Super User
Dövlət Tərcümə Mərkəzində görüş
Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri xanım Viktoriya Romero aprelin 19-da Dövlət Tərcümə Mərkəzində olub.
Tərcümə Mərkəzinin məlumatına görə, görüş zamanı Azərbaycan-Meksika ədəbi-mədəni əlaqələrinin genişləndirilməsi, bu istiqamətdə atılacaq növbəti addımlar, Azərbaycan ədəbiyyatının Meksikada, Meksika ədəbiyyatının Azərbaycanda tanıdılması istiqamətində yeni qarşılıqlı layihələr müzakirə edilib.
Əsərləri Mərkəz tərəfindən müxtəlif dövrlərdə Azərbaycan dilinə tərcümə və nəşr edilmiş məşhur Meksika yazıçıları – dünyaşöhrətli Xuan Rulfo, Oktavia Pas, Karlos Fuentesin yaradıcı irsinin Azərbaycanda maraqla qarşılanması, ümumilikdə Latın Amerikası ədəbiyyatına duyulan kütləvi maraq qeyd olunub.
Viktoriya Romero deyib: “Səfirlik olaraq, Dövlət Tərcümə Mərkəzi ilə əlaqələrimizi bir az da genişləndirmək, qarşılıqlı əməkdaşlıq çərçivəsində yeni ədəbiyyat layihələri həyata keçirmək niyyətindəyik. Bu sıradan, xüsusilə tanınmış Meksika qadın yazarlarının əsərlərinin Azərbaycanda, Azərbaycanın aparıcı qadın yazıçılarının yaradıcılığının Meksikada işıqlandırılmasına önəm veririk”.
Görüşün sonunda Mərkəzin Azərbaycan dilində ərsəyə gətirdiyi Meksika ədəbiyyatı nümunələrindən dünyaşöhrətli yazıçı Karlos Fuentesin “Seçilmiş əsərləri” kitabı qonağa hədiyyə edilib.
“Ədəbiyyat və incəsənət”
(20.04.2023)
“Ehtiyatlı olmaq vacibdir, amma astagəl olmaq təhlükəlidir” - Riçard Brenson
Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Uğur şərtləri barədə danışmaqda davam edirik. Burada, əsas yerlərdən birini də kitablar tutur.
Zaman-zaman ən yaxşıların seçimini etməyə ən müxtəlif mənbələr cəhd göstəriblər. Onların ən nüfuzlularını qruplaşdıranda (bu qruplaşmada tiraj, satış həcmi, yayıldığı areal, buraxdığı iz və s. əsas götürülür) kitab mağazalarındakı yüzlərlə rəngbərəng cildlərin içində azmayaraq «nəyi və niyə oxumaq» sualına mütləq cavab tapmaq mümkün olur.
Biz öncə peşə fəaliyyətində, biznesdə uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablara nəzər yetirək. Bu, o kitablardır ki, onların hesabına bir neçə nəsil uğurlu mütəxəssis və iş adamı yetişmişdir.
Beləliklə ən yaxşı onluq.
10-cu yerlə dünən tanış olmuşduq. Bu gün 9-cu yerlə tanış olacağıq.
10-cu yer:
Henri Ford. «Mənim həyatım, mənim nailiyyətlərim»
9-cu yer:
Riçard Brenson. «Çılpaq biznes»
Tanınmış ingilis biznesmeni, Virgin kompaniyasının sahibi Ser titullu Riçard Brensonun bu kitabı öz biznesinin yaranma tarixinə və onun idarə olunması xüsusiyyətlərinə həsr olunub.
Burada uğura gedən yol hər bir səhvlərlə, nöqsanlarla birgə göstərilib. Kitabın ən dəyərli məziyyəti isə odur ki, o, Ser Riçardın gündəlikləri əsasında yaranıb. Müəllif gündəliklərini necə var, o cür də, bəzək-düzəksiz və ixtisarsız kitab halına gətirərək molyonların ixtiyarına buraxıb. Onun kitabdakı qiymətli sitatları isə beyinlərə çox rahat həkk olunur.
