Super User

Super User

Azərbaycan əsilli, tanınmış fotojurnalist, dünyaca məşhur fotoqraf Reza Deqati Abşeron Milli Parkını ziyarət edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə dünyaya öz kamerasının “gözü” ilə baxan məşhur fotoqraf bu dəfə fokusu Şah Diliyə, ecazkar dəniz mənzərəsinə, “təbiət gözəli” flaminqolara yönəldib.

Səyahətləri ilə gördüklərini fotoyaddaşlara köçürən məşhur fotoqraf Abşeron yarımadasının cənub-şərq qurtaracağındakı foto təəssüratlarını da dünya ilə bölüşmək fikrindədir.

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2023)

 

Bu gün tanınmış bəstəkar, Xalq artisti, professor Musa Mirzəyevin anadan olmasının 90-cı ildönümü tamam olur.

 

Azərbaycan bəstəkarlıq məktəbinin seçilən nümayəndələrindən biri olan Musa Mirzəyev yaratdığı rəngarəng əsərləri ilə milli musiqi mədəniyyəti xəzinəmizi daha da zənginləşdirib.

Musa Mirzəyev 1933-cü il yanvarın 26-da Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra o, 1947–1951-ci illərdə Asəf Zeynallı adına Bakı musiqi texnikumunda oxuyub, 1952–1958-ci illərdə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında görkəmli sənətkar Qara Qarayevin sinfində bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili alıb.

Əmək fəaliyyətinə 1958-ci ildən etibarən Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində gənclər xorunun konsertmeysteri kimi başlayan Musa Mirzəyev 1978-ci ilədək burada çalışıb, 1978–1979-cu illərdə isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında bədii rəhbər vəzifəsini tutub. Sonrakı dövrdə yalnız yaradıcılıqla məşğul olaraq bəstəkarlıq əsərləri meydana gətirən Musa Mirzəyev 1992–1993-cü illərdə “Şur” musiqi nəşriyyatında müxtəlif vəzifələrdə işləyib. Yaradıcılığını pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək o, 1993-cü ildən ömrünün sonunadək çalışdığı Bakı Musiqi Akademiyasında yeni peşəkar musiqiçilər nəslinin formalaşdırılması işinə töhfələr verib.

Azərbaycan musiqisinin bugünkü simasının formalaşmasında öz dəst-xətti ilə tanınan bəstəkarın təqdirəlayiq xidmətləri vardır. Ayrı-ayrı janrlarda çoxsaylı əsərlər bəstələmiş Musa Mirzəyevin yaradıcılığında xüsusən simfonik və kamera musiqisi janrında yazdığı əsərlər mühüm yer tuturdu. Dərin milli kolorit, nikbinlik ruhu və zəngin dramatizm hər bir əsərinə hədsiz məsuliyyətlə yanaşmış bəstəkarın yaradıcılığını səciyyələndirən başlıca cəhətlərdəndir.

Musa Mirzəyevin əsərləri tanınmış musiqi kollektivləri tərəfindən müvəffəqiyyətlə ifa edilərək respublikada və onun hüdudlarından kənarda müəllifinə şöhrət gətirib. Bəstəkarın kamera musiqisindən ibarət müəllif konsertləri sənətsevərlərin rəğbətini qazanıb. Musa Mirzəyev bir çox əsərləri simfonik orkestrlə ifa olunmaq üçün yenidən işləmiş və partiturasının hazırlanmasına böyük əmək sərf etmişdir. Onun Azərbaycan və dünya musiqisinə dair məqalələri yetişməkdə olan nəslin estetik zövqünün püxtələşməsinə öz təsirini göstərib.

Onun monumental “I simfoniya”, “Simfonietta”, simli orkestr üçün “II simfoniya”, violin və simfonik orkestr üçün simfoniya-konsert, poemalar - o cümlədən “Sədini oxuyarkən”, “Bayram poeması”, truba ilə orkestr üçün “Poema-noktürn”, “Yeddi simfonik lövhə” kimi simfonik əsərləri, habelə kvartet, trio, sonata-kapriççio, “Gənclik üçün albom”, “Lənkəran əfsanəsi” fantaziyası, “Romantik poema”, vokal silsilələri, mahnıları, xor əsərləri onun yüksək peşəkarlığının təzahürüdür. Sənətkar hər bir əsərin ərsəyə gəlməsinə böyük məsuliyyətlə yanaşıb. 

