“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.
Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq.
37–ci dərc
Cavadovun təcridxanaya giriş-çıxış üçün nəzərədə tutulan formallıqları aşaraq tez qayıdacağını düşünmüşdüm. Ancaq bu belə olmadı. Bir xeyli vaxt keçsə də, hələ ki, gəlib çıxmaq bilmirdi. Bir yerdə çox dayanmağı sevmədiyim üçün küçə boyu var-gəl etməyə başladım. Üçüncü dövrədən sonra onun küçəyə çıxıb mənə tərəf gəldiyini gördüm. Addımlarımı yeyinlədib ona tərəf getdim. Mənə uzatdığı telefonumu alıb söndürdüm.
-Salam bu adamın Xamməd olduğunu təsdiqlədi. Görüşü protokollaşdırdığım üçün gec gəldim, -Elbrus dilləndi.
-Çox düz etmisiz. İndi isə maşına oturaq, mən də şəhərə qayıdıram, qalan şeyləri yolda danışarıq. Əminəm ki, sizi təəccübləndirə biləcəm.
Birlikdə Elbrusun maşınına oturduq. Maşın tərpəndikdən sonra xəstəxanaya ilk gəlişimdən bu günə qədər öyrəndiklərimi bir-bir Elbrusa danışmağa başladım. Mən danışdıqca Elbrus başını tərpədir, sona çatmasa belə, hadisələrin haraya gətirib çıxaracağını təxmin etməyə başlayırdı. Rayon polis idarəsinə çatanda hələ söhbətimin axırına çatmamışdım. İdarənin qarşısında dayananda Elbrus üzünü mənə tutub gülümsədi:
-Əziz qardaşım, belə başa düşdüm ki, Xamməd adlı birisi yoxdur. Xamməd də, Qılınc Qabulov da eyni adamdır.
-Çox düz başa düşmüsüz, qardaş. İndi Qabulovu qılıncdan keçirməyin vaxtıdır.
İkimiz də bərkdən güldük. Artıq bu cinayətin açıldığına əmin idik və bu səbəbdən kefimiz xeyli kökəlmişdi. Salamın günahsız olduğuna ilk gündən əmin olan polis zabiti onun təqsirsizliyini sübuta yetirmək üçün gecə-gündüz ən xırda sübutları toplamaqla məşğul olmuş, cinayət işinin materialını prokurorluğa ötürməyə tələsməmişdi. Hətta buna görə danlaq götürdüyünü də eşitmişdim.
Biz, şərə salınan bir gəncin həyatını məhv olmaqdan qurtara biləcək sübutları toplaya bilmişdik. Ancaq hələ irəlidə Elbrusun görəcəyi işlər var idi. Qılınc kimi təhlükəli bir canini hələ «götürmək» lazım idi.
Başqa bir şey də var idi. Əgər mən «Karat»ın qatilini müəyyən edə bilmişdimsə də, onun qətlinin sifarişçisinin kimliyi məhz Elbrusun sürücüdən ala bildiyi məlumat əsasında məlum olmuşdu. Bir müddət istintaqdan yayınan sürücünün yeri də sonda onun tərəfindən müəyyən edilmişdi və ifadəsi alınarkən bu fakt ortaya çıxmışdı. Ancaq yolboyu etdiyim söhbət zamanı sifarişçinin kimliyini ona deməmişdim. Polkovnik Dadaşzadə ilə məsləhətləşmədən bunu edə bilməzdim. Mən sadəcə Qılınc məsələsini onunla məsləhətləşmişdim və hərəkətlərimə «yaşıl işıq» almışdım. Xüsusilə polkovnikin «bu gün və sabah heç bir addım atma» deməsindən sonra Elbrusa hər hansı artıq məlumat verə bilməzdim. Qərarı Arif Dadaşzadə verəcəkdi.
Həbs olunduqdan sonra Qılıncın dərhal danışmayacağını da bilirdim. Belə adamları dilə gətirmək üçün uzun müddət tələb olunur. Bəzən isə ümumiyyətlə faktlar qarşısında qalıb suçlarını etiraf etsələr belə, hər şeyi boyunlarına götürüb yoldaşlarının adını vermirlər. Bunu bir-birlərini çox sevdiklərindən yox, sonradan elə həmin yoldaşların satqınlığa görə alacaqları qisasdan qorxduqları üçün edirlər. Qılınc həbsxananın bu məktəbini çoxdan keçmişdi.
