Super User

Super User

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

 

Biz biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.

Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.

 

Ken Blanşar. «Bir dəqiqəyə menecer olmaq»

Bu kitabı oxuyan milyonlarla insan qarşılarına çıxan ən mürəkkəb sualları və məsələləri həll etməyi öyrənir. Onlar həyatlarındakı streslərdən qaçmağı bacarır, daha az vaxt sərf etməklə daha çox iş görürlər.

Amerikalı motivasiya spikerinin bu əsəri 13 milyon nüsxədə satılıb, 3 dilə tərcümə edilib. Ümumilikdə 30 (!) motivasiya bestselleri müəllifi olan Kennet Blanşar həyat yoldaşı ilə birgə «Ken Blanchard Companies»i təsis edib, O, burada həm konsaltinq xidmətləri göstərir, həm də beynəlxalq səviyyəli idarəetmə kadrları hazırlayır.

Qeyd dəftərimə Kennet Blanşardan da olduqca gözəl kəlamlar seçib yazmışam:

 - Rəqibin sizdən ala bilməyəcəyi yeganə şey sizin işçilərlə sizin müştərilərin münasibətidir.

 - Problem yalnız o zaman mövcud olur ki, faktiki olaraq baş verənlərlə sizin baş verməsini arzuladığınız şey fərqli olur.

 - Məqsədlərdən davranış doğur. Nəticələr davranışı dəstəkləyirlər.

 - Hər bir insan potensial qalibdir.

 - Səhv buraxarkən özünə gülə bilmək bacarığı çox qiymətli xüsusiyyətdir. O, sənə heç nə olmayıbmış kimi işinə davam etməyə kömək edir.

 - Özlərini yaxşı hiss edən insanlar yüksək nəticələr əldə edirlər.

 - İçimizdə heç kəs təklikdə bizim cəmimizdən ağıllı ola bilməz.

 

 “Ədəbiyyat və incəsənət”

(30.01.2023)

 

Xalq artisti, bəstəkar Musa Mirzəyevin 90 illik yubileyi ilk öncə Mədəniyyət Nazirliyinin rəhbərliyi, tanınmış incəsənət və mədəniyyət xadimləri, habelə ictimaiyyət nümayəndələrinin iştirakı ilə bəstəkarın xatirəsinin Fəxri xiyabanda yad edilməsi ilə başlayıb. 

 

Daha sonra Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında yubileyə həsr olunmuş konsert təşkil edilib. 

Gecədə Xalq artisti, bədii rəhbər və baş dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. Solistlər Əməkdar artistlər Aygün Mübariz (soprano), Çinarə Heydərova (qanun), Rövşən Əmrahov (violin), İlyas Mirzəyev (piano), Emin Eminli (tar), Cəfər Həsənovun (nağara) ifasında bəstəkarın əsərləri səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2023)

“Ədəbiyyat və incəsənət” portalının Cüney Azərbaycan təmsilçiləri Əli Çağla və Vida Heşməti “Güneydən gələn səslər” rubrikasının növbəti buraxılışını təqdim edirlər. Bu dəfə sizlərə Məmməd Quruçayın “Kəndivandan dönüş” hekayəsi təqdim olunacaq. 

Hekayənin orfoqrafiyasına toxunulmamışdır.

 

 

Məhəmməd Əhmədizadə (Məmməd Quruçay)1968-ci ildə Təbriz şəhərində dünyaya göz açdı. Orta məktəbi bitirdikdən sonra Təbriz üninersitetinin ziraət fakültəsindən magesterya dərəcəsi ilə məzun oldu. Ziraət təhsili ilə yanaşı Azərbaycan və klasik musiqisiylə də ilgiləndi. Son illərdə Məhəmməd bəy Ana dilində şeir və hekayələr yazmağa başlamışdır.

 

 

KƏNDİVANDAN DÖNÜŞ

 

İngilis arxeoloq, Professor David Roulun araşdırmalarına görə Adəm həzrətləri və Həvva xanım, cənnətdən qovulduqdan sonra Kəndivana yerləşdilər.

