Super User

Super User

Cümə axşamı, 26 Yanvar 2023 11:30

“Məsləhətim odur ki, tezliklə ərə get...”

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Səyavuş Aslandır.

 

SƏYAVUŞ ASLAN

(1935-2013)

 

***

Musiqili Komediya Teatrının direktoru olduğum vaxtlar idi. Bir tələbə, gözəl qız teatra gəlib aktrisa olmaq istədiyini söylədi. Truppa müdirini də çağırdım, birlikdə qızın oxuduğu parçaya qulaq asdıq. Qətiyyən səsi yox idi, aktrisa kimi də istedadını təqdim edə bilmədi. Başa düşdüm ki, bu da instituta təsadüfən qəbul olunanlardandır.

Qız maraqla soruşdu:

– Hə, nə deyirsiz, Səyavuş müəllim. Nə məsləhət görürsüz?

Dedim:

– Məsləhətim odur ki, tezliklə ərə get, ailə qur…

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2023)

 

 

Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Turizm Bürosu tərəfindən yerli tərəfdaşlarla birgə 2023-cü ilin fevralında Hindistanda “OTM Mumbai” və "SATTE", Türkiyədə "EMITT", İsraildə "IMTM" kimi beynəlxalq sərgilərdə Azərbaycanın turizm potensialının təqdimatı planlaşdırılır.

 

Dövlət Turizm Agentliyinin məlumatına görə, 

ölkəmizin turizm imkanları cari ilin martında Almaniyada "ITB Berlin", Rusiyada "MITT", apreldə Qazaxıstanda "KITF", may ayı ərzində isə BƏƏ-də "ATM Dubai”, Səudiyyə Ərəbistanında "Riyadh Travel Fair" və Almaniyada "IMEX Frankfurt" kimi beynəlxalq turizm sərgilərində tanıdılacaq.

Bu sərgilərdə Azərbaycan milli stendində ziyarətçilərə və beynəlxalq turizm sənayesinin təmsilçilərinə ölkəmizə aid müxtəlif turizm məhsulları, işğaldan azad olunmuş ərazilərin turizm imkanları, qastroturizm, sağlamlıq turizmi, şərabçılıq, mədəni, işgüzar turizm, təbiət, haykinq, eləcə də qış turizmi imkanları və dağ-xizək mərkəzləri haqqında ətraflı məlumat veriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2023)

Nüfuzlu Euronews ötən 2022-ci ilin ən yaxşı fotolarını müəyyənləşdirib. Burada Rusiyanın Ukraynaya təcavüzündən tutmuş İrandakı antihökümət yürüşlərinə, Tur de Frans yarışmalarınadək hər şey var. Yola saldığımız il hadisələr baxımından o qədər zəngin olub ki, fotoqraflar fotokameralarını futlyara salmağa macal tapmayıblar. 

Həmin fotoları ardıcıllıqla “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim etdik. 

Son üç paylaşımda isə ilk 3 yeri tutan fotoları təqdim edirik. 

 

2-ci yer. 

Əfqanıstanın paytaxtı Kabil yaxınlığındakı kərpic zavodunda ağır işdə çalışan 9 yaşlı qız. 

Foto: Ebrahim Noroozi/AP Photo

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2023)

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, filosof-şair, böyük dramaturq Hüseyn Cavid, bir də  Azərbaycan milyonçusu, xeyriyyəçi, ictimai xadim, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyev. Hər ikisinin yubileyi gündəm təşkil edir. 

 

Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan Hüseyn Cavid sənətdə heç kimə bənzəməyən, orijinal bir yaradıcılıq yolu keçib və özündən sonra ölməz əsərlər qoyub gedən söz ustasıdır. Bütün yaradıcılığı boyu xeyirlə şəri qarşılaşdıran və ümumbəşəri xeyrin qələbəsinə öz sənətkar töhfəsini verən ədibin anadan olmasının ötən il 140 ili tamam olub. 

Bu məqsədlə Azərbaycan Milli Kitabxanası “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Hüseyn Cavid” adlı biblioqrafiya hazırlayıb.