Musa Mirzəyevin yaradıcılığı və müasir Azərbaycan mədəniyyəti qarşısında xidmətləri yüksək qiymətləndirilib. Ölkəmizdə musiqi sənətinin inkişafı sahəsində qazandığı nailiyyətlərə görə o, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.

Musa Mirzəyev 2016-cı il yanvarın 29-da vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2023)


Türk ölkələrindən Azərbaycana dəvət olunmuş gənc yazarların iştirakı ilə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən çap olunmuş "Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına"  kitabının təqdimatı mərasimi “Azərkitab” kitab təbliğatı mərkəzində baş tutacaq və mərasimə qatılan hər bir şəxsə kitab hədiyyə olunacaq. 

“Ədəbiyyat və incəsənət” bildirir ki, tədbir yanvarın 28-də, saat 15:00-də baş tutacaq. “Azərkitab” kitab təbliğatı mərkəzinin ünvanını xatırladırıq: Bakı, Atatürk prospekti , A. Salamzadə küçəsi, 65 B (Gənclik metrosundan Ayna Sultanova istiqamətində gedən yolda yerləşən"Zivella" mebel evinin arxası).
Tədbirin Proqramı:
1. Kitabın təqdimatı;
2.Müzakirələr;
3.Təltiflər.

“Ədəbiyyat və incəsənət”
(26.01.2023)

 

Azərbaycan Kinematoqrafçılar İttifaqı yenidən film nümayişlərini bərpa edir. Bu barədə İttifaqdan mediaya açıqlanma verilib. 

 

Açıqlamada bildirilir ki, ilk nümayiş yanvarın 31-də “Azərbaycan” kinoteatrında olacaq. Bu dəfə üç rejissorun - Aynur Kazımovanın “Unudulmuş arzular”, Pərviz Həsənovun “Uşaqlıq fotosu”, Elvin Aşirovun “Eviniz haradadır” sənədli filmləri nümayiş olunacaq. Baxışdan sonra tamaşaçılar ilə yaradıcı heyət arasında müzakirələr olacaq.

Azərbaycan Kinematoqrafçılar İttifaqının kino nümayişləri üzrə məsul əməkdaşı, rejissor Ülviyyə Əhmədova bildirib ki, bu il Azərbaycan kinosunun 125 illiyi, Azərbaycanfilm” kinostudiyasının 100 illiyidir və bu səbəbdən klassik milli filmlərimizin nümayiş proqramı da planlanır: “Keçən il reallaşdırdığımız “Dünya şedevrləri Azərbaycan dilində” proqramı bu il də reallaşacaq. Proqramda Aleksey German, Nikita Mixalkov, Tengiz Abuladze kimi dünyaşöhrətli rejissorların filmləri var. Ənənəyə sadiq qalaraq 2023-cü ildə də “Visla” Polşa Film Festivalı ilə əməkdaşlıq nəzərdə tutulub”.

Azərbaycan Kinematoqrafçılar İttifaqı katibliyindən bildiriblər ki, mütəmadi nümayişlər milli filmlərin təbliği və zövqlü tamaşaçı ordusunun formalaşması İttifaqın prioritet məqsədlərindəndir.

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2023)

 

Ömrünün 40 ilini millətinin maariflənməsi və tərəqqisi yolunda xərcləyən Firidun bəy Köçərli ədəbi fikir tariximizdə ən ali məqam sahibi kimi xatırlanır. Bu gün Azərbaycan ədəbi tənqidi və ədəbiyyatşünaslığının görkəmli simalarından biri, ictimai xadim Firidun bəy Köçərlinin anadan olmasının 160-cı ildönümü tamam olur.

 

Ötən əsr ədəbiyyatşünaslığının inkişafında müstəsna xidmətləri olan Firidun bəy Köçərli bu gün mənsub olduğu xalqının yaddaşında ölümsüzləşən ziyalılardandır. O, tarixdə nəzəriyyəçi, tərcüməçi, mətbuat və teatr qurucusu, habelə pedaqoq, maarifçi, ən başlıcası da böyük vətəndaş və milli duyğulara sahib fədai kimi anılır.