 

Cənnətdə tək başına yaşayan Adəm ağa, yalqızlıq dərdindən dığlamaq üzərə idi. Hər dəfə mutluluq içində yaşayan evli mələkləri gördüyündə, içindəki tetesteron hormonu o qədər aşıb daşırdi ki iki qulağından eşiyə fışqırırdı. Sonunda Adəm ağanın təhəmmül balonu patladı. Qabırğa qəfəsindəki sümüklərdən birini çıxartdı. Çıxartdığı qabırğa sümüyündən, özünə dağlar maralı bir qadın düzəldib adını Həvva xanım qoydu.

Cənnətdə molla olmadığına görə də evlilik əqdi oxunması üçün gedib cəhənnəmdən bir molla gətirdilər.

Əqdlərinin oxunması ardından axşam çağı, Həlmə sazandanın musiqi dəstəsini çağırıdılar, çaldırıb oynadılar, toylarını tutdular. Mırıx Kübra, qarman, Güşvara xanım tar çalırdı, Həlmə sazanda xanım da oxuyurdu:

 

“Şaftalılar calandı,

Məlan mənim balamdı”

 

Sübhə qədər çal-çatlasın oldu, cənnətin dörd bir yanı şənlik havası ilə büründü.

Evlənmələrindən hələ bir sənə keçməmişdi, Həvva xanım uşaq istədi.

Bu sözü eşidincə, Adəm ağa əlini gö..ünün üzərinə basıb ah çəkdi.

Cənnətdə qadınlar doğmazdılar, kişilər hamilə olub doqquz ay sonra uşaqlarını sıçardılar. Sıçılan körpələr, pox içindən yeni həyata göz açmalarına rəğmən, böyüyüb cənnəti gül kimi saxlardılar.

Adəm ağa, uşaq sıçma sancılarından necə qurtula biləcəyini şeytandan soruşdu. Şeytan dedi: “işi mənə burax. Səni bu dərddən qurtara bilərəm, amma bir şərtlə,

 

Uşaqlarına yarı-yarı ortağam.” Adəm ağa qəbul elədi.

Şeytan gecə gündüz, Həvvanın iki qulağına almanın nə qədər faydalı olduğunu fısıldadı, ta ki bir gün Həvva xanım iki ayağını başmağının bir tayı içinə soxub Adəm ağadan alma istədi.

Yasaq ağacdan alma oğurladıqdan sonra Adəm ağa, arvadı Həvva ilə birlikdə cənnətdən qovuldular. Əsil suçu Həvva işlədiyi üçün də ikinci cəza olaraq ömür boyu, uşaq doğma müsibətinə məhkum oldu.

Adəmlə Həvva, Kəndivana yerləşdikdən sonra həyatları nə qədər zor olsa yenə də Adəm ağa öz durumundan məmnunuydu, nə də olsa artıq uşaq sıçıb gö..ü cırılmayacaqdı. Amma...

Amma uşaq sahibi olduqlarından sonra durum dəyişildi. Adəm ağa, bir-birləriylə yola getməyən uşaqların dərdindən, Həvva xanım da doğum sancılarının yanı sıra doğulan sarsaq uşaqların qüssəsindən cana gəlmişdilər.

Ata anaları işləyirdi, gö..ü-boş oğulları, Qabil ilə Habil yeyib içib bir-birləriylə boğuşurdular, nəvə, nəticələri də, Kəndivanı burax, dünyanı poxa çevirmişdilər.

Adəm ağa şeytanla anlaşması üçün pox yediyinə peşman olmuşdu, “sizi əkib doğanın, cədd-abadının qəbrinə sıçım” deyib özünü biraz rahatladırdı, amma yazıq Həvva xanım qüssəsini içınə tökməkdən savayı heç bir iş əlindən gəlmirdi. Benava hər dəqiqə düşünürdü “axı bu nə işdi? Sıçılan uşaqlar cənnəti gül kimi saxlayırlar, amma doğulan bu qor-qodux dünyanın içinə sıçırlar.”

Gecə yarısı Həvva xanım “mən pox yeyib qələt elədim alma istədim” deyib zülüm-zülüm ağlayırdı. Adəm ağa onun gözyaşılarını silib başını bağrına basırdı, “tamam ağlama, mən uşaq sıçma cırılmasına razıyam, olsun təkar cənnətə dönək.”