Elbrusla yaxınlıqdakı fotoatelyeyə qədər gəldik. Telefonumdakı şəkil protokola əlavə olunmalı idi. Şəkli çap üçün verib hazır olanadək bəzi şeyləri müzakirə etdik. Qılıncın ünvanını hələ yol gələrkən yazıb Elbrusa vermişdim. Müstəntiq bu barədə sussa da, onun məhz bu gecə Qılıncı həbs etmək niyyətində olduğunu hiss edirdim. Odur ki, şəkil hazır olan kimi sağollaşıb metroya tərəf getdim. Daha burada qalmağa bir lüzum yox idi. İndi Elbrusun vaxtı dəqiqələrlə ölçülürdü. Hələ həbs üçün sanksiya almalı idi. Gedərkən Qılıncın silahlı ola biləcəyi barədə Elbrusu xəbərdar etməyi lazım bilmişdim. Kim bilir, bu qatil neçə insanın həyatına və hansı üsullarla son qoyub.
Axşama az qalırdı. Yaranmış vəziyyət Arif müəllimlə görüşməyi tələb edirdi. Əslində, səhər telefonla danışarkən axşam ziyarətinə gələcəyini eşitdirmişdim. Ona görə də birbaşa ofisə getməyi qərara aldım. Yoldan yeməyə yüngül bir qəlyanaltı alıb sonra gedəcəkdim. Bunu isə metrodan çıxdıqdan sonra etmək ən düzgünü olardı.
* * *
Villanın avtomatik qapısı yavaş-yavaş açılmağa başladı. İkiqapılı «Mercedes» markalı idman avtomobili gurultu sala-sala həyətə girib dayandı. Maşından düşən qız onu qarşılayan «Qızılbaş»a yaxınlaşıb pomadasına bulaşdırmamaq üçün yanağını onun yanağına yaxınlaşdırdı. Sonra gülümsəyib dedi:
-Canım, sağ ol ki, cavabsız qoymadın, elə darıxırdım ki.
-Heç sənin kimi gözəlin mesajını cavabsız qoymaq olar? -«Qızılbaş» siqarını sol əlinə ötürüb sağ əlini qızın belinə saldı və özü ilə villanın qapılarından birinə tərəf apardı.
-Oy, çantam maşında qaldı, -qız birdən dayanıb geriyə boylandı.
-Gəl, çantanı indi gətirərlər. Sənə elə bir yemək hazırlatmışam ki, yedikcə doymayacaqsan.
Birlikdə içəri keçdikdən sonra daha bir qapını açan «Qızılbaş» qızı otağa dəvət etdi. Girdikləri qapıdan başqa bu otaqda iki qapı da var idi. Geniş otağın tən ortasında qoyulmuş böyük masanın üzərində hər cür naz-nemət olan bir süfrə açılmışdı. Bunu görən qız əllərini bir-birinə vurub heyrətlə soruşdu:
-Bu hamısı mənimçündür, mən bunları yesəm partlayarameee?
-Partlamazsan. Gecə də hələ qabaqdadır. Buradan heç uzağa getmək lazım olmayacaq. Bax o gördüyün qapı yataq otağına açılır. O biri qapı isə birbaşa hovuza. İndi otur, yaxşıca yeyib-içək. Sonra gecə boyu hərdən buraya keçib qəlyanaltımızı edərik. Hələ arada bir hovuza da girəcəyik, görəcəksən su necə iştahını açacaq.
Bayaqdan otağın ortasında dayanan qız hündürdaban ayaqqabılarını taqqıldada-taqqıldada keçib masaya oturdu. Oturarkən onsuz da qısa olan tumanı bir qədər də yuxarı sürüşdü və budları tamamilə çöldə qaldı. Bunu görən «Qızılbaş» özündən razı-razı gülüb qızla üzbəüz oturdu və soruşdu:
-Hə, de görüm nə içəcəksən?
-Çantamda dərmanım var. Onu içməsəm yemək yeyə bilmərəm. Mədəm ağrıyar.
