“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün gənc şair İlkin Xaliq debüt edir. “Son zəng” şeiri redaktorlarımızın seçimində təqdim edilir.
Xatırladaq ki, İlkin mərhum şair Xaliq Oğuzun oğludur.
Son zəng
Daha nəğmə deyil eşqin havası
Qopdu öz kökündən sevginin simi.
Səsini ucaldıb dediyin sözlər
Səslənir məktəbin son zəngi kimi.
**
Daha yağışlardan zəhləmiz gedir,
Yağışda islanıb gülmürük daha.
Az qala hər şeyi bilirik, amma
Sevgi şeirləri bilmirik, daha.
**
Açıb dirijortək qolların saat
Ayrılıq nəğməsin müşayət edir
Gülüş sədaları qaranquş kimi
Bu soyuq yuvadan köç edib gedir.
**
Uzaqda kimdirsə dırnaqlarını
Gəmirə-gəmirə bizlərə baxır.
Pusquya salınmış eşq əsgər kimi
Sonuncu gülləni başına çaxır.
**
Qadası, mən həmin oğlan deyiləm,
Bəlkə sən o sənsən, bu qız o qızdı.
Bu evin pəncərə gözləri dolub,
Yox, bura soyuqdur, daha payızdı!
“Ədəbiyyat və incəsənət”
(08.08.2023)