Qırx gecə, gündüz ibadət eləyib dua oxudular, amma cənnətin qapısı açılmadı. Adəm ağa yenə həmişəki adəti kimi övladlarına, ibadətə və namaza yaman soxuşdurdu, cibindən telefonunu çıxardıb qaçaqçı Firuz’a zəng açdı.

Gecə yarısı saat 12:00-də Slamas sərhəddini yeni keçmişdilər. Firuz qaçaqçı öndən hərəkət edirdi. Ürəkləri ümidlə dolu, iki ər, arvad əl-ələ verib Firuzun peşindən gedirdilər. O ikisi, hüdud jandarmlarına tutuqlanma qorxusu içində gizlicə cənnətə geri dönürdülər.

Dolun ayın işığı altında Adəm ağa, Həvva xanımın gül cəmalına baxdı.

Onun saçlarını tumarlayıb dedi:

“Cənnətdə istədiyin qədər sənə uşaq sıçaram, amma nə olar mənim ceyranım? Bir daha məndən alma istəmə. Məni cəhənnəmə göndər amma bu dünyaya təkrar gəlməyimə səbəb olma.”

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2023)

Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni yazır

 

Qərbi Azərbaycan İcmasının fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulması prioritet vəzifələrdəndir. Çünki bu cür təşkilatlar böyük bir icmanı təmsil edirlər. Burada təşkilatlanma yüksək səviyyədə olmalı, struktur formalaşmalıdır.

Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyası yüksək səviyyədə icra olunacaq. Bu fəaliyyət proqramı qarşımızda bir çox vəzifələr qoyur. Onlardan biri də əlbəttə ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi fəaliyyət istiqamətidir.

Erməni diasporu uzun illərdir ölkəmizə qarşı məkrli, çirkin planlar qurur və bunun reallaşması üçün müxtəlif vasitələrə əl atır. Azərbaycanın müstəqilliyi, güclü dövlətə çevrilməsi regionda və dünyada beynəlxalq nüfuzunun artması onların bir çox planlarını pozdu. O cümlədən, “Böyük Hayastan” xülyasını da kənara atdı. 

30 il bundan əvvəl, Azərbaycan dövləti hərbi cəhətdən zəif olanda “Böyük Ermənistan” xülyasının təbliğatı daha çox gedirdi, nəinki indi. Hazırda isə ermənilər “Kiçik Hayastan”ın hayındadırlar. 44 günlük Böyük Vətən savaşında tarixi qələbəmiz nəticəsində torpaqlarımızın işğaldan azad olunması tarixi zəfərimizin əldə olunması ilə nəticələndi. Zəfər gününü xalqımıza bəxş edən şəhidlərimizin ruhu şad olsun, qazilərimizə Allahdan şəfa diləyirik. Ordumuz və xalqımız var olsun. 

Əlbəttə ki, erməni lobbisinin və havadarlarının Azərbaycana, eyni zamanda türk dünyasına qarşı məkrli və qərəzli fəaliyyəti ifşa edilməli və araşdırılmalı, dünya ictimaiyyətinə təqdim edilməlidir. 

Həmçinin Qərbi Azərbaycan İcması olaraq biz bir sıra tədbirlər görməliyik. Belə ki, bu istiqamətdə Qərbi Azərbaycanın tarixini dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara Qərbi Azərbaycan İcmasının tələbini təqdim etməliyik. Bu tələblərdə ilk növbədə ərazilərin qədim Azərbaycan torpaqları və ermənilərin ora köçürülmüş xalq olması xüsusi qeyd edilməlidir. Yəni İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz Azərbaycan xalqının yaşadığı mahallar olub. Bu gün Zəngəzur dəhlizinin aktuallığını dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Bu baxımdan Qərbi Azərbaycan TV-si qurulmalı, bütün sosial şəbəkələrdə Qərbi Azərbaycan İcması aktiv fəaliyyət göstərməlidir. Yalnız bu cür məqsədyönlü fəaliyyət nəticəsində Prezident İlham Əliyevin bizim qarşımızda qoyduğu məqsəd və vəzifələrə nail ola bilərik.