1863-cü il yanvarın 26-da Şuşa şəhərində dünyaya göz açan Firidun bəy Köçərli ibtidai təhsilini Mirzə Kərim Münşizadənin məktəbində alıb. Atası Əhməd bəyin elmə, maarifə böyük marağı və həvəsi oğlunun dövrünün ən yaxşı məktəblərində oxutmasına təkan verib. Atasının arzularına rəğmən Firidun bəy doğma şəhərdə fəaliyyət göstərən rus məktəbinə daxil olub. O dövrdə məşhur rus pedaqoqu A.Çernyayevski Qafqazı dolaşaraq Qori Müəllimlər Seminariyası üçün ümidverən gənclər toplayırdı. Firidun bəy Köçərli onun diqqətini çəkib. O, 1879-1885-ci illər ərzində burada təhsil alıb. Seminariyanı bitirən ili bir müddət İrəvan gimnaziyasında dərs deyib. Onu İrəvanda təkcə pedaqoq kimi tanımırdılar. Qori Müəllimlər Seminariyasının məzunu olan Firidun bəy 23 yaşında İrəvanda teatr tamaşası təşkil edir. On ilə yaxın bir müddət ərzində İrəvanda həm pedaqoq, həm də bir mədəniyyət xadimi kimi fəaliyyət göstərən Firidun bəy Köçərli yerli ziyalılardan Mirzə Məhəmməd Qəmərli ilə birlikdə ədəbi gecələr təşkil edir, poeziyaya, ədəbiyyata marağı olan gəncləri bir araya gətirərək onların formalaşmasında böyük zəhmət çəkir. Hələ İrəvan gimnaziyasında müəllim işlədiyi illərdə tərcüməçiliklə məşğul olan Firidun bəy rus ədəbiyyatının tanınmış nümayəndələrindən Puşkinin, Lermontovun, Koltsovun və başqalarının əsərlərini ana dilimizə çevirməyə başlayır. Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvakib” povestini də ilk dəfə rus dilinə məhz Firidun bəy Köçərli çevirib. Bu da faktdır ki, Azərbaycan və rus ədəbiyyatlarının əlaqələri haqqında ilk qeydlər Firidun bəyə məxsusdur.

İrəvanı tərk etdikdən sonra yenidən təhsil aldığı məktəbə qayıdan Firidun bəy Köçərli 1895-ci ildən 1918-ci ilə qədər məzunu olduğu seminariyada dərs deyib. Hətta onu 1910-cu ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin ediblər. Burada çalışdığı illərdə həmvətənlərinin seminariyada təhsil almasına yardımçı olan Firidun bəy Köçərlinin uzun sürən səylərindən sonra Qazaxda Müəllimlər Seminariyası açılıb.

O, klassik Azərbaycan ədəbiyyatı haqqında geniş məlumata, dərin elmi-nəzəri biliyə, incə zövqə malik olduğu üçün hər bir qələm sahibinin yaradıcılığını özünəməxsus şəkildə təhlil etmək qüdrətində olub. O, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Seyid Əzim Şirvani kimi şairlər haqqında çox dəyərli oçerklərin müəllifidir. Onun Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, Mirzə Ələkbər Sabir barəsində ədəbi-tənqidi, realist fikirlərini əks etdirən maraqlı əsərləri var.

Görkəmli ədəbiyyatşünas alimin elmi fəaliyyəti Azərbaycan tarixinin qiymətli səhifələrindən sayılır. Unudulmaz millət aşiqinin “Azərbaycan ədəbiyyatı” əsəri isə ədəbiyyatşünaslığımızın inkişafında böyük rol oynayan və bu gün də aktuallığını itirməyən əsərlərindəndir. Firidun bəy Köçərli millətinin təəssübkeş ziyalılarından idi. O, xalqının gənc və yeniyetmə övladlarının maarifləndirilməsi, təhsil alması və mədəni inkişafında gecə-gündüz məşəl kimi alovlanırdı. Firidun bəyin nəcibliyi millətinin taleyinə xidmət etsə də, düşmənləri də rahat buraxmırdı. O, millətimizin uzaqgörən ziyalılarının olmasını heç vaxt gözügötürməyən ermənilərin məkrli əməllərinin qurbanına çevrildi. Düşmən 57 yaşlı aydının ömür çırağını söndürsə də, onun arzuları və əməllərinin nurunu söndürə bilmədi. Bəli, o nurun işığından Firidun bəyin mənsub olduğu millətinin övladları bu gün də faydalanır.

Ölümündən sonra 1925-ci ildə "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabının I hissəsi, 1926-cı ildə isə kitabın II hissəsi çap edilib. Uşaqlar üçün yazdığı "Balalara hədiyyə" kitabı isə 1967-ci, 1972-ci və 2013-cü illərdə çap olunub.