1904-2022-ci illəri əhatə edən vəsaitdə ədibin kitabları, dərsliklərdə, məcmuələrdə, dövri mətbuatda çap olunan əsərləri, həyat və yaradıcılığını əks etdirən ədəbiyyat öz əksini tapıb. Həmçinin xarici dillərdə və dünyanın aparıcı kitabxanalarında mühafizə olunan əsərləri və haqqında ədəbiyyatın biblioqrafik təsvirləri də vəsaitə daxil edilib. 

Biblioqrafik göstərici ilə tanış olmaq istəyənlər http://anl.az/down/H.Cavid.bib.pdf linkindən istifadə edə bilərlər.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası isə Hacı Zeynalabdin Tağıyevin 200 illiyi münasibətilə virtual sərgi hazırlayıb. Bu virtual sərgidə Azərbaycan xalqının inkişafı üçün əlindən gələni əsirgəməyən böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ictimai, maarifçilik, xeyriyyəçilik fəaliyyəti, inşa etdirdiyi mədəniyyət, elm, təhsil, səhiyyə müəssisələri, Azərbaycanda mətbuat işi sahəsində gördüyü işlər haqqında geniş məlumat verilib. Materialda Hacı Zeynalabdinin elm, mədəniyyət, təhsilin zəruriliyi haqqında söylədiyi dəyərli fikirlər, layiq görüldüyü təltif və mükafatlar da yer alıb.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Hacı Zeynalabdinin xatirəsinin əbədiləşdirilməsi – Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, Bakıda heykəlinin ucaldılması, adına ev muzeyinin olması haqqında məlumatlar da əks olunub. Virtual sərgidə milyonçunun həyat və ictimai fəaliyyətindən bəhs edən “Müasirləri Hacı Zeynalabdin Tağıyev haqqında”, “Azərbaycan milyonçuları”, “Allahın eşqi ilə”, “Savadlı millətin təməli-savadlı qadın (H.Z.Tağıyevin Bakıdakı qızlar məktəbi)” adlı Azərbaycan, rus və ingilis dillərində olan kitabların biblioqrafik təsviri verilib.

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2023)

Yazıçı və cəmiyyət. Təbii ki, cəmiyyətdə baş verənlərə yazıçı reaksiyası həmişə obyektiv olur və maraqla qarşılanır. Tarixi romanlar müəllifi Yunus Oğuzla bugünkü müsahibə də ədəbiyyat barədə yox, siyasi gündəm barədədir. 

 

-Yunus bəy, İsveçdə Qurani-Kərimin yandırılmasının kökündə hansı amillər durur?

 

-Məlum olduğu kimi Pakistan Senatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna böhranının həllində göstərdiyi səylərə görə Nobel Sülh mükafatına namizədliyini irəli sürüb. Söhbət ondan gedir ki, Ərdoğanın bu mükafata namizədliyi Türkiyədə prezident seçkisi öncəsi irəli sürülüb. Bu o deməkdir ki, Ərdoğan Nobel Sülh mükafatı almaqla birbaşa prezident seçilir. Bax, Quranı ona görə yandırıblar. Nəzərə almaq lazımdər ki, Nobel Sülh mükafatını İsveç verir. İsveçdə fikirləşirlər ki, Quranı yandırmaqla seçkilərə təsir göstərirlər. Guya, Quranın yandırılmasından Ərdoğan hirslənəcək, İslamafob aurası yaradacaqlar və bütün Avropanı Ərdoğanın üstünə yönəldə biləcəklər. Bu məsələdə oyun Ərdoğanın üzərində qurulub ki, o, prezident seçilməsin. Çünki Avropa bunu istəmir, xüsusən, İcveç və Finlandiya. Ona görə ki, Ərdoğan İsveç və Finlandiyanın NATO-ya daxil olmasına qadağa qoyub. Ola bilsin ki, Finlandiya NATO-ya daxil olsun, amma İsveç kənarda qalacaq. Düşünürlər ki, belə bir şəraitdə sülh carçısı olan Ərdoğana seçkiöncəsi Nobel mükafatı vermək olmaz. Avropaya Ərdoğan kimi inadkar, istədiyini edən yox, onlara qulaq asan, Avropa və Amerikanın istəklərini həyata keçirən prezident lazımdır. Türkiyənin keçmiş xarici işlər naziri Əli Babacan dedi ki, biz hakimiyyətə gəlsək, Bayraqdara da əl gəzdirəcəyik. Əslində bu açıqlama ilə Ərdoğanın reytinqini artırdı və bu reytinq artmaqda davam edir. Ona görə çalışırlar ki, Ərdoğana Nobel mükafatı verilməsin. Ərdoğan bundan əsəbləşsin və Türkiyədə antiAvropa hərəkatı başlasın. Onlar da dünyaya göstərsinlər ki, Türkiyədə Avropanı sevmirlər.