Biz azərbaycanlıların, rusların və digər millətlərin Qərbi Azərbaycandan zorla qovulması nəticəsində indiki Ermənistan etnik respublikaya çevrilib. Orada yaşayan ermənilər isə əslində bir toplumdur. Həmin ərazilərdə bizim mədəni, tarixi və dini abidələrimizin dağılması və yer üzündən, eləcə də yaddaşlardan silinməsi, yer adlarının tamamilə ləğv edilməsi əsl tarixi-mədəni genosiddir. Bütün bunlar müvafiq qurumlar və beynəlxalq təşkilatlar tərəfindən araşdırılmalı və dəyən ziyan hesablanmalıdır. Azərbaycanın dövlət qurumlarının, ictimai birliklərin və alimlərimizin apardığı araşdırmalar beynəlxalq ictimaiyyətə təqdim olunmalı, bu sahədə yazılmış kitablar, əsərlər müxtəlif dillərə tərcümə edilməlidir. Qafqazda erməni məsələsi bütövlükdə konseptual şəkildə dünya ictimaiyyətinə çatdırılmalıdır. 

Xarici səfərlərdə və beynəlxalq təşkilatlarda görüşlər zamanı ermənilərlə daima mübahisəmiz olur, Azərbaycanın haqlı və ədalətli mövqeyini onların, eyni zamanda beynəlxalq təşkilatların nümayəndələrinin diqqətinə çatdırırıq ki, torpağı işğal olunan, tarixi saxtalaşdırılan azərbaycanlılardır. Bu ədalətsizliyə son qoyulmalı və ifşa olunmalıdır. Dünya ictimaiyyəti bilməlidir ki, azərbaycanlılara qarşı böyük tarixi ədalətsizlik edilib, torpaqlarımız işğal olunub və 1 milyondan artıq məcburi köçkün və qaçqınımız öz vətənini və yurdunu tərk edib. 

“Ona görə də dəyən ziyan və kompensasiya illə bağlı bütün sənədlər təqdim olunmalı və ödənilməldir. Əgər Ermənsitan zərəri ödəyə bilmirsə, onda havadarları ödəsin və ya əvəzində Zəngəzuru, Göyçəni qaytarsın. Bununla əlaqədar hesablamalara görə Azərbaycana milyardlarla dollar həcmində zərər vurulub. Ermənilər beynəlxalq hüquq nöqteyi -nəzərindən maddi təzminatı ödəməlidirlər. Əks halda Azərbaycan daha təsirli üsullara əl atmaq məcburiyyətində qalacaq.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2023)

28 yanvar 2015-ci il. Xalq şairi, ssenarist, dramaturq, Dövlət mükafatı laureatı Vaqif Səmədoğlunun ürəyi dayandı. Bu gün onun 

vəfatından 8 il ötür və anım günündə yenə də məzarına baş çəkənlər çox idi, üzərində bir cüt ayaqqabı həkk olunmuş məzarına tər çiçəklər düzüldü. 

 

Olumla ölümün haqq olduğunu, dünyanın faniliyini, heç nəyin və heç kimin əbədi olmadığını çoxlarından yaxşı dərk edən şair, bəlkə də elə buna görə yazmışdı:

Məzarıma

nə başdaşı qoyun,

nə heykəl.

Bir cüt ayaqqabı qoyun,

ayağıyalın

geyib getsin...

Və bu misralara görə də həmin o bir cüt ayaqqabı onun başdaşı oımayan abidəsini bəzəməkdədir. 

Ötən əsrin 60-cı illərində ölkəmizdə ədəbi mühitə yeni ab-hava gətirən istedadlı sənətkarlardan biri olaraq Vaqif Səmədoğlu yarım əsrdən artıq dövr ərzində xalqımızın söz xəzinəsinə dəyərli töhfələr verib. Onun yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında yeni poeziyanın xüsusi mərhələsini təşkil edir. Sənətkarın əsərlərində mənalandırdığı hər bir ifadə Azərbaycan xalqının zəngin ədəbi-bədii irsi, milli folklorun tükənməz imkanları və dünya ədəbiyyatının nailiyyətləri ilə əlaqəlidir. Səmədoğlu həyat və zaman, dünya və insan haqqında lirik-fəlsəfi düşüncələrin özünəməxsus üslubda bənzərsiz mənzərəsini və poetik tapıntılarla dolu zəngin aləmini yaradıb. O, müraciət etdiyi rəngarəng mövzularda Vətən obrazını daim diqqət mərkəzində saxlayıb.