- Ehtiyatlı olmaq vacibdir, amma astagəl olmaq təhlükəlidir.
- Hər şeyi mürəkkəbləşdirmək cəhdi sizin düşməninizdir. Mürəkkəb bir situasiya yaratmağı hamı bacarır. Amma sadə bir şey etmək çox çətindir.
- Ən nəhəng brend olmaq cəhdi mənasızdır. Daha vacibi ən hörmətedilən brend olmaqdır.
- Pul müvəffəqiyyətin pis göstəricisidir. Ondan pisi yalnız şöhrətdir.
- Əsl liderlik keyfiyyəti odur ki, rahat və aydın şəkildə izah edə biləsən ki, nə səbəbə bu və ya digər qərarı qəbul etmisən.
- Bir dəfə sizi tapmış uğur bütün ömrünüz boyu sizi yemləyə bilməz.
- Mənəviyyat – biznesdə heç də boş səda deyil. Onda bütün əsas mənalar var.
- Mənim can atdığım ən vacib şey kiməsə verdiyim sözün üstündə dura bilməyimdir.
Bəli, 9-cu yerdəki kitabla tanışlıq baş tutdu. Bəs 8-ci yerdə hansı kitab qərarlaşıb? Bunu sabah biləcəksiniz.
“Ədəbiyyat və incəsənət”
(20.04.2023)
BMT xəbərdarlıq etdi: Dünyada yalnız Avropada əhali azalacaq
“Bizim “ailəmiz” hazırda 8 milyard nəfərdən ibarətdir, insanlar daha uzun və sağlam ömür sürürlər və bu da tibb, elm, səhiyyə, kənd təsərrüfatı və təhsil sahələrində bəşəriyyətin tarixi nailiyyətlərini əks etdirir.”
AzərTAC xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) əhali haqqında yeni məruzəsində bu fikirlər yer alıb. Məruzədə bu il qadınların uşaq dünyaya gətirmək istəyi, nə vaxt və neçə uşaq doğmaq kimi seçim məsələlərinə prioritet diqqət ayrılıb.
Yeni məruzəyə görə, qlobal demoqrafiya sürətlə dəyişir: əhalinin üçdə ikisi aşağı doğum səviyyəsinə (hər qadına 2,1 uşaq dünyaya gətirməyə bərabər) malik ölkələrdə yaşayır.
Bütün dünyada doğum səviyyəsinin göstəricisi orta hesabla hər qadına 1950-ci ildəki 5 uşaqdan 2021-ci ildəki 2,3-dək aşağı düşüb. Bu gün dünyada yaxın perspektivdə - 2050-ci ilədək əhalinin sayının ümumi azalacağının gözlənildiyi yeganə region Avropadır.
2050-ci il üçün əhalinin proqnozlaşdırılan artımının yarısı bu 8 ölkənin payına düşəcək: Konqo Demokratik Respublikası, Misir, Efiopiya, Hindistan, Nigeriya, Pakistan, Filippin və Tanzaniya. Nəticədə bu, əhalisi sıx olan ölkələrin dünya reytinqini kəskin dəyişəcək.
Bir çox hökumətlər əhalinin artmasından narahatdır, digərləri isə əhalinin həddən artıq azalmasından ehtiyat edirlər, bununla da hər iki halda doğum səviyyəsinə təsir göstərməyə çalışırlar.
BMT-də hesab edirlər ki, belə yanaşma düzgün deyil. Onlar xatırladırlar ki, qadın bədəni hökumətlərin və ya digər şəxslərin qəbul etdiyi qərarların “girov”una çevrilməməlidir. Qadınlar uşaq dünyaya gətirmək istəyi, nə vaxt və neçə uşaq doğmaları barədə seçim imkanına sahib olmalıdırlar.