Diqqətlə baxan olsaydı, çantanın maşında qalmasından qızın olduqca narahat olmasını hiss edə bilərdi. Ancaq hündürboylu, son dərəcə cazibədar qızın gözəlliyinə valeh olan «Qızılbaş» o hayda deyildi və qız sözünü bitirər-bitirməz tez ayağa qalxıb gəldikləri qapını açaraq qışqırdı:
-Maşından Lalənin çantasını gətirin…
* * *
İşin sonları idi. Ofisin kiçik mətbəxinə keçib qəlyanaltını hazırlayanadək bütün işçilər Arif müəllimlə sağollaşıb evlərinə getdilər. Bu yaxşı oldu. Yemək hazır olanda çaydanı da qaynamağa qoyub süfrəyə oturduq. Lavaş, pendir, göyərti, pomidor və xiyardan düzəltdiyim dürməkləri yeyənədək çaydan qaynadı. İndi çayı dəmə qoyub söhbətə başlamaq olardı.
-Deməli, düşündüyümüz kimi, bu işdə də Qılınc? -birinci söhbətə Arif müəllim başladı.
Gülümsəyib ona baxdım. Cavaba ehtiyac yox idi. Peşəkar polis zabitləri kimi, ikimiz də gözəl bilirdik ki, bəzən bir cinayəti araşdırarkən izlər çox uzaqlara aparır və bir yox, bir neçə cinayət açılmış olur. Təcrübədə bununla dəfələrlə rastlaşmışdıq.
Hələ ilk dəfə Salamın işini araşdırmağa başlayanda hər iki cinayətdə qatilin eyni dəsti-xətti olduğu diqqətimi çəkmişdi. Bu şübhələrimi Arif müəllimlə bölüşəndə tələsməməyi, faktları toplamağı məsləhət görmüşdü. Nəticədə hər iki cinayətdən Qılınc Qabulova aparan kifayət qədər paralellərin olduğu aşkara çıxmışdı.
Çay dəm almışdı. Qalxıb ikimizə də süzüb yenidən oturdum. Polkovnik daha sual vermir, danışacaqlarımı gözləyirdi. Aramla söhbətə başladım. Bu gün səhər ayrıldıqdan sonra baş verənləri, tibb bacısı Sənəmin saxtakarlığını üzə çıxardıqdan sonra hər şeyin necə yerini aldığını ətraflı şəkildə Arif müəllimə danışdım. Müstəntiq Elbrus Cavadovun Qılıncın həbsinə hazırlaşdığını da dedikdən sonra söhbət Rəmziyə çatdı.
-Düşünürsən ki, «Karat»ın qətlində də sifarişçi Rəmzidir? Fikirlərini əsaslandır.
-«Karat» uzun illər bütün şəhərdə və hüdudlarından kənarda tanınmış brilyant alverçisi olub. Bütün ömrünü bu işə sərf edib və son illər rahatlıqla keçən bir həyat sürüb. O vaxta qədər rahat ki, çoxsaylı biznes sahələrinə malik olan Rəmzi də brilyant bisnesinə baş vurmağı qət edib. Rəmzinin açdığı üç zərgərlik mağazasına malı «Karat» verirmiş və mağazanın birinə də şərikliyi var imiş. Şəriklik isə çox vaxt yaxşı nəticələrə gətirib çıxarmır. Bütün bunlar altı ay əvvəl başlayır. Düşünürəm ki, tədricən aralarındakı münasibətlər korlanmağa başlayıb və get-gedə ən gərgin həddə çatıb. Böyük pulların dövr etdiyi yerdə iki yad adam arasında bu da təbii haldır. Ola bilər ki, bu sahədə hələ çox təcrübəsi olmayan Rəmzinin «Karat»a külli miqdarda borcu yaranıb. Bəlkə də başqa səbəb olub, bunu dəqiq deyə bilmərəm. Ancaq münasibətlərinin korlandığı dəqiqdir. Nüfuzu nə qədər böyük olsa da Rəmzi heç də ondan zəif olmayan «Karat»la bacara bilməyəcəyini başa düşüb. Bundan sonra külli miqdarda sərmayə qoyduğu mağazalarını iflasdan qurtarmaq üçün şərikini aradan götürməyi qət edir. Bununçün təxminən bir ay bundan qabaq əvvəllər də xidmətlərindən