Firudin bəyin irsi ilk dəfə 1957-ci ildə ədəbiyyatşünas alim Bəkir Nəbiyev tərəfindən araşdırılıb. O, arxiv materialları toplayaraq Firudin bəyin sağ qalan tələbələri ilə görüşərək 1960-cı ildə "F.Köçərlinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1967-ci ildən Respublika Uşaq Kitabxanası Firidun bəy Köçərlinin adını daşıyır. 2013-cü ildə Firudin bəy Köçərlinin anadan olmasının 150 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd edilib.

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2023)

 

Bakı Kitab Mərkəzində Azərbaycan əsilli alman yazıçısı Aleksandra Azima Reynhardtın “Cəhənnəm mələkləri” və “Müqavilə ilə xəyal” kitablarının təqdimatı keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, kitablar yazıçının ötən il işıq üzü görən “Qəhvə və süd” romanının davamıdır. Toplanan bütün vəsait xeyriyyəçilik məqsədlərinə yönəldiləcək.

Təqdimatda çıxış edən Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı istedadlı yazıçının yaradıcılığı ilə tanış olduğunu qeyd edib, bu dəyərli ədəbiyyatı hər kəsə oxumağı məsləhət görüb. 

Xalq yazıçısı, Azərbaycanın Yazıçılar İttifaqının birinci katibi Çingiz Abdullayev müəllif üçün kitablarının işıq üzü gördüyü vaxtın çox həyəcanlı olduğunu deyib, Aleksandra Azimaya yaradıcılığında uğurlar arzu edib. 

Kitabının təqdimatı münasibətilə müəllifi təbrik edən Azərbaycanın Xalq yazıçısı Natiq Rəsulzadə deyib: “İlk kitabı yazarkən müəlliflər bütün həyati təcrübələrini və biliklərini ehtiva etməyə çalışırlar. Sonra onların yaradıcılıq fəaliyyətində pauza yaranır. Lakin Azimada biz bunu müşahidə etmirik, çünki o, çox gözəl və tükənməz fantaziyaya malikdir. Bunun sayəsində onun kitabları bir nəfəsə oxunur”. 

Öz növbəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının professoru, “Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti Fuad Məmmədov əlavə edib ki, Azima Reynhardtın kitabları müəllifin həyata, həqiqətə məhəbbəti, müxtəlif həyati vəziyyətlərin realist təsviri ilə çox təsirlidir. 

Bakı Slavyan Universitetinin professoru Flora Naci deyib ki, müəllif hər bir kitabında gözəl, cəsarətli, məğrur, güclü qadın qəhrəman obrazını yaradır, bununla da onun anlayışında qadının necə olmalı olduğunu bizə nümayiş etdirir.

Daha sonra kitabların təqdimatı mərasimi müəllif və auditoriya arasında dialoq formasında davam edib.

Aleksandra Azima Reynhardt Şimali Amerika Yazıçılar İttifaqı və Avrasiya Yaradıcılıq Gildiyasının üzvü, “Parlaq Gələcək” xeyriyyə fondunun təsisçisi və yaradıcısıdır.

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2023)

Cümə axşamı, 26 Yanvar 2023 16:03

“Kurtlar Vadisi”nin daha bir aktyoru vəfat etdi

 

Ən çox oxunan xəbər: “Kurtlar Vadisi" serialındakı Bedir obrazı ilə tanınan aktyor Levent Güner vəfat edib.

 

“Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, sənətçi ürəktutmasından dünyasını dəyişib.

58 yaşlı aktyorun ölümü barədə həmkarı Zafer Algöz məlumat yayıb.

Qeyd edək ki, "Eski bir sevda" adlı musiqi albomu olan Levent Güner "Dudaktan kalbe", "Reaksiyon", "Kaybolan yıllar" kimi layihələrdə də yer alıb.

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2023)

Cümə axşamı, 26 Yanvar 2023 18:00

Sözün işığı və İşığa doğru uzanan yol

 

Poeziyamızın canlı klassiki, Xalq şairi  Nəriman Həsənzadənin şair Əkbər Qoşalıya qarşıdan gələn 50 illik yubileyi münasibəti ilə ünvanladığı ürək sözlərini diqqətinizə çatdırırıq. 

 

Hörmətli Əkbər Qoşalı qardaşım, siz şərəfli əlli yaşınıza ədəbi yaradıcılığınızın və ictimai fəaliyyətinizin halal nüfuz qazandığı bir vaxtda qədəm qoyursunuz.