Azərbaycan poeziyasında öz yolu, öz dəst-xəti ilə seçilən, heç kəsə bənzəməyən qələm sahiblərindən idi Vaqif Səmədoğlu. Ömrü boyu yazsa da, az çap olunan şair həmişə özünü, qəlbini, ruhunu kağıza köçürdü. Səməd Vurğun kimi böyük söz ustadının evində dünyaya qucaq açdı. İlk laylasını “Azərbaycan” şeiri üstə köklədilər. Bəlkə də bu səbəbdəndir ki, özü də, sözü də böyüdü, Azərbaycan boyda oldu. İlk qələm təcrübəsindən son şeirinə qədər heç kəs onun yaratdıqlarının yaşının hansı dövrünə aid olduğunu bilmədi. Bu, artıq Allah vergisi, bənzərsiz istedad idi. Vaqif Səmədoğlu dövrünün qəribə şairi idi. Onun poeziyasında inilti, sızıltı, ah-nalə yoxdur. Bəşəri bir kədər var. İnsanları düşündürən, duyğularına həzinlik, kövrəklik, xeyirxahlıq gətirən, dünya poeziyasını məşğul edən əbədi bir kədər.

Onun “Yeddi şeir” adlı ilk yaradıcılıq məhsulu 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra Vaqif Səmədoğlunun dövri mətbuatda əsərləri vaxtaşırı dərc edilib. Şairin əsərləri bir çox xarici dillərə tərcümə edilib, kitabları MDB ölkələrində, Türkiyə və İranda nəşr olunub.

Şairin yaradıcılıq yoluna nəzər salan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov yazır: Vaqif Səmədoğlunun müdrik ironiyası ona saxta gülüşün, laqqırtının Azərbaycan teatrı səhnələrini başına aldığı bir dövrdə "Uca dağ başında", "Bəxt üzüyü", "Lotoreya", "Yayda qartopu oyunu", "Yaşıl eynəkli adam", "Generalın son əmri", "Mamoy kişinin yuxuları" kimi pyesləri yazdırdı ki, onlar bütövlükdə milli ictimai şüurla oyadıcı, maarifləndirici təsirini göstərdi. Ümumiyyətlə, Vaqif Səmədoğlu insan-cəmiyyət münasibətlərinin dərinliklərinə nüfuz etməyi bacaran dahi bir şairdir.

 

Kağızın üstünə düşüb, 

İki əlimin kölgəsi.

Yenə də lap zilə qalxıb

Təkliyin yalquzaq səsi...

 

Vaxtdan yaxa qurtarmışam,

Bilmirəm saat neçədir.

Ay yarımçıq, ulduzlar yox,

Yaman ölməli gecədir...

 

Nə varım var, nə barxanam

Ömür yükü bağlamağa.

Allah, məni yarı öldür,

Yarı saxla ağlamağa...

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2023)

Xəbər verdiyimiz kimi Milli Məclisin Mədəniyyət Komitəsinin dəstəyi ilə Əli Kərimin “Vəsiyyət” kitabı rus dilində, “Hər kəsə məktub” kitabısa Türkiyə türkcəsində  nəşr olunub və Beynəlxalq Muğam  Mərkəzində keçirilən Əli Kərimin xatirə gecəsində kitablar ictimaiyyətə təqdim edilib.

 

Təqdimat mərasimində iştirak edən ədibin oğlu, filologiya elmləri doktoru, Əlyazmalar İnstitutunun icraçı direktoru Paşa Əlioğlu söyləyib:

-Görkəmli Azərbaycan şairi Əli Kərimin kitabları çoxdandır ki, yeni formatda çap edilmirdi və buna çox böyük ehtiyac vardı. Atamın vəfatından 50 il keçməsinə baxmayaraq hələ də onun yaradıcılığı ədəbiyyatşünas alimlərin diqqət mərkəzindədir. Bu, bir daha onu göstərir ki, illər keçsə də Ə.Kərimin yaradıcılığı öz oxucu kütləsini, aktuallığını itirmir. Mən çox istərdim ki, gənclərimiz daim görkəmli şairlərimizin poeziyasından bəhrələnsinlər. 

