“Ədəbiyyat və incəsənət” portalı Azərbaycandan kənarda yaşayan ən məşhur azərbaycanlı yazıçı Çingiz Hüseynin (Hüseynovun) şeirlərini təqdim edir.
ÇİNGİZ HÜSEYN
Ötən yüzilliyin arxivindən misralarım
“Qafiyəsiz duyğular” silsiləsindən
Daş üstünə misralar:
1.
Düşdüm yerin sinəsinə daş kimi.
Lal.
Kor.
Ağır.
Çiyinlər üstündə getdim
Yer nəm,
Mən – yer.
Mən – mənsiz.
Kainatda axtar məni.
(Davamı... – sındı qələm).
2.
Yağmur islatdı,
Külək qurutdu
Daşı,
Qayanı,
Yer kürəsini.
Günəşin şüaları – kəsərli külüng:
Yonuldu,
Ovuldu,
Qum oldu daş.
Daşın dənəsi – daşdir,
Quma sirdaşdır.
Əslində yer kürəsinin özü də
Asimanda azmış bir dənədir –
Birdənədir.
Biz də - kimi üstündə, kimi içində.
3.
Daşın bərkliyi
Cocluğumda – dizim üçün,
Gəncliyimdə - əlim üçün,
İxtiyar çağımda – başım üçün,
Hamıdan yaxın vəfalı sirdaşım –
Başdaşım.
Sağ ürəyim üstünə misralar:
1.
Bəzən ürəyimi itirirəm,
Çaşıb əlimi sol döşümə aparıram.
Döyüntüləri eşitməyib diksinirəm,
Sonra yadıma düşür ki, ürəyim sağdadır.
Əlimi sağ döşümə aparıram –
vahimə!
döyünmür!
Sonra yadıma düşür ki, ürəyim yorulub,
Dincəlir.
2.
... özüm isə sağürəkli solaxayam.
vuran ürək – sevincdir,
vuran əl – qəzəb.
Qözlənilməz sol yumruğun zərbəsi –
nokaut!
Ürəyim də solda olsaydı, dеyərdilər:
“Solçuların solçusu,
İnqlab yolçusu!”
Solla yazıb sağla pozan,
Sağla yazıb solla pozan.
Ozan.
4.
Ucu zəhərli gülləni aldatdım –
nə bllsin ki, ürəyim sağdadır?
Yarımı aldatdım: “Ürəyim səndədir!”
Öyünsün deyə.
Ürəyimi aldatdım: “Vətəndəyik!”
Döyünsün deyə.
“Ədəbiyyat və incəsənət”
(08.08.2023)