 Bir məsələ də maraqlıdır ki, niyə İran Quranın yandırılmasına reaksiya vermir. Niyə Ərəb ölkələri mövqelərini ortaya qoymurlar? Quran təkcə Türkiyənin deyil ki?  Belə məlum olur ki, bu dövlətlərə deyiblər ki, sizlik bir şey yoxdur, bütün oyunlar Ərdoğanın başındadır. Ərdoğana mesaj verilir ki, sən İsveçə gəlib Nobel mükafatı ala bilməzsən. Guya, Ərdoğana Nobel mükafatı verilməsə dünya dağılacaq? Ərdoğan onsuz da liderlik, sülh, barışıq missiyasını həyata keçirir. Artıq Ərdoğan faktiki olaraq dünya liderinə çevrilib. Hazırda dünyada lider yoxdur, nə Bayden, nə Makron, nə də Şolts liderlik edə bilmirlər. İngiltərədə özlərində lider tapa bilmədilər, hindistanlını baş nazir qoydular. Ərdoğan isə Nobel mükafatı alsa, dünya liderliyi təsdiq olunacaq.

 

-Vardanyanın özünüifşa  müsahibəsi bir sıra qaranlıq məqamlara aydınlıq gətirdi. Sizcə, jurnalistin sualları qarşısında çətin duruma düşən Vardanyanın açıqlamaları əslində nəyə hesablanmışdı?

 

-Əslində jurnalist Vardanyana maraqlı sual verdi ki, sən Qarabağda nə gəzirsən, sənin missiyan nədən ibarətdir? Regionda proses sülhə doğru gedirdi, amma sən gəldin aranı qatdın. Nəzərə almaq lazımdır ki, Vardanyan təkcə Rusiyaya işləmir, o, beynəlxalq mafiyanın üzvü olduğuna görə, razılığını alıb. Beynəlxalq mafiyanın isə dövlətlərə çıxışı asandır. Bu baxımdan Vardanyan fikirləşir ki, Qarabağ məsələsində Rusiyanın sülhməramlılarını bölgədə saxlamaq lazımdır. Paşinyana isə bu lazım deyil, o artıq Rusiyadan tamam üz döndərib, Avropa İttifaqının əli ilə iki yüz müşahidəçi gətirir. Məsələ orasındadır ki, bu müşahidəçiləri hara yerləşdirəcək? Axı hələlik sərhədlər müəyyən edilməyib, delimitasiya işləri aparılmayıb. Belə halda Azərbaycan tərəfi beynəlxalq aləmə xəritə təqdim edə bilər ki, müşahidəçilər bizim ərazimizdə yerləşdirilib. Əgər verilən vaxtda ərazimizi tərk etməsələr ordu yeridiləcək. Əslində bu, Azərbaycanın xeyrinə işləyir. Digər tərəfdən, Rusiya bunu Paşinyana bağışlamayacaq. Ermənistanın bütün təhlükəsizlik, sərhəd məsələlərinə Rusiya nəzarət edir, bütün strateji məhsullar rus iş adamlarının əlindədir, üstəlik 102-ci bazası orada yerləşir. Görün, Rusiya nə qədər zəifləyib ki, Ermənistan onun başı üzərindən iki illik müşahidəçi missiya gətirir. Əslində Vardanyanın niyyəti  Ermənistanın baş naziri olmaq idi, lakin bizim ekofəalların aksiya məsələsini hesablaya bilmədi. Erməni əhalisi onun araqarışdırmaq fəaliyyətini yaxşı başa düşür, ona görə də onu istəmir. İndi Vardanyan haça-paça olub, qalıb ortalıqda. Paşinyan iki yüz nəfərlik müşahidəçini Vardanyan, həm də 102-ci bazanın çevrilişinə görə gətirdi. Bütün sadalananlara baxmayaraq, bölgədə hansı proses gedirsə hamısı bizim xeyrimizədir. Biz sadəcə səbirli olmalı, lazım gələndə ordumuzu hədəfə yönəltməliyik. Hazırda Rusiya ilə Qərb arasında gedən dava da bizim xeyrimizədir.