Yeni məruzədə qeyd olunur ki, əhalinin sayının artmasına və azalmasına çağırmağa cəhd göstərməklə ciddi ekoloji və iqtisadi problemləri həll etmək olmaz. Bu cür siyasət əksər hallarda insanların hərəkətlərinin sərbəstliyini pozur və keçərli deyil. Məruzənin müəllifləri “dünya əhalinin say həddini balanslaşdırır”, “ölkələr və bir çox regionlar həddən artıq sürətlə qocalır” kimi sensasiyalı sərlövhələrə aludə olmamağa çağırıblar. Onlar əmindirlər ki, doğum səviyyəsi nə problem, nə də həlldir.
Məruzənin əsas nəticəsi onunla uyğunlaşır ki, gender bərabərliyinin inkişafı, qadınların öz fertilliyinə (nəsilartırma qabiliyyəti) nəzarət etməkdən ötrü hüquq və imkanlarının genişləndirilməsi əhalinin artırılması və inkişaf sahəsində proqramların mərkəzində olmalıdır.
Məruzə müəllifləri əmindirlər ki, əhalinin sayından asılı olmayan firavan, inklüziv cəmiyyət yaratmaq mümkündür.
Əslində sənəddə deyildiyi kimi, əhalinin ideal ölçüsü, əhalinin müəyyən sayına nail olmaq üçün hansısa etibarlı üsul mövcud deyil. Doğum göstəriciləri geniş səbəblər ucbatından dəyişir. Arabir əhaliyə manipulyasiya etmək cəhdləri əks nəticələr verir.
Ekspertlər əmindirlər ki, söhbət əhalinin sayında deyil, insanların həyat keyfiyyətində, onların rifahında, tibbə və təhsilə əlçatanlıqlarında və sabit məşğulluqdadır.
“Ədəbiyyat və incəsənət”
(20.04.2023)
“Avroviziya” təmsilçilərimizin Avropa turnesi
Azərbaycanı bu il “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində təmsil edən TuralTuranX (Tural və Turan Bağmanovlar) Avropa səhnələrinə çıxıblar.
Avroviziyanın Azərbaycan təmsilçiliyinin sosial media hesabları xəbər verir ki, gənclər Amsterdam və London şəhərində yüzlərlə “Avroviziya” həvəskarları qarşısında çıxış ediblər.
Bu kimi konsertlər hər il müsabiqədən öncə müxtəlif şəhərlərdə təşkil olunur. Tural və Turan üçün bu, artıq 1-ci çıxış deyil - onlar aprelin 3-də İsrailin Təl-Əviv şəhərində “Tell me more” mahnısını canlı ifa ediblər.
Qeyd edək ki, ifaçılar bu tədbirlər çərçivəsində press-konfranslarda, fərdi müsahibələrdə və hətta ağacəkmə kampaniyasında iştirak edirlər.
“Ədəbiyyat və incəsənət”
(20.04.2023)
Çinin Hebey vilayətində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş konsert olub
Çinin Hebey vilayətinin Lanfan şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Azərbaycan-Çin dostluq konserti olub.
AzərTAC xəbər verir ki, Lanfandakı İpək Yolu Beynəlxalq İncəsənət Mərkəzində keçirilən konsert Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilib.
Konsertdə Xalq artisti Ənvər Sadıqovun rəhbərliyi altında “Qaytağı” instrumental ansamblının və “Mirvari” rəqs qrupunun ifasında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Niyazinin, Vasif Adıgözəlovun, Cahangir Cahangirovun, Süleyman Ələsgərovun, Tofiq Quliyevin və başqa görkəmli bəstəkarların əsərləri, xalq mahnıları və rəqsləri, habelə ənənəvi Çin xalq mahnısı, Ağdam Xan Şuşinski Adına Uşaq Muğam Musiqi Məktəbinin şagirdi Mətin Cəfərovun ifasında “Qarabağ şikəstəsi” təqdim olunub.
Azərbaycan incəsənət ustalarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(19.04.2023)
Varşavada “Azərbaycanda Polşa irsinin inciləri” sərgisi təşkil olunub
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumayda deyilir ki, sədr Sahibə Qafarova Polşa Seymində təşkil olunan "Azərbaycanda Polşa irsinin inciləri" sərgisində olub.