Biz Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ilə atamın kitablarının digər dillərdə çap olunması barədə danışdıq. Azərbaycanda bəzi yazarların əsərləri 50-60 ölkədə tərcümə olunaraq çap olunduğu halda, niyə də Əli Kərimin yaradıcılığı tərcümə olunaraq başqa dillərdə çap olunmasın. Biz bunun üzərində işlədik və Qənirə Paşayevanın dəstəyi sayəsində bu işlər uğurla tamamlandı. Əli Kərimin demək olar ki, bütün əsərləri Türkiyədə “Bəngü” nəşriyyatında Türkiyə türkcəsində çap olundu. Buna qədər onun poeziyası qardaş ölkədə az təbliğ olunmuşdu. İndi Türkiyədə onun şeirləri böyük sevgi ilə oxunacaq. Daha sonra kitablar rus dilinə də tərcümə olundu və Əli Kərim yaradıcılığının əhatə dairəsi bir az da genişləndi. Rus dilində də kitabın çıxması Ə.Kərim poeziyasının daha geniş coğrafiyada tanınmasına vəsilə olacaq. Bu gözəl işlərin təşəbbüskarı olan Milli Məclisin deputatı Qənirə Paşayevaya həm ailəmiz adından, həm də bütün ədəbiyyatşünaslar adından təşəkkürümü bildirirəm.

Təbii ki, çox nəsib bir təşəbbüssür və alıqşlanmağa layiqdir. 

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2023)

Bazar ertəsi, 30 Yanvar 2023 09:00

Əli Kərimin xatirə gecəsində yaşananlar

Xəbər verdiyimiz kimi, Beynəlxalq Muğam Mərkəzində Milli Məclisin Mədəniyyət komitəsinin dəstəyi ilə görkəmli Azərbaycan şairi Əli Kərimin azərbaycanca, Türkiyə türkcəsində və rusca çıxmış kitablarının təqdimat mərasimi və xatirə gecəsi təşkil edilib.

 

Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı tədbiri açaraq ilk olaraq sözü komitənin sədri Qənirə Paşayeva verib. Qənirə xanım XX əsr Azərbaycan şeirinin görkəmli nümayəndəsi Əli Kərimin yaradıcılığından, onun ədəbiyyat tariximizdəki yerindən bəhs edib. Vurğulayıb ki, Əli Kərimin yaradıcılığını hər zaman sevdirən onun müasir dünyagörüşüdür: "Əli Kərim Azərbaycan şeirinin miqyasını, hüdudlarını genişləndirən poeziya dühalarındandır". 

Türk dünyasının tarixi şəxsiyyətlərinin tanıdılması istiqamətində görülən işlərin önəmindən danışan deputat qeyd edib ki, Əli Kərimin poeziya yaradıcılığı bundan sonra da Azərbaycanda sevilərək oxunacaq. 

Daha sonra mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Əli Kərim yaradıcılığından danışaraq, belə ədəbiyyat nümayəndələrinin unudulmayaraq daim qəlblərdə yaşadığını qeyd edib: "Əli Kərim böyük və əhatəli bir şairdir. Onun yaradıcılığı ürəyə yatımlıdır, məzmunludur, dolğundur. Onun dillər əzbərinə çevrilmiş şeirləri çox sevilir və həmişə də ürəklərdə yaşayacaq. Davamlı olaraq belə təqdimatların keçirilməsi özlüyündə Azərbaycan ədəbiyyatının təbliği deməkdir".

AYB sədrinin müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, filologiya elmləri doktoru, ədəbiyyatşünas Vaqif Yusifli, BAMF prezidenti Umud Rəhimoğlu şairin yaradıcılığından söhbət açıb, onun Azərbaycan poeziyası, ədəbiyyatı naminə misilsiz xidmətlərindən danışıblar. 

Bildirilib ki, şairin “İki sevgi”, “Həmişə səfərdə”, “Qızıl qanad”, “Qaytar ana borcunu”, “Seçilmiş əsərləri”, “Qayıt” və başqa kitabları bu gün də oxucuların stolüstü vəsaitidir. 