Bir növ “Seçilmiş əsərlər” təsiri bağışlayan “Ürək daşı” adlı kitabınızdakı şeirləri məmnuniyyətlə oxudum, bizim sonuncu Yazıçılar Qurultayında müasir poeziyamız barədə məruzəçi gözəl şairimiz İbrahim İlyaslının əhatəli ön sözünü də maraqla izlədim. Bütün bunlardan savayı, Şuşa haqqında yazdığınız şeirləri, poemaları görkəmli tənqidçimiz Vaqif Yusiflinin Türk dünyası ilə sizin geniş yaradıcılıq əlaqələrinizə həsr etdiyi həcmli təhlili də bu fikri hallandırır ki, sizin türkçülüyünüz və bütün yaradıcılığınız ədəbi hadisədir. Həm şəxsi, həm də ədəbi əlaqələriniz barədə deyilənlər, əlbəttə, məni sevindirir.

Dünya Gəncləri Türk Yazıçılar Birliyinin fəxri başqanı kimi, ədəbi-ictimai-siyasi hərəkata rəhbərlik edirsiniz. Qardaş türk ölkələrinin dünyada türk həmrəyliyini elan etdiyi bir vaxtda, bu ədəbi-ictimai fəaliyyətiniz yəqin ki, böyük məna kəsb edir.

Qazax yazıçısı Rəhimcan Otarbayevin Bakıda nəşr etdirdiyiniz  “Baş” romanının həm redaktoru, həm də ön sözün müəllifi olmağınız da  yuxarıda dediyim mənada “sözsüz” təqdirəlayiqdir.

Əkbər, mən sizi, sizin şeir yaradıcılığınızı heç kəslə müqayisə etmək fikrində deyiləm.  Hərçənd, deyirlər ki, hər şey müqayisədə görünür. Müqayisəsiz görünürsə, buna ehtiyac varmı? Görünən dağa nə bələdçi?

Bu dünya köhnə dünyadı, siz onu təzə görə bilirsiniz, buna inandığınız üçün də oxucunu inandıra bilirsiniz. Məncə, bu təbiidir. İstedadın gözü görür, qulağı eşidir, qəlbi də duyur.

“Türkçülüyüm tutdu yenə” deyirsiniz. Bu, şairin ilhamlı çağıdı. Rəssama and verir ki, “Sən fırçan!” incimə, sənin odandan heç bir şey götürmədik. “Fırça” burada təkcə kolorit xatirinə deyil, and yeri kimi Tanrı əvəzi işlədilir.

“...Bəlkə gözümüzdə,

könlümüzdə,

götürmüşük nəyisə, -

o dağınıq adamın sənətçi nizamından.”

 

Başqa bir şerində şair Tanrı and yeri kimi “Daşkənd eşqinə”, “Babək deyən bir cüt qolun eşqinə”, “Xətayinin başladığı ulu yolun eşqinə”, “...Turan adlı acunun eşqinə” və başqa  bu kimi tərkiblərdən istifadə edirsiniz. “Ömür deməm ömürə”, “Ömür dedim ölümə!” deyə poetik manifestinizi elan

edirsiniz.

 

Bu gün,

əlbət, bir gün

olanlar olmayacaq,

olmayanlar olacaq.

 

Nə qurşun atdıq bir kəsə,

nə qurşun atdılar ölək:

ölüm demə ölümə,

yol yoxsa

cavan ölümə.

 

Onsuz da

olanlar olmayacaq,

olmayanlar olacaq.

 

Nə qurşun atdılar ölək,

nə qurşun atdıq bir kəsə:

Ömür dedim ölümə,

özüm dedim özümə.

Bütün ölümlər

ölümə aparır.

 

Baxma, hər ölünü bir qoşun aparır,

kim dünyadan nə götürür?

Qoy desinlər, bir şair

dünyadan qurşun aparır.

 

“Bu elitar mədəniyyət” xüsusi qabiliyyəti olan və maariflənmiş azlıq üçündür” deyən bir Avropa kulturoloqundan fərqli olaraq, böyük italyan filosofu və tarixçisi Benedetto Kroçe  “İnsanın işığa doğru uzanan fasiləsiz yolu” kimi qiymətləndirir və əlavə edir ki: “poeziya kainatın vəznini (ritmini) duymaqdırsa, fikir onu sistemə salmaqdır”.

Əkbər Qoşalının qoşmaları, gəraylıları, təcnisləri də şairin geniş dünyagörüşünün, həyat müşahidələrinin nəticəsi kimi qiymətlidir. Şeirin  dili rəvandı, ağızda saitlər samitlərə qarışmır, həcmcə qısa və yaddaqalandı.

 

“Ömrüm uzun çəkmədi,

kasıb gülüşü kimi”

 

“Qızlar yanmı çəkdi yanaqların, -

biz niyə əyilib əlindən öpdük?!”