Polşa Seyminin sədri Elzbieta Vitek bu cür tədbirlərin münasibətlərimizin inkişafına töhfə verdiyini, xalqlarımızın daha da yaxınlaşmasına xidmət etdiyini bildirib. Onun sözlərinə görə, belə tədbirlər xalqlarımızın mədəni dəyərlərinin təbliğinə də imkan verir.
Sahibə Qafarova Şərqlə Qərbin qovuşduğu Azərbaycanın çoxsaylı mədəniyyətlərin vətəni olmasından söz açıb. Diqqətə çatdırıb ki, Azərbaycanda böyük sivilizasiyalar mövcud olub, milli mənsubiyyətindən asılı olmayaraq, multikulturalizm və tolerantlıq hər bir azərbaycanlının həyatının ayrılmaz hissəsinə çevrilib. Ölkəmizdə mövcud olan 200 illik polyak mirasını xüsusi vurğulayan Milli Məclisin sədri polyakların tarixən Azərbaycanda memar, hüquqşünas, mühəndis, müəllim, hərbçi, sahibkar və dövlət xadimi kimi fərqləndiklərini qeyd edib.
Polyakların müsəlman Şərqində və Türk dünyasında ilk dünyəvi, parlamentli demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində iştirak etdikləri də diqqətə çatdırılıb. Bildirilib ki, onlar demək olar bütün hökumət strukturlarında təmsil olunublar. S.Qafarova qeyd edib ki, həmin dövrdə Azərbaycan parlamentində milli azlıqları təmsil edən deputatlardan biri məhz Polyak Milli Şurasının nümayəndəsi Stanislav Vonsoviç olub.
Milli Məclisin sədri XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakının özünəməxsus gözəlliyinin yaradılmasında möhtəşəm irs qoymuş polyak memarların rolunu xüsusi vurğulayıb, onlar haqqında məlumat verib.
Qeyd edilib ki, sərgidə həmin məşhur polyak memarların şah əsərləri nümayiş olunur.
“Ədəbiyyat və incəsənət”
(19.04.2023)
Birinci rübdə hər bir ölkə sakini 257,4 manatlıq müxtəlif ödənişli xidmətlərdən yararlanıb
Yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,6 faiz artaraq 2608,1 milyon manat olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1980,3 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 75,9 faizini təşkil edib.
Cari ilin yanvar-mart aylarında hər bir ölkə sakini orta hesabla 257,4 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 47 manat çox müxtəlif ödənişli xidmətlərdən yararlanıb.
“Ədəbiyyat və incəsənət”
(19.04.2023)
Qazaxıstanda Azərbaycanın turizm imkanları təbliğ edilir
Azərbaycan Turizm Bürosu Qazaxıstanın Almatı şəhərində keçirilən “KITF 2023” turizm və səyahət sərgisində milli stendlə təmsil olunur.
Dövlət Turizm Agentliyi xəbər verir ki, ümumilikdə 6 yerli turizm sənayesi nümayəndəsinin iştirak etdiyi sərgidə Azərbaycanın potensial turizm imkanları təbliğ edilir və digər ölkələri təmsil edən turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilir.
Sərginin ilk günündə Azərbaycana həsr edilən panel sessiyası təşkil edilib.
Sessiya zamanı Qazaxıstandan Azərbaycana olan aviauçuşlar, yay mövsümündə təklif edilən turizm məhsulları, hotellər və Azərbaycanda fəaliyyət göstərən müalicəvi kurortlar haqqında məlumat verilib.
Sayca 21-ci dəfə keçirilən “KITF 2023” sərgisində bu il 19 dövləti təmsil edən turizm sənayesi nümayəndələri, dünyanın 28 ölkəsindən 4 minə yaxın ziyarətçi iştirak edir.