 

-Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qərar nəyə hesablanıb?

 

-Avropa Rusiyaya qarşı on paket sanksiya qəbil edib, on birinciyə hazırlaşır. Bəs, bu sanksiyalardan Ermənistana qarşı niyə tərbiq etmir? Ermənistanın adı gələndə bütün məsələlərdə birləşirlər. Axı, Rusiyanın xarici banklarla əməliyyatları ən çox Ermənistan üzərindən aparılır. Məlum olur ki, Ermənistana qarşı münasibətdə xristian həmrəyliyi yox, dövlət maraqları nəzərə alınır. Məsələ orasındadır ki, Qafqazda geopolitika dəyişməlidir. Bu məsələdə Azərbaycan öz yerində durur, Ermənistanın isə yeni geopolitik düzəndə yeri yoxdur. Ona görə bütün prosesləri Ermənistan üzərindən etməyə çalışırlar ki, guya bu ölkə vacib bir əhəmiyyət daşıyır. Əslində isə Cənubi Qafqazda mühüm rolu Azərbaycan və Gürcüstan oynayır. Proseslərdən kənarda qalan Ermənistandan bir açar-kilid kimi istifadə etməyə çalışırlar ki, o da alınmayacaq. Avropa Parlamenti də məhz bunun hesabatını etmək istəyir. Ermənilərin işığı kəsilib, qazı yoxdur, bunun Azərbaycana nə dəxli var?  Onların kommunal təminatı Yerevan tərəfindən həyata keçirilir. Bu baxımdan deyilən humanitar fəlakətin Azərbaycana aidiyyatı yoxdur. Qarabağda ermənilərin sayı deyildiyi kimi 120 min yox, ermənilərin özlərinin etiraf etdiyi kimi 40 mindən artıq deyil. Onların da böyük əksəriyyəti başa düşür ki, başqa çıxış yolu yoxdur və müxtəlif yollarla Qarabağı tərk edirlər. Bu Azərbaycan diplomatiyasının müharibəsiz qələbəsidir. Fransada da bir milyon nəfər aksiya keçirdi, Azərbaycanda da demokratiyadır, ekofəallar aksiya keçirirlər. Vardanyan da çaş-baş qalıb. Əslində ekofəalların Xankəndi-Laçın yolunda aksiya keçirmələri Vardanyanın, hətta bəzi ölkələrin  bütün planlarını pozdu.  Avropa Parlamenti də planlar pozlduğuna görə, belə məsələləri gündəmə gətirir.

 

-Anna Akopyanın İrana səfəri İrəvan -Tehran münasibətlərinin daha da yaxınlaşmasına dəlalət edirmi?  

 

-Anna Akopyan 2020-ci ilin may ayında Mehriban xanıma mesaj göndərmişdi ki, Azərbaycan bayrağı Şuşada o vaxt ucala bilər ki, Qarabağın da bayrağı yanaşı dursun. Azərbaycan bayrağı Şuşada qalxdı, amma Xankəndinin bayrağı orada yox idi və yəqin ki, bundan sonra da olmayacaq. Məsələ orasındadır ki, Tehran artıq Ermənistanın qırmızı xəttini özünün qırmızı xətti hesab edir. Çox gözəl, yəqin ki, dövlət maraqları var. Ancaq Quranı yandırılar sən dinmirsən, deməli xristian təəssübkeşlyin var. Bu təəssübkeşlik atəşpərəstliyə gedib çıxır. İranın belə fəaliyyəti İslamı gözdən salır. İranda yalnız dövlətin adında İslam sözü var, qalan heç bir fəaliyyətində İslam yoxdur. Bizdə isə İslamı dərindən sevirlər, bu isə genetik yaddaşla gəlir. İran Ermənistana silah, bizə isə patı göndərir. Anna Akopyanın İrana səfəri deməyə əsas verir ki, Tehranla Yerevan təzə bacı olublar. Düşünürəm ki, gələcəkdə regionda geosiyasi vəziyyət çox dəyişəcək. Artıq bu proses gedir və gələn ilin sonunda bitməlidir. O vaxta qədər, İran qalacaq, Emənistan qalacaq, yoxsa Rusiya, bunu bilmək olmur. Məlum olan odur ki, bütün proseslər Azərbaycanın xeyrinə gedir.