 

“Bir göz var, istədim baxım yaşayım,

qoydular üz-üzə baxtımnan məni”.

 

“Nə iş görürəm, soruşma,

işim özümlə davadı”.

 

“Alnımı oxuyammadım,

alnı belə qırışammı?!”

 

Müxtəlif şeirlərdən götürdüyüm uzun-qısa bu misralar mənə bol məhsul gətirmiş ağaclarda bəhrəsinin ağırlığından əyilən nazik budaqları xatırladır.

Əkbərin göz açıb yaşadığı mühit – Tovuz tərəflər həmişə saz-söz sahibləri ilə məşhur olmuş, seçilmişdir. İndi də belədir. Mülkülü şair Həsən kişini mən yaxşı tanıyırdım. Bizim Vağzal Poyluda meşəbəyi işləyirdi. Onun sazı, şeiri, sözü həmişə məni heyran etmişdi. Sonralar Mikayıl Azaflı, Şəmşad Rza, Məstan Əliyev, Məmməd İsmayıl, Zirəddin Qafarlı, Məzahir Hüseynzadə kimilər şerimizi-sözümüzü şərəfləndirdi.

Belə bir tarixi şeir-sənət ocağında görünmək özü istedaddır (təkcə istedadmı?). Gəraylılarının birində şair həyatın ziddiyyətlərini, qaranlıq döngələrini görür, göstərir və şükr eləyir. Çünki müəllif inanır və inandırır ki, insan, onun gözəgörünməyən

gücü yenilməzdir.

Şeirlərin əsas leytmotivi məhək daşı, müəllifin ad verdiyi “Ürək daşı” məhz budur.

Bu əbədiyyəti şair eşqlə, qürurla qələmə alır və yanılmır.

 

Dizim yerə gələn vaxtı

güc gələn qeyrətə şükür.

Nur üzə hər gün təzədən

yaranan heyrətə şükür.

 

Yaxınları uzaq bildik,

uzaqları sazaq bildik.

Ölən öldü də,

bilmədik,

doğulan Mehmete şükür.

 

Ömür – durmur, axarında,

ölüm – bəlkə də yaxında.

Danışmağa söz qalıbsa,

şairə və şeirə şükür.

 

Hörmətli qələm dostum, bənzərsiz şeirlərində müşahidə etdiyim bir yaradıcılıq sirrini də (sirr demək mümkünsə) yeri gəlmişkən qeyd etmək istərdim: şair istifadə etdiyi bir ədəbi növ və janrda,  müxtəlif  növ və janrların elementlərini işlədir. Beləliklə də, ifadə etmək istədiyi poetik ümumiləşdirmələrə nail olur.

Təbiidir ki, söhbət sənətkardan gedirsə, o heç vaxt fəlsəfi-estetik cərəyanların məhdud çərçivəsinə sığa bilməz, əksinə, özüylə yeni bir fəlsəfi dünyagörüş, ədəbi növ və janr, üslub, yeni təfəkkür tərzi və sairə  gətirir. Bəzən özü bütöv bir ədəbi-

fəlsəfi mərhələyə çevrilir.

Yeni üfüqlər!

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2023)

 

Azərbaycanın tarix boyu yetişdirdiyi ən məşhur elm adamlarının adını sadalayası olsaq mütləq ilk onluqda, hətta ilk beşlikdə Yusif Məmmədəliyevin adı gələcək. Bir daha bu görkəmli şəxsiyyətin tərcümeyi halını və elmi nailiyyətlərini diqqətinizə çatdırırıq ki, başlıqdakı acı xəbəri sonradan bölüşək. 

 

Yusif Məmmədəliyev 1905-ci ilin 31 dekabrında Naxçıvan qəzasının Ordubad şəhərində anadan olub. 1926-cı ildə Vladimir İliç Lenin adına Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirdikdən bir müddət sonra, 1928–1929-cu illərdə İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunda müəllim işləyib. O, İrəvan azərbaycanlılarının ictimai həyatında da fəal iştirak edib. Həmin  dövrdə Ermənistanda azlıqda qalan millətlərlə iş komissiyasının üzvü olub, kütlənin hüquqi vəziyyəti, gənclərin, xüsusən də qızların təhsilə cəlb edilməsi ilə əlaqədar mətbuat səhifələrində çıxış edib.