Sonra şairin oğlu Paşa Əlioğlu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirərək, atası ilə bağlı xatirələrini danışıb.

Tədbirin bədii hissəsində Əməkdar artist Ağalar Bayramov və Nadir Hüseynov şairin poeziyasından şeirlər səsləndiriblər.

Bir sözlə, Əli Kərimin adına layiq bir tədbir keçirilib. Gəlin unutmayaq ki, tək elə bircə “Qaytar ana borcunu” şeiri bəs edər ki, Əli Kərimin adı ədəbiyyat tariximizdə qalsın. 

 

Bir gözəl, bir sevimli oğul böyütdü ana.

O bəd, uğursuz günü – ərinin öldüyünü

Bildirmədi heç ona.

Kədəri dalğa-dalğa doldusa da ürəyə,

Lakin nə saç yolaraq verdi əsən küləyə,

Nə şivən etdi ana.

Ürəyində ağlayıb, gülmək öyrətdi ona.

Dözərək davanın da dərdinə, bəlasına,

Öz boğazından kəsib yedirdi balasına…

Bir oğul böyütdü ki, gur, çatma qaş, gensinə.

Bir oğul böyütdü ki, oğul deyirəm sənə...

 

Bir oğul böyütdü ki, oğul məktəb bitirdi,

Oğul instituta qızıl medalla girdi.

Ana fikirləşdi ki: “Gör neçə aya getdi?!”

Ana yuxularında tez-tez Bakıya getdi.

Ana məktub yazdı ki: “Yanıltma gümanımı,

Pul nədir, pul deyirsən, göndərərəm canımı”.

Nə zaman ki oğlunun getdiyi dörd il oldu,

Məktubları kəsildi, gəlmədi tətil oldu.

Ananı fikir aldı, ananın əsdi dizi,

Ana müqəssir etdi tramvayı, dənizi.

O yenə dözdü, durdu… O yolmadı saçını,

Səslədi qonşuları Əsmər, Çiçək bacını.

Yenə də azalmadı ürəkdən bala dərdi,

Onlar oğul vermədi, onlar təsəlli verdi.

Məktub məktub dalınca axdı, Bakıya axdı,

Ana da məktubların dalınca baxdı, baxdı…

Məktublarsa Bakını dolandı, gəzdi, gəldi,

Məktublar əzik-üzük, məktublar bezdi gəldi.

Ana yenə də baxdı gah dolama yollara,

Gah da oğul boyuna həsrət qalan qollara.

 

Ana oğul böyütdü gur, çatma qaş, gensinə,

Ana oğul böyütdü, özgəyə qismət oldu.

Ana fikirləşdi ki, mən neyləmişəm sənə?

Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu?

...Ana bilsəydi əgər, böyütməzdi oğlunu,

Yox, bunu yandım dedim, yenə atmazdı onu.

Bir gözəl, bir sevimli oğul böyütdü ana,

Ürəyində ağlayıb, gülmək öyrətdi ona.

Oğul! Nədir etdiyin bəs bu haqq-say üçün?

Qaytar onun ömrünə neçə gecə, neçə gün!

Qaytar onun saçının qaralığını geri.

Qaytar o dilindəki şirin-şirin sözləri!

O sözü, o söhbəti, gülüşü anan verib

Ana dodaqlarından bala dodaqlarına.

İndi ondan gen gəzən oğul, ayaqlarına

Yerişi anan verib.

Qaytarsan o sözləri, sözsüz bir lal olarsan,

Qaytarsan o yerişi, yerindəcə qalarsan.

Qaytarsan o gülüşü, hırıldamazsan daha.

Qaytar, qaytar onları, qaytar, qoyma sabaha!

 

Sən ki dərd verdin, oğul, sənə gülüş verənə,

Oğul demərəm sənə!

Deyirəm ki, o boyu, buxunu qaytar geri!

Deyirəm ki, varını, yoxunu qaytar geri!

Qaytar onun borcunu,

Gülüşünü, adını, sözünü qaytar geri!

Qaytar ana borcunu,

O borc sənin özünsən, özünü qaytar geri!

