Rasim Balayev: “Sevgisiz oynamamışam...”

Onun xüsusi təqdimata ehtiyacı yoxdur. Tükənməz tamaşaçı sevgisi də qazanıb, ən yüksək fəxri adlar da. Tələbəlik illərindən az sonra çəkildiyi “Nəsimi” filminin adını çəkmək yetər ki, söhbətin kimdən getdiyi aydın olsun. Kinoda saysız-hesabsız maraqlı obrazlar yaradan Xalq artisti Rasim Balayev 75 illik yubileyini qeyd etməyə hazırlaşır. Onunla görüşü “AzərTAC” da ad günü ərəfəsinə saldı. Sevimli aktyorumuzu bu münasibətlə həm təbrik etdilər, həm də ömrün arxada qalan illərinə “körpü saldılar”. “Ədəbiyyat və incəsənət” portalı Daycest bölümündə həmin müsahibəni sizlərə təqdim edir. 

 

 

 

- Rasim müəllim, 75 yaşa çatmaq necə bir hissdir? 25 yaşda Nəsimini, 27 yaşda Bamsı Beyrəyi, 31 yaşda Babəki oynadınız. Bəs indiki yaşda özünüzü hansı obrazda görürsünüz?

 

- Ömür Allahın qismətidir. İndi tez-tez xəyal məni uzaqda qalan illərə aparır - dostlarımı yadıma salıram. O dostları ki, mənimlə çiyin-çiyinə neçə-neçə ekran əsərinin çəkilişlərində iştirak ediblər. Əksəriyyəti dünyadan çox erkən, vaxtsız köçüb. Ona görə də mən indi 75 yaşa çatmışamsa, bu, mənə Tanrı payı, ilahi lütfdür. Mənim aktyor kimi sənətə qədəm qoyduğum illərdə kinostudiyada bir qaynar həyat vardı. Bir ildə eyni vaxtda istər bədii, istər sənədli neçə-neçə film çəkilirdi. Hər il Dövlət Kinematoqrafiya Komitəsinin sifarişi ilə dörd film çəkilirdi. Amma təəssüf ki, birdən-birə gəlib o dövrə düşdük ki, kinoda bir boşluq yarandı. Siz təsəvvür edin ki, ötən əsrin 90-cı illərində 6 il ümumiyyətlə film çəkilmədi. Sanki illərdən bəri davam edən estafet qırıldı və bu günə qədər də onun əziyyətini çəkirik. Çünki illərlə ərsəyə gələn bir sənətin birdən-birə dayanması heç də yaxşı hal deyildi. Həmin dövrdə biz çox şeyləri itirdik. Hesab edin ki, mən 20-25 il bir-birinin ardınca xeyli filmlərə çəkiləndən sonra 20-25 il də boş qaldım. Kinoda belədir ki, cavan vaxtı cavan obrazı oynayırsan, sonra yaşlaşırsan, həmin yaşa uyğun obrazlar yaradırsan. Əgər əvvəlki sürtələ film çəkilişləri davam etsəydi, bəlkə də çoxsaylı filmə çəkilə bilərdim. Yəqin ki, indiki yaşımda da hansısa rolları canlandırardım. Çox təəssüf ki, bunlar olmadı. Amma ümumi götürəndə yenə çox şükür ki, gəncliyim həmin filmlərin çəkildiyi qaynar illərə düşdü. Keçmiş sovet dönəmində Orta Asiyada müxtəlif kinostudiyalarda çəkildim, hətta Almaniya, Türkiyə və İranda çəkilən filmlərdə rol aldım.

 

- İndiyə qədər oynadığınız rollar içində hansı obrazı yaratmaq sizin üçün daha çətin olub?

 

- Həm epizodik, həm ikinci dərəcəli, həm də baş rollarda oynamışam. Hərəsinin özünəməxsus çətinliyi və məsuliyyəti var. Mən heç vaxt rolun böyük-kiçikliyinə fikir verməmişəm. Hamısına eyni məsuliyyətlə yanaşmışam. Məsələn, Nəsimi mənim ilk rolum olduğuna görə çox həyəcan və narahatlıq keçirirdim ki, görəsən necə olacaq? Çünki, bu mənim üçün olum və ya ölüm məsələsi idi. Əgər həmin filmdə uğurlu oynamasaydım, demək olar ki, kino taleyim bitmiş olacaqdı. Sonra “Dədə Qorqud” da bir başqa çətinliklər oldu. “Babək”də həm psixoloji durum, həm fiziki cəhətdən problemlər var idi. Bundan əvvəl Nəsimi rolunu oynadığıma görə kinostudiyada söhbət gedirdi ki, Babək də Nəsimiyə oxşayacaq. Mən çalışırdım ki, xarakter etibarilə Babək obrazını tam başqa bir səpgidə yaradım. Elə edim ki, Nəsimini yada salmasın. Düzdü, aktyorun üzü həmin üzdü, amma oyun tərzində müəyyən dəyişikliklər lazım idi. Nə bacardımsa elədim, mənə elə gəlir ki, tamaşaçıları razı saldı. Amma yenə də qeyd edirəm ki, hərəsinin özünəməxsus çətinlikləri olub.