1942-ci ildə Yusif Məmmədəliyev kimya elmləri doktoru ("Aromatik karbohidrogenlərin alkilləşdirilməsi və dealkilləşdirilməsi yolu ilə toluolun sintezi" mövzusu) və professor, 1945-ci ildə Azərbaycan SSR EA-nın akademiki olub.

Tam əsasla demək olar ki, Yusif Məmmədəliyev 1945-ci ildə Azərbaycan SSR EA-nı quranlardan biridir. Respublikada elmin inkişafının bütöv bir dövrü bu dahi insanın adı ilə bağlıdır. 1945-ci ildə o, Azərbaycan SSR EA-nın akademiki, Rəyasət heyətinin üzvü və EA Neft İnstitutunun direktoru seçilib. M. Mirqasımov, M. Topçubaşov, Səməd Vurğun, Şirokoqorov, Yesman, Mikayıl Hüseynovla bərabər, o, akademiyanın təsisçisi və Azərbaycanın ilk akademiki olan 15 tanınmış şəxsdən biri idi. 1954-cü illərdə Azerbaycan SSR EA Fizika, Kimya və Neft bölməsinin akademik-katibi, 1954–1958 illərdə S. M. Kirov adına ADU-nun rektoru olub. Görkəmli şəxsiyyət 15 dekabr 1961-ci ildə - cəmi 56 yaşında Bakıda vəfat edib. 

Həyat tarixçəsinə baxsaq, Yusif Məmmədəliyev keçmiş SSRİ, ABŞ, İtaliya (1955, Roma), Fransa (1960, Paris), İngiltərə, Polşa Xalq Respublikası (1957–58, Varşava), Macarıstan Xalq Respublikası (MXR) və başqa ölkələrdə keçirilən qurultay, konqres və simpoziumlarda Azərbaycan elmini yüksək səviyyədə təmsil etmişdir.

Akademik Y. Məmmədəliyev benzolu propilenlə alkilləşdirmək yolu ilə izopropilbenzolun sintezi üsulunu işləyib hazırlamış, bu da II Dünya müharibəsi illərində aviasiyamızın yüksək oktanlı yanacaqla təmin edilməsinə kömək etmişdir.

Faşist ordularına qarşı Sovet İttifaqının qələbəsində tank əleyhinə qarışığın kəşfinin çox böyük əhəmiyyəti oldu. Onun tərkibi Y. Məmmədəliyev tərəfindən toluolun — partlayıcı maddələr üçün xammalın — əldə edilməsi əsasında işlənib-hazırlandı. Lakin o vaxt, müharibə dövründə, lap elə müharibədən sonra da çox az adam bilirdi ki, düşmən üçün həmin məhvedici "kokteylin" müəllifi Yusuf Məmmədəliyevdir. Deyilənə görə, Azərbaycanın ovaxtkı rəhbəri M. C. Bağırov nümunənin yüksək effektivliyinə şübhə ilə yanaşıbmış, təsadüfən mayedən bir qədər buxarıya sıçramış, hündür alov qalxmış, buxarının odadavamlı kərpici ərimiş, metal borular dağılmışdı. Onda Bağırov alimin nə kəşf etdiyini dərk etmişdi.

Azərbaycanda Elmlər Akademiyası 1945 ilin yazında yaradılmışdı və istedadlı kimyaçı, alim, yenilikçi, Lenin ordenli, toluolun və yüksək oktanlı yanacağın sənaye istehsalının təşkilatçısı Y. H. Məmmədəliyev onun həqiqi üzvlərinin birinci tərkibinə haqlı olaraq daxil edildi. Onun hələ 40 yaşı yox idi o vaxt. 

Azərbaycan Astrofizika Rəsədxanası, Əlyazmaları Fondu, Sumqayıt Kimya Elmi Mərkəzi və digər müəssisələrin təşkili Y.Məmmədəliyevin adı ilə bağlıdır. Onun yaratdığı Azərbaycan neft-kimya məktəbi respublikadan çox-çox uzaqlarda tanınır. Yusif Məmmədəliyev Lenin ordeni (1944), "Qırmızı əmək bayrağı" ordeni (1954) və "Şərəf nişanı" ordeni (1951), həmçinin medallarla təltif edilmişdir.

