“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasında gedən şeirlərdən ən bəyənilənlərin təqdimatında Sevər Şəhabi həftəsi başlayır. Bu gün o, “Ölsəm, öləcək” deyir.
O küsdü, ayrıldı, getdi
Yıxıldım, bir təhər durdum.
Quyladım onu qəlbimə,
Qədəh-qədəh kafur vurdum.
Qırx gün keçdi, o gəlmədi,
Getdim qəlbimin üstünə.
Qıçlarımı aralayıb,
Etdim qəlbimin üstünə.
Dedim: "Bu da ölənlər tək,
İllər sonra yaddan çıxar."
Bilmədim qəlbim atdıqca,
Damarımda ölü axar.
Məndə bir diri, ölü var,
Nə dirilir, nə də ölür.
O, qəbrinin əzabını -
Mənə verir, mənə gülür.
Bilən varmı bundan sonra,
Qəlbimə kimlər gələcək?
Təkcə bunu bilirəm ki,
Mən ölsəm, ölən öləcək...
Ədəbiyyat və incəsənət”
(07.08.2023)