Məsələn, “Babək” filmində 14 kiloluq ağır geyimim var idi. Çəkilişlər zamanı üç dəfə atdan yıxıldım. Onun ağrısını indi də çəkirəm... Yəni həm fiziki, həm aktyor oyununda üsyankarlığına baxmayaraq, Nəsimi nə qədər lirik idisə, düzdü onda da buntarlıq vardı, Babək tamam başqa idi.

 

- Rasim müəllim, bu il kinomuz yubileylərlə əlamətdardır...

 

- Azərbaycan kinosu bir əsrdən çox yol keçib. Hazırda Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilir. Bu çox qürurvericidir. Açığını deməliyik ki, ötən dövr ərzində uğurlu filmlərimiz də olub, uğursuz filmlərimiz də.

Tamaşaçılar bəzən soruşurlar ki, yeni filmlər çəkmirsiniz? Mən də deyirəm ki, əvvəlki kimi tez-tez çəkməsək də, çəkilirik. Çox təəssüf ki, tamaşaçıya çatmır, yəni tamaşaçı onu görə bilmir. Keçmişdə kinoteatrlarda anşlaq olardı, seyirçilər gəlib maraqla baxardılar. İndi ondan da əsər-əlamət qalmayıb...

Mən nikbin adamam və inanıram ki, Azərbaycan kinosu yeni bir inkişaf dövrünə başlayacaq. Amma yaş özünü göstərir, mən də o günləri görmək arzusu ilə yaşayıram...

 

- Çəkilmək arzusunda olduğunuz hansısa rol varmı?

 

-Aktyorun hansısa rolu oynamaq, hansısa obrazı yaratmaq arzusu ola bilər. Lakin aktyor arzusunun həyata keçməsi üçün teatrda kinodakından daha münbit şərait var. Məsələn, deyək ki, aktyor Hamlet rolunu ifa etmək istəyir. O, bununla əlaqədar rejissora müraciət edə və rejissor da onun bu arzusunu nəzərə ala bilər. Kinoda isə bu o qədər də asan deyil. Doğrudur, Hollivudda məşhur aktyorlar üçün xüsusi rollar yazırlar, yəni ssenarist onun istedad və bacarığını nəzərə alıb xüsusi rol yazır. Mənə elə gəlir ki, bu, bizim teatrda da olub. Cəfər Cabbarlı kimi dramaturq bir növ teatrın içində olduğuna görə, Hacıağa Abbasov, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəbin aktyorluq bacarığını və istedadını nəzərə alıb onlar üçün rollar yazıb. Hazırda isə bizim kino və teatr səhnəsində belə şey yoxdur. Ona görə də, mən konkret olaraq hansı rolu oynamaq istədiyimi deyə bilmərəm. Amma bununla belə indiki yaşımda müəyyən psixoloji, hətta tragikomik bir rolda oynamaq istəyərdim...

 

- Rəhbərlik etdiyiniz Azərbaycan Kinematoqrafçılar İttifaqında hansı işlər görülür, hansı layihələr həyata keçirilir?

 

- İşimizi İttifaqın nizamnaməsinə uyğun qurmuşuq. Maliyyə imkanlarımız az olduğuna görə kiçikhəcmli sənədli filmlər çəkirik. Əslində film çəkmək İttifaqın səlahiyyəti daxilində deyil. Biz kino sənəti ilə bağlı müxtəlif jurnallar hazırlayıb nəşr etdiririk. Müxtəlif aidiyyəti qurumlara gənclərlə bağlı tövsiyə xarakterli məktublar ünvanlayır və istedadlı gənclərə şərait yaradılmasını xahiş edirik, çünki bugünkü istedadlı gənclik kino sənətinin parlaq gələcəyi deməkdir.

 

- Rasim müəllim, siz burada çalışdığınız ilk gündən iki kino ittifaqının birləşdirilməsi tərəfdarı olduğunuzu demişdiniz. Artıq bu məsələ öz həllini tapıb, bundan sonrakı mərhələdə kino xadimlərinin bir təşkilatda daha faydalı işlər görməsi üçün hansı addımlar atılacaq?