Belə ki, Nobel mükafatına namizədlik məsələsi ortaya çıxanda, SSRİ alimlərinin çoxunun Bakıdan olan "ALKİLLƏŞDİRMƏ KRALI"nın namizədliyi üzərində dayanması tamamilə qanunauyğun idi. Qırıcı təyyarələr üçün keyfiyyətli benzin kəşfinə görə ona Nobel mükafatı verəcəkdilər. Məmmədəliyevin Nobel mükafatına namizədliyi 1957-ci il dekabrın 29-da Sov.İKP MK Siyasi Bürosunun iclasında müzakirəyə çıxarıldı. Baş katib N.S.Xruşşov, büro üzvləri və üzvlüyə namizədlər fikirlərini bildirdikdən sonra sənədlərin Nobel Komitəsinə təqdim olunması haqqında razılığa gəldilər. Elə bu zaman qəfildən iclasa ünvanlanan bir məktub üzə çıxdı. MK katibliyinin təqdim etdiyi məktubda Sovet Ordusu Arxa Təchizat İdarəsinin rəisi, marşal Baqramyan, Tank Qoşunları komandanı general Babacanyan dövlət sirri və hərbi sirr olduğu üçün bu ixtiraya dair məlumatın Stokholma göndərilməsini məsləhət görmədilər. SSRİ DTK-nın sədri A.Şepilovun məktubda yazılanlara qəti etirazına baxmayaraq, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Anastas Mikoyan çıxış edərək məktubun müəlliflərinə haqq qazandırdı və onları dəstəklədi. Beləliklə, üç yüksək vəzifəli erməninin fitvası ilə Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyinin irəli sürülməsi baş tutmadı.

Bu gün Naxçıvanda Yusif Məmmədəliyevin abidəsi ilə baş verən hal, hardasa o uzaq illərdə ermənilərin ona qarşı həyata keçirdikləri o mənəvi terrora bənzəmirmi? Əfsus ki, o vaxtkı hadisəni düşmən millət, indikini isə özümüzünkülər törədiblər. 

Faşist Almaniyası üzərində SSRİ-nin qələbəsini təmin edən amillər haqqında müharibədən sonrakı illərdə belə danışırdılar: müharibəni Mikulinin motorları, Yakovlevin təyyarələri, Məmmədəliyevin benzini hesabına udmaq mümkün oldu. Akademikin dünya elminə daha bir misilsiz töhfəsi strateji raketlər üçün 1950-ci ildə yaratdığı duru yanacaq idi. Yerin ilk peyki, Qaqarinin uçuşu — bütün bunlar Baki nefti, Azərbaycanın neft kimyası məktəbinin yaradıcıları olan Y. H. Məmmədəliyevin elmdə qəhrəmanlığı və onun həmfikirlərinin fədakar əməyi sayəsində baş tutdu.

Azərbaycan məhz belə bir dahi yetişdirib. 

Və budur, 2023-cü ilin yanvarında Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində akademik Yusif Məmmədəliyevin abidəsinin postamentinin qara mərmərdən olan üzlüyü sökülüb. Xəbərə görə, qiymətli daşlar hansısa bir vəzifəli şəxsin göstərişi ilə, heç bir səbəb olmadan sökülərək aparılıb, postamentə isə adi beton üzlük çəkilib. Azərbaycan üçün bu qədər işlər görən dahi şəxsiyyətə sonda abidə mərmərini də çox görüblər.

Mövzuya qayıdacağıq.

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2023)

Cümə axşamı, 26 Yanvar 2023 12:45

Qarabağ xanına məxsus bayraq bərpa olunub

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpa olunub. Bu barədə APA-ya Milli Tarix Muzeyindən məlumat verilib.

 

Qeyd olunub ki, sözügedən bayrağın sapı bərpaçı-rəssam Əjdər Qafarov tərəfindən təmizlənərək, qoruyucu maddə ilə örtülüb.

Eksponatın ucluq hissəsindəki qotazı isə muzeyin bərpaçı-rəssamı Qənirə Məmmədova tərəfindən demontaj edilib.

Üzərində olan güləbətin tikmələri, qaytanı, baftası mexaniki və kimyəvi üsulla təmizlənib, qopan ipləri yerinə bərpa edilərək, eksponata ikinci həyat verilib.

Qeyd edək ki, bayraq 1928-ci ildə Azərbaycan Tarixi Muzeyinin direktoru Davud Şərifovun səyləri nəticəsində Azərbaycana gətirilib. Buna qədər bayraq Tiflisdəki Qafqaz Hərbi Tarix Muzeyində saxlanılıb.

Bayraq Rusiya imperatorlarının məhz Cavanşir sülaləsinin xanlarının əzəli Azərbaycan ərazisi olan Qarabağın hakimləri kimi tanımalarının maddi sübutudur. Bayraq muzeyə hakimiyyət rəmzi olaraq hədiyyə edilib.

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.