“Ədəbiyyat və incəsənət”
(19.04.2023)
Nəhayət ki, Sony World Photography Awards 2023 mükafatlandırma mərasimi baş tutdu
Bu günlərdə İngiltərənin London şəhərindəki Hilton Park Lane salonu nüfuzlu Sony Dünya Foto Mükafatları (SWPA) 2023 qaliblərinin mükafatlandırma mərasiminə ev sahibliyi etdi. Mərasim barədə “Ədəbiyyat və incəsənət” portalı Photar.ru saytına istinadən məlumat verir və məlumata peşəkar fotoqraf Ceyhun Abdullanın şərhlərini əlavə edir.
Yazı ilə saat 17.00-də tanış olacaqsınız.
“Ədəbiyyat və incəsənət”
(19.04.2023)
Sony World Photography Awards 2023- ün qalibi portuqaliyalı Edgar Martinsin Liviya mövzulu fotoları oldu
Bu günlərdə İngiltərənin London şəhərindəki Hilton Park Lane salonu nüfuzlu Sony Dünya Foto Mükafatları (SWPA) 2023 qaliblərinin mükafatlandırma mərasiminə ev sahibliyi etdi. Mərasim barədə “Ədəbiyyat və incəsənət” portalı Photar.ru saytına istinadən məlumat verir və məlumata peşəkar fotoqraf Ceyhun Abdullanın şərhlərini əlavə edir.
Builki qalib fotoşəkillər əksərən sevgi və insan itkisi, müharibə və barışıq, təbiət gözəllikəri hekayətlərini əks etdirən əhəmiyyətli fotolardır. Bundan əlavə, bu il SWPA ilk dəfə ekoloji problemləri qaldıran və həll yollarını təklif edən fotoqrafların işlərini də mükafatlandırmışdır.
Əsas mükafatın qalibi "Müharibəmiz"adlı fotolar seriyasına görə 25.000 dollar pul mükafatı alan portuqaliyalı fotoqraf Edgar Martins olub. Bu layihə 2011-ci ildə Liviya vətəndaş müharibəsi zamanı öldürülən, lakin cəsədi heç vaxt tapılmayan dostu və fotojurnalisti Anton Hammerə həsr olunmuşdur.
Fotoqraf bu layihədən onu məyusluq hissi və çoxlu cavabsız suallarla tərk edən faciəli hadisəni anlamaq üçün bir vasitə kimi istifadə etdiyini bildirir. Şahidlərin, ifadələrin, dəlillərin və əşyaların olmamasına baxmayaraq, Martins dostu və idealları haqqında bir hekayə danışmağı araşdırmaq üçün Liviyaya gedib.
"Bizim müharibəmiz" Hammerllə əlaqəli insanların, eləcə də münaqişə iştirakçılarının — Azadlıq mübarizlərinin, keçmiş milislərin, yerli sakinlərin, Muammar Qəddafinin tərəfdarlarının və inanclarına və ideallarına bənzər digər insanların portretləridir.
Martins mükafatı aldı və müsabiqəyə təqdim olunan əsərlərin sayını nəzərə alaraq belə çoxluqda fərqlənməyin özü üçün böyük bir şərəf olduğunu söylədi. "Bu vəziyyətdə həm də çox emosional bir təcrübədir, çünki dostumu dünya səhnəsində şərəfləndirə bilərəm və qalıqlarını tapmağa çalışan ailənin çətin taleyinə diqqət çəkə bilərəm."
Fotoqrafiyada nə insana uğur gətirir? Düzgün rakurs seçmək, obyekti tam aydın əks etdirmək, ətraf fonun xüsusiyyətlərini qabarda bilmək... Tək bunlar peşəkarlığa dəlalət eləmir. Ekspertimizin fikrincə, daha önəmlisi – seçdiyin mövzunun aktuallığıdır. Və göründüyü kimi, portuqaliyalı fotoqraf quşu gözündən vura bilib.
Şəkillərdə siz Sony World Photography Awards 2023-ün qalibi Edgar-Martinsin “Müharibəmiz! Seriyasından fotoları görürsünüz.
Növbəti buraxılışlarda “Ədəbiyyat və incəsənət” portal sizləri digər yerləri tutan fotoqrafların işləri ilə tanış edəcək.
“Ədəbiyyat və incəsənət”
(19.04.2023)