Akropol qadağası və… Featured

Bir neçə Avropa ölkəsi turistlər üçün məhdudiyyətlər tətbiq edir

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Turizm mədəniyyətlə birgə dünya dövlətlərini və xalqlarını yaxınlaşdıran əsas tutalqadır. Ölkəmizə turist axını bizi sevindirir. Amma şənbə günü Euronews telekanalında gördüyüm bir süjet məni xeyli narahat etdi. 

 

Demək, bir neçə Avropa ölkəsinin dövlət orqanları eyni zamanda turistlər üçün məhdudiyyətlər tətbiq etmək qərarına gəliblər. Koronavirus pandemiyasından sonra səyahətçilərin axını o dərəcədə artıb ki, bəzi görməli yerlər həddindən artıq yüklənib, bu da onların zədələnməsinə səbəb ola bilər. İlk təşəbbüs də Yunanıstandan gəlib. Gələn ayın 4-dən Afina Akropolunu (şəkildə) ziyarət edənlərin sayına görə kvotanın tətbiq edilməsi qərara alınıb. Bura gündə 20 mindən çox adam buraxılmayacaq. Muzey kompleksinə hər saat müəyyən sayda qonaq daxil ola biləcək. Eyni zamanda qədim məbəddə ziyarət vaxtı məhdudlaşdırılmır, buna baxmayaraq, orta hesabla turist ərazidə təxminən 45 dəqiqə vaxt keçirir. Hələ ki, limit sınaq rejimində tətbiq ediləcək, lakin gələn ilin aprel ayına qədər qayda məcburi olacaq. O vaxta qədər Yunanıstanın Mədəniyyət Nazirliyi səmərəliliyi qiymətləndirəcək və zəruri halda sistemi korrektə edəcək. 

“Aydındır ki, turizm ölkə üçün, hamımız üçün vacibdir. Lakin biz elə etməliyik ki, o abidəyə zərər dəyməsin”, – deyə ölkənin mədəniyyət naziri Lina Mendoni qeyd edib. 

O həmçinin əlavə edib ki, oxşar təcrübə gələcəkdə Yunanıstanın digər görməli yerlərində də tətbiq olunacaq. 

 

*

İndi isə keçid alaq digər ölkələrə.

Öz növbəsində, İtaliya da bəzi görməli yerləri qonaqlardan qorumağa səy göstərir. Xüsusilə, Romada turistlərdən biri Trevi fontanında çiməndən sonra şəhər şurası obyektin ziyarət edilməsinə görə ödəniş tətbiq etməyə və ya xüsusi turniketlər quraşdırmağı təklif edib. Əcnəbilər tərəfindən Kolizey üzərində adların yazılması ilə bağlı bəzi hadisələri nəzərə alaraq, burada da nəzarətin gücləndirilməsi istisna edilmir. Bundan başqa, iyul ayından Roma Panteonuna da giriş pullu olub. 

Fransada səyahətçilərdən yay mövsümündə məşhur Mon-Sen-Mişel monastırını ziyarət etməkdən tamamilə imtina etmələri xahiş olunur. Qonaqlara mövsümlərarası vaxta ziyarətə gəlmələri tövsiyə olunur ki, ada çox yüklənməsin. Bu görməli yeri ildə təxminən 3 milyon turist ziyarət edir və onların üçdəbiri məhz yay vaxtında. Qədim tikililərə dəyən ziyanla yanaşı, ziyarətçilər özləri də narahatçılıq yaşayır, obyektin həddindən çox yüklənməsinə görə onlar tarixi abidəyə sakit şəraitdə tamaşa edə bilmirlər.

Və sonda onu da deyim ki, İstanbul Bələdiyyəsi də tarixi abidələrin vandalizmə məruz qoyulmasının qarşısını almaq üçqn oxşar addım atmaq niyyətindədir.

Görək axırı necə olur.

Bəziləri turist gəzir, bəziləri turistdən bezir.

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.