dayanan cavan tələbələrdən biri tez əlindəki pulu uzadıb:

– Həsən müəllim, narahat olmayın, mən ödəyərəm, – deyəndə, üzümü çevirib tərs-tərs ona baxdım.

– Ədə, tələbə, – dedim, – adamsan, puluvu qoy cibivə, – sözümü bitirib oranı tərk etdim.

Sonra “Bəyin oğurlanması” filmi çəkiləndə aktyor Füzuli Hüseynov həmin hadisəni mənə xatırladaraq, pulumu ödəmək istəyən tələbənin özü olduğunu söylədi.

 

 

 

 “Ədəbiyyat və incəsənət”

(26.01.2023)

 

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzi – ölkədə peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi istiqamətində ingilis, rus, türk, alman, fransız, ispan, portuqal, italyan, polyak, macar, bolqar, İsveç, Niderland, yunan, fin, gürcü, ivrit, ərəb, fars, yapon, Çin, hind və digər dillər üzrə keçirdiyi seçim turlarına qeydiyyatı davam etdirir.

 

Tərcümə Mərkəzinin məlumatına görə, turlar ictimai-siyasi, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq və digər sahələr üzrə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin şifahi və yazılı imtahanı və sertifikatlaşdırılması əsasında aparılır.

Turlarda iştirak üçün aşağıdakı sənədlər (şəxsiyyət vəsiqəsi və CV) bu il mart ayının 31-dək Mərkəzin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərilə, yaxud kağız formatında Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi 27/121A; AZ1033 ünvanına təqdim edilə bilər.

Qeyd edək ki, Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və tərcümə sahəsi qeyd edilməlidir;

Turlarda iştirak ödənişlidir. Əlaqə telefonu: (+994 12) 566 80 27 (daxili nömrə 108).

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2023)

Rusiya Kinematoqrafiya Sənəti və Elmləri Akademiyası ən yaxşı filmlərin adını açıqlayaraq onlara Rusiya gerbini bəzəyən qartalın həkk olunduğu “Qızıl qartal” mükafatını təqdim edir. Həftəsonu növbəti dəfə mükafatlar təqdim edilib və bu xəbəri “Ədəbiyyat və incəsənət” kp.ru saytına istinadən məlumat verir.  

 

Moskvada, “Mosfilm” kinostudiyasının birinci pavilyonunda Rusiya Kinematoqrafiya Sənəti və Elmləri Akademiyasının “Qızıl qartal 2023” mükafatlandırma mərasimi keçirilib. Adətən çox uzun keçən mərasim bu dəfə tez yekunlaşlb, cəmi 2 saat 20 dəqiqəyə. Və təbii ki, xəbəri oxuyan hər bir əcnəbini ilk öncə o düşündürür ki, Ukraynaya silahlı təcavüz edən bir ölkədə mədəniyyətin səviyyəsi hansı şkalada ölçülür? 

Əsas mükafatın (“Ən yaxşı film”) qalibi Anatoli Karpov və qrosmeyster Viktor Korçnoy arasındakı əfsanəvi rəqabətdən bəhs edən “Dünya çempionu” filmi olub. Filmin yaradıcısı Aleksey Sidorov “Ən yaxşı rejissor” və baş rol ifaçısı İvan Yankovski isə “Ən yaxşı aktyor” nominasiyası üzrə mükafata layiq görülüblər. 

“Ən yaxşı aktrisa” nominasiyasında mükafatı isə “Sağlam adam” adlı qısametrajlı filmdə çəkilən İrina Starşenbaum alıb.

“Ən yaxşı serial” nominasiyasında “Qızıl qartal 2023” mükafatı “Alibi” adlı layihəyə verilib, onlayn platformalarda ən yaxşı serial kimi isə “Rəssam” serialı seçilib. “Ən yaxşı animasiya filmi” nominasiyasında liderliyi “Finnik” əldə edib.

“Parma ürəyi” filmi üç nominasiyada – “Ən yaxşı quruluşçu rəssam”, “Ən yaxşı səs rejissoru” və "Ən yaxşı kostyumlar" üzrə qalib olub. Və təbii ki, müharibə aparan dövlətin cəngavərlik mövzuda çəkilən savaş filminə üç mükafat verməsi başadüşüləndir. 

Vladimir Naumov Rusiya kinosunun inkişafındakı müstəsna xidmətlərinə görə xüsusi mükafatla təltif edilib. 

Qeyd edək ki, “Qızıl qartal” mükafatı 2002-ci ilin fevralında Rusiya Kinematoqrafiya Sənəti və Elmləri Akademiyası tərəfindən təsis edilib.

Fotoda: Laureat İvan Yankovski mükafat ilə.

Üç nominasiyada qalib gəlmiş “Parma ürəyi” filmindən kadr.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2023)

Mədəniyyət Nazirliyinin və Real FM-in (Real Təhlil İnformasiya Mərkəzi) dəstəyi ilə hər həftənin şənbə və bazar günləri 107FM dalğasında yayımlanan AzerNyuMedia Şirkətinin “Cinema Radio” Kino-Radio Kanalının “IV müasir audiovizual baxış” mükafatının təqdimetmə mərasimi keçirilib.

 

Sözügedən mükafat ənənəvi olaraq hər il “Cinema Radio” Kino-Radio Kanalının sorğuları əsasında, il ərzində audiovizual sahədə əldə edilən nailiyyətlərə əsasən verilir.  Bu il mükafatın qalibi rejissor Emil Quliyev olub. O, “Pərdə” trilogiyası, “Körpü” və “Əqrəb mövsümü” teleserialları ilə tamaşaçıların rəğbətini qazanıb. Onun “Ümid” bədii filmi Tulada Qısametrajlı Filmlərin Festivalında və Mazandaranda VIII Beynəlxalq “Varesh International Film Festival”ında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb. O, 2021-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının – “Pərdə” trilogiyasında sosial-mənəvi problemlərin uğurlu kino həllinə görə” illik mükafatına layiq görülüb.

Onu da qeyd edək ki, elə bu günlərdə İTV-də nümayişi başa çatan və həqiqətən də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan  “Əqrəb mövsümü” telserialı Emil Quliyevin mükafatlandırılmasında əsas rol oynayıb. 

2019-cu ildən təqdim olunan mükafat həmin ildə rejissor və aktyor Kamran Ağabalayevə, 2020-ci ildə rejissor, jurnalist Vəfa Ağabalayevaya, 2022-ci ildə aktyor, ssenarist, aparıcı Azər Aydəmirə təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2023)

Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibi dəyişib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Mədəniyyət Nazirliyinin kollegiyasının üzvləri sırasından çıxarılıb, Kino Agentliyinin Baş direktoru kollegiyasının üzvləri sırasına daxil edilib.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.