istifadə etdiyi muzdlu qatil Qılınca onu izləməyi tapşırıb. Nəticədə Qılınc «Karat»ın həftənin çərşənbə və şənbə günlərində eyni ardıcıllıqla sevgilisinin evində gecələdiyini öyrənib. Bunu mənim xahişimlə Elbrus Cavadov onun sürücüsü vasitəsilə dəqiqləşdirib mənə deyib. Paralel olaraq mütəmadi Ruhi-əsəb xəstəxanasına gedib-gələn Qılıncın diqqətini gecə növbəsində işləyən, yeni işə düzəlmiş gənc Salam cəlb edir. Yeri gəlmişkən, düşünürəm ki, uşaqlıqdan bir küçədə böyüyən Qılınc və Sənəm sevgilidirlər. Maşınını qaçırmaqla «Karat»ı vurub sonra cinayəti onun üstünə yıxmaq planını həyata keçirmək üçün Qılınc Salamla dostluq münasibətləri qurmağa başlayıb. Çünki Salam onun üçün ən ideal şərtlərə cavab verən biridir. Əvvəla qaçırılması daha asan olan sovet istehsalı maşını var, ikincisi, üç gündən bir işləyən Salamın növbə günləri həmin vaxt məhz «Karat»ın üç gündən bir sevgilisi ilə görüşə getdiyi günlərlə üst-üstə düşür. Qılınc bunu çox dəqiqliklə hesablayıb. Özünü Salama Xamməd kimi təqdim edib, həmin tibb müəssisəsinin pasiyenti olduğunu isə ondan gizlədib. Məlum məsələdir ki, iz buraxmamaq üçün. Ardı çox sadədir. Xəstəxanaya gəlişini isə, uşaqlıqdan tanıdığı, ehtimal etdiyim kimi, sevgilisi olan Sənəmin yanına gəlməsi ilə izah edib. Salam gecə növbəsində işlədiyi üçün Qılıncın gündüzlər oraya gəlməsinin heç bir mənası olmazdı. Ona isə, gənc Salamla münasibət yaratmaq və onun etimadını qazanmaq lazım idi. Odur ki, o, növbəni təhvil verməzdən əvvəl, səhər saat 9-a qədər, kim bilir, bəlkə də işə gələn Sənəmlə birlikdə xəstəxanaya gəlir. Yadda qalması üçün bunu bir neçə dəfə təkrar edir. Nəticədə Salamda yad biri olmaması barədə rəy yaradır. Bundan sonra, növbəti gəlişlərində sevdiyi Sənəmin yanına gələn biri kimi sərbəst içəri keçməyə başlayır. Təbii ki, bir kollektivdə işləyən Sənəmin də xahişi burada rol oynayır. Qapıdan bu adla keçdikdən sonra Qılıncı uzun illər üzdən tanıyan tibb işçiləri üçün onun içəridə olması adi hal kimi qarşılanır. Az əvvəl Salamın növbə günləri barədə dediklərimi dəqiqləşdirən Qılınc şənbə gününə, mayın on altısına planlaşdırdığı qətlin tarixini qətli ona sifariş vermiş Rəmziyə xəbər verir. Həmin tarixdən üç gün əvvəl Rəmzi qəsdən İzmir parkında heç bir kameranın qeydə almadığı bir yer seçib «Karat»ı oraya görüşə çağırır. Qəsdən söhbəti gərginləşdirib nəticəsiz yekunlaşdırır və lazım olan anda onu evdən çıxarması üçün üç gun sonra zəng edəcəyini deyib ayrılır. Həmin gecə, artıq Salamla «dostlaşmış» Qılınc səhər saatlarında kameranı sıradan çıxarıb növbədə olan Salamın yanına gəlir. Onun gətirdiyi ruletlə çay içib ayrılırlar. Belə başa düşürəm ki, ayrılarkən Qılınc Salama özü ilə gətirdiyi iki litrlik «Fanta» şirəsini verir. Növbənin axırı olduğu və yenicə çay içdiyi üçün Salamın şüşəni indi açmayacığına əmin olduğundan belə edir. Çünki şirəyə yuxu dərmanı qatır və Salamın şirəni içib yatması ona gələn gecə növbəsində, maşınını qaçırıb cinayəti törətməsi üçün lazım idi. Qəsdən