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2023)

Səudiyyə Ərəbistanının Ciddə şəhərində ilk dəfə “İslam incəsənəti” Biennalesinin açılış mərasimi keçirilib.

“Ədəbiyyat və incəsənət” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, “İslam incəsənəti” Biennalesində Azərbaycan Milli İncəsənət Muzeyinin “İslam incəsənəti” kolleksiyası əsasında Azərbaycan pavilyonu təqdim olunur.

 

Pavilyonda muzeyin kolleksiyasına məxsus Azərbaycanın qədim tarixini və zəngin mədəniyyətini özündə əks etdirən dəyərli eksponatlar - keramika, xalçaçılıq və bədii metal sənəti nümunələri, o cümlədən XVII-XVIII əsrlərə aid nadir miniatür kolleksiyası nümayiş edilir. Həmçinin XIII əsrin yeganə tam əlyazması olan Əyukinin “Vərqa və Gülşah” poeması və rəssam Əbdülmömin Məhəmməd əl-Xoyinin illüstrasiyalarından ilhamlanaraq yaradılan "Vərqa və Gülşa: geri dönüş" adlı multimedia instalyasiyası nümayiş etdirilir.

“İslam incəsənəti” Biennalesi aprelin 23-dək ziyarətçilər üçün açıqdır.

Qeyd edək ki, İslam incəsənətinin dünəni, bu günü və gələcəyinin mənəvi, yaradıcı və estetik ifadəsinin araşdırılmasına həsr olunmuş Biennale Kral Əbdüləziz adına Beynəlxalq Hava Limanının “Həcc” terminalında 70.000 m² sahəni əhatə edən ərazidə təşkil edilib. “Birinci ev” mövzusunda keçirilən Biennale çərçivəsində Dar əl-Əttar əl-İslamiyyə (Küveyt), Qahirə İslam İncəsənəti Muzeyi (Misir), Benaki Muzeyi (Yunanıstan), Oman Sultanlığının Milli Muzeyi, Kral Əbdüləziz Mərkəzi Dünya Mədəniyyəti (Səudiyyə Ərəbistanı), Milli İrs İnstitutu (Tunis), Qətər Milli Kitabxanası, Əhməd Baba Ali Təhsil və İslam Araşdırmaları İnstitutu (Mali), Əl-Harameyn Fondu (Səudiyyə Ərəbistanı) və digər muzey, təşkilatlar tərəfindən İslam incəsənətinin zənginliyini, dünya müsəlmanları arasında mənəvi və bədii estetik əlaqəni özündə əks etdirən sərgi pavilyonları təqdim edilir.

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2023)

 

Sitat: “Bu gün Holokost qurbanlarının anım gününü hüznlə qeyd edirik. Bu gün sadəcə insanların anım günü kimi qeyd edilmir, həmçinin insanların birlik-bərabərlik günü, yüksəliş günüdür. Yəhudi xalqına dərin hüznlə başsağlığı veririk. 

Holokost qurbanları həyatlarını boşuna qurban vermədilər. Onlar insanlıq naminə qurban getdilər. Azərbaycan-İsrail münasibətlərinin bugünkü gücü düşmənlərinin gözləri götürməyəcək dərəcədə böyükdür. Biz bu birliyin gələcəkdə çox xeyrini görəcəyik".

Sitatı Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla yanvarın 25-də keçirilən Holokost qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbirində deyib. 