 

- “İttifaq” sözü, sovet ittifaqı sözü kimi bəzi adamlarda bir növ qıcıq doğurur. Lakin ittifaq da birliyin bir sinonimidir. Vaxtilə onlar vahid təşkilatda birləşiblər, sonra müəyyən səbəblərdən ayrılmalar baş verdi. Əslində bu iki təşkilat birləşməlidir və onun bütün üzvləri bir ideyaya qulluq etməlidir. Şükürlər ki, artıq bu, reallığa çevrilib və bir yerdə yolumuzu davam etdirməklə bağlı yekdil qərar vermişik. Hər iki kino ittifaqının nizamnaməsi təxminən eynidir. Mənə elə gəlir ki, artıq bir qurum olan kino ittifaqı fəaliyyətini bu nizamnaməyə əsasən davam etdirəcək. Hələlik isə qurumlar bir müddət öz işlərini ayrı-ayrılıqda davam etdirəcəklər.

 

- Vaxtilə böyük ingilis ədibi Uilyam Şekspir bildirirdi ki, həyat bir səhnədir, insanlar isə aktyor... Həyatda heç aktyorluq etmisiniz?

 

- Xeyr, mən həyatda aktyorluq etməyi sevmirəm. O, Şekspirin sözüdür, amma Hüseyn Cavid də bir əsərində işlədib ki, bu qocaman dünya bir səhnə demək, hər kəs aktyorluq edər, bilməyərək... Yaşadığımız həyatda hərə bir rol oynayır. Mənim ümumiyyətlə həyatda aktyorluq edənlərdən xoşum gəlmir. Çünki bu iş səhnə və ekran üçün yaranıb. Aktyor öz aktyorluğunu ya səhnədə etməlidir, ya da ki, ekranda.

 

- Özünüzün istəyi olmadan yaratmaq məcburiyyətində qaldığınız rol olubmu?

 

- Heç vaxt hansısa məcburiyyətdən 

oynadığım rol olmayıb. Məni kim məcbur edə bilər ki? Amma həvəssiz oynadığım, həvəssiz çəkildiyim olub. İşsiz qaldığım illərdə bir nəfər film çəkmək istədiyini bildirdi. Mən də o vaxt intensiv surətdə filmlərə çəkilən adam, birdən birə dayanmışam. İldə 2-3 filmə çəkilirdim. Bir ssenari gətirdilər. Arada yaranan boşluğu doldurmaq üçün işləmək istədim. Belə hal yaşanıb. Film peşəkar adamın əlində olmadığı üçün alınmadı. Aktyorların seçilməsi, onlarla məşğul olmaq vacib amildir. Belə situasiya olub, amma çox şükür ki, az olub. Elə aktyorlar var ki, azına-bozuna baxmadan hər rola razı olublar, təki film olsun. Amma mən həmişə ssenarini oxumuşam. Baxmışam ki, bu rolu mən də oynasam həmindir, başqası da oynasa eynidir. Əgər yeni söz deyə bilməyəcəyəmsə, həmin rolu qəbul etməmişəm. Amma işləmək, boş qalmamaq naminə təkdənbir belə hallar olub.

 

- Sizcə Azərbaycan kinosuna yenidən Rasim Balayevlər gələcəkmi? Gənc aktyorlarda belə bir potensialı görürsünüzmü?

 

- Mən kiməm ki? Hər dövrün öz aktyoru olur. Məndən də böyük aktyorlar olub və olacaq. Deyirlər ki, əvəzolunmaz heç kim yoxdur, amma var. Ələsgər Ələkbərovu, Hökümə Qurbanovanı, Səməndər Rzayev kimi möhtəşəm aktyorlar bir də yarana bilərmi?! Onları heç kəs əvəz edə bilməz. Amma mən inanıram ki, gənclərin arasında potensial imkanı olanlar var, sadəcə olaraq onları üzə çıxarmaq lazımdır. Sənət institutlarına qəbul qaydası dəyişilməlidir. Mən dəfələrlə bu barədə həmişə təklif eləmişəm, təəssüf ki, qulaq asan yoxdur. Sənətlə bağlı olan universitet və ali məktəblərdə əsas meyar kimi sənət və istedad götürülməlidir. Bəzən abituriyent aktyorluqdan yaxşı qiymət alır, tarixdən və ya ədəbiyyatdan kəsilir. Əlbəttə, bu sahəyə gələn hər kəs ədəbiyyatı bilməlidir. Lakin ədəbiyyat bilgisini sonra da öyrətmək olar, istedadı isə vermək olmaz. Bizə ali məktəbdə dərs deyən mərhum müəllimimiz, professor Mehdi Məmmədovun bir sözü vardı: “Mirzağa Əliyev heç bir yeri bitirməmişdi, amma o özü bir institut idi”. Bunu da etiraf etmək lazımdır ki, müasir aktyor hərtərəfli olmalıdır. Bugünkü tamaşaçı internet dövrünün tamaşaçısıdır, o, dünyanın ən qabaqcıl teatr səhnələrində ən yaxşı tamaşalara baxa, ən gözəl aktyorların oyununu izləyə bilər. Bütün dünyaya baxa bilər. Ona görə də aktyor müasir tamaşaçını səhnədə öz oyunu ilə inandırmalıdır. Bu mənada indi aktyorun işi 40 il əvvəlki ilə müqayisəolunmaz dərəcədə çətindir. Əvvəl aktyor pafos ilə danışanda tamaşaçı təsirlənib ağlayardı. Amma indi bunu edən aktyor gülüş hədəfinə çevrilə bilər.