şirənin də böyüyünü, iki litrliyini alır ki, gələn növbəyədək qazı qaçıb xarab olmasın deyə Salam onu açmasın. Salamın şüşəni öz dolabına qoyduğuna əmin olduqdan sonra oranı tərk edir. Bu son dediklərimi necə öyrəndiyimi izah edim. Əvvəla, son növbə gecəsi, ayın on altısında kamera sıradan çıxmazdan əvvəl, təxminən saat 01:30-dək olan görüntülərdə Salamın özünə «Fanta» şirəsi süzüb içməsi əksini tapıb. İkincisi, daha maraqlıdır. Salam polisə aparılan gün atası Qələndər bölmədən qayıtdıqdan sonra onunla görüşmək üçün həyətə düşdüm. Məni görəndə ilk sözləri təxminən belə oldu: -«Bəxtiyar, nahar edib hamımız yatmışdıq, birdən polislər gəldilər, qapını döyüb bizi oyatdılar, sonra Salamı apardılar, dedilər cinayət törədib». Onsuz da, məsuliyyətli biri olan Salamın gecə yuxuya verilməklə maşınının qaçırıldığından şübhələnmişdim. Onun növbəsinə məsuliyyətlə yanaşması on üç may tarixində səhər saatlarında qeydə alınmış görüntülərlə təsdiqini tapır. Həmin görüntülərdə növbəni təhvil verməyə hazırlaşan Salam olduqca yuxulu görünür. Gecə yatıb yuxusunu almış adam o vəziyyətdə olmaz. Görüntülərdə Salamın hadisə baş verən gecə şirə içməsini görəndə Qələndərin bu sözləri yadıma düşdü. Bu iki fakt bir-birinə bağlı ola bilərdi. Layiqəyə bir məktub verib Qələndərə göndərdim və maşını bir neçə saatlıq istədim. Maşın mənə başqa bir ehtimalımı yoxlamaq üçün lazım idi onsuz da. Ancaq bütün ailənin günorta saatlarında birdən-birə yuxuya getməsi mənə çox maraqlı gəlmişdi. Maşını mənə gətirən Layiqəyə Qələndərdən Salam tutulan günü naharda nə içdiklərini soruşmasını tapşırdım. Onun gətirdiyi cavab şübhələrimə son qoydu. Qələndər Salamın işdən gələrkən gətirdiyi «Fanta» şirəsindən içdiklərini dedi. İstirahət günü olduğu üçün dərsi olmayan Salam növbəni təhvil verib evə gələndə gecədən bir qədər içdiyi «Fanta» şirəsini evə gətirib. Naharda bütün ailə o şirədən içdikdən sonra dərin yuxuya gediblər. Deməli, yuxu dərmanı həmin şirəyə qatılıbmış. Maşınla bağlı da maraqlı bir şey aşkar etdim. Əslində, mənə maşın yox, açarları lazım idi. Layiqənin verdiyi açarı alışqanla qızdırıb burnuma yaxınlaşdıranda zəif mum iyi vurdu burnuma. Muma batırılmaqla açarın surəti çıxarılmışdı. Eyni şeyi maşının qapı açarı ilə də təkrarladım. Nə qədər silinsələr də, açarlardan qızdırılan mumun iyini hiss etmək olurdu. Bunu da Qılıncın fürsət tapıb etdiyinə şübhə yox idi. Beləliklə, üç gün sonra növbəyə gələn Salam, səhv etmirəmsə, saat 00:55-də Qılıncın verdiyi şirədən içir, bir qədər sonra dərman təsirini göstərir və onu yuxu aparır. Rəmzi axşam saatlarında «Karat»a gecə onu gözləyəcəyi barədə xəbər yollayır. Bunu hansı üsulla edir, bilmirəm, ancaq iz qoymur, həmin gün onun «Karat»a telefon zəngi qeydə alınmayıb. Sonra onun evdən çıxacağı təxmini vaxtı Qılınca bildirir. Rəmzi ilə parkdakı görüşündən üç gün keçdiyi üçün «Karat» bu görüşü gözləyirmiş. Gecə həyatına öyrəşmiş biri kimi görüşün bu saatlarda verilməsini də adi bir şey kimi qəbul edir. Zəngin