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2023)

Günün fotosu: Azərbaycan səfirliyinə silahlı basqın qətiyyətlə pislənir

 

Dünya mediası hadisəylə bağlı belə bir fikir irəli sürür: Görünür, İran hakimiyyəti Azərbaycan səfirliyinin mühafizəsini düzgün təşkil etməyib və ya hücum anında mühafizənin yaxşı təşkilində, terror aktının qarşısını almaqda maraqlı olmayıb.

Foto: CNN

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2023)

 

Bu gün “Park bulvar”da Azərbaycanın ilk qadın çobanının həyatından bəhs edən “El adamı” sənədli filminin premyerası olub.  “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin  (QSC) istehsalı olan ekran əsəri ilk qadın çoban Kəklik Əhmədovanın həyatından bəhs edir.

 

Filmdə Kəklik Əhmədovanın həyat yoluna işıq salınır, gördüyü işlər və qazandığı nailiyyətlərdən danışılır. Uşaqlıqdan kənddə böyüyən, ömrünü dağlarda keçirən 68 yaşlı çoban qadın torpaqlarımızın düşmən işğalından azad olunmasından sonra Kəlbəcərə yollanıb. Ağcabədinin Hüsülü kəndində yaşayan K.Əhmədova bir müddət orada bələdiyyə sədri kimi də fəaliyyət göstərib. 

Ulu Öndər Heydər Əliyev xidmətlərinə görə Kəklik Əhmədovaya avtomobil bağışlayıb. 

Maraqlı süjet xəttinə malik filmi “Park bilvar”a təşrif buyuranlar məmnuniyyətlə izləyiblər. 

Filmin rejissoru və ssenari müəllifi Nadir Diridağlı, rejissor assistenti Vüsal Məhərrəmov, montaj rejissoru Zurab Salmanoğlu, layihə rəhbəri isə Elnur Məmmədovdur. 

Qeyd edək ki, film sabah saat 15:00-da AzTV-də yayımlanacaq.

Xoş izləmələr! 

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2023)

 

Bu gün tanınmış aktrisa Ofeliya Aslanın anadan olmasının 84-cü ildönümü tamam olur. Çoxlarının yasında o, görkəmli aktyor Siyaviş Aslanın həyat yoldaşı kimi qalır, amma o, öz bənzərsiz istedadı ilə adını Azərbaycan teatr tarixinə yazdırıbdır. Ofeliya Aslanın adı çəkiləndə, heç şübhəsiz, “Hicran” tamaşası, “Çarliston” obrazı daha çox yada düşür.

 

Ofeliya Aslan 1939-cu il yanvarın 27-də Bakıda, sənətkar ailəsində dünyaya göz açıb. Atası Xalq artisti Rza Əfqanlı görkəmli aktyor, anası Xalq rəssamı Bədurə Əfqanlı isə ilk azərbaycanlı qadın teatr rəssamı olub. O, 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (İndiki Mədəniyyət və İncəsənət Universitetinin) “Musiqili Komediya aktyoru” fakültəsini bitirib, bir müddət A.Şaiq adına Kukla Teatrında aktrisa kimi çalışıb.

Sonradan Musiqili Teatrda əvvəl xor artisti kimi işə başlayıb. Aktrisanın teatrda ilk rolu “Durna” komediyasında Lalə olub. Bundan sonra “Beş manatlıq gəlin” (Gülnaz), “Arşın mal alan” (Telli), “Hicran” (Çarliston), “Axırı yaxşı olar” (Dilbər), “Bankir adaxlı” (Səmayə) və digər tamaşalarda, həmçinin, “Yol əhvalatı”, “Aktrisanın təbəssümü”, “Xoşbəxtlik qayğıları”, “Adı sənin, dadı mənim”, “Evləri köndələn yar” kimi filmlərdə və teletamaşalarda yaddaqalan obrazlar yaradıb. “Mozalan” satirik kinojurnalının onlarca nömrəsində çəkilib.

O, teatr truppası ilə birlikdə SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olub. SSRİ-nin Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin Moskvanın Operetta Teatrında tamaşaya qoyulmuş “Ana, mən evlənirəm” əsərində Bibixanım rolunda səhnəyə çıxıb.

Ofeliya Aslan 2010-cu il mayın 18-də vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.