 

- Çox vaxt çəkilişlər zamanı bir-birindən maraqlı və yaddaqalan hadisələr baş verir. Heç vaxt unutmadığınız belə maraqlı hadisələrdən hansını bölüşə bilərsiniz?

 

- Elə hadisələr çox olub. Yadımdadır, 1979-cu ildə Tacikistanda “Əgər dünya dairəvi olsaydı” filminə çəkilişi gedirdi, ekran əsərində almanlarla birgə çəkilirdik. Filmin çəkilişləri vaxtı Düşənbədə 40 dərəcə isti var idi. Qısaqol köynək geyinmişdim, vertolyotla bizi çəkiliş meydançasına apardılar. Yer çox hündür bir ərazidə yerləşirdi, təsəvvür edin ki, ərazidə keçən ildən qalan xarlamış qar var idi. Ona görə də yay olmasına baxmayaraq, hava çox soyuq idi. Üşüdüyümə görə isinmək üçün bir qədər qaçdım, bundan sonra başım gicəlləndiyinə görə yıxıldım. Yaxşı ki, bizimlə həkim də aparmışdılar. İlkin tibbi yardım göstərildi, dərman qəbul edəndən sonra özümə gəldim. Həkim dedi ki, burada oksigen az olduğuna görə hətta alpinistlər də addım-addım gəzirlər, sən də qaçdığına görə enerjini itirmisən. Çəkilişlər başa çatandan sonra vertolyota minib geri qayıdırdıq. Tərslikdən özümüzlə yemək də götürməmişik. Çəkiliş heyətində bizimlə bir yerdə Polşadan gələn aktrisa da var idi, dedi ki, acından ölürəm. Almanlar da özləri illə götürdükləri kolbasa çörəyi iştahla yeyirlər. Alman dilini də bilmirik, tərcüməçi də bizimlə deyildi ki, deyək bir loxma bizə də verin. Bunlar yeməyə başlayanda polşalı aktrisa dedi ki, acından başım gicəllənir. Özümü saxlaya bilməyib almanların yediyi buterbrodu onların əlindən alıb qıza verdim. Onlar da mənim hərəkətimə görə məəttəl qaldılar. Dil bilmədiyimə görə onlara heç nə başa sala bilmədim. Özüm yeməsəm də, heç olmasa bu yolla aktrisanın nəfsini öldürdüm...

 

- Rasim müəllim, illərlə qazandığınız tamaşaçı sevgisini qoruyub saxlamaq çətin deyil ki?...

 

- Hər zaman tamaşaçı sevgisini hər şeydən üstün tutdum, özümü onlara borclu bildim və çox şükür ki, bu yaşımadək bunu qoruyub saxlaya bildim. Bütün rollara ürəklə, həvəslə yanaşmışam, sevgisiz oynamamışam. Bunu indiki gənc aktyorlara da tövsiyə edirəm. Bir məsələni də deyim ki, yeni filmə çəkiləndə əvvəl olanları unudurdum, sanki birinci dəfə çəkilirdim. Aktyorda həmin hissiyyat, həmin məsuliyyət olmalıdır. Çox görmüşəm ki, yaşlı aktyor cavan aktyora deyir ki, sənin yaşın qədər mənim stajım var. Mən bunu qətiyyən düzgün yanaşma hesab eləmirəm. Aktyor hansı yaşda olmağından asılı olmayaraq, gərək öz işinə can yandırsın, öz üzərində işləsin, obraza yeni nəfəs gətirsin. Yoxsa keçmişinə arxayın olub səhnəyə çıxsa, tamaşaçı gözündən tez düşə bilər...

 

-Maraqlı müsahibəyə görə çox sağ olun.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.