adamların öz həyat tərzi var. Üstəlik də, şəxsi marağı olduğundan bu görüş onun üçün vacib idi. Çıxacağını bildiyinə görə həmişə saat 9-da onu aparmağa gələn sürücüsünə səhər gəlməməsini tapşırıb sevgilisinin evinin qarşısında maşından düşür. Bu yandan əlində maşının açarlarının surəti olan Qılınc daş kimi yatmış Salamın maşınını rahatlıqla qaçırıb lazım olan ünvana gəlir və pusqu qurub gözləyir. Rəmzinin dediyi yerə getmək üçün gecə saatlarında evdən çıxan «Karat»ı görəndə qaranlıq küçədə qəfildən maşınla onu ölümcül vurub uzaqlaşır. Şübhələrin Salama yönəlməsi üçün maşının kamera görüntülərinə düşməsi Qılınca lazım idi və bu məqsədlə də həmin ərazidə kamera quraşdırılmış küçələrdən keçir. Kamera görüntülərində maşının sükanı arxasında olan adamın üzü görünmür. Sifətinin kameralarda əks olunmaması üçün də salondakı günlüyü aşağı endirir. İşini gördükdən sonra yenə maşını yerinə qaytarır və çıxıb gedir. Qılınc qurbanını elə də yüksək sürətlə gəlib vurmur. Belə edərsə, maşında aşkar əziklər qalardı. Bu halda xəstəxanaya qayıdanadək əziklər yol polisinin diqqətini çəkərdi, yaxud da səhər açılanda Salam bu əzikləri görüb özü polisə xəbər verərdi. Ona görə də, asta sürətlə yanlayaraq birdən sükanı döndərib «Karat»ı basır, sonra isə üstündən keçir. Bu dediklərim Cavadovdan öyrəndiyim ekspert rəylərinə əsaslanır. Elə ona görə də maşında aşkar əzilmə izləri qalmır. Təbii ki, səhər evə gələrkən yuxulu Salam maşındakı kiçik əzikləri görmür. Albalı rəngində olduğu üçün maşına sıçramış qan ləkələri də diqqətini çəkmir. Evə gəlib maşını qapıda saxlayır. Sonradan kamera görüntüləri ilə müəyyən edilən maşında isə, ekspert-kriminalistlər həmin əzikləri və qan ləkələrini çox asanlıqla aşkar edirlər. Beləliklə, hər şey cinayətkarların hazırladıqları plan üzrə gedir və bu sübutlarla üz-üzə qalan Salam elə həmin gün saxlanılır. Maşının sükanında və qapısının dəstəyində də heç bir kənar əl-barmaq izi aşkar edilmir. Bu zaman müstəntiq Cavadovun diqqət verdiyi bir şey Salamın xeyrinə işləyir. Sükan arxasında oturan adamın sükanı tutan sol əlinin bir hissəsi görüntülərdə aydın şəkildə əks olunur. Cavadov həmin əlin qeyri-adi ağ rəngdə olduğuna fikir verir və ekspertlərdən sükanı təkrar müayinə etməyi xahiş edir. İlkin olaraq yalnız əl-barmaq izləri axtaran kriminalistlər diqqətli müstəntiqin aşkar etdiyi bu detala əsasən, növbəti dəfə sükanın biokimyəvi ekspertizasını keçirirlər. Nəticədə sükanda, apteklərdə satılan adi ağ rezin əlcəyin mikroelementlərinin qalıqlarının olduğu məlum olur. Bu nəticə Cavadovun Salamın günahsız olması barədə gəldiyi qənaətini daha da möhkəmlədir. Salamın az qala hər yerində izi olan şəxsi avtomobilində o izlərdən bir neçəsini də qoymamağa çalışması absurd bir şey idi və əlcəkdən yalnız iz qoymaq istəməyən kənar şəxs istifadə edə bilərdi. Ancaq bu, digər tutarlı sübutlara qarşı çox zəif sübut olduğundan Salamın təcridxanaya yerləşdirilməsi barədə qərar qəbul olunur.
“Ədəbiyyat və incəsənət”
(07.08.2023)