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2023)

Çərşənbə, 25 Yanvar 2023 20:00

Gecə paytaxtda 3 dərəcə şaxta olacaq

 

Azərbaycanda yanvarın 26-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 1°-dək isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 773 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 9-14°, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2023)

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2023-cü il “Heydər Əliyev İli” münasibətilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına və Özbəkistanın vilayətlərində yerləşən 14 mərkəzi kitabxanaya Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edib. 

 

Mədəniyyət Mərkəzindən verilən məlumata görə, Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına 40 nüsxə, Daşkənd, Xarəzm, Nəvai, Buxara, Səmərqənd, Kaşkadərya, Surxandərya, Cizzax, Sırdərya, Nəmənqan, Fərqanə, Əndican vilayət, Qaraqalpaqıstan Respublikası informasiya-kitabxana mərkəzi olmaqla hər bir mərkəzi kitabxanaya 82 adda, ümumilikdə isə 1148 nüsxə kitab və elektron nəşr təqdim olunub. 

Sözügedən kolleksiyada ölkəmizin tarixinə, dövlətçiliyinə, mədəniyyətinə dair Azərbaycan və rus dillərində kitablar, “Azərbaycanca-Özbəkcə, Özbəkcə-Azərbaycanca” lüğət, danışıq kitabları, dərsliklər, elektron nəşrlər, habelə Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilində nəşr edilmiş klassiklərimizin əsərləri, müasir Azərbaycan ədəbiyyatına dair nəşrlər də yer alıb. 

Bu kolleksiyalara əsasən Ulu Öndər Heydər Əliyev, Azərbaycan dövlətçiliyi, Prezident İlham Əliyev, Heydər Əliyev Fondu, Azərbaycan tarixi kimi mövzuları əhatə edən müxtəlif nəşrlər daxil edilib. Bundan başqa, kolleksiyada dahi Azərbaycan şairi Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş “Xəmsə”si, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Əzizə Cəfərzadənin əsərləri, habelə Ermənistanın Azərbaycan ərazilərini işğalı, Xocalı soyqırımına dair kitablar, özbək müəllif Şuxrat Salamovun mövzulara aid özbək və rus dillərində nəşrləri də yer alıb. 

Yanvarın 24-də Azərbaycana dair zəngin kitab kolleksiyası Özbəkistanın regionlarındakı 14 mərkəzi kitabxanaya çatdırılması məqsədilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına təqdim olunub. Hədiyyə nəşrlərin Özbəkistan Milli Kitabxanasında sərgisi də keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2023)

2022-ci il artıq geridə qaldı. Bu 12 ay ərzində elm adamları inanılmaz nailiyyətlər əldə ediblər, möhtəşəm kəşflər olub. Söhbəti çox uzatmadan onlardan birini sizlərə təqdim edirik:

 

Ayın səthində suyun aşkarlanması

 

Tarixdə ilk dəfə olaraq "Çanye-5" ("Chang'e-5") Ay stansiyası orbital zondu Yerin təbii peykinin səthində su aşkar etdi.

Əslində "Çanye-5" aparatı Aya 2020-ci ilin dekabrında eniş edib. Kosmik cihaz Aydan torpaq nümunəsi götürüb və ətrafdakı Ay qayasında müşahidələr aparıb. Məhz Ay səthinin bu spektroskopik görüntülərində alimlər suyun varlığına dair dəlillər tapıblar.

Mineralogik Spektrometrlə aparılan ölçmələrə görə, Ay qruntunda su milyonda 120 hissəyə qədərdir (Bu, konsentrasiyanın ölçüldüyü nisbi dəyərdir, yəni Ay qruntunun milyon hissəsinə 120 hissə su var). Yerin standartlarına görə, bu son dərəcə kiçik göstərici olsa da, super quru Ay üçün inanılmaz dərəcədə böyükdür.

Bundan əvvəl alimlər təbii peykimizdə suyun mövcudluğuna dair sübutlar tapıblar. Bununla belə, o, Yerə çatdırılan torpaqdan çıxarılıb və ya qurğular səth üzərində uçuş zamanı müşahidə məlumatları toplayıb. Yeni dəlillər isə eniş yerində ölçmələrdən gələn